Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2830/2025 13.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı «qızıl-zinət və cehiz əşyalarının dəyərinin alınması, avtomobilin qaytarılması, kompensasiya ödənilməsi» tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “qızıl-zinət və cehiz əşyalarının dəyərinin alınması, avtomobilin qaytarılması, kompensasiya ödənilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, Cavabdeh iştirakı ilə, Qaradağ Rayon Məhkəməsinin 2(002)-256/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı Cavabdeh qarşı «qızıl-zinət və cehiz əşyalarının dəyərinin alınması, avtomobilin qaytarılması, kompensasiya ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh üzərinə ona aid mənimsədiyi, atası evindən cehiz gətirdiyi, iddia ərizəsində göstərilən 59 adda, 21.835 manat (cehiz əşyalar 16.715 manat dəyərində, qızıl-zinət əşyaları 5.120 manat dəyərində, cəmi 21.835 manat) məbləğdə əmlakların dəyərinin ona ödənilməsi öhdəliyinin qoyulması; Cavabdeh üzərinə onun birgə nikah dövründə ailəsinin maliyyəsi hesabına xx.xx.2017-ci il tarixdə 30.000 manata aldıqları «Ssang Yong» markalı ** EU *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin ona qaytarılması öhdəliyinin qoyulması; Cavabdeh üzərinə vəfat etmiş həyat yoldaşı X3 mülkiyyətində olmuş, onun 1990-cı illərdən qeydiyyatda olduğu ünvan 1 ünvandakı fərdi yaşayış evindən və evin ətrafındakı 0,07174 ha torpaq sahəsindən ona 25.000 manat miqdarında kompensasiya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Qaradağ Rayon Məhkəməsinin 2(002)-256/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi (hakim Kamran Əsədov) ilə iddia təmin edilməmişdir.
3. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
4. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş, qətnamənin maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilməsini bildirmiş, odur ki, qətnamənin ləğv və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Tərəflərin izahatı:
5. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi, həmçinin bildirdi ki, Qusarda atasına məxsus olmuş 25 sotluq torpaq sahəsində iki ev var, həmin evi onlar iddiaçıya güzəştə getmişlər, həmin evin iddiaçıya qalmasına onlar etiraz etmir, hətta istəsə onlarla da yaşaya bilər. Avtomobil isə hələ atasının sağlığında satılıb. Qeyd edilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
6. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər.
7. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:
8. 10.01.2012-ci il tarixli AZ-İ seriyalı 728355 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X12 ilə X2 arasında nikah 10 yanvar 2012-ci il tarixdə Qaradağ rayon Qeydiyyat şöbəsində 12 saylı akt qeydi ilə bağlanmış, arvada Ağayeva soyadı verilmişdir.
9. 21 aprel 2021-ci il tarixli AZ-İİ seriyalı 168606 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X12 06 dekabr 2020-ci il tarixdə Bakı şəhərində vəfat etmiş, bu barədə müvafiq akt qeydləri kitabında 21 aprel 2021-ci il tarixdə 313 saylı akt qeydi aparılmışdır.
10. Lökbatan bələdiyyəsinin 08 fevral 2021-ci il tarixli 02/76 saylı arayışından görünür ki, X12 07 dekabr 2020-ci il tarixdə Lökbatan qəbristanlığında dəfn olunmuşdur.
11. Qaradağ RİHB Lökbatan qəsəbə İƏD üzrə nümayəndəliyinin 13 may 2024-cü il tarixli 32 saylı məktubundan görünür ki, İddiaçı ünvan 2 ünvanda qeydiyyatdadır. Həmin ünvanda qeydiyyatda olmasına baxmayaraq, gəlini X10 bildirdiyinə əsasən qayınanası İddiaçı adı çəkilən ünvanda yaşamır. X16 məlumat üçün qayınanası İddiaçı hal-hazırda Qusar rayonunda yaşadığını bildirmişdir.
12. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinin 21 iyun 2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun X3 mülkiyyətində olmuş əmlaklar və əmlakların qiymətləri barədə məlumat verilməsi ilə bağlı müraciətə baxılmışdır. Bununla əlaqədar olaraq bildirilmişdir ki, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 4-cü massiv 6 saylı fərdi yaşayış evi X3 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 8 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli 4Ə-374 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən sözügedən fərdi yaşayış evinin yerləşdiyi xüsusi mülkiyyətdə olan 0,08924 ha torpaq sahəsindən 0,0175 ha təşkil edən hissə 5.400 manat qarşılığında X4 tərəfindən satın alınmışdır. Məlumat üçün bildirilmişdir ki, sözügedən fərdi yaşayış evinin bazar qiyməti haqqında arxiv əsaslarında məlumat aşkar edilməmişdir. X3 adına Qusar rayonu Avaran kəndində yerləşən fərdi yaşayış evi aşkar edilmiş, lakin eyni şəxsin olub-olmamasını dəqiqləşdirmək mümkün olmamışdır. Qeyd edilmişdir ki, əmlakın qiyməti ilə bağlı heç bir məlumat aşkar edilməmişdir.
13. Azərbaycan Respublikası DİN BDYPİ-nin 09 iyul 2024-cü il tarixli məktubundan görünür ki, Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1951-ci il təvəllüdlü X3 adına xx.xx.2017-ci il tarixdə «X22» markalı ** EU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyata alınmış, xx.xx.2020-ci il tarixdə alğı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq X11 adına rəsmiləşdirilmişdir. Nəqliyyat vasitələri barədə məlumatların kompüter çıxarışı məktuba əlavə edilmişdir. X3 adında qeydiyyatda olan nəqliyyat vasitəsinin olmadığı bildirilmişdir.
14. 01.10.2024-cü il tarixli aktdan görünür ki, Qusar rayonu Cibir kənd sakinləri X8 və X1 Hürüzada Həmdulla qızının 1994-cü ildə X9 ərə gedərkən aktda qeyd olunan cehiz əşyalarını, ona məxsus fərdi geyim əşyalarını və qızıl-zinət əşyalarını yük maşını ilə ünvan 2 ünvana aparmışlar və fərdi yaşayış evinin sahibi, İddiaçı həyat yoldaşı X9, qızıl-zinət əşyaları və fərdi geyim əşyalarını isə İddiaçı vermişlər.
15. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli 2(002)- 176/2022 saylı qətnaməsində qeyd olunanlardan görünür ki, İddiaçı Cavabdeh və qeyrilərinə qarşı «miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi, vərəsəlik haqqında şəhadətnamənin verilməsi» tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. həmin qətnamə apellyasiya və kassasiya qaydasında mübahisələndirilmiş, onun apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2850/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi, kassasiya şikayəti isə Ali Məhkəmənin 2(102)-5000/2022 nömrəli, xx.xx.2022ci il tarixli qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2850/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Birinci instansiya məhkəməsinə şahid X18 ifadəsində bildirdi ki, tərəflərlə qonşudurlar. Şıxbaba rəhmətə gedəndən sonra 3 mərasimini keçirmişlər. Xanım oradan çıxıb getmişdir. Ağ maşın gəlmişdi, dekabr ayının ortaları idi, Dağıstan (RF) nömrəli maşın idi. Sonra xanımı orada görməmişdir. Xanım çantalarını yığıb aparmışdır. Evə daxil olmamışdır, çöldə oturmuşlar. O, çöldə olmuşdur. Demişlər ki, xanım əşyalarını götürüb getdi. Ailənin maddi vəziyyəti ilə bağlı bildirir ki, oğlu İlham xəstələnmiş, digər oğlu tutulmuşdur. Əvvəl imkanları vardı, sonra kasıblamışlar.
17. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının iddia ərizəsində qeyd etdiyi ünvana yerində baxış keçirilərkən müəyyən edildi ki, evin açarı cavabdehdədir. Evdə heç nə yoxdur. Təmirə ehtiyacı olan evdir. İddia ərizəsində sadalanan əşyaların heç biri evdə yoxdur. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 225.3. Daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 34.2. Zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il 1/2024 №-li Qərarı: 1.6. Azərbaycan Respublikasının ailə qanunvericiliyi ər-arvadın əmlakının rejiminin iki növünü müəyyən etmişdir: qanuni rejim və müqavilə rejimi. 2.1. Ər-arvad arasında nikah müqaviləsi bağlanmayıbsa, yaxud belə müqavilədə ər arvadın mülkiyyətinin rejimi müəyyən edilməyibsə, ər-arvadın əmlakının qanuni rejimi qüvvədə olur. 3.9. Ər-arvadın birgə mülkiyyəti prezumpsiyasını aradan qaldıran hallar Ailə Məcəlləsinin 34-cü maddəsində göstərilmişdir. Həmin normaya görə, nikaha daxil olanadək ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak, eləcə də fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) onların hər birinin ayrıca (fərdi) mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra– Mülki Prosessual Məcəllə) 77.1-ci maddəsinə əsasən həmin halları sübut etmək yükü bunu iddia edən və ya iddiaya etiraz edən tərəfin üzərinə düşür. 3.10. Belə ki, prosessual qanunvericilik sübutetmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Əgər sübutetmə yükü qanunla başqa tərəfin üzərinə qoyulubsa, yaxud şəxs qanuni və ya faktiki prezumpsiyaya istinad edirsə, fərqli qayda tətbiq edilir. 3.11. Ümumi mülkiyyət prezumpsiyasının əksini iddia edən ər (arvad) mübahisəli əmlakı birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq deyil, nikahdan əvvəlki əmlakı hesabına və ya bağışlama, vərəsəlik, yaxud digər əvəzsiz əqd əsasında əldə etdiyini sübuta yetirməlidir. 3.12. Konkret işin hallarından asılı olaraq mübahisəli əmlakın ərin və ya arvadın ayrıca əmlakı hesabına (onun satışından əldə olunan vəsaitlə, yaxud dəyişdirmə ilə) və ya sadalanan əvəzsiz əqdlər nəticəsində əldə edildiyi ər (arvad) tərəfindən sübuta yetirildiyi halda, birgə mülkiyyət prezumpsiyası aradan qalxır və sonuncunun əmlak üzərində fərdi mülkiyyət hüququnun tanınması üçün əsas yaranır. Yəni mövcud ayrıca əmlakın qarşılığında yeni əmlak əldə edildikdə özgəninkiləşdirilən əmlakın mülkiyyət rejimi (fərdi mülkiyyət) əldə edilən aktivə münasibətdə eyni şəkildə davam edir. 5.10. Nikaha daxil olanadək və nikah dövründə keçirilən mərasimlərdə (elçilik, nişan, toy və sair) tərəflərdən birinə hədiyyə verilən zinət əşyaları onların ayrıca əmlakı sayılır və Ailə Məcəlləsinin 34.2-ci maddəsində müəyyən edilmiş istisnanın təsir dairəsinə düşmür. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
21. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
22. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
23. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
24. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
25. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
27. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
29. Hazırkı halda iddiaçı tərəfindən apellyasiya şikayətində tam mübahisələndirildiyindən Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
31. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
32. İddiaçının tələbləri aşağıdakılardan ibarət olmuşdur:
1. 59 adda, 21.835 manat (cehiz əşyalar 16.715 manat dəyərində, qızıl-zinət əşyaları 5.120 manat dəyərində, cəmi 21.835 manat) məbləğdə əmlakların dəyərinin ona ödənilməsi öhdəliyinin qoyulması;
2. Cavabdeh üzərinə onun birgə nikah dövründə ailəsinin maliyyəsi hesabına xx.xx.2017-ci il tarixdə 30.000 manata aldıqları «Ssang Yong» markalı ** EU *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin ona qaytarılması öhdəliyinin qoyulması;
3. Cavabdeh üzərinə vəfat etmiş həyat yoldaşı X3 mülkiyyətində olmuş, onun 1990-cı illərdən qeydiyyatda olduğu ünvan 1 ünvandakı fərdi yaşayış evindən və evin ətrafındakı 0,07174 ha torpaq sahəsindən ona 25.000 manat miqdarında kompensasiya ödənilməsi;
33. Cehiz əşya və qızıl-zinət əşyaları tələbinə dair rayon məhkəməsi qeyd etdiyi kimi, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli 2(002)-176/2022 saylı qətnaməsində qeyd olunanlardan görünür ki, İddiaçı Cavabdeh və qeyrilərinə qarşı «miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi, vərəsəlik haqqında şəhadətnamənin verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı həmin iş üzrə nə iddia ərizəsində, nə də izahatında cehiz və qızıl-zinət əşyalarının evdə qalmasına, cavabdeh tərəfindən gizlədilməsinə, ayrı yerə daşınmasına, məhv edilməsinə, mənimsənilməsinə, özgəninkiləşdirilməsinə və s. dair heç nə bildirməmişdir. Halbuki, miras əmlakla bağlı mübahisəni məhkəmə müstəvisinə çıxararkən, həmin əmlakları da tələb edə bilərdi.
34. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Qeyd edilən Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
37. Mülki işin materiallarını araşdıran məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və iddia tələbinin həmin hissəsinə münasibətdə gəldiyi qənaətlə razılaşır, eyni zamanda, əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
38. Belə ki, ilk əvvəl nəzərə almaq lazımdır ki, hazırkı işdə olduğu kimi, qızıl-zinət əşyalarının tələbi ilə bağlı hallarda, ümumi qaydaya müvafiq olaraq-«sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi tətbiq edilir. Bu isə öz növbəsində aşağıdakıları nəzərədə tutur, başqa sözlə, iddiaçı sübut etməlidir ki: Birinci - tələb olunan əşya mövcuddur; İkinci - tələb olunan əşya iddiaçıya məxsusdur; Üçüncü - tələb olunan əşya cavabdehdədir; Dördüncü - tələb olunan əşyanı cavabdehin saxlaması qanunsuzdur, başqa sözlə, o, qanunsuz sahibdir.
39. Mülki iş materiallarına əsasən həmin əşyaların mövcudluğu və onun iddiaçıya məxsus olması müəyyən edilsə də, həmin əşyaların cavabdehdə olması müəyyən edilmir. Belə ki, rayon məhkəməsinə təqdim edilmiş fotoşəkillərdən göründüyü kimi, iddiaçı tərəf «Lada» markalı «Largus» modelli M050NU (05) RF dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobillə əşyalarının daşınmasını həyata keçirmişdir. Rayon məhkəməsi haqlı olaraq bildirmişdir ki, iddiaçı avtomobillə yalnız həyətdə olan toyuqları apardığını bildirsə də, bu inandırıcı və ağlabatan deyil. Belə ki, iddiaçı dəyər baxımından qat-qat baha olan qızılzinət əşyaları və kiçik ölçülü əşyaları ola-ola, yalnız bir neçə toyuğu həyətdən götürüb aparması üçün yük götürmə qabiliyyəti kifayət qədər yaxşı olan avtomobili həyətə gətirməsi məntiqli deyil. Bu baxımdan, Məhkəmə kollegiyası cehiz əşya və qızıl-zinət hissədə rayon məhkəməsinin qənaətini əsaslı hesab edir.
40. İddia tələbinin «Ssang Yong» markalı ** EU *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə aid hissəsi ilə bağlı qeyd edilir ki, Azərbaycan Respublikası DİN BDYPİ-nin 09 iyul 2024-cü il tarixli məktubundan görünür ki, Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1951-ci il təvəllüdlü X3 adına xx.xx.2017-ci il tarixdə «X22» markalı ** EU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyata alınmış, xx.xx.2020-ci il tarixdə alğı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq X11 adına rəsmiləşdirilmişdir. Mülki iş materiallarında olan 21 aprel 2021-ci il tarixli AZ-İİ seriyalı 168606 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, iddiaçının əri X12 06 dekabr 2020-ci il tarixdə Bakı şəhərində vəfat etmiş, bu barədə müvafiq akt qeydləri kitabında 21 aprel 2021-ci il tarixdə 313 saylı akt qeydi aparılmışdır. Göründüyü kimi, mülki iş materialları ilə avtomobilin hələ iddiaçının ərinin sağlığında özgəninkiləşdirdiyi müəyyən edildiyindən, apellyasiya şikayəti həmin hissədə də əsassızdır.
41. İddia tələbinin iddiaçının vəfat etmiş həyat yoldaşı X3 mülkiyyətində olmuş, onun 1990-cı illərdən qeydiyyatda olduğu ünvan 1 ünvandakı fərdi yaşayış evindən və evin ətrafındakı 0,07174 ha torpaq sahəsindən ona cavabdeh tərəfindən 25.000 manat miqdarında kompensasiya ödənilməsi barədə hissəsi ilə bağlı bildirilir ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli 2(002)-176/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh və qeyrilərinə qarşı «miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi, vərəsəlik haqqında şəhadətnamənin verilməsi» tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş, həmin qətnamə ilə onun ünvan 1 ünvandakı fərdi yaşayış evinin miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi barədə iddiası təmin edilməmiş, həmin qətnamə apellyasiya və kassasiya qaydasında mübahisələndirilmiş, onun apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2850/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi, kassasiya şikayəti isə Ali Məhkəmənin 2(102)-5000/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2850/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
42. MPM-in 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması”na dair 30 iyul 2008-ci il tarixli qərarında aşağıdakıları qeyd etmişdir.
44. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.
45. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.
46. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.»
47. Bu baxımdan, iddiaçının həmin əmlakı miras əmlak kimi qəbul etməsi faktının müəyyən edilməsinə dair iddia tələbi təmin edilmədiyindən və həmin məhkəmə aktı qüvvəyə mindiyindən o, hazırkı əmlaka görə kompensasiya tələbinə dair subyektiv hüquqa malik deyildir, rayon məhkəməsi iddia tələbini həmin hissədə də təmin etməməkdə mahiyyət etibarı ilə düzgün nəticəyə gəlmişdir.
48. Beləliklə, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticə:
49. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə mahiyyət etibarı düzgün nəticəyə gələrək, iddia tələbini təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
50. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
51. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
52. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Qaradağ Rayon Məhkəməsinin 2(002)-256/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.