Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2828/2022 18.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Sumqayıt şəhər İcra Şöbəsinə qarşı, üçüncü şəxs "xxxx" BOKT Açıq Səhmdar Cəmiyyəti müstəqil tələb irəli sürməyən şəxs qismində cəlb edilməklə “hərracın nəticələrinin və hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3555/2021 saylı, 24 sentyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Sumqayıt şəhər İcra Şöbəsinə qarşı (üçüncü şəxs "xxxx" BOKT Açıq Səhmdar Cəmiyyəti müstəqil tələb irəli sürməyən şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 191G saylı bağ evinin satılması ilə əlaqədar keçirilmiş hərracı və "xxxx" MMC tərəfindən həmin bağ evinin auksion vasitəsi ilə satılmasına dair keçirilmiş hərracın nəticələrinin, 02.12.2019-cu il tarixli protokolun və müqavilənin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" BOKT Açıq Səhmdar Cəmiyyəti ilə iddiaçı arasında 02.08.2016-cı il tarixdə bağlanmış 2016/00330-01 saylı kredit müqaviləsi üzrə iddiaçıya 48 ay müddətinə 12000 ABŞ dolları məbləğində kredit verilmiş, həmin kredit müqaviləsinin təminatı kimi iddiaçıya məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 191G saylı bağ evi ipoteka ilə yüklü edilmişdir. İddiaçının tanışı ona pula ehtiyacı olduğunu deməsi və kredit götürüləcəyi halda borcu tezliklə ödəyəcəyini vəd etməsi səbəbindən iddiaçı özünə məxsus evi ipoteka İlə yüklü edərək 12000 ABŞ dolları məbləğində pul götürülməsinə dair kredit müqaviləsi imzalamişdır. Həmin müqavilə üzrə aylıq kredit ödənişini iddiaçının tanışı ödəyirdi və iddiaçının bu hallarla bağlı məlumatı olmurdu. Müqavilədən 4 il keçmiş və iddiaçı hesab etmişdir ki, kredit müqaviləsi üzrə ödənişlər həyata keçirilib və kredit borca bağlanılıb. İddiaçı Sumqayıt şəhər İcra Şöbəsinə dəvət olunmuş və orada icra məmuru iddiaçıya bildirmişdir ki, Göyçay rayon Məhkəməsinin qətnaməsi İcra olunaraq iddiaçıya məxsus olan bağ evi hərracdan satılmışdır və iddiaçı ailə üzvləri ilə birlikdə evdən çıxarılmalıdır. İddiaçı bildirir ki, məhkəmə proseslərindən onun xəbərini olmamış, bildirişlər almamış, məhkəmə proseslərinə dəvət olunmamış və bunun nəticəsində Göyçay rayon məhkəməsinin qətnaməsini almamış və ümumiyyətlə həmin qətnamədən xəbəri olmamışdır. Daha sonra həmin qətnamə icraya yönəlmiş, və icra məmuru tərəfindən aparılan icra hərəkətlərindən, yəni bağ evinin hərraca çıxarılmasından və sonrakı proseslərin heç birindən iddiaçının məlumatı olmayıb. İcra məmuruna müradət edərək iddiaçıya məxsus bağ evinin satılmasına dair, müqavilə və hərrac protokolunun surətini istəsə də, o, sənədləri iddiaçıya təqdim edə bilmədiyini deyərək yalnız bildirmişdir ki, Sumqayıt şəhər İcra Şöbəsi iddiaçıya məxsus bağ evini açıq hərracdan satışa çıxarmış və sifarişçi kimi icranı "xxxx"nə tapşırmışdır. «Daşınar və daşınmaz əmlakın satışı üzrə Hərrac mərkəzi» isə iddiaçının iştirakını təmin etmədən, iddiaçının xəbəri olmadan bağ evinin qiymətləndirilməsini keçirmədən 60000 manat dəyərində olan bağ evini 38 000 manat qiyməti ilə hərraca çaxarmış, yəni cavabdeh həmin bağı düzgün qiymətləndirməmiş, bazar qiymətindən dəfələrlə aşağı qiymətlə hərraca çıxarmış, iddiaçının qiymətlənmədə və hərracda iştirakını təmin etməmişdir. Daha sonra, Hərrac mərkəzi, özəl bağ sahəsini və üzərində olan bağ evini dəyərindən qat-qat aşağı qiymətə «Fhnoko» BOKT-a satmışdır. İddiaçı hesab edir ki, qanunvericiliyin tələbləri kobud surətdə pozulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3555/2021 saylı, 24 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianı təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, işin faktiki hallarını araşdırmadığını irəli sürmüşdür. Həmçinin göstərmişdir ki, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən onun iştirakı təmin edilmədən, xəbəri olmadan bağ evinin qiymətləndirilməsini keçirtmədən 60000 manat dəyərində olan bağ evini 38000 manat qiyməti ilə hərraca çıxarmış, yəni cavabdeh təşkilat onun bağ evini düzgün qiymətləndirməmiş, bazar qiymətindən dəfələrlə aşağı qiymətə hərraca çıxarmış, onun qiymətləndirmə və hərracda iştirakını təmin etməmişdir. bundan başqa birinci instansiya məhkəməsi tərəfindən əsassız sübutlara istinad edilmiş, guya onun məhkəmə bildirişlərini, hərracın keçirilməsi barədə bildirişləri alması qeyd edilmişdir. Lakin onun bu proseslərdən məlumatı olmamış, hərrac barədə ona heç bir məlumat verilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəməyə gəlməmişlər, məhkəmə kollegiyası onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 02 avqust 2016-cı il tarixli 2016/00330-01 saylı kredit müqaviləsindən müəyyən olunur ki, "xxxx" BOKT Açıq Səhmdar Cəmiyyəti İddiaçı 48 ay müddətinə illik 28% dərəcəsi ilə 12 000 ABŞ dolları məbləğində kredit vermişdir. İş materiallarında olan 02 avqust 2016-cı il tarixli ipoteka müqaviləsindən müəyyən olunur ki, borcalan və ipoteka qoyan İddiaçı 02 avqust 2016-cı il tarixli 2016/00330-01 saylı kredit müqaviləsinin təminatı kimi özünə məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 191G saylı bağ evi ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Göyçay Rayon Məhkəməsinin 2(046)-390/2018 saylı, 28.06.2018-ci il tarixli qətnaməsindən görünür ki, 11572 ABŞ dolları 09 sent əsas, 1954 ABŞ dolları 48 sent faiz, 100 ABŞ dolları cərimə olmaqla, cəmi 13626 ABŞ dolları 57 sent məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı cavabdeh İddiaçı tutulub İddiaçı "xxxx" BOKT ASC-nə ödənilməsi, tələbin ipoteka predmeti olan cavabdeh İddiaçı məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 191 G saylı bağ evinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti 38.000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması; Əldə edilən vəsaitdən 13626 ABŞ dolları 57 sent məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azerbaycan Respublikasının pul vahidi manatla miqdarı və həmçinin məhkəməyə müraciət etmək üçün xərcin cavabdehə aid hissəsi 25 manat pulun iddiaçı "xxxx" BOKT ASC- nə ödənilməsi qət edilmişdir.eyni zamanda qətnamənin mətnindən müəyyən olunur ki İddiaçı məhkəmə iclasında iştirak edərək iddianı qismən qəbul etmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(046)-2100/2020 saylı, 27.10.2020-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı əşyaları ilə birlikdə Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 191G saylı bağ evindən çıxarılması qət edilmişdir. İş materiallarında olan 02 dekabr 2019-cu il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən müəyyən olunur ki, alıcı "xxxx" BOKT Açıq Səhmdar Cəmiyyəti Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 191G saylı bağ evini 0,03 ha torpaq sahəsi ilə birlikdə 24 225 manata almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən çıxarışdan müəyyən olunur ki, Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 191G saylı bağ evi xüsusi mülkiyyəti hüququ ilə tam payda "xxxx" BOKT Açıq Səhmdar Cəmiyyətinə məxsus olması barədə 21.01.2020-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan AZ5000/********** nömrəli teleqramdan müəyyən olunur ki, İddiaçı borclarının silinməsi və evinin satılmamasına köməklik edilməsi barədə teleqram göndərilmişdir. İş materiallarında olan "xxxx" BOKT Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh İddiaçı ünvanlanmış məktubdan müəyyən olunur ki, sözügedən əmlakın hərraca çıxarılması barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə görə, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Həmin Məcəllənin 319.5-ci maddəsinə əsasən, əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir. Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. “İpoteka haqqında” Qanunun 43.3-cü, 43.4-cü, 43.5-ci, 43.6-cı və 43.7-ci maddələrinə görə isə, hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, məhkəmə qətnaməsi ilə tutma ipoteka predmetinə yönəldilərək açıq hərracda satılması və satışdan əldə olunan pul hesabına borcun ödənilməsi qət edilmişdir. Keçirilmiş hərrac nəticəsində əmlak satılmışdır. İddiaçı, hərracın qanun pozuntusu ilə keçirildiyini iddia edərək hazırkı apellyasiya baxışının predmeti olan iddia tələblərini irəli sürmüş, iddiasının faktiki əsası kimi həm də, təşkil edilmiş və keçirilmiş açıq hərrac barədə məlumatı olmamasına, ona hər hansı bir rəsmi məlumat daxil olmamasına istinad etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışı zamanı təqdim edilmiş açıq hərracın keçirilməsinə dair bildirişlərdən görünür ki, hərracın 28 oktyabr 2019-cu il tarixdə keçirilməsi, həmçinin ikinci hərracın 12 noyabr 2019-cu il tarixdə keçirilməsi barədə İddiaçı qeydiyyatda olduğu ünvana bildiriş göndərilmiş, eləcə də hərrac barədə elan “Birja yenilikləri” qəzetində dərc olunmuşdur. Bundan başqa iş materiallarında olan "xxxx" BOKT Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh İddiaçı ünvanlanmış məktubdan müəyyən olunur ki, sözügedən əmlakın hərraca çıxarılması barədə məlumat verilmişdir. Göründüyü kimi hərracın keçirilməsi barədə bildirişlər və məlumat iddiaçının qeydiyyatda olduğu ünvana göndərilmiş, həmçinin kütləvi informasiya vasitələrində hərrac barədə elanlar dərc edilmişdir. Nəticədə isə təkrar hərrac baş tutmadığından Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 191G saylı bağ evi təkrar hərracdakı ilkin satış qiymətindən 25 faizdən az olmayan qiymətlə ipoteka saxlayana təklif edilmişdir. Kollegiya, “F. Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.12.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyi də nəzərə alaraq qeyd edir ki, həmin qərarında Konstitusiya Məhkəməsi MM-in 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır. Apellyasiya şikayətinin dəlilləri isə formal mülahizələrdən ibarət olmuşdur, belə ki, hərrac təşkilatı qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsini təşkil etmiş və bununla əlaqədar tərəflərin rəsmi qeydiyyatda olduqları ünvanlara müvafiq bildirişlər göndərilmiş, qəzetlərdə elanlar vermişdir. Həmçinin qeyd edilməlidir ki, Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 191G saylı bağ evinin ilkin satış qiyməti qanuni qüvvəyə minmiş qətnamə ilə 38.000 manat müəyyən edilmiş, mənzil həmin qiymətlə hərraca çıxarılmış, lakin təkrar hərrac baş tutmadığından ipoteka saxlayan bağ evini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faizdən az olmayan qiymətə, yəni 24225 manata əldə etmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, əmlakın açıq hərracdan satılması ilə bağlı qanunvericilik müddəalarının pozuntusu müəyyən edilmədiyindən iddia tələbini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından da ədalətli və qanunidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı və apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3555/2021 saylı, 24 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği İddiaçı özünə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-2828/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2828/2022
18.05.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver