Məhkəmə qərarları › İş №2(103)-2945/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2945/2021

14.04.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək haqqı tələbi - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2945/2021 14.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, onun nümayəndəsi X1, Cavabdeh ASC-nin nümayəndəsi X3 iştirakları ilə İddiaçı Cavabdeh ASC-yə qarşı “işə çıxmağa bərpa və pul tələbi”nə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin 2(004)-5527/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh ASC-yə qarşı işə çıxmağa bərpa və pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək işə çıxmağının təmin edilməsi, işə çıxdığı tarixə qədər ona ödənilməmiş əmək haqqının Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq ödənilməsi, cavabdehin qanuna zidd hərəkətləri səbəbi ilə ona dəymiş mənəvi zərərin kompensasiya olunması üçün 3000 manat və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələblərini onunla əsaslandırmışdır ki, o, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə xx.xx.2012-ci il tarixində əmək müqaviləsi bağlamış və su kəməri təsərrüfatında nəzarətçi olaraq işə başlamış, aylıq əmək haqqı isə 610,0 manat təşkil edir. Əmək müqaviləsi Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən, elektron sistemə yerləşdirildikdən sonra hüquqi qüvvəyə minmişdir. 2016-cı ildən analıq məzuniyyətində olmuş, 2019-cu il tarixində isə uşağının səhhətində yaranmış problemlərlə ilə əlaqədar olaraq öz hesabına məzuniyyət götürmüş, xx xxxx 2020-ci il tarixindən isə yenidən işə çıxmışdır. Azərbaycan Respublikasının Baş Nazirinin 2020-ci il 16 mart tarixli 1/384 nömrəli məktubunda qeyd edilir ki, “Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və dövlət qurumlarının rəhbərlərinə” Koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizənin təşkil edilməsini təmin etmək məqsədilə aşağıdakıların təmin edilməsi və icrasına ciddi nəzarət edilməsi tapşırılmışdır. Həmin məktubun 3-cü hissəsində deyilir ki, öhdəsində azyaşlı uşağı olan qadınların iş davamiyyətinə güzəştli şərtlər tətbiq edilsin. Həmçinin qeyd olunur ki, “iş davamiyyətinə güzəştli şərtlər tətbiq edilsin” ifadəsi “əmək funksiyalarının evdə yerinə yetirilməsi” kimi, “azyaşlı uşaq” ifadəsi isə “7 yaşınadək olan uşaq” kimi başa düşülməlidir. Məhz pandemiya dövrü ilə əlaqədar olaraq öhdəsində 2 azyaşlı uşağın olması, bağçaların bağlı olması və övladlarına baxacaq ailə üzvünün olmaması səbəbilə həmin güzəştdən istifadə etmək məcburiyyətində qalmışdır. Belə ki, güzəştin tətbiq edilməsi məqsədilə çalışdığı müəssisəyə müraciət etmiş, lakin rəhbərlik tərəfindən bu güzəştin ona tətbiq edilməyəcəyi, işə gəlməli olduğu, işə gəlmədiyi təqdirdə isə işdən azad olunacağı bildirilmişdir. Daha sonra isə güzəştin tətbiq edilməsi və öhdəsində 2 azyaşlı uşağın olmasını nəzərə alınması ilə bağlı yenidən Suraxanı Rayon Sukanal İdarəsinin rəisi İlham Əliyevə yazılı formada ərizə ilə müraciət ünvanlamış, lakin heç bir nəticə əldə edə bilmədiyi üçün, eyni zamanda işlədiyi idarədə COVİD 19 infeksiyasına yoluxma hallarının artması, bununla əlaqədar sanitar-epidemioloji qaydalara və karantin şəraitinin tələblərinə riayət olunmadığı, özünün və ailə üzvlərimin həyat və sağlamlıqlarının təhlükədə olması səbəbilə məcbur qalıb işə çıxa bilməmişdir. Hüquqlarının pozulması ilə bağlı olaraq “Azərbaycan Respublikası İnsan Hüquqları Üzrə Müvəkkilinin Ombudsman) aparatına”, “Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X15 Xidmətinə” müraciət etmiş, lakin “Əmək Müfəttişliyi Xidməti” tərəfindən müraciətinə 6 aydan çox müddət keçdikdən sonra baxılaraq “siz gedin biz sizin çalışdığınız müəssisə ilə danışıb sizə xəbər verərik” deyilmişdir. Lakin bügunə kimi heç bir məlumat verilməmişdir. Çalışdığı müəssisə onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əsassız olaraq xitam verməyə çalışmışdır. Belə ki, Azərbaycan Su Təsərrüfatı X6 Respublika Komitəsi tərəfindən bildirilmişdir ki, pandemiya dövrünün şərtləri, eyni zamanda təqdim edilmiş sənədlərinin yetərincə zəmin yaratmaması səbəbindən əmək müqaviləsinə Əmək ləcəlləsinin 70-ci maddəsinin “ç “ bəndinə əsasən xitam verilməsi mümkün deyildir. Bütün bunlar ilə birlikdə cavabdeh bu günə qədər ona əmək haqqı ödəməyib, heç bir səbəb olmadan əmək müqaviləsinə xitam verməyə çalışıb. Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin 2(004)-5527/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsasaslandırmaqla birinci instansiya məhkəməsinin işi hərtərəfli və obyektiv araşdırmadığı irəli sürmüş, əlavə olaraq bildirmişdir ki, o yuxarıda qeyd olunan gözəştdən istifadə etməsi barədə cavabdeh təşkilata ərizə versə də, həmin ərizə gizlədilir və onun bu halı sübut etmək üçün yalnız səs yazısı vardır. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək izahatında qeyd etmişdir ki, iddiaçıya xx.xx.2020-ci il tarxidən xx.xx.2020-ci il tarixədək 18 günlük əmək məzuniyəti verilmiş və o, xx.xx.2020-ci il tarixdə işə çıxmalı idi. Lakin iddiaçı həmin tarixdən artıq işə gəlməmişdir. Əgər iddiaçı işə çıxaraq güzəştlə bağlı müraciət etsəydi, bəlkə də ona güzəşt tətbiq edilərdi. Cavabdeh tərəf iddiaçının ünvanına məktublar, xəbərdarlıqlar göndərmişdir. Lakin iddiaçıdan heç bir cavab daxil olmamışdır. Pandemiya ərəfəsində onların işçini işdən çıxartmaq hüququ olmadığı üçün iddiaçını işdən azad edə bilməmişlər. Həmkarlar İttifaqı da buna görə iddiaçının xeyrinə rəy vermişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya qeyd edir ki, iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin qanuniliyini tam yoxlayır. Bununla yanaşı kollegiya qeyd edir ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası izahatları bu kontekstdə dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək aşağıdaki nəticəyə gəlir. İş materiallarında olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin iddiaçı ilə bağlıdığı 74 saylı əmək müqaviləsindən xx.xx.2012-ci il tarixli 23-k saylı əmrdən görünür ki, xx.xx.2012ci il tarixində İddiaçı su kəməri təsərrüfatının 2 saylı xidmət sahəsinə 5-ci dərəcə nəzarətçi işinə qəbul edilmişdir. İş materiallarında olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Suraxanı rayon Sukanal Departamentinin xx.xx.2014-cü il tarixli 187-Ş saylı əmrindən görünür ki, İdarənin Müştəri xidmələri şöbəsinin su kəməri təsərrüfatında nəzarətçisi olan İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 125-ci maddəsinin İ hissəsinə əsasən xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək hamiləlik dövrü və doğuşdan sonrakı dövr üçün 126 təqvim günü sosial məzuniyyət verilmişdir. İş materiallarında olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Suraxanı rayon Sukanal Departamentininxx.xx.2015-ci il tarixli 16-Ş saylı əmrindən görünür ki, İdarənin Müştəri xidmətləri höbəsinin su kəməri təsərrüfatında nəzarətçisi olan İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 125-ci maddəsinin İ hissəsinə əsasən uşağın 3 yaşı tamam olana qədər xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək qismən ödənişli sosial məzuniyyət verilmişdir. İş materiallarında olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Suraxanı rayon Sukanal Departamentinin xx.xx.2016-ci il tarixli 51-Ş saylı əmrindən görünür ki, İdarənin Müştəri xidmətləri şöbəsinin su kəməri təsərrüfatında nəzarətçisi olan İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 127-ci maddəsinin İ hissəsinə əsasən uşağın 3 yaşı tamam olana qədər xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək qismən ödənişli sosial məzuniyyət verilmişdir. İşə başlama tarizi xx.xx.2019-cu il. İş materiallarında olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Suraxanı rayon Sukanal Departamentinin xx.xx.2020-ci il tarixli 05-Ş saylı əmrindən görünür ki, İdarənin Müştəri xidmətləri höbəsinin su kəməri təsərüfatında nəzarətçisi ilə bağlanmış İddiaçı əmək müqaviləsinə edilmiş dəyişiklikliyə əsasən xx.xx.2020-ci il tarixdə 5-ci dərəcə ilə İdarənin Debitor borclarla iş qrupunda su kəməri təsərüfatında nəzarətçi peşəsinə təyin edilmişdir. İş materiallarında olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Suraxanı rayon Sukanal Departamentinin xx.xx.2020-ci il tarixli 141-Ş saylı əmrindən görünür ki, İdarənin Müştəri xidmətləri şöbəsinin Debitor borclarla iş qrupunda su kəməri təsərüfatında nəzarətçisi olan İddiaçı xx.xx.2015-ci il tarixədək 18 təqvim günü əmək məzuniyyəti verilmişdir (15 təqvim günü əsas, 1 təqvim günü əmək stajına görə əlavə, 2 təqvim günü azyaşlı uşağın olmasına görə əlavə) işə başlama tarixi xx.xx.2020-ci il. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X7 Bakı şəhər İdarəsinin İddiaçı və X10 Xidmətinin rəisinə ünvanladığı xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, iddiaçının Suraxanı rayon Sukanal İdarəsində əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə etdiyi müraciətə X10 Xidmətinin Bakı şəhər İdarəsində baxılmış, araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2020-cı il tarixli İƏ01/1-718 nömrəli məktubda onun xx.xx.2020-ci il tarixdən heç bir üzrlü səbəb göstərmədən işə çıxmadığı və bununla bağlı ünvanına müəssisə tərəfindən xx.xx.2020-ci il və xx.xx.2020-ci tarixli xəbərdarlıq məktubları göndərildiyi bildirilir. Müraciətdə qeyd etdiyi xüsusatlarla bağlı nəzərinizə çatdırılır kı, Nazirlər Kabineti yanında Operativ Qərargahın “Xüsusi rejimdə iş üzrə təlimatı”-nın 3-cu hissəsində, öhdəsində azyaşlı uşağı olan qadınların iş davamiyyətinə güzəştli şərtlərin tətbiq edilməsi nəzərdə tutulmuşdur. Bununla bağlı tərəfindən "Cavabdeh ASC”-nın Suraxanı rayon Sukanal İdarəsinə Təlimatın tələblərinin təmin edilməsi barədə məktub ünvanlanmışdır. İş materiallarında olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Suraxanı rayon Sukanal Departamentinin İddiaçı ünvanladığı xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, o, xx.xx.2020-cu il tarixindən (xx.xx.2020-ci il tarixədək) etibarən hər hansı bir səbəb bildirmədən iş yerində olmamısdır. Məlumat olaraq bildirilir ki, Suraxanı rayon Sukanal idarəsinə yaxın müddət ərzində işdə olmama səbəblərini açıqlayan sənəd nümunələri ilə birgə gəlməsi xahiş edilir. İş materiallarında olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Suraxanı rayon Sukanal Departamentinin İddiaçı ünvanladığı xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, ona Suraxanı rayon Sukanal İdarəsinin xx.xx.2020-ci il tarixli, 449 saylı məktubuna heç bir məhəl qoymadıqlarını nəzərə alaraq yenidən xəbərdarlıq edib, xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixədək heç bir üzrlü səbəb olmadan işə gəlməməkləri səbəbi barədə təcili olaraq idarəyə məlumat verməklərini ondan xahiş edirlər. Əks təqdirdə qanunvericiliyə uyğun olaraq barələrində müvafiq qaydada tədbir görüləcəkdir. İş materiallarında olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X7 Bakı şəhər İdarəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, onların Cavabdeh ASC Suraxnı rayon Sukanal İdarəsinə ünvanladıqları xx xxxx 2020-cu il tarixli № **********7 saylı müraciətlərinə cavab olaraq bildirirlər ki, İddiaçı xx xxx 2020-ci il tarixdə məzuniyyət müddəti bitməsinə baxmayaraq, işə çıxmamışdır. Zoya Rəşidovnaya 20 may və xx xxx 2020-ci il tarixlərində Suraxanı rayon Sukanal İdarəsinin rəhbərliyi tərəfindən işə çıxması ilə bağlı xəbərdarlıq məktubu göndərilmiş, son olaraq xx xxxx 2020-cu il tarixdə Həmkarlar İttifaqı Komitəsinin sədri Süleyman Quliyev tərəfindən işə çıxması ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. Buna baxmayaraq, Zoya Rəşidovna bu günə kimi heç bir üzrsüz səbəb göstərmədən işə gəlməmişdir. İşçiyə dair məlumatlar qoşmada onlara göndərilir. İş materiallarında olan Azərbaycan Su Təsərrüfatı X6 Respublika Komitəsinin Bakı şəhəri, X2 İttifaqının “Bakı şəhər Komitəsi”nin sədrinə ünvanladığı xx.xx.2020-ci il tarixli 40 saylı məktubunda göstərilmişdir ki, Suraxanı rayon Sukanal İdarəsinin Müştəri Xidmətləri şöbəsinin nəzarətçisi X8 əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam edilməsinə, pandemiya dövrünün şərtlərini də nəzərə alsaq, təqdim olunan sənədlər maddənin tətbiq olunmasına yetərincə zəmin yaratmır. - “Azərbaycan Respublikası İnsan Hüquqları Üzrə Müvəkkilinin (Ombudsman) aparatının rəhbərinin İddiaçı ünvanladığı xx.xx.2020-ci il tarixli cavab məktubunun məzmunundan görünür ki, Cavabdeh ASC-nin struktur tərkibinə daxil olan bütün müəssisə və təşkilatlarda koronavirus (COVİD19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən karantin rejimi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarında iş rejimi və şəraiti ilə bağlı nəzərdə tutulan tələblərə və Operativ Qərargahın sanitar-epidemioloji şəraitlə bağlı tövsiyələrinə ciddi surətdə riayət olunmaqdadır. İş materiallarında olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin “koronavirus (COVİD19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı profilaktik tədbirlərin gücləndirilməsi barədə” xx.xx.2020-ci il tarixli 113 saylı əmrinin: - 1-ci bəndinə əsasən koronavirus (COVİD19) infeksiyasının yayılmaması məqsədi ilə Cavabdeh ASC-nin fəaliyyəti, vətəndaş müraciətlərinə baxılması, vətəndaşların və xarici qonaqların qəbulu, daxili görüş və iclasların təşkili qaydaları” təsdiq edilmişdir. - 2-ci bəndinə əsasən Koronavirus (COVİD19) infeksiyasının yayılmaması məqsədi ilə yaranmış vəziyyətlə əlaqədar lazımi koordinasiya işlərinin aparılması; maarifləndirmə və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, habelə zəruri hallarda müvafiq dövlət qurumları ilə operativ əlaqələndirmənin təmin edilməsi və təxirəsalınmaz təhlükəsizlik tədbirlərinin təşkil edilməsi məqsədi ilə aşağıdakı tərkibdə Operativ Qrup təşkil edilmişdir. - 4.1-ci bəndinə əsasən, bu əmr ilə təsdiq edilmiş koronavirus (COVİD19) infeksiyasının yayılmaması məqsədi ilə Cavabdeh ASC-nin fəaliyyəti, vətəndaş müraciətlərinə baxılması, vətəndaşların və xarici qonaqların qəbulu, daxili görüş və iclasların təşkili qaydaları”nın tələblərinə ciddi riayət edilsin. - 4.5-ci bəndinə əsasən, müştərilərlə təmasda olan işçilərin zəruri qoruyucu vasitələrlə (dezinfeksiya məhlulu, maska, əlcək) təmin olunması həyata keçirilmişdir. - 5-ci bəndinə əsasən, infeksiyanın (COVİD-19) qarşısının alınması ilə bağlı həyata keçirilən tədbirlər zamanı Cəmiyyətin normal fəaliyyətinin, xüsusilə istehsal və istismar fəaliyyətinin, habelə müştəri məmnuniyyətinin yüksək səviyyədə qorunub saxlanılmasına ciddi diqqət göstərilsin. - 6-cı bəndinə əsasən, Cavabdeh ASC-nin Elektron İdarəetmə və müasir texnologiyalar departamentinə (E.Əhmədov) tapşırılsın ki, zəruri olduğu təqdirdə müvafiq siyahı üzrə evdən çalışan işçilərin kompüterlərinin və ya digər texniki vasitələrinin Cavabdeh ASC-nin şəbəkəsində işləməsi üçün lazımi texniki imkanların yaradılmasını təmin etsin. İş materiallarında olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin “koronavirus (COVİD19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı profilaktik tədbirlərin gücləndirilməsi barədə” xx.xx.2020-ci il tarixli 113 saylı əmri ilə təsdiq edilmiş koronavirus (COVİD19) infeksiyasının yayılmaması məqsədi ilə Cavabdeh ASC-nin fəaliyyəti, vətəndaş müraciətlərinə baxılması, vətəndaşların və xarici qonaqların qəbulu, daxili görüş və iclasların təşkili qaydaları”nın 5.3-cü bəndinə əsasən, öhdəsində azyaşlı uşağı olan qadınların və 60 yaşdan yuxarı işçilərin işə davamiyyətlərində qanunvericilik çərçivəsində güzəştlər tətbiq edilə bilər. İş materiallarında olan Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə X12 2014-cü ilin aprel ayının 1-də nikahlarını rəsmi qeydə etdirmişlər. İş materiallarında olan Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, valideynləri X4 və İddiaçı olan X5 xx.xx.2015-ci ildə, X9 xx.xx.2016-cı ildə anadan olmuşlar. Əmək Məcəlləsinin 186-cı və 187-ci maddələrinə görə isə, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona intizam tənbehi verə bilər. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. İşin materiallarından görünür ki, iddiaçı faktiki olaraq xx.xx.2020-ci il tarixdən özü işə çıxmamış, cavabdeh tərəf onun ünvanına göndərdiyi məktublara, xəbərdarlıqlara heç bir cavab verməmişdir. Cavabdeh tərəfin izahatlarından da görünür ki, iddiaçıya güzəşt tətbiq edilməsi üçün onun işə çıxması gərək idi və o, yalnız işə çıxarkən güzəştlə bağlı müraciət etsəydi, ona məzuniyyətdən sonrakı müddətdə ölkə üzrə karantin rejimin tələblərinə uyğun olaraq, himayəsində azyaşlı övladlarının da olması nəzərə alınaraq, işə cəlb edilməməsi üçün bu qrupdan olan digər işçilərlə yanaşı güzəşt edilərək şərait yaradılması məsələsi müzakirə edilərdi. Pandemiya ərəfəsində onların işçini işdən çıxartmaq hüququ olmasa da, bunun üçün Həmkarlar İttifaqına müraciət edilsə də, sonuncu pandemiya dövrünün şərtlərini də nəzərə alsaq onun işdən çıxarılmasına müsbət rəy verməmişdir. Həmçinin kollegiya qeyd edir ki, iddiaçının istinad etdiyi Azərbaycan Respublikasının Baş Nazirinin 2020-ci il 16 mart tarixli 1/384 nömrəli məktubunda qeyd edilir ki, “Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və dövlət qurumlarının rəhbərlərinə” Koronavirus (COVİD- 19) infeksiyasına qarşı mübarizənin təşkil edilməsini təmin etmək məqsədilə aşağıdakıların təmin edilməsi və icrasına ciddi nəzarət edilməsi tapşırılmışdır. Həmin məktubun 3-cü hissəsində deyilir ki, öhdəsində azyaşlı uşağı olan qadınların iş davamiyyətinə güzəştli şərtlər tətbiq edilsin. Həmçinin qeyd olunur ki, “iş davamiyyətinə güzəştli şərtlər tətbiq edilsin” ifadəsi “əmək funksiyalarının evdə yerinə yetirilməsi” kimi, “azyaşlı uşaq” ifadəsi isə “7 yaşınadək olan uşaq” kimi başa düşülməlidir. İşin materiallarından görünür ki, iddiaçı hüquqlarının pozulması ilə bağlı olaraq “Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X15 Xidmətinə” və “Azərbaycan Respublikası İnsan Hüquqları Üzrə Müvəkkilinin Ombudsman) aparatına” müraciət etmiş və muraciətlərinə əsasən sonuncu tərəfindən ona bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı təsdiq edilmiş Tədbirlər Planına əsasən, işçilərin əsassız yerə işdən çıxarılması, ixtisarına yol verilməməsi və məzuniyyətə buraxılan işçilərin əmək haqlarının saxlanması ilə bağlı tədbirlərin nəzərdə tutulmasına və himayələrində azyaşlı övladlarının olmasına baxmayaraq, işlədiyi Suraxanı Sukanal İdarəsindən ona hər hansı bir güzəştin tətbiq edilməməsi, işdən azad ediləcəyi ilə təhdid olunmağı, habelə idarədə COVİD19 infeksiyasına yoluxma hallarının artması, bununla əlaqədar müəssisədə sanitar-epidemioloji qaydalara və karantin şəraitinin tələblərinə riayət olunmaması, işçilərə münasibətdə güzəştlərin tətbiq edilməməsi, onun və ailə üzvlərinin həyat və sağlamlığının təhlükədə olması haqqında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (ombudsman) ünvanladıqları şikayətdə əks etdirilmiş halların yoxlanılması və müvafiq tədbirlərin görülməsi Cavabdeh ASC-yə tapşırılmışdır. ASC-dən verilmiş cavabdan görünür ki, Cavabdeh ASC-nin Suraxanı Rayon Sukanal İdarəsində su kəməri təsərrüfatında nəzarətçi peşəsində işləyən iddiaçı xx xxxxx 2020-ci il tarixdən x xxx 2020-ci il tarixinədək olan müddətdə öz xahişinə əsasən əmək məzuniyyətinə göndərilmiş, məzuniyyətdən sonrakı müddətdə isə ölkə üzrə karantin rejimin tələblərinə uyğun olaraq, himayəsində azyaşlı övladlarının da olması nəzərə alınaraq, işə cəlb edilməməsi üçün bu qrupdan olan digər işçilərlə yanaşı güzəşt edilərək şərait yaradılmışdır. 20 və xx xxx 2020-ci il tarixlərdə əmək funksiyasına daxil olan təxirəsalınmaz qısamüddətli işlərin yerinə yetirilməsi ilə bağlı həm şifahi, həm də yazılı formada bir neçə dəfə idarəyə gəlməyi xahiş olunsa da, gəlməyəcəyi barədə heç bir məlumat və ya səbəb göstərməmiş və əhəmiyyət verilməmişdir. Hal-hazırda Cavabdeh ASC-nin Suraxanı rayon Sukanal İdarəsində su kəməri təsərrüfatında nəzarətçi peşəsində işini davam etdirir. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (ombudsman)ın iddiaçıya ünvanladığı cavab məktubundan daha sonra görünür ki, Cavabdeh ASC-nin struktur tərkibinə daxil olan bütün müəssisə və təşkilatlarda koronavirus (COVİD19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tərbiq edilən karantin rejimi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarında iş rejimi və şəraiti ilə bağlı nəzərdə tutulan tələblərə və Operativ Qərargahın sanitar-epidemioloji şəraitlə bağlı tövsiyələrinə ciddi surətdə riayət olunmaqdadır. Kollegiya qeyd edir ki, Nazirlər Kabinetinin güzəştlərin tətbiq edilməsi ilə bağlı müvafiq qərarı cavabdeh ASC-nin idarələrinin müştəri şöbəsinə aid olmamışdır. Buna baxmayaraq müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixli 113 saylı əmrə əsasən öhdəsində azyaşlı uşağı olan qadın kimi iddiaçıya qanunvericilik çərçivəsində güzəştlər tətbiq edilməsinə cavabdeh tərəf etiraz etməmiş, lakin, o, faktiki olaraq işə çıxmadığı və işdə olan belə bir güzəştlə bağlı rəsmi müraciəti olmadığı üçün cavabdeh haqlı olaraq ona münasibətdə heç bir güzəşti təmin etməmişdir. Kollegiya həmçinin qeyd edir ki, iddiaçının səbəbsiz və öz mülahizəsinə əsaslanıb işə çıxmadığı dövr üzrə əmək funksiyasını qəsdən icra etməyib əmək haqqı tələb etməsi də qanunvericiliyin tələbləri baxımından yolverilməzdir. Belə ki, Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə əməl etmək və sair vəzifələrin icra edilməsi işçinin əsas vəzifələrindəndir. Həmin Məcəllənin 154-cü maddəsinin 1-ci hissəsinə görə əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Əmək Məcəlləsinin 169-cu maddəsinə görə boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. İşçinin təqsiri üzündən boşdayanma vaxtı ödənilmir. Həmin Məcəllənin 178-ci maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur... Göründüyü kimi iddiaçının işləmədiyi vaxta görə əmək haqqı tələb etməsi qanunsuz olmaqla yanaşı həm də ədalətsizdir. Beləliklə kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin 2(004)-5527/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar