Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2793/2024 01.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər X2 və Bakı şəhəri 5 saylı Notariat ofisinə qarşı iş üzrə (Açar sözlər: miras payının müəyyən edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X5 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 01 may 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. X7 xx.xx.2012-ci il tarixdə Rusiya Federasiyasında vəfat etmişdir. Bakı şəhəri, 13cü Nərimanov döngəsi, 1 ünvanda yerləşən mənzil mərhumun mülkiyyətində olmuşdur. Onun iki oğlu İddiaçı və X3 1-ci növbə qanun üzrə vərəsələridir. Cavabdeh Nikolay Pustavalov miras əmlakdan imtina etməsinə dair hər hansı ərizə ilə notariusa müraciət etməmiş, 22 yanvar 2012-ci il tarixdə Bakı şəhəri 5 saylı notariat ofisinə qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi üçün müraciət etmiş, lakin zəruri olan hüquqmüəyyənedici sənədləri təqdim etmədiyindən ona cavab və ya qərar təqdim edilməmişdir.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər X2 və Bakı şəhəri 5 saylı Notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəriman Nərimanov prospekti, 13-cü Nərimanov döngəsi, 1 ünvanda yerləşən miras əmlaka tam pay üzrə vərəsəlik hüququnun tanınması, vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin Bakı şəhəri 5 saylı Notariat Ofisinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nəriman Nərimanov prospekti, 13-cü Nərimanov döngəsi, 1 ünvanda yerləşən miras əmlak iddiaçının anası X4 mülkiyyətində olmuş, həmin mənzildə iddiaçı doğulduğu gündən hal-hazıradək öz ailə üzvləri - qızı X1 və arvadı X6 ilə birgə yaşayır. X7 28 fevral 2012-ci ildə ölmüş, ondan miras qalmış əmlaka isə iddiaçı sahiblik etməyə, həmin əmlakı idarə etməyə faktiki olaraq başlamış, mirası qəbul etmişdir. 21 iyul 2023-cü ildə İddiaçı Bakı şəhəri 5 saylı notariat ofisinə müraciət edərək miras əmlaka tam hissədə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmiş, lakin ona həmin notariat ofisinin 25 iyul tarixli qərarı ilə imtina edilmiş, səbəb isə miras qoyanın digər oğlu X3 tərəfindən də ərizə ilə müraciət edilməsi göstərilmişdir. Araşdırma zamanı müəyyən olmuşdur ki, miras qoyanın digər oğlu, Rusiya Federasiyası vətəndaşı X3 2020-ci ildə (miras qoyanın ölümündən 8 il sonra) etibarnamə üzrə nümayəndə vasitəsilə 5 saylı notariat ofisinə ərizə ilə müraciət etmiş, notariat ofisində ərizəçiyə vərəsəlik işinin açılmasına dair lazımi sənədlərin olmadığı, həmin sənədlərin zəruriliyi bildirilsə də, 4 ilə yaxın bir müddətdə hər hansı sənəd təqdim edilməmiş, nümayəndəyə verilən etibarnamənin müddəti ötürülmüş, beləliklə də vərəsəlik işi açılmamışdır.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-112/2024 saylı, 24 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakim G.Babazadə) iddia qismən təmin olunmuş, mübahisəli evə iddiaçının 1/2 hissədə miras pay hüququnun müəyyən edilməsi və həmin əmlaka 1/2 hissədə iddiaçının adına vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri 5 saylı Notariat ofisinin üzərinə qoyulması qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.
5. Məhkəmə hesab etmişdir ki, cavabdeh də miras əmlak üzrə 1-ci növbə qanun üzrə vərəsələrin dairəsinə daxil olduğundan, iddia qismən təmin edilməli, Bakı şəhəri, Nəriman Nərimanov prospekti, 13-cü Nərimanov (Sovet) döngəsi, 1 ünvanda yerləşən fərdi yaşayış evinə İddiaçı 1/2 hissədə miras pay hüququ müəyyən edilməli və həmin əmlaka 1/2 hissədə iddiaçının adına vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri 5 saylı Notariat ofisinin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1145, 1151.1, 1243.1, 1256, 1301-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a. Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə çıxararkən tərəfindən Notariat ofisinə müraciət olunmasını, qarşı tərəfin sənədləri olmadığından müraciətinin rəsmiləşdirilməməsini nəzərə almamışdır. Cavabdehin o zaman mirasdan pay almaq niyyəti olsa idi, ölüm haqqında şəhadətnamə və s. zəruri sənədləri təqdim edə bilərdi. Məhkəmə eyni zamanda Konstitusiya Məhkəməsinin müvafiq qərarının yalnız xx.xx.2023-cü il tarixdən sonraya aid olduğunu nəzərə almamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Maddə 1301.1. Əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Maddə 1301.2. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Maddə 1301.3. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər.
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarı
Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmiş, Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin.
Apellyasiya baxışının hədləri
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
14. Hazırkı işdə qətnamə iddiaçı tərəfindən mübahisələndirildiyindən, cavabdeh isə apellyasiya şikayəti vermədiyindən qətnamənin əsaslılığı iddianın təmin olunmayan hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi sadalanan maddi hüquq normalarını işin müəyyən edilmiş faktiki hallarına tətbiq etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir.
16. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya aşağıdakıları qeyd edir.
17. Birinci instansiya məhkəməsi iddianı mübahisələndirilən hissədə rədd edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarına istinad etmişdir.
18. Sözügedən qərarda ifadə edilmiş hüquqi mövqeyə görə miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur.
19. Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinin davamı olaraq qeyd etmişdir ki, mirasdan imtinanın ehtimal oluna bilmə imkanı mülkiyyət hüququnu və onun davamlılığını təmin edən vərəsəlik hüququnun konstitusion təminatını pozur.
20. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu bu qənatə gəlmişdir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir.
21. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir.
22. Mülki Məcəllənin 1301-ci maddəsinə əsasən əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər
23. İş materiallarından müəyyən olunur ki, X7 xx.xx.2012-ci il tarixdə vəfat etmiş, onun oğlu Nikolay Pustovalov 2020-ci ildə anasından miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə ərizə ilə Cavabdeh1na müraciət etmiş, lakin lazımi sənədlər təqdim edilmədiyindən vərəsəlik işi açılmamışdır.
24. Məhkəmə kollegiyasının qənaətinə görə Nikolay Pustovalovun miras əmlak barədə susması onun mirasın qəbulundan imtinası kimi qiymətləndirilə bilməz. Beləliklə, Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə iddiaçı kimi o da eyni əsaslarla mirası qəbul etmiş sayılır. Belə ki, Nikolay Pustovalov da qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməmiş, bu barədə notarial qaydada ərizə verməmişdir.
25. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun olmuşdur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və qətnamənin ləğvi və yaxud dəyişdirilməsi üçün əsas vermir.
26. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.