Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2925/2025 20.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: məhkəmə aidiyyəti) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Musayeva Cəmilə Ceyhun qızı (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, Cavabdeh vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-177/2025 saylı, 21 fevral 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul olunmuş məhkəmə aktları
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 126.506 (yüz iyirmi altı min beş yüz altı) ABŞ dolları məbləğində pulun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata məzənnəsinə uyğun hesablanıb ona verilməsi, mənəvi zərərə görə 5.000 (beş min) manat məbləğində pulun tutularaq ona ödənilməsi və iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 510 (beş yüz on) manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, 2013-cü ildə onun Bakıxanov qəsəbəsində 4,5 sot torpaq sahəsi olmuşdur və 2016-cı ildə həmin torpaq sahəsini 80.000 ABŞ dollarına satmaq istədiyini makler kimi fəaliyyət göstərən Cavabdeh bildirmişdir və müştəriyə torpaq sahəsini göstərmək üçün darvazanın açarını ona etibar etmişdir. Cavabdeh ona bildirmişdir ki, müştəri olanda qiyməti özü danışar. Bir neçə dəfə bildirmişdir ki, 50.000 dollara müştəri var, o, razılaşmamışdır. Ona məxsus Bakıxanov qəsəbəsinin ən prestij yerində, İcra Hakimiyyətinin binasının yanında yerləşən, qiyməti 80.000 ABŞ dollarından yuxarı olan torpaq sahəsini o, Ukraynada olarkən ona məlumat vermədən, ona olan etibarından sui-istifadə edərək satmışdır. Araşdırma zamanı 10.000 (on min) ABŞ dolları məbləğində pul vermiş, qalan 70.000 (yetmiş min) ABŞ dolları məbləğində pulu verməmişdir. Həmçinin, 2012-ci ilin dekabr ayında Bakıxanov qəsəbəsində "xxxx" ASC-nin yanında cavabdehin 10.000 ABŞ dollarına nisyə götürdüyü torpaq sahəsi üzərində faizlə borc götürdüyü 61.055 ABŞ dolları onun vəsaiti hesabına 2 mərtəbəli evi tikdirib evrostil təmirdən sonra satışa qoymuşlar. Şərik etməsinə baxmayaraq, cavabdeh bura 1 manat pul qoymamışdır. O, özü real müştəri gətirmiş, 130.000 ABŞ dollarına razılaşmışlar, yəni 50.000 ABŞ dolları qazanc qalması onu qane etmədiyindən bildirmişdir ki, özü 150.000 ABŞ dollarına danışmışdır, 70.000 ABŞ dolları qazancdan adama 35.000 ABŞ dolları verəcəyi adı altında onu aldadıb, etibardan sui-istifadə etməklə qoyduğu vəsaiti (evi) ələ keçirərək mənimsəmişdir. Bununla da 61.055 ABŞ dolları, üstəlik 35.000 ABŞ dolları qazanc = 96.055 ABŞ dolları puldan (2017-ci ilin fevral ayınadək) 4 ilin ərzində, hissəhissə müxtəlif vaxtlarda 49.049 ABŞ dolları qaytarmışdır. Qalan hissəni – 47.006 ABŞ dolları məbləğində pulu qaytarmamışdır. Evi 150.000 ABŞ dollarına satandan sonra tikintiyə qoyduğu 61.055 ABŞ dolları pulu və 35.000 ABŞ dolları qazancını (bu epizodda 96.055 ABŞ dolları pulunu) qaytarmaq əvəzinə Yeni Suraxanıda özünə 55 sot torpaq sahəsi almış və bundan əlavə şəhərin başqa-başqa yerlərində torpaq sahələri alaraq ev tikib satmaqla məşğul olmuşdur. Faizlə borca götürdüyü vəsaiti dövriyyəyə buraxaraq başqasının hesabına varlanmaq yolunu seçmişdir. İşlətdiyi kafedən və əldə etdiyi gəlirlərdən ona qəpik-quruş verməklə, onu 4 il aldadaraq çox pis acı duruma salmışdır. İlkin istintaq zamanı izahatında cavabdeh ona borclu olduğunu etiraf etmişdir, bildirmişdir ki, hazırda guya onun pulu yoxdur, pulu olanda borclarını ödəyəcək. Onunla görüşəndə də borcunun əvəzinə ev, torpaq, maşın verəcəyini demişdir. Gəncədə götürdüyü beton zavoda onu guya direktor vəzifəsinə təyin edəcəyi barədə söz versə də, o, pulunu qaytarmasını istəmişdir. Bundan əlavə, cavabdeh ünvan 1 ünvanında yerləşən yataqxanada olan bir otaqlı mənzilin 10.000 ABŞ dollarına alınaraq gələcəkdə satılıb qazanc əldə edilməsi üçün 2.055 ABŞ dollarını o vermiş, qalan hissəni cavabdeh qoymuşdur. Yataqxanadan aldığı bir otaqlı mənzili 26.000 manata satmışdır, yenidən 10.000 ABŞ dollarına bir otaqlı ev alaraq 21.000 manata satmışdır, lakin onun pulunu mənimsəmiş və verməmişdir. 27.000 manat qazanc olmasına baxmayaraq, nəinki adam başına düşən 13.500 manat qazancı verməmiş, hətta onu aldadaraq 2.050 ABŞ dollarını alıb bu işə cəlb etdiyi halda bu məbləği də qaytarmamışdır. Bununla bağlı olaraq ona 4.000 (dörd min) ABŞ dolları verməyə vəd vermişdir, lakin tələb etsə də pulu verməkdən imtina etmişdir. Qeyd olunmalıdır ki, xx.xx.2009-cu il tarixdə ondan 5.500 ABŞ dollarını iş üçün alması barədə iltizam yazaraq vermişdir. Həmin məbləği də ona qaytarmamışdır. Bunu əvvəllər tələb etməməsinə səbəb onunla iş birliyinin davam etməsi, barəsində şikayət etməsi olmuşdur. Dəfələrlə bu iş üzrə cinayət işinin icraatına xitam edilməsi haqqında qərar çıxarılmışdır, 4 dəfə AR CPM-nin 39.1-ci maddəsi tətbiq edilməklə xitam verilmişdir, ümumilikdə 9 dəfə qərar çıxarılmışdır, həmin qərarlardan 8 qərar prokurorluq tərəfindən ləğv edilmişdir. Çıxarılmış qərarlar bir qayda olaraq prokurorluq tərəfindən ləğv edilmişdir. Belə ki, Bakı şəhər Prokurorluğunun xx.xx.2018-ci il tarixli qərarında AR Cinayət Məcəlləsinin 73.1.3-cü maddəsinə istinad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1.3-cü maddəsinə əsasən CM-nin 178.2, 179.2, 186.2.1 və 189.1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş zərərçəkmişlə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs cinayət nəticəsində vurulmuş ziyanın bir misli miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilə bilməsi göstərilmişdir. Lakin sonda hüquqi qiymət verilməmişdir. Bu iş həllini tapmadığından o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehdən ümumilikdə 126.506 ABŞ dolları tutularaq ona verilməlidir. Cavabdehin təqsiri üzündən o, çox ciddi stress keçirmiş, əsəb gərginliyinə məruz qalması səbəbindən mənəvi zərərə məruz qalmış, uzun müddət pul vəsaitindən məhrum olması, pulun qaytarılmaması, maddi zərərə məruz qalması şüuruna mənfi psixoloji təsir etmiş, sağlamlığı pozulmuşdur. Cavabdehin onu aldatması, külli miqdarda pul məbləğini mənimsəməsi onun işinə mənfi təsir etmişdir, işləri yerinə yetirə bilməmiş, qazanc əldə edə bilməmiş, maddi zərərlə üzləşmişdir. Cavabdeh tərəfindən vurulmuş mənəvi zərəri 5.000 manat məbləğində dəyərləndirir. Hesab edir ki, cavabdehin əməli nəticəsində onun çəkdiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması və əvvəlki vəziyyətə qaytarılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə təsəlli ala bilər.
3. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-177/2025 saylı, 21 fevral 2025-ci il tarixli qətnaməsi ilə iddia rədd olunmuşdur.
4. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 fevral 2025-ci il tarixli, 2(008)-177/2025 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmişdir.
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, AR Mülki Məcəlləsinin 449.1. maddəsinin tələbinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank faizinin uçot dərəcəsi ilə müəyyənləşdirilir. Cavabdeh onun pulunu əsassız olaraq uzun illər boyunca özündə saxlamaqla, onu xeyli gəlirdən məhrum etmişdir. Belə ki, cavabdeh onun pulunu 2013-cü ildən qaytarmamaqla həmin bu 12 il ərzində öz pulunu dövriyyəyə buraxaraq qazanc əldə etməsinin qarşısını almışdır. Belə ki, cavabdeh ona məxsus əmlakı satmaqla əldə etdiyi pul vəsaitini – həm əmlaka qoyulmuş mayanı həm də əldə edilmiş qazancı ona qaytarmayaraq özündə saxlayaraq həmin pul vəsaitini dövriyyəyə buraxmış və əsassız varlanmışdır. Lakin birinci instansiya məhkəməsi cavabdehin bu hüquqa zidd əməllərinə hüquqi qiymət vermək əvəzinə guya onun öz iddiasının əsaslılığını sübut edə bilmədiyini əsas götürərək iddianı rədd etmişdir. Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququm pozulmuşdur. Qanunun normaları məhkəmə tərəfindən düzgün tətbiq edilməmişdir. Belə bir qətnamənin çıxarılması onun məhkəməyə müraciət etmək hüququmun və pozulmuş hüquqlarının bərpasını heçə endirmişdir. Əgər məhkəmə işə MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq dəqiq, qərəzsiz və vicdanlı yanaşsaydı, bu zaman görərdi ki, tərəflər arasında olan münasibətlər borc münasibətləri deyil. Lakin hansısa ona məlum olmayan səbəblərdən məhkəmə işin əsl hüquqi hallarını gizlətmiş və tərəflər arasında olan münasibətlərə səhv hüquqi qiymət verərək, əsaslı iddianı qərəzli şəkildə rədd etmişdir. Birinci instansiya məhkəməsi öz qətnaməsində göstərmişdir ki, guya o öz iddiasını sübut edə bilməmişdir. Halbuki, iş materiallarında iddianın əsasdlılığını təsdiq edən kifayət qədər sübutlar mövcuddur. İddianın əsaslılığını təsdiq edən ən birinci sübut cavabdehin nümayəndəsinin iddianı etiraf etməsidir. Belə ki, cavabdehin nümayəndəsi məhkəmə iclasında tərəflər arasında həqiqətən də iddia ərizəsində göstərildiyi kimi işbirliyi münasibətlərinin olduğunu etiraf etmişdir. Lakin həmin münasibətlərin üstündən 10 ildən artıq müddət keçməsini bildirərək, iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Lakin birinci instansiya məhkəməsi bu etirafı sübut kimi qiymətləndirməmiş və öz qətnaməsində cavabdeh tərəfin etirafını hansı səbəbdən sübut kimi qiymətləndirməməsini əsaslandırmamışdır. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Həmçinin, iş materiallarında iddianın əsaslılığını təsdiq edən Sabunçu rayon Prokurorluğunun qərarları mövcuddur ki, birinci instansiya məhkəməsi bu qərarlara da düzgün hüquqi qiymət verməmişdir. Belə ki, birinci instansiya məhkəməsi bu qərarlardan iddianın rədd edilməsinin əsası kimi istinad etmişdir. Halbuki, həmin qərarlar əslində iddianın əsaslığını sübut edir. Əgər birinci instansiya məhkəməsi həmin qərarları MPM-nin tələblərinə uyğun tədqiq etsəydi görərdi ki, cinayət işinin başlanmasının rədd edilməsinə səbəb cavabdehin əməllərində dələduzluğun tərkibinin olmamasıdır. Lakin tərəflərin arasında işbirliyi münasibətlərinin olması və cavabdehin ona məxsus pulu qaytarmaması fakt olaraq öz təsdiqini tapmışdır.
Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında verilən izahatlar
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh vəkili və nümayəndəsi Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin VÖEN-nin olub-olmaması barədə məlumatı olmadığını; işin məhkəmə aidiyyət üzrə gönədrilməsi məsələsini kollegiyanın mülahizəsinə buraxdığnı bildirmişdir.
7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
9. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
Tətbiq edilən hüquq normaları:
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin
10. 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir.
11. 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.
12. 25-ci maddəsinin tələblərinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.
13. 26-cı maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.
14. 30-cu maddəsinə əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır.
15. 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir.
16. 32.3-32.5-ci maddələrinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər.
17. İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli Qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, “...MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir.
18. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.
Şikayətə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
19. Məhkəmə kollegiyası iddia ərizəsinin məzmununu, mübahisənin subyektiv tərkibini və iş materiallarını araşdıraraq hesab edir ki, mübahisənin mahiyyətinə qiymət verilmədən, məhkəmə aidiyyəti qaydalarının pozuntusu ilə qəbul edildiyi Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-177/2025 saylı, 21 fevral 2025-ci il tarixli qətnaməsi ləğv edilməli, iş məhkəmə aidiyyəti üzrə müvafiq kommersiya məhkəməsinə göndərilməlidir.
20. Belə ki, yuxarıda sadalanan maddələrin məzmunundan göründüyü kimi, işə baxan məhkəmə aidiyyətlə bağlı məsələni həll edərkən mübahisənin predmeti (iddia ərizəsində və ya ərizədə qoyulan tələbin xarakteri) və hüquq münasibətlərinin xarakterini (mübahisənin hansı hüquq münasibətindən yaranması, məsələn, mülki, ailə, iqtisad və s.) nəzərə almalıdır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm də mübahisənin subyekt tərkibinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Belə ki, ümumi məhkəmələr MPM-nin 25.2-ci maddəsində göstərilən işlərlə yanaşı, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə, kommersiya məhkəmələri MPM-nin 26.2-ci maddəsində göstərilən işlərlə yanaşı (bəzi hallarda mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq) sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı mübahisələrə baxır.
21. Məhkəmə kollegiyası qeyd edir ki, prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar.
22. “Elektron Məhkəmə” İnformasiya Sisteminin məlumatlarından iddiaçı (xx.xx.2006-ci il tarixində VÖEN: ********** verilmiş, fəaliyyətini müvəqqəti dayandırmış) və cavabdehin (xx.xx.2012-ci il tarixində VÖEN: ********** verilmiş, fəaliyyətini müvəqqəti dayandırmış) fərdi sаhibkаrlıq fəаliyyəti ilə məşğul оlаn fiziki şəxs statusuna malik olması müəyyən edilmişdir.
23. İşin hallarından isə müəyyən edilir ki, tərəflər birgə məşğul olduqları sahibkarlıq fəaliyyəti çərçivəsində bir-birinə borc vermiş, ev tikintisi ilə məşğul olmuşlar. Birgə ev tikintisindən əldə olunmuş gəlirlərin bölünməsi, gələcəkdə satmaq, gəlir əldə etmək məqsədilə yataqxanada ev alınması üçün borca pul verilməsi ilə bağlı tərəflər arasında mübahisə yaranmış, iddiaçı mülki məhkəmə icraatı qaydasında ümumi məhkəməyə müraciət etmişdir.
24. Halbuki yuxarıda sadalanan iki hal kifayət edir ki, hazırkı mübahisə MPM-nin tələblərinə və Ali Məhkəmə Plenumunun xx.xx.2020-ci il tarixli Qərarının (bu Qərarın 12-ci bəndi) izahlarına əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisə, yəni kommersiya mübahisəsi kimi xarakterizə edilsin.
25. Belə ki, tərəflər arasında mübahisənin yaranmasına faktiki əsas - fərdi sahibkar olan hər iki tərəfin gəlir əldə etmək məqsədilə məşğul olduqları birgə fəaliyyətdir. Belə olan halda kollegiya hesab edir ki, hazırkı mübahisəyə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olduğundan, eləcə də işdə iştirak edən şəxslərin subyektiv tərkibinə, mübahisənin predmetinə və hüquq münasibətlərinin xarakterinə görə ümumi məhkəmədə yox, yurisdiksiya üzrə müvafiq ixtisaslaşdırılmış, yəni kommersiya məhkəməsində baxılmalıdır.
26. Göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, hazırkı iş, tərəflərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, həmçinin prosessual hüquq normalarının tələblərinə uyğun olaraq mahiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.
27. Xüsusi olaraq qeyd edilməlidir ki, hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Məhkəmənin qanunla müəyyən edilməsi isə baxılan iş üzrə onun aidiyyətinin qabaqcadan aydın şəkildə şərtləndirilməsini və ikili anlam daşımamasını tələb edir. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır, eyni zamanda, məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan əhəmiyyət kəsb edir.
28. Beləliklə apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(006)-96/2022 saylı, 10 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilməklə mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.
29. Mülki Prosessual Məcəllənin 387.2.9-cü maddəsinə görə, işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa. şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir.
30. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 391, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-177/2025 saylı, 21 fevral 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər
Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Fuad Abdıyev