Məhkəmə qərarları › İş №2(103)-2904/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2904/2024

22.04.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2904/2024 22.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Xanlar oğlunun sədrliyi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “cavabdehlərin torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli, e-2(001)-4289/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən qanuni əsaslarla ona məxsus olan torpaq sahəsindən və orada yerləşən yaşayış sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 çıxardılaraq həmin yaşayış sahəsini və torpaq sahəsini boşaltmaları və ona təhvil vermələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, e-2(001)- 4289/2023 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “cavabdehlərin torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı məhkəməyə apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə və ona əlavə edilmiş apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin üzürlü hesab edərək,buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli, e-2(001)- 4289/2023 saylı qərardadı ilə iddiaçı tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, e2(001)-4289/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməmişdir. Sonradan İddiaçı həmin qərardaddan şikayət verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli, e-2(001)-4289/2023 saylı qərardadın ləğv edilməsi, prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli, e-2(001)-4289/2023 saylı qərardadı ilə hüquqları pozulmuş, mənafeyinə ciddi şəkildə xələl gəlmişdir. Belə ki, məhkəmə hüququn tətbiqində səhv nəticəyə gələrək, kobud hüquq pozuntusu etməklə qərar qəbul etmişdir. Məhkəmə şəxsə iş üzrə çıxarılmış məhkəmə qərarının rəsmi qaydada çatdırılması barədə iş materiallarında lazımi məlumat olmaması qeyd edilsə də, məhkəmə bu hallara qiymət verməyərək, şəxsin qərardan bilgisi olduğunu qeyd etmiş, özündən fikir çıxardaraq, yuxarı məhkəmələrin indidən onunla eyni mövqedə olduğu barədə absurd, qanuna uyğun olmayan fikir bildirmişdir. İşin halları ilə bağlı onu qeyd etmişdir ki, anası xx.xx.1991-ci il tarixdə vəfat etmiş, ünvan 2 ünvanında qeydiyyatda olmuş, 1932-ci il təvəllüdlü X1 vərəsəlik işi ilə əlaqədar, ünvan 2 ünvanında yerləşən yaşayış evi və torpaq sahəsi ilə bağlı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün tərəfindən notariat orqanına müraciət edilmiş, aidiyyəti üzrə həmin yaşayış sahəsi ilə bağlı müvafiq orqanlara, bəzi sənədlərin əldə olunması üçün sorğular verilmiş, bu zaman həmin anasından qalmış miras əmlak üzrə başqa şəxslərin həmin əmlakları zəbt elədiyi aşkar olunmuşdur. Belə ki, həmin torpaq sahəsi və orada tikilən yaşayış sahəsi qanuni əmlak hüquqları ilə, babası X5, eyni zamanda ondan sonra anası, X2 məxsus olmuş, bununla bağlıAzərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən verilən 15 dekabr 2021-ci il tarixli Arxiv Arayışı ilə, bu torpaq sahəsinin onların qanuni sahibliyində olduğu tam şəkildə sübut olunaraq, göstərilmişdir ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin “Bakı qradonaçalnikliyinin dəftərxanası” fondunun sənədlərində Xoca-Həsən kəndi üzrə ümumi kənd torpaqlarında evi və istifadəsində miras pay torpaqları olan torpaq sahiblərinin 27 may 1915-ci ilə dair siyahısından məlum olur ki, babası GülƏhməd Abdulla oğlunun Xoca-Həsən kəndində 7 ½ desyatinə bərabər olan torpaq sahəsi olmuşdur. Həmçinin, istifadəsində olan torpaq miras pay torpağı olmuşdur. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 18 oktyabr 2023- cü il tarixli, 2(001)-1743/2023 saylı qətnaməsi ilə hüququnu və mənafeyini ciddi şəkildə pozularaq qanunsuz qərar qəbul edilmişdir. Həmin qətnamədən şikayət verilsə də, müddət bəhanəsi ilə şikayətin yuxarı instansiya məhkəməsinə çıxarılmaması istəyi ilə məhkəmə şikayəti Bakı Apellyasiya Məhkəməsinə göndərməmişdir. Hazırda müddətin ötürülməsi ilə bağlı qərardadın ləğv olunması ilə bağlı şikayət verilir. Vəkillər işdə iştirak edən şəxslərin tərkibinə daxil olmadığı halda, məhkəmə vəkilin işi barədə qərarı əldə etməsi əsası ilə, məlumatlı hesab edərək, iddiaçının müddəti ötürdüyünü bu əsasla qeyd etmiş, halbuki, qanunvericiliyin tələblərinə əsasən kobud şəkildə hüquq pozuntusu olaraq, iddiaçının özünün məhkəmə qərarından məlumatı olmamasını əsaslı hesab etməyərək, müddəti bərpa etməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 aprel 2024-cü il tarixli, e-2(001)- 4289/2023 nömrəli qərardadı ilə İddiaçı şikayəti təmin edilməmiş, şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir; 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməlidir və s); 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün (həmin müddəti üzrlü səbəbdən buraxılmış şəxs üçün), özü də konkret prosessual hərəkətin edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti həmin müddəti yalnız üzrlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Buraxılmış müddət yalnız buraxılmanın səbəbləri məhkəmə tərəfindən üzrlü hesab edildikdə bərpa edilə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Üzrlü səbəb dedikdə isə hüquqi nəticə etibarı ilə müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Məhkəmə hər hansı halı üzrlü səbəb hesab edərkən onun həmin şəxsə nə dərəcədə mane olduğunu, habelə həmin halın hansı müddətdə mövcud olmasını, edilməli olan prosessual hərəkətin mahiyyətini və onun edilməsi üçün nəzərdə tutulmuş ümumi müddəti və digər zəruri amilləri nəzərə almalıdır. Hər bir halda konkret səbəbi üzrlü hesab etmək məhkəmənin səlahiyyətindədir və müddətin bərpası haqqında qərar çıxarmaq məhkəmənin vəzifəsi deyil, hüququdur. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə iclaslarında iddiaçını onun nümayəndəsi və vəkili Vəkil təmsil etmiş, məhkəmənin 18 oktyabr 2023-cü il tarixli qətnaməsi 19 oktyabr 2023-cü il tarixdə vəkilin (nümayəndənin) elektron kabinetinə yerləşdirilmiş, apellyasiya şikayəti isə 26 yanvar 2024-cü il tarixdə vəkilin elektron kabineti vasitəsilə və elektron imzası ilə imzalanmaqla, elektron məhkəmə sisteminə yüklənmişdir. Hazırda iddiaçının nümayəndəsi və vəkili Vəkil müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş və ərizəsini “iddiaçının qətnamədən məlumatlı olmaması” ilə əsaslandırsa da, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Vəkil iddiaçı tərəfindən verilmiş etibarnamə əsasında məhkəmə proseslərində onu təmsil etdiyindən, məhkəmə qətnaməsi sonuncunun elektron kabinetinə yerləşdirilmişdir. Yəni qətnaməni rəsmi aldığı tarixdən 2 aydan çox müddət keçdikdən sonra apellyasiya şikayətini məhkəməyə təqdim etmişdir. Müddətin ötürülmə səbəbini isə iddiaçının qətnamədən məlumatlı olmaması ilə əlaqələndirmişdir. Məhkəmə kollegiyası isə iddiaçı tərəfindən ötürülmüş müddətin xeyli zaman olduğunu nəzərə alaraq qətnamədən şikayət verilməsi müddətinin ötürülməsi səbəbini üzürlü hesab etmir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, e-2(001)- 4289/2023 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün mülki-prosessual qanunvericiliklə müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab etməyərək, bərpa etməmişdir. Bu səbəbdən İddiaçı tərəfindən verilmiş şikayət təmin olunmamalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli, e-2(001)- 4289/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-398-ci, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli, e-2(001)- 4289/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar