Məhkəmə qərarları › İş №2(103)-2904/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2904/2021

10.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2904/2021 10.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Fərəh Qulam qızının katibliyi ilə, İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı "kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və dəbbə pulunun tutulması" tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4487/2020 saylı, 17.11.2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:

1. İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı "kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və dəbbə pulunun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ləğv prosesində olan İddiaçı1 ASC-nin xeyrinə 26 dekabr 2013-cü il tarixli, 44 saylı kredit müqaviləsi üzrə əsas məbləğ – 684878,35 manat, hesablanmış faiz – 258003,57 manat, cərimə borcu – 2788,53 manat, cəmi – 945670,45 manat, 12 mart 2020-ci il tarixinə Cavabdeh, 14 avqust 2014 -cü il tarixli 14 saylı kredit müqaviləsi üzrə LPO İddiaçı1 ASC-nə olan borcu əsas məbləğ – 199993 manat, hesablanmış faiz – 33105,29 manat, cərimə borcu – 1135,23 manat, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 8088,61 manat, cəmi – 242322,13 manat məbləğində vəsaitin, həmçinin iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 30 (otuz) manat dövlət rüsumunun, ləğv prosesində olan İddiaçı1 ASC-in xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 21 oktyabr 2016-cı il tarixli, 2-2(83)-736/2016 saylı qətnaməsi ilə İddiaçı1 ASC müflis elan edilmiş və həmin məhkəmənin 2-2(83)-736/2016 saylı, 27 oktyabr 2016-cı il tarixli qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu banka ləğvedici qismində təyin edilmişdir. 26 dekabr 2013 - cü il tarixdə İddiaçı1 ASC və Cavabdeh arasında müvafiq olaraq 44 saylı, 14 avqust 2014-cü il tarixdə 14 saylı, 29 dekabr 2014-cü il tarixdə 02AZM000 saylı kredit müqavilələri bağlanmışdır. Kredit müqavilələrinin şərtlərinə görə Cavabdeh bank tərəfindən, 44 saylı kredit müqaviləsi üzrə illik 9 % olmaqla, 180 (bir yüz səksən) ay müddətinə 736000 (yeddi yüz otuz altı min) manat kredit, 14 saylı kredit müqaviləsi üzrə illik 7 % olmaqla, 60 (altmış) ay müddətinə 24 (iyirmi dörd) aylıq güzəştlə 200000 (iki yüz min) manat kredit və 02AZM000 saylı kredit müqaviləsi üzrə illik 28 % olmaqla, 24 (iyirmi dörd) ay müddətinə 10000 (on min) manat məbləğində kredit xətti verilmişdir. Qeyd olunan kredit müqavilələrinə əsasən Cavabdeh kreditin əsas məbləği və ona hesablanmış faizləri kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlləri üzrə ödəməli idi. İddiaçı1 ASC müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi tam icra edərək kredit müqaviləsi üzrə verməli olduğu kredit məbləğini Cavabdeh vermişdir. Amma borclu Cavabdeh krediti götürdüyü tarixdən etibarən kredit müqaviləsinin şərtlərini pozaraq, kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməmişdir. Borclu Cavabdeh dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyini icra etməmiş və bu günə kimi olan borcunu ödəməmişdir.

3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4487/2020 saylı, 17.11.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 44 saylı, 26.12.2013-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 684.878,35 (altı yüz səksən dörd min səkkiz yüz yetmiş səkkiz manat, otuz beş qəpik) manat, faiz borcu üzrə 258.003,57 (iki yüz əlli səkkiz min üç manat, əlli yeddi qəpik) manat, cərimə borcu üzrə 2788,53 (iki min yeddi yüz səksən səkkiz manat, əlli üç qəpik) manat, cəmi 945.670,45 (doqquz yüz qırx beş min altı yüz yetmiş manat, qırx beş qəpik) manat, 14.08.2014-cü il tarixli, № 14 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 199.993 (bir yüz doxsan doqquz min doqquz yüz doxsan üç) manat, faiz borcu üzrə 33.105,29 (otuz üç min yüz beş manat, iyirmi doqquz qəpik) manat, cərimə borcu üzrə 1135,23 (bir min yüz otuz beş manat, iyirmi üç qəpik) manat, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu üzrə 8088,61 (səkkiz min səksən səkkiz manat, altmış bir qəpik) manat, cəmi 242.322,13 (iki yüz qırx iki min üç yüz iyirmi iki manat, on üç qəpik) manat, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 1.188.022,58 (bir milyon yüz səksən səkkiz min iyirmi iki manat, əlli səkkiz qəpik) manat məbləğində pulun alınaraq iddiaçı ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir (sədrlik edən: Rəşid Səmədov).

4. Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında 14.08.2014-cü il tarixdə bağlanmış 14 saylı kredit müqaviləsi əsasında cavabdeh 2014-cü ilin avqust ayında illik 7 faizlə 200.000 manat kredit götürmüşdür. Birincisi həmin kredit müqaviləsi üzrə 2 faiz, kredit məbləğinin sahibi olan Kənd Təsərrüfatı Nazirliyinə, yerdə qalan 5 faiz isə banka çatası məbləğlərdir. Müqavilə üzrə kredit 24 ay müddətinə güzəştli verilmişdir. Güzəşt müddətindən sonra bankla tərəflər arasında əldə edilmiş razılığa əsasən, banka çatası kreditə hesalanılacaq 5 faiz, 1 faizə endirilmişdir. İddiaçı tələb etdiyi 12.03.2020-ci il tarixə kimi müqavilənin 7 faiz hesabı ilə 33.105,29 manat faiz borcu qismində təqdim edilmişdir. Əslində isə bu məbləğ 4.000 manat, əlavə faiz qismində hesabladığı 8.088,61 manat isə sıfra bərabərdir. İddiaçı1 Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında 26.12.2013-cü il tarixdə bağlanmış 44 saylı kredit müqaviləsinə gəlincə, müqavilənin şərtinə görə 2014-cü ilin avqust ayında illik 9 faizlə 736.000 manat kredit götürülmüşdür. Həmin kredit müqaviləsi üzrə adı çəkilən kredit məbləğinin sahibi İddiaçı1 ASC-dir. Qeyd olunan məbləğ bankın nizamnamə kapitalının hesabına rəsmiləşdirilmişdir. İkinci aydan illik faizin 2%-ə endirilməsi barədə bankla cavabdeh arasında əlavə razılaşma olmuşdur. Bu baxımdan da qeyd olunan kredit məbləğinə hesablanılacaq faizin məbləği maksimum 26.373 manat təşkil edir. Bundan başqa Bankın səhmdarlarından biri olaraq Nizamnamə kapitalının 41.000.000 manat hissəsi cavabdehin özünə aiddir və qeyd olunan 736.000 manat kredit həmin vəsait hesabına rəsmiləşdirilmişdir. Yəni nəticə etibarı ilə bu vəsait cavabdehə məxsusdur. Bank ləğvetmə prosessində olduğundan qarşılıqlı silinməlidir. Qeyd edilən bu faktiki hal iddiaçı lpo İddiaçı1 ASC-nin ləğvedici X1 məlumdur. Çünki bununla bağlı bankın səhmdarı olaraq dəfələrlə qəbullarında olub, məsələni qarşılıqlı hesablamalar aparılaraq həll edilməsinə cavabdeh razılığını bildirmişdir. İşə baxan məhkəmə işin nəticəsinə əhəmiyyətli təsir edən bu dəlilləri tam aydınlaşdırmadığından, düzgün qənaətə gələ bilməmişdir. Cavabdehin məhkəmədə iştirakının təmini üçün lazımı qaydada xəbərdarlıq etməmiş, iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən tələbi təmin etmişdir. Halbuki, iddiaçı iş üzrə maraqlı tərəf olduğundan, onun tərəfindən verilmiş maliyyə arayışı mübahisəsiz sübut kimi qəbul edilə bilməz. Tərəflərin izahatları:

6. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

7. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.

8. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Sübutların tədqiqi:

9. Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 26.12.2013cü il tarixli, № 44 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 180 ay müddətinə, illik 9% ödəmək şərtilə 736.000 manat məbləğində kredit verilmişdir.

10. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 14.08.2014-cü il tarixli, № 14 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 60 ay müddətinə, illik 7% ödəmək şərtilə 200.000 manat məbləğində kredit verilmişdir.

11. İş materiallarında olan ləğv prosesində olan İddiaçı1 ASC-nin 16.03.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 44 saylı, 26.12.2013-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 684.878,35 manat, faiz borcu üzrə 258.003,57 manat, cərimə borcu üzrə 2788,53 manat, cəmi 945.670,45 manat borcu qalmışdır.

12. İş materiallarında olan ləğv prosesində olan İddiaçı1 ASC-nin 16.03.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 14 saylı, 14.08.2014-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 199.993 manat, faiz borcu üzrə 33.105,29 manat, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 8088,61 manat, cərimə borcu üzrə 1135,23 manat, cəmi 242.322,13 manat borcu qalmışdır. Hüquqi dəyərləndirmə:

13. Kollegiya işin hallarına əsasən qeyd edir ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 26.12.2013-cü il tarixli, № 44 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 180 ay müddətinə, illik 9% ödəmək şərtilə 736.000 manat məbləğində kredit verilmiş, “Gəncəbank" ASC ilə Cavabdeh arasında bağlanmış 14.08.2014-cü il tarixli, № 14 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 60 ay müddətinə, illik 7% ödəmək şərtilə 200.000 manat məbləğində kredit verilmiş, cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliklərini tam icra etməmiş və nəticədə tərəflər arasında olan müqavilənin və mülki qanunvericiliyin tələblərini pozmuşdur.

14. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

15. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

17. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

18. Eyni Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

19. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

21. Cavabdeh tərəfindən borc məbləği mübahisələndirildiyindən məhkəmə kollegiyası iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasınn keçirilməsini zəruri hesab etmişdir.

22. Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.

23. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 04.11.2021-ci il tarixində məhkəməyə daxil olmuş 9/7406 saylı rəyinə əsasən, cavabdehin 26.12.2013-cü il tarixli müqavilə üzrə əsas borcu 684.878.45 manat, faiz borcu 259.244.48 manat müəyyən edilmiş, cərimə hesablanmamışdır.

24. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən qiymət verilməsnin iddiaçının iş üzrə maraqlı tərəf olması səbəbindən düzgün olmaması qeyd edilmişdir. Kollegiya cavabdehin apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, maliyyə arayışı yalnız bank tərəfindən verilə bilər və həmin maliyyə arayışına əsasən iddia tələbinə hüquqi qiymət verilməsi qanunvericiliyin tələblərinə zidd olmamışdır. Bundan əlavə cavabdeh maliyyə arayışında qeyd edilən borc məbləğlərinin doğru olmamasını təsdiq edən hər hansı sübutu məhkəməy təqdim etməmişdir.

25. Kollegiya iddia tələbinin cərimə borcu ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, ekspert rəyində bank tərəfindən cərimənin hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən cərimənin hesablanmaması bildirilmişdir.

26. Mülki Məcəllənin 445.7-ci maddəsinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

27. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

28. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

29. Kollegiya işin hallarına və Mülki Məcəllənin qeyd edilən normalarının tələbinə əsasən qeyd edir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdiyindən gecikdirilmiş vaxt üçün iddiaçı cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Bu səbəbdən də kollegiya müvafiq olaraq 2788.53 manat və 1135.23 manat məbləğində cərimə borunun tutulmasını ədalətli hesab edir.

30. Cavabdeh apellyasiya şikayətində həmçinin o hala istinad etmişdir ki, Bankın səhmdarlarından biri olaraq Nizamnamə kapitalının 41.000.000 manat hissəsi cavabdehin özünə aiddir və qeyd olunan 736.000 manat kredit həmin vəsait hesabına rəsmiləşdirilmişdir. Yəni nəticə etibarı ilə bu vəsait cavabdehə məxsusdur. Bank ləğvetmə prosessində olduğundan qarşılıqlı silinməlidir.

31. Kollegiya apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, cavabdehin ləğv prosesində olan bankın səhmdarı olması onun həmin banka olan borcunun ödənilməsini istisna etmir. Eyni zamanda, cavabdehin səhmlərinin borcun təminatı olmasını təsdiq edən hər hansı sənəd iş materiallarında mövcud deyildir.

32. Sadalanan xüsusatlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsindən ibarət mövqeyi əsaslı olduğundan, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

33. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

34. Mülki Prosessual Məcəllənin qeyd edilən müddəasına görə iddia tələbi təmin edildiyindən məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri cavabdehdən tutulmalıdır.

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

36. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:

37. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.

38. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4487/2020 saylı, 17.11.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manat məbləğində pul Cavabdeh Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin xeyrinə (Büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X2 kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar