Məhkəmə qərarları › İş №2(103)-3039/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3039/2021

25.05.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3039/2021 25.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, X8 oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil2, Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil1, Müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı «müqavilənin etibarsız hesab edilməsi və mənzildən çıxarılma və iddiaçının həmin mənzilə köçürülməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2(011)-2922/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı «müqavilənin etibarsız hesab edilməsi və mənzildən çıxarılma və iddiaçının həmin mənzilə köçürülməsi» tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) birinci instansiya məhkəməsinə müraciət edərək, Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 A ünvanında yerləşən binanın 1-ci blok, 8-ci mərtəbədəki ümumi sahəsi 60,18 kv.m olan 50 saylı mənzilin alğı-satqısı barədə bağladığı 21 aprel 2014-cü il tarixli, 135 nömrəli müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh1 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 A ünvanında yerləşən binanın 1-ci blok, 8-ci mərtəbəsindəki ümumi sahəsi 60,18 kv.m olan 50 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılması və onun həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 01 iyul 2006-cı il tarixli, 111 saylı müqavilə əsasında «xxxx» MMC-dən Xətai rayonu, Gəncə prospekti 2935 ünvanında inşa edilən çoxmənzilli yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən 60.18 kv.m sahəsi olan birotaqlı mənzili dəyərini tam ödəyərək əldə etmişdir. «xxxx» MMC-nin direktoru Kazım Kazımzadə qeyd edilən binada bir mənzili bir neçə nəfərə satdığı üçün cinayət məsuliyyətinə cəlb edilmiş və barəsində azadlıqdan məhrumetmə növündə cəza təyin edilmişdir. Kazım Kazımzadə barədə cinayət mühakimə icraatı davam edərkən göstərilən bina üzərində sərəncam vermə səlahiyyətləri Cavabdeh2 MMC-yə keçmişdir. MMC-nin direktoru X5 həmin vaxta, yəni 11 iyun 2012-ci il tarixində iddiaçını yanına çağıraraq həmin müqavilədə göstərilən mənzil üçün əlavə ödəniş 6000 manat almışdır. Həmçinin 09 may 2014-cü il tarixdə iddiaçının razılığı ilə mənzilin başqasına satılmasına dair 09 may 2014-cü il tarixli razılaşma protokolu tərtib edərək mənzili satmağı və 36000 manat məbləği iddiaçı ödəməyi öhdəsinə götürmüşdür. Lakin həmn şəxs mənzili satsa da, qeyd edilən məbləği iddiaçıya ümumiyyətlə ödəməmişdir. Yuxarıda qeyd edilən faktiki hallar Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-103/2017 saylı, 06 noyabr 2017-ci il tarixli qanuni qüvvəyə minmiş hökmündə qeyd edilmişdir. Cavabdeh2 MMC-nin direktoru X5 tərəfindən bir mənzilin bir neçə nəfərə satılması ilə bağlı çoxsaylı şikayətlər olduğundan onun da barəsində cinayət işi başlanılmışdır. Həmin cinayət işi üzrə zərərçəkmiş və mülki iddiaçı kimi tanınanlardan biri də İddiaçı olmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-103/2017 saylı, 06 noyabr 2017-ci il tarixli qanuni qüvvəyə minmiş hökmü ilə X5 3 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında vəzifə tutma hüququndan məhrum edilməklə 11 il müddətinə azadlıqdan məhrum edilmişdir. Həmçinin həmin hökm ilə İddiaçı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935 A ünvanında inşa edilən çoxmənzilli yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən 60,18 kv.m sahəsi olan 50 saylı mənzillə təmin edilməsi qət edilmişdir. Bu hökmlə iddiaçının dələduzluq nəticəsində aldadıldığı təsbit edilmiş, bağlanmış razılaşma protokolunun aldatma və dələduzluq məqsədilə bağlanması nəticəsinə gəlinmiş və iddiaçının ilk olaraq həmin mənzilin dəyərini tam ödədiyindən həmin mənzil üzərində hüquqlarının tam bərpa edilməsi təmin edilmişdir. Xətai rayon İcra və Probasiya şöbəsində Ağır Cinayətlər Məhkəməsinin 1(101)-103/2017 saylı, 06 noyabr 2017-ci il tarixli icra sənədinə əsasən başlamış olduğu icraat zamanı məlum olmuşdur ki, qeyd edilən mənzildə Cavabdeh1 yaşamaqdadır. Belə ki, icra qurumunun sorğusuna cavab olaraq «xxxx» MMMC-nin 29 noyabr 2019-cu il tarixli, A-25/2019 saylı cavab məktubunda Cavabdeh2 MMC ilə cavabdeh arasında bağlanmış 21 aprel 2014-cü il tarixli, 135 nömrəli alğı-satqı müqaviləsi əsasında həmin mənzildə hazırda Cavabdeh1 yaşamaqdadır. Lakin hadisələrin baş vermə ardıcıllığından və Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş hökmündən də göründüyü kimi Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış 21 aprel 2014-cü il tarixli, 135 nömrəli alğı-satqı müqaviləsi qanunsuzdur. Qeyd edilənlərə əsasən, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2(011)- 2922/2020 saylı qətnaməsi (hakim Aygün Həsənova) ilə iddianın təmin olunmamışdır. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti – iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırılmış, həmçinin qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, iddianın təmin olunmalı olması, iddia müddətinin keçməməsi və s. göstərilmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə və birinci instansiyası məhkəməsi verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya baxışında iştirak edən Cavabdeh1 nümayəndəsi (vəkili) apellyasiya şikayətini əsassız sayaraq, birinci instansiya məhkəməsində verdiyi izahatına uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya baxışında iştirak edən üçüncü şəxs apellyasiya şikayətini əsaslı sayaraq, birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmişlər. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəni və izahatları dinləyib, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin mübahisə olunmayan hallarına əsasən – «xxxx» MMC ilə iddiaçı arasında bağlanmış 01 iyul 2006-cı il tarixli, 111 saylı müqavilə əsasında, sonuncu Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935 ünvanında inşa edilən çoxmənzilli yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən 60,18 kv.m sahəsi olan bir otaqlı mənzili dəyərini ödəyərək əldə etmiş, lakin sonradan həmin yaşayış sahəsi Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış 21 aprel 2014-cü il tarixli, 135 nömrəli alğı-satqı müqaviləsi əsasında sonuncuya satılmış, cavabdeh hazırda orada yaşayır. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən əqdin mübahisələndirilməsi üçün müddətin keçməsinə, cavabdehin vicdanlı əldə edən omasına əsaslanmış, lakin iş üzrə tam və hərtərəfli araşdırma aparmamış, sübutları düzgün qiymətləndirməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə olan halda isə qətnamə qanuni və əsaslı sayıla bilməz. Apellyasiya şikayətinə əsasən ləğv olunmalı, iddia təmin olunmalıdır. Belə ki, «L.İ.Binnətovanın şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmşdir ki, «Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qanunvericiliyin qeyd edilən tələblərindən göründüyü kimi, mübahisənin qanuni həlli üçün ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmaq vəzifəsi birinci instansiya məhkəməsi ilə yanaşı, həmçinin apellyasiya instansiyası məhkəməsinin araşdırmalı olduğu məsələdir. Ona görə də, məhkəmə kollegiyası qeyd edir ki, hazırki mübahisə üzrə müəyyən edilməli hallar – 1) iddiaçının hazırki iddianı qaldırmaqda müvafiq subyektiv hüquqa malik olub-olmaması, 2) cavabdehlər tərəfindən həmin hüququn pozulub-pozulmaması, əgər əvvəlki hər iki şərt iddiaçının xeyrinə müsbət müəyyən olunarsa, o halda 3) iddianın iddiaçı tərəfindən qanunla müəyyən olunmuş iddia müddəti ərzində irəli sürülüb-sürülməməsi, iddia müddətinin keçib-keçməməsi məsələsidir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunmuş ilk iki halla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd edildiyi kimi, mübahisə predmeti olan mənzilin əldə olunması üçün Cavabdeh1 ilə bağlanmış müqavilə ondan daha əvvəl eyni mənzilə dair iddiaçı ilə bağlanmış müqavilənin qüvvədə olduğu, yəni tərəflərin hüquq və vəzifələrinə xitam verilmədiyi dövrdə bağlanmışdır. Belə olan halda isə, cavabdehlə bağlanmış müqavilə mübahisə predmeti olan mənzil üzərində sonuncunun qanuni əmlak hüquqlarının yaranmasına əsas ola bilməzdi. Cavabdeh tərəf iddiaçı ilə daha əvvəl bağlanmış müqavilənin əhəmiyyətsizliyi ilə bağlı hər hansı halın mövcudluğunu göstərməmiş, bu istiqamətdə məhkəməyə sübut təqdim etməmişdir. Eyni mənzilə dair sonradan müvafiq müqavilənin bağlanması halı isə iddiaçı ilə daha əvvəl bağlanmış müqavilənin hüquqi qüvvəsini və etibarlılığını aradan qaldırmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. «M.Hüseynovun şikayət üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin mülki kollegiyasının 16 iyul 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Konstitusiya Məhkəməsi Plenumunun 04 mart 2015-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə mənzilin dəyərini tam ödəməklə həmin əmlaka sahiblik və istifadə hüququ başqa şəxs tərəfindən əldə edildikdən sonra MTK-nın mülkiyyətində olmayan əşya (mənzil) barədə sərəncam verməsi mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə uyğun deyildir. Göründüyü kimi, istər qanunvericiliyin, istərsə də Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyinə əsasən mənzilin dəyərini tam ödəməklə həmin əmlaka sahiblik və istifadə hüququ başqa şəxs tərəfindən əldə edildikdən sonra MTK-nın mülkiyyətində olmayan əşya (mənzil) barədə sərəncam verməsi mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə uyğun deyildir. Cavabdeh etirazının əsası kimi, həmçinin işdə olan Cavabdeh2 MMC-nin direktoru X5 ilə iddiaçı arasında imzalanmış 09 may 2014-cü il tarixli razılaşma protokola istinad etmişdir. Həmin razılaşmada mübahisəli mənzilin başqasına satılması, nəticədə iddiaçıya 36000 manat pul ödənilməsi qeyd edilmişdir. Lakin, işdə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 noyabr 2017-ci il tarixli hökmündən görünür ki, hazırki iş üzrə iddiaçıya münasibətdə təqsirləndirilən şəxs X3 ona görə ittiham verilmişdir ki, o, Cavabdeh2 MMC-nin direktoru vəzifəsində işləyərkən təkrarən eyni məqsədlə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935A ünvanda inşa edilən çoxmənzilli yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən 60,18 m2 sahədən ibarət birotaqlı mənzilin «xxxx-K» MMC ilə bağlanmış 01 iyul 2006-cı il tarixli, 111 saylı müqavilə əsasında İddiaçı satıldığını və müqavilə üzrə mənzilin 18956 manat qiymətinin tam ödənildiyini bildiyi halda, ondan 11 iyun 2012-ci il tarixdə cəmiyyətin ofisində əlavə ödəniş kimi 6000 manat pul alaraq, yeganə istifadəçi kimi mənzil üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd adı ilə eyni tarixli 031 saylı saxta çıxarış verib sonradan onun razılığı ilə mənzilin başqasına satılmasına dair 09 may 2014-cü il tarixli razılaşma protokolu tərtib edərək, mənzili satmağı və 36000 manat pulu İddiaçı ödəməyi öhdəsinə götürmüş, lakin mənzili satdıqdan sonra razılaşdığı pulu ona verməyərək sonuncuya məxsus mülli miqdar təşkil edən 24956 manat məbləğində əmlakı olan hüquqlarını öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmiş, tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək, vəzifə saxtakarlığı törətmişdir. Göründüyü kimi, 09 may 2014-cü il tarixli razılaşma protokolu aldatma nəticəsində bağlanmaqla, özü-özlüyündə etibarsızdır. Həmçinin, qeyd edilən razılaşma iddiaçının mübahisəli mənzilə olan əmlak hüquqlarının xitamı üçün də qanuni əsas kimi qəbul edilə bilməz. Xüsusilə qeyd edilməlidir ki, cinayət təqibi zamanı İddiaçı mülki iddiası təmin olunmuş, onun mübahisə predmeti olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935 A ünvanında inşa edilən çoxmənzilli yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən 60.18 kv.m sahəsi olan 50 saylı mənzillə təmin edilməsi hökm olunmuşdur. MPM-in 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. CPM-in 180.1-ci maddəsinə əsasən eyni tərəflər arasında və eyni predmet üzrə mübahisəyə dair eyni əsaslarla qəbul edilmiş mülki iddia haqqında, mülki iddiaçının iddiadan imtina etməsinin qəbul olunması haqqında və ya barışıq sazişinin təsdiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarının olması, habelə iddianın rədd edilməsini, yaxud tamamilə və ya qismən təmin edilməsini nəzərdə tutan qanuni qüvvəyə minmiş məhkəmə hökmünün olması yenidən mülki iddia verilməsini istisna edir. «Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 23 fevral 2016-cı il tarixli Qərarındakı hüquqi mövqeyinə görə, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Göründüyü kimi, qanuni qüvvədə olan məhkəmə hökmü ilə mübahisə predmeti olan mənzilin məhz iddiaçıya məxsus olması, bu səbəbdən də iddiaçının həmin mənzillə təmin edilməli olması qərara alınmışdır. Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil1 qeyd edilən hökmdən mülki iddianın təmin olunması hissədə apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpasına dair vəsatət versə də, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli qərarı ilə vəsatət təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 17 fevral 2020-ci il tarixli qərarı ilə isə həmin qərar dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin olunmamışdır. Beləliklə, işdə olan sübutlara əsasən mübahisəli mənzil üzərində qanuni əsasla iddiaçının əmlak hüquqları yaranmış, lakin həmin hüquqlara xitam verilmədən, sonradan eyni mənzilə dair Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında 21 aprel 2014-cü il tarixli, 135 nömrəli alğı-satqı müqaviləsi bağlanmışdır. Həçminin, məhkəmə hökmü ilə iddiaçının mülki iddası təmin olunmuş, onun mübahisəli mənzillə təmin olunması qərara alınmışdır. Belə olan halda isə, iddia tələbi Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında mübahisəli mənzilə dair bağlanmış 21 aprel 2014-cü il tarixli, 135 nömrəli müqavilənin etibarsız sayılması hissədə əsaslıdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Mülki Məcəllənin 337.4-cü maddəsinə görə, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə kollegiyası əqdi mübahisələndirməkdə iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Çünki, məhkəməsi iddiaçının üquqlarının pozulmasını əvvələnin hansı tarixdən hesablanmalı olmasını düzgün müəyyən etməmiş, qətnaməni həmin hissədə ümumi ifadələrlə əsaslandırmağa çalışmışdır. Halbuki, iddia müddətinin tətbiqi zamanı müəyyən edilməli hallardan biri də müddətin axımının hansı gündən başlanılmalı olması ilə bağlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanılır. İşdə olan sübutlardan, həmçinin Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin 09 aprel 2021-ci il tarixli arayışından və ona əlavə olunmuş sənədlərdən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 noyabr 2017-ci il tarixli hökmü üzrə (mülki iddiaya aid hissədə) verilmiş icra vərəqəsi 14 noyabr 2019-cu il tarixdə Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinə daxil olmuş, bundan sonra «İcraata başlamaq haqqında» qərar və icra sənədinin surəti borcluya, tələbkara və məhkəməyə göndərilmişdir. Daha sonra, icra məmuru tərəfindən mübahisə predmeti olan mənzilə baxış keçirilmiş, eyni zamanda yaşayış binasını idarə edən «xxxx» MMMC-yə mənzildə yaşayışın olub-olmaması və s. istiqamətdə 28 noyabr 2019-cu il tarixli sorğu ünvalanmışdır. İcra sənədinin icrası ilə bağlı 05 dekabr 2019-cu il tarixdə mübahisəli mənzildə olarkən, həmin mənzilin Cavabdeh1 satıldığı, sonuncunun orada yaşadağı məlum olmuşdur. Həmçinin, «xxxx» MMMC tərəfindən sorğuya cavab məktubunda göstərilmişdir ki, həmin mənzil Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış 21 aprel 2014-cü il tarixli, 135 nömrəli müqaviləyə əsasən sonuncuya satılmışdır. Bu səbəbdən də icra vaxtı həmin mənzilin iddiaçıya verilməsi mümkün olmamışdır. Göründüyü kimi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 noyabr 2017-ci il tarixli hökmünün icrası zamanı mübahisəli mənzilə dair Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında 21 aprel 2014-cü il tarixli, 135 nömrəli müqavilənin bağlanması, mənzilin satılması, sonuncunun orada yaşaması iddiaçıya məlum olmuşdur. Belə olan halda, yəni əksi sübut olunmayınca, iddiaçının hüquqlarının pozulmasını bildiyi vaxt qeyd edilən vaxt dövrü (2019-cu ilin sonu, 2020-ci ilin əvvəli) qəbul edilməlidir. İşdə olan sübutlardan isə iddiaçının hüquqlarının pozulmasının daha əvvəl bilməsinə dair hər hansı mötəbər sübut mövcud deyildir. Cavabdeh tərəf bunun əksini təsdiq edən hər hansı sübutu da məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda cavabdeh tərəfin izahatı özü-özlüyündə mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. İşdən görünür ki, iddiaçı hazırki tələblə məhkəməyə 11 mart 2020-ci il tarixdə müraciət etmiş, beləliklə müddəti ötürməmişdir. Eyni zamanda, cavbadehin vicdanlı əldə edən olması ilə bağlı da birinci instansiya məhkəməsinin mövqeyi işin faktiki hallarına və qanunvericiliyin tələblərinə uyğun deyildir. Belə ki, Mülki Məcəllənin 182-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Mülki Məcəllənin 182.2-ci maddəsinə əsasən daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Bu məhdudiyyətlər auksionda özgəninkiləşdirilmiş pula, sənədli qiymətli kağızlara və əşyalara tətbiq olunmur. Həmcinin qeyd edilməlidir ki, mulkiyyət hüququna dair reyestrdəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mulkiyyətcisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların muəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir («S.N.Məmmədovanın şikayəti uzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər uzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi). İşin hallarından göründüyü kimi, mübahisə predmeti olan mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Vicdanlılıq isə mülkiyyət hüququnun reyesrdə qeydinə əsaslanır (çünki, daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası tanınır). Əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Göründüyü kimi, birinci instansiya məhkəməsinin qeyd edilən mövqeləri əsassız olmaqla, işdə olan sübutlarla təsdiq olunmur. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, iddia qalan hissələrdə də əsaslıdır. Cavabdeh əşyaları ilə mübahisə predmeti olan mənzildən çıxarılmalı, iddiaçı həmin mənzilə köçürülməlidir. Çünki, cavabdehin hazırki vaxtda iddiaçıya məxsus mənzildə yaşaması hər hansı hüquqi əsasa söykənməməklə, qanunsuzdur. «Marks Belçikaya qarşı» işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. «Mançini İtaliyaya qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında mübahisəli mənzilə dair bağlanmış 21 aprel 2014-cü il tarixli, 135 nömrəli müqavilənin (əqd) etibarsız olduğundan, Mülki Məcəllənin 337.5-ci maddəsini tətbiq olunmalıdır. Həmin normaya əsasən - əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. İşdə olan sübutlardan (müqavilə, maliyyə arayışı) görünür ki, mübahisəli mənzilin hər kvadrat metri 700 manat hesablanmaqla, ümumi dəyəri 42126 manat təşkil edir və maliyyə arayışına əsasən Cavabdeh1 həmin pul vəsaitini tam olaraq ödəmişdir. Belə olan halda (yəni, əqd etibarsız sayıldığından), həmin pul vəsaiti Cavabdeh2 MMC-dən tutularaq Cavabdeh1 xeyrinə verilməlidir (cavabdeh etirazında bu hala istinad etmişdir). Cavabdeh apellyasiya şikayətinə etirazında, həmçinin mübahisəli mənzilin təmirinə 52000 manat pul vəsaiti xərcləməsini, əqdin etibarsız sayılacağı təqdirdə həmin pul vəsaiti iddiaçıdan onun xeyrinə tutulmalı olmasını göstəmişdir. Məhkəmə kollegiyası cavabdehin həmin etirazı ilə bağlı qeyd edir ki, daşınmaz əmlakın yaxşılaşdırılmasına çəkilən xərclərin tələb olunması üçün qanunla müəyynə olunmuş qaydada iddia irəli sürülməlidir. Bu səbəbdən də, məhkəmə kollegiyası hazırki icraat çərçivəsində həmin halların araşdırılmasını mümkün hesab etmir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı «müqavilənin etibarsız hesab edilməsi və mənzildən çıxarılma və iddiaçının həmin mənzilə köçürülməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2(011)-2922/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2(011)- 2922/2020 saylı qətnaməsi ləğv olunsun, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılsın. Cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 arasında Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 A ünvanında yerləşən binanın 1-ci blok, 8-ci mərtəbədəki ümumi sahəsi 60.18 kv.m. olan 50 saylı mənzilə dair bağlanmış 21 aprel 2014-cü il tarixli, 135 nömrəli müqavilə etibarsız sayılsın. Həmin ədq əsasında ödənilmiş 42126 (qırx iki min bir yüz iyirmi altı) manat pul vəsaiti Cavabdeh2 MMC-dən tutularaq Cavabdeh1 verilsin. Cavabdeh1 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 A ünvanında yerləşən binanın 1-ci blok, 8-ci mərtəbəsindəki ümumi sahəsi 60.18 kv.m. olan 50 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılsın, İddiaçı həmin mənzilə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar