Məhkəmə qərarları › İş №2(103)-3032/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3032/2025

11.06.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3032/2025 11.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxs qarşı iş üzrə Açar sözlər: (“mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin 3-cü bəndinin təsdiq edilməsi”) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, ərizə və maraqlı şəxsin iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin 3-cü bəndinin təsdiq edilməsi” tələbinə dair Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)- 2397/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı

1. Ərizəçi Maraqlı şəxs qarşı "mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək tərəflər arasında imzalanmış xx.xx.2024cü il tarixli, MŞB/13/2024-00422 saylı barışıq sazişinin 3-cü bəndinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2024cü il tarixində MŞB/13/2024-00422 saylı barışıq sazişinin 3-cü bəndinə əsasən tərəflər birgə nikahdan anadan olan xx.xx.2008-ci il təvəllüdlü X5, xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kim saxlanması üçün 2024-cü ilin may ayından başlayaraq hər ayın 25-30-u aralığında hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat, ümumilikdə 705 (yeddi yüz beş) manat aliment məbləğini 1-ci tərəf Maraqlı şəxs 2-ci tərəf Ərizəçi ödəməsi barədə razılaşmışlar. Maraqlı şəxs tərəfindən may-sentyabr ayları ərzində barışıq sazişində qeyd edilmiş aliment ödənilmişdir. Lakin son 4 ay ərzində Maraqlı şəxs alimenti ödəməmişdir. Maraqlı şəxs alimenti ödəməsi bildirilsə də sonuncu aliment ödəməkdən yayınmışdır. Barışıq sazişinin uşaqların aliment təminatı ilə bağlı hissədə (3-cü bənd) məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi zəruridir.

2. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-2397/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilməmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 335-23.1, 355-23.2, 355-24, 355.25.1, 355-25, 355-26.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə baxışı zamanı işdə olan sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında mediasiya prosesində bağlanmış barışıq sazişi qismən icra edilsə də, hazırda tərəflər arasında həmin barışıq sazişinin icrasında mübahisə mövcuddur. Məhkəmə hesab edir ki, hazırkı barışıq sazişinin predmeti birgə nikahdan anadan olan xx.xx.2008-ci il təvəllüdlü X5, xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kim saxlanması üçün 2024-cü ilin may ayından başlayaraq hər ayın 25-30-u aralığında hər ay hər uşaq üçün 235 manat, ümumilikdə 705 manat aliment məbləğini 1-ci tərəf Maraqlı şəxs 2-ci tərəf Ərizəçi ödəməsi və sair olduğundan, tərəflər arasında sazişin şərtləri ilə bağlı mübahisə mövcud olduğundan, həmin tələb məhkəmə qaydasında həll olunan tələb olduğundan, tərəflər arasında bağlanmış Barışıq sazişinin təsdiq edilməsindən imtina edilməli, tələblə müvafiq məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişi icrası ilə bağlı tərəflər arasında mübahisə mövcuddur və ərizəçi xx.xx.2025-ci il tarixdə hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Bundan başqa, müəyyən edilmişdir ki, Maraqlı şəxs məhkəmədə Ərizəçi qarşı uşaq tələbinə dair iddia qaldırmışdır. Beləliklə, məhkəmə hesab edir ki, barışıq sazişinin təsdiq edilməsi barədə ərizə təmin edilməməlidir.

3. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: - Bakı 13 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli, MŞB/13/2024-00422 saylı Barışıq Sazişinin 3-cü bəndinə əsasən: Tərəflər: 1-ci tərəf Maraqlı şəxs 2-ci tərəf Ərizəçi ilə birgə nikahdan anadan olan övladları xx.xx.2008-ci il təvəllüdlü X5, xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 2024-cü ilin may ayından başlayaraq hər ayın 25-30-u aralığında hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat, ümumilikdə 705 (yeddi yüz beş) manat aliment məbləğini 1-ci tərəf Maraqlı şəxs 2-ci tərəf Ərizəçi ödəməsi barədə razılaşdılar. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

4. Ərizəçi apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-2397/2025 saylı qətnaməsinin ləğv edilməsi və ərizəsinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23, 355-26-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə tərəfindən sözügedən maddələrin tələbləri düzgün şərh edilməmiş, nəticədə düzgün olmayan qətnamə qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355- 26-cı maddəsində barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edilməsi əsasları aşağıdakılardır: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Göründüyü kimi, aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməməsi üçün MPM-nin yuxarıda qeyd edilən maddələrindən hər hansı birinin tələbi mövcud olmamışdır. Məhkəmə tərəfindən qətnamədə qeyd edilir ki, hazırda tərəflər arasında həmin barışıq sazişinin icrasında mübahisə mövcuddur. Bu əsasa görə barışıq sazişi təsdiq edilə bilməz. Lakin heç bir əsaslandırma aparılmamış, mübahisənin nədən ibarət olması göstərilməmişdir. Ümumiyyətlə, barışıq sazişinin icrası ilə bağlı mübahisə olmasaydı məhkəməyə müraciət etməzdi. Elə mübahisə olduğu üçün (icra etmədiyinə görə) sazişin təsdiqi ilə bağlı məhkəməyə müraciət etmişdir. Maraqlı şəxs Binəqədi rayon Məhkəməsində iddia qaldıraraq ən kiçik uşağın ona verilməsini xahiş etmişdir. Yəqin ki, hakim bu halı mübahisə hesab etmişdir. Əgər həqiqətən belə olsa da, həmin iddiaya baxılması barışıq sazişinin təsdiq edilməsi halını istisna etmir. Çünki Maraqlı şəxs onunla aralarında bağlanmış barışıq sazişini mübahisələndirməmiş, həmin sazişin ləğv edilməsi, etibarsız sayılması ilə bağlı hər hansı iddia qaldırmamışdır. Aralarında olan barışıq sazişi də qanunauyğundur. Məhkəmə tərəfindən 3 uşağın hazırda himayəsində olması digər 2 uşaqla bağlı Maraqlı şəxs tələbinin olmamasına da düzgün qiymət verilməmişdir. Uşaq tələbinə istinad edib barışıq sazişinin alimentə dair hissəsinin təsdiqindən imtina edilməsi tamamilə absurd bir qərardır. Sözügedən iddianın da heç bir hüquqi əsası yoxdur. Çünki hər 3 uşaq onunla qalmaq istəyirlər. Analarının etdiyi bağışlanmaz səhvə görə onunla danışmırlar. Apellyasiya icraatında müəyyən edilən hallar:

5. Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçi apellyasiya şikayətinin məzmununa uyğun izahat verməklə şikayətini müdafiə etmişdir.

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinə etiraz etmiş, ərizəçi tərəfindən barışıq sazişinin şərtlərinin pozulduğunu, uşaqları ilə ünsiyyətinin ərizəçi tərəfindən təmin olunmadığını qeyd etmiş, sazişin mübahisələndirilməsi və uşaq tələbi ilə məhkəmədə iddia qaldırdığını bildirməklə, şikayətin təmin edilməməsini xahiş etmişdir.

7. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-1183/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı Maraqlı şəxs cavabdeh Ərizəçi qarşı uşaqların ananın himayəsinə verilməsi və aliment tələbinə dair işi üzrə icraata xitam verilmişdir. Apellyasiya baxışının hədləri:

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

9. Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən: 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 355-23.1. "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1 -ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə görə, Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-ci maddəsinə görə, Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1-ci maddəsinə görə, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3-cü maddəsinə görə, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.

11. Mülki Məcəllənin 881-ci maddəsinə əsasən: 881.2.2. barışıq razılaşmasının qüvvəsi barışıq razılaşması məqamında müqavilənin iştirakçısına məlum olmayan iddialara şamil edilmir. 881.3. Barışıq razılaşmasının bağlanması üçün forma tələb olunmur. Lakin əgər barışıq razılaşmasında hər hansı formanın gözlənilməsini tələb edən əqdlər vardırsa, razılaşma bu əqdlər üçün tələb edilən forma üzrə tərtib olunmalıdır, amma barışıq razılaşmasının məhkəmə qaydasında protokol şəklində tərtib olunduğu hallar istisna təşkil edir. 881.5. Əgər müqavilə iştirakçıları hüquq münasibətlərini və ya iddiaları həyata keçirə bilmirlərsə, xüsusən məcburi qüvvəyə malik qanuni göstərişlərlə əlaqədar həyata keçirə bilmirlərsə, barışıq razılaşmasının qüvvəsi yoxdur.

12. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Mülki Prosessual Məcəllənin 76, 77, 80-82, 88, 119.1, 217, 220, 355-23-355-26, 370, 385-390; Mediasiya haqqında qanunun 26, 33, 34; Mülki Məcəllənin 881-ci maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara müvafiq mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası hesab edir ki, məhkəmə səhv nəticəyə gəlmişdir, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixdə Barışıq Sazişi imzalanmışdır. Hazırda ərizəçi Barışıq Sazişinin 3-cü bəndinin təsdiq edilməsini xahiş edir. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər razılığa gəlməklə mediasiya prosesində barışıq əldə etmiş və barışıq sazişi qanuni şəkildə bağlanmış, tərəflər barışıq sazişini öz imzaları ilə təsdiq etmişdirlər, həmçinin barışıq sazişinin bəndlərinin hər hansı digər şəxslərin hüquqlarına toxunmadığı müəyyən edilmişdir. Eyni zamanda qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsin tələblərinə əsasən: 55.1. Uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər; 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. “Uşaq hüquqları haqqında” Qanunun tələblərinə əsasən: 5 . Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Bununla belə, uşaqla ünsiyyət hüququnun qaydası və vaxtı barədə tərəflərin icra qaydasında razılığa gəlməsi, habelə valideynlik hüquqlarının həyata keçirilməsi ilə bağlı (məhdudlaşdırılması və s.) barədə iddia qaldırmaq hüququ istisna edilmir.

13. Beləliklə, aliment öhdəlikləri ayrıca müddəa kimi icra edilməli olduğundan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməklə ərizə təmin edilməlidir. Barışıq sazişin mübahisələndirilməsi və ya digər əlaqəli tələblər hazırki icraatı dayandırılması üçün əsas ola bilməz, lakin digər iddialar üzrə uşaqlar barədə fərqli qərar qəbul edildiyi təqdirdə aliment öhdəliklərindən azad edilməsi və ya azaldılması barədə iddialara yenidən baxıla bilər.

14. Kollegiya qeyd edir ki, tələb olmadığından apellyasiya şikayətinin verilməsi üçün dövlət rüsumuna ödənilmiş məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir

15. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qətetdi: Ərizəçi apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)- 2397/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə iddia təmin edilməklə yeni qətnamə qəbul edilsin. Tərəflər arasında bağlanmış Bakı 13 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli, MŞB/13/2024-00422 saylı Barışıq sazişin 3-cü bəndində göstərilən “Tərəflər: 1-ci tərəf Maraqlı şəxs 2-ci tərəf Ərizəçi ilə birgə nikahdan anadan olan övladları xx.xx.2008-ci il təvəllüdlü X5, xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 2024-cü ilin may ayından başlayaraq hər ayın 25-30-u aralığında hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat, ümumilikdə 705 (yeddi yüz beş) manat aliment məbləğini 1-ci tərəf Maraqlı şəxs 2-ci tərəf Ərizəçi ödəməsi barədə razılaşdılar” hissəsində təsdiq edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar