Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2828/2023 18.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X2 ibarət tərkibdə, məhkəmə kollegiyası İddiaçı Cavabdeh qarşı “əmlakın qaytarılması” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 2(010)-987/2023 saylı qərardadından Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, 20 nömrəli evin, 82 nömrəli mənzilində yerləşən əşyaların Cavabdeh alınaraq, ona qaytarılmasını xahiş etmişdir. Bundan sonra Cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə ümumi vəsait hesabına əldə etdikləri, ümumi qiyməti 2.996 manat olan əşyaların ½ hissədə bölünməsini, həmin hissədə əşyalara onun mülkiyyət hüququnun tanınmasını və ona məxsus nişan üzüyünün ona qaytarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 2(010)- 987/2023 saylı qərardadı ilə Cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır. Cavabdeh nümayəndəsi və vəkili Vəkil müddətin bərpası barədə ərizə və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 2(010)-987/2023 saylı qərardadından şikayət verərək, şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin üzürlü hesab edilməklə, bərpa edilməsini, qərardadın ləğv edilməsini və qarşılıqlı iddianın icraata qəbul edilərək, ilk iddia ilə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh iddia ərizəsini aldıqdan sonra hüquqi cəhətdən savadsızlığı səbəbindən bir qədər gecikdirmə ilə qarşılıqlı iddia və etiraz təqdim edilməsi, eyni zamanda hüquqlarının müdafiəsi üçün vəkilə müraciət etmişdir. Tərəflərindən qarşılıqlı iddia və ilk iddiaya qarşı etiraz dərhal yazılmasına və elektron məhkəmə informasiya sisteminə əlavə olunmaq üçün dəfələrlə müraciət etmələrinə baxmayaraq, bu cəhdləri nəticə verməmiş, bu səbəbdən qarşılıqlı iddia mülki prosessual qanunvericiliklə müəyyən edilmiş müddətlərdə məhkəməyə təqdim edilməmişdir. Yalnız elektron məhkəmə informasiya sisteminə əlavə edildikdən sonra qarşılıqlı iddianın və ona əlavə edilmiş sənədlərin məhkəməyə təqdim edilməsi mümkün olmuşdur. Dövlət rüsumunun ödənilməsi barədə qəbzin iş materiallarına əlavə edilməməsi də onların səhvi olmamışdır. Həmin qəbzə əsasən cavabdeh ödənilməli olan məbləğdə dövlət rüsumu ödəmişdir. Lakin birinci instansiya məhkəməsi tərəfindən elektron sistemə əlavə edilməməsi səbəbindən həmin qəbzin iş materialları ilə birlikdə təqdim edilməsi mümkün olmamışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-987/2023 saylı, 14 mart 2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Cavabdeh vəkili və nümayəndəsi Vəkil Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-987/2023 nömrəli, 28 fevral 2023-cü il tarixli qərardadından şikayətin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılması üzrlü hesab edilərək, bərpa edilmiş, şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qeyd edilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir; 155.1-ci maddəsinə əsasən ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir; 155.2-ci maddəsinə əsasən bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir; 155.3-cü maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, qüvvədə olan mülki-prosessual qanunvericilikdə qarşılıqlı iddianın icraata qəbul edilməsinin 3 əsası, qaydası (iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir) və müddəti (iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində) təsbit edilmişdir. Eyni zamanda, müddət keçdikdən sonra qarşılıqlı iddianın verilməsini mümkün edən hallar sadalanmış, lakin bu hallar belə iddianın icraata qəbul edilməsinin hər üç deyil, artıq iki əsasına aid edilmişdir. Başqa sözlə, qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqənin olması və onlara birlikdə baxılmasının mübahisələrin daha tez və düzgün baxmaqla nəticələnməsi əsası ilə qarşılıqlı iddia yalnız iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində verilə bilər. Bu müddətdən sonra qarşılıqlı iddianın verilməsinə yol verilmir. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, iddia ərizəsi məhkəmənin icraatına 23 yanvar 2023-cü il tarixdə daxil olduqdan sonra, həmin tarixdə icraata qəbul edilmiş və iş üzrə məhkəmə hazırlıq iclası xx.xx.2023-cü il tarixə təyin edilməklə 24 yanvar 2023-cü il tarixdə bu barədə tərəflərə məhkəmə bildirişi göndərilmişdir. Cavabdeh 31 yanvar 2023-cü il tarixdə məhkəmə bildirişini rəsmi almış, lakin qarşılıqlı iddia ərizəsini məhkəməyə, vəkili vasitəsi ilə yalnız 28 fevral 2023-cü il tarixdə təqdim etmişdir. Halbuki, ona təqdim edilmiş məhkəmə bildirişinə əlavə edilmiş prosessual hüquq və vəzifələrin izahına dair Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsindən çıxarışda qarşılıqlı iddianın verilməsi qaydasını və müddətini əks etdirən 154-cü və 155-ci maddələrin məzmunu açıqlanmışdır. Bu baxımdan cavabdeh bu barədə 31 yanvar 2023-cü il tarixdən məlumatlandırılmış hesab edilməlidir. Başqa sözlə qeyd edilən prosessual hərəkətin yerinə yetirilməsi üçün müddətin axını məhz 31 yanvar 2023-cü il tarixdə başlamış və 20 fevral 2023-cü il tarixdə bitmişdir. Bununla belə, cavabdeh mülki prosessual məcəllə ilə müəyyən edilmiş müddətlər ərzində qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdir. Cavabdeh hüquqlarının müdafiəsi üçün vəkilə müraciət edən zaman (order xx.xx.2023-cü il tarixlidir) artıq müddəti ötürmüş, bu müddətin keçməsindən sonra onun verilməsini mümkün edən hər hansı əsas da müəyyən edilməmişdir. Qeyd edilənlər öz növbəsində qarşılıqlı iddianın qaytarılmasını şərtləndirir. Bu səbəbdən şikayətin dövlət rüsumu ilə bağlı hissəsinə hüquqi qiymət verilməsinə hər hansı zərurət qalmır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh qarşılıqlı iddiasını geri qaytarmaqda haqlı olmuşdur. Cavabdeh qarşılıqlı iddianı iddia ərizəsinin surətini aldıqdan sonra mülki-prosessual qanunvericiliklə müəyyən edilmiş 20 günlük müddət ərzində verməmiş, bu müddətin keçməsindən sonra verilməsini isə mümkün edən hər hansı əsas müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 2(010)- 987/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-2828/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2828/2023
18.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver