Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3010/2022 26.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlun və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, Cavabdeh "xxxx" BOKT MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" BOKT MMC, "xxxx" MMC-yə qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin e-2(005)-371/2022 saylı, 11 yanvar 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" BOKT MMC-yə, "xxxx" MMC-yə qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hərracın yekunları barədə"xxxx" MMC-nin 30.10.2020-ci il tarixli 34/24 nömrəli protokolunun etibarsız hesab edilməsi barədə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC X1 və İddiaçı oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin 10.04.2018-ci il tarixli 2(008)-198 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər X3 və İddiaçı müştərək qaydada 30.10.2014-cü il tarixli BAKU1-24505-10495 saylı kredit müqaviləsi üzrə 26342,22 ABŞ dolları əsas borcun, 12924,79 ABŞ dolları faiz borcu və 1000 ABŞ dolları məbləğində dəbbə borcu, cəmi 41267,01 ABŞ dolları məbləğində borcun cavabdehlərdən tutularaq, "xxxx" MMC-yə ödənilməsi və tutmanın ipoteka predmeti olan İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zeytun emalı zavodu ərazisi, Xətai küçəsi 2-ci döngə, 22 saylı fərdi yaşayış evinə yönəldilməsi və həmin evin açıq hərracda satılması, yaşayış evinin ilkin satış qiymətinin 65000 manat müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri pozularaq işə İddiaçı iştirakı olmadan baxılmış və iş üzrə qətnamə ona rəsmi qaydada təqdim edilməmişdir. İddiaçı qəbul edilmiş qətnamədən məlumatı olmamışdır. Həmin qətnamədən yalnız qısa müddət əvvəl məlumatlı olmuşdur. "xxxx" MMC-dən 27.09.2021-ci il tarixli 3086 saylı məktubu iddiaçıya daxil olduqdan sonra İddiaçı məlum olmuşdur ki,"xxxx" MMC-nin 30.10.2020-ci il tarixli 34/24 nömrəli hərracın yekunları barədə protokoluna əsasən iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zeytun emalı zavodu ərazisi, Xətai küçəsi 2-ci döngə, 22 saylı fərdi yaşayış evi 30.10.2020-ci il tarixində "xxxx" MMC tərəfindən əldə edilmiş və 19.08.2021-ci tarixdə mülkiyyət hüququna dair çıxarışla rəsmiləşdirilmişdir. Hesab edilir ki, "xxxx" MMC-nin 30.10.2020-ci il tarixli 34/24 nömrəli hərracın yekunları barədə protokol aşağıdakı səbəblərə görə etibarsız hesab edilərək daşınmaz əmlak iddiaçıya geri qaytarılmalıdır. İlkin olaraq nəzərə alınmalıdır ki, hərracın keçirilməsi barədə İddiaçı məlumatı olmamış və bu barədə ona bildiriş verilməmişdir. Hərrac keçirildikdən sonra İddiaçı özünə məxsus daşınmaz əmlakın çox ucuz qiymətə 41437,50 manata "xxxx" MMC-yə satıldığını bilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11.01.2022-ci il tarixli, e-2(005)-371/2022 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir və ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlər öz mülki hüquqlarından sui istifadə edərək, qanunsuz hərrac keçirmiş, iddiaçının mülkiyyət hüquqlarını pozmuşdurlar. Bununlada cavabdehlər Azərbaycan RespublikasıMülki Məcəlləsinin 425.1-ci maddəsinin tələblərini pozmuşdur. Göründüyü kimi “İpoteka Haqqında” Azərbaycan RespublikasıQanunun tələbləri kobud pozularaq, hərracın keçirilməsi ilə əlaqədar İddiaçı heç bir məlumat verilməmişdir. “İpoteka haqqında” Azərbaycan RespublikasıQanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Lakin göründüyü kimi qazetlərdə məlumat dərc olunsada, lakin qanunun tələbləri pozularaq iddiaçıya sifarişçi poçt vasitəsi ilə məlumat göndərilməmişdir. "xxxx"MMC-dən 27.09.2021-ci il tarixli 3086 saylıməktubu iddiaçıya daxil olduqdan sonra İddiaçı məlum olmuşdur ki,"xxxx" MMCnin 30.10.2020-ci il tarixli 34/24 nömrəli hərracın yekunları barədə protokoluna əsasən iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zeytun emalı zavodu ərazisi, Xətai küçəsi 2-ci döngə, 22 saylı fərdi yaşayış evi 30.10.2020-ci il tarixində "xxxx" MMC tərəfindən əldə edilmiş və 19.08.2021-ci tarixdə mülkiyyət hüququna dair çıxarışla rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Lakin məhkəmə iddiaçıya hərracla bağlı məlumat verilməməsini, nəticədə qanunvericiliyin o cümlədən iddiaçının mülkiyyət hüququnun pozulmasını nəzərə almamış əsassız olaraq hərracın nəticələrini etibarsız hesab etməmişdir. Qətnamədə məhkəmənin əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar dəqiq göstərilməmişdir. Məhkəmə yalnız öz fərziyyələrinə, cavabdehlərin əsassız və yalan məlumatlarına əsaslanmaqla qərar qəbul etmişdir. Göründüyü kimi məhkəmə iddiaçının hüquqlarının qorunmasını təmin etməmiş, formal xarakterli və hüquqi cəhətdən əsaslandırılmamış qətnamə qəbul etmişdir. Halbuki iddiaçı özünün haqlı olmağını təsdiq edən çoxsaylı sübut və məlumatları məhkəməyə təqdim etsədə, lakin məhkəmə obyektivliyi təmin etmədən, yalnız cavabdehlərin dəlillərini əsas tutaraq qətnamə qəbul etmişdir. Nəticədə tərəflərin hüquq bərabərliyini prinsipi və iddiaçının hüquqları pozulmuşdur. Qətnamədə işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilməmişdir. Halbuki hərracla bağlı iddiaçıya poçt vasitəsilə məlumat verilməsinə dair işdə heç bir konkret sübut mövcud deyil. Nəticədə qətnamədə göstərilən hallar işin materiallarına uyğun deyildir. Məhkəmə iş üzrə bütün halları araşdırmadan, zəruri sübutlara düzgün hüquqi qiymət vermədən qərar qəbul etmişdir. Məhkəmə yalnız cavabdehlərin göstərdiyi məlumatları sadalamaqla kifayətlənmiş, hər bir sübutu qətnamədə şərh etməmiş, sübutlar əlaqələndirilməmiş və sübutun işə hansı aidiyyətinin olmasını müəyyən etməmişdir. İddiaçının göstərdiyi sübutlara isə ümumilikdə heç bir qiymət verməmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" BOKT MMC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İşə baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Belə ki, iddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvinə və iş üzrə yeni qətnamə qəbul edilməsinə yönəlmişdir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma zamanı müəyyən edildi ki, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlətin reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zeytun emalı zavodu ərazisi, Xətai küçəsi 2-ci döngə, 22 saylı fərdi yaşayış evi 19.08.2021-ci il tarixdə "xxxx" BOKT MMC-nin adına hüquqi rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası "xxxx"nin İddiaçı, X1, X4, X2 ünvanlanmış açıq hərracın keçirilməsinə dair 19 avqust 2020-ci il tarixli № 1 saylı bildirişindən görünür ki, kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə Sabunçu Rayon Məhkəməsinin 2(008)-196 saylı 10.04.2018-ci il tarixli icra sənədi üzrə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zeytun emalı zavodu ərazisi, Xətai küçəsi 2-ci döngə, 22 saylı fərdi yaşayış evinə tutma yönəldilmişdir və hərracda satılmalıdır. İlkin satış qiyməti 65000 manat, hərracda iştirak üçün 5 % miqdarında behin məbləği 3250 manat müəyyən edilmişdir. "xxxx"nin İddiaçı, X3, X6 və X2 ünvanlanmış açıq hərracın keçirilməsinə dair 21 sentyabr 2020-ci il tarixli bildirişindən görünür ki, kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə Sabunçu Rayon Məhkəməsinin 2(008)-196 saylı 10.04.2018-ci il tarixli icra sənədi üzrə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zeytun emalı zavodu ərazisi, Xətai küçəsi 2ci döngə, 22 saylı fərdi yaşayış evinə tutma yönəldilmişdir və hərracda satılmalıdır. İlkin satış qiyməti 55250 manat, hərracda iştirak üçün 5 % miqdarında behin məbləği 2762.5 manat müəyyən edilmişdir. “Birja Yenilikləri” və “Atribut” qəzetlərinin surətindən görünür ki, İddiaçı məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zeytun emalı zavodu ərazisi, Xətai küçəsi 2-ci döngə, 22 saylı fərdi yaşayış evi ilə bağlı hərracın keçirilməsi tarixi barədə elanlar verilmişdir. "xxxx"nin 06.10.2020-ci il tarixli təklifdən görünür ki, İddiaçı, X3, X6 və X2 Sabunçu Rayon İcra və Probasiya Şöbəsi 3783-54670/17 saylı 13.05.2020-ci il tarixli sifariş məktubuna əsasən ipoteka yüklü Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zeytun emalı zavodu ərazisi, Xətai küçəsi 2-ci döngə, 22 saylı fərdi yaşayış evinin təkrar hərracının baş tutmaması barədə “Atribut” qəzetinin 02.10.2020ci il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 4137.5 manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur. "xxxx" BOKT MMC-nin İddiaçı ünvanlanmış 18.11.2016-cı il tarixli bildirişdən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zeytun emalı zavodu ərazisi, Xətai küçəsi 2-ci döngə, 22 saylı fərdi yaşayış evini "xxxx" BOKT MMC-nin tutmaya başlaması barədə məlumat vermişdir. 30.10.2020-ci il tarixli hərracın yekunları barədə № 34/24 saylı protokolun və onun əsasında tərtib edilmiş hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilənin surətindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zeytun emalı zavodu ərazisi, Xətai küçəsi 2- ci döngə, 22 saylı fərdi yaşayış evi 41437,50 manata ipoteka saxlayan "xxxx" BOKT MMC-nə satılmışdır. Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269-cu maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. (269.5. maddə) “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.1-ci maddəsinə əsasən ipoteka-öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. Həmin Qanunun 33-cü maddəsinə əsasən, Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən, ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 40-cı maddəsinə əsasən, tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verildikdən azı 30 təqvim günü keçdikdən sonra ipoteka predmeti bu Qanunla müəyyən edilmiş qaydada satıla bilər. Həmin Qanunun 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata sifariş verir. Həmin Qanunun 41.3-cü maddəsinə əsasən, hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Sifariş notariusun icra qeydi əsasında tərtib olunduqda müstəqil qiymətləndiricinin xidmətlərindən istifadə olunması ilə bağlı xərclər ipoteka saxlayan tərəfindən ödənilir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. Həmin Qanunun 42.3-cü maddəsinə əsasən, hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Həmin Qanunun 43-cü maddəsinə əsasən hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: hərraca iki nəfərdən az alıcı gəldikdə; hərracın iştirakçısı olmadıqda; hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Həmin Məcəllənin 44-cü maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.12.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyi də nəzərə alaraq qeyd edir ki, həmin qərarında Konstitusiya Məhkəməsi MM-in 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyriməhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, "xxxx" MMC tərəfindən bildirişlər göndərilmişdir. Hərracın keçirilməsi barədə bildirişlərin göndərilməsinə dair qəbzlər iş materiallarına əlavə olunmuşdur. “İpoteka haqqında” 42.1-ci maddəsi hərracın təşkilatçısının hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirməsini, ipoteka saxlayana və ipoteka qoyana bildirişin göndərilməsini nəzərdə tutur. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından da, görünür ki, hərracın keçirilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq təşkil edilmiş, hərracın keçiriləcəyi yer və vaxtı barədə tərəflərə bildirişlər göndərilmiş, eyni zamanda “Birja” və “Atribut” qəzetlərində elanlar verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəlmişdir. Belə olan halda kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanır, hərrac qanunveciliyin tələblərinə riayət edilməklə, hər-hansı qanun pozuntusu olmadan təşkil edilmişdir və qətnamənin ləğv edilməsi üçün əsaslar müəyyən edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məsrəflərlə bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddənin məzmununa görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, iddiaçı tərəfin dəlilləri əsaslı sayıla bilməz. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin e-2(005)-371/2022 saylı, 11 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-3010/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3010/2022
26.04.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver