Məhkəmə qərarları › İş №2(103)-2905/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2905/2025

28.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2905/2025 28.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 qarşı əmlak tələbi ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh1 qarşı əmlak tələbi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 18 mart 2025-ci il tarixli, 2(002)-805/2025 nömrəli qərardadından Cavabdeh1 şikayətinə yazılı icraat qaydasında bаxаrаq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sıyahıda qeyd edilmiş qızılzinət əşyaları, əşyalar olmadıqda isə onların dəyəri olan 22850 manat məbləğində pul, o cümlədən mediasiya sessiyası üçün ödənilmiş 50 manat və iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu olaraq ödənilmiş 109 manat pulun cavabdeh X2 alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 18 mart 2025-ci il tarixli, 2(002)- 805/2025 nömrəli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək iş üzrə icraat dayandırılmışdır.

3. Qərardad onunla əsaslandırılmışdır ki, iddia tələbi iddia ərizəsində qeyd edilən həmin əmlakların dəyərinin müəyyən edilməsi vacibdir. Həmin məsələ isə xüsusi bilik tələb etdiyindən müvafiq ekspertiza təyin edilməli, ekspertin rəyi təqdim edilənədək iş üzrə icraat dayandırılmalıdır.

4. Cavabdeh1 qərardaddan şikayət verərək, qərardadın qismən ləğv edilməsini və ekspert qarşısında əşyaların qızıl, yoxsa bijüteriya olması barədə sual əlavə olunmasını xahiş etmişdir.

5. Şikayətin dəlillərinə görə, məhkəmənin gəldiyi nəticə əsassızdır. Belə ki, mülki prosessual qanunvericilikdə ekspertiza təyin edilməsi barədə qərardaddan şikayət verilməsi nəzərdə tutulmasa da, qərardadın dayandırma hissəsindən 10 gün ərzində şikayət verilə bilməsi qeyd olunmuşdur. Dayandırma hissəsindən də şikayət verilərkən ekspertiza təyin edilməsinə də münasibət bildirməyi zəruri hesab edir. Belə ki, 18 mart 2025-ci il tarixli məhkəmə iclasına ərizə göndərərək bildirmiş ki, “iddia ərizəsində qeyd edilən qızıl əşyalarının bəziləri iddiaçının özü tərəfindən birgə nikahda olduqları vaxt satılmış, bəziləri qızıl deyil və bijuteriyadır, bəziləri isə iddiaçının özündədir... Əgər məhkəmə tərəfindən həmin əşyaların dəyəri və əyarı ilə bağlı ekspertiza təyin edilərsə, o zaman ekspert qarşısında əşyaların bijuteriya və ya qızıl olması barədə də sualın əlavə edilməsini xahiş edirəm”. Lakin məhkəmə onun qeyd etdiklərini nəzərə almamış və ekspert qarşısında qızıl - zinət əşyalarının dəyəri barədə sual qoymuşdur. Halbuki həm də həmin əşyaların bijuteriya yoxsa qızıl olması barədə də sual qoyulmalı idi. Ona görə də hesab edir ki, məhkəmə maddi hüquq normalarının tələbini pozmuşdur. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

6. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 04 aprel 2025-ci il tarixli, 2(002)- 805/2025 nömrəli qərardadı şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Tətbiq edilən hüquq

7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər; Maddə 97.3. İşdə iştirak edən şəxslər ekspertiza keçirilən zaman baxılmalı olan sualları məhkəməyə təqdim etməyə haqlıdırlar. Maddə 97.4. Ekspert rəyinin alınmasına dair sualların yekun məzmununu məhkəmə müəyyən edir. İşdə iştirak edən şəxslərin təqdim etdiyi sualların rədd edilməsini məhkəmə əsaslandırmağa borcludur. Maddə 255.0. Hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə aşağıdakı hallarda iş üzrə icraatı dayandıra bilər: 255.0.5. məhkəmə tərəfindən ekspertiza təyin olunduqda; Maddə 256.0. İş üzrə icraat aşağıdakı müddətdə dayandırılır: 256.0.2. bu Məcəllənin 254.1.3-cü və 255-ci maddələri ilə nəzərdə tutulmuş hallarda ... ekspertin rəyi ... məhkəməyə təqdim edilənədək; Maddə 258.2. İş üzrə icraatın dayandırılması barədə məhkəmənin qərardadından şikayət verilə bilər. Maddə 395.2. Birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

8. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı icraatın dayandırılması hissəsində qanuni və əsaslıdır. Şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir.

9. Məhkəmə kollegiyası hesab edir ki, MPM-in 255-ci maddəsinə əsasən iş üzrə ekspertiza təyin edilməsi zamanı icraatın dayandırılması məhkəmənin hüququdur. Bu hüquqdan istifadənin məntiqi qanunla müəyyən edilmiş prosessual müddətlərin lüzumsuz şəkildə tükənməsinin qarşısını almaqdır. Nəzərə almaq lazımdır ki, iş üzrə həm məhkəmə tikinti-texniki və məhkəmə əmtəəşünaslıq ekspertizaları, həm də qiymətləndirmə təyin edilmişdir və məhkəmənin qərardadda qeyd etdiyi bütün sualların cavablandırılmasının müəyyən müddət alması kifayət qədər mümkün bir haldır.

10. AR MPM-nin 97.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər ekspertiza keçirilən zaman baxılmalı olan sualları məhkəməyə təqdim etməyə haqlıdırlar. AR MPMnin 97.4-cü maddəsinə əsasən ekspert rəyinin alınmasına dair sualların yekun məzmununu məhkəmə müəyyən edir. İşdə iştirak edən şəxslərin təqdim etdiyi sualların rədd edilməsini məhkəmə əsaslandırmağa borcludur.

11. Yuxarıda göstərilən normaların müqayisəli təhlilindən görünür ki, qanunvericilikdə icraatın dayandırılması barədə qərardadlardan şikayət verilməsi nəzərdə tutulsa da, ekspertizanın təyin olunması və ya ekspert qarşısında hər hansı sualın qoyulmaması barədə qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.

12. MPM-nin 395.2-ci maddəsində də qeyd olunmuşdur ki, birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir, işdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər.

13. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.

14. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 18 mart 2025-ci il tarixli, 2(002)- 805/2025 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 18 mart 2025-ci il tarixli, 2(002)- 805/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar