Məhkəmə qərarları › İş №2(103)-2881/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2881/2024

10.06.2024 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2881/2024 10.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh3 ASC-yə, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və mənzildən çıxarılma tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X15 (sədrlik edən və məruzəçi), X8 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, cavabdehlər Cavabdeh3 ASC-yə, Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh3 ASC-yə, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Borcverən İddiaçı ASC və borcalan Cavabdeh3 ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli KXM 02 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana 12 ay müddətinə, illik 18 faiz ödəmək şərtilə 500000 ABŞ dolları məbləğində kredit verilmişdir. Borcalan kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür.

2. “İpoteka saxlayan” İddiaçı ASC və “ipoteka qoyan” Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 ona məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, ev 3, 2 nömrəli mənzili və Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, ev 3, 2a nömrəli mənzili xx.xx.2015-ci il tarixli KXM 02 saylı kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasının təminatı kimi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir.

3. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışında qeyd olunur ki, Cavabdeh3 ASC-nin xx.xx.2015-ci il tarixli KXM 02 saylı kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixə olan əsas borcu 396436 ABŞ dolları, faiz borcu 132851 ABŞ dolları, cəmi borcu 529287 ABŞ dolları təşkil edir.

4. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən Cavabdeh3 ASC-yə və Cavabdeh1 ünvanlanmış bildirişdən görünür ki, kredit borcunun vaxtında ödənilmədiyi üçün ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi prosedurana başlanılacağı barədə xəbərdarlıq edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Ləğv prosesində olan “Atrabank “ASC-nin ləğvedicisi X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 ASC-dən Ləğv prosesində olan “Atrabank “ASC-nin xeyrinə 396.436 ABŞ dolları əsas, 132.851 ABŞ dolları faiz, cəmi 529.287 ABŞ dolları borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun, bildirişin qeydə alınması üçün ödənilmiş 31 manat pulun tutulması, tutmanın digər Cavabdeh1 ilə bağlanmış ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, 3 saylı evin, 2 saylı mənzilinə və Bakı şəhəri, Nərimanov rayonu, A.Hedərov küçəsi, 3 saylı evin. 2 A saylı mənzillərinə yönəldilməsi, həmin mənzillərin açıq həracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, mənzillər satıldıqdan sonra ən geci 1 ay ərzində qeydiyyatda olan Cavabdeh1 və Cavabdeh2 mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Ləğv prosesində olan "xxxx" ASC ilə Cavabdeh3 ASC arasmda bağlanmış xx.xx.2015-ci il tarixli, KXM 02 saylı kredit müqaviləsinə əsasən ona 12 ay müddətinə, illik 18 faiz ödəmək şərtilə 500000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit Müqaviləsinin 1.1-ci bəndinə əsasən borcalan qrafikə əsasən krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin cavabdeh müqavilə şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin banka 396436 ABŞ dolları əsas, 132851 ABŞ dolları faiz, cəmi 529287 ABŞ dolları borcu yaranmışdır. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Cavabdeh1 ilə xx.xx.2015-ci il tarixdə ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, cavabdehə mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, ev 3, 2 saylı mənzil və Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, ev 3, 2A saylı mənzil "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.

7. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh3 ASC-yə, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və mənzildən çıxarılma” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh3 ASC bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi real müqavilə olmamış, E.Nəbiyevin təklifi ilə "xxxx" MMC-nin direktoru Ə.Məmmədovun 2014-cü il tarixli kredit müqaviləsi əsasında kredit məbləğinin bankda saxlanılan hissəsinin qaytarılması məqsədi ilə bağlanmışdır. Məhkəmə onu da qeyd edir ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərarı). Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi əhəmiyyətsiz əqd olduğundan, iddiaçının həmin əqd üzrə öhdəliklərdən irəli gələn mövcud iddia tələbi əsassızdır. Həmçinin məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi etibarsız olduğundan onun təminatı kimi bağlanmış həmin tarixli ipoteka müqaviləsi də etibarsızdır və tərəfər üçün, o cümlədən Cavabdeh1 üçün heç bir öhdəlik yaratmır. Odur ki, məhkəmə belə yekun qənaətə gəlir ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh3 ASC-yə, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və mənzildən çıxarılma” tələbinə dair iddiası rədd edilməlidir.

9. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 6.2, 294.1, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 340.1, 385.1, 386.1, 421, 421.2, 442, 445, 448.1, 739.1, 739.2, 741-ci maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 77.1 ,88, 106.1, 107, 119.1, 217.4 ,216-220, 222-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10.Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilərək, bankın iddia tələbinin tam təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayətində göstərilmişdir ki, tərəflər arasında xx.xx.2015-ci tarixli kredit xətti müqaviləsi mövcüddur, kredit xətti üzrə cavabdehə 500.000 ABŞ dolları məbləğində kredit xətti ayırılmışdır, həmçinin X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli Hökmündə qeyd olunur ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş hazırki iş üzrə Cavabdeh3 ASC-nin idarə heyətinin sədri işləmiş X18 ifadəsində göstərmişdir ki, xx.xx.2015-ci i tarixdə İddiaçıASC-nin Baş ofisinə gedərək müəyyən kredit sənədlərinə imza etmiş və bundan sonra bankın kassasından 396.436 ABŞ dollarını hissə-hissə olmaqla bir neçə dəfəyə götürmüşdür. Beləliklə, cavabdeh kredit vəsəaitini götürdüyünü etiraf etmişdir. Etirafdan üstün sübüt yoxdur. Odur ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi işin faktiki halları ilə bağlı dəlillərini əsassız hesab edir. Əqdi əhəmiyyətsiz hesab etməklə məhkəmə yanılıb. Hesab edir ki, məhkəmə tərəfindən borcun tutulması barədə iddianı rədd edərkən iddiaçının hüquqlarının pozulmasını nəzərə almamışdır. Cavabdeh borcun olmasını təkzib edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

13. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçı ləğv prosesində olan İddiaçı ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək bildirir ki, apellyasiya şikayətinin təmin edilməsini xahiş edir.

14. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X10 apellyasiya şikayətini müdafiə edərək bildirir ki, apellyasiya şikayətini müdafiə edir. Kredit müqaviləsi formal olaraq bağlanmışdır. İş materiallarına hökm əlavə edilmişdir. Cavabdeh ASC-nin direktoru etiraf etmişdir ki, pulu bankdan götürmüşdür. Pulun götürüləndən sonra necə xərclənməsinin işə aidiyyatı yoxdur. Məhkəmə düzgün nəticəyə gəlməyib. Kredit girovla da təmin edilmişdir.

15. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh3 ASC-yə, Cavabdeh1 və Cavabdeh2 nümayəndə və vəkili Nümayəndə1 çıxış edərək bildirdi ki, iş üzrə zəruri qərarları rayon məhkəməsinə təqdim ediblər. İddiaçı ASC-dən 3 milyon kredit götürülmüşdür. Kredit portfelinin artırılması üçün əlavə kredit yazılmışdır ki, bank bağlanmasın. 1 milyon yarım 3 milyon yarımın içindədir. Cinayət işi açılıb, 3 epizoda bölünüb, istintaqda və məhkəmədə ifadələr alınıb.Ali Məhkəmənin qərarını da iş materiallarına əlavə ediblər. Apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir.

Tətbiq edilən hüquq normaları:

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

Maddə 294.1.1. girovla təmin edilmiş öhdəliyə xitam verildikdə girova xitam verilir.

Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Apellyasiya baxışının hədləri

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

20. Hazırki halda iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

22. İşin halları ilə müəyyən edilir ki, İddiaçı ASC ilə Cavabdeh3 ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, KXM 02 saylı kredit müqaviləsinə əsasən Cavabdeh3 ASC-yə 500000 ABŞ dolları məbləğində kredit verilmişdir, kredit müqaviləsinin təminatı olaraq İddiaçı ASC ilə Cavabdeh1 arasında ipoteka müqaviləsi imzalanmışdır, müqaviləyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, ev 3, 2 nömrəli mənzil və Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, ev 3, 2a nömrəli mənzil xx.xx.2015-ci il tarixli KXM 02 saylı kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasının təminatı kimi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir.

23. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-59/2022 nömrəli, 26 aprel 2022-ci il tarixli hökmü ilə müəyyən olunmuşdur ki, X16 xx.xx.1992-ci il tarixdən xx.xx.2016-cı il tarixədək İddiaçı ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə, yuxarıda qeyd olunan normativ sənədlərin tələblərini yerinə yetirməyərək öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, Azərbaycan Respublikası X25 heyətinin banklarda məcmu kapitalının minimum miqdarının 50.000.000 manat müəyyən edilməsi haqqında 25 iyul 2012-ci il tarixli qərarında nəzərdə tutulmuş şərtləri pozmaqla, bankın lisenziyasının ləğv olunmasının qarşısını almaq və bununla da bankın fəaliyyətini davam etdirməsi ilə əlaqədar nizamnamə kapitalının artırılması üçün tələt olunan vəsaitin, bankın səhmdarlarının adından formal olaraq kassaya mədaxil olunmasına, həmin vəsaitin bankın Azərbaycan Respublikası Mərkəzi Bankında olan müxbir hesabına köçürülməsinə və Milli Depozit Mərkəzində təsdiq olunmasına nail olmaq və qeyd edilən pul vəsaitinin mövcudluğunu təsdiq etmək üçün, X25 heyətinin sədri tərəfindən 18 noyabr 2008-ci il tarixli 34 saylı protokolla təsdiq edilmiş “Banklarda Kreditlərin verilməsi Qaydaları”na zidd olaraq, yəni kreditin məqsədini, ödənişlərin mənbəyini, borcalanla və onun sifariş etdiyi kreditlə bağlı riskin səviyyəsini, kreditin, habelə onun müqabilində təklif edilən təminatın bazar və iqtisadi dəyişikliklərə qarşı həssaslığım, kreditləri üzrə rəalryyət sahəsində borcalamn təcrübə və biliklərini, borcalana kredit ilk dəfə verildikdə bank borcalanın nüfuzunu və ödəniş qabiliyyətini nəzərə almayaraq, faktiki mövcud olmayan maliyyə vəsaitləri üzrə yaxın münasibətləri olduğu ayrı-ayrı şəxslərin adına rəsmiləşdirilmiş formal, heç bir fəaliyyəti olmayan özəl müəssisələrin adlarına, o cümlədən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X7 21 noyabr 2014-cü il tarixli kredit müqaviləsi ilə 21 noyabr 2017-ci il tarixədək illik 6 faiz ödəmək şərtilə 3.500.000 manat, “Günel-R” firmasının direktoru X3 21 yanvar 2016-cı il tarixli kredit müqaviləsi ilə 21 yanvar 2018-ci il tarixədək illik 6 faiz ödəmək şərtilə 1.000.000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 1.602.800 manat, “Bəyaz” firmasının direktoru X4 21 yanvar 2016-cı il tarixli kredit müqaviləsi ilə 21 yanvar 2018-ci il tarixədək illik 6 faiz ödəmək şərtilə 1.000.000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 1.602.800 manat, eyni zamanda yaxın münasibətlərindən istifadə edərək hüquqi şəxsin adına rəsmiləşdirməklə, yəni "xxxx" MMCnin direktoru X11 21 noyabr 2014-cü il tarixli kredit müqaviləsi ilə 16 noyabr 2015-ci il tarixədək illik 5,5 faiz olmaqla 3.000.000 manat kreditin ayrılmasını təmin edib, həmin vəsaitin 1.500.000 manat hissəsini borc olaraq alıb onun 1.362.750 manatını 25 noyabr 2014-cü il tarixdə özünə məxsus AZ80ATRA 410100 480000 00000005 saylı cari, 26 noyabr 2014- cü il tarixdə isə həmin hesabdan ******************** saylı subordinasiya depcziti hesabına köçürüb, həmin vəsaiti Nizamnamə kapitalının formalaşmasına yönəltməklə, sonradan sonuncu tərəfindən borc vəsaitinin geri qaytarılması tələb olunduqda, həmin tələb olunen vəsaiti ayrı-ayrı hüquqi və fiziki şəxslərin, o cümlədən "xxxx" MTK-nın sədri X12 adına 25 noyabr 2015-ci il tarixli 1.000.000 ABŞ dolları məbləğində olan kredit xətti müqaviləsi ilə 12 ay müddətinə illik 18 faiz ödəmək şərtilə 255.000 ABC dolları, həmin dövrün rəsmi valyuta məzənnəsi ilə 267.979,50 manat, X5 (hazırkı iş üzrə cavabdeh) adına 21 iyul 2015-ci il tarixli kredit müqaviləsi ilə 12 ay müddətinə illik 14 faiz ödəmək şərtilə 600.000 ABŞ dolları, həmin dövrün rəsmi valyuta məzənnəsi ilə 629.940 manat və Cavabdeh3 direktoru X13 adına 08 oktyabr 2015-ci il tarixli 500.000 ABŞ dolları məbləğində olan kredit xətti müqaviləsi ilə 12 ay müddətinə illik 18 faiz ödəmək şərtilə 396.436 ABŞ dolları, həmin dövrün rəsmi valyuta məzənnəsi ilə 415.464,92 manat, ümumilikdə isə 8.018.984,12 manat olmaqla, qanunsuz kreditlərin rəsmiləşdirilməsi ilə Mərkəzi Bankın tələb etdiyi formal məcmu nizamnamə kapitalına malik olması görüntüsü yaradıb, bununla da bankın fəaliyyətinin qanunsuz davam etdirilməsinə nail olaraq, faktiki olaraq bankın məcmu kapitalı və likvid ehtiyatları müəyyən edilmiş səviyyədə olmadığından, gələcəkdə müştəriləri qarşısında öhdəliklərini icra etmə imkanları aradan qaldırılmaqla, yekun olaraq bankın ləğvi ilə nəticələnən qeyd olunan hərəkətləri ilə, Ləğvetmədə olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hüquqlarına və qanuni mənafelərinə, o cümlədən dövlətin bank sisteminin dayanlıqlığının və maliyyə sabitliyinindaha da gücləndirilməsi sahəsində qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən suiistifadə etmişdir.

24. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(103)-59/2022 saylı hökmü ilə X16 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə 5 il müddətinə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 1 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən cəzaları qismən toplamaq yolu X9 qəti olaraq 1 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələri tətbiq olunaraq 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə ona 3 il sınaq müddətinin müəyyən edilməsi, hökmün icrasına nəzarətin yaşayış yeri üzrə Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi, sınaq müddəti ərzində üzərinə cəzasının icrasına nəzarət edən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmuşdur.

25. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 82.4-cü maddəsində qeyd edilir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

26. Göründüyü kimi, X16 xx.xx.1992-ci il tarixdən xx.xx.2016-cı il tarixədək İddiaçı ASCnin İdarə Heyətinin sədri vəzifəsində işləyərkən Azərbaycan Respublikası X25 heyətinin banklarda məcmu kapitalının minimum miqdarının 50.000.000 manat müəyyən edilməsi haqqında 25 iyul 2012-ci il tarixli qərarında nəzərdə tutulmuş şərtləri pozmaqla, bankın lisenziyasının ləğv olunmasının qarşısını almaq və bununla da bankın fəaliyyətini davam etdirməsi ilə əlaqədar nizamnamə kapitalının artırılması üçün tələb olunan vəsaitin, bankın səhmdarlarının adından formal olaraq kassaya mədaxil olunmasına, həmin vəsaitin bankın Azərbaycan Respublikası Mərkəzi Bankında olan müxbir hesabına köçürülməsinə və Milli Depozit Mərkəzində təsdiq olunmasına nail olmaq və qeyd edilən pul vəsaitinin mövcudluğunu təsdiq etmək üçün, X25 heyətinin sədri tərəfindən 18 noyabr 2008-ci il tarixli 34 saylı protokolla təsdiq edilmiş “Banklarda Kreditlərin verilməsi Qaydaları”na zidd olaraq müqavilələr imzalanması qanun qüvvəyə minmiş məhkəmə hökmündə öz təsdiqini tapmışdır.

27. İddiaçı apellyasiya şikayətinin dəlili olaraq Cavabdeh3 ASC-də idarə heyətinin sədri işləmiş X1 kredit müqaviləsi üzrə 396436 ABŞ dollarını hissə-hissə olmaqla bir neçə dəfəyə götürməsi barədə ifadəsinə istinad etmiş və qeyd etmişdir ki, borcun mövcud olması etiraf edilmişdir.

28. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Polad-2008" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 10 iyun 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 17 fevral 2020-ci il tarixli qərarında qeyd edilir ki, “...kredit xətti müqaviləsi üzrə pulun çıxarılması faktı öz-özlüyündə borcun etiraf edilməsi kimi qiymətləndirilə bilməz. Belə nəticə üçün iki tərəf arasında bağlanan kredit müqaviləsinin doğruluğuna, uydurma əqd olub-olmamasına, bank təcrübəsində böyük məbləğdə verilən kreditə görə kredit müqaviləsinin real təminat olmadan bağlanması faktına və digər sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli idi. Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə bağlı, həmçinin əqdlərin etibarsızlığına dair normaları nəzərdən keçirərək bir daha qeyd etməyi vacib bilir ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar).

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə "xxxx" Mənzil- Tikinti Kooperativi arasında 25 noyabr 2015-ci il tarixli kredit xətti müqaviləsindən irəli gələn əsas borcun, kredit müqaviləsinin müddəti ərzində və müqavilə müddəti bitdikdən sonra əsas borca hesablanmış faiz borcunun onun xeyrinə tutulması ilə bağlı yaranmış mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 10 iyun 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair müraciət əsasında qəbul edilmişdir və Bakı Apellyasiya Məhkəməsinin 1(103)-59/2022 nömrəli, 26 aprel 2022-ci il tarixli hökmünə toxunulmuşdur.

30. Məhkəmə kollegiyası qeyd edir ki, kredit xətti müqaviləsi üzrə pulun çıxarılması faktı öz-özlüyündə borcun etiraf edilməsi kimi qiymətləndirilə bilməz. Mübahisə predmeti olan kredit xətti müqaviləsi əhəmiyyətsiz əqd olduğundan iddiaçının iddia tələbi əsassızdır.

31. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsi ilə bağlı düzgün qənaətə gəlmişdir.

32. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

33. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.

34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar