Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2934/2023 01.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı mülki iş üzrə (Açar sözlər: «icarə müqaviləsi üzrə borc pul») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 və Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-43/2023 saylı, 15 fevral 2023-cü il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları: 1.İddiaçı ilə Cavabdeh MMC arasında bağlanılmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi 251 ünvanında yerləşən ümumi sahəsi 111,8 kv.m. olan qeyri-yaşayış sahəsini Cavabdeh MMC-yə aylıq icarə haqqı 2000 manat olmaqla, bir il müddətinə icarəyə vermişdir.
2. İcarə müqaviləsinin 3-cü bəndinə əsasən icarə müddəti xx.xx.2021-ci il tarixədək müəyyən edilmiş və onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə, icarə müddətinin daha bir il müddətinə uzadılmış hesab ediləcəyi qeyd edilmişdir.
3. İcarə müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müəyyən edilmiş, lakin icarə haqqı tam şəkildə güzəştli formada da olsa ödənilməmişdir. Bu müddət ərzində icarə haqqı kimi müəyyən məbləğdə ödənişlər edilmiş və 2023-cü ilin yanvarında qeyri yaşayış sahəsi mülkiyyətçiyə mülkiyyətçiyə təhvil verilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı Cavabdeh MMC-yə qarşı qeyri-yaşayış sahəsinin təhvil verilməsi və s. tələbinə dair iddia ərizəsi ilə, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh MMC («İcarəyə götürən») ilə aralarında xx.xx.2020-ci il tarixində notariat qaydada «İcarə Müqaviləsi» bağlanmış və Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi 251 ünvanında yerləşən, ümumi sahəsi 111,8 kv.m olan qeyri-yaşayış sahəsi həmin müqavilə üzrə iddiaçı tərəfindən Cavabdeh MMC-yə icarəyə verilmişdir. X1 3-cü bəndinə əsasən icarə müddəti xx.xx.2021-ci il tarixədək müəyyən edilmiş və onun bitməsində 1 ay qalmış tərəflər həmin müqaviləsinin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha bir il müddətinə uzadılmış hesab ediləcəyi qeyd edilmişdir. Həmin müqavilənin 4-cü maddəsinə əsasən «İcarəyə götürən» Cavabdeh MMC tərəfindən «İcarəyə verən» kimi iddiaçıya aylıq 2000 manat icarə haqqının ödənilməsi razılaşdırılmışdır. İddiaçıya xx.xx.2021-ci il tarixdə təklif (xəbərdarlıq ) göndərərək xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin 3-cü bəndinə uyğun hazırkı təklifi (xəbərdarlığı) irəli sürərək icarə müddətinin uzadılmayacağı və aralarındakı icarə müqaviləsinə xx.xx.2021-ci il tarixində xitam veriləcəyi cavabdehin diqqətinə çatdırmışdır. Beləliklə, cavabdehlə aralarındakı icarə müqaviləsinə X1 şərtlərinə uyğun olaraq xitam verilmişdir. Lakin cavabdeh qanunsuz olaraq icarə obyektini boşaltmaqdan və iddiaçıya təhvil verməkdən imtina etmişdir. Etdiyi güzəştlərə (müqavilədə icarə haqqı məbləğini 2000 manat razılaşdırsalar da, pandemiya şəraitini nəzərə alaraq humanist yanaşma ilə icarə müddətində icarə haqqından aylıq 250 manat güzəşt edərək, aylıq icarə haqqı məbləğin 1750 manat müəyyən etmişdir) baxmayaraq, icarə müqaviləsi üzrə iyun, iyul, avqust və sentyabr ayları ödəniş öhdəliklərinin cavabdeh tərəfindən icra olunmaması nəticəsində ona borcu yaranmışdır. İddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə barışıq sazişi təsdiqlənsə də, cavabdeh tərəfindən onun şərtlərinə əməl edilməmiş, obyektin boşaldılması zamanı gəldikdə barışıq sazişinin təsdiq edildiyi qərardadın ləğv edilməsinə nail olmuşdur və iş yenidən məhkəmə baxışına təyin edilmişdir. Keçən müddət ərzində cavabdeh tərəfindən heç bir odəniş edilmədiyindən onun borcu əsaslı dərəcədə artmışdır. Cavabdeh icarə sahəsini yalnız 2023-cü ilin yanvar ayının əvvəli iddiaçıya təhvil vermışdir, lakin borc məbləğindən hər hansı ödəniş etməmişdir. Beləliklə cavabdehin iddiaçıya olan borcu vergilər xaric 29.310 manata çatmışdır. Göstərilənlərə əsasən, Cavabdehndən İddiaçı xeyrinə vergi xaric 29.310 manat borcunun və ödənilmiş 190 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-43/2023 saylı, 15 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddia tələbi təmin edilmiş, Cavabdeh MMC-dən İddiaçı xeyrinə vergi xaric 29.310 (iyirmi doqquz min üç yüz on) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 190 (yüz doxsan) manatın tutulması qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi qənaətini bununla əsaslandırmışdır ki, tərəflər arasında müqavilə bağlandıqdan sonra orada nəzərdə tutulmuş şərtlər hər iki tərəf üçün məcburi olduğundan, lakin cavabdeh həmin müqavilə üzrə yerinə yetirməli olduğu öhdəliyi yerinə yetirmədiyindən, iddiaçı haqlı olaraq mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. «İcarə haqqında» Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən icarə əmlaka, torpağa və digər təbii ehtiyatlara müqavilə əsasında, əvəzi ödənilməklə müddətli sahib olmaq və bunlardan istifadə etməkdir. Həmin Qanunun 7-ci maddəsinə əsasən icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsasən sənəd icarə müqaviləsidir. Həmin Qanunun 12-ci maddəsinə əsasən icarənin müddətləri müqavilə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Məhkəmə qeyd edib ki, icarə müqaviləsi əmlak kirayə müqaviləsinin bir növüdür. Həmin müqaviləyə görə icarəyə verən icarəçiyə icarə götürdüyü obyektdən istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir, icarəçi isə icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəyir. İcarə müqaviləsi elə bir hüquqi formadır ki, bunun əsasında əmlak müvəqqəti istifadə üçün bir şəxsdən digərinə keçir. İcarə müqaviləsinin bağlanması ilə əmlakın istifadəyə verilməsi üzrə öhdəlik yaranır. İcarə müqaviləsi üzrə icarəyə verənin əsas vəzifəsi icarəçiyə əmlakı müqavilə şərtinə uyğun vəziyyətdə, icarəçinin istifadəsi üçün yararlı vəziyyətdə verməkdən ibarət olduğu kimi, icarəyə götürənin də əsas vəzifəsi icarəyə götürdüyü əşyadan müqavilə şərtinə uyğun surətdə istifadə etməsindən, icarə haqqının vaxtında ödəməkdən ibarətdir. Məhkəmə qeyd edib ki, qanunvericilik icarə müqaviləsinin vaxtından əvvəl ləğv edilməsinin hüquqi əsaslarla müəyyən edir. Bu cür əsaslar icarəyə götürən şəxsin üzərinə götürdüyü öhdəliklərin icra etmədiyi və ya lazımi qaydada icra etməməsi ilə əlaqədar olur ki, belə halda icarəyə verən həmin qanunsuzluqların aradan qaldırılması haqqında onu xəbərdar edir və bunun üçün ağlabatan müddət təyin edir. Lakin qanunda elə hallar da mövcuddur ki, bir sıra pozuntuya görə icarəyə verən xəbərdarlıq müddəti gözləmədən icarə müqaviləsinin ləğv edə bilər. Belə hallardan biri icarədarın iki ardıcıl müddət üçün icarə haqqının gecikdirilməsidir (MM-nin 185-ci maddə). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Göstərilən Məcəllənin 398.1-ci maddəsindən görünür ki, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. Həmin Məcəllənin 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Qeyd edilən Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə qeyd edib ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2020–ci il tarixdə icarə müqaviləsi bağlanmış, həmin müqavilə üzrə güzəştli formada 1750 manat (müqavilədə 2000 manat icarə haqqı qeyd olunmasına baxmayaraq) icarə haqqı müəyyən edilmiş və cavabdeh tərəf bu müqavilə üzrə 5 ay ödəniş etməmişdir. (icarə müqavilənin son müddətinin bitməsini yəni xx.xx.2021-ci il tarixi nəzərə alaraq) . Daha sonradan iddiaçı tərəf yalnız həmin ilin sonuna kimi yenə güzəşt edərək ( icarə sahəsi təhvil verilməmişdir) 1750 manatdan olmaqla əlavə 2 ayda hesablamaqda haqlı olmuşdur (1750 manat x7 ay= 12250 manat). Məhkəmə həmçinin qeyd edib ki, icarə sahəsi iddiaçının özünə yalnız 2023-cü ilin yanvar ayının əvvəlində təhvil verildiyindən iddiaçının həmin bu müddətə qədər də icarə haqqının istəməkdə haqlı olmuşdur (12 ay x 2000 manat=24000 manat) . Belə ki, həmin icarə sahəsi iddiaçı tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq ona təhvil verilməmiş və icarə münasibətləri qeyri-rəsmi davam etmişdir. Qeyd olunan bütün məbləği cəm şəklində topladıqda bu rəqəm 36250 manat etmiş, lakin cavabdeh tərəfindən qəbzlər əsasında 2644 manat, 4000 manat əvvəl, 296 manat isə iddiaçının etirafına əsasən ödənişlər etmişdir. Yəni hazırda cavabdehin iddiaçıya vergi xaric 36250 manat ümumi – 6940 manat ödəniş = 29310 manat borcu yaranmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh MMC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayətində göstərilir ki, icarə müqaviləsinə dair icarə haqları müəssisə tərəfindən mütəmadi olaraq ödənilmiş, yalnız 2021-ci il üzrə ölkədə baş verən pandemiya səbəbindən icarə haqqının bir hissəsi üzrlü səbəb olaraq ödənilməmiş, həmin hallar isə iddiaçı ilə müəssisə arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsində fors major hal kimi qeyd edilmişdir. Öhdəliyin qalan hissəsinin icra edilməməsi tamamilə müqavilə şərtlərinə uyğun olmuşdur. Beləliklə, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 442-ci maddəsinin tətbiqində səhvə yol vermiş, düzgün tətbiq və təfsir etməmişdir. Mülki Məcəlləsinin 448.2 öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddənin məzmunundan da göründüyü kimi borclu yalnız təqsirli hərəkətləri üçün məsuliyyət daşıyır ki, hazırki icarə haqlarının bir qisminin ödənilməməsinin və gecikdirilməsinin səbəbi ölkədə baş verən pandemiya ilə əlaqədar yəni, tamamilə fors major hallardan ibarət olduğundan cavabdeh müəssisənin üzərinə öhdəliyin icra edilməməsinə görə hər hansı məsuliyyət qoyula bilməz. Nəzərə çatdırılması zəruridir ki, birinci instansiya məhkəməsində icraat zamanı xx.xx.2023-cü il tarixə,saat 11:30 a təyin edilmiş, həmin vaxt məhkəmə iclas zalının qarşısında 30 dəqiqə gözləməsinə baxmayaraq məhkəmə iclas zalında başqa işlərə baxılmış və hazırki işin baxılması nəzərdə tutulan vaxtdan 30 dəqiqədən də artıq gecikdirilmişdir. Həmin vaxt görülməsi zəruri olan digər işləri və məhkəmə iclasının uzun vaxt keçməsinə baxmayaraq nəzərdə tutulan vaxtdan gec başlamasını nəzərə alıb rəsmi qaydada məhkəmənin dəftərxanasında qeydiyyata aldırmaqla, eyni zamanda məcburiyyət qarşısında qalıb iclasa sədrlik edən hakimə digər işə baxarkən məhkəmə baxış iclasının təxirə salınması haqqında ərizə təqdim etsə də, məhkəmə iclasının 30 dəqiqə gecikməsini və bu halın onların təqsiri olmadan yaranmasını nəzərə almadan işə birtərəfli qaydada baxaraq tərəflər arasında çəkişmə prinsipini pozmaqla qətnamə qəbul etmişdir. Hazırki iş üzrə məhkəmə tərəflərin çəkişmə prinsipini pozmaqla eyni zamanda müqavilə üzrə nəzərdə tutulan fors major hallara qiymət vermədən işə hərtərəfli, tam və obyektiv qiymət verilməmişdir. Məhkəmə Cavabdeh MMC-nin həqiqətən həmin məbləğdə icarə haqqı ödəməli olduğunu, əlavə yaranmış icarə haqqının ödənilməməsi zamanı cavabdehin təqsirinin olub-olmaması məsələsini tam və hərtərəfli araşdırmamışdır.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
9. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.
10. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 390.1. Fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
12. “İcarə haqqında” Azərbaycan Respublikası Qanunu:
Maddə 7. İcarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. İcarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək, o cümlədən müqaviləni birtərəfli qaydada dəyişdirmək və pozmaq üstündə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və müqavilə ilə müəyyən edilən məsuliyyət daşıyırlar. Maddə 13.1. İcarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
14. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
15. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
17. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edildiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
18. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
19. Əvvəla, mübahisələndirilən hissələrdə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
20. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin yuxarıda qeyd olunan normaları nəzərdən keçirilə bilər. Lakin iddianın faktiki halları Mülki Məcəllənin və “İcarə haqqında” Qanunun icarə və kirayə münasibətlərini tənzimləyən müddəalarının dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığından haqlı sayılır.
21. Belə ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla birbaşa nəzərdə tutulmuş hüquqdur. Yəni, müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur.
22. İddiaçı cavabdehlə notarial qaydada təsdiq olunaraq bağlanmış icarə müqaviləsinə əsasən öhdəliklər yerinə yetirilmədiyinə görə icarə haqqını tələb edir. İcarə haqqının məbləği və digər mühüm şərtlər müqavilələrdə razılaşdırılmışdır. Müqavilənin hansısa şərtlərini tərəflər mübahisələndirmir. Cavabdehin mübahisələndirdiyi hal ölkədə və dünyada yaranmış pandemiya ilə bağlı icarə haqqının üzrlü səbəbdən ödənilməməsi və bu halın da müqavilədə fors-major hadisə kimi qeyd olunması ilə bağlıdır. Yəni, cavabdeh bəyan edir ki, icarə haqqının ödənilməməsi pandemiya ilə bağlı onun təqsiri olmaması ilə bağlıdır. Şübhəsiz ki, bəyan edilən bu halı cavabdeh sübut etməlidir. Başqa sözlə icarə haqqını ödəməməsinin təqsiri olmadan baş verdiyini sübut etmək yükü onun üzərinə düşdüyündən məhz cavabdeh bu halı sübuta yetirməlidir. Cavabdeh nəinki bu halı sübuta yetirmir, əksinə onun dəlilləri açıq-aşkar əsassız sayılır. Əvvəla ona görə ki, qeyd etdiyi hal müqavilədə xüsusi şərt kimi nəzərdə tutulmamışdır. Əksinə, müqavilənin 5-ci bəndində fors-major hadisəsindən sığortalanmanın icarəçinin vəzifəsi olduğu razılaşdırılmışdır. Buna baxmayaraq, müqavilənin bağlandığı tarixdə artıq dünyada və ölkədə 10 ay əvvəldən pandemiya başlamışdır. Cavabdeh də pandemiya şəraitində müqavilə bağladığını mütləq ki, bilirdi yaxud bilməmiş deyildi. Ona görə də cavabdehin bu cür dəlillər göstərməsi özü hüquqdan sui-istifadə sayılır.
23. Göstərilənlərdən başqa, cavabdeh təmin olunan yaxud hansısa məbləğdə icarə haqqını ödəməsinə dair məhkəməyə heç bir sübut təqdim etmir. Başqa sözlə, baxmayaraq ki, tam və hərətərəfli araşdırılıb, tələb edilən məbləğdə icarə haqqını ödəməli olmasını məhkəmənin araşdırmasına da cavabdeh tərəfin düşündüyü formada ehtiyac olmamışdır. Yetər ki, cavabdeh müqavilədə nəzərdə tutulan, həmçinin iddiaçının etdiyi güzəştlərə uyğun icarə haqqını ödəmiş olduğu təsdiq olunsun. Ancaq cavabdehin tələb edilən məbləğin hansısa hissəsini ödədiyini sübut edə bilmir. Bu cür vəziyyətdə onun gətirdiyi dəlil necə təsdiq oluna bilər. Əlbəttə ki, bu ritorik sual kimi səslənsə də, cavabdeh bu dəlilinin nə dərəcədə əhəmiyyətli və keçərli olmasını qabaqcadan özü üçün müəyyən etməli idi. Yəni, iddianın nə dərəcədə əsaslı olub-olmamasından asılı olmayaraq ilk növbədə icarə haqqının ödənilməsi təsdiq olunmalı idi. Cavabdeh icarəçi kimi icarə müqaviləsi üzrə öhdəliyini icra etmişdirsə icarəyəverəndən icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd almalı idi. Bu halda öhdəliyin kreditorun xeyrinə lazımınca icrası ona xitam verilməsi üçün əsas ola bilərdi. 24.Birinci instansiya məhkəməsi tərəfindən cavabdehin göstərdiyi prosessual hüquq normalarının pozulmasına yol verilməsi işdən dəqiq müəyyən edilməsə və aydın olmasa da bu halların həqiqi olması belə iddianın əsassızlığına dəlalət etmir. Əlbətdə ki, prosessual hüquq normalarının kobud pozulması yolverilməzdir. Lakin cavabdeh tərəfin məhkəmə iclasının yeri və vaxtı barədə mlumatlandırılmaması mübahisələndirilmir. Mübahisələndirilən hal məhkəmənin başqa işə baxması ilə əlaqədar prosesin uzanmasına görə hazırki işin baxılmasının təxirə salınmaması ilə bağlıdır. Təbii ki, hansısa iş üzrə məhkəmə prosesinin uzanması obyektiv səbəblərdən baş verə bilər. Bu cür vəziyyətin cavabdehin nümayəndəsi və vəkilinin başqa işdə iştirak etməsinin qarşısını almışdırsa buna dair də məhkəməyə sübut təqdim edilməli idi ki, bəyan edilən prosessual pozuntunun təsirinin əhəmiyyətini dəyərləndirmək mümkün olsun. Çünki, mahiyyəti üzrə düzgün olan qətnamənin şərtli prosessual pozuntuya görə ləğv edilməsi də əsaslı hesab edilmir.
25. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan pis niyyətlə sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda mülki hüquq subyektlərinin iradə sərbəstliyi, müqavilələr azadlığı, icarə münasibətləri və hüquqdan pis niyyətlə sui-istifadə etmə institutlarının yaranmasına da zərurət və əsas olmazdı.
26. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 43/2023 saylı, 15 fevral 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
27. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-43/2023 saylı, 15 fevral 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.