Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3039/2022 27.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-559/2022 saylı iş üzrə 05 yanvar 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı ona məxsus ağ rəngli 2014-cü il buraxılışılı BMW 5351 İ markalı **-RG- *** dövlət qeydiyyat nişanlı minik avtomobilini təmir etdirmək üçün Cavabdeh1 və Cavabdeh2 verdiyi 6800 manatın sonunculardan tutulmasına, avtomobilə dair Cavabdeh4 ilə, Cavabdeh4 Cavabdeh5 ilə bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsinə, avtomobilin ilkin vəziyyətə qaytarılmasına, avtomobilin cavabdehlərdən alınaraq ona verilməsinə və ya 40000 ABŞ dollarının cavabdehlərdən onun xeyrinə tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, iddiaçı özünə məxsus BMW 535İ markalı 2014- cü il buraxılışlı **-RG-*** i/o qeydiyyat nişanlı avtomobillə 29.05.2021-ci il tarixdə Ləkənran şəhərində yol nəqliyyat hadisəsi törətmiş, bu barədə tanışı Cavabdeh1 telefonla danışarkən deyərək avtomobili vurulmuş vəziyyətdə 20000 ABŞ dollarına almaq istəyən müştəri olmasını bildirimiş, C.M. Bədəlov avtomobilin qiymətinin 40000 ABŞ dolları olmasını, onun tanışları vasitəsi ilə avtomobilin ucuz qiymətə düzəltdirilməsinin mümkün olmasını demişdir. Bundan sonra Ceyhun Lənkəran rayonuna gələrək iddiaçını Cavabdeh2 ilə tanış etmiş, avtomobili təmir etdirmək üçün onun tanıdığı təmir sexinə aparılmasını demişdir. İddiaçı azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunduğu üçün təyin olunan ərazidən kənarlaşa bilmədiyi üçün Ceyhun və Çingiz iddiaçıdan maşının təmiri üçün Gürcüstandan gətirilməli olan hissələrin pulunu 6800 manat alaraq əlavə xərclərində sonra alacaqlarını, maşına görə mülkiyyətçidən iddiaçının özünün tanıdığı şəxsin adına etibarnamə verilməli və həmin şəxsin də onların maşını Bakı şəhərinə tanıdıqları servisə aparanadək onlarla getməsini bildirmişlər. Avtomobil iddiaçının bacısının həyat yoldaşı Nəsirli Famil Sadət oğlunun mülkiyyətində olduğundan mülkiyyətçidən 23.06.2021-ci il tarixdə tanıdıqları Əliyev Vasif Asif oğluna avtomobilin servisə yerləşdirilməsi üçün Bakı şəhərinə aparılarkən problemlər yaranmamasına görə etibarnamə verilmişdir. Bakı şəhərindən iddiaçı ilə əlaqə saxlanılaraq maşının lazımı yerə yerləşdirilməsi, zərurət yaranarsa əhəmiyyət kəsb edən detalın dəyişdirilməsində sözsöhbət olmaması üçün müqavilə imzalanmasını, müqavilənin Vasif tərəfindən imzalanmasını bildirmişlər. İddiaçı da onlara inanaraq Vasifə imza etməsinə icazə vermişdir. İddiaçı maşının vəziyyəti ilə bağlı Ceyhuna hər dəfə zəng edərkən Ceyhun ona narahat olmamasını, avtomobilin yaxın günlərdə tam hazır olacağını demişdir. Sentyabr ayında iddiaçı Ceyhuna zəng edərkən aldadıldığını, avtomobilin qeydiyyat nişanının dəyişdirilərək başqa adamın adına keçirilməsini, şəhadətnamənin dəyişdirilərək AE153961, qeydiyyat nömrəsinin ** MB *** olmasını, avtomobilin Cavabdeh4 adına rəsmiləşdirilməsini bilmişdir. Cavabdehlərin Vasifi aldadaraq imza etdirdiklərini, bunun qarşılığında Vasifin heç bir məbləğ almadığını nəzərə alaraq alqı-satqı ləğv olunmalı, maşın ilkin vəziyyətə qaytarılmalı, iddiaçının mülkiyyəti kimi tanınmalı, eyni zamanda avtomobil cavabdehlər tərəfindən qəsdən pis vəziyyətə salınıbsa onun dəyəri iddiaçıya ödənilməlidir. Ona görə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğundan avtomobilin təmirinə görə 6800 manatın iddiaçının xeyrinə alınmasına, iddaçıya məxsus BMW 535İ markalı 2014-cü il buraxılışlı ** RG *** i/o qeydiyyat nişanlı avtomobilə dair alqı-satqının etibarsız hesab edilərək, hazırda qeydiyyat nömrəsi ** MB *** olan BMW 535İ markalı 2014-cü il buraxılışlı Cavabdeh4 mülkiyyətində olan avtomobilin ilkin vəziyyətinə qaytarılmasına, alınaraq iddiaçıya verilməsinə və ya onun dəyəri olan 40000 ABŞ dollarının alınaraq iddiaçıya verilməsinə dair qətnamə çıxarılması xahiş olunur. Daha sonra İddiaçı vəkili və nümayəndəsi Vəkil2 iddia tələbinin dəyişdirlməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Əsgərov Çamil Xanhüseyn oğlunun cavabdehlər sırasına əlavə edilərək İddiaçı məxsus ağ rəngli 2014-cü il buraxılışılı BMW 5351 İ markalı 90- RG-018 dövlət qeydiyyat nişanlı minik avtomobilini təmir etdirmək üçün cavabdehlər Cavabdeh1 və Cavabdeh2 verdiyi 6800 manatın sonunculardan alınaraq iddiaçıya verilməsinə, o, cümlədən avtomobilə dair Cavabdeh4 ilə Cavabdeh5 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə, avtomobilin ilkin vəziyyətə qaytarılmasına, avtomobilin cavabdehlərdən alınaraq iddiaçıya verilməsinə və ya 40000 ABŞ dollarının cavabdehlərdən alınaraq iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-559/2022 saylı iş üzrə 05 yanvar 2022-ci il tarixli qətnaməsi ilə iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə digər cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə kollegiyasının iclasına gəlməmişlər, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şıkayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-559/2022 saylı iş üzrə 05 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AD N 928387 saylı 12.10.2020-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, BMW 535 İ markalı **-RG-*** i/o dövlət qeydiyyat nişanlı, 2014-cü il buraxılışlı nəqliyyat vasitəsi Nəsirli Famil Sadət oğlunun mülkiyyətindədir. İş materiallarında olan 22.02.2021-ci il tarixli ƏN-V 518551 saylı etibarnamənin surətindən müəyyən olunur ki, Nəsirli Famil Sadət oğlu mülkiyyətində olan BMW 535 İ markalı **-RG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 21.09.2028-ci il tarixədək idarə etmək üçün İddiaçı etibar etmişdir. İş materiallarında olan AC 748193 saylı 28.09.2021-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, BMW 535 İ markalı **-XE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Əskərov Sübhan Şamil oğlunun mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin BMW 535 İ markalı **-RG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeydiyyat hərəkətləri barədə məlumatların kompüter çıxarışından müəyyən olunur ki, həmin avtomobilə dair Nəsirli Famil Sadət oğlunun mülkiyyət hüququ 12.10.2020-ci il tarixdə qeydə alınmış, F.S.Nəsirli Əliyev İltifat Sədulla oğluna, İddiaçı, Əliyev Vasif Asif oğluna etibarnamə vermiş, avtomobilə dair Əsgərov Elşad Dadaş oğlunun mülkiyyət hüququ 24.05.2021-ci il tarixdə qeydə alınmış, E.D.Əsgərov tərəfindən Cavabdeh3 etibarnamə verilmiş, avtomobilə dair Əskərov Sübhan Şamil oğlunun mülkiyyət hüququ 28.09.2021-ci il tarixdə qeydə alınmış, S.Cavabdeh5 Cavabdeh5 etibarnamə vermişdir. Birinci instansiya məhkəməsi şahid qismində dindirilmiş Əskərov Sübhan Şamil oğlu ifadəsində göstərmişdir ki, o, mülkiyyətində olan BMW 535 İ markalı **-XE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Əsədov Rəşad Dadaş oğlundan 24800 ABŞ dollarına almışdır. Nəqliyyat vasitəsinə dair atası Cavabdeh5 etibarnamə vermişdir. Avtomobilə dair mübahisənin olmasını o, atası Cavabdeh5 cavabdeh qismində məhkəməyə dəvət olunarkən bilmişdir. İş materiallarında olan Lənkəran ŞRPŞ-nin TB-nin təhqiqatçısı M.Adilzadənin 19.12.2021-ci il tarixli qərarından müəyyən olunur ki, İddiaçı müraciəti əsasında ilkin təhqiqat materialı araşdırmanın davam etdirilməsi üçün aidiyyəti üzrə Lənkəran ŞRPŞ-nin İstintaq bölməsinə göndərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. İddiaçı iddia ərizəsində BMW 535 İ markalı **-RG-*** i/o dövlət qeydiyyat nişanlı, 2014-cü il buraxılışlı nəqliyyat vasitəsinin ona məxsus olmasını qeyd etsə də, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, BMW 535 İ markalı **-RG-*** i/o dövlət qeydiyyat nişanlı, 2014-cü il buraxılışlı nəqliyyat vasitəsi Nəsirli Famil Sadət oğlunun mülkiyyətində olmuş, mülkiyyətçi 22.02.2021-ci il tarixli ƏN-V 518551 saylı etibarnaməsi ilə həmin nəqliyyat vasitəsini 21.09.2028-ci il tarixədək, yalnız idarə etmək üçün İddiaçı etibar etmişdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla daha sonra müəyyən olunmuşdur ki, BMW 535 İ markalı **-RG-*** i/o dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətçi Nəsirli Famil Sadət oğlunun veridiyi etibarnamə əsasında Cavabdeh4, sonuncu mülkiyyətçi Cavabdeh4 tərəfindən isə Əskərov Sübhan Şamil oğluna satılmış, hal-hzırda nəqliyyat vasitəsinin mülkiyyətçisi Əskərov Sübhan Şamil oğludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Vərəsəlik hüququ da belə hüquqlardan biridir. Belə ki, qüvvədə olan MM-in 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Göründüyü kimi iddiaçıya BMW 535 İ markalı **-RG-*** i/o dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair yalnız idarə etmək üçün etibarnamə verildiyindən, nəqliyyat vasitəsi barədə sərəncam vermək hüququ iddiaçı tərəfindən deyil, nəqliyyat vasitəsinin mülkiyyətçisi tərəfindən verildiyindən İddiaçı avtomobilə dair bağlanmış müqavilələri mübahisələndirmək, avtomobili və ya dəyərinə görə pul vəsaitini tələb etmək, bağlanmış əqdlərin nəticələrini ləğv edilməsini tələb etmək üçün subyektiv hüquqa malik deyildir. Məhkəmə kollegiyası iddiaçının avtomobili təmir etdirmək üçün Cavabdeh1 və Cavabdeh2 verdiyi 6800 manatın sonunculardan onun xeyrinə tutulması tələbi ilə bağlı qeyd edir ki, iddia tələblərində istinad etdiyi halları ilk növbədə sübut etmək vəzifəsi daşıyan iddiaçı bu cavabdehlərə avtomobili təmir etdirmək tapşırığı verməsinə, tapşırığın icrası ilə bağlı 6800 manat ödəməsinə dair mötəbər, təkzib olunmaz sübutlarını məhkəməyə təqdim edə bilmədiyindən məhkəmə haqlı olaraq iddiaçının bu tələbini sübuta yetirilə bilinməməsi əsası ilə təmin etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə olan halda apellyasiya şikayətində göstərilən hallar yuxarıda qeyd edilənlərlə əsasən təmin edilə və həmin qətnamənin ləğv edilməsinə əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-559/2022 saylı iş üzrə 05 yanvar 2022ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-559/2022 saylı iş üzrə 05 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3039/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3039/2022
27.04.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver