Məhkəmə qərarları › İş №2(103)-2837/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2837/2022

05.05.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2837/2022 05.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Babayev Zəki Baba oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı oğlunun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh1 iştirakları ilə, Sabunçu Rayon Məhkəməsinin 2(008)-6057/2021 saylı, 04.11.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı cavabdehlər Tagıyeva Ramina və Cavabdeh2 qarşı “alğı-satqı müqavilənin etibarsız hesab edilməsi və torpaq sahəsinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh2 arasında bağlanmış 05.03.2019-cu il tarixli, AN-İ ******* saylı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanında yerləşən 3544 saylı 0.03 hektar torpaq sahəsinə dair daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanında yerləşən 3544saylı 0.03 hektar torpaq sahəsinin İddiaçı mülkiyyətinə geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sabunçu Rayon Məhkəməsinin 2(008)-6057/2021 saylı, 04.11.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: İddiaçı apellyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, qətnamə qanunsuz və əsassızdır, belə ki, rayon məhkəməsi iddia tələbini iddia müddəti tətbiq etməklə rədd etmişdir, halbuki, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanması nəzərə alınsa, hazırkı iş ürə iddia müddətinin axımının Cavabdeh1 əri Cavabdeh2 ilə arasında əmlak mübahisəsi yarandığı vaxt ona bu barədə bildirdiyi vaxtdan başlandığı aşkardır, o, 2021-ci ilin iyun ayında məhkəməyə müraciət etmiş, qanunvericilikdə nəzərdə tutulmuş müddət də ötürülməmişdir. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək bildirdi ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanında yerləşən 3544 saylı 0,03 hektar torpaq sahəsini 2014-cü ildə alğı-satqı müqaviləsi əsasında əldə etmiş, 19.12.2014-cü il tarixdə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarış verilmiş, daha sonra orada layihə əsasında bağ evi tikdirmişdir. (Həmin torpaq sahəsinin yanında iddiaçının anasının da torpaq sahəsi var). Bundan sonra, iddiaçı bağ evini satmaq niyyətinə düşmüş, lakin dövlət qulluqçusu olduğundan vaxt azlığı ilə əlaqədar, daşınmaz əmlakın alğı-satqısı ilə tam məşğul ola bilmədiyindən yaxın dostluq münasibətində olduğu Cavabdeh2 arvadı Tağıyeva Raminaya bağı yaxşı qiymət verən real alıcı olacağı halda satması məqsədi ilə 2018-ci il tarixdə etibarnamə vermişdir. Sonradan Vahid ilə arvadı Raminanın arasında ailə mübahisəsi yaranmış, bu barədə Tagıyeva Ramina ona 2021-ci ilin may ayında bildirmiş, eyni zamanda Ramina iddiaçıya məxsus bağ evini əri Cavabdeh2 adına keçirdiyini demişdir, iddiaçı maraqlandığı zaman, həqiqətən də, onun verdiyi etibarnamədən istifadə edilərək Cavabdeh1 onun bağ evini əri Cavabdeh2 satdığını müəyyən etmiş və bundan dərhal sonra, 2021-ci ilin iyun ayında məhkəməyə hazırkı iddia ərizəsi ilə müraciət etmişdir. Rayon məhkəməsində iddia rədd edilərkən iddiaçı tərəfindən müddətin ötürülməsinə istinad etsə də, lakin müddətin axımının başlanması günü müəyyən edilməmişdir. Halbuki, müddətin axımının başlanması anı müəyyən olunmadan hər hansı müddətin keçməsi müəyyən edilə bilməz. İddiaçı iddia müddətini ötürməmişdir, o, bu barədə məlumat alıb onu yoxladıqdan dərhal sonra məhkəməyə müraciət etmişdir, həmin alğı-satqı müqaviləsi etibarsızdır, Ramina öz əri ilə alğı-satqı etməklə, əslində özü üçün əqd bağlamışdır, baxmayaraq ki, Mülki Məcəllənin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Eyni zamanda, Cavabdeh2 rayon məhkəməsində iddiaya etirazında həmin torpağın əslində Cavabdeh1 ailəsinə məxsus olmasını, onlar xarici ölkə vətəndaşı olduqları üçün iddiaçının adına rəsmiləşdirildiyini bildirmişdir, onun bu dəlili tamamilə əsassızdır, çünki elə olsaydı torpaq elə onun öz adına rəsmiləşdirilərdi, cavabdehin bu dəlilinin uydurma və tam əsassız olması həmin bağ sahəsinin yanında iddiaçının anasının adına olan və onlara məxsus başqa bir bağ sahəsinin də olması, eləcə də digər Cavabdeh1 bu halı təkzib etməsi ilə də təsdiq olunur. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin qeyd etmişdir ki, onların cavabdehlə yaxın əlaqələri olub və qohum (kirvə) olmuşlar. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 izahatında bildirmişdir ki, iddiaçı ilə ailəli olaraq yaxın münasibətləri var, iddiaçı bağ evini satmaq istədiyini, lakin bununla məşğul olmağa vaxtının olmadığını Vahidə bildirmiş, onlar bağın satılmasında iddiaçıya kömək edə biləcəklərini demişlər, bundan sonra iddiaçı onun adına baş etibarnamə vermiş, bir müddətdən sonra fikirləşiblər ki, bu evi özləri alsınlar, pulunu isə Sabunçu rayonundakı plana düşmüş evlərini sataraq, qalan hissədə isə maşını sataraq ödəyərlər, həmin vaxt da Emilə deyərlər ki, evi özləri alıblar. İddiaçının ona vermiş olduğu etibarnamə əsasında alğı-satqı ediblər, müqavilədə 4500 min manat qeyd edilib, ancaq evin qiyməti 70-80 min manat təşkil edir, həmin vaxt alğı-satqı barədə Emilə xəbər vermədilər, çünki əri Cavabdeh2 demişdi ki, ona məlumat verməsin, Emilə də heç bir ödəniş etməyiblər. Əri ilə ailə münasibətləri pozulduqdan sonra, o alğı-satqı barədə 2021-ci ilin mayında Emilə özü məlumat vermişdir. Həmin torpaq sahəsinin guya onun ailəsinə məxsus olması barədə Vahidin bildirdikləri də həqiqətə uyğun deyildir, torpaq sahəsi nə ona, nə də ki onun ailəsinə məxsus olmamışdır. Göstərilənlərə əsasən, apellyasiya şikayətinin əsaslı olduğunu və təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 şikayətlə razılaşmayaraq bildirdi ki, iddiaçının evin satışından 2 il müddətində xəbərdar olmaması şübhə doğurur. Çünki, iddiaçı özü də hüquqşünasdı, hüquq mühafizə orqanında işləyir, həmin müddətdə evin satılmasından məlumatı olmaması inandırıcı deyil. İddia əsassızdır və uydurmadır, məqsəd nikahın pozulması zamanı digər Cavabdeh2 əmlaksızlaşdırmaqdır. Müddətin axımı isə alğı-satqı müqaviləsinin imzalanmasından başlanmalıdır. Bu səbəbdən, apellyasiya şikayətinin əsassız olduğunu və təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: Mülki iş materiallarında olan 20.04.2014-cü il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanında yerləşən 3544 saylı 0.03 hektar torpaq sahəsi satıcı X3 (etibarnamə üzrə nümayəndəsi X4) tərəfindən 4000 manata alıcı İddiaçı satılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanında yerləşən 3544 saylı 0.03 hektar torpaq sahəsi 19.12.2014-cü il tarixdə İddiaçı adına dövlət qeydiyyatından keçmişdir. Mülki iş materiallarında olan (iş vərəqi 23-33) Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanında yerləşən 3544 saylı torpaq sahəsində yerləşən bağ evinin "xxxx" MMC tərəfindən 2018-ci ildə tərtib edilən və 0.03 hektar torpaq sahəsində terrasa,ümumi otaq, mətbəx, 3 yataq otağı, mətbəx, dəhliz və sanitar qovşaqdan ibarət eskiz layihəsindən müəyyən olunur ki, işin sifarişçisi X8 olmuşdur. Mülki iş materiallarında olan 27.06.2018-ci il tarixli, 599253 saylı etibarnamənin surətindən görünür ki, Əliyev X5 Raminaya mülkiyyətində olan ünvan ünvanında yerləşən 0.03 ha torpaq sahəsinə və üzərində yerləşən tikiliyə dair əmlakın yüklülüyünün olubolmaması barədə arayışı və digər aidiyyati sənədləri topladıqdan sonra üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, notariusa müraciət etməyi, notariat kontorunda rəsmiləşdirilmiş müqavilədə imza etməyi, pulunu almağı, ərizə yazmağı və bu tapşırıqların yerinə yetirilməsilə əlaqədar bütün digər hərəkətləri etməyi etibar etmişdir Mülki iş materiallarında olan 05.03.2019-cu il tarixli, AN-İ seriyalı, ******* saylı Daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanında yerləşən 3544 saylı 0.03 hektar torpaq sahəsi satıcı İddiaçı (etibarnamə üzrə nümayəndəsi Cavabdeh1) tərəfindən 4500 manata alıcı Cavabdeh2 satılmışdır. Cavabdeh2 rayon məhkəməsində təqdim etdiyi iddia müddətinin tətbiqi barədə 03 noyabr 2021-ci il tarixli ərizəsində də ancaq iddiaçı tərəfindən müddətin ötürülməsinə istinad etmiş, müddət tətbiq olunaraq iddianın rədd edilməsini xahiş etmişdir (iş vərəqi 59). Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasportdan müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanında yerləşən 3544 saylı 0.03 hektar torpaq sahəsi 10.05.2019-cu il tarixdə Cavabdeh2 adına dövlət qeydiyyatından keçmişdir. İddiaçı tərəfindən Sabunçu rayon İcra Hakimiyyətinə ünvanlanan ərizənin surətindən təqdim etdiyi layihə əsasında bağ evi tikməyə icazə istədiyi müəyyən edilir. İddiaçı ilə "xxxx" QSC bağlanan 01 aprel 2019-cu il tarixli müqavilənin surətindən müəyyən olunur ki, icraçı evin qazlaşdırılması işlərini müvafiq qaydalara uyğun olaraq yerinə yetirməyi öhdəsinə götürür. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, X1 adına ünvan -0.03 ha torpaq sahəsi rəsmiləşdirilmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Mülki Məcəllənin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Kollegiya hesab edir ki, iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanında yerləşən 3544 saylı 0,03 hektar torpaq sahəsi bağlı onun Cavabdeh1 verdiyi etibarnamə əsasında Cavabdeh1 tərəfindən həmin torpaq sahəsinin əri Cavabdeh2 satılması təmsilçinin- yəni Cavabdeh1 təmsil edilən, yəni İddiaçı adından şəxsən özü barəsində bağladığı əqd olduğundan, Mülki Məcəllənin 359.3-cü maddəsinin təsiri altına düşür və əhəmiyyətsiz əqddir. Bu səbəbdən, 05.03.2019-cu il tarixli, AN-İ seriyalı, ******* saylı Daşınmaz əmlakın alğı-satqı müqaviləsi etibasız hesab edilməlidir. Mülki Məcəllənin 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Hazırkı işin qeyd olunan halı, yəni həmin əqdin qanun pozulmaqla bağlanması mübahizəsizdir, cavabdeh də bunu mübahisələndirməmişdir. Cavabdeh rayon məhkəməsində təqdim etdiyi iddia müddətinin tətbiqi barədə 03 noyabr 2021-ci il tarixli ərizəsində də (iş vərəqi 59) ancaq iddiaçı tərəfindən müddətin ötürülməsinə istinad etmiş, müddət tətbiq olunaraq iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Rayon məhkəməsi iddia tələbini rədd edərkən iddia müddətinin ötürüldüyünə istinad etmişdir. Məhkəmə kollegiyası rayon məhkəməsinin mövqeyi ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir. Mülki Məcəllədə iddia müddəti ilə bağlı fəslində iddia müddətinin anlayışı, iddia müddətləri, iddia müddətinin müəyyənləşdirilməsi, iddia müddətinin tətbiqi, iddia müddətinin başlanması, iddia müddətinin axımının dayandırılması, iddia müddətinin axımının kəsilməsi, iddia müddətinin bərpası, iddia müddətinin tətbiq edilmədiyi tələblər və sair məsələlər tənzimlənir. Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Mülki Məcəllənin 354-cü maddəsində isə qeyd olunur ki, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edə bilər. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı müddətin tətbiqi zamanı ilkin şərt müddətin axımının başlandığı günün müəyyən edilməsindən ibarətdir. Çünki həmin gün müəyyən olunmadan müddətin bitməsinin müəyyən edilməsi mümkünsüzdür. Hazırkı iş üzrə qətnamədən bəlli olur ki, rayon məhkəməsi iddiaçının tələbinə müddət tətbiq etsə də (məhkəmə iş üzrə 354-cü maddədə müəyyən olunan 1 illik müddəti tətbiq etsə də, həmin müddətin kəsici və ya iddia müddəti olmasını müəyyənləşdirə bilməmişdir), müddətin axımının başlanması gününü müəyyən etməmiş, bununla da maddi hüquq normasının tətbiqində səhvə yol vermiş və müvafiq olaraq da səhv nəticəyə gəlmişdir. Belə ki, iddiaçı bildirir ki, alğı-satqı müqaviləsinin mövcudluğu barədə 2021-ci ilin may ayında Cavabdeh1 ona deməsi nəticəsində bilmiş, bu məlumatı yoxladıqdan dərhal sonra 2021-ci ilin iyun ayında məhkəməyə hazırki iddia ərizəsi ilə müraciət etmişdir. Bu halı Cavabdeh1 da təsdiq etmişdir. İddiaya etiraz edən digər Cavabdeh2 müddətin ötürüldüyünə istinad etmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Müddətin ötürülməsinə istinad edən cavabdeh bu halı sübut etməlidir. Cavabdeh2 bununla bağlı məhkəməyə yalnız iddiaçının hüquqşünas olmasına və iki il müddətində xəbərdar olmamasının şübhə doğurmasına istinad etmişdir. Cavabdehin bildiriyi xüsusatlar yalnız ehtimal olmaqla sübut kimi qiymətləndirilə bilməz. Cavabdeh bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Belə olan halda məlum olur ki, hazırkı halda iddia müddətinin axımı 2021-ci il may ayından, yəni iddiaçının belə bir əqdin bağlandığını bildiyi vaxtdan hesablanmalıdır. İddia ərizəsi isə rayon məhkəməsinin dəftərxanasına 26 iyul 2021-ci ildə daxil olmuşdur. Beləliklə də müəyyən olunur ki, rayon məhkəməsinin istinad etdiyi və Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş 1 illik müddət ötürülməmişdir. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə də, müəyyən olunur ki, işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq və təfsir edilməmiş, nəticədə də düzgün olmayan qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Məcəllənin 388-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Yuxarıda qeyd edilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iddia tələbi təmin edilməli, satıcı İddiaçı (etibarnamə üzrə nümayəndəsi Cavabdeh1) ilə Cavabdeh2 arasında bağlanmış 05.03.2019-cu il tarixli, AN-İ ******* saylı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanında yerləşən 3544 saylı 0.03 hektar torpaq sahəsinə dair daşınmaz əmlakın alğı-satqı müqaviləsi etibarsız hesab edilməli və torpaq sahəsi iddiaçıya geri qaytarılmalıdır. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, və iddia tələbi təmin edilməli, satıcı İddiaçı (etibarnamə üzrə nümayəndəsi Tagıyeva Ramina) ilə Cavabdeh2 arasında bağlanmış 05.03.2019-cu il tarixli, AN-İ ******* saylı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanında yerləşən 3544 saylı 0.03 hektar torpaq sahəsinə dair daşınmaz əmlakın alğı-satqı müqaviləsi etibarsız hesab edilməli və torpaq sahəsi iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia ərizəsinin verilməsi bağlı ödənilmiş 30 manat dövlət rüsumu və apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş 15 manat dövlət rüsumu, ümumilikdə, 45 manat cavabdehlər Tagıyeva Ramina və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçıya verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Sabunçu Rayon Məhkəməsinin 2(008)-6057/2021 saylı, 04.11.2021-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi təmin edilsin. Satıcı İddiaçı (etibarnamə üzrə nümayəndəsi Tagıyeva Ramina) ilə Cavabdeh2 arasında bağlanmış 05.03.2019-cu il tarixli, AN-İ ******* saylı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanında yerləşən 3544 saylı 0.03 hektar torpaq sahəsinə dair daşınmaz əmlakın alğı-satqı müqaviləsi etibarsız hesab edilsin və həmin torpaq sahəsi İddiaçı geri qaytarılsın. İddia ərizəsinin verilməsi bağlı ödənilmiş 30 manat dövlət rüsumu və apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş 15 manat dövlət rüsumu, ümumilikdə, 45 manat cavabdehlər Tagıyeva Ramina və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Zəki Babayev Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar