Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3011/2025 29.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı əmlak tələbi barədə iddiasına dair mülki iş üzrə (Açar sözlər: qızıl-zinət əşyalarının qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-824/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı X3 ilə Cavabdeh 22 sentyabr 2021-ci il tarixdə rəsmi nikaha daxil olmuş, xx.xx.2024-cü il tarixli məhkəmə qətnaməsi ilə onlar arasındakı nikaha xitam verilmişdir.
2. İddiaçı birgə nikah münasibətlərində olduqları vaxt ona verilmiş qızıl-zinət əşayalarının, Samsung A12 markalı telefonun ona qaytarılmadığını, habelə 975 manat analıq məzuniyyəti pulunun cavabdeh tərəfindən kartdan məxaric edilərək ona təqdim edilməməsini iddia edərək hazırki tələblə məhkəməyə müraciət etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı əmlak tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən ona məxsus olan brilliant dəstin, ya da dəyəri olan 2500 manat pul vəsaitinin, beşqaşlı nişan üzüyünün, ya da dəyəri olan 1150 manat pul vəsaitinin, 975 manat məbləğində analıq məzuniyyəti pulunun, Samsung A12 markalı telefonun, ya da dəyəri olan 480 manat pul vəsaitinin, qızıl sepin, ya da dəyəri olan 1500 manat pul vəsaitinin, habelə 60 manat mediasiya xərcinin və 86 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə baxışı zamanı İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdir ki, Ailə qurduqları zaman cavabdeh tərəfindən ona nişan və toy hədiyyəsi kimi qızıl-zinət əşyaları verilmişdir. Belə ki, dəyəri 2500 manat olan brilliant dəst və dəyəri 1150 manat olan beşqaşlı nişan üzüyü ona toyda hədiyyə kimi verilmiş, bu fakt toy diskində və fotoşəkillərdə də əks olunmuşdur. Bundan əlavə, 1500 manat dəyərində qızıl sep birgə nikahdan əvvəl öz anası tərəfindən ona hədiyyə edilmişdir. Ailə qurduqdan sonra Ramana qəsəbəsində cavabdehə məxsus evdə yaşamışlar, bütün qızıl-zinət əşyaları da orada olmuşdur. Tələb etdiyi mobil telefonu isə cavabdeh ona hədiyyə etmişdir. Aralarında olan ən böyük mübahisələrdən biri onun hamiləliyi dövründə analıq məzuniyyətinə görə kartına ödənilmiş 975 manat pulun cavabdeh tərəfindən onun heç bir razılığı olmadan mənimsənilməsi ilə bağlı olmuşdur. Ümumiyyətlə, ailə qurduqları gündən cavabdeh onun əmək haqqı kartını əlindən almış və öz xərcləri üçün istifadə etmişdir. Həmçinin analıq məzuniyyəti pulunu da cavabdeh xx.xx.2022-ci il tarixdə onun kartından çıxarmış, həmin pulu sonradan uşağa xərcləyəcəyini bildirsə də, sözünə əməl etməmiş, uşaq anadan olan günü faktiki ayrılmışlar, həmin pulu bu günə kimi qaytarmamışdır. Belə ki, 07 iyul 2022-ci il tarixdə uşaq dünyaya gətirmək üçün qaynanası ilə birgə ağır sancılı vəziyyətdə ev paltarında xəstəxanaya getməli olmuşdur. Xəstəxanaya gedərkən cavabdehlə aralarında heç bir problem olmamış, münasibətləri yaxşı olmuş, xəstəxanaya onu qaynanası aparmışdır. Evdən gedərkən bütün cehiz əşyaları, əmək haqqı kartı, iddia ərizəsində göstərilən qızılzinət əşyaları və telefon cavabdehin evində qalmışdır. Evdən uşaq dünyaya gətirmək üçün ağır sancılı vəziyyətdə və həyəcanla çıxdığından, iddia ərizəsində göstərilən əşyaları götürmək ağlına belə gəlməmişdir. Daha sonra cavabdehin bacısının xətəxanada yaratdığı münaqişə iki ailə arasında münasibətlərin pozulmasına gətirib çıxarmışdır. Uşaqla birgə öz atası evinə qayıtmalı olmuş, cavabdehlə faktiki ayrılmışlar. Cavabdehdən bütün əşyalarının və məzuniyyət pulunun qaytarılmasını tələb etsə də, cavabdeh bundan imtina etmişdir. Sonradan mənzilə köçürülmə barədə iddia tələbi irəli sürmüş, iddia tələbi təmin edilmiş, lakin qətnamə qüvvəyə minmədiyindən icra edilməmişdir. Dəfələrlə cavabdehdən tələb etsə də, indiyə kimi iddia ərizəsində qeyd etdiyi əşyalar və pul vəsaiti ona qaytarılmamışdır. Ona görə də iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda iddia tələbinin təmin edilməsini xahiş etmişdir. 5.Məhkəmə baxışı zamanı Cavabdeh izahat verərək bildirmişdir ki, o, iddia tələbinə etiraz edir. Belə ki, iddiaçı qızıl-zinət əşyaları, analıq məzuniyyəti pulu və telefon barədə düzgün məlumat vermir. Həqiqətən, toy vaxtı iddiaçıya brilliant dəst və beşqaşlı nişan üzüyü hədiyyə olunmuşdur, lakin dəstin dəyəri 1500 manat, üzüyün dəyəri 700 manat olmuşdur. İddiaçının 1500 manat dəyərində olduğunu dediyi qızıl sepi isə birgə nikah dövründə heç vaxt görməmişdir. İddiaçı qızıl-zinət əşyalarını xəstəxanaya doğuşa gedərkən özü ilə aparmışdır. İddia ərizəsində qeyd olunan telefonu isə nisyə satış müqaviləsi üzrə 450 manata özü almış, ödənişlərini də özü etmiş, sonradan satmış, bu barədə arayışı məhkəməyə təqdim etmişdir, telefonun iddiaçıya məxsus olması barədə deyilənlər yalandır. Analıq məzuniyyətinə görə iddiaçının əmək haqqı kartına köçürülmüş, uşağa xərcləmək üçün 975 manat pulu isə həqiqətən 2022-ci ilin iyun ayında çıxarmışdır, lakin həmin pulu iddiaçı ilə birgə yaşadığı dövrdə ailənin ümumi ehtiyacları üçün xərcləmişdir. Ona görə də hesab edir ki, iddia tələbi əsassızdır. Qeyd olunanlara əsasən, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş edir.
6. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X8 ifadə verərək bildirmişdir ki, iddiaçı onun baldızının qızıdır, cavabdehi isə qonşu kimi tanımışdır. Ramana qəsəbəsində mağazada işləyərkən hər ikisi gəlib getmişdir. İddiaçı hamilə vaxtı həkimə qaynanası ilə gedirdi. Uşaq doğulan gün iddiaçının qaynanası ilə birgə təcili olaraq xəstəxanaya getdiyini gördülər. Bu zaman o da həyat yoldaşı ilə xəstəxanaya getmişdir. Fəridə xəstəxanaya ev köynəyində və gödəkçədə gəlmişdi, üzərində hər hansı qızıl-zinət əşyası yox idi. Xəstəxanada cavabdehin anası və bacısı iddiaçının atasının yaxasından yapışaraq xəstəxananın pulunu istəyirdi, bundan sonra xəstəxananın pulunu Fəridənin atası verdi. Bu hadisələr baş verən zaman cavabdeh orada yox idi. Tərəflərin bütün şad günlərində iştirak etmişdir, Fəridəyə toy zamanı nişan üzüyünün və komplektin verildiyinə şahid olmuşdur.
7. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X2 ifadə verərək bildirmişdir ki, iddiaçı onun bacısı qızıdır. Cavabdehi isə onların marketinə gedib-gələrkən tanımışdır. Uşaq doğulan gün iddiaçının qaynanası ilə birlikdə tələsə-tələsə xəstəxanaya getdiyini görüb, həyat yoldaşı ilə həmin xəstəxanaya getmişdir. Xəstəxana özəl xəstəxana idi. Xəstəxanada cavabdehin anası və bacısı iddiaçının atasından xəstəxananın pulunu istəyirdi. Hətta iddiaçının atasının 40 manatı çatmırdı, həmin pulu o, tamamlamışdır. Fəridəni xəstəxanaya qaynanası gətirmişdi, Fəridə özü ağır vəziyyətdə idi, üzərində heç bir qızıl-zinət əşyası yox idi. Fəridəyə toy vaxtı komplekt dəst, nişan üzüyü hədiyyə edilmişdi, anası isə ona qızıl sep vermişdi, Fəridənin bütün əşyaları cavabdehlə birgə yaşadıqları evdə olmuşdur. 8.Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-824/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh İddiaçı məxsus 1500 manat dəyərində brilliant dəst və 700 manat dəyərində beşqaşlı nişan üzüyü, həmin əşyaların naturada verilməsi mümkün olmadıqda isə onların dəyəri, habelə analıq məzuniyyətinə görə ödənilmiş 975 manat pulun alınaraq İddiaçı verilməsi, mediasiya xərcinə və dövlət rüsumuna görə Cavabdeh 70,18 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. 9.Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında ailə qurularkən həqiqətən iddiaçıya brilliant dəst və beşqaşlı nişan üzüyü hədiyyə edilmiş, iddiaçıya məxsus həmin əşyalar tərəflərin birgə yaşadığı evdə olmuşdur. Tərəflərin izahatlarına, şahidlərin ifadələrinə, iş materiallarında olan yazılı sübutlara, mülki işin hallarına əsasən, iddiaçı həmin evi xx.xx.2022-ci il tarixdə uşaq dünyaya gətirmək üçün qaynanası ilə birlikdə xəstəxanaya gedərkən tərk etmişdir, ona görə də, ağlabatan mühakimə əsasında onun qızıl-zinət əşyalarını özü ilə birlikdə doğuş üçün getdiyi xəstəxanaya aparması barədə cavabdeh tərəfin etirazı əsaslı və ağlabatan hesab oluna bilməz. Qeyd olunanlara və mülki iş üzrə sübutlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbi həmin əşyalara münasibətdə təmin edilməli, lakin həmin əşyaların dəyəri barədə hər hansı mötəbər sübut təqdim edilmədiyindən, onların dəyəri kimi cavabdehin etirafında göstərilən məbləğlər əsas götürülməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Bununla yanaşı, məhkəmə iclasında mülki iş üzrə sübutlara əsasən müəyyən edildi ki, 1500 manat dəyərində qızıl sepin, habelə telefonun həqiqətən iddiaçıya məxsusluğu və hazırda cavabdeh tərəfdə olduğu barədə hər hansı mötəbər sübut təqdim edilməmiş və məhkəmə baxışı zamanı sübuta yetirilməmişdir, bu barədə iddiaçı tərəfin dəlilləri 2018-ci il tarixli fotoşəkil və xx.xx.2025-ci il tarixli arayış ilə təkzib olunur, ona görə də iddia tələbi qeyd olunan qızıl sepə və telefona münasibətdə təmin edilməməlidir. Beləliklə, tələb edilən əşyalarla bağlı iddia tələbi qismən əsaslı hesab olunaraq qismən təmin edilməlidir. 10.Məhkəmə həmçinin iddia tələbini iddiaçının kart hesabına analıq məzuniyyətinə görə köçürülmüş və cavabdeh tərəfindən çıxarıldığı etiraf edilən 975 manat pulun tutulması hissəsində də əsaslı hesab edərək qeyd etmişdir ki, tərəflərin uşağa xərcləmək üçün nəzərdə tutduğu həmin pul vəsaitini cavabdeh tərəf xx.xx.2022-ci il tarixdə əldə etmiş, tərəflər isə uşağın anadan olduğu xx.xx.2022-ci il tarixdən faktiki ayrılmışlar. Cavabdeh tərəf həmin pulu qeyd olunan vaxt dövrü ərzində ailənin ümumi ehtiyacları üçün xərclədiyini bildirsə də, bu halı təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də iddia tələbi analıq məzuniyyətinə görə iddiaçının əmək haqqı kartına ödənilmiş və cavabdeh tərəfindən çıxarılmış 975 manat pulun tutulması hissəsində də təmin edilməlidir.
11. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəlləsinin 157.2, 225.2-ci; Ailə Məcəlləsinin 34.1-ci; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” xx.xx.2024cü il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1, 14.2, 77.1,/ 78.1 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti iddia ərizəsinə etirazla eyni məzmunlu olmaqla əlavə olaraq qeyd edilmişdir ki, məhkəmədə iddia ərizəsinə etiraz etmiş və göstərmişdir ki, iddia əsassız olduğuna görə iddianı qəbul etmir, iddiaya etiraz edir və məhkəmədən iddianın təmin edilməməsi və rədd edilməsinə dair qətnamə çıxarmasını xahiş edir. Məhkəmənin qətnaməsi qanunsuz,əsassız və ədalətsizdir və ona görə də apelyasiya qaydasında ləğv edilməli və iddia təmin edilməməlidir. Belə ki, məhkəmə öz qətnasəində, özü də göstərdiyi kimi işin müsbət nəticəsində maraqlı olan, iddiaçının göstərdiklərinin heç vaxt şahidi olmamış, iddiaçının yaxın qohumlarının şahid ifadələrinə sübut kimi istinad etmiş, hadisələrin bilavisitə içərisində olan və iddiaçının doğum evinə gedərkən bütün qızıl-zinət əşyalarını evdən özü ilə götürüb, doğum evində saxlanmaq üçün öz valideylərinə verdiyinin şahidi olan, iddiaçının qaynanası və baldızını şahid kimi dindirməmişlər. İddiaçının iddia ərizəsində göstərdikləri ağ yalandan ibarətdir və böhtandır. Buna sübut kimi iddiaçının qızıl sepin əks olunduğu 2018-ci ilə aid olan fotoşəkli sübut kimi təqdim etməsini göstərmək olar. İddiaçı ailə-nikah mübahisələrinə dair artıq 4-cü məhkəmələrdə iştirak etsə də (onlardan biri də əmlaka dairdir), heç bir məhkəmədə qızıl-zinət əşyalarına dair heç bir tələb irəli sürməmişdir. Məhkəmə bunun səbəblərini araşdırmamışdır. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazda və məhkəmə iclasında bildirmişdir ki, iddiaçının kart hesabına analıq məzuniyyətinə görə köçürülmüş 975 manat pulu iddiaçı ilə birlikdə uşağın ehtiyaclarına xərcləmişlər. Məhkəmə isə Ailə Məcəlləsinin 36.6-cı maddəsinin tələblərini kobud surətdə pozaraq, həmin pulun cavabdehdən tutulmasını qət etmişdir və bu pozuntuya belə “don” geyindirməyə cəhd göstərmişdir ki, həmin vəsaiti cavabdeh tərəf xx.xx.2022-ci il tarixdə əldə etmiş, tərəflər isə uşağın anadan olduğu xx.xx.2022-ci il tarixdən faktiki ayrılmışlar. Cavabdeh tərəf həmin pulu qeyd olunan vaxt dövrü ərzində ailənin ümumi ehtiyacları üçün xərclədiyini bildirsə də, bu halı təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim ettməmişdir. Məhkəmə bu nəticəyə gələrkən, özü də qanunları pozaraq, iddiaçının da həmin pulu cavabdehin mənimsədiyi barədə heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilmədiyinə qiymət verməmişdir. Halbuki, MPM-də nəzərdə tutulur ki, iddia tələbini sübut etmək iddiaçının vəzifəsidir. Məhkəmə öz qanunsuz və əsassız Qətnaməsində iddiaçının, ancaq işin nəticəsində maraqları olan və indiyədək tərəflər arasında baş tutmuş 4 ayrı-ayrı məhkəmələrdə “ştatlı şahid”lik etmiş yaxın qohumlarını-iddiaçının xalasının əri X5 və onun arvadı X2 şahid qismində dindirmiş və onların yalan ifadələrinə əsaslanaraq qətnamə çıxarmışdır. Bu zaman həmin şahidlərdən aydınlaşdırmamışdır ki, Ramana qəsəbəsinin tamam əks hissəsində yaşadıqları halda iddiaçının doğuş üçün təcili xəstəxanaya aparılmasından necə xəbər tutmuşlar və elə həmin dəqiqə xəstəxanaya gəlmişlər və ümumi adətə görə iddiaçının səhhəti ilə maraqlanmaq əvəzinə, qızıl-zinət əşyalarını özü ilə götürüb-götürməməsi, yoxsa evdə qoyub-qoymaması ilə maraqlanmışlar. İddiaçının özünün də təsdiq etdiyi kimi onu doğuş üçün xəstəxanaya aparan qaynanası və baldızını mülki iş üzrə şahid qismində dindirilməmiş, iddiaçının qızıl-zinət əşyalarını özü ilə götürüb-götürməməsi və ya evdə qoyub-qoymamasını onlardan maraqlanmamışdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
15. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etmədi, izahatında əlavə olaraq qeyd etdi ki, 2500 manatlıq brilliant dəsti və dəyəri 1150 manat olan brilliant üzüyü iddiaçıya cavabdeh toydan sonra almışdı. Hakim cavabdehin dediyi qiyməti əsas götürüb. Götürülən krediti o (iddiaçı) ödəmişdir. Maaş kartı, telefonu, qızılları evdə idi. Doğuşa gedəndə özü ilə heç nə aparmamışdır. Doğuşa hansı vəziyyətdə getməyi ilə bağlı sənədi məhkəməyə təqdim etmişdir. O halda qızıllar və s. yadına necə düşə bilərdi. 220 manat alimenti belə ödəmir. İddiaçını hər yerdə rüsvay edir. Ailə qurandan problemləri var idi. Maaş kartını evləndikdən sonra əlindən aldı.
16. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cavabdehin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
17. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
18. Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Maddə 34.2. Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur.
19. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
22. Məhkəmə kollegiyası qeyd edir ki, qətnamədən iddia tələbi qismən təmin edildiyindən və cavabdeh qətnaməni iddianın qismən təmin edilən hissəsində mübahisələndirdiyindən, habelə iddiaçı apellyasiya şikayəti vermədiyindən kollegiya qətnamənin əsaslılığını iddianın qismən təmin edilən hissəsində yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır .
24. Belə ki, iş materiallarının araşdırılması ilə müəyyən olunur ki, iddiaçı X3 ilə Cavabdeh 22 sentyabr 2021-ci il tarixdə rəsmi nikaha daxil olmuş, xx.xx.2024-cü il tarixli məhkəmə qətnaməsi ilə onlar arasındakı nikaha xitam verilmişdir.
25. Tərəflər arasında ailə qurularkən iddiaçıya brilliant dəst və beşqaşlı nişan üzüyü hədiyyə edilmiş, iddiaçıya məxsus həmin əşyalar tərəflərin birgə yaşadığı evdə olmuşdur. Tərəflərin izahatlarına, şahidlərin ifadələrinə, iş materiallarında olan yazılı sübutlara, mülki işin hallarına əsasən, iddiaçı həmin evi xx.xx.2022-ci il tarixdə uşaq dünyaya gətirmək üçün qaynanası ilə birlikdə xəstəxanaya gedərkən tərk etmişdir. 26.Məhkəmə 1500 manat dəyərində brilliant dəstin və 700 manat dəyərində beşqaşlı nişan üzüyünün mövcudluğunun cavabdeh tərəfindən etiraf edilməsini, həmin zinət əşyalarının iddiaçının özü tərəfindən aparılması barədə mötəbər sübut təqdim edilməməsini nəzərə alaraq iddia tələbini həmin əşyalarla bağlı hissədə, dəyərini cavabdeh tərəfindən etiraf edilən həcmdə təmin etmişdir.
27. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.
28. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair göstərilən yanaşma baxımından və hazırki işin faktiki hallarına əsasən kollegiya qeyd edir ki, tərəflər arasında əsas mübahisəli məsələ iddiaçının tələb etdiyi qızılların cavabdeh tərəfindən iddiaçıya qaytarılıb-qaytarılmaması ilə bağlıdır. 29.Cavabdeh iddiaçının qızıl-zinət əşyalarını özü ilə birlikdə doğuş üçün getdiyi xəstəxanaya aparmasını bildirsə də, bununla bağlı hər hansı bir mötəbər sübut təqdim etməmiş, həmçinin doğuş üçün evdən çıxan vaxt qızıl-zinət əşyalarının iddiaçının özü ilə götürməsi ağlabatan görünmür.
30. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir.İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
31. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. 32.Məhkəmə kollegiyası apellyatorun məhkəmə tərəfindən iddiaçını doğuş üçün xəstəxanaya aparan qaynanası və baldızının mülki iş üzrə şahid qismində dindirilməməsi barədə dəlillərini əsassız hesab edərək qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə bununla bağlı hər hansı vəsatətin təqdim edilməsi iş materiallarından müəyyən edilmir. 33.Halbuki, MPM-in 14.2-ci maddəsindən göründüyü kimi məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 34.Məhkəmə kollegiyası analıq məzuniyyəti pulunun tutulması hissəsində də məhkəmənin mövqeyini əsası hesab edərək qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 36.6-cı maddəsinə əsasən, yetkinlik yaşına çatmayan uşaqların tələbatını ödəmək üçün əldə olunan şeylər bölünmür və əvəzi ödənilmədən uşaqları ilə birgə yaşayan valideynə verilir. 35.İş materiallarından göründüyü kimi 975 manat məbləğində analıq məzuniyyəti pulunu cavabdeh tərəf xx.xx.2022-ci il tarixdə əldə etmiş, tərəflər isə uşağın anadan olduğu xx.xx.2022-ci il tarixdən faktiki ayrılmışlar. Cavabdeh tərəf 975 manatın qeyd olunan vaxt dövrü ərzində ailənin ümumi ehtiyacları üçün xərclədiyini bildirsə də, bu halı təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.
36. Beləliklə kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. 37.Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.
38. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
39. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsində qeyd edilir ki, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
40. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğu üçün qətnamədən kassasiya şikayəti verilə bilməz.
41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-824/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Xumar Mərdanova Fərrux Qasımov