Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2957/2022 09.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Sarıyev Xəyal Əjdər oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 və nümayəndəsi və vəkili Vəkil, Üçüncü şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-352/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı X3 (bundan sonra iddiaçı) cavabdeh "xxxx" MMC-yə (bundan sonra hərrac mərkəzi) müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" BOKT ASC-yə (bundan sonra bank) qarşı “hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərrac mərkəzi tərəfindən keçirilmiş 13 avqust 2021-ci il tarixli 62/04№-li hərracın yekun nəticələri barədə protokolun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-352/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlili ondan ibarət olmuşdur ki, qətnamə qanunsuz və əsassızdır, maddi və prosessual hüquq normaları pozulmuşdur, belə ki, 2021-ci ilin yanvar ayında hərracın keçirlməsi barədə məlumat aldıqda o, tələbkar banka məhkəmə qətnaməsi ilə təmin edilmiş 23550 (iyirmi üç min beş yüz əlli) ABŞ dolları məbləğində pul vəsaitini ödənilməsi barədə müraciət etmiş, lakin bank borcdan əlavə 10.000 ABŞ dolları tələb etmişdir. Daha sonra isə onlar banka müraciət edərək evin onların özləri tərəfindən başqa şəxsə satılması barədə razılıq verilməsini xahiş etmiş, lakin yenə də heç bir razılıq əldə olunmamışdır. Bütün müraciətlər rəsmi şəkildə olmuşdur. Bank onların pis vəziyyətdə olmasından istifadə etmiş, yanvar ayında keçirilməli olan hərrac keçirilməmiş, onlara cavab verilməmiş müddət süni şəkildə uzadılmış, daha sonra avqust ayında olan hərracdan onların məlumatı olmamışdır. Rayon məhkəməsi yalnız hərracdan məlumatlı olmalarına istinad edərək iddia tələbini təmin etməmiş, işin faktiki hallarını araşdırmamışdır. Göstərilənlərə əsasən, qətnamənin ləğv edilərək iddia tələblərinin təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi L.Zalıyeva apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi, həmçinin bildirdi ki, hərrac keçirilən ərəfədə banka yaxınlaşaraq qətnamə ilə tutulmuş məbləğin ondan qəbul edilməsini xahiş etdikdə, bank onlardan qətnamə ilə tutulan məbləğdən əlavə 10.000 ABŞ dolları tələb etmiş, bu barədə yazılı müraciətləri olmuş, bank buna əhəmiyyət verməmiş, həmin ərəfədə bank onlarda qətnamə ilə müəyyən edilmiş məbləğdən əlavə olaraq 10.000 ABŞ dolları pul tələb etdiyindən və bu əsasla razılığa gələ bilmədiklərindən, növbəti dəfə onlar mənzilə real alıcılarının olduğunu, bu səbəbdən də mənzilin yaxşı qiymətə sataraq borcun ödənilməsinə imkan yaratmalarını xahiş etmiş, lakin bank bunula da razılaşmamış, nəyin bahasına olursa-olsun onların yeganə yaşayış yeri olan mənzilini ələ keçirməyə çalışmış və qanuna zidd olaraq da bunu həyata keçirmişlər. Hazırda işə apellyasiya qaydasında baxılan zaman əvvəlki məhkəmə iclası barışıq üçün təxirə salınanda, yenə bankla danışıq zamanı onlardan qətnamədən tutulan məbləğdən əlavə 35.000 manat tələb edildi, lakin onlar əlavə olaraq 15.000 manat verə biləcəklərini bildirdikdə razılıq baş tutmamışdır. L.Zalıyeva hesab edir ki, hərrac prosesində bank onların öhdəliyi icra etməsinə mane olmuşdur, nəticədə onların əmlakı real qiymətindən iki dəfə ucuz qiymətə bank tərəfindən satın alınmış və mülkiyyət hüquqları pozulmuşdur, bu səbəbdən, iddia tələbinin əsaslı olduğunu və apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək və iddiaçının nümayəndəsinin bildirdiklərini təsdiq edərək qeyd etdi ki, iddiaçı tərəfindən hərrac ərəfəsində qətnamə ilə tutulan məbləğin ödənilməsi barədə müraciətlər rəsmi olmuşdur, bu iş materialları ilə təsdiq olunur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 46.1-ci maddəsinə əsasən, ipoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alğı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alğı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə protokol imzalananadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. Bank isə həmin vaxt qətnamə ilə tutulan məbləğdən əlavə 10.000 ABŞ dolları tələb etmiş, nəticədə öhdəliyin icrası bankın təqsiri ucbatından baş tutmamış, ipotekaya da xitam verilməmişdir. İkinci hərracdan da iddiaçının məlumatı olmamış, onun əmlakı hərracda bazar qiymətindən iki dəfə aşağı qiymətə bank tərəfindən alınmışdır. Apellyasiya icraatı mərhələsində də barışıqla bağıl danışıqlar zamanı qət olunan borcdan əlavə 15.000 təklif olunmasına baxmayaraq, bankın iddiaçıdan əlavə 35.000 manat tələb etməsi faktının özü də bankın xoş olmayan niyyətindən və ipoteka qoyulmuş əmlakı qanunsuz yollarla əldə etməsindən xəbər verir. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməsini və hərracın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyasının iclasında üçüncü şəxsin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti ilə razı olmadığını bildirərək göstərdi ki, hərrac tam qanuni keçirilmişdir, nümayəndə həmçinin hərraca qədər iddiaçının qeyd etdiyi bildirişlərin banka verildiyini, tərəflər arasında borcun ödənilməsi ilə bağlı müəyyən danışıqların (o cümlədən də apellyasiya icraatı zamanı da) aparıldığını təsdiq etdi, lakin razılğın əldə olunmama səbəbini bilmədiyini göstərərək şikayətin təmin olunmamasını xahiş etdi. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barəsinda məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 sentybar 2018-ci il tarixli 2(009)- 2828/2018 saylı qətnaməsindən görünür ki, bankın iddiaçıya qarşı pul tələbinə dair iddiası qismən təmin edilərək, onun ilə bank arasında bağlanmış xx.xx.2017-ci il tarixli 2017/00410-01 saylı kredit müqaviləsinə xitam verilməsi, ondan bankın xeyrinə xx.xx.2017-ci il tarixli 2017/00410-01 saylı kredit müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixə yaranmış 22115.67 ABŞ dolları məbləğndə əsas borcun, 1400,30 ABŞ dolları faiz borcunun və 34.03 ABŞ dolları cərimə borcunun, cəmi 23550 (iyirmi üç min beş yüz əlli) ABŞ dolları məbləğində pul vəsaitinin tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə tutulması, ondan tutulacaq pul məbləği ipoteka ilə yüklü edilmiş və iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, N.Rəfibəyli küçəsində yerləşən 3/5 saylı evin 7 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti 130000 (yüz otuz min) manat olmaqla ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və bankın tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğ müvafiq olaraq ipoteka qoyana qaytarılması, Bakı şəhəri, Səbail rayonu, N.Rəfibəyli küçəsində yerləşən 3/5 saylı evin 7 saylı mənzili açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində boşaldılması və cavabdeh İddiaçı əşyaları ilə birlikdə həmin əmlakdan çıxarılması və X1 bankın xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-134/20 saylı, 16 yanvar 2020-ci il tarixli qətnaməsinə əsasən, cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Səbail Rayon Məhkəməsinin 2(009)-2828/2018 saylı, 13 sentyabr 2018-ci il tarixli qətnaməsi ilkin satış qiyməti hissəsində dəyişdirilmiş, mənzilin ilkin satış qiyməti 162.000 manat müəyyən olunmuş,qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3709/2020 saylı 21,07.2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Hərrac mərkəzinin açıq hərracın keçirilməsinə dair 05 noyabr 2020-ci il tarixli 01 nömrəli bildirişin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, N.Rəfibəyli küçəsində yerləşən 3/5 saylı evin 7 saylı mənzilini 162.000 (bir yüz altmış iki min) manat məbləğində açıq auksion formasında hərracın keçirilməsi 01 dekabr 2020-ci il tarixə saat 11:00-17:00dək təyin edilmişdir. Hərrac mərkəzinin açıq hərracın keçirilməsinə dair 02 dekabr 2020-ci il tarixli 02 nömrəli bildirişin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, N.Rəfibəyli küçəsində yerləşən 3/5 saylı evin 7 saylı mənzilini 137.700 (bir yüz otuz yeddi min yeddi yüz) manat məbləğində açıq auksion formasında hərracın keçirilməsi 18 dekabr 2020-ci il tarixə saat 11:00-17:00dək təyin edilmişdir. Səbail Rayon İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli, 163052/20-xx-xx/5314 №-li "xxxx" MMC-yə ünvanlanmış məktubun surətindən görünür ki, icra məmuru tərəfindən xx.xx.2020-ci il tarixdə hərracın dayandırılması ilə bağlı məktub ilə müraciət edilmişdir. Hərrac mərkəzinin açıq hərracın keçirilməsinə dair 13 iyul 2021-ci il tarixli 02 nömrəli bildirişin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, N.Rəfibəyli küçəsində yerləşən 3/5 saylı evin 7 saylı mənzilini açıq auksion formasında hərracın keçirilməsi 02 avqust 2021-ci il tarixə saat 11:00-17:00dək təyin edilmişdir. “Birja yenilikləri” qəzetinin xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli buraxılışlarının surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, N.Rəfibəyli küçəsində yerləşən 3/5 saylı evin 7 saylı mənzilin açıq hərraca dair elan yerləşdirilmişdir. Hərrac mərkəzinin 13 avqust 2021-ci il tarixli hərracın yekunları barədə 62/04 nömrəli protokolunun müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, iddiaçıya məxsus olan Bakı şəhəri, Səbail rayonu, N.Rəfibəyli küçəsində yerləşən 3/5 saylı evin 7 saylı mənzil ilkin satış qiyməti 162.000 (bir yüz altmış iki min) manat qiymətə alınmadığından, 15% aşağı qiymətə 137700 (bir yüz otuz yeddi min yeddi yüz) manat qiymətə təkrar hərraca çıxarılmış, təkrar hərracdakı satış qiymətindən 25% aşağı qiymətə103275 (bir yüz üç min iki yüz yetmiş beş) manat olmaqla “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan bank tərəfindən əldə edilmişdir. Buna dair 13 avqust 2021-ci il tarixdə hərracın yekunları barədə əmlakın alqı-satqısı barədə müqavilə imzalanmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, N.Rəfibəyli küçəsində yerləşən 3/5 saylı evin 7 saylı mənzili bankın adına xüsusi mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçının nümayəndəsi L.Zalıyeva tərəfindən banka ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədən məlum olur ki, məhkəmə qətnaməsini könüllü icra edərək mənzili özü satmaq istəyir, bu səbəbdən banka qətnamə ilə müəyyən edilmiş 23550 ABŞ dolları məbləğində vəsaiti ondan əvvəlcədən qəbul etməklə, mənzilin satılmasına dair razılıq verilməsini xahiş edir (i/v 10-11). İddiaçının nümayəndəsi L.Zalıyeva tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədən məlum olur ki, qətnamə ilə müəyyən edilmiş 23550 ABŞ dolları məbləğində vəsaitinin ondan qəbul edilməsini tələbkardan xahiş etmiş,tələbkara ünvanlanmış məktubu əlavə etməklə hərracın dayandırılmasını xahiş etmişdir. (i/v 12- 13). İddiaçının nümayəndəsi tərəfindən eyni tarixli Səbail Rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış müraciətində tələbkar və hərrac mərkəzinə təqdim etdiyi yuxarıda istinad olunan ərizələri qoşmaqla hərracın dayandırılması xahiş olunmuşdur. ( i/v 14-15) Mülki işin 16-18-ci vərəqlərində olan sifarişli poçt göndərmələrinə dair "xxxx" MMC tərəfindən təsdiq olunmuş sənədlərdən bəlli olur ki, iddiaçının göndərdiyi həmin müraciətlər ünvan sahiblərinə çatdırılmışdır. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən qətnaməni iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia təmin edilməlidir. Belə ki, araşdırmalar zamanı müəyyən olunmuşdur ki, İddiaçı bankdan kredit götürmüş və təminat kimi mülkiyyətində olan mənzili ipotekaya qoymuş, sonradan kredit məbləğini ödəyə bilməmiş,bundan sonra borcun tutulması, tutmanın ipotekaya yönəldilməsi barədə məhkəmə qətmamə qəbul etmiş, son olaraq ondan ümumilikdə 23 550 ABŞ dolları məbləğində pulun tutulması, ipoteka qoyulmuş əmlakın ilkin satış qiymətinin isə 162 000 manat müəyyən edilmiş, qətnamə icraya yönəldilmişdir. Hərracdan öncə iddiaçı borc məbləğini könüllü olaraq ödəmək istəmiş və bununla bağlı banka müraciət etsə də, bank ondan öhdəliyin icrası üçün əlavə vəsait tələb etmiş və icranı qəbul etməmiş, bu səbəbdən borclu öhdəliyi icra edə bilməmiş, sonradan borclu mənzilin satışı üçün real alıcı olduğunu və mənzili yaxşı qiymətə sataraq borcu ödəmək istədiyini bildirsə də, bank yenə də borclunun təklifindən imtina etmiş və bu dəfə də icranı qəbul etməmişdir. Eyni zamanda, apellyasiya icraatı zamanı bankın nümayəndəsi ipoteka qoyulmuş mənzil onlar tərəfindən əldə olunanadək borclu tərəfindən borcun ödənilməsinə cəhd olduğunu təsdiq etmiş, lakin borclunun öhdəliyinin icrasını qəbul edilməməsinin səbəblərini ağlabatan şəkildə izah edə bilməmişdir. Həmçinin müəyyən olunmuşdur ki, ipotekada olan mənzilin satışı ilə bağlı ilkin hərracın keçirilməsi 01 dekabr 2020-ci il, icra məmuru tərəfindən hərrac mərkəzinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda hərracın dayandırılması xahiş olunsa da, sonradan hərrac 18 dekabr 2020-ci il tarixinə təyin olunmuş, 02 avqust 2021-ci il tarixdə yenidən (üçüncü dəfə) hərrac keçirilmiş, hərrac mərkəzinin xx.xx.2021-ci il tarixli məktubu ilə həmin əmlak 103 275 manata tələbkara təklif olunmuş, 13 avqust 2021-ci il tarixli protokola əsasən Bakı şəhəri, Səbail rayonu, N.Rəfibəyli küçəsində yerləşən 3/5 saylı evin 7 saylı mənzil bank tərəfindən 103 275 manata əldə edilmişdir. “İpoteka haqqında” qanunun 46.1-ci maddəsinə görə, ipoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqısatqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə protokol imzalananadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. Həmin Qanunun 48-ci maddəsində ipotekaya xitamın əsasları nəzərdə tutulmuşdur ki, onlardan biri də əsas öhdəliyə xitam verilməsidir (maddə 48.1.2.). Məhkəmə araşdırmaları zamanı hərrac keçirilənədək iddiaçı (ipoteka saxlayan) tərəfindən əsas öhdəlik üzə borcun ödənilməsi barədə təkliflə banka (ipoteka saxlayana) müraciət edilməsi hazırkı işin mübahisəsiz halı kimi müəyyən olunmuşdur. Mülki Məcəllənin 445.5-ci maddəsinə əsasən, əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. Mülki qanunvericiliyin öhdliklərin icrasını tənzimləyən normalarında aşkar tsbit edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir ( maddə 425.1). Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər ( maddə 425.2). Hazırkı işin müəyyən olunmuş faktiki hallarını “İpoteka haqqında” Qanunun və Mülki Məcəllənin istinad olunan normalarının tələbləri baxımından nəzərdən keçirdikdə müəyyən olunur ki, icra mərhələsində tələbkar olan bank tərəfindən “İpoteka haqqında” qanun 46.1 və Mülki Məcəllənin 425.1 və 425.2-ci maddələrinin imperativ tələblərinə əməl olunmamış, nəticədə isə ipotekaqoyanın mülkiyyət hüququ əhəmiyyətli dərəcədə pozulmuşdur. Mülki Məcəllənin 416-cı maddəsinə əsasən məcəlləd müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Bu qanun pozuntusunun müəyyən olunması öz-özlüyündə ipoteka saxlayana məxsus əmlakın satışı ilə əlaqədar hərracın keçirilməsi ilə bağlı bütün hərəkətlərin etibarsızlığını şərtləndirir. Elə buna görə də məhkəmə kollegiyası hesab edir ki, hərracın keçirilməsi zamanı “İpoteka haqqında” qanunda, eləcə də Mülki Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl edilməsinin ayrıca yoxlanılmasına lüzum yoxdur. Baxmayaraq ki, həracın keçirilməsi zamanı da cavabdeh hərrac mərkəzi tərəfindən aşkar qanun pozuntularına yol verilmişdir. Belə ki, borclunun müraciəti əsasında sifarişçi kimi icra məmuru hərrac mərkəzinə ünvanladığı hərracın dayandırılması ilə bağlı xx.xx.2020-c il tarixli tapşırığına əməl etməyərək 18 dekabr tarixində ikinci hərracı keçirmişdir. Bundan başqa araşdırmalar zamanı müəyyən olunmuşdur ki, hərrac mərkəzi tərəfindən 01 dekabr və 18 dekabr tarixlərində iki hərracın keçirilməsinə baxmayarq, 02 avqust 2021-ci il tarixdə qanuna zidd olaraq üçüncü dəfə hərrac keçirilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair 28 oktyabr 2014-cü il tarixli Qərarında da “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsinin həmin Qanuna zidd olduğu təsbit olunmuşdur. Həmin qərarda həmçinin göstərilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Buna baxmayaraq, işə baxmış rayon məhkəməsi iddiaçının bütün dəlillərini araşdırmamış, tərəflər arasında yaranmış münasibətlərə düzgün qiymət verə bilməmiş və maddi hüquq normasını düzgün tətbiq etməmişdir ki, bu da öz növbəsində düzgün olmayan qətnamənin çıxarılması ilə nəticələnmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.2-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 388-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılmasında maddi və prosessual hüquq normalarınə əməl edilməmiş, iş tam və hərtərəfli araşdırılmamış, tədqiq edilən sübutların qiymətləndirilməsi zamanı MPM-nin 88-ci maddəsinin tələbləri pozulmuş, bu səbəbdən də düzgün olmayan nəticəyə gəlinmişdir. Qeyd edilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, işüzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. MPM-in 119-cu maddəsinə əsasən, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş (213+105) 318 manat dövlət rüsumu cavabdeh "xxxx" MMC və müstəqil tələb irəli sürməyən üçüncü şəxs bankdan alınaraq iddiaçıya ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Nərimanov Rayon Məhkəməsinin 2(005)-352/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-134/2020 saylı, 16 yavar 2020-ci il tarixli icra vərəqəsinə əsasən Səbail Rayon İcra Şöbəsinin 163052/20-16-15/91 saylı xx.xx.2020-ci il tarixli sifarişi ilə “Külək" MMC tərəfindən keçirilmiş 13 avqust 2021-ci il tarixli 62/04№-li hərracın yekun nəticələri barədə protokol və ona əsasən bağlanmış alğısatqı müqaviləsi etibarsız hesab edilsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş (213+105) 318 (üç yüz on səkkiz) manat dövlət rüsumu cavabdeh “Külək" MMC və "xxxx" BOKT ASCdən alınaraq iddiaçıya ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Xəyal Sarıyev Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-2957/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2957/2022
09.06.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver