Məhkəmə qərarları › İş №2(103)-2788/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2788/2025

19.05.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək haqqı tələbi - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2788/2025 19.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil İnstitutuna qarşı iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqı, mənəvi zərər tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı X7 Xidməti mübahisə predmeti barəsində müstəqil tələn irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Təhsil İnstitutuna qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-803/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 09.12.2014-cü il tarixli Əmək müqaviləsi bildirişinə əsasən, İddiaçı işə başlama tarixi xx.xx.2014-cü il, əmək müqaviləsinin bağlanması tarixi xx.xx.2014-cü il olmaqla müddətsiz olaraq Azərbaycan Republikası Təhsil Nazirliyi İstedadlı Uşaqlarla İş Mərkəzinə, əlavə iş yeri olmaqla müəllim/tərtibatçılıq işi vəzifəsinə qəbul edilmişdir.

2. İddiaçı ilə Azərbaycan Respublikasının Təhsil İnstitutu arasında xx.xx.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsindən görünür ki, İddiaçı “istedadlı uşaqlarla iş şöbəsi”, “mütəxəssis” vəzifəsinə müddətsiz olaraq işə qəbul edilmişdir.

3. İddiaçı, Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktoruna ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizəsi ilə, xx.xx.2023-cü il tarixdən onunla bağlanmış müddətsiz əmək müqaviləsinin ləğvinə və müddətli əmək müqaviləsi bağlanmasına göstəriş verilməsini xahiş etmişdir.

4. İddiaçı ilə Azərbaycan Respublikasının Təhsil İnstitutu arasında xx.xx.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən İddiaçı “istedadlı uşaqlarla iş şöbəsi”, “mütəxəssis” vəzifəsinə 6 ay müddətinə işə qəbul edilmişdir.

5. 07.07.2023-cü il tarixli Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Təhsil İnstitutunun Funksional şöbə olan İstedadlı uşaqlarla iş şöbəsində, mütəxəssis vəzifəsində işləməsi 6 ay müddətinə - xx.xx.2024-cü il tarixədək uzadılmışdır.

6. 15.01.2024-cü il tarixli Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Təhsil İnstitutunun Funksional şöbə olan İstedadlı uşaqlarla iş şöbəsində, mütəxəssis vəzifəsində işləməsi 6 ay müddətinə - xx.xx.2024-cü il tarixədək uzadılmışdır.

7. Azərbaycan Respublikasının Təhsil İnstitutunun strukturunun və ştat cədvəlinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Elm və Təhsil nazirinin xx.xx.2024-cü il tarixli əmrindən görünür ki, Azərbaycan Respublikasının Təhsil İnstitutunun strukturunun və ştat cədvəlinin təsdiq edilməsi, bu əmrin icrasından irəli gələn məsələlərin həllinin təmin edilməsi əmr edilmişdir.

8. İstedadlı uşaqlarla iş şöbəsinin mütəxəssisi İddiaçı göndərilmiş xəbərdarlıq bildirişindən görünür ki, Azərbaycan Respublikası Elm və Təhsil nazirinin xx.xx.2024- cü il tarixli 3-29/3-2-353F/2024 nömrəli əmrinə uyğun olaraq çalışdığı metodik dəstək və peşəkar inkişaf mərkəzinin Əlavə təhsilin məzmunu şöbəsinin ləğv olunması və müəyyən sayda ştatların ixtisar edilməsi ilə əlaqədar məlumat verilmiş, həmçinin İddiaçı nəzərinə çatdırılmışdır ki, istedadlı uşaqlarla iş şöbəsi ləğv olunduğu üçün ona Elmi-pedaqoji tədqiqatlar mərkəzinin Elmi kitabxanasında kitabxanaçı vəzifəsi təklif olunur. Razılaşdığı təqdirdə yeni vəzifəyə - Elmi kitabxanada kitabxanaçı vəzifəsinə təyin olunmaq barədə razılıq ərizəsi yaza bilər. Razılaşmadığı halda xəbərdarlıq müddəti bitdikdən sonra əmək müqaviləsinə xitam veriləcəyi nəzərinə çatdırılmışdır.

9. Azərbaycan Respublikasının Təhsil X1 Komitəsinin İdarə Heyətinin xx.xx.2024-cü il tarixli iclasının 02 saylı protokolundan çıxarışdan və xx.xx.2024-cü il tarixli rəydən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi tam qanunauyğun hesab edilmiş və institut rəhbərliyinin İddiaçı ilə bağladığı əmək müqaviləsinə xitam verilməsinə razılıq verilmişdir.

10. Azərbaycan Respublikasının Təhsil İnstitutunun xx.xx.2024-cü il tarixli 3-29- 65/3-1- 773k/2024 nömrəli Əmri ilə istedadlı uşaqlarla iş şöbəsinin mütəxəssisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xx.xx.2024-cü il tarixdən xitam verilməsi, Maliyyə şöbəsi tərəfindən əmrin 1-ci bəndinin tələblərinə uyğun olaraq son haqq-hesabın və orta aylıq əmək haqqının iki misli miqdarında işdən çıxarma müavinətinin müvafiq qaydada ödənilməsinin təmin edilməsi əmr edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı X7 Xidməti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Təhsil İnstitutuna qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024 tarixli, 3-29-65/3-1-773k/2024 nömrəli əmrin ləğv edilməsi, iddiaçı ilə müddətsiz əmək müqaviləsi bağlanılmaqla cavabdeh Azərbaycan Respublikasının Təhsil İnstitutunun Xüsusi İstedadlı uşaqlarla İş Mərkəzinə mütəxəssis vəzifəsinə bərpa edilməsi, cavabdeh tərəfindən iddiaçının işdən çıxarıldığı xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq birdəfəlik qaydada iddiaçıya ödənilməsi, cavabdehin iddiaçıya vurduğu mənəvi zərərin əvəzi olaraq 500 (beş yüz) manat pul vəsaitinin cavabdehdən tutularaq birdəfəlik qaydada iddiaçıya ödənilməsi, işə baxılması ilə əlaqədar məsrəflərə daxil olan mediasiya xidməti (60 manat), nümayəndəyə etdiyi kömək üçün ödənilən xərc (12 manat) və poçt xərci (3,74 manat) olaraq cəmi 75,74 manat manat pulun cavabdehdən tutularaq iddiaçıya birdəfəlik qaydada ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2017-ci ildə AR Tahsil Nazirliyi İstedadlı Uşaqlarla İş mərkəzinə 3 ay mūddətinə metodist vəzifəsinə təyin olunub. 2018-ci ilin mart ayında 3 ay müddətinə AR Tahsil Nazirliyi istedadlı uşaqlarla iş mərkəzin mütəxəssis vəzifəsinə təyin edilib. Sonradan müqavilə daha 3 ay müddatə uzadılıb. xx.xx.2020-ci ildə müddətsiz əmək müqaviləsi əsasında Təhsil institutunun İstedadlı uşaqlarla iş söbəsinə mütəxəssis vəzifəsinə təyin edilib. 2022-ci ilin dekabr ayının 30-da (ilin son iş günü) axşam saat 18 radələrində İstedadlı uşaqlarla iş şöbəsinin rəhbəri Tural Alışovun və insan resursları şöbəsinin müdiri Lalə Əsədovanın ciddi təzyiqi və işdən çıxarıla biləcəyi hədəsilə “65 yaş həddinə çatdığına görə” müddətsiz əmək müqaviləsinin ləğv edilməsi və müddətli əmək müqaviləsinin bağlanılması barədə iddiaçıya ərizə yazdırılıb. Beləliklə, xx.xx.2023-cü il tarixdə iddiaçı ilə bağlanmış müddətsiz əmək müqaviləsi müddətli əmək müqaviləsi ilə əvəz edilib. Bundan sonra, üç dəfə əmək müqaviləsi 6 ay müddətinə uzadılıb. Bu ilin iyun ayında cavabdeh qurumda stuktur dəyişikliyi başlayıb. Təhsil İnstitutunda İstedadlı uşaqlarla iş mərkəzi (2017-ci ildə yaradılib 2019-da ləğv edilən İstedalı X8 təkrarı) yaradılıb. Bununla bağlı Elm Və Təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. İddiaçının çalışdığı şöbənin 11 əməkdaşından 9-u həmin mərkəzə keçirilib, biri iddiaçı olmaqla bașqa iki əməkdaş isə X6 mərkəzinin Elmi kitabxanasına göndəriliblər. İyun ayının 21-dən işlədiyi İstedadlı uşaqlarla iş şöbəsindən Elmi kitabxanaya keçməsi üçün iddiaçıya təzyiqlər edilib. Cavabdehin bu tələbi qanunvericiliyə zidd olduğu üçün iddiaçı qanunsuzluğa etiraz edərək kitabxanaya keçməkdən imtina edib, ərizə yazmayıb. Buna baxmayaraq cavabdeh dəfələrlə iddiaçıdan "öz xahişi ilə" Elmi kitabxanaya keçməsini tələb edib, əks halda onunla bağlanmış əmək müqaviləsinin ləğv ediləcəyi bildirilib. İddiaçı bundan imtina edib. İddiaçı, onunla bağlanmış müddətli əmək müqaviləsinə xitam veriləcəyi barədə iyunun 25-də iki ay öncədən xabərdarlıq bildirişi alıb. 30 avqust 2024-cü il tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "b” bəndinə əsasən xitam verilib.

13. Cavandeh Azərbaycan Respublikasının Təhsil İnstitutunun vəkili və nümayəndəsi Vəkil ərizə təqdim edərək, iddia müddəti tətbiq edilərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Belə ki, ərizədə qeyd edilmişdir ki, hazırkı iş üzrə iddiaçının irəli sürdüyü bəzi iddia tələbləri üzrə iddia müddəti ötürüldüyünə görə məhkəmə tərəfindən iddia müddəti tətbiq edilərək iddia rədd edilməlidir. Çünki iddiaçı məhkəmədən xahiş edir ki, onunla müddətsiz əmək müqaviləsi bağlamaqla işə bərpa edilsin. Halbuki, işin hallarından görünür ki, iddiaçı işdən azad edilərkən onun cavabdehlə əmək müqaviləsi müddətli olmuşdur. İşdə olan sənədlərdən görünür ki, iddiaçı könüllü olaraq ərizə ilə işəgötürənə müraciət edərək onun əmək müqaviləsinin müddətli bağlanılmasını xahiş etmişdir. Bundan sonra özünün də qeyd etdiyi kimi hər biri 6 ay olmaqla 3 dəfə uzadılmışdır. İddiaçı bu dəyişikliklərin heç birinə etiraz etməmiş, əksinə öz ərizəsi ilə şəxsi iradəsini ifadə etmiş və işləməyə davam etmişdir. Əgər müqavilənin müddətsizdən müddətliyə dəyişdirilməsi cavabdehin təzyiqi və təsiri əsasında baş vermişdirsə, onda dərhal müvafiq dövlət orqanlarına, yaxud da məhkəməyə müraciət edə bilərdi. Lakin, göründüyü kimi, 2 ildən artıq vaxt keçməyinə baxmayaraq, iddiaçı belə bir tələb irəli sürməmiş və bu halı mübahisələndirməmişdir. Cavabdeh hesab edir ki, iddiaçı qanunla müəyyən edilmiş iddia müddətini buraxmışdır.

14. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)- 803/2025 nömrəli qətnaməsi ilə (hakim G.Ç.Abidova) iddia tələbi qismən təmin edilmiş, Azərbaycan Respublikasının Təhsil İnstitutunun xx.xx.2024-cü il tarixli, 3-29-65/3-1- 773k/2024 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikasının Təhsil İnstitutunun Xüsusi İstedadlı X8 Xüsusi istedadlı uşaqlarla işin təşkili şöbəsinə “mütəxəssis” vəzifəsinə bərpa edilməsi (əvvəlki əmək müqaviləsinin şərtləri əsasında), məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqının Azərbaycan Respublikasının Təhsil İnstitutundan tutularaq İddiaçı ödənilməsi, cavabdeh Azərbaycan Respublikasının Təhsil İnstitutundan mənəvi zərərin əvəzi kimi 200 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, məhkəmə xərcləri kimi ödənilmiş 50 manat məbləğində pulun cavabdeh Azərbaycan Respublikasının Təhsil İnstitutundan alınaraq İddiaçı verilməsi, məhkəmə xərclərinin qalan hissəsinin İddiaçı aid edilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

15. Məhkəmə hesab etmişdir ki, cavabdehin müvafiq əmri ləğv edilməli, iddiaçı əvvəlki əmək müqaviləsinin şərtlərinə uyğun, yəni müddətli olaraq işə bərpa edilməlidir. Belə ki, iddiaçı ilə bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə ləğv edilmişdir. Həmin maddənin əsası işçilərin sayı və ya ştatların ixtisar edilməsidir. Yəni, işçinin həmin əsas ilə işdən çıxarılması üçün ya işçilərin sayı ixtisar edilməli, ya da ştat ixtisar edilməlidir. Cavabdehin xx.xx.2024-cü il tarixli əmrində İddiaçı ştat ixtisarı, yoxsa işçi ixtisarı olması əsaslandırılmamışdır. Hətta, məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, müvafiq əmrdə ümumiyyətlə əsaslandırma aparılmamış, məhkəmə prosesində iddiaçının əmək müqaviləsinin ştat ixtisarı, yoxsa işçi ixtisarı səbəbi ilə ləğv edilməsinin dəqiqləşdirilməsi üçün verilmiş sualın cavabı cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bu isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinə ziddir.

16. Məhkəmə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə əmək müqaviləsinin ləğv edilməsi barədə mübahisəni araşdırarkən ixtisarın real olubolmamasını araşdırmalıdır. Belə ki, qeyd olunan əsas ilə əmək müqaviləsi ləğv edildikdə məhkəmə ştat və ya işçi ixtisarının hansı ehtiyac və ya zərurət səbəbindən həyata keçirilməsini müəyyənləşdirməlidir. Hazırkı iş üzrə cavabdeh müəssisə iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin səbəbini Azərbaycan Respublikası Elm və Təhsil nazirinin xx.xx.2024-cü il tarixli əmri əsasında Azərbaycan Respublikasının Təhsil İnstitutunun yeni struktur və ştat cədvəlinin təsdiq edilməsi ilə əsaslandırır.

17. Məhkəmə köhnə və yeni ştat cədvəllərini müqayisə etdikdə məlum olmuşdur ki, struktur dəyişikliyi nəticəsində istedadlı uşaqlarla iş şöbəsinin adı dəyişdirilməklə daha geniş mərkəz yaradılmış, mərkəzə yeni ştatlar əlavə edilmiş, hətta bəzi ştat vahidlərinin sayı artırılmışdır. Göründüyü kimi, hazırkı mülki iş üzrə iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğvi sadəcə formal struktur dəyişikliyə əsaslanır və real (həqiqi) ixtisar xarakteri daşımır.

18. Məhkəmə qeyd etmişdir ki, məhkəmə iclasında əvvəlki və yeni ştat cədvəlinə uyğun olaraq iddiaçının tutduğu vəzifənin yeni ştat cədvəli üzrə Xüsusi İstedadlı Uşaqlarla İş Mərkəzinə və onun daxilində Xüsusi istedadlı uşaqlarla işin təşkili şöbəsinə uyğun olması məsələsi müzakirə edilmiş və iddiaçı tərəfindən təsdiqlənmiş, cavabdeh tərəfindən isə bu məsələ mübahisələndirilməmişdir. Cavabdeh Azərbaycan Respublikasının Təhsil İnstitutunda struktur dəyişikliyi olduğundan və iddiaçının işlədiyi şöbənin adı dəyişdirildiyindən, iddiaçı yeni ştat cədvəli üzrə əvvəlki vəzifəsinə mütənasib vəzifəyə - Azərbaycan Respublikasının Təhsil İnstitutunun Xüsusi İstedadlı X8 Xüsusi istedadlı uşaqlarla işin təşkili şöbəsinə “mütəxəssis” vəzifəsinə bərpa edilməlidir

19. Məhkəmə onu da qeyd etmişdir ki, iddiaçı işə bərpa edildiyinə görə işdən çıxarıldığı vaxtdan işə bərpa olunanadək məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı Azərbaycan Respublikasının Təhsil İnstitutundan tutularaq İddiaçı ödənilməlidir. Qeyd olunan ödənişin birdəfəlik ödənilməli olması isə məhkəmə icraatının mübahisə predmeti deyil.

20. Məhkəmə İddiaçı müddətsiz olaraq işə bərpa olunması tələbi haqqında hesab etmişdir ki, iddiaçının müddətsiz olaraq işə bərpa edilməsi yolverilməzdir. Belə ki, işçi işdən azad olunarkən qüvvəsinə xitam verilən əmək müqaviləsi müddətli olmuş, yəni iddiaçı və işəgötürən arasında müddətli əmək müqaviləsi bağlanmışdır. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin əsası isə müddətin bitməsi yox, ştat və ya işçilərin sayının ixtisar edilməsi olmuşdur. Məhkəmə iddiaçıların işə bərpa tələbi barədə iddialarına baxarkən, işdən çıxarılma barədə işəgötürənin əmrini ləğv edir və işçini əmək müqaviləsinin əvvəlki şərtləri ilə işə bərpa edir. Əmək müqaviləsinin bağlanması prosesi işçi və işəgötürənin sərbəst iradəsinə əsasən həyata keçirilir. Məhkəmə iddiaçını işə bərpa edərkən işəgötürən üçün qanunvericilikdə göstərilməyən əlavə vəzifələr müəyyən edə bilməz.

21. İddiaçı müddətsiz olaraq işə bərpa edilməsi tələbini xx.xx.2022-ci il tarixdə müddətsiz müqavilədən müddətli müqaviləyə keçmək üçün yazdığı ərizəni öz iradəsi ilə deyil, işəgötürənin təzyiqi ilə yazması, lakin əmək müqaviləsinin müddətsiz əsaslardan müddətli əsaslara keçirilməsinin onun əmək funksiyasına və gördüyü işin xarakterinə uyğun gəlməməsi, yaşla bağlı müvafiq qanunvericiliyin ümumiyyətlə ona şamil olunmaması ilə əsaslandıraraq, iddia tələbində birbaşa göstərməsə də, dolayısı ilə müddətsiz əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin xx.xx.2023-cü il tarixli əmrinin qanunsuz olmasını mübahisələndirir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, iş materiallarında iddiaçının sözügedən ərizəsi olsa da və işəgötürənin xx.xx.2023-cü il tarixli əmri ilə onunla bağlanmış müddətsiz əmək müqaviləsinə xitam verilməsi, bundan sonra isə onunla müddətli əmək müqaviləsi bağlanaraq, hər dəfə 6 ay olmaqla, 2 dəfə müddətinin uzadılması məhkəmə tərəfindən müəyyən edilsə də, iddiaçı hazırda müqavilənin müddətinin bitməsi əsası ilə deyil, ixtisar əsası ilə işdən azad edildiyindən, hazırkı icraat çərçivəsində əvvəlki müddətsiz əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrinin qanuniliyini mübahisələndirmək üçün iddia müddətini ötürmüşdür. Belə ki, iddiaçı hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu andan 1 ay müddətində deyil, uzun müddət sonra - əmək müqaviləsinə xx.xx.2024-cü il tarixli əmr ilə başqa əsasla xitam verildikdə mübahisələndirməyə başlamışdır.

22. Cavabdeh Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə göndərilərək, iddia müddətinin tətbiq edilməsi və iddianın rədd edilməsi xahiş edilmişdir. Ərizəni əsaslı hesab edən məhkəmə qeyd etmişdir ki, iddiaçı, həqiqətən də, işəgötürənin xx.xx.2023-cü il tarixli əmrini mübahisələndirmək üçün qanunvericiliklə müəyyənləşdirilmiş 1 aylıq iddia müddətini ötürmüşdür.

23. Məhkəmə qeyd edir ki, hazırkı münasibətlər davam edən münasibətlər olduğundan, əgər gələcəkdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə məhz müddətin bitməsi əsası ilə xitam verilərsə, iddiaçının məhz həmin məsələ ilə əlaqədar məhkəmə icraatı çərçivəsində onunla bağlanmış müddətsiz müqaviləyə xitam verilməsinin qanunsuz olması və müddətli əmək müqaviləsi bağlanmasının yolverilməz olmasını mübahisələndirmək hüququ vardır. Çünki həmin məsələ məhz əmək müqaviləsinin müddətinin bitməsi ilə bağlı olmaqla, hərtərəfli araşdırma üçün hazırda dolayısı ilə mübahisələndirilən əmrə qiymət verilməsi zəruri olacaqdır. Lakin hazırkı tələb çərçivəsində həmin məsələyə qiymət verilməsini məhkəmədən tələb etmək üçün iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür.

24. Məhkəmə mənəvi zərərin əvəzi olaraq 500 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsində qeyd etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi əsassız ləğv edilmiş, iddiaçıya mənəvi zərər dəymiş, cavabdehin hərəkətləri iddiaçıda inamsızlıq, narahatlıq, məyusluq hissləri yaratmış və iddiaçıya stress, əzab-əziyyət vermiş, şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. Lakin məhkəmə hesab edir ki, ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 500 manat məbləğində kompensasiya tələbinin təmin edilməsi mümkün deyildir. Belə ki, mənəvi zərərin kompensasiya edilməsinin məqsədinin zərərçəkmiş şəxsi zənginləşdirmək deyil, məhz onu mənəvi cəhətdən rahatlaşdırmaq olması nəzərə alınmalıdır. Göstərilən bütün diqqətəlayiq halları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin 200 manat məbləğində qiymətləndirilməsi daha ədalətli və ağlabatandır.

25. Məhkəmə xərcləri ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərci və 12 manat nümayəndəyə ödənilən vəsaitin əvəzi iddia qismən təmin edildiyinə görə qismən təmin olunmalı, 50 manat məbləğində pul cavabdeh Azərbaycan Respublikasının Təhsil İnstitutundan alınaraq İddiaçı verilməlidir. Məhkəmə 3,74 manat məbləğində poçt xərcinə münasibətdə qeyd etmişdir ki, X7 Xidmətinə və Azərbaycan Respublikasının Təhsil İnstitutuna göndərilən məktublar iddiaçının məhkəməyə müraciət etməsi üçün zəruri əhəmiyyət daşımadığından iddia tələbi bu hissədə təmin edilməməlidir.

26. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci bəndinə, 9-cu maddəsinin “b” bəndinə, 11-ci maddəsinin “a”, “b”, ”ə” bəndlərinə, 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə, 42-ci maddəsinə, 68-ci maddəsinin 1-ci, 2-ci hissəsinə, 70-ci maddəsinin “b” bəndinə, 71-ci maddəsinin 1-ci, 3-cü hissələrinə, 74-cü maddəsinin 2-ci hissəsinə, 77-ci maddəsinin 1-ci, 2-ci hissələrinə, 80-ci maddəsinin 1-ci, 2-ci hissələrinə, 83-cü maddəsinin 1-ci hissəsinə, 296-cı maddəsinin 2-ci, 3-cü hissələrinə, 300-cü maddəsinə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Koinq Almaniyaya qarşı» «Artiko İtaliyaya qarşı», «Younq, Cames və X2rşı» işlər üzrə qərarlarına, “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 80, 88, 107, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

27. İddiaçı qətnamədən apellyasiya şikayəti verilərək, qətnamənin qismən - “onun əvvəlki əmək müqaviləsinin şərtləri əsasında “mütəxəssis” vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqının ödənilməsi” hissəsində ləğv edilməsi və həmin hissədə “iddiaçı ilə müddətsiz əmək müqaviləsi bağlanılmaqla “mütəxəssis” vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı və hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəncin ödənilməsi” barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.

28. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin iddiaçının müddətsiz əmək müqaviləsi bağlanılmaqla işə bərpa edilməsi barədə tələbdə nəzərə almalı olduğu digər bir məsələ iddiaçı ilə müddətsiz əmək müqaviləsindən müddətli əmək müqaviləsinə keçid zamanı müddətsiz müqaviləyə xitam verilməsi əsasıdır. Cavabdeh iddiaçı ilə bağlanmış müddətsiz əmək müqaviləsini 65 yaşın tamam olmasına görə ləğv edib. Halbuki, Əmək Məcəlləsinin qeyd edilən maddəsinə əsasən bu qadağandır. Cavabdeh elmi müəssisədir. 65 yaş məhdudiyyəti iddiaçıya şamil edilə bilməzdi, iddiaçının müddətsiz əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndi ilə xitam verilməsi qanunsuz olub. İddiaçı 2022-ci il tarixdə müddətsiz müqavilədən müddətli müqaviləyə keçmək üçün yazdığı ərizəni öz iradəsi ilə deyil, işəgötürənin təzyiqi ilə yazıb. İddiaçını aldadıb, təzyiq göstərib müddətsiz müqaviləni qanunsuz olaraq müddətli müqavilə ilə əvəz ediblər. Cavabdeh qurumda işçilərə təzyiq göstərilərək “öz razılıqları ilə” müddətsiz əmək müqavilələri ləğv edilir və onlarla müddətli əmək müqavilələri bağlanılır. Məhkəmə müddətli əmək müqaviləsi bağlanılmış digər işçilərlə bağlı əmək müqavilələri barədə məlumatı tələb etməli və həmin əmək müqavilələri üzrə müddətlə iddiaçının əmək müqaviləsinin müddətini qarşılaşdırmalı, eləcə də həmin müqavilələr üzrə müəyyən edilmiş müddətin işçilərin iradə ifadəsini əks etdirib-etdirməməsini müəyyən etməli idi. Yəni, əgər bağlanmış müqavilə həqiqətən də işçinin iradə ifadəsidirsə (müddətlə bağlı hissədə) onda məhkəmə görəcəkdi ki, hamısı ilə müxtəlif yox, eyni – 1 il müddətinə müqavilə bağlanılıb. Bu da o deməkdir ki, cavabdeh qurumda işləyən işçilərin iradə ifadəsi standart formada eynilik təşkil edə bilməz. Cavabdeh hamısı ilə 1 il müddətinə müqavilə bağlayır, 1 ildən artıq müddətə müqavilə bağlanılmır. İddiaçı ilə isə 1 il də yox, daha az – 6 ay müddətinə müqavilə bağlanılıb. Məhkəmə cavabdeh qurumda işçilərlə bağlanmış əmək müqavilələrinin hansımüddətə bağlandığını araşdırmış olsaydı görərdi ki, iddiaçıya qarşı ayrı-seçkiliyə yol verilib. Çünki yalnız iddiaçı ilə 6 ay müddətinə əmək müqaviləsi bağlanılıb. Digər işçilərlə 1 il müddətinə əmək müqaviləsi bağlanılıb. Məhkəmə qətnamənin 52-ci bəndində iddiaçının verdiyi izahatı təhrif edərək yazıb ki, guya iddiaçı izahatda bildirib ki, müddət ötürülüb. Halbuki, belə bir şey olmayıb. Bunun əksinə, məhkəmənin 16 yanvar 2025-ci il tarixli hazırlıq iclasında iddiaçının nümayəndəsi “65 yaşa görə əmək müqaviləsinə xitam verilməsi iddiaçının nə vaxt xəbəri olub?” barədə sədrlik edənin və cavabdehin nümayəndəsinin sualına iddiaçı “İddiaçıya təzəlikcə mən bildirmişəm ki, 65 yaşa görə müqaviləyə xitam verilməsi qanunsuz olub ki, bunun da nəticəsində müddətsiz əmək müqaviləsi müddətli əmək müqaviləsi ilə əvəz edilib”. Bu cümlə məhkəmə iclas protokolunda qısaldılmış şəkildə qeyd edilsə də audio yazıda tam əks olunub (məhkəmə iclas protokulu və audio yazıya baxıla bilər). Bir daha qeyd edir ki, müddət ötürülməyib. Əgər məhkəmə iddia müddətinin ötürüldüyünü düşünürdüsə hətta müddətin ötürülməsinin üzrlü səbəbdən - maddi hüquq normasında qeyd edildiyi kimi digər obyektiv hallarla bağlı ötürüldüyünü müəyyən etməli idi. Obyektiv hal isə iddiaçının hələ də cavabdeh qurumda işləməsi və ondan iqtisadi baxımdan asılı olması idi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

30. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Verilmiş suallara cavab olaraq bildirdi ki, birinci instansiya məhkəməsi müddətin ötürülməsi ilə bağlı yanlış qənaətə gəlmişdir. Belə ki, iddiaçı son günədək orada işləmişdir. Əgər məhkəmə müddətin ötürüldüyünü hesab edirdisə, müddətin üzürsüz ötürülmə səbəbini qeyd edə bilərdi. İddiaçı cavabdeh təşkilatda işlədiyi üçün iqtisadi cəhətdən cavabdehdən asılı olmuşdur. İddiaçı işlədiyi dövrdə əmri, müqaviləni necə mübahisələndirə bilərdi? Cavabdeh təşkilatda bu cür hüquq pozuntu halları kütləvi xarakter daşıyır. Bundan başqa, iddiaçı cavabdeh təşkilatda mütəxəssis vəzifəsində çalışır. Əmək Məcəlləsinin 47-ci maddəsində isə işçi ilə müddətli əmək müqaviləsinin bağlanılmasının halları əksini tapmışdır. Mütəxəssis vəzifəsi və işçinin əmək funksiyasından irəli gələn işlər işçi ilə müddətli əmək müqaviləsi bağlanılmasına əsas ola bilməz. Azərbaycan Respublikası Təhsil İnstitutu mövcudluğu dövründə mütəmadi layihələr həyata keçirir. Bu layihələrdən ən əsası isə “Sabahın alimləri” olimpiyadasıdır. Onlar beynəlxalq olimpiyadalara xüsusi istedadlı uşaqları hazırlaşdırırlar. İddaçı cavabdeh təşkilatda mütəxəssis vəzifəsində çalışır.

31. İşə baxılması ilə bağlı hazırki məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə və üçüncü şəxsə rəsmi qaydada məlumat verilmiş, lakin onların nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ünvanlayaraq, Sumqayıt Kommersiya Məhkəməsində eyni vaxtda başqa bir iş üzrə məhkəmə iclası təyin edildiyinə görə üzürlü səbəbdən iştirak edə bilmədiyini nəzərə alaraq məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmiş, lakin ərizəyə qeyd olunanları təsdiq edən sübutlarını əlavə etməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

32. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 5. Əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə. Maddə 9.“b” bəndi. Əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biridir. Maddə 11. “a”, “b”, ”ə” bəndləri. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək işəgötürənin əsas hüquqlarındandır. Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Maddə 45.4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Maddə 47. “f” bəndi. Tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Maddə 68.1-ci hissə. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 68. 2-ci hissənin “a” bəndi. Əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri tərəflərdən birinin təşəbbüsüdür. Maddə 68.2. “b” bəndi. Əmək müqaviləsinin müddəti qurtardıqda işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 70. “b” bəndi. İşçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 296. 2-ci hissə. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Maddə 300.1. Əgər işəgötürən əmək müqaviləsinin bu məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır.

33. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarı: Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir.

34. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

36. Hazırkı işdə iddia qismən təmin edildiyindən, iddiaçı apellyasiya şikayətində qətnaməni iddianın müddətsiz əmək müqaviləsi bağlanılması ilə bağlı tələbin təmin olunmaması hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

38. İşin müəyyən olunmuş faktiki hallarına əsasən, iddiaçı xx.xx.2020-ci il tarixli əmək müqaviləsi əsasında cavabdeh təşkilatda istedadlı uşaqlarla iş şöbəsində mütəxəssis vəzifəsinə müddətsiz olaraq işə qəbul edilmişdir. O, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktoruna ərizə təqdim edərək, onunla bağlanmış müddətsiz əmək müqaviləsinin xx.xx.2023-cü il tarixdən ləğv edilməsi və müddətli əmək müqaviləsi bağlanmasına göstəriş verilməsini xahiş etmişdir. Beləliklə, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin“e” bəndi ilə xitam verilmiş, həmin tarixdən etibarən İddiaçı istedadlı uşaqlarla iş şöbəsində mütəxəssis vəzifəsinə 6 ay müddətinə işə qəbul edilmiş, sonradan əmək müqaviləsinin müddəti bir neçə dəfə 6 ay müddətinə uzadılmışdır.

39. İşdən həmçinin müəyyən olunur ki, Azərbaycan Respublikası Elm və Təhsil nazirinin xx.xx.2024-cü il tarixli əmri ilə Azərbaycan Respublikasının Təhsil İnstitutunun yeni strukturu və ştat cədvəli təsdiq edilmişdir. xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən İddiaçı elektron qaydada xəbərdarlıq bildirişi göndərilərək, istedadlı uşaqlarla iş şöbəsinin ləğv olunduğu, ona Elmi-pedaqoji tədqiqatlar mərkəzinin Elmi kitabxanasında kitabxanaçı vəzifəsinin təklif olunduğu, razılaşdığı təqdirdə yeni vəzifəyə - Elmi kitabxanada kitabxanaçı vəzifəsinə təyin olunmaq barədə razılıq ərizəsini yazması, razılaşmadığı halda isə xəbərdarlıq müddəti bitdikdən sonra əmək müqaviləsinə xitam veriləcəyi nəzərinə çatdırılmışdır. İddiaçı kitabxanaçı vəzifəsinə təyin olunmasını istəməmiş və razılığını bildirməmişdir. xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Təhsil X1 Komitəsinin İdarə Heyətinin iclası keçirilmiş, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi tam qanunauyğun hesab edilərək, institut rəhbərliyinin onunla bağladığı əmək müqaviləsinə xitam verilməsinə razılıq verilmişdir.

40. Daha sonra cavabdeh Azərbaycan Respublikasının Təhsil İnstitutunun xx.xx.2024-cü il tarixli 3-29- 65/3-1-773k/2024 nömrəli əmri ilə İddiaçı əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilməsi, son haqq-hesabın və orta aylıq əmək haqqının iki misli miqdarında işdən çıxarma müavinətinin müvafiq qaydada ödənilməsinin təmin edilməsi əmr edilmişdir.

41. Kollegiya ilk növbədə qeyd edir ki, iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2024-cü il tarixli 3-29-65/3-1-773k/2024 nömrəli əmrə əsasən iddiaçının əmək müqaviləsinə müqavilə müddətinin qurtarması əsası ilə deyil, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə, yəni işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsası ilə xitam verilmişdir.

42. Əmək qanunvericiliyin tələblərinə əsasən məhkəmə iddiaçıların işə bərpa tələbi barədə iddialarına baxarkən, işdən çıxarılma barədə işəgötürənin əmrini ləğv edir və işçini əmək müqaviləsinin əvvəlki şərtləri ilə işə bərpa edir. Belə ki, işəgötürənin əmri ləğv edildikdən həmin əmr ilə ləğv edilmiş əmək müqaviləsi bərpa edilir, bununla da tərəflər arasında əmək münasibətləri həmin müqavilə şərtləri əsasında davam edir.

43. Birinci instansiya məhkəməsi tərəfindən də məhz sözügedən əmr ləğv edilmiş və iddiaçı işlədiyi əmək müqaviləsi üzrə işə bərpa edilmiş, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

44. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə işdən azad edilmədiyindən, hazırkı icraat çərçivəsində onunla bağlanmış əvvəlki müddətsiz əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli işəgötürənin əmrinin qanuniliyini mübahisələndirmək üçün iddia müddətini ötürmüşdür.

45. Belə ki, xx.xx.2023-cü il tarixdə müddətsiz əmək müqaviləsi iddiaçının ərizəsi əsasında ləğv edilmiş, iddiaçı həmin ərizəni yazarkən mahiyyətini dərk etmiş, beləliklə hüquqlarının pozulduğunu bilmiş, onunla bağlanmış yeni müddətli əmək müqaviləsinin müddəti bir neçə dəfə uzadılmış, iddiaçı isə xx.xx.2024-cü il tarixdə mediasiyanın tətbiqi barədə təklifi qarşı tərəfə göndərmiş, bununla da əmək qanunvericiliyində nəzərdə tutulmuş 1 təqvim aylıq iddia müddətini ötürmüşdür. Cavabdeh birinci instansiya məhkəməsinə iddia müddətinin tədbiq edilməsi barədə ərizə təqdim etmişdir.

46. O da qeyd edilməlidir ki, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir.

47. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə gələcəkdə müddətin bitməsi əsası ilə xitam veriləcəyi təqdirdə, iddiaçı həmin əmri mübahisələndirə, onunla müddətli əmək müqaviləsinin bağlanmasının əmək qanunvericiliyinin tələblərinə zidd olması barədə dəlillərini irəli sürə bilər.

48. Kollegiya apellyasiya şikayətində qeyd olunmuş “hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəncin ödənilməsi” barədə tələbə münasibətdə qeyd edir ki, hazırki tələb iddiaçı tərəfindən birinci instansiya məhkəməsində irəli sürülməmişdir. Mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən işə apellyasiya instansiyası məhkəməsində baxılarkən yeni tələblər o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı tərəfindən belə əsaslandırma təqdim olunmadığı üçün apellyasiya baxışı zamanı iddiaçının bu tələb qəbul edilə və apellyasiya araşdırmasının predmeti ola bilməz.

49. Bundan əlavə, iddiaçı apellyasiya şikayətində məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsini xahiş etsə də, işdən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının bu tələbi təmin edilmişdir.

50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-803/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar