Məhkəmə qərarları › İş №2(103)-2801/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2801/2022

17.05.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2801/2022 17.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Təhminə Qədirovanın iştirakı ilə, İddiaçı Tanırverdi qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Aslan İhsana (Azərbaycan Respublikası DİN BDYPİ mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı «alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və s.» tələbinə dair 2(006)-244/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı Tanırverdi qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Tanırverdi qızı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Aslan İhsana (Azərbaycan Respublikası DİN BDYPİ mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iddia ərizəsi, daha sonra Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla cavabdehin birgə nikahı dövründə birgə vəsait hesabına əldə olunmuş və bu səbəbdən birgə əmlak hesab edilən «X14» minik markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı (hazırda dövlət qeydiyyat nişanı **- TA-***) avtomobilə dair cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 10.10.2018-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin avtomobilə dair cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 27.12.2018-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin avtomobilə dair cavabdehlər Cavabdeh3 ilə Aslan İhsan arasında bağlanmış 13.07.2019-cu il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alğı-satqı müqavilələri əsasında verilmiş şəhadətnamələrin ləğv edilməsi, həmin avtomobilin üzərində bərabər hissələrdə - 1/2 hissədə onun, 1/2 hissədə Cavabdeh1 paylarının müəyyən edilməsi və həmin hissələrdə tərəflərin mülkiyyət hüququnun tanınması, avtomobilin hazırkı real bazar dəyərini təşkil edən 35000 manat məbləğində pulun 1/2 hissəsi, yəni 17500 manat məbləğində pulun Cavabdeh1 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, o, Cavabdeh1 ilə 06 fevral 1998-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Lakin son illər cavabdeh başqa bir qadınla qeyrirəsmi münasibətdə olduğu üçün aralarında olan ailə münasibətləri dağılmışdır. Aralarında olan nikaha xitam verilməsi və əmlak bölgüsü tələbi ilə bağlı Cavabdeh1 tərəfindən 08.10.2018-ci il tarixdə məhkəməyə müraciət edilmişdir. Lakin sonradan barışdıqları zaman sonuncu ona bu barədə bildirmiş, onlar məhkəmədə iştirak etməmiş və məhkəmə tərəfindən iddia ərizəsi 2019-cu ilin fevral ayında baxılmamış saxlanılmışdır. 2019-cu ilin may ayında Cavabdeh1lə münasibətləri yenidən pozulmuşdur. O isə yenə də övladlarına görə bu münasibətlərin bərpa olunması üçün nə qədər cəhd etsə də həmin cəhdi uğursuz alınmışdır. Cavabdeh1 2019-cu ilin may ayında münasibətləri pozulduqdan sonra ona məlumat vermədən ona qarşı «nikahın pozulması və birgə nikahda əldə olunmuş əmlak bölgüsü tələbinə dair» iddia ərizəsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmə tərəfindən isə onların barışmaları üçün üç ay vaxt verilmişdir. O, məhkəmə iclasından xəbər tutan zaman məhkəmə iclasında iştirak etmiş və məhkəmədə onun da qarşı tərəfə qarşı əmlak tələbi ilə məhkəməyə müraciət edəcəyini bildirdiyi üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 30.08.2019-cu il tarixli qərardadı ilə «nikahın pozulması» və «birgə nikahda əldə olunmuş əmlak bölgüsü» tələbləri ayrıca icraata ayrılmış və həmin məhkəmənin 18 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 ilə aralarında olan nikah pozulmuşdur. Cavabdeh1 qarşı qaldıracağı «əmlak tələbi barədə» iddia üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin vəkil sorğusuna cavab olan 02 sentyabr 2019-cu il tarixli 79755-1219 saylı məktubundan və ona əlavə edilmiş kompüter çıxarışından məlum olmuşdur ki, Cavabdeh1 adında yalnız 10.10.2008-ci il tarixdə əldə etdikləri «Mercedes 190» markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyatda qalıb. Halbuki, Cavabdeh1lə birgə nikahda olan zaman 27.08.2014-cü ildən onların mülkiyyətlərində və istifadələrində «X14» minik markalı, **- GE-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2007-ci il olan, qara rəngli, SALLSAA248A125346 şassi nömrəli avtomobilləri də var idi. Cavabdeh1 isə aralarında olan nikaha xitam verilməsi və əmlak bölgüsü tələbi ilə bağlı 2018-ci ilin oktyabr ayında məhkəməyə müraciət edən zaman dərhal da həmin avtomobili onun xəbəri və razılığı olmadan Cavabdeh2 satmışdır ki, «X14» minik markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobil birgə nikah dövründə əldə olnumuş əmlak kimi bölgüyə aid edilməsin. O, həmin vaxt məcbur qalıb ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin ona qarşı qaldırdığı «birgə nikahda əldə olunmuş əmlak bölgüsü» tələbinə qarşı qaldırdığı «əmlak» tələbi barədə qarşılıqlı iddia ərizəsində «Mercedes 190» markalı, **-DU-*** dövət qeydiyyat nişanlı avtomobilə və digər daşınmaz əmlakların 1/2 hissəsinə isə onun paylarının müəyyən edilməsini xahiş etmiş və həmin qarşılıqlı iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Həmin işə baxılan zaman məhkəmədən Cavabdeh1 tərəfindən «X14» minik markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobilin kimə satılmasının aydınlaşdırılması üçün sorğu verilməsini xahiş etsə də, məhkəmədə həmin vəsatəti təmin edilməmişdir. Həmçinin məhkəmədən həmin avtomobilin hazırda kimin mülkiyyətində olmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinə vəkil sorğusu verilməsi və həmin sorğuya cavab alınması üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, məhkəmə yenə də vəsatətini təmin etməmiş və qətnaməni qəbul etmişdir. Həmin hal Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli, 2(006)-6028/2019 saylı qətnaməsində öz əksini tapmışdır. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli, 2(006)-6028/2019 saylı qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Nizami rayonu, Ə.Vəliyev küçəsi 2433-cü məhəllədə yerləşən 1 saylı evin 4 otaqlı 72 saylı mənzili, Bakı şəhəri, Nəsimi rayonu, X11 küçəsi 24 saylı evin 136 saylı mənzili, Abşeron rayonu, Məmmədli kəndində 0,03 ha xüsusi mülkiyyət əsasında torpaq sahəsi üzərində 1/2 hisəsinə Cavabdeh1, 1/2 hisəsinə İddiaçı Tanırverdi qızının payları müəyyən edilmiş, «X15» markalı, ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış 15.04.2019-cu il tarixli alğı-satqı müqaviləsi və Bakı şəhəri, Nizami rayonu, Ə.Vəliyev küçəsi, 2433-cü məhəllədə yerləşən 1 saylı evin 4 otaqlı 72 saylı mənzilə dair 18.03.2019-cu il tarixli müqavilə etibarsız hesab edilmiş, həmin əmlakların 1/2 hisəsinə Cavabdeh1, 1/2 hisəsinə İddiaçı Tanırverdi qızının payları müəyyən edilmiş, ilk iddia digər hissədə təmin edilməmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, Cavabdeh1 adına rəsmiləşdirilən Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 0,522 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və «Mercedes 190» markalı, **-DU-*** dövət qeydiyyat nişanlı avtomobilin üzərində, həmçinin ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 49 m2 olan bir otaqdan ibarət 38 saylı mənzilin 1/2 hisəsinə Cavabdeh1, 1/2 hisəsinə İddiaçı Tanırverdi qızının payları müəyyən edilmiş, qarşılıqlı iddia digər hissədə təmin edilməmiş, ilk iddia üzrə ödənilmiş 40 manat dövlət rüsumu ilk iddia üzrə iddiaçıya, qarşılıqlı iddia üzrə ödənilmiş 40 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin vəkil sorğusuna cavab olan 26 noyabr 2019-cu il tarixli, 110312-1215 saylı məktubundan və ona əlavə edilmiş kompüter çıxarışından ona məlum olmuşdur ki, Cavabdeh1 «X14» minik markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh2 sataraq özgəninkiləşdirmiş, Cavabdeh2 isə öz növbəsində həmin avtomobili 27.12.2018-ci il tarixdə Cavabdeh3, sonuncu isə 13.07.2011-ci il tarixdə Aslan İhsana satmışdır. Qeyd edilən avtomobilin ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh1 tərəfindən özgəninkiləşdirilməsindən onun xəbəri olmamış və avtomobil satılarkən də onun razılığı alınmamışdır. Halbuki, Azərbaycan Respublikası mülki qanunvericiliyinin tələblərinə uyğun olaraq rəsmi reyestrdə qeydiyyata alınan daşınar əşyaların özgəninkiləşdirilməsinə dair müqavilələr notariat qaydasında təsdiq edilməli olan əqdlər kateqoriyasına aid edilmişdir. Bundan başqa, ər-arvaddan birinin əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlanması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Göründüyü kimi, sözügedən avtomobil nikah dövründə əldə edilmiş, lakin Cavabdeh1 onun məlumatı və razılığı olmadan avtomobilləri özgəninkiləşdirmişdir. Bununla da, rəsmi reyestrdə qeydə alınan avtomobil üzərində Cavabdeh1 tərəfindən sərəncam verilərkən onun həmin avtomobil üzərində olan mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İddiaçı Tanırverdi qızı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin istinad etdiyi Abşeron rayonu, Məmmədli kəndində yerləşən torpaq sahəsinə dair bağlanmış və Abşeron rayonu 1 saylı Notariat Kontorunda təsdiq edilmiş AN-İ seriyalı, ******* nömrəli alğı-satqı müqaviləsindən görünür ki, həmin torpaq sahəsi 05.03.2018-ci il tarixdə X5 tərəfindən Cavabdeh1 satılmışdır. Müqavilədə torpağın qiyməti 20000 manat göstərilmişdir. Torpaq sahəsinin əvvəlki mülkiyyətçisi A.Cəlilov məhkəməyə vurduğu teleqramda göstərir ki, müqavilə tərəfləri arasında həmin torpaq sahəsinin satış dəyəri 62000 manata razılaşdırılmış, Cavabdeh1 tərəfindən bu məbləğin 27000 manatı nəğd şəkildə, 35000 manatı isə “X14 minik” markalı, ** GE *** (hazırda ** TA ***) dövlət qeydiyyat nişanlı avtomobil ona təhvil verilməklə (əvəzləşdirmə yolu ilə) ödənilmişdir. Cavabdeh1 və A.Cəlilov arasında bağlanmış alğı-satqı müqaviləsinə görə, A.Cəlilov ona məxsus torpaq sahəsini Cavabdeh1 mülkiyyətinə verir, sonuncu isə bunun müqabilində həmin əmlakın razılaşdırılmış dəyərini əvvəlki mülkiyyətçi A.Cəlilova ödəyir, yəni mülkiyyətinə verir. Cavabdeh1 və A.Cəlilov arasında bağlanmış alğı-satqı müqaviləsində torpaq sahəsinin razılaşdırılmış dəyəri də 62000 manat deyil, məhz 20000 manat qeyd olunmuşdur (halbuki, A.Cəlilov bunu 27000 manat kimi göstərmişdir). Həmin müqavilədə mübahisəli avtomobilin torpaq sahəsinin dəyərinin bir hissəsi kimi A.Cəlilovun mülkiyyətinə verilməsi barədə də hər hansı qeyd yoxdur. Mübahisəli avtomobilin A.Cəlilovun mülkiyyətinə verilməsi barədə başqa bir müqavilədə mövcud deyildir. Digər tərəfdən qeyd olunmalıdır ki, mübahisə predmeti olan avtomobil Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində daşınar əmlakın rəsmi reyestrində qeydiyyata alınmalıdır. Bu səbəbdən avtomobilin A.Cəlilovun mülkiyyətinə verilməsi barədə alğı-satqı və ya qanunvericiliyin təlbələrinə uyğun digər müqavilə bağlanmalı və bu müqavilə notariat qaydasında təsdiqlənməli idi. Lakin iş materiallarından da göründüyü kimi, Cavabdeh1 və A.Cəlilov arasında avtomobilin sonuncunun mülkiyyətinə verilməsi barədə alğı-satqı və ya digər müqavilə bağlanmamışdır. Qeyd edilən avtomobilə dair müəyyən səlahiyyətlərin verilməsinə dair A.Cəlilovun adına 13.03.2018-ci il tarixdə verilmiş etibarnaməyə gəldikdə isə qeyd edir ki, Mülki Məcəllənin 362.1-ci maddəsinə görə etibarnamə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət olduğundan, etibarnamə təmsilçinin hərəkətlərinin bilavasitə təmsil edilən üçün hüquq və vəzifələr yaratması ilə bağlıdır. Avtomobilə dair verilmiş etibarnamə etibar edilən şəxsi, yəni A.Cəlilovuavtomobilin mülkiyyətçisinə çevirməmişdir. Həmçinin bildiririk ki, avtomobilin alğı-satqısına dair Cavabdeh1 və A.Cəlilov arasında müqavilə bağlanmış olsa idi belə, h ə m i n müqavilə etibarlı hesab edilə bilməzdi. Çünki, buna avtomobilin digər birgə mülkiyyətçisi İddiaçı yazılı razılığı olmamışdır. Cavabdeh1 “nikahın pozulması və birgə nikah dövründə əldə olunmuş əmlakların bölünməsi tələbi barədə” iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, həmin iddia ərizəsi 09.10.2018-ci il tarixdə məhkəmənin dəftərxanasında qeydiyyata alınmışdır. Onu da qeyd etmək lazımdır ki, həmin iddia ərizəsində Cavabdeh1 birgə nikah dövründə əldə olunmuş əmlakların tam dairəsini göstərməmiş, öz adına olan əmlakları bölgüdən kənarlaşdımaq istəmişdir. Cavabdeh1 nə iddia ərizəsi verməsindən, nə də həmin iş üzrə sonradan tərəflərə barışıq üçün 3 ay vaxt veri lməsindən İddiaçı məlumatı olmamışdır. İddia ərizəsi qeydə alındıqdan 1 gün sonra, yəni 10.10.2018-ci il tarixdə Cavabdeh1 mübahisəli avtomobili digər Cavabdeh2 satmışdır. Göründüyü kimi, iddiaçı ilə Cavabdeh1 arasındakı münasibətlər pozulduqdan və sonuncu “nikahın pozulması, habelə birgə nikah dövründə əldə olunmuş əmlakların bölünməsi tələbi barədə” iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etdikdən 1 gün sonra, Cavabdeh1 mübahisəli avtomobili özgəninkiləşdirmişdir. Cavabdeh1 avtomobili özgəninkiləşdirərkən isə mülki və ailə qanunvericiliyin tələblərinə əməl etməmiş, iddiaçının yazılı razılığını almamış, bu barədə onu məlumatlandırmamışdır. Sonradan mübahisəli avtomobil Cavabdeh3, daha sonra isə A.İshana satılmışdır. Daha sonra Cavabdeh1 Nəsimi Rayon Məhkəməsinə ünvanladığı 11.02.2019-cu və 18.02.2019-cu il tarixli ərizələr ilə tərəflər arasında barışıq əldə olunduğu üçün “nikahın pozulması və birgə nikah dövründə əldə olunmuş əmlakların bölünməsi tələbi barədə” iddia ərizəsinin geri qaytarılmasını, 18.02.2019-cu il tarixli ərizə ilə isə iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin 21.02.2019-cu il tarixli qərardad ilə “nikahın pozulması və birgə nikah dövründə əldə olunmuş əmlakların bölünməsi tələbi barədə” iddia ərizəsi MPM-nin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmışdır. Lakin tərəflər arasında əvvəlki münasibətlər bərpa olunmadığına görə, Cavabdeh1 “iddia ərizəsinin baxılmamış saxlanılması barədə” qərardad qəbul edildikdən 1 ay 5 gün sonra yenidən “nikahın pozulması və birgə nikah dövründə əldə olunmuş əmlakların bölünməsi tələbi barədə” ərizə tərtib etmiş, sonradan həmin iddia ərizəsini Nəsimi Rayon Məhkəməsinə təqdim etmişdir. Cavabdeh1 həmin iddia ərizəsi icraata qəbul edildikdən sonra İddiaçı da topladığı sənədlərə əsasən öz növbəsində Cavabdeh1 qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakların bölünməsi tələbi barədə” qarşılıqlı iddia irəli sürmüşdür. Qeyd edilən mülki işin məhkəmə baxışı zamanı İddiaçı vəkilinin sorğusuna əsasən Baş Dövlət Yol Polis İdarəsinin verdiyi 02.09.2019-cu il tarixli məktubda göstərilənlərdən müəyyən olunmuşdur ki, iş üzrə tərəflərin birgə nikah döründə birgə vəsait hesabına əldə etdikləri “X14 minik” markalı, ** GE *** (hazırda ** TA ***) dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 10.10.2018-ci il tarixdə Cavabdeh2 adlı şəxsə satmışdır. Əldə olunmuş bu yeni məlumatla bağlı sübutların əldə olunması üçün İddiaçı vəkili məhkəmədən əlavə vaxt istəsə də, məhkəmə vəkilin vəsatətini təmin etməmiş və iş üzrə qətnamə qəbul etmişdir. Qeyd edilən fakt Nəsimi Rayon Məhkəməsinin 29.10.2019-cu il tarixli qətnaməsində öz təsdiqini tapır. Bu səbəbdən İddiaçı sonradan “X14 minik” markalı, ** GE *** (hazırda ** TA ***) dövlət qeydiyyat nişanlı avtomobilin bölünməsi barədə iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Həmçinin qeyd etmək istəyir ki, ər və (və ya) arvad, birgə nikah dövründə birgə vəsait hesabına əldə etdikləri əmlakları məhkəmə qaydasında bölünməsi barədə tələb irəli sürərkən, həmin əmlakların hamısının bir iddia ərizəsində cəmləşdirilməsi barədə qanunvericilikdə hər hansı norma yoxdur. İddiaçı mübahisəli avtomobillə bağlı iddia ərizəsi ilə sonradan məhkəməyə müraciət etməsi (bunun səbələri yuxarıda geniş açıqlanmışdır), onun mübahisəli avtomobilin torpaq sahəsinin əvəzinə başqa şəxsin mülkiyyətinə verilməsi barədə məlumatlı olmasını təsdiq etmir. Göründüyü kimi, mübahisəli avtomobil iddiaçı ilə Cavabdeh1 birgə nikahı dövründə əldə olunmuş əmlak olduğu üçün onların ümumi əmlakı sayılır və Cavabdeh1 avtomobili özgəninkiləşdirərkən birmənalı olaraq iddiaçının razılığını almalı idi, lakin iddiaçının razılığı alınmamışdır. Başqa sözlə, iddiaçının mübahisəli avtomobil üzərində mülkiyyət hüququ pozulmuşdur. Mülki qanunvericilik ər-arvadın ümumi birgə mülkiyyətində olan əmlaka dair ərin (arvadın) razılığı olmadan bağlanmış müqavilə üzrə alıcını(ları) vicdanlı hesab olunmasını birmənalı olaraq istisna edir. Belə olan halda, mübahisəli avtomobilin alıcıları olan Cavabdeh2, Cavabdeh3 və İ.Aslan vicdanlı hesab edilə bilməzlər. A.Cəlilovun teleqramda göstərdikləri işdə olan digər sübutlarla ziddiyyət təşkil etdiyi üçün mötəbər sübut kimi qəbul edilməməlidir. Belə ki, A.Cəlilov Məhkəməyə vurduğu teleqramda göstərir ki, ona məxsus torpaq sahəsini 62000 manata Cavabdeh1 satmışdır. Həmin məbləğin 27000 manatı nağd şəkildə, 35000 manatı isə mübahisəli avtomobilin ona verilməsi ilə ödənilmişdir. Birincisi torpaq sahəsinin alğı-satqısı müqavi ləsindən görünür ki, torpaq sahəsinin dəyəri 20.000 manata razılaşdırılmışdır. Yəni Cavabdeh1 tərəfindən nağd şəkildə A.Cəlilova verilən pul vəsaiti 20000 manat məbləğində olmuşdur. A.Cəlilova 20000 manat ödənildiyini Cavabdeh1 özü də verdiyi izahatlarında təsdiq etmişdir (bu hal məhkəmə iclaslarının videoyazısı ilə də təsdiq olunur). Digər tərəfdən mübahisəli avtomobilin real bazar dəyəri qiymətləndirici tərəfindən 35.000 manata dəyərləndirilmişdir. Qiymətləndiricinin bu hesabatından sonra A.Cəlilov məhkəməyə teleqram vuraraq, 2018-ci ilin mart ayında avtomobili nə az, nə çox, məhz 35000 manat əvəzinə aldığını qeyd etmişdir. Digər tərəfdən qeyd etmək lazımdar ki, 35000 manat avtomobilin hazırki real bazar dəyəridir. Cavabdehin və A.Cəlilovun göstərdiklərini əsaslı hesab edən məhkəmə bu zaman nəzərə almamışdır ki, torpaq sahəsinin alğı-satqısı 05.03.2018-ci il tarixdə bağlanmışdır və həmin vaxtdan bu günədək təxminən 3 il 9 ay müddət keçmişdir. Bü müddət ərzində isə nəqliyyat vasitələrinin qiymətlərində artım müşahidə olunmuşdur. Göstərilənlərə əsasən müəyyən edilir ki, istər Cavabdeh1 izahatında bildirdikləri, istərsə də, A.Cəlilovun adından göndərilmiş teleqramda göstərilənlər həqiqəti əks etdirmir. Bu göstərilənlər, işdə olan digər sübutlarla öz təsdiqini tapmır. 35000 manat dəyərində olan avtomobilin özgəninkiləşdirilməsi barədə hər hansı yazılı əqd olmamasına rəğmən yalnız Cavabdeh1 bildirdiklərinə və şahid ifadəsi kimi qəbul edilməyən A.Cəlilovun göstərdiklərini inandırıcı hesab etmişdir. Nəsimi Rayon Məhkəməsi Cavabdeh1 və A.Cəlilovun bildirdiklərinə tənqidi yanaşmamış, onların göstərdiklərini digər sübutlarla birlikdə qiymətləndirməmiş və nəticədə iş üzrə səhv nəticəyə gəlmişdir. Apellyasiya baxışı zamanı iddiaçının vəkili şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə cavabdehin və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının təmsilçisini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı apellyasiya baxışı zamanı iddianın təmin edilməməsinə dair qətnamə İddiaçı Tanırverdi qızının apellyasiya şikayətinə əsasən tam yoxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, Cavabdeh1 ilə X1 arasında nikah 06 fevral 1998-ci il tarixdə Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsində 65 saylı akt qeydi ilə bağlanmışdır. Abşeron rayonu 1 saylı notariat kontorunda 05 mart 2018-ci il tarixdə bağlanmış AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən tərəflər birgə nikahda olduqları dövrdə, 05 mart 2018-ci il tarixdə Cavabdeh1 X2 Abşeron rayonu Məmmədli kəndində yerləşən 0,522 ha torpaq sahəsini (alğı-satqı müqaviləsində 0,57 ha kimi qeyd olunmuşdur) 20000 manata almışdır. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli, 2(006)- 3322/2019 saylı qətnaməsi ilə Cavabdeh1 İddiaçı Tanırverdi qızına qarşı «nikahın pozulması» tələbinə dair iddiası təmin edilmiş, tərəflər arasında bağlanmış nikahın pozulması qət edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli, 2(006)- 6028/2019 saylı qətnaməsi ilə Cavabdeh1 İddiaçı Tanırverdi qızına qarşı «birgə nikah dövründə əldə olunmuş əmlak bölgüsü» tələbinə dair ilk iddiası qismən təmin edilmiş, birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Nizami rayonu, Ə.Vəliyev küçəsi, 2433-cü məhəllədə yerləşən 1 saylı evin 4 otaqlı 72 saylı mənzili, Bakı şəhəri, Nəsimi rayonu, X11 küçəsi, 24 saylı evin 136 saylı mənzili, Abşeron rayonu, Məmmədli kəndində 0,03 ha xüsusi mülkiyyət əsasında torpaq sahəsi üzərində 1/2 hissəsinə Cavabdeh1, 1/2 hissəsinə İddiaçı Tanırverdi qızının payları müəyyən edilmiş, «X15» markalı, ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış 15.04.2019-cu il tarixli alğı-satqı müqaviləsi və Bakı şəhəri, Nizami rayonu, Ə.Vəliyev küçəsi, 2433-cü məhəllədə yerləşən 1 saylı evin 4 otaqlı 72 saylı mənzilə dair 18.03.2019-cu il tarixli müqavilə etibarsız hesab edilmiş, həmin əmlakların 1/2 hissəsinə Cavabdeh1, 1/2 hissəsinə İddiaçı Tanırverdi qızının payları müəyyən edilmiş, ilk iddia digər hissədə təmin edilməmiş, İddiaçı Tanırverdi qızının Cavabdeh1 qarşı «əmlak tələbinə dair» qarşılıqlı iddiası qismən təmin edilmiş, Cavabdeh1 adına rəsmiləşdirilən Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 0,522 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və «Mercedes 190» markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində, həmçinin ünvan 3 ünvanda yerləşən, ümumi sahəsi 49 m2 olan bir otaqdan ibarət 38 saylı mənzilin 1/2 hissəsinə Cavabdeh1, 1/2 hissəsinə İddiaçı Tanırverdi qızının payları müəyyən edilmiş, qarşılıqlı iddia digər hissədə təmin edilməmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X13 İdarəsinin 26.11.2019cu il tarixli məktubuna əlavə edilmiş kompüter çıxarışındakı məlumatlara əsasən, 27.08.2014-cü ildən onların mülkiyyətlərində və istifadələrində «X14» minik markalı, **- GE-*** dövlət qeydiyyat nişanlı, 2007-ci il buraxılışlı, qara rəngli, SALLSAA248A125346 şassi nömrəli avtomobil (hazırda **-TA-*** dövlət qeydiyyat nişanlı) avtomobil 27.08.2014cü ildə Cavabdeh1 adına sənədləşdirilmişdir. Birinci instansiya məhkəməsinə Cavabdeh1 vəsatətinə əsasən şahid qismində dəvət edilmiş X3 həmin məhkəməyə ünvanladığı teleqramda qeyd olunmuşdur ki, işi ilə əlaqədar məhkəmədə iştirak edə bilmir, ifadəsinin nəzərə alınmasını xahiş edir. Mahiyyəti üzrə bildirmişdir ki, Məmmədli kəndində yerləşən 0,522 ha torpaq sahəsini Cavabdeh1 62000 manata satmışdır. Pulun 27000 manatını nağd şəkildə, qalan 35.000 manatın əvəzinə isə Cavabdeh1 məxsus olan «X14» markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobili qəbul etmişdir. İşin araşdırılmış hallarından göründüyü kimi, Cavabdeh1 ilə X1 arasında nikah 06 fevral 1998-ci il tarixdə Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsində 65 saylı akt qeydi ilə bağlanmış, 09.10.2018-ci ildə Cavabdeh1 İddiaçı Tanırverdi qızına qarşı «nikahın pozulması və birgə nikahda əldə olunmuş əmlak bölgüsü tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, 21.02.2019-cu ildə iddia ərizəsi baxılmamış saxlanılmışdır. 17.04.2019-cu ildə yenidən həmin iddia ilə məhkəməyə müraciət edilmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 30.08.2019-cu il tarixli qərardadı ilə «nikahın pozulması» və «birgə nikahda əldə olunmuş əmlak bölgüsü» tələbləri ayrıca icraata ayrılmış, məhkəmənin 18 sentyabr 2019-cu il tarixli, 2(006)-3322/2019 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikahın pozulması qət edilmiş, yenə də həmin məhkəmənin 29 oktyabr 2019-cu il tarixli, 2(006)-6028/2019 saylı qətnaməsi ilə Cavabdeh1 İddiaçı Tanırverdi qızına qarşı «birgə nikah dövründə əldə olunmuş əmlak bölgüsü» tələbinə dair ilk iddiası və İddiaçı Tanırverdi qızının Cavabdeh1 qarşı «əmlak tələbinə dair» qarşılıqlı iddiaları qismən təmin edilmişdir. Göründüyü kimi, hazırkı mülki iş üzrə mübahisə predmeti olan «X14» minik markılı, **-GE-*** dövlət qeydiyyat nişanlı (hazırda **-TA-*** dövlət qeydiyyat nişanlı) avtomobil tərəflərin birgə nikahda olduqları dövrdə əldə edilsə də, bu daşınar əmlak yuxarıda qeyd edilən tərəflər arasındakı əmlak bölgüsünə dair məhkəmə mübahisəsinin predmeti olmamışdır. İddiaçı Tanırverdi qızı keçmiş həyat yoldaşı olmuş Cavabdeh1 qarşı qaldırdığı «əmlak tələbi barədə» işə məhkəmədə baxılarkən birgə nikah dövründə əldə etdikləri, hazırki iş üzrə mübahisə predmeti olan «X14» minik markılı, **-GE-*** dövlət qeydiyyat nişanlı (hazırda **-TA-*** dövlət qeydiyyat nişanlı) avtomobilin bölünməli olan əmlaklar siyahısına daxil etməməsini həmin vaxt bundan xəbəri olmaması, cavabdehlə aralarında olan nikaha xitam verilməsi və əmlak bölgüsü tələbi ilə bağlı 2018-ci ilin oktyabr ayında məhkəməyə müraciət edəndən sonra həmin avtomobilin onun xəbəri və razılığı olmadan Cavabdeh2 satılmasından məlumat alması ilə izah etmişdir. Cavabdeh isə birinci instansiya məhkəməsində iddiaya etiraz edərək göstərmişdir ki, mübahisə predmeti olan avtomobilin satılmasının səbəbi kimi 05 mart 2018-ci ildə daşınmaz əmlakın alğı-satqı müqaviləsi ilə Abşeron rayonu, Məmmədli kəndində 0,522 ha torpaq sahəsi almalarını göstərərək, satıcı X4 həmin torpağın dəyərinin bir hissəsini nağd şəkildə qalan hissəsinin isə dəyərinin əvəzinə həmin avtomobili verilməsini göstərmişdir. İddiaçı özü də bilir ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,522 ha torpaq sahəsinin real bazar dəyəri nə qədər təşkil edir. Bunu müəyyən etmək üçün istənilən torpaq alğı-satqısı elanları üzrə ixtisaslaşmış saytlardakı həmin ərazidə təklif olunan torpaq sahələrinin qiymətlərinə baxılması kifayətdir. Həmin daşınar əmlak olan avtomobil ailənin ümumi mənafeyi üçün daha baha dəyərə malik daşınmaz əmlakın alınmasına yönəldilmiş, mahiyyət etibarı ilə iddiaçı özü də alınmış torpaq sahəsinin 1/2 hissəsinə sahib olaraq bundan onunla eyni dərəcədə bəhrələnmişdir. Beləliklə də, həmin avtomobil birgə nikahları dövründə əldə olunsa da, ailənin mənafeyi üçün birgə nikah dövründə əldə olunmuş torpaq sahəsinin dəyərinin bir hissəsinin ödənilməsi üçün əvəzləşdirilmiş, iddiaçı bu barədə məlumatlı olmuşdur. Birinci instansiya məhkəməsi iddia tələblərinə hüquqi qiymət verməzdən əvvəl qaldırılan iddianın qeyri-müəyyən olmasını vurğulayaraq qeyd etmişdir ki, iddiaçı bir tərəfdən mubahisəli avtomobilə dair cavabdehlər arasında bağlanmış alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsini, həmin alğı-satqı müqavilələri əsasında verilmiş şəhadətnamələrin ləğv edilməsi ilə sözügedən avtomobilin üzərində bərabər hissələrdə - 1/2 hissədə onun, 1/2 hissədə cavabdehin paylarının müəyyən edilməklə həmin hissələrdə tərəflərin mülkiyyət hüququnun tanınmasını, digər tərəfdən isə avtomobilin hazırkı real bazar dəyərini təşkil edən (iş üzrə təqdim edilmiş 16 noyabr 2021-ci il tarixli H/08-PLS saylı hesabata əsasən) 35000 manat məbləğində pulun 1/2 hissəsi, yəni 17500 manat məbləğində pulun Cavabdeh1 tutularaq ona ödənilməsini iddia edir. Başqa sözlə ifadə etdikdə, iş materiallarından görünür ki, iddiaçı bir neçə tələblər irəli sürməsinə baxmayaraq, son nəticədə iş üzrə avtomobilin hazırkı real bazar dəyəri barədə hesabata əsasən 35000 manat məbləğində pulun yarısını məhz Cavabdeh1 tələb edir. Belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının tələbinin avtomobilə dair cavabdehlər arasında bağlanmış alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin alğı-satqı müqavilələri əsasında verilmiş şəhadətnamələrin ləğv edilməsi və həmin avtomobilin üzərində bərabər hissələrdə - 1/2 hissədə onun, 1/2 hissədə cavabdehin paylarının müəyyən edilməklə həmin hissələrdə tərəflərin mülkiyyət hüququnun tanınması hissələrinə hüquqi qiymət verilməsinə artıq zərurət qalmır. Həmçinin, iddiaçı avtomobilin hazırkı real bazar dəyəri olan 35000 manat məbləğinin yarısını Cavabdeh1 tələb etdiyi üçün digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Aslan İhsana qarşı yönələn tələblər təmin edilə bilməz. Belə ki, digər cavabdehlər mübahisəli avtomobilin vicdanlı alıcılarıdır və iddiaçının mübahisələndirdiyi əqdlərin etibarsız hesab edilməsi üçün qanuni əsaslar mövcud deyil. Habelə, iddianın avtomobilin hazırkı real bazar dəyərini təşkil edən 35000 manat məbləğində pulun 1/2 hissəsi, yəni 17500 manat məbləğinin Cavabdeh1 tutularaq iddiaçıya verilməsi ilə bağlı hissəsinə hüquqi qiymət verən birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia bu hissədə də əsassızdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi mülkiyyəti sayılır. Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətindədir. Ailə Məcəlləsinin 33.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlak üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Ailə Məcəlləsinin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Göründüyü kimi, iddiaçının avtomobilin hazırkı real bazar dəyərini təşkil edən 35000 manat məbləğində pulun 1/2 hissəsi, yəni 17500 manat məbləğində pulun Cavabdeh1 tutularaq ona ödənilməsi barədə iddiasının dəlilləri özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmçinin, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə onlara digər sübutlarla müqayisəli şəkildə qiymət verilməsini zəruri edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Cavabdeh1 iddiaya olan etirazının dəlillərinə və izahatlarına qiymət verən birinci instansiya məhkəməsi onları inandırıcı saymaqla, düzgün olaraq qeyd etmişdir ki, mübahisə predmeti olan avtomobilin tərəflərin birgə nikahları dövründə əldə olunmasına baxmayaraq məhz ailənin mənafeyi üçün 2018-ci ilin mart ayında birgə nikah dövründə əldə olunmuş torpaq sahəsinin dəyərinin bir hissəsinin ödənilməsi üçün əvəzləşdirilməsi və iddiaçının mübahisəli avtomobilin bu qaydada əvəzləşdirilməsindən, başqa sözlə, sözügedən torpaq sahəsinin alınmasından xəbəri olması işin halları ilə müəyyən edilmişdir. Belə ki, mübahisə predmeti olan «X14» minik markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı (hazırda **-TA-*** dövlət qeydiyyat nişanlı) avtomobilə dair sənədlərdən, sorğuya cavab məktublarından və kompüter baza məlumatlarından çıxarışdan göründüyü kimi, Qocayev X9 rayonu, Məmmədli kəndində yerləşən 0,522 ha torpaq sahəsinə dair 05 mart 2018-ci il tarixdə alğı-satqı müqaviləsi bağlayandan 1 həftə sonra həmin avtomobilə dair 13 mart 2018-ci il tarixdə X4 etibarnamə vermiş, daha sonra isə sonuncunun qardaşı X6 etibarnamə verilmişdir. Beləliklə, iddiaçı birgə nikah dövründə əldə olunmuş, Abşeron rayonu Məmmədli kəndində yerləşən 0,522 ha torpaq sahəsinin 1/2 hissəsi üzərində payı və mülkiyyət hüququ tanınmaqla, nəticə etibarı ilə avtomobilin 1/2 hissəsinin dəyərini qəbul etmiş, həmin avtomobillə dəyərinin bir hissəsi ödənilmiş torpaq sahəsinin özünə düşən 1/2 hissəsindən faydalanmışdır. İşin qeyd olunan halı sözügedən torpaq sahəsinin birgə nikah dövründə əldə olunmuş əmlak kimi tərəflər arasında payları bərabər olmaq şərti ilə bölünməsinə dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə təsdiq edilir. Beləliklə də, Cavabdeh1 birgə nikah dövründə əldə edilmiş mübahisə predmeti olan avtomobili sataraq nağd pul vəsaiti əldə etməmiş, əksinə birgə nikah dövründə əldə edilmiş pul vəsaitlərini daha sərfəli və ailənin mənafeyinə uyğun yatırım hesab edilən daşınmaz əmlak olan torpaq sahəsinin əldə edilməsinə yönəltmiş, bununla da, nəticə etibarı ilə həm özü, həm də iddiaçı faydalanmışdır (bəhrələnmişdir). İş materiallarından da göründüyü kimi, aralarında olan nikaha xitam verilməsi və əmlak bölgüsü tələbi ilə bağlı Cavabdeh1 tərəfindən 08.10.2018-ci il tarixdə məhkəməyə müraciət edilsə də, sonradan məhkəmə tərəfindən iddia ərizəsi 2019-cu ilin fevral ayında baxılmamış saxlanılmışdır. 2019-cu ilin aprel ayında münasibətləri yenidən pozulmuş və təkrarən eyni iddia ilə məhkəməyə müraciət olunmuşdur. Başqa sözlə, tərəflər 2019-cu ilin aprel ayına kimi ailə münasibətlərini davam etdirməklə aralarında yaranmış mübahisələrlə bağlı qəbul edilmiş məhkəmə qətnamələrinin qəbul edilməsinə kimi İddiaçı Tanırverdi qızının mübahisə predmeti olan avtomobilin əldə olunan torpaq sahəsinin dəyərinin bir hissəsinin ödənilməsi üçün 13 mart 2018-ci il tarixdə əvəzləşdirilməsindən xəbəri olmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının istər həmin dövrdə, istərsə də, 2(006)-6028/2019 saylı mülki işə baxılan zaman məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərkən bu əvəzləşdirmədən xəbəri olmasa idi, həmin avtomobilin birgə nikah dövrundə əldə edilməsini bildiyi halda rəsmi sənəd təqdim etmədən belə onun ən azından bölünməsini (mülkiyyət payının müəyyən edilməsini) mübahisələndirmək imkanı var idi. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək, iddianı rədd etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir. İddianın rədd edilməsinə dair məhkəmə qətnaməsi qanuni və əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Tanırverdi qızının apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 28.12.2021-ci il tarixli, 2(006)-244/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar