Məhkəmə qərarları › İş №2(103)-2929/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2929/2022

05.09.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2929/2022 05.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-145/2022 saylı, 27 yanvar 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları: 1.xx.xx.2015-ci il tarixli notarial qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsinə əsasən, Bakı şəhəri, Nizami rayonu, Babək prospektində ümumi sahəsi 0,049662 ha torpaq sahəsi 80.000 ABŞ dollarının ekvivalenti olan 84.000 manat müqabilində İddiaçı (satıcı) tərəfindən Cavabdeh1 (alıcı) satılmışdır. Bu müqavilədə İddiaçı adından ona verilmiş etibarnamə əsasında X5 iştirak etmişdir.

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-8273/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddiaçı X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qalıq hissəsinin və ona hesablanmış faizlərin cavabdehlərdən tutulması tələbinə dair ilkin iddiası və Cavabdeh1 və Cavabdeh2 X4 qarşı əqdin etibarsız hesab edilməsi və vurulmuş zərərin ödənilməsi barədə qarşılıqlı iddiası təmin edilməmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır.

Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və “Yusifoğlu-İnşaat" MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 55000 ABŞ dolları əsas borcun, 5000 ABŞ dolları faiz borcunun və 5000 ABŞ dolları dəbbə pulunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Tələbdə göstərilir ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti ünvanında yerləşən 0,049662 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları qeydiyyata alınmışdır. 2015-ci ildə cavabdehlər ona müraciət edərək həmin torpaq sahəsinin daxil olduğu ərazidə hündürmərtəbəli yaşayış binası inşa etmək istədiklərini, bu məqsədlə həmin torpağı da almaq istədiklərini bildirmişlər. Həmin torpaq sahəsi ilə bağlı X4 etibarnamə ilə bütün səlahiyyətləri vermişdir ki, onun adından danışıqlar aparsın. Cavabdehlərlə razılıq əldə edilərək torpaq sahəsi 200 000 ABŞ dolları məbləğində qiymətləndirilmişdir. Cavabdeh tərəf bildirmişdir ki, həmin məbləği birdəfəlik qaydada ödəmək imkanı yoxdur, əvvəlcədən yalnız 40000 ABŞ dolları beh kimi verə bilərlər, bununla belə torpaq təcili şəkildə sənədləşdirilməlidir ki, tikinti işlərinə başlamaq mümkün olsun. Adından danışıqlar aparan X5 bu şərtə razılıq vermiş, humanistlik edərək cavabdehləri düşdükləri çətin vəziyyətdən çıxarmağa razı olmuşdur. Bundan sonra, cavabdeh X6 ilə xx.xx.2015-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanılmış, torpağın qiyməti şərti olaraq 80000 ABŞ dolları kimi göstərilmiş, həmin pulun alıcıdan satıcıya dövriyyəsi barədə formal sənədləşdirmə aparılmış, torpaq cavabdeh X1 adına rəsmiləşdirilmişdir. Amma alqı-satqı müqaviləsində göstərilən 80000 ABŞ dolları X4 ödənilməmişdir. Həmin gün nümayəndəsi cavabdehlərlə birlikdə Cavabdeh2 ofisinə gedərək orada öz aralarında ikinci müqaviləni, borc müqaviləsini tərtib və təsdiq etmişlər. Həmin müqavilədə göstərildiyi kimi, ilkin olaraq cavabdehlər tərəfindən 40000 ABŞ dolları beh verilmiş, 80000 ABŞ dollarının ödənilməsi əmlak verməklə, yəni naturada həyata keçirilmiş və ünvan 1 ünvanda yerləşən 123,81 kv.m. sahəsi olan mənzil nümayəndəsinin oğlu Rəsulzadə Babəkin adına rəsmiləşdirilmişdir. Borc müqaviləsində cavabdehlər öhdəlik götürmüşlər ki, qalıq 80000 ABŞ dollarını 2015-ci ilin noyabr ayına kimi ödəyəcəklər. Borc müqaviləsi X5 və cavabdehlər tərəfindən imzalanaraq təsdiq edilmişdir. Bundan sonra cavabdehlər tərəfindən həmin borcdan 25000 ABŞ dolları xx.xx.2015-ci ildə ödənilmiş və bu barədə borc müqaviləsinin cavabdehlərdə qalan nüsxəsində qeyd edilmişdir. Cavabdehlər qalan 55000 ABŞ dollarını da ödəyəcəkləri barədə öhdəlik götürmüş, lakin aylar keçsə də, həmin borcu ödəməmişlər. Nümayəndəsi iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək borcun qalan 55000 ABŞ dollarını cavabdehlərdən tələb etmiş, məhkəmənin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən verilən apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin həmin qərarı ilə müəyyən olunmuşdur ki, torpaq sahəsi ilə bağlı alqı-satqı münasibətləri İddiaçı Aleksandrovna ilə Cavabdeh1 arasında yaranmışdır və ona görə də X2 yaranan borcu tələb etmək üçün subyektiv hüququ yoxdur. Beləliklə də müəyyən olunmuşdur ki, borc münasibəti onunla əlaqədar yarandığından həmin borcun qaytarılması tələbini də o, irəli sürə bilər. Torpağın dəyərinin ödənilməyən hissəsinin Rəsulzadə Rəşid tərəfindən məhkəmə qaydasında tələb edilməsi, amma bu tələbin Rəsulzadə Rəşidin öz adından tələb etmək üçün subyektiv hüququnun olmaması əsası ilə rədd edilməsi barədə 2021-ci ilin mart-aprel aylarında xəbər tutmuş, bu barədə Rəsulzadə Rəşid ona məlumat vermiş və Ali Məhkəmənin qərarını təqdim edərək öz adından tələb irəli sürməli olduğunu bildirmişdir. Mübahisənin mahiyyəti odur ki, cavabdehlər onlara olan inamından sui-istifadə edərək ona məxsus torpaq sahəsini müştərək qaydada ələ keçirmiş, ona zərər vurmuşlar. Cavabdehlər tərəfindən qalıq 55000 ABŞ dolları borc etiraf olunmuşdur. Belə ki, cavabdeh "xxxx" MMCnin möhürü və Cavabdeh2 imzası ilə təsdiq olunan yazılı iltizamla etiraf edilmişdir ki, ona məxsus torpaq sahəsinin satılması ilə bağlı 55000 ABŞ dolları borcları vardır və həmin borc məbləği ödəniləcəkdir. Lakin bu günə qədər cavabdehlər bu pulu iddiaçıya ödəməmişlər. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ata-oğuldurlar. Cavabdeh3 MMC-ni Cavabdeh2 təsis etmiş və baxmayaraq ki, X3 cəmiyyətdə qanuni təmsilçidir, faktiki olaraq cəmiyyəti atası ilə birlikdə idarə edir. Yəni həmin cəmiyyət elə onlara aiddir. Cavabdehlər öz borclarını ödəməmək, izi azdıraraq məsuliyyətdən yayınmaq üçün ən müxtəlif üsullara əl atmış, torpağa dair alqı-satqı müqaviləsini bir cavabdeh imzalamış, həmin torpaqda tikintini cəmiyyət həyata keçirmiş, borcun etirafı haqqında sənədi isə MMC-nin möhürü və təsisçinin imzası ilə tərtib etmişlər. Bütün bunlar mülki məsuliyyətdən yayınmaq, borcu ödəməmək üçün atılan qarışıq addımlardır. Milliyyətcə rusdur və Azərbaycan dilini mükəmməl bilmədiyi üçün X4 etibarnamə verərək torpaqla bağlı bütün sənədləşdirmə və danışıqları həyata keçirməyi ona həvalə etmişdir. Lakin indi məlum olur ki, cavabdehlər yaranmış vəziyyətdən sui-istifadə edərək Rəsulzadə Rəşidi də, onu da aldatmaq, mülki məsuliyyətdən yayınmaq, torpağını ələ keçirmək istəyirlər.

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-145/2022 saylı, 27 yanvar 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.

6. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini bununla əsaslandırmışdır ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-24/2019 saylı Qərarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(004)-8273/2017 saylı qətnaməsi ilə iddiaçı X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qalıq hissəsinin və ona hesablanmış faizlərin cavabdehlərdən tutulması tələbinə dair” ilkin iddiası və Cavabdeh1 və Cavabdeh2 X4 qarşı “əqdin etibarsız hesab edilməsi və vurulmuş zərərin ödənilməsi barədə” qarşılıqlı iddiası təmin edilməmişdir.

7. Qətnamədən ilkin iddia üzrə iddiaçı R.R.Rəsulzadə tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)- 4600/2018 saylı qətnaməsi ilə təmin edilməmişdir.

8. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)- 4600/2018 saylı qətnaməsindən iddiaçı R.R.Rəsulzadə və Cavabdeh2 ayrı-ayrılıqda kassasiya şikayətləri vermişlər.

9. Qərarda qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, İddiaçı (satıcı) ilə Cavabdeh1 (alıcı) arasında xx.xx.2015-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Babək prospektində ümumi sahəsi 0,049662 ha torpaq sahəsinin 80.000 ABŞ dollarının ekvivalenti olan 84.000 manat müqabilində alqı-satqısına dair notarial qaydada müqavilə üzrə alqı-satqı münasibətləri İddiaçı ilə Cavabdeh1 arasında yarandığına görə, iddiaçı X2 həmin müqavilədən irəli gələn tələbləri öz adından irəli sürmək hüququ olmamışdır.

10. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı X5 iddia təbinin əsası kimi xx.xx.2015-ci il tarixli “Borc müqaviləsi” adlandırdığı sənədə istinad etmişdir. Həmin sənəddən görünür ki, imza edən şəxslər qismində iddiaçı X5 və Cavabdeh1 göstərilsə də, müqavilə iddiaçı və Cavabdeh2 (Cavabdeh1 atası) tərəfindən imzalanmış, Cavabdeh2 imzasının üzərində "xxxx" MMC-yə məxsus möhür vurulmuşdur. Məhkəmə qeyd etmişdir ki, borc müqaviləsində Cavabdeh2 və ya "xxxx" MMC barəsində hər hansı müddəa və ya öhdəlik müəyyən olunmamışdır. Həmçinin bu sənəd tərtib olunma baxımından da kifayət qədər qüsurludur. Belə ki, Sənəddə torpaq sahəsinin Cavabdeh1 200000 ABŞ dollarına satılması və onun dəyərinin ödənilməsi qaydası ilə bağlı müddəalar vardır. Halbuki, qanunverici daşınmaz əmlakların, o cümlədən torpaq sahəsinin özgəninkiləşdirilməsi qaydasını və formasını dəqiq müəyyən etmişdir ki, bunun da sadə yazılı formada (“borc müqaviləsi” adı ilə və s.) rəsmiləşdirilməsi heç bir hüquqi nəticə yarada bilməz. Eyni zamanda, mübahisəli torpaq sahəsinə dair alqı-satqı müqaviləsi İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixdə bağlanmış və notariat qaydasında təsdiq olunmuşdur. Qeyd edilən alqı-satqı müqaviləsində göstərilən pul vəsaitinin (satılmış torpaq sahəsinin dəyəri) ilə ödənilməsi sahəsində mübahisə yoxdur. Beləliklə, apellyasiya instansiyası məhkəməsi ilkin iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayarkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının cavabdehlərə qarşı irəli sürdüyü hazırki tələbinin hüquqi və faktiki əsasları mövcud deyildir, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir.

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmış və hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını lazımi qaydada araşdırmış, iddianın əsasını təşkil edən halları təsdiq edə biləcək heç bir mötəbər sübutun nə birinci instansiya məhkəməsinə və nə də apellyasiya instansiyası məhkəməsinə təqdim olunmamasına əsaslanmış və iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir.

12. Qərarla iddiaçı X5 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 4600/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-2843/2021 saylı qətnaməsindən görünür ki, iddiaçılar İddiaçı və X2 Cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs 2 saylı Bakı "Asan Xidmət” Mərkəzində notariat kontoruna qarşı İddiaçı mülkiyyətində olan Bakı şəhəri Nizami rayonu Babək prospektində yerləşən ümumi sahəsi 0,049662 ha olan torpaq sahəsinə dair İddiaçı etibarnamə üzrə nümayəndəsi X5 ilə Cavabdeh1 arasında 2 saylı Bakı "Asan Xidmət” Mərkəzində notariat kontorunda bağlanmış xx.xx.2015-d il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş mülkiyyət hüququna dair çıxarışın etibarsız hesab edilərək, ləğv edilməsi barədə iddialarının rədd edilməsi qət edilmişdir. Məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı nümayəndəsi və vəkili məhkəmə iclasında tərəflərin torpaq sahəsini 200.000 ABŞ dollarına satmağa razılaşdıqlarını, torpaq sahəsinin dəyərindən 145.000 ABŞ dollarının ödənildiyini, 55.000 ABŞ dolları borcun ödənilmədiyini iddia etsə də, bu halı təsdiq edən mötəbər yazılı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Əksinə notarial qaydada təsdiq edilmiş xx.xx.2015-ci il tarixli müqavilə ilə təsdiq edilir ki, tərəflər torpaq sahəsini 80.000 ABŞ dollarına (84.000 manata) satmağa razılaşmışlar və alıcı həmin məbləği satıcıya tam şəkildə ödəmişdir. xx.xx.2015-ci il tarixli müqavilədə göstərilən 80.000 ABŞ dollarının (84.000 manatın) satıcıya ödənildiyini iddiaçılar özü də təsdiq edirlər.

14. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və “Yusifoğlu-İnşaat" MMC-yə qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olmuş Bakı şəhəri, Nizami rayonu, Babək prospekti ünvanında yerləşən 0,049662 ha torpaq sahəsini Cavabdeh1 200000 ABŞ dollarına satmasını, həmin məbləğdən 55000 ABŞ dollarının ona ödənilməməsini iddia etsə də, bu barədə mötəbər sübutları iddia ərizəsinə əlavə etməmiş, məhkəmə baxışında isə məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, iş üzrə təqdim olunmuş, iddiaçının tələbinin əsası kimi istinad etdiyi xx.xx.2015- ci il tarixli “Borc müqaviləsi” adlandırdığı sənədə "xxxx" MMC-yə məxsus möhür vurulmuş, "xxxx" MTK adlı hüquqi şəxsə məxsus mənzilin iddiaçının etibarnamə əsasında nümayəndəsinin oğluna verilməsi, mənzilə görə onun borcunun qalması barədə qeyri-müəyyən məsələlər öz əksini tapmışdır ki, həmin hüquqi şəxslərin torpağın alqı-satqısına aidiyyəti mülki işin aşdırılması zamanı müəyyən olunmamışdır. Eyni zamanda, qeyd edilən sənəd “borc müqaviləsi” adlandırılsa da, onun məzmunundan iddiaçının Cavabdeh1 borc pul verməsi müəyyən edilmir. Ona görə də, tərəflər arasındakı münasibətlər kredit münasibətləri kimi qiymətləndirilə bilməz. Əksinə notarial qaydada təsdiq edilmiş xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqısı barədə müqavilə ilə təsdiq edilir ki, tərəflər torpaq sahəsini 80.000 ABŞ dollarına (84.000 manata) satmağa razılaşmışlar və alıcı həmin məbləği satıcıya tam şəkildə ödəmişdir. Məhkəmə qeyd edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, iddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

15. İddiaçının nümayəndəsi və vəkili Vəkil qətnamədən apellyasiya şikayəti vermişdir.

16. İddiaçı iddia ərizəsi ilə eyni məzmunda əsaslandırdığı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

17. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.

18. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2 və “Yusifoğlu-İnşaat" MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etmirlər və səbəbi barədə məhkəməyə məlumat verməyiblər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi hüquq normaları:

19.Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Maddə 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir. Maddə 390.7. Əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir. Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Maddə 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

Tətbiq edilməsi nəzərdə tutula bilən prosessual hüquq normaları:

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

21. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

22. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

23. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

25. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edilmədiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməmiş hissəsində ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

26. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

27. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

28. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxdığı üçün də bu cür iddia haqlı sayılmır. 29.Belə ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni, müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur.

30. Göründüyü kimi iddiaçının istinad etdiyi xx.xx.2015-ci il tarixli “borc müqaviləsi” adlandırdığı sənədin heç bir hüquqi nəticə yaratmadığı qanuni qüvvədə olan məhkəmə aktları ilə öz təsdiqini tapmışdır. Həmin məhkəmə aktları ilə müəyyən edilmiş faktlar hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb edir.

31. Mülki Prosessual Məcəllənin 82.3, 233.3-cü maddələri ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir.

32. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”.

33. Məhz bu prinsipi əsas götürərək apellyasiya instansiyası məhkəməsi hesab edir ki, məhkəmə aktları ilə müəyyən edilən hallar preyudisial əhəmiyyət kəsb etdiyindən, yəni iddiaçının istinad etdiyi xx.xx.2015-ci il tarixli “borc müqaviləsi” adlandırdığı sənədin heç bir hüquqi nəticə yaratmadığı qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edildiyindən və həmin sənədə əsasən tələb edilən pul tələbi rədd edildiyindən sözügedən halların əlavə araşdırılmasına ümumiyyətlə zərurət yoxdur. 34.Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan pis niyyətlə sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı institutlarının yaranmasına da zərurət və əsas olmazdı. Yəni, iddiaçı həqiqətən mülkiyyətində olmuş torpaq sahəsini cavabdeh tərəflə 200000(iki yüz min) ABŞ dollarına satmaq barədə razılığa gəlmişdirsə bu məbləğin manata məzənnəsi ilə notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsində göstərilməsinə ona hər hansı bir maneə olmamışdır. Əgər belə bir maneə yaxud hansısa qanunsuz təsir olmuşdursa iddiaçı cinayət təqibi qaydasında hüquqlarından istifadə etməsini davam etdirə bilər.

35. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-145/2022 saylı, 27 yanvar 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-145/2022 saylı, 27 yanvar 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar