Məhkəmə qərarları › İş №2(103)-2873/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2873/2021

04.03.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2873/2021 04.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Bakı şəhəri 21 saylı notariat kontoruna, Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə və Cavabdeh3 qarşı “bağışlama müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibansız hesab edilərək ləğv olunması və əmlakın onun adına sənədləşdirilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhəri 21 saylı notariat kontoruna, Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 1 saylı Ərazi İdarəsinə və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nərimanov rayonu, 887-ci məhəllə, F.X.Xoyski prospekti 81 A ünvanında yerləşən və dəyəri 500 000 (beş yüz min) manat qiymətləndirilən qeyri-yaşayış sahəsini Cavabdeh3 bağışlamasına dair onunla xx.xx.2011-ci il tarixdə 21 saylı notariat kontorunda müqavilə bağladığını, Cavabdeh3 həmin əmlakı xx.xx.2012-ci il tarixdə MA № ******* saylı çıxarışla adına sənədləşdirdiyini, əmlak bağışlanarkən həyat yoldaşının razılığının alınmadığını və notariusun bu barədə ona izah vermədiyini bildrmiş, buna görə də sözügedən bağışlama müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edərək ləğv olunması, qeyri yaşayış sahəsinin adına sənədləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv, iddianın isə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin işin hallarına və sübutlara düzgün hüquqi qiymət vermədiyini, işə iştirakı olmadan baxaraq qanunsuz qərar çıxardığı arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etmiş, cavabdehlər (nümayəndələri) isə məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına əsasən, İddiaçı Bakı şəhəri 21 saylı Dövlət notariat kontorunda xx.xx.2011-ci il tarixdə 4Ə-247 reyestr nömrəsi ilə qeydə alınmış bağışlama müqaviləsi ilə mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, 887-ci məhəllə, F.X.Xoyski prospekti 81 A ünvanında yerləşən qeyri-yaşayış sahəsini qardaşı Cavabdeh3 bağışlamış, iddiaçının həyat yoldaşı X1 əmlakın özgəninkiləşdirilməsinə etiraz etmədiyi barədə ərizə vermiş, əmlak xx.xx.2012-ci il tarixdə Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçının iddiasına görə o, sözügedən bağışlama müqaviləsini aldadılması nəticəsində və hədə-qorxu təsiri altında bağlamış, həmçinin sonradan cavabdeh ona qarşı çoxsaylı məhkəmə iddiaları irəli sürdüyündən bağışlama onun üçün ağır yükə çevrilmişdir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının öz iddiasının hüquqi əsası kimi istinad etdiyi Mülki Məcəllənin 673.2.2-ci maddəsinə əsasən isə, vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevirə biləcəyi dərəcədə dəyişdikdə, hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Bununla bağlı kollegiya qeyd edir ki, həmin maddi hüquq norması bağışlama barədə verilən vəddən imtinanı nəzərdə tutur; hazırkı halda isə iddiaçı bağışlama vədini deyil, artıq bağlamış olduğu bağışlama müqaviləsinin etibarsızlığını tələb etməkdədir və bu səbəblə də onun iddia tələbinə əqdlərin etibarsızlığını tənzimləyən maddi hüquq normaları kontekstində qiymət verilməlidir. Mülki qanunvericiliyə əsasən əqd, mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Bağışlama müqaviləsi ikitərəfli əqdin bir növü olmaqla, əmlaka mülkiyyət hüququnun və ya bəzi əmlak hüquqlarının hədiyyə verəndən hədiyyə alana keçməsində ifadə olunur. Bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 670.1-ci maddəsinə görə isə, bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. İşin müəyyən olunmuş hallarına əsasən, mübahisələndirilən bağışlama müqaviləsi tərəflərin tam sərbəst iradələri əsasında bağlanmış, onun tərəfləri öz hüquq və vəzifələrinin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etməmiş, başqa sözlə, həmin müqaviləni hər hansı şərtlə bağlamamış, iddiaçının irəli sürdüyü hal, yəni bağışlama müqaviləsini bağlayarkən aldadılması isə ümumiyyətlə sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.5-ci maddəsinə görə, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən isə, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Kollegiya həmçinin hesab edir ki, iddiaçı tərəfindən əqdin mübahisələndirilməsi üçün qanunda nəzərdə tutulmuş müddət də ötürülmüşdür. Belə ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Kollegiya Mülki Məcəllənin 354.2-ci maddəsinin hüquqi mahiyyəti ilə əlaqədar həm də onu qeyd edir ki, etibarsız əqdlər üzrə müddətlər qanunvericlik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir. Maddənin mənasına görə, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3019/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçının ödədiyi dövlət rüsumunun məbləği onun özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar