Məhkəmə qərarları › İş №2(103)-2797/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2797/2024

20.05.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2797/2024 20.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs X5 qarşı “mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə dair mülki iş üzrə (Açar sözlər: “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X11 (sədrlik edən və məruzəçi), X7 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs X3 iştirakı ilə, Ərizəçi maraqlı şəxs X5 qarşı “mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2120/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Ərizəçi ilə X10 arasında xx.xx.2023-cü il tarixli, MŞB/3/2023-008770 saylı barışıq sazişi bağlanmış, həmin sazişin bəndlərində göstərilmişdir ki:

1. İİ tərəf İ tərəfin alimentin məbləğinin dəyişdirilməsi (Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(0010-2724/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahlarından olan xx.xx.2020-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün X1 hər ay 220 manat aliment X2 xeyrinə tutulması hissəsinin dəyişdirilərək hər ay İİ tərəfin aylıq əmək haqqının və mükafatlarının ¼ hissədə tutulması) hissəsində qəbul edir. İİ tərəf (X10) İ tərəflə (X9) birgə nikahdan doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay aylıq əmək haqqının və mükafatlarının ¼ hissəsinin İ tərəfin xeyrinə tutulmasına etiraz etmir (ödəməyi öhdəlik götürür).

2. İİ tərəf İ tərəfin ona qarşı cehiz və qızıl-zinət əşya tələbini qəbul etmir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

2. Ərizəçi maraqlı şəxs X5 qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixdə mediasiya qaydasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, barışıq sazişi xx.xx.2023-cü il tarixdə bağlanmasına və imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşımasına baxmayaraq, hazırki vaxta qədər X10 tərəfindən icra edilməmiş, könüllü icra müddəti də ötürülmüşdür. Bu səbəbdən ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur.

4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2120/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ərizə təmin edilərək, Ərizəçi X6 maraqlı şəxs qismində cəlb etməklə, mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsinin təmin edilməsi, Ərizəçi (İ tərəf) ilə X10 (İİ tərəf) arasında xx.xx.2023-cü il tarixli, MŞB/3/2023- 008770 saylı barışıq sazişi aşağıda göstərilən hissələrdə təsdiq edilməsi qət edilmişdir: - İİ tərəf İ tərəfin alimentin məbləğinin dəyişdirilməsi (Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(0010-2724/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahlarından olan xx.xx.2020-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün X1 hər ay 220 manat aliment X2 xeyrinə tutulması hissəsinin dəyişdirilərək hər ay X3 aylıq əmək haqqının və mükafatlarının ¼ hissədə tutulması) hissəsində qəbul edir. İİ tərəf (X10) İ tərəflə (X9) birgə nikahdan doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay aylıq əmək haqqının və mükafatlarının ¼ hissəsinin İ tərəfin xeyrinə tutulmasına etiraz etmir (ödəməyi öhdəlik götürür). - İİ tərəf İ tərəfin ona qarşı cehiz və qızıl-zinət əşya tələbini qəbul etmir.

5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, işin faktiki halları ilə müəyyən edilir ki, ərizəçi ilə maraqlı şəxs arasında bağlanmış və tərflər arasında razılaşdırılmış barışıq sazişinin bəndləri onların birgə nikahdan olan uşağın anasının yanında saxlanmasını və uşağın saxlanması üçün alimentin tutulması məsələlərini əhatə edir. Mülki iş materiallarında olan, yuxarıda göstərilən məhkəmə qətnaməsindən görünür ki, həmin qətnamə ilə uşağın anasının yanında saxlanması müəyyən edilmişdir. Ərizəçi hazırda barışıq sazişinin təsdiq edilməsini tələb edir və öz tələbini onunla əsaslandırır ki, maraqlı şəxs sazişi bu hissədə icra etməmiş, könüllü icra müddəti də bitmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, ərizədə göstərilən tələb barışıq sazişinin təsdiq edilməsi olsa da, mübahisənin mahiyyətini uşağın saxlanması üçün alimentin tutulması təşkil edir və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2-ci maddəsinə əsasən, alimentlərin alınmasına dair qətnamələr dərhal icra edilməlidir.

6. Məhkəmə mövqeyini “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1, 34.3, 34.4-cü maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 234.2, 305.1, 305.1.17, 355-23.1, 355-24, 355-25.3, 358-360 və 362-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən maraqlı şəxs X10 apellyasiya şikayəti verərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-2120/2024 saylı qətnaməsinin tamamilə ləğv edilməsini, iddianın rədd olunmasını, mükafatlardan aliment tutulması hissəsində barışıq sazişinin qanunsuz hesab edilməsini və həmin hissədə barışıq sazişinin təsdiq olunmasından imtina edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayətində göstərilmişdir ki, “Mediasiya haqqında” Qanunun 34.3-cü maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. O barışıq sazişinin icrasından boyun qaçırmayıb. Belə bir hal olmadığı təqdirdə barışıq sazişi məhkəmə tərəfindən necə təsdiq oluna bilər? İş materiallarına əlavə etdiyi ödəniş qəbzlərindən görünür ki, barışıq sazişinə əməl edərək ödənişləri vaxtı-vaxtında edib. Belə olan halda məhkəmənin barışıq sazişini təsdiq edərək ona məcburi icra qüvvəsi verməsi qanunvericiliyə ziddir. Eyni zamanda 34.5ci maddəsinə əsasən, barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Həmin qanunun 33.3-cü maddəsinə əsasən barışıq sazişi qüvvədə olan qanunvericiliyə və bu Qanunun 3.3-cümaddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Bundan başqa uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və ya başqa gəlirlərinin növlərinin müəyyən edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 may 2001-ci iltarixli, 98 saylı qərarına əsasən aşağıdakılardan aliment tutulmur: 1) Yubiley və bayram günləri, anadan olan günlər ilə bağlı və digər analoji hallarda verilən həvəsləndirici ödənclərdən, müfakafatlar da daxil olmaqla Barışıq sazişindən görünür ki, onun mükafatlarına da tutma yönəldilmişdir. O bunun fərqində olmayıb. Onu aldadıblar. Barışıq sazişinin mükafatlara dair hissəsi də qanunvericiliyə ziddir. Belə ki, həmin hissədən aliment tutula bilməz. İş materiallarından görünür ki, uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və ya başqa gəlirlərinin növlərinin müəyyən edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 may 2001-ci il tarixli, 98 saylı qərarına daban-dabana ziddir. Belə olan halda barışıq sazişinin həmin hissəsi təsdiq edilə bilməz.

Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

10. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs X10 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, uşağına xərclədiyi vəsaitdən söhbət getmir. Alimenti də ödəyir, gecikdirmir. Mükafatlarla bağlı Nazirlər Kabinetinin Qərarı var, iş materiallarına əlavə edib. Bayram günlərində verilən mükafatlardan aliment tutulmur. Bu hissə qanuna ziddir. Barışıq sazişinin şərtlərini pozmayıb. Onun iş yerinə məktub göndərilmişdir ki, əmək haqqından tutulsun. Ədliyyə Nazirliyinin məktubu da bu məzmundadır. Rayon məhkəməsinə sübutlar təqdim edib. 220 manat ödəmir, 235 manat aliment ödəyir, ərizədə səhv yazılıb. Barışıq sazişini pozduğu halda qarşı tərəf məhkəməyə müraciət edə bilərdi. Barışıq sazişi qanuna uyğun olmadığına görə təsdiq edilə bilməz. Barışıq sazişinin qanuna uyğun tərəfini o icra edib. Xanımın onu məhkəməyə verməyi ona pis təsir etdi çünki, o heç vaxt alimenti gecikdirmir. Uşaq həftədə 2 dəfə onunla olur. Anasına uşaq xəstə olanda və ya nəsə lazım olanda ona deməsini bildirib. Uşağı demək olar ki, hər həftə 6-cı gün götürüb, bazar günü axşam anasına qaytarır. Əyləncə mərkəzinə də aparır, istədiyi hər şeyi ona alır. O, ildə 5 dəfə mükafat alır.

11. Məhkəmə iclasında iştirak edən Ərizəçi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, mediasiya sazişi bağlanan zaman qarşı tərəf razılıq verməzdi. Mediatora dedi ki, əmək haqqına yönəldilmə olmasın, çünki kredit götürəcək. Maaşına yönəldilsə kredit götürə bilməyəcək. O da 1 ay gözləyib kredit götürdü, maşını aldı. Amma, heç gözləməli deyildi. Mediyasiyada və məhkəmədə etiraz edə bilərdi. Uşağı müalicə etdirir. Uşağın qolbağı var idi, götürdülər, amma sonra heç qaytarmadılar. Maaşına yönəldilməsini xahiş edir. Qarşı tərəfin məlumatı olmuşdur. Ali Məhkəmədə hazırda birgə nikah dövründə əldə edilmiş avtomobillərlə bağlı iddiaya baxılır, bütün məhkəmələrdə qarşı tərəfin vəkili olub. O amma vəkilsiz iştirak edib. Aliment ödənilir, 235 manatdır. Nazirlər Kabinetinin qərarında alimentin ödənilən hissəsinə pul və ya natura formasında olan əmək haqqına və yaxud digər gəlirlərinə yönəlməsi qeyd edilib.Ödənilməyən hissəsi yubiley və bayram günlərinə aiddir. Onlar alimentin ya qanunvericilikdə müəyyənləşdirilmiş şəkildə tam verilməsini, ya da alimenti heç ödəməyib uşağı ilə görüşməməsini təklif edir. 235 manat aliment uşağın 2 dəfə əyləncə mərkəzinə getməsinə xərclənir. O, onu gimnastikaya, rus dili kursuna yönəldib. Digər gəlirlərdən də alimentə yönəldilsin. Uşağın 6 yaşı olanda illik ödənişi 6000- 7000 manat olan məktəbə qoymaq istəyir. Onun yarısını o, yarısını da atası ödəsin. Uşağı heç bir əyləncə mərkəzinə aparmır, ana-atasının yanına aparıb qoyur. Neçə dəfə uşaq gəlib ona orada ağladığını deyib. Ona məhkəmənin qərarı ilə görüş vermirlər, adi qaydada gəlib uşaqla görüşür. Ədliyyə Nazirliyinə məktub yazıb. Ədliyyə Nazirliyinin Maliyyə Plan idarəsi ilə əlaqə saxlayıb, mükafatlara alimentin yönəlmədiyini və bunun üçün məhkəmə qərarının olmasının vacibliyini bildirdilər.

Tətbiq edilən hüquq normaları:

12. “Mediasiya haqqında” Qanun: Maddə 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır.

Maddə 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər.

13. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsi

Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Maddə 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Maddə 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Maddə 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda.

Apellyasiya baxışının hədləri

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

16. Məhkəmə kollegiyası qeyd edir ki, maraqlı şəxsin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qətnaməsinin əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

18. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-2(001)-2724/2023 saylı, 05 iyun 2023-cü il tarixli qətnaməsinə əsasən X10 ilə X9 arasında Sumqayıt Asan xidmət mərkəzi qeydiyyat şöbəsində bağlanmış xx.xx.2019-cu il tarixli, 1296 saylı nikah qeydinin ləğv edilməsi, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından olan xx.xx.2020-ci il təvəllüdlü X8 anası X2 yanında saxlanılması, xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2020-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün X1 hər ay 220 manat sabit pul məbləğində alimentin X2 xeyrinə tutulması, X1 dövlət rüsumuna görə 50 manatın X2 xeyrinə tutulması qət edilmişdir.

19. Daha sonra tərəflər arasında xx.xx.2023-cü il tarixli, MŞB/3/2023-008770 saylı barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin şərtlərinə görə X10 xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahlarından olan xx.xx.2020-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün X1 hər ay 220 manat aliment X2 xeyrinə tutulması hissəsinin dəyişdirilərək hər ay İİ tərəfin aylıq əmək haqqının və mükafatlarının ¼ hissədə tutulması hissəsində qəbul edir.

20. Hazırda ərizəçi X9 məhkəməyə müraciət edərək, X10 ilə aralarında imzalanmış barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir.

21. Birinci instansiya məhkəməsi tərəfindən ərizə təmin edilmişdir.

22. Qətnamədən apellyasiya şikayəti verən maraqlı şəxsin şikayətinin dəlili ondan ibarətdir ki, barışıq sazişi könüllü şəkildə icra edilmədikdə məhkəməyə müraciət edilə bilər. İş materiallarına əlavə olunan ödəniş qəbzlərindən görünür ki, barışıq sazişinin şərtləri onun tərəfindən icra edilmişdir.

23. Məhkəmə kollegiyası qeyd edir ki, barışıq sazışi razılaşdırılmış qaydada maraqlı şəxs tərəfindən icra olunmur. Belə ki, X10 hesab edir ki, mükafatdan aliment tutula bilməz.

24. O cümlədən, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən X4 ünvanlanmış 31 oktyabr 2023-cü il tarixli məktubda qeyd edilir ki, aliment ödənilməsi ilə bağlı ərizə ilə əlaqədar bildirilir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.3-cü maddəsinə uyğun olaraq əmək haqqından alimentin tutulması müvafiq məhkəmə qərarı təqdim olunduqdan sonra həyata keçiriləcəkdir.

25. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında imzalanmış barışıq sazişinə əsasən Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-2(001)-2724/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsinə əsasən müəyyən edilən alimentin məbləğinin dəyişdirilərək məhz əmək haqqı və mükafatların ¼ hissəsinə yönədilməsinə X10 razılıq vermişdir.

26. X10 apellyasiya şikayətində aldadılaraq aliment məbləğinin bu formada ödənilməsinə razılıq verdiyini bildirsə də, bu günədək sazişi mübahisələndirməmiş və aldadılmasına dair sübut təqdim etməmişdir.

27. Məhkəmə kollegiyası qeyd edir ki, maraqlı şəxsin apellyasiya şikayətinin dəlili odur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 may 2001-ci il tarixli qərarına əsasən mükafatdan aliment tutulmasına yol verilmədiyindən barışıq sazışı qanunaziddir və təsdiq edilməsindən imtina olunmalıdır.

28. Bununla əlaqədar qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 98ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş üzrə alimentin ödənilməsi qaydası və üsulları həmin sazişdə tərəflərin qarşılıqlı razılığı ilə müəyyən olunur. Alimentlər aliment ödəməli şəxsin qazancından və ya digər gəlirindən müvafiq hissədə; sabit pul məbləğində müntəzəm ödəməklə; sabit pul məbləğində birdəfəlik ödəməklə; əmlak təqdim olunması yolu ilə və barəsində razılıq əldə olunmuş digər üsullarla alına bilər. Aliment ödənilməsi barədə sazişdə aliment ödənilməsinin müxtəlif üsulları nəzərdə tutula bilər.

29. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər qarşılıqlı razılıq əsasında alimentin ödənilmə qaydasını müəyyən edə bilərlər. Barışıq sazişində müəyyən edilən qaydada tərəflərin razılığa gəlməsi mümkündür və uşağın mənafeyinə uyğundur.

30. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

31. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

32. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.

33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Maraqlı şəxs X3 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2120/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar