Məhkəmə qərarları › İş №2(103)-2916/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2916/2022

15.04.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2916/2022 15.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdehlər "xxxx" ASC (bundan sonra – Bank), "xxxx" MMC (bundan sonra – Hərrac Mərkəzi) və Cavabdeh3nə (bundan sonra – İcra Şöbəsi) qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi və sair tələbləri barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 yanvar 2022-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, cavabdeh Bankın nümayəndəsi X1 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, 2(009)-305/2018 №-li iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15.11.2018-ci il tarixli qətnamənin icrası ilə əlaqədar ona məxsus olan və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsi, bina № 7-də yerləşən 45 №-li mənzilin ilkin satış qiyməti 86.000 manat olmaqla açıq hərracdan satılması məqsədilə cavabdeh Hərrac Mərkəzi tərəfindən keçirilmiş təkrar hərracdakı qiymətindən 25% aşağı qiymətlə, yəni 54.825 manata cavabdeh Banka satılmasının etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” mənzilə dair Banka verilmiş 07.08.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli “Reyestrdən çıxarın” ləğv edilməsi və mənzilin ona (iddiaçıya) qaytarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Səbail Rayon Məhkəməsinin 15.11.2018-ci il tarixli qətnaməsi (İş № 2(009)-305/2018) üzrə verilmiş və icra edilməsi üçün cavabdeh İcra Şöbəsinə göndərilmiş icra vərəqəsinə əsasən hazırki iş üzrə İddiaçı hazırki iş üzrə cavabdeh Banka olan kredit borcunun ödənilməsi məqsədi ilə cəmi 43.850 manat məbləğində pul İddiaçı Bankın xeyrinə tutulmalı, tutma yuxarıda qeyd edilən mənzilə yönəldilməli, bu məqsədlə mənzil ilkin satış qiyməti 86.000 manat olmaqla açıq hərracdan satılmalı, satışdan əldə oluna biləcək pul vəsaiti hesabına İddiaçı Banka olan kredit borcu ödənilməli, satıldığı halda mənzil 1 ay ərzində boşaldılmalı, mənzildə yaşayan şəxslər (həmin iş üzrə cavabdehlər İddiaçı, X2, X4 və X5) mənzildən çıxarılmalıdırlar. İcra sənədinin icrası ilə məşğul olan İcra Şöbəsinin sifariş məktubuna əsasən cavabdeh Hərrac Mərkəz mənzilin açıq hərracdan satılması proseduruna başlamış, lakin Hərrac Mərkəzi və Bank saxta hərraclar təşkil edərək həmin hərraclarda ilk növbədə İddiaçı iştirakını təmin etmək üçün ona bildirişlər göndərməmiş, mənzilin hərracdan satılmaması əsası ilə mənzilin qiymətini 25 faiz aşağı salmış və nəticədə, Bank, İddiaçı kredit borcunun əvəzi olaraq mənzili 54.825 manata hərracdan quya almışdır. Nəticədə, müharibə veteranının arvadı və məcburi köçkün olan İddiaçı hüquqları pozulmuşdur. Odur ki, İddiaçı hesab edir ki, mənzilin hərracdan 54.825 manata cavabdeh Banka satılması etibarsız hesab edilməli, mənzilə dair Banka verilmiş “Reyestrdən çıxarış” ləğv edilməli və mənzil ona qaytarılmalıdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 28.01.2022-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsasları iddia ərizəsinin əsasları ilə eyni olan apellyasiya şikayətində əlavə olaraq qeyd edilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1., 43.7., 43.8-ci maddələrinin tələblərini səhv tətbiq etmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. İddiaçı, cavabdeh Hərrac Mərkəzinin nümayəndəsi və cavabdeh İcra Şöbəsinin nümayəndəsi işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da, apellyasiya baxışı iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Cavabdeh Bankın nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə qəbul edilmiş qətnamənin əsaslarına uyğun izahat verdi. O, əlavə olaraq bildirdi ki, hərracın keçirilməsi barədə bildirişlər iddiaçıya göndərilmiş, hərracın keçirilməsi barədə müvafiq elanlar mətbuatda da dərc edilmişdir. Bununla da müəyyən edilir ki, hərrac barədə məlumatın ona verilməməsi barədə iddiaçının dedikləri həqiqəti əks etmir. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, 2(009)-305/2018 №-li iş üzrə Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15.11.2018-ci il tarixli qətnamədən və işdə olan digər sənədlərdən görünür ki, həmin qətnamə üzrə verilmiş və icra edilməsi üçün cavabdeh İcra Şöbəsinə göndərilmiş icra vərəqəsinə əsasən hazırki iş üzrə İddiaçı hazırki iş üzrə cavabdeh Banka olan kredit borcunun ödənilməsi məqsədi ilə cəmi 43.850 manat məbləğində pul İddiaçı Bankın xeyrinə tutulmalı, tutma yuxarıda qeyd edilən mənzilə yönəldilməli, bu məqsədlə mənzil ilkin satış qiyməti 86.000 manat olmaqla açıq hərracdan satılmalı, satışdan əldə oluna biləcək pul vəsaiti hesabına İddiaçı Banka olan kredit borcu ödənilməli, satıldığı halda mənzil 1 ay ərzində boşaldılmalı, mənzildə yaşayan şəxslər (həmin iş üzrə cavabdehlər İddiaçı, X6, X4 və X5) mənzildən çıxarılmalıdırlar. İş materiallarından görünür və tərəflər arasında mübahisə doğurmur ki, 2(009)- 305/2018 №-li iş üzrə verilmiş icra vərəqəsi icra edilməsi üçün cavabdeh İcra Şöbəsinə göndərilmiş və İcra Şöbəsinin sifariş məktubuna əsasən cavabdeh Hərrac Mərkəz mənzilin açıq hərracdan satılması proseduruna başlamışdır. İcra Şöbəsi tərəfindən icra edilməsi üçün Hərrac Mərkəzinə və məlumat üçün 2(009)-305/2018 saylı iş üzrə cavabdehlərə-borclulara, o cümlədən hazırki iş üzrə iddiaçı olan İddiaçı, həmin iş üzrə iddiaçı-tələbkar (hazırki iş üzrə cavabdeh) olan Banka ünvanlanmış 07.10.2019-cu il tarixli məktubdan görünür ki, İcra Şöbəsi icra sənədinin icra edilməsi üçün mənzilin açıq əmlakın hərrac yolu ilə satışının təmin olunmasını Hərrac Mərkəzindən xahiş etmişdir. Hərrac Mərkəzi tərəfindən İcra Şöbəsinə, tələbkar Banka, borclulara (o cümlədən hazırki iş üzrə iddiaçı olan İddiaçı) ünvanlanmış 15.11.2019-cu il tarixli bildirişdən görünür ki, İcra Şöbəsinin 07.10.2019-cu il tarixli sifariş məktubuna əsasən mənzilinin satış qiymətinin 73.100 manata satılması ilə bağlı 27.11.2019-cu il tarixdə təkrar hərracın keçirilməsi barədə məlumat verilmişdir. Əmlak haqqında məlumat “Birja yenilikləri” və “Market” qəzetlərinin 15.10.2019-cu il tarixli nəşrlərində LOT555/19 nömrəsi ilə dərc olunmuşdur. Bankın nümayəndəsinin apellyasiya icraatı zamanı Məhkəməyə təqdim etdiyi “Market” qəzetinin 29.11.2019-05.12.2019 tarixli, 55 (1039) sayından görünür ki, mənzilin təkrar olaraq açıq hərracdan satılması ilə bağlı hərrac baş tutmamışdır (LOT555/19). Bakı Kommersiya Məhkəməsinin 18.11.2020-ci il tarixli qətnaməsindən (İş № 2- 2(113)-321/2020) görünür ki, həmin qətnamə ilə (hazırki iş üzrə cavabdeh) Bankın (hazırki iş üzrə cavabdeh) Hərrac Mərkəzinə qarşı irəli sürdüyü “protokolun təsdiq edilməsi və alğısatqı müqaviləsinin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi barədə” iddiasının təmin edilməsi, (hazırki iş üzrə mübahisənin predmeti olan) mənzilin açıq hərracdan satılması ilə bağlı keçirilmiş hərracın yekunlarına dair protokolun tərtib edilməsi və Bank ilə alğı-satqı müqaviləsinin bağlanılması vəzifəsinin Hərrac Mərkəzinin üzərinə qoyulması qət edilmişdir. İşdə olan sənədlərdən görünür ki, Hərrac Mərkəzi Bakı Kommersiya Məhkəməsinin 18.11.2020-ci il tarixli qətnaməsini icra edərək mənzilin Bank satılması barədə 17.06.2021ci il tarixdə “Hərracın nəticələri haqqında Y-01 №-li protokol” tərtib etmiş və mənzilin 54.825 manata hərracdan Banka satılması barədə həmin tarixdə, Bankla, “Hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə” müqavilə bağlamışdır. Qeyd edilən “Hərracın nəticələri haqqında protokoldan” görünür ki, mənzilin ilkin satış qiyməti 86.000 manat olmuşdur. Təkrar hərracda mənzilin qiyməti “İpoteka haqqında” Qanunun 43.5-ci maddəsinə əsasən 15%, sonra isə Qanunun 43.7-ci maddəsinə əsasən 25% endirilmiş və son nəticədə 54.825 manat təşkil etmişdir. Bankda mənzili həmin qiymətə almışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş 07.08.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli “Reyestrdən çıxarından” görünür ki, Bankın mənzil üzərində mülkiyyət hüququ reyestrdə qeydə alınmışdır. İddia ərizəsində və apellyasiya şikayətində İddiaçı bildirir ki, mənzilin açıq hərracdan satılması ilə bağlı təşkil olunmuş hərraclar barədə ona məlumat verilməmişdir. Məhkəmə İddiaçı bu dəlilini əsassız sayır. Belə ki, işdə olan poçt qəbzlərindən görünür ki, 2(009)-305/2018 №-li iş üzrə cavabdehlərə, o cümlədən hazırki iş üzrə iddiaçı A.X3 tərəfindən göndərilmiş “Hərracın keçirilməsi barədə bildirişlər” ünvana çatdırılmışdır. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, işə baxmış Rayon Məhkəməsi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun tələblərini səhv tətbiq etməmiş, işin hallarına düzgün qiymət vermişdir. Belə ki, “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinə görə, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Qanunun 43.8-ci maddəsinə görə, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Hazırki işin müəyyən edilmiş hallarından isə görünür ki, İddiaçı iddiasında etibarsız adladırdığı hərrac qanunun tələblərinə uyğun keçirilmişdir; hərrac barədə məlumatın ona verilməməsi barədə iddiaçının dedikləri həqiqəti əks etdirmir; hərracın etibarsız hesab edilməsi üçün əsaslar mövcud deyil; iddia ərizəsinin müzakirə edilən hissəsi əsassızıdır; Rayon Məhkəməsi bu nəticəyə gəlməkdə haqlı olmuşdur. Daha sonra Məhkəmə qeyd edir ki, “İpoteka haqqında” Qanunun Qanunun 43.5-ci maddəsinə görə, təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Qanunun 43.7-ci maddəsinə görə, bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal (hərraca iki nəfərdən az alıcı gəldikdə) istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. İşin hallarından müəyyən edilir ki, ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti 86.000 manat olmuşdur, lakin satılmadığı üçün mənzil təkrarən hərraca çıxarılmış, mənzilin təkrar hərracdakı qiyməti (86.000 x 15% / 100 = 12.900 manat; 86.000 - 12.900=) 73.100 manat olmuşdur. Təkrar hərracda da satılmadığı üçün sonra ipoteka saxlayana – Banka təklif olunmuş və bu halda isə mənzilin qiyməti (73.100 x 25% / 100= 18.275 manat; 73.100 – 18275 =) 54825 manat olmuşdur. Məhkəmə hesab edir ki, əmlakın qiymətinin yuxarıda qeyd edilən qaydada hesablanaraq müəyyən edilməsi qanunun tələblərinə uyğun olmuş; İddiaçı mənzilin qiymətinin qanunsuz olaraq aşağı salınması barədə dəlilləri əsassızıdır; Rayon Məhkəməsi bu nəticəyə gəlməkdə haqlı olmuşdur. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, ipoteka predmeti olan mübahisəli əmlakın açıq satılması ilə bağlı keçirilmiş hərrac qanunvericiliyin tələblərinə uyğun olaraq təşkil edilmiş və keçirilmişdir. Hərracın nəticələrinin etibarsız hesab edilməsi, bunun nəticəsi olaraq mənzilə dair Bankın adına verilmiş “Reyestrdən çıxarışın” ləğv edilməsi və mənzilin iddiaçıya qaytarılması üçün əsaslar yoxdur. İddia əsassızdır. Rayon Məhkəməsi iddianı təmin etməməklə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Həmin qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 yanvar 2022-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar