Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3026/2022 26.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Eyvazov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədova və Fuad Fikrət oğlu Babayevdan ibarət tərkibdə, Məmmədova Nərmin Nəzər qızının katibliyi ilə, İddiaçının nümayəndəsi (vəkil) Nümayəndə, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı “X2” MMC-nin Cavabdeh qarşı “avtomobilin qanunsuz sahiblikdən alınması” tələbinə dair ilk, həmçinin iddiaçı Cavabdeh “X2” MMC-yə qarşı “avtomobilin özgəninkiləşdirilməsi əsaslarının etibarsız hesab olunması, avtomobilə dair verilmiş texniki pasportun ləğv edilməsi və münahisəli avtomobilə iddiaçının mülkiyyət hüquqlarının tanınması” barədə qarşılıqlı iddiaya və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 cavabdehlər İddiaçı MMC-yə və Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilən əmlakın bölgüsü” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 fevral 2022-ci il tarixli, 2(004)-353/2022 saylı qətnaməsindən Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X6 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "X3" MMC Cavabdeh qarşı "avtomobilin qanunsuz sahiblikdən alınması tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Kia Carnival" minik markalı, KNAMC81ABJ6441330 BAN nömrəli **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehin qanunsuz sahibliyindən alınıb iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, "Kia Carnival” minik markalı, KNAMC81ABJ6441330 BAN nömrəli **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı "X3” MMC-nin mülkiyyətindədir. Həmin avtomobilin mülkiyyətdə olmasına dair 03 iyun 2021-ci il tarixdə AE № 130719 nömrəli qeydiyyat şəhadətnaməsi verilmişdir. Cavabdeh Cəmiyyətin təsisçilərindən biridir. Cavabdeh əvvəllər cəmiyyətin qanuni təmsilçisi (direktor) olmuş, qısa müddət əvvəl Cəmiyyətin qanuni təmsilçiliyindən çıxarılmışdır. Həmin vaxt "Kia Carnival” minik markalı, KNAMC81ABJ6441330 BAN nömrəli **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehin istifadəsində olmuşdur. 2021-ci ilin iyul-avqust aylarında cavabdeh həmin avtomobili istifadə edərək öz yaşadığı ünvana aparmış və geri qaytarmamışdır. Dəfələrlə avtomobilin geri qaytarılması barədə xəbərdarlıq edilsə də, cavabdeh həmin avtomobili Cəmiyyətə qaytarmaqdan imtina etmişdir. Cavabdeh tərəfindən avtomobilin iddiaçıya qaytarılmaması onun mülkiyyət hüquqularını kobud şəkildə pozur. Eyni zamanda, Cavabdeh "X3” MMC-yə qarşı "avtomobilin özgəninkiləşdirilməsi əsaslarının etibarsız hesab olunması, avtomobilə dair verilmiş texniki pasportun ləğv edilməsi və mübahisəli avtomobilə iddiaçının mülkiyyət hüquqlarının tanınması” tələbinə dair qarşılıqlı iddia verərək, "Kia Carnival” minik markalı, KN AMC 81ABJ6441330 BAN nömrəli **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilin 03 iyun 2021-ci il tarixli özgəninkiləşdirilməsi əsaslarının etibarsız hesab olunması, avtomobilə dair verilmiş texniki pasportun ləğv edilməsi və mübahisəli avtomobilə onun müliyyət hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, o, 05 oktyabr 2020-ci il tarixdə tək təsisçi olaraq "X3” MMC-ni təsis etmişdir. Həmin dövrdən cari ilin iyun ayınadək şirkətdə direktor vəzifəsini icra etmişdir. Şirkətin hüquqi ünvanı bu günədək hazırda da yaşadığı şəxsi mənzili yerləşən ünvandır. Cari ilin may ayının əvvəlləri şirkətin normal və stabil iş fəaliyyətini qorumaq, normal istehsal şəraiti qurmaq məqsədi ilə investora ehtiyac yaranmış və bunun məqbul olması qərarına gəlmişdir. Bütün keçirilmiş görüşlərin nəticəsi olaraq şirkətin mövcud balans və kapitalına heç bir pul və ya əmlak qoyuluşu olmadan təsis paylarına eyni faiz nisbəti ilə sahib olmaqlarına etiraz etməmişdir. Belə ki, işin qurulması zamanı keçirilən görüşlərin və iş barədə xəbəri olan şəxslərin nüfuzu və şəxsiyyəti onu düşünmədən etibar etməyə vadar etmişdir. Bununla da təsis payı 33 olmaqla 3 təsisçi arasında paylar bölüşdürülmüş, bundan sonra bütün sənədləşmələr həyata keçirilmiş, nəticə etibarı ilə X11, X9 və o, eyni faiz nisbəti ilə həmtəsisçi olmuşlar. Sənədləşmə işləri aparılmaqla paralel şirkətin fəaliyyəti ilə əlaqədar olaraq layihə üzrə ilk müqavilənin bağlanması da həyata keçirilməkdə idi. Bu müqavilənin bağlanması ilə bütün ona qarşı hazırlanmış planlar həyata keçirilməyə başlamış oldu. Belə ki, 02 iyun 2021-ci il tarixdə öz şəxsi avtomobilini (Hundai Sonata) X1 (sərəncamvermə hüquqlu etibarnamə ilə) 20000 manat vəsaiti dərhal, 03 iyun 2021-ci il tarixdə və daha sonra 21 iyun 2021-ci il tarixdə həyat yoldaşının adına kredit götürərək 2018-ci il buraxılışlı “Kia Carnival” markalı avtomobili əldə etmişdir. Lakin avtomobili təsisçisi olduğu şirkətin adına rəsmiləşdirərək şirkətin mülkiyyətinə keçirmişdir. Şirkət daxilində işlər normal getdiyindən və ona qarşı bir qərəzin olduğunu güman etmədiyindən rahatlıqla bu əməliyyatı həyata keçirmişdir. Həmin vaxt şirkətin direktoru da məhz özü olmuşdur. Bundan sonra, yəni cari ilin iyul ayının sonlarında şirkətin direktoru vəzifəsinə qarşılıqlı razılıqla Samir Hacıyev təyin edilmişdir. Həmçinin pul vəsaiti sərmayə qoyuluşu ediləcəyi səbəbiylə şirkətin maliyyə işlərinə nəzarəti də həyata keçirə bilmək üçün şirkətin asan imzasını və möhürünü Samir Hacıyevə etibar etmişdir. Lakin ilk müqavilə bağlanması ərəfəsində şirkətə həmtəsisçi olaraq daxil olan X11 və X9 şirkətə cəlb etdiyi və ixtira modellərinin sahibləri olan mütəxəssisləri ələ keçirərək onların özlərinin yeni təsis etdiyi "X10” MMC-yə keçmələrini həyata keçirmiş və işlərin başlanması üçün bağlanmış ilk müqaviləni də yeni təsis etdikləri şirkətlə bağlayaraq onun bütün əməyini yerə vurmuşlar. Mübahisəli avtomobil "X3" MMCnin adına rəsmiləşdirilsə də, alqı-satqı zamanı ödəniş şirkətin hesabından deyil, nağd qaydada onun vəsaiti ilə həyata keçirilmişdir. Bu halda isə qarşılıqlı iddia üzrə cavabdeh avtomobilin alqısı zamanı ödədiyi pul məbləği barədə sübutları təqdim etməmişdir. Çünki bu mümkün də deyildir. Şirkət tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. Bununla yanaşı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X6 cavabdehlər İddiaçı MMC-yə və Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilən əmlakın bölgüsü” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, “Kia Carnival” minik markalı, KN AMC 81ABJ6441330 BAN nömrəli **- AS-*** dövlət qeydiyyat nişanlı avtomobilin 03 iyun 2021-ci il tarixli özgəninkiləşdirilməsi əsaslarının etibarsız hesab olunması, avtomobilə dair verilmiş texniki pasportun ləğv edilməsi, avtomobilin birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilərək 1/2 hissəsinə onun mülkiyyət hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 10 oktyabr 2004-cü il tarixdə nikaha daxil olmuşdur. Birgə nikah dövründə həyat yoldaşı “Hundai Sonata' markalı avtomobil almış və birlikdə ailə təsərrüfatı idarə etmişlər. Daha sonra qeyd olunan avtomobili sataraq, onun adına “Xalq” Bankdan 20000 manat məbləğində kredit götürərək “Kia Carnival" markalı avtomobili birgə ailə təsərrüfatı məqsədilə almışdır. Avtomobilin ödənişini 2 dəfəyə, ilk olaraq 20000 manat, daha sonra kredit götürərək yerdə qalan hissəsinin ödənişini həyata keçirmişdir. Avtomobilə **-AS-*** dövlət qeydiyyat nişanını cavabdeh dostundan aldığına görə və həmin nömrəni öz adına keçirə bilməməsi (qanunvericilik yol vermir) səbəbindən yenə də ona o zamanlar məxsus olmuş “X3" MMCnin adına avtomobili rəsmiləşdirmişdir. **-AS-*** dövlət qeydiyyat nişanlı “Kia Carnival” markalı avtomobilin artıq alqı-satqısı həyata keçirildiyi anda onun əmlak hüquqları pozulmuş oldu. Lakin həmin dövrdə həyat yoldaşı olan cavabdeh şirkətin sahibi və direktoru idi, bu səbəbdən də onun əmlak hüquqları təhlükə altında deyildi. Lakin digər cavabdeh “X3" MMC-nin onların ailə avtomobilinə dair məhkəmə mübahisəsi açması artıq onun əmlak hüquqlarına toxunur və bunu mübahisələndirmək məcburiyyətindədir. Cavabdeh şirkət avtomobilin alqısı zamanı ödədiyi pul məbləği barədə sübutları təqdim etməmişdir. Çünki bu mümkün də deyildir. Şirkət tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 fevral 2022-ci il tarixli, 2(004)- 353/2022 saylı qətnaməsi ilə (hakim Ayaz Məmmədov) ilk iddia tələbi təmin edilmiş, “Kia Carnival" minik markalı, KNAMC81ABJ6441330 BAN nömrəli **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh qanunsuz sahibliyindən alınıb iddiaçı "X3" MMC-yə təhvil verilməsi, ödənilmiş 255 manat məbləğində dövlət rüsumu Cavabdeh alınıb iddiaçıya verilməsi, iddiaçı Cavabdeh "X3” MMC-yə qarşı "avtomobilin özgəninkiləşdirilməsi əsaslarının etibarsız hesab olunması, avtomobilə dair verilmiş texniki pasportun ləğv edilməsi və mübahisəli avtomobilə iddiaçının mülkiyyət hüquqlarının tanınması” tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi, ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 cavabdehlər "X3” MMC-yə və Cavabdeh qarşı "birgə nikah dövründə əldə edilən əmlakın bölgüsü” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi, ödənilmiş 100 manat dövlət rüsumunun üçüncü şəxsə aid edilməsi qət olunmuşdur. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd olunan qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını ilk iddianın təmin olunmamasını, qarşılıqlı iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. Həmçinin, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X6 da apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilk iddia tələbinin təmin edilməməsini, iddiasının təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayətini qarşılıqlı iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırmış, həmçinin qətnamənin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, sübutlara (şahid ifadələri və s.) düzgün hüquqi qiymət verilməməsini, və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X6 apellyasiya şikayətini iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırmış, həmçinin qətnamənin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, sübutlara düzgün hüquqi qiymət verilməməsini və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən Cavabdeh nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə uyğun izahat vermiş, qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi (vəkil) apellyasiya şikayətlərini əsassız sayaraq, ilk iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş məhkəmə kollegiyasından apellyasiya şikayətlərinin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsə rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanmalıdır. Belə ki, işdə olan "X3" MMC-nin Nizamnaməsinin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş 27 iyul 2021-ci il tarixli, **********83010 saylı çıxarışın surətindən görünür ki, Cavabdeh, X11 və X9 3,3 manat, 3,3 pay, 33,3% pul şəklində pay sahibi olmaqla, Cəmiyyətin təsisçiləridirlər. Əvvəlki qanuni təmsilçi Cavabdeh olmuş, hazırkı qanuni təmsilçi isə X7r. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X21 İdarəsinin 124050- 1221 saylı, 22 oktyabr 2021-cı il tarixli avtomobilin qeydiyyat hərəkətləri barədə məlumatların kompüter çıxarışından və AE № 130719 nömrəli qeydiyyat şəhadətnaməsindən görünür ki, "Kia Carnival" minik markalı, KNAMC81ABJ6441330 BAN nömrəli **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomobil 25 iyul 2018-ci il tarixində "xxxx" QSCnin adına qeydiyyata alınmış, 03 iyun 2021-ci il tarixində təhvil-təslim aktı əsasında **-AS- *** dövlət qeydiyyat nişanı təhkim olunmaqla "X3" MMC-nin adına qeydiyyata alınmışdır. İşdə olan AZ-İ seriyalı, 1276z8 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X6 arasında nikah 10 oktyabr 2004-cü il tarixdə Bakı şəhəri Səadət Sarayında 2780 nömrə ilə qeydə alınmışdır. İşdə olan 21 oktyabr 2011-ci il tarixli, ƏN-Vİİ № 802700 saylı etibarnamənin surətindən görünür ki, Cavabdeh mülkiyyətində olan “Hyundai Sonata” markalı **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməyi, üzərində sərəncam verməyi və s. X5 etibar etmişdir. Etibarnamə 02 iyun 2022-ci il tarixədək qüvvədədir. İşdə olan "xxxx" ASC ilə borc alan X6 arasında bağlanmış 21 iyun 2021-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, bank borc alana yaşayış sahəsinin təmiri üçün 48 ay müddətinə illik 8% ödənilməsi şərtilə 20000 manat məbləğində kredit verməyi, borc alan isə kreditdən 1.2-ci bənddə göstərilən məqsəd üçün istifadə etməyi, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürür. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, Cavabdeh çoxdan tanıyır. Elnurun əvvəlki avtomabilini tanışına 21000 manata satmışdır. Mübahisəli avtomobili Elnura internet vasitəsi ilə tapmışdır. Mübahisə predmeti olan avtomobil Cəmiyyətin mülkiyyətində olmasına baxmayaraq, Cavabdeh tərəfindən təhvil verilməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, mübahisə predmeti olan avtomabilin üzərindəki nömrə onun şirkətinə məxsus olmuşdur. Elnura həmin avtomabilin üzərində olan nömrəni təmannasız olaraq vermişdir. Birinci instansiya məhkəməsi ilk iddianı təmin, digər iddiaları isə rədd edərkən mübahisə predmeti olan avtomobilin tərəfindən müəyyən olunmuş hallarına əsasən iddiaçı "X3" MMC-nin mülkiyyətində olmasına, hazırda Cavabdeh qanunsuz sahibliyində olmasına, bu səbəbdən də mülkiyyətçinin hüquqlarının pozulmasına, qarşılıqlı iddia üzrə iddiaçının və müstəqil tələblər irəli sürən üçüncü şəxsin iddia tələblərinin əsassız olmasına, tərəflərindən sübutetmə yükünün həyata keçirilə bilməməsinə və s. əsaslanmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı sayaraq, həmçinin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlkin olaraq qeyd edilməlidir ki, mübahisə predmeti olan avtomobil üzərində iddiaçı "X3" MMC-nin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, avtomobilin hazırda Cavabdeh sahibliyində olması işin mübahisə olunmayan hallarıdır. Qeyd edilməlidir ki, mülkiyyətin müdafiəsi konstitusion prinsipdir (Konstitusiyanın 13-cü mad.) Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Marks Belçikaya qarşı» işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. «Mançini İtaliyaya qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilməlidir ki, vindikasiya iddiası mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbidir. Vindikasiya iddiasının irəli sürülməsi üçün - iddiaçı əmlakın mülkiyyətçisi olmalı, mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalı, mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalı və başqa şəxsin faktiki sahibliyində olmalı, lakin həmin şəxsin sahiblik hüququ olmamalıdır. Qeyd edilən şərtlər isə məcmu halda hazırki işdə mövcuddur. Belə olan halda isə Cavabdeh avtomobili iddiaçıya qaytarmaq vəzifəsini daşıyır. Cavabdeh tərəf bunun əksini təsdiq edən hər hansı sübutu məhkəmə təqdim edə bilməmiş, əksinə qarşılıqlı iddia verərək avtomobilin üzərində iddiaçının mülkiyyət hüquqlarını mübahisələndirmiş, lakin tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Qarşılıqlı iddia üzrə iddiaçı tələbinin əsası kimi – avtomobilin dəyərinin tərəfindən (bir hissəsini əvvəlki avtomobilinin satılması nəticəsində əldə etdiyi pul vəsaiti hesabına, bir hissəsini isə həyat yoldaşının adına kredit hesabına) ödənilməsini göstərsə də, bu istiqamətdə məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Bununla yanaşı, işdə olan sübutlardan (DİN BDYP-nin arayışı, kredit müqaviləsi və s.) görünür ki, mübahisə predmeti olan avtomobil 25 iyul 2018-ci il tarixdə "xxxx" QSC-nin adına qeydiyyata alınmış, 03 iyun 2021-ci il tarixində təhvil-təslim aktı əsasında **-AS-*** dövlət qeydiyyat nişanı təhkim olunmaqla "X3" MMC-nin adına qeydiyyata alınmış, kredit müqaviləsi isə qeyd edilən faktların baş verməsindən sonra, yəni 21 iyun 2021-ci il tarixdə bağlanmışdır. Belə olan halda isə, avtomobilin dəyərinin bir hissəsinin məhz kredit müqaviləsi üzrə alınmış pul vəsaiti hesabına ödənilməsi barədə dəlillər əsassızdır. Eyni zamanda, birinci instansiya məhkəməsində icraat zamanı dindirilmiş şahidlərin ifadələri də qarşılıqlı iddianın təmin olunması üçün yetərli və əsaslı sübut kimi qəbul edilə bilməz. Həmçinin, əgər həqiqətən avtomobil məhz Cavabdeh tərəfindən əldə edilmişdirsə, o zaman nəyə görə avtomobilin özünün adına mülkiyyət hüququ üzrə qeydə alınmamasını əsaslandıra bilməmişdir. Hər bir halda buna hər hansı maneə olmamışdır. Göründüyü kimi, qarşılıqlı iddia özü-özlüyündə əsassızdır. Qarşılıqlı iddia üzrə iddiaçının ümumiyyətlə tələb (subyektiv) hüququnun mövcudluğu müəyən edilmir. Birinci instansiya məhkəməsi qarşılıqlı iddianı rədd etməkdə haqlı olmuş, maddi və prosessual hüquqlarının tətbiqində səhvə yol verməmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, müstəqil tələblər irəli sürən üçüncü şəxsin iddia tələbi də tam əsassızdır. Həmçinin, iddiaçı avtomobilin birgə nikah dövründə, birgə vəsait hesabına alınması, lakin əsassız olaraq "X3" MMC-nin adına qeydiyyata alınması, bununla da hüquqlarının pozulmasını, avtomobil üzərində ½ hissədə mülkiyyət payının müəyyən olunmalı olmasını və s. göstərsə də, tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Tərəflərin izahatı isə özü-özlüyündə tələb və etirazlarının əsası kimi yetərli sübut kimi qəbul edilə bilməz. Belə ki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 fevral 2022-ci il tarixli, 2(004)-353/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı “X2” MMC-nin Cavabdeh qarşı “avtomobilin qanunsuz sahiblikdən alınması” tələbinə dair ilk, iddiaçı Cavabdeh “X2” MMC-yə qarşı “avtomobilin özgəninkiləşdirilməsi əsaslarının etibarsız hesab olunması, avtomobilə dair verilmiş texniki pasportun ləğv edilməsi və münahisəli avtomobilə iddiaçının mülkiyyət hüquqlarının tanınması” tələbinə dair qarşılıqlı, həmçinin münahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 cavabdehlər İddiaçı MMC-yə və Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilən əmlakın bölgüsü” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 fevral 2022-ci il tarixli, 2(004)-353/2022 saylı qətnaməsindən Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X6 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 fevral 2022-ci il tarixli, 2(004)- 353/2022 saylı qətnaməsi apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Rafael Eyvazov Hakimlər Şərafət Məmmədova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-3026/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3026/2022
26.04.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver