Məhkəmə qərarları › İş №2(103)-2796/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2796/2021

18.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mü
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2796/2021 18.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X3, Cavabdeh MTK-nın nümayəndəsi Nümayəndə3 iştirakı ilə İddiaçı Cavabdeh MTK-na qarşı “maddi və mənəvi zərərin əvəzinin, kompensasiyanın ödənilməsi” və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X4 Cavabdeh MTK-ya qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya (MTK) qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, MTK tərəfindən hüquqa zidd şəkildə sökülərək dağıdılmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 368,9 kv.m olan fərdi yaşayış evinin ona aid 1/8 hissəsinə görə kompensasiya kimi, sökülmüş tikilinin yerində tikilmiş yaşayış binasının birinci mərtəbəsindən əmlakının sahəsindən 20%-dən artıq sahəsi olan təmirli mənzilin ona verilməsi öhdəliyinin MTK-nın üzərinə qoyulması, əmlakının dağıdılması nəticəsində 30 000 manat məbləğində əldən çıxmış faydanın, əmlakının dəyərinin əvəzi olaraq 200 000 manatın və 10 000 manat mənəvi zərərin MTK-dan xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 368,9 kv.m olan fərdi yaşayış evinin 1/8 hissəsi onun adına xx.xx.2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, həmin əmlak yaşayış sahəsi olsa da, oranı qeyri-yaşayış kimi istifadə etmiş, əlavə tikililər tikmiş, yaxşılaşdırmalar aparmış, obyekti icarəyə verərək oradan gəlir götürmüş, nümayəndəsi X7 ilə “xxxx” LTD MMC arasında xx.xx.2010-cu il tarixdə bağlanmış icarə müqaviləsinə görə 8 m2 sahəni GSM antenn və ötürücü stansiyası və avadanlığı quraşdırmaq üçün illik icarə haqqı 2400 manat olmaqla icarəyə vermiş, obyektin bir hissəsi avtomobil ehtiyat hissələri mağazası kimi istifadə edilmişdir. 2016-cı ilin may ayından başlayaraq əmlakdan istifadəyə Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən maneələr yaradılmağa başlanmış, 2016-cı ilin avqust ayında ev və əlavə etdiyi tikililər heç bir xəbərdarlıq olunmadan içərisində olan avadanlıq, mal-material, satış üçün gətirilən avtomobil hissələrini çıxarılmadan texnikanın köməkliyi ilə məhv edilmiş və sökülmüşdür. Dağıntının baş verdiyi 2016-cı ilin avqust ayından 2019-cu ilin iyul ayına qədər 34 ay nəzərə alınsa, 30 000 manat faydanı itirmiş, əmlakının qanunsuz olaraq məhv edilməsi ona və ailə üzvlərinə ağır mənəvi ziyan vurmuşdur. Əmlakı 46 kv.m olmaqla yanaşı, əlavə tikililərlə birlikdə 60 kv.m təşkil etmişdir və həmin ərazidə olan tikilinin kv.m-nin təxminən 2000 manat olması nəzərə alındığında, ona əmlakının dəyərinə görə 200 000 manat maddi zərər dəymişdir. X7 da Cavabdeh MTK-ya qarşı iddia ərizəsi, sonradan isə iddia tələblərinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, MTK tərəfindən əmlakının dağıdılması nəticəsində məhv edilmiş 365 adda avtomobil hissələrinin, 1 ədəd Led ekran monitorun (14000 ABŞ dolları dəyərində), kompüterin, DVR-in, vitrinlərin, 4 ədəd kameranın, şüşə qapının, UPS-in, kassa aparatının, reklam guşəsinin, kondisionerin, divanın dəyəri olan ümumilikdə 105 076 manatın MTK-dan tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Samir Ələsgərov iddia tələbini belə əsaslandırmışdır ki, 2012-ci ildən etibarən qayınanası İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsində sahibkarlıq fəaliyyəti - avtomobil ehtiyyat hissələrinin satışı il məşğul olmuş, 2016-cı ilin avqust ayında həmin tikili içərisində ona məxsus olan avadanlıqlar, materiallar, satış üçün gətirilmiş avtomobil hissələri olduğu halda ona heç bir xəbərdarlıq edilmədən sökülmüşdür. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə hər iki iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddialarının təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edən iddiaçılar, şikayətlərini iddia ərizələrinin yuxarıda göstərilən məzmunlarına uyğun əsaslandırmaqla, məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini kobud şəkildə pozduğunu, sübutlara düzgün hüquqi qiymət vermədiyini, mülkiyyət hüququna edilən müdaxiləyə və özbaşınalığa haqq qazandıraraq heç bir qanuni əsası olmayan qərar çıxardığını irəli sürmüşlər. İddiaçı məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) X8 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını; cavabdeh MTK-nın nümayəndəsi (vəkili) Nümayəndə3 şikayətin əsassız olduğunu bildirərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, müstəqil tələb irəli sürən üçüncü şəxs X7 isə məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən olunan hallarına görə, ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 368,9 kv.m olan fərdi yaşayış evinin 1/8 hissəsi İddiaçı adına xx.xx.2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli qətnaməsi ilə Yasamal rayon İcra Hakimiyyətinin Cavabdeh Mənzil Tikinti Koorperativinə, X5 və qeyrilərinə qarşı “mənzildən müvəqqəti köçürülmə və kirayə haqqlarının ödənilməsi” tələbinə dair iddiası təmin olunmaqla Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı və M.H.Naxçıvani küçələrinin kəsişməsindəki 612-ci məhəllədə yerləşən yaşayış binalarının qəzalı vəziyyətdə olduqları müəyyən edilərək, X2 yaşayış sahəsinin qarşılıqlı əvəzi kimi həmin ünvanda tikiləcək yeni binalarda sökülən mənzillərin sahəsindən 20 faizdən artıq sahəsi olan orta təmirli mənzillə təmin edilənədək mənzilindən köçürülməsi və həmin ünvanda tikiləcək yeni binada mənzillə təmin edilənədək, yaxın ərazidə müvvəqqəti kirayə qalmasına görə 300 manat kirayə haqqının ona ödənilməsi öhdəliyi Cavabdeh Mənzil Tikinti Kooperativinin üzərinə qoyulmuşdur. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin qanuni qüvvəsini almış xx xxxxxx 2016-cı il tarixli qərarı ilə, İddiaçı Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə qarşı “129 nömrəli xx xxx 2016-cı il tarixli sərəncamının ləğv olunması” tələbi təmin edilməmiş, həmin məhkəmə aktı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 86 saylı qərarının icrası ilə əlaqədar Yasamal rayon İcra Hakimiyyəti tərəfindən “Cəfər Cabbarlı və Naxçıvani küçələrinin kəsişməsindəki 612-ci məhələdə yerləşən, qəzalı vəziyyətdə olan ünvan 3 ünvanda və onun ətrafında yaşayan sakinlərin köçürülərək binaların sökülməsi və yeni yaşayış binasının tikintisinin layihələndirilməsi haqqında” xx.xx.2012-ci il tarixli 129 nömrəli sərəncam verildiyi, sərəncama əsasən Yasamal rayonu, ünvan 4 ünvanında yerləşən qəzalı vəziyyətdəki yaşayış binasının və onun ətrafında yerləşən məhəllənin və şəhərin müasir memarlığına uyğun olmayan ünvan 5 39 ünvandakı binaların sakinlərinin Cavabdeh MTK tərəfindən qarşılıqlı razılaşma əsasında köçürülərək binaların sökülməsinə və yerində yüksək mərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verildiyi, sakinlərin qarşılıqlı razılaşma əsasında yeni mənzillə təmin edilənədək hər ay kirayə haqqı verilməklə başqa yerə köçürülməsinin və qəzalı binaların sökülməsinin təmin edilməsinin qərara alındığı müəyyən olunmuşdur. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizmi hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir; hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “X1rşı” iş üzrə xx xxxx 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə İddiaçı əmlakının qanuni əsaslarla sökülməsi müəyyən edilmiş və sökülmüş evinin qarşılığında onun yeni binada mənzillə təmin edilməsi öhdəliyi Cavabdeh Mənzil Tikinti Koorperativinin üzərinə qoyulmuşdur; buna görə də onun hazırda irəli sürdüyü iddia tələblərinin təmin edilməsi üçün qanuni əsas mövcud deyildir. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Kollegiya, müstəqil tələblər irəli sürən üçüncü şəxsin iddiası ilə əlaqədar gəlinən nəticəni də qanuni hesab edir: Belə ki, Samir Ələsgərov iddiaçıya məxsus əmlakda icarəçi kimi özünün fəaliyyət göstərdiyi və iddia ərizəsində göstərdiyi əşyaların ona aid olduğunu təsdiq edən heç bir sübut təqdim etməmiş, özünün də istinad etdiyi icarə müqaviləsinə əsasən, ünvan 6 ünvanında yerləşmiş fərdi yaşayış evinin İddiaçı məxsus olan 1/8 hissəsi Heybətəliyeva Hökümə Şamil qızına icarəyə verilmişdir. İş materiallarından isə aydın olur ki, İddiaçı məxsus əmlak söküldükdən sonra icarə sahəsində olan əşyaların (avtomobil ehtiyyat hissələrinin) əksər hissəsi məhz Heybətəliyeva Hökümə Şamil qızı tərəfindən təhvil alınmışdır. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Kollegiyanın qənaətinə görə Samir Ələsgərovu, irəli sürdüyü iddia tələbinə münasibətdə subyektiv hüquq sahibi, yəni subyektiv hüququn elementlərindən biri olan “başqa (borclu) şəxslərdən tələb etmək hüququ”nun sahibi kimi qəbul etmək mümkün deyildir. Bununla yanaşı kollegiya izah edir ki, İddiaçı məxsus əmlak söküldükdən sonra icarə sahəsində olan əşyaların (avtomobil ehtiyyat hissələrinin) Heybətəliyeva Hökümə Şamil qızına təhvil verilməyən (iş materiallarındakı aktla təsbit edilən) hissəsi, yaxud onların dəyəri məhz onun (Hökumə Heybətəliyeva) tərəfindən Cavabdeh MTK-dan tələb edilə bilər. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-175/2020 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar