Məhkəmə qərarları › İş №2(103)-2899/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2899/2025

20.06.2025 · Əqli mülkiyyət hüququ ilə əlaqədar mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2899/2025 20.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, Əliyev Ülfət Vilayət oğlunun katibliyi, İddiaçının nümayəndəsi İddiaçı2 iştirakı ilə, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1742/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları:

1. “Azərbaycan Müəllifləri” İctimai Birliyi Cavabdeh Firması “Təbrik” Şadlıq Sarayına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən mətnli, yaxud mətnsiz musiqili əsərlərin kütləvi nümayişinin qadağan edilməsi, ödənilməmiş müəllif qonorarı olmaqla 33.000 AZN vəsaitin ödənilməsi, 50.000 AZN kompensasiyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi rədd edilmiş, iddiaçı göstərilən nəticə ilə razılaşmamış və qətnamədən apellyasiya şikayəti vermişdir.

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı “Azərbaycan Müəllifləri” İctimai Birliyi Cavabdeh Firması “Təbrik” Şadlıq Sarayına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Firması “Təbrik” Şadlıq Sarayı tərəfindən mətnli, yaxud mətnsiz musiqili əsərlərin kütləvi nümayişinin qadağan edilməsi, ödənilməmiş müəllif qonorarı olmaqla 33.000 AZN vəsaitin ödənilməsi, 50.000 AZN kompensasiyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “X4 Əmlak Hüquqlarının İdarəçiliyi” İctimai Birliyi 31 mart 2004-cü il tarixindən müəlliflərin əmlak hüquqlarının kollektiv əsasda idarəçiliyi sahəsində fəaliyyət göstərir. 30 dekabr 2008-ci il tarixində İB-in nizamnaməsində dəyişiklik edilmiş və “Azərbaycan Müəllifləri” adı altında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeyri-kommersiya qurumlarının dövlət reyestrində yenidən qeydiyyata alınmışdır. “Azərbaycan Müəllifləri” İB-yi Ümumdünya Bəstəkar və X1 Konfederasiyasının (SİZAK) dinləyicisidir. Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bir çox iaşə obyektləri, konsert müəssisələri, televiziya və radio yayım müəssisələri “Azərbaycan Müəllifləri” İB ilə müqavilə bağlayaraq lisenziya ödənişləri ödəyir, ictimai birlik isə öz növbəsində müəlliflərə ödənişlər edir. Müəlliflərin əmlak hüquqlarının təmin edilməsi məqsədilə “Azərbaycan Müəllifləri” İB tərəfindən cavabdeh “FAİQ-S" Firması “Təbrik” şadlıq sarayı rəhbərliyinə rəsmi olaraq 19 iyun 2023-cü il tarixli №AM-2023/140 nömrəli məktub-müraciət təqdim olunmasına baxmayaraq bu günə qədər cavab verilməmişdir (Məktubu qəbuldan imtina etmişlər). Dəfələrlə telefon əlaqələrində isə qonorar ödənişlərindən imtina edilmişdir. Nəticə etibarilə, cavabdeh hal-hazırda müəllif hüququ və əlaqəli hüquqlar haqqında qanunvericiliyin müddəalarını pozmaqla 5 zaldan ibarət məkanda musiqi əsərlərindən qanunsuz istifadə etməklə fəaliyyət göstərir. Bu fəaliyyəti nəticəsində müəllif cəmiyyətinə, pandemiyadan sonrakı keçən 42 ay ərzində toy şənliklərində istifadə olunan musiqilər üçün 33.000 AZN məbləğində ziyan dəymişdir. “Azərbaycan Müəllifləri” İB əsərlərdən istifadəyə görə qonorar yığılması və müəlliflərə çatdırılması sahəsində kollektiv idarəetmə təşkilatı olaraq müəlliflərin əmlak hüquqlarının təmin edilməsinə xidmət edir. Cavabdeh və eyni zamanda cavabdehin timsalında digər müəllif qonorarı ödəyiciləri tərəfindən musiqi əsərlərindən icazəsiz (lisenziyasız) istifadə, müəlliflərin qanunla onlara çatası qonorarlardan məhrumiyyətinə, dövlət və sosial ödənişlərin ödənilməməsinə səbəbiyyət verməklə, əqli mülkiyyət hüquq sahəsinin inkişafını ləngidir. Bu sahədəki hüquqpozmaların qarşısının alınmasında və müəlliflərin maraqlarının daha etibarlı təmin olunması, onların pozulmuş əmlak hüquqlarının bərpası məqsədilə qanuni və ədalətli məhkəmə qərarlarına ehtiyac vardır. İddia ərizəsi AR Konstitusiyasının 26-cı, 29-cu, 30-cu, 60-cı, 71-ci maddələrinə, AR “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 4-cü, 15.2, 15.4-ci, 42.1-ci,2-ci, 43.2-cü, 44.1-ci maddələrinə, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” AR Qanununun tətbiq edilməsi ilə bağlı məsələlər haqqında” AR Nazirlər Kabinetinin 2 may 1997-ci il tarixli, 38 saylı Qərarının əlavə 3.Vİ, əlavə 4.1-ci, əlavə 3.31- ci, əlavə 2.5.2, əlavə 3.31-32-ci, əlavə 3 İV qeyd bölməsi 31- 32-ci bəndləri, əlavə 4. 34- 35-ci, (maddə 45.2), 4, 5-ci bəndlərinə və AR MPM-nin 165 maddələrinə əsaslandırılmışdır.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)-1742/2025 nömrəli qətnaməsi ilə (hakim Leyla Şövkətli-Mənsimli) iddia tələbi təmin edilməmişdir.

5. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, iş materiallarında müəlliflərin və ya digər əlaqəli hüquq sahiblərinin özlərinin əmlak hüquqlarının idarəçiliyini “Azərbaycan Müəllifləri” İctimai Birliyinə həvalə etməsi barədə hər hansı müqavilə aşkar olunmadığından iddiaçının hazırki iddia tələbini qaldırmağa subyektiv hüququ olmamışdır. Odur ki, iddia tələbi təmin edilməməlidir.

6. Apellyasiya icraatı zamanı Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri

7.İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, iddianın təmin edilməsi və hakim Leyla Şövkət-Mənsimli barədə intizam icraatının başlanmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 42-ci və 43-cü maddələrinin, Nazirlər Kabineti 38 saylı qərarının Əlavə 2, Əlavə 3. Vİ Qeydlər bölümünü, Əlavə 4, 33, 34 və 35-ci bəndlərinə münasibət bildirilməmişdir. Bu hal qətnamədə gizlədilməklə Azərbaycan Respublikasının “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanuna və Nazirlər Kabinetinin 38 saylı qərarına əsasən birliyə verilən hüquqların hakim tərəfindən məqsədli şəkildə məhdudlaşdırılmasıdır. İddiaçının təqdim etdiyi sübutlar əsassız olaraq qeyri-kafi hesab edilmişdir. Cavabdeh məhkəmə qarşısında iddiaçı tərəfindən irəli sürülən halları inkar etmiş, lakin bu inkarını əsaslandıran heç bir sübut təqdim etməmişdir. Məhkəmənin işin hallarını tam və obyektiv araşdırmamışdır. Məhkəmə təqdim olunan sübutları obyektiv və hərtərəfli şəkildə qiymətləndirməmişdir. Odur ki, məhkəmə qərarının yenidən nəzərdən keçirilməsini və Mülki Prosessual Məcəllənin 217-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların obyektiv qiymətləndirilməsini tələb etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı cavabdehin vəkili Vəkil tərəfindən etiraz ərizəsi daxil olmuşdur. O, şikayətin həm faktiki, həm də hüquqi əsasları olmadığından əsassız hesab edilməsini və təmin olunmamasını xahiş etmişdir. Xüsusi olaraq qeyd etmişdir ki, qanunvericilik normasının tələbinə görə, hazırkı halda “Azərbaycan Müəllifləri” İB-nə əmlak hüquqlarını kollektiv əsasda idarə etmək səlahiyyətini bilavasitə müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri könüllü olaraq yazılı müqavilələr əsasında və ya bu təşkilatlara üzv olmaqla verməlidir; məhz, əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar yalnız qanunvericilikdə nəzərdə tutulan qaydada özlərinin əmlak hüquqlarının idarəçiliyini onlara həvalə etmiş müəllifləri və ya digər hüquq sahiblərini təmsil etməli və onların hüquqlarının müdafiəsi məqsədi ilə məhkəməyə və ya digər təşkilatlara müraciət etməlidir. (“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 41-ci maddəsinin 2-ci hissəsinin sonuncu 2 abzası) Açıq-aşkardır ki, maddi hüquq normasının tələbinə əsasən iddiaçının hazırkı iddianı qaldırmaqda ümumiyyətlə subyektiv hüququ olmamışdır. Bununla yanaşı qeyd etməyi zəruri hesab edirik ki, iddiaçı müəlliflərin hüquqlarının qorunması naminə hazırkı iddia tələbi ilə müraciət etdiyinə əsaslansa belə, konkret olaraq hansı müəlliflərin adından çıxış etməsi, müəlliflə qurum arasında müqavilənin olub-olmaması yaxud müəllifin qurumun üzvü olması, eləcə də hansı növ musiqi əsərlərinin ifa olunması, bu əsərin hansı müəllifə məxsus olması məsələsinə də aydınlıq gətirməmişdir. Qeyd olunmalıdır ki, iddianın əsası kimi istinad olunan halların sübut olunması üçün hər hansı bir təsdiqedici sənəd (mötəbər sübut) iddiaçı tərəfindən məhkəmə iş materiallarına təqdim olunmadığı kimi, apellyasiya şikayətində də həmin hallar təkrarlandığına görə, şikayətin əsaslı hesab edilməsi yol verilməzdir və qəbul edilən deyil. Bir sözlə, apellyasiya şikayəti formal mülahizədən və iddiaçının nümayəndəsinin dolandırıcı və təhrif olunmuş fərziyələrindən ibarətdir. Əvvəla qeyd olunmalıdır ki, hazırda iddiaçı tərəfindən təqdim edilən sənədlərlə iddianın əsaslı olması deyil, əksinə iddianın əsassız olması və hüquqi əsasının ümumiyyətlə tapılmaması müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Xüsusi olaraq qeyd olunmalıdır ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Bu səbəbdən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Apellyasiya şikayətində göstərilən əsaslarla və məhkəmə iş materiallarına təqdim olunan sənədlərlə iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu ümumiyyətlə müəyyən edilmir ki, bu da, iddiaçının hazırkı iddia tələbləri ilə məhkəməyə müraciət etməkdə subyetiv hüququnun olmamasını sübut edir və apellyasiya şikayətinin də tam əsassız olmasını sübut edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 24 iyul tarixli Qərarında qeyd edilir ki, Mülki Prosessual Məcəllənin mülki məhkəmə icraatının vəzifələrini təsbit edən 2-ci maddəsinə görə, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Məcəllənin 4.1-ci maddəsinə əsasən isə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, bu maddələrdə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “A.Daşdəmirovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 1 iyul 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli Qərarında göstərilir ki, “.... subyektiv mənada əşya hüququ dedikdə, subyektin mülki dövriyyənin maddi obyekti kimi konkret əşya barəsində olan hüququ başa düşülür. Əşya hüququ ilə əşyanın bu və ya digər şəxsə məxsusluğu müəyyən edilir və bu hüquq mütləq xarakterə malik olması ilə səciyyələnir. Bu baxımdan əşya hüququ iki funksiya yerinə yetirir – tənzimləyici funksiya (bu funksiya əsasında konkret əşyanın konkret şəxsə məxsusluğu müəyyənləşdirilir) və müdafiə funksiyası (bu funksiya əsasında digər şəxslər ixtiyar sahibinin əşya hüquqlarının həyata keçirilməsinə maneələr törətməkdən və onu pozmaqdan çəkinir). Odur ki, əşya hüququ ilə bağlı mübahisələrə baxılarkən müvafiq tələb üzrə konkret şəxsin subyektiv hüququnun olub-olmamasının müəyyənləşdirilməsi üçün, ilk növbədə, əşya (mübahisənin obyekti) müəyyən edilməlidir.” “N.Əbilovun şikayəti üzrə” 13 iyun 2008-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, “konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.” Göstərilənlərlə yanaşı, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin 3-cü hissəsinə əsasən-Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikası Konstitusiyanın 80-ci maddəsinə əsasən, Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Göründüyü kimi, Konstitusiyada təkcə verilən hüquqların dairəsi deyil, həm də hər kəsin bu hüquqlar əsasında məsuliyyətini və vəzifələrini müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəllənin -5.3-cü maddəsi-Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. -16.1-ci maddəsi-Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. - 560.1-ci maddəsi-Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2020-ci il 18 noyabr tarixli Qərarında qeyd olunmuşdur ki, “...Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, dürüstlük əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva etməklə mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq institutunun tərkib elementi hesab olunur. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Göstərilənləri nəzərə alaraq, apellyasiya şikayəti əsassız olduğundan onun təmin edilməməsini və hazırkı iş üzrə birinci istansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir.

12. Cavabdeh tərəf məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün saydı.

13. İş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin nümayəndəsi elektron məhkəmə informasiya sistemi vasitəsilə ərizə ünvanlayaraq üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirmiş, apellyasiya şikayətinin təmin olunmasına isə etiraz etməmişdir.

Tətbiq edilən hüquq:

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” xx.xx.1996-cı il tarixli AR Qanunu: 41.1. Müəlliflərin və əlaqəli hüquqların sahiblərinin əmlak hüquqlarının təmin edilməsini fərdi qaydada həyata keçirmək praktik olaraq mümkün olmadıqda (kütləvi ifa, o cümlədən radio və televiziyada; mexaniki, maqnit və s. yazılma üsulu ilə surətçıxarma, reprosurətçıxarma və başqa hallar) müvafiq qanunvericiliyə uyğun olaraq göstərilən şəxslərin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar yaradıla bilər. Onlar müvafiq qaydada dövlət qeydiyyatına alınırlar. Həmin təşkilatlara qanunvericiliklə mədəniyyət təşkilatlarına verilən güzəştlər şamil edilir. 41.2. Müxtəlif hüquqlar və hüquq sahiblərinin müxtəlif kateqoriyaları üzrə ayrıayrı təşkilatların, yaxud bir kateqoriyadan olan hüquq sahiblərinin müxtəlif hüquqlarını və ya müxtəlif kateqoriyadan olan hüquq sahiblərinin bir növ hüquqlarını idarə edən təşkilatların yaradılmasına yol verilir. Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların kommersiya fəaliyyəti ilə məşğul olmaq və kollektiv əsasdan idarəetmə üçün alınan əsərlərdə və əlaqəli hüquqların obyektlərindən həmin məqsədlə istifadə etmək hüququ yoxdur. Bu cür təşkilatlar müəlliflər və əlaqəli hüquqların sahibləri tərəfindən yaradılır. Həmin təşkilatların fəaliyyətinə antiinhisar qanunvericiliyi üzrə nəzərdə tutulan məhdudiyyətlər tətbiq edilmir. Belə təşkilatlara əmlak hüquqlarını kollektiv əsasda idarə etmək səlahiyyətini bilavasitə müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri könüllü olaraq yazılı müqavilələr əsasında və ya bu təşkilatlara üzv olmaqla verirlər. Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar yalnız qanunvericilikdə nəzərdə tutulan qaydada özlərinin əmlak hüquqlarının idarəçiliyini onlara həvalə etmiş müəllifləri və ya digər hüquq sahiblərini təmsil edirlər və onların hüquqlarının müdafiəsi məqsədi ilə məhkəməyə və ya digər təşkilatlara müraciət edə bilərlər. 42.1. Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar öz səlahiyyətlərinə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir: 4) lisenziya üzrə və (və ya) bu hissənin 3-cü bəndində nəzərdə tutulmuş qonorarı yığır; 5) yığılmış qonorarı onun təmsil etdiyi müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri arasında bölüşdürür və ödəyir;

43. Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların vəzifələri: 43.2. Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlara əsərlərindən və əlaqəli hüquqların obyektlərindən istifadəyə görə qonorarı (42-ci maddənin 1-ci hissəsinin 4-cü bəndi) yığmaq səlahiyyəti verməmiş müəlliflik hüququnun və əlaqəli hüquqların sahiblərinin onlara çatası qonorarı tələb etmək, həmçinin özlərinin bu təşkilat tərəfindən istifadəyə verilmiş əsərlərinin və əlaqəli hüquqların obyektlərini lisenziyadan çıxarmağı tələb etmək hüququ vardır.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008ci il tarixli Qərarı: ...Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. ... Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

Apellyasiya baxışının hədləri

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

16. Hazırkı işdə iddia tələbi təmin edilmədiyindən və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məzmununu və orada göstərilən dəlilləri hərtərəfli təhlil edərək belə nəticəyə gəlir ki, şikayətdə irəli sürülən arqumentlər hüquqi cəhətdən əsaslı deyildir. Birinci instansiya məhkəməsi işə baxarkən tərəflər arasında mövcud olan hüquqi münasibətləri düzgün qiymətləndirmiş, mübahisənin mahiyyətini tam və obyektiv araşdırmış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, nəticədə iş üzrə həqiqi halları əks etdirən, məhz məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla əsaslandırılmış qətnamə qəbul etmişdir.

18. Bununla bağlı kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın rədd olunmasına əsas kimi iddiaçının müvafiq subyektiv hüquqa malik olmaması göstərilmiş və bu mövqe iş materialları ilə tam şəkildə təsdiq olunmuşdur. Belə ki, iddiaçı ilə müəlliflər və ya digər hüquq sahibləri arasında əmlak hüquqlarının kollektiv idarəçiliyinə dair hər hansı müqavilə və ya etibarnamə təqdim edilməmişdir. Belə olan halda, iddiaçının bu iddianı qaldırmaq hüququnun mövcudluğu təsdiq olunmadığından, iddianın rədd olunması hüquqi baxımdan əsaslı olmuşdur. 19.Kollegiyanın mövqeyinə görə, birinci instansiya məhkəməsi tərəfindən “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 41.2-ci maddəsinin sonuncu abzasında nəzərdə tutulan tələb – yəni kollektiv əsasda idarəçiliyin yalnız bu səlahiyyəti bilavasitə müəlliflərdən almış təşkilatlar tərəfindən həyata keçirilə bilməsi – düzgün tətbiq edilmişdir. Həmin hüquqi normaya əsasən, yalnız bu səlahiyyətin sənədlə təsdiqlənməsi halında kollektiv idarəçi təşkilat məhkəməyə müraciət etmək hüququna malik ola bilər. İddiaçı tərəfindən bu səlahiyyətin mövcudluğunu sübut edən sənədin təqdim olunmaması səbəbindən, onun subyektiv hüquqa malik olduğu qənaətinə gəlmək hüquqi baxımdan qeyri-mümkündür. Hətta iddiaçının müəllif hüquqlarını kollektiv əsasda idarə etmək hüququnu sübuta yetirən sənədlərin mövcudluğu halında belə, onun bu hüququn pozulduğunu göstərən halları sübuta yetirmədiyi nəzərə alınmalıdır. Belə ki, iş materiallarından, təqdim olunmuş sənədlərdən və apellyasiya şikayətində göstərilən dəlillərdən “Təbrik” şadlıq sarayında keçirilmiş konkret toy mərasimlərində hansı müəllif əsərlərinin icra edildiyi, bu əsərlərin konkret müəlliflərinin kimliyi və həmin müəlliflərin hüquqlarının məhz iddiaçıya kollektiv əsasda müdafiə üçün həvalə olunub-olunmadığı barədə heç bir aydın və təkzibedilməz sübut təqdim edilməmişdir. Hüquqi mübahisənin predmeti olan müəllif hüquqlarının pozulması iddiası yalnız o halda hüquqi nəticə doğura bilər ki, bu pozuntu konkret hüquq subyektinə aid əsərlərlə bağlı sübuta yetirilmiş faktlara əsaslansın. Lakin hazırkı iş üzrə iddiaçı tərəfindən təqdim edilən məlumatlar ümumiləşdirilmiş xarakter daşıyır, fərdi əsərləri və onların faktiki ifasını dəqiqliklə müəyyən etməyə imkan vermir. Beləliklə, nə konkret əsərlərin istifadə olunduğu, nə həmin əsərlərin müəlliflərinin kimliyi, nə də onların hüquqlarının iddiaçı tərəfindən təmsil edildiyi faktı iş üzrə hüquqi dəqiqliklə müəyyən olunmamışdır. Bu səbəbdən, iddiaçının subyektiv hüququ mövcud olsaydı belə, onun müəlliflik hüququnun pozulmasını təsdiqləyən sübutların mövcudluğu müəyyən edilmədiyindən, tələblərin təmin edilməsi hüquqi baxımdan mümkün deyildir. Beləliklə, birinci instansiya məhkəməsinin bu məsələ ilə bağlı mövqeyi tam haqlıdır.

20. Birinci instansiya məhkəməsinin haqlı mövqeyinə baxmayaraq, iddiaçı apellyasiya şikayəti vermiş, qətnaməsinin ləğv olunmasını və iddianın təmin olunmasını tələb etmişdir. İddiaçının apellyasiya şikayətində irəli sürdüyü hər bir hüquqi arqument və dəlillər ayrı-ayrılıqda məhkəmə kollegiyası tərəfindən diqqətlə araşdırılmış, onların hüquqi mahiyyəti, tətbiq edilə bilən normativ əsaslarla uzlaşması, təqdim olunmuş sübutlar kontekstində əsaslandırılma dərəcəsi hərtərəfli təhlil edilmiş və bu təhlilin nəticəsi olaraq həmin dəlillərin hüquqi cəhətdən qəbul olunub-olunmaması barədə dəqiq və əsaslı qənaət formalaşdırılmışdır. Kollegiya hesab edir ki, aşağıda xüsusi olaraq qeyd edilən məqamlar apellyasiya şikayətində göstərilən arqumentlərin hüquqi dəyərinin müəyyən olunması baxımından həlledici əhəmiyyət kəsb edir.

21. İlk növbədə, apellyasiya şikayətində iddiaçı tərəfindən irəli sürülən dəlillərdən biri budur ki, “Azərbaycan Müəlliflləri” İctimai Birliyi Ədliyyə Nazirliyində qeydiyyata alınmaqla, Əqli Mülkiyyət Agentliyində akkreditasiyadan keçərək fəaliyyət göstərir. Odur ki, Ədliyyə Nazirliyinin reyestr çıxarışı əsasında, Əqli Mülkiyyət Agentliyi tərəfindən verilmiş şəhadətnamə ilə Birliyin hüquq və vəzifələri aydın göstərilməklə onun subyektiv hüququnun olması təsdiqlənmişdir. Bu dəlillə bağlı Kollegiya qeyd edir ki, iddiaçı tərəfindən təqdim olunmuş və Əqli Mülkiyyət Agentliyi tərəfindən verilmiş akkreditasiya şəhadətnaməsi hüquqi baxımdan yalnız ümumi fəaliyyət çərçivəsində səlahiyyət tanıyır. Lakin bu, konkret müəllif və ya hüquq sahibinin hüquqlarının məhz həmin birlik tərəfindən müdafiəsi məqsədilə həyata keçirilməsinə dair subyektiv hüquq yaratmır. Başqa sözlə, kollektiv əsasda idarəetmə hüququ yalnız müəllif və ya əlaqəli hüquq sahibinin həmin təşkilata verdiyi yazılı razılıq və ya üzvlük əsasında formalaşır. Akkreditasiya isə bu razılığın əvəzi kimi çıxış edə bilməz.

22. Bundan başqa, iddiaçı tərəfindən irəli sürülən dəlillərdən biri də odur ki, birinci instansiya məhkəməsi “Təbrik” şadlıq sarayında keçirilmiş toyların sayına dair məlumatın əldə olunması məqsədilə Dövlət Vergi Xidmətinə sorğu göndərilməsi ilə bağlı vəsatəti təmin etməmişdir. Lakin məhkəmə kollegiyası sözügedən arqumentin hüquqi baxımdan əsassız olduğu qənaətindədir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, iddiaçının üzərinə düşən əsas öhdəlik ondan ibarətdir ki, o, öz tələblərinin və ya etirazlarının əsaslandığı halları müvafiq sübutlarla təsdiq etməlidir. Yəni sübutetmə yükü birbaşa iddiaçının üzərinə düşür. İddiaçı yalnız subyektiv hüququn mövcudluğunu sübut etdikdən sonra, məhkəmə həmin hüququn pozulub-pozulmadığını araşdırmaq üçün digər halların tədqiqinə keçə bilər. Lakin bu iş üzrə iddiaçı tərəfindən subyektiv hüququn – yəni konkret müəlliflərin hüquqlarının ona kollektiv əsasda idarə edilməsi üçün həvalə olunduğuna dair heç bir sənəd təqdim olunmamışdır. Bundan əlavə, mübahisənin predmeti — mətnli və mətnsiz musiqili əsərlərin icazəsiz istifadəsi nəticəsində müəllif hüquqlarının pozulmasıdır. Bu halda, pozuntu faktının sübuta yetirilməsi yalnız o zaman hüquqi əhəmiyyət kəsb edir ki, iddiaçı həmin əsərlərin konkret müəlliflərinə, onların hüquqlarının ona verilməsinə dair yazılı əsaslara malik olduğunu nümayiş etdirə bilsin. Başqa sözlə, toyların sayının müəyyənləşdirilməsi yalnız iddiaçının hüquqi statusu tanındığı təqdirdə predmetləşdirilə bilən sübut tələbi ola bilər. Bu ilkin hüquqi əsas mövcud olmadan isə, təqdim olunmuş vəsatət prosessual zərurətdən məhrum hesab edilməlidir. Eyni zamanda, mübahisənin həlli üçün vergi məlumatlarının əhəmiyyət kəsb etməsi yalnız o halda hüquqi nəticə doğura bilər ki, bu məlumatlar konkret müəllif hüquqlarının pozulmasına, hansı əsərlərin ifa olunmasına və həmin əsərlərin hüquq sahibinin kimliyinə birbaşa dəlalət etsin. Halbuki iddiaçı belə bir əlaqəni nə sənədlə, nə də sübutla təqdim etməmişdir. Vergi orqanının məlumatları isə ümumiyyətlə kommersiya fəaliyyəti ilə bağlı statistik xarakter daşıyır və hüquq pozuntusunun spesifik faktlarını əhatə etmir. Bundan başqa qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 86-cı maddəsinin mahiyyətinə uyğun olaraq, məhkəmə yalnız işin halları üçün əhəmiyyətli olan sübutları toplamalıdır və tərəfin təqdim etdiyi vəsatət yalnız hüquqi baxımdan predmeti və məntiqi əsaslandırılmış olduqda təmin edilə bilər. Hazırkı halda isə vəsatət həm hüquqi, həm sübutedici əsaslardan məhrum olmuş və vəsatətin təmin edilməsi mübahisənin həlli üçün zəruri sayılmamışdır. Nəticə etibarilə, birinci instansiya məhkəməsi iddiaçının bu vəsatətini rədd etməklə, həm istinad olunan Məcəllənin müvafiq müddəalarına uyğun hərəkət etmiş, həm də mübahisənin predmeti ilə əlaqəsi olmayan, hüquqi baxımdan əsassız və sübuta xidmət etməyən tələblərin araşdırılmasına yol verməmişdir. Bu səbəbdən, apellyasiya şikayətində bu vəsatətlə bağlı irəli sürülən dəlil əsassız hesab olunmalıdır.

23. Apellyasiya şikayətindəki digər dəlillər isə, aidiyyəti hüquq normaların birinci instansiya məhkəməsi tərəfindən məqsədli olaraq nəzərə alınmaması ilə bağlıdır. Həmin dəlillərə münasibətdə kollegiya qeyd edir ki, qətnamənin məzmunundan birinci instansiya məhkəməsinin “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun aidiyyəti maddələrini təhlil edərək, həmin normalar əsasında hüquqi mövqe formalaşdırması və nəticədə iddianı rədd etməsi açıq şəkildə aydın olur. Bununla yanaşı, apellyasiya şikayətində istinad olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 2 may tarixli 38 nömrəli qərarının əlavələrində yer alan müddəalar, xüsusilə 33-cü, 34-cü və 35ci bəndlər yalnız hüquqi əsasla fəaliyyət göstərən təşkilatlara yönəlik hüquqi rejimi tənzimləyir. Həmin normativ akt əsasında müəllif hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlara təqdim ediləcək məlumatlar və öhdəliklər yalnız o halda aktual olur ki, istifadəçi müəssisə ilə həmin birlik arasında hüquqi münasibət – müqavilə və ya razılaşdırılmış əsas – mövcud olsun. Müvafiq hüquqi əsas olmadan isə istifadəçidən lisenziya təqdim etmək, əsərlərin dəqiqliklə qeydiyyatını aparmaq və məlumatları təqdim etmək öhdəliyinin tələb edilməsi hüquqi baxımdan əsassızdır. Qeyd edilən normativ aktların belə hal üçün tətbiqi mümkün deyildir və onların kontekstdən çıxarılaraq əsaslandırma kimi istifadə olunması yolverilməzdir.

24. Yekunda məhkəmə kollegiyası bir daha vurğulayır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər yalnız qanunla qorunan hüquq və maraqlarını müdafiə məqsədilə məhkəməyə müraciət edə bilərlər. Həmin hüquqların mövcudluğu və onların pozulması məhkəmə tərəfindən araşdırılmalı və yalnız təsdiq olunduğu təqdirdə müdafiə olunmalıdır. Bu baxımdan, hər bir iddianın ilkin şərti iddiaçının hüququnun mövcudluğudur. Subyektiv hüquq olmadan, iddia irəli sürmək hüququndan söhbət gedə bilməz.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 iyul 2008-ci il tarixli qərarında da bu hüquqi mövqe aydın şəkildə təsbit edilmişdir. Həmin qərara əsasən, subyektiv hüquq yalnız hüquqi ixtiyarın, borclu şəxsdən tələb etmək imkanının və müdafiə hüququnun məcmusu şəklində formalaşır və yalnız bu elementlərin birlikdə mövcudluğu şəraitində məhkəmə müdafiəsinə yol verilə bilər. İş üzrə iddiaçının konkret müəlliflərdən alınmış hüquq idarəçiliyi səlahiyyətlərini sübut edən sənəd təqdim etməməsi onu bu iş üzrə iddia irəli sürmək hüququna malik şəxs kimi tanımağa imkan vermir. Bu səbəbdən də tələb edilən 33.000 manat qonorar və 50.000 manat kompensasiya tələbləri hüquqi əsasdan məhrum olmuşdur.

26. Apellyasiya şikayətində iddiaçı dəlilləri ümumiləşdirilmiş ifadələrlə əsaslandırmağa çalışmış, lakin bu dəlillər subyektiv hüququn mövcudluğunu sübuta yetirmək üçün yetərli olmamışdır. Qətnamənin ləğvi üçün irəli sürülmüş bu arqumentlər hüquqi baxımdan qənaətbəxş sayıla bilməz. Apellyasiya şikayətində göstərilən dəlillərin qiymətləndirilməsi zamanı nəzərə alınmalıdır ki, məhkəmə icraatı zamanı həqiqətin müəyyən olunması əsas vəzifə kimi çıxış edir. Lakin bu, yalnız yazılı sübutların, şahid ifadələrinin, ekspert rəylərinin və digər qanunla nəzərdə tutulmuş dəlillərin təqdim olunması və tədqiqi ilə mümkündür. Hazırkı iş üzrə apellyasiya şikayətində belə sübutlar təqdim edilməmiş, yalnız ümumi xarakter daşıyan izahlar verilmişdir ki, bu da iş üzrə qətnamənin dəyişdirilməsi üçün hüquqi əsas yaratmır.

27. Kollegiya apellyatorun hakim Leyla Şövkət-Mənsimli barəsində intizam icraatının başlanmasına dair tələbi ilə bağlı bildirir ki, hazırkı işdə kobud prosessual pozuntular aşkarlanmır. İddiaçı bu tələbi də formal mülahizə olaraq irəli sürmüş, bununla bağlı əsaslı sübutlar təqdim etməmişdir.

28. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsində də qeyd edildiyi kimi, birinci instansiya məhkəməsinin fakt və hüquq baxımından qanuni və əsaslı olan qətnaməsi yalnız formal prosessual mülahizələrə görə ləğv edilə bilməz. Mövcud iş üzrə belə bir hal aşkar edilmədiyindən, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas yoxdur.

29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-1742/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar