Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2825/2021 10.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Firmasına qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəlməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-119/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı və Cavabdeh1 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏ N ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Firmasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20747 manat əsas borcun, 200 manat müddət sonuna olan faiz borcunun, 14683,43 manat cərimə borcunun, Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan 2756,16 manat borcun, cəmi 38386,59 manat borcun və 30 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsini, ipotekaya qoyulmuş Cavabdeh1 məxsus olan və Cavabdeh2 ticarət mərkəzində yerləşən 3-cü zona, sıra 13, korpus 2, 30 kv. metrdən ibarət olan 61 saylı ticarət obyektinə tutmanın yönəldilməsi, həmin ticarət obyektinin açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsini onunla əsaslandırmışdır ki, LPO İddiaçı ASCnin “Mərkəz” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 373 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 24 % faiz ödənilmək şərti ilə 30000 manat məbləğində istehlak krediti verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 məxsus olan Cavabdeh2 Ticarət mərkəzində yerləşən 3-cü zona, sıra 13, korpus 2, 30 kv. metrdən ibarət olan 61 saylı ticarət obyekti Ləğv prosesində olan İddiaçı ASC-də ipoteka ilə yüklü edilmişdir. Bundan başqa, bankla Cavabdeh2 Firması arasında həmin tarixdə zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən zamin Cavabdeh2 Firması borclunun bank qarşısında öhdəliklərini tamamilə icra etməsi üçün borclu ilə birlikdə eyni məsuliyyəti daşımışdır. Bundan başqa, həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 ilə ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsinə əsasən xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus Cavabdeh2 Ticarət Mərkəzində yerləşən 3-cü zona, sıra 13, korpus 2, 30 kv. metrdən ibarət olan 61 saylı ticarət obyekti Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. Müqaviləyə əsasən borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri Banka ödəməlidir. Lakin buna baxmayaraq borclu Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq, üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda cavabdehlərin banka ödənilməmiş 20747 manat əsas borcu, 200 manat müddət sonuna olan faiz borcu, 14683,43 manat cərimə borcu, habelə Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan 2756,16 manat borcu, cəmi 38386,59 manat məbləğində borcu mövcuddur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-119/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, 20747 manat əsas borc, 200 manat müddət sonuna olan faiz borcu, 200 manat cərimə borcu olmaqa, cəmi 21147,00 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh1 iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması, iş üzrə 300 manat qiymətləndirmə haqqının 150 manatının iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-yə, 150 manatının Cavabdeh1 aid edilməsi, əmin məbləğin onlardan tutularaq “xxxx” MMC-yə ödənilməsi qət edilmişdir. Qətnamədən iddiaçı bankın ləğvedicisinin nümayəndəsi apellyasiya şikayəti verərək onun iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və həmin hissələrdə iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini birinci instansiya məhkəməsinin cərimə məbləğini tənasübsüz şəkildə azaltmış olması, əsassız olaraq gecikdirilmiş günlər üçün 5 faiz məbləğinin tutulması, tələbin zaminə aid hissəsində və ipoteka predmetinə tutma yönəldilməsi hissəsində təmin etməməsi arqumentləri ilə əsaslandırmışdır. Qətnamədən eyni zamanda qətnamədən Cavabdeh1 da apellyasiya şikayəti verərək, onun ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən kredit müqaviləsinin ləğv edilməsi tələb edilməmiş və kredit müqaviləsi ləğv edilmədən ondan borc məbləğləri tutulmuşdur. Həmçinin əsas, faiz və cərimə borclarının məbləğləri şişirdilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi bank tərəfindən verilmiş apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər isə məhkəməyə gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh1 şikayəti təmin edilməməli, iddiaçı bankın şikayəti isə qismən təmin edilməli, qətnamə cərimə borcunun tutulması hissəsində qismən ləğv edilməli, həmin hissədə iddia tələbi qismənt təmin edilməli və cavabdehdən tutulmalı olan ümumi borcun məbləği hissəsində dəyişdirilməlidir. İş materiallarənda olan xx xxxxxxxx 2014-cü il tarixli, 373 saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 24 ay müddətinə, illik 24 % olmaqla 30000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 Firması kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı ASC qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan xx xxxxxxxx 2014-cü il tarixli, 373/1 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə, Cavabdeh2 Ticarət Mərkəzində yerləşən, xüsusi mülkiyyət hüququ ilə özünə məxsus olan 3-cü zona, sıra 13, korpus 2, 30 kv-dan ibarət olan 61 saylı ticarət obyektini banka ipotekaya qoymuşdur. İş materiallarında olan “xxxx” MMC-nin xx xxxxxx 2019-cu il tarixli rəyinə əsasən həmin ticarət obyekti 51000 manat dəyərində qiymətləndirilmişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kollegiya cavabdehin apellyasiya şikayətində irəli sürülən “borc məbləğlərinin düzgün hesablanmadığı” dəlillərini əsassız sayaraq qeyd edir ki, o, bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmişmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmçinin koillegiya qeyd edir ki, kredit müqaviləsinin icra müddəti bitdiyindən məhkəmə tərəfindən onun ləğv edilməsinə ehtiyyac olmamışdır. Kollegiya iddiaçı bankın apellyasiya şikayətinin cərimə borcuna aid hissədə olan arqumentlərinə dair qeyd edir ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; bu isə o deməkdir ki, dəbbə pulunun (cərimənin) müqavilə müddətinin bitdiyi tarixə qədər hesablanmalı olması qənaətinin hüquqi əsası mövcud deyildir. Əksinə, qanunun mənasından göründüyu kimi cərimə, məhz öhdəliyin icra olunmaması halında (olunmadığı dövr üçün) tətbiq oluna bilən maliyyə sanksiyasıdır. Mülki Məcəllənin 467-ci maddəsinə görə isə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, kredit borclusunun 20747 manat olduğu müəyyənləşdirilən əsas borcuna münasibətdə iddiaçı bank 14683,43 manat cərimə hesablayıb tələb etmişdir və kollegiyanın qənaətinə görə həmin məbləğin əsas borca mütənasib olmamasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olsa da, məhkəmə bu tənasübsüzliyin nisbətini müəyyənləşdirdiyi zaman səhvə yol vermişdir. Kollegiya hesab edir ki, cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 1500 (min beş yüz) manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Kolelgiya qətnamənin mübahisələndirilən digər hissəsini, yəni apellyatordan “gecikdirilmiş günlər üçün 5 faiz məbləğinin tutulması” hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsı Plenumunun xx xxxxxx 2014-cu il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsının 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi -müddəalarının şərh edilməsınə dair qərarında qeyd edilmişdir ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir. Beləliklə, kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ MM-in 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, Bank fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsini, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirən hüquqi şəxsdir. Mülki Məcəllənin 44.1.-ci maddəsinə əsasən hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. Müəyyən olunur ki, məhkəmənin xx.xx.2016-cı il tarixli qərarı ilə İddiaçı ASC müflis elan edilmiş və iflas proseduruna başlanılmışdır. Mübahisəli kredit müqaviləsinin müddəti isə xx.xx.2016-cı il tarixdə bitmişdir. Göründüyü kimi hazırki iş üzrə İddiaçı ASC ləğv prosesində olmaqla mülki hüquq qabliyyətli hüquqi şəxs kimi çıxış etmir. Buna görə də birinci instansiya məhkəməsi həmin hissədə iddia tələbini təmin etməməkdə haqlı olmuuşdur. Birinci instansiya məhkəməsinin zaminə yönəlmiş tələbin rədd edilməli olduğu mövqeyini də kollegiya əsaslı hesab edərək vurğulayır ki, məhkəmə müəyyən etdiyi hallardan tərəflərin qarşılıqlı hüquq və vəzifələri üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Mülki Məcəllənin 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İddiaçı ASC ilə zamin arasında bağlanmış zaminlik müqaviləsində göstərilmişdir ki, zaminlik müqaviləsində həmin müqavilənin borc alanın kreditor qarşısında öz öhdəliklərini tam həcmdə icra edənədək qüvvədə olması göstərilmişdir. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminliyin verilməsinin konkret müddəti göstərilə bilər və ya belə müddət müəyyən edilməyə bilər. Əgər müddət müəyyənləşdirilməmişdirsə, öhdəliyin icrası müddətinin çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilməlidir. Göründüyü kimi, zaminlə ilə bağlanılmış müqavilə üzrə zaminlik konkret müddət təyin edilməklə verilmiş, tərəflər arasında bağlanmış xx.xx.2014cü il tarixli, 373 saylı kredit müqaviləsində kreditin 24 ay müddətinə verilməsi göstərilmiş, kreditin verilmə müddəti nəzərə alındıqda, zaminlik müqaviləsinin müddəti xx.xx.2016-cı il tarixdə bitmişdir. Ötən müddət ərzində isə kreditor zaminə qarşı iddia irəli sürməmiş, bu səbəbdən, zaminliyə xitam verilmişdir. Buna görə də, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə xitam verilməlidir. Nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizəsi verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Birinci instansiya məhkəməsi iddia tələbini ipoteka predmetinə yönəldilməsi hissəsində təmin etməməkdə də haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1 və 34.1.2-ci maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.1-ci maddəsinə əsasən ipoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer, tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir. Həmin Məcəllənin 307.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində ipotekanın predmeti olan əşyanın hansı hüquqa əsasən ipoteka verənə mənsub olduğu və ipoteka verənin bu hüququnu qeydə almış dövlət orqanı göstərilməlidir. Həmin Məcəllənin 307.4cü maddəsinə əsasən əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir. Həmin Məcəllənin 307.5-ci maddəsinə əsasən əgər ipoteka ilə təmin edilən öhdəlik hissə-hissə icra olunmalıdırsa, ipoteka müqaviləsində müvafiq ödənişlərin müddətləri və ya dövriliyi, onların məbləğləri və ya bu məbləğləri müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. Göstərilən Məcəllənin 307.6-cı maddəsinə əsasən ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. Qeyd edilən Məcəllənin 307.7-ci maddıəsinə əsasən ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Həmin Məcəllənin 309.2-ci maddəsinə əsasən ipotekanın dövlət qeydiyyatı qanunda nəzərdə tutulmuş qaydada aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Bildiriş məktubundan görünür ki, Ləğv prosesində olan İddiaçı ASC kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan ticarət obyektinə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq etmişdir. Lakin iş materiallarından görünür ki, ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaka hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, habelə həmin daşınmaz əmlakın ipoteka ilə yüklü edilməsi barədə bildiriş daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilməmişdir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, Cavabdeh1 şikayəti təmin edilməməli, iddiaçı bankın şikayəti isə qismən təmin edilməli, qətnamə cərimə borcunun tutulması hissəsində qismən ləğv edilməli, həmin hissədə iddia tələbi qismən təmin edilərək cərimə borcunun məbləği 1500 manat müəyyən edilməli və cavabdehdən tutulmalı olan ümumi borcun məbləği hissəsində dəyişdirilərək, ümumi borcun məbləği 22447 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə; 384.0.3-cü maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətləriinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri apellyatorlara aid edilməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-119/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsi “200 manat cərimə borcunun Cavabdeh1 iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması” hissəsində ləğv olunsun. Həmin hissədə iddia tələbi qismən təmin edilsin. Cavabdeh1 iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalı olan cərimə borcunun məbləği 1500 (min beş yüz) manat müəyyən edilsin. Qətnamə “cəmi 21147,00 manatın Cavabdeh1 iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması” hissəsində dəyişdirililsin. Cavabdeh1 xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-nin xeyrinə ümumilikdə tutulmalı borc 22447 (iyirmi iki min dörd yüz qırx yeddi) manat məbləğində müəyyənləşdirilsin. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətləriinin verilməsi üçün ödənilmiş dövlət rüsumları apellyatorlara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-2825/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2825/2021
10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver