Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3042/2022 28.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi ilə, İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti müstəqil tələb irəli sürməyən şəxs qismində cəlb edilməklə) hərracın nəticələrinin və hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 24.09.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X5 cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı, üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə hərracın nəticələrinin və hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC tərəfindən qəbul edilmiş hərrac protokolunun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Xətai Rayon Məhkəməsinin 03 may 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC iddiaçıya qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia tələbləri qismən təmin edilmişdir. Qətnamə ilə iddiaçıdan **********90013 saylı, 05.06.2013-cü il tarixli kredit müqaviləsi üzrə 33453.83 manat əsas borc, 10143.74 manat faiz borcu və gecikdirməyə görə 200 manat cərimə, cəmi 43797.57 manat və 30 manat dövlət rüsumu, bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu, sənədlərin notarial təsdiqi üçün ödənilmiş 20 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması, iddiaçıya məxsus olan Bakı şəhəri, Xətai rayonu, İlqar Həbibov küçəsi, 56 saylı evin, 3 saylı mənzilinin ilkin satış qiyməti 80.000 manat müəyyən olunmuş, tələbin ipoteka qoyulmuş mənzilə yönəldilməsi və açıq hərracdan satılaraq satış hesabına əldə edilmiş vəsaitdən borc "xxxx" ASC-nin xeyrinə ödənilməsi, mənzil satıldıqdan sonra ən geci bir ay ərzində həmin mənzildən çıxarılması və mənzilin boşaldılması qət edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Xətai rayon Məhkəməsinin iş üzrə 03 may 2018-ci il tarixli qətnaməsini ləğv edərək, "xxxx" ASCnin ilə iddiaçı arasında bağlanan 05.06.2013-cü il tarixli kredit müqaviləsinə iddia qaldırılan gündən, yəni 07.06.2017-ci il tarixdən xitam verilməli və 33.453,83 manat məbləğində əsas borc və kreditdən istifadəyə görə hesablanmış 6.071,66 manat məbləğində faizlərin tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 07 mart 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən apellyasiya şikayətləri qismən təmin edilərək, faiz və cərimə borcunun məbləğinin müəyyən edilməsi hissələrində dəyişdirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 noyabr 2019cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmədən Bakı Apellyasiya Məhkəməsinin 07 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Xətai rayon İcra və Probasiya Şöbəsinin 17/74-103195/4k saylı 30.11.2020-ci il tarixli sifariş məktubu ilə Daşmar və Daşınmaz Əmlaklann Satışı üzrə Hərrac Mərkəzi MMC-nə müraciət edərək, iddiaçıya məxsus olan Bakı şəhəri, Xətai rayonu, İlqar Həbibov küçəsində yerləşən 56 saylı evin 3 saylı mənzilə yönəldilməklə, açıq hərracda satılması üçün müraciət etmişdir. Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC-i 15 fevral 2021-ci il tarixdə 12/04 saylı X4 təsdiqləmişdir. Cavabdeh Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC tərəfindən hərracın keçirilməsi proseduru ilə bağlı qanunvericiliyin tələbləri pozulmuşdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 24.09.2021-ci il tarixli, 2(005)- 2279/2021 saylı qətnaməsi ilə iddiaçı X2 cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı, "xxxx" Açıq Səhmdar Cəmiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs şəxs qismində cəlb edilməklə hərracın nəticələrinin və hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 24.09.2021-ci il tarixli, 2(005)-2279/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini apellyasiya instansiyası məhkəməsindən xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsində göstərilən eyni dəlillərə istinad edilməklə əsaslandırılmışdır. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin əsası və iddiaçı tərəfin dəlilləri ilə razılaşmayaraq hesab etmişdir ki, iddiaçı X3 hərracın keçirilmə vaxtı və yeri barədə bildirişlə məlumat verilmiş, həmçinin hərracın keçirilmə vaxtı və yeri barədə “Birja Yenilikləri” qəzetinin ayrı-ayrı buraxılışlarında elanlar yerləşdirilmişdir. Bundan əlavə, məhkəmə qeyd etmişdir ki, girov əmlakların hərraca çıxarılması üçün ilkin satış qiyməti məhkəmənin qüvvəyə minmiş qətnaməsində öz əksini tapmış, qətnamə icra edildiyi zaman isə əlavə qiymətləndirmə keçirilmədən, məhkəmə tərəfindən müəyyən edilmiş qiymətlə hərraca çıxarılmışdır. Bu əsaslarla məhkəmə iddiaçıların dəlillərini və ümumilikdə iddianı əsassız hesab etmiş və onun rədd edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 03 may 2018ci il tarixli 2(0011)-1035/2018 saylı qətnaməsindən müəyyən olunur ki, İddiaçı **********90013 saylı, 05.06.2013-cü il tarixli kredit müqaviləsi üzrə 33453.83 manat əsas borc, 10143.74 manat faiz borcu və gecikdirməyə görə 200 manat cərimə, cəmi 43797.57 manat və 30 manat dövlət rüsumu, bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu, sənədlərin notarial təsdiqi üçün ödənilmiş 20 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması, X3 məxsus olan Bakı şəhəri, Xətai rayonu, İlqar Həbibov küçəsi, 56 saylı evin, 3 saylı mənzilinin ilkin satış qiymətinin 80000 manat müəyyən olunması, tələbin ipoteka qoyulmuş mənzilə yönəldilməsi və açıq hərracdan satılaraq satış hesabına əldə edilmiş vəsaitdən borcun "xxxx" ASC-nin xeyrinə ödənilməsi, mənzil satıldıqdan sonra ən geci bir ay ərzində həmin mənzildən çıxarılması və mənzilin boşaldılması qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 fevral 2019-cu il tarixli 2(103)-1769/2019 saylı qətnaməsindən müəyyən olunur ki, tərəflər arasında bağlanmış 05.06.2013-cü il tarixli kredit müqaviləsi üzrə kreditdən istifadəyə görə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 6071,66 manat, ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 1738,72 manat məbləğində pulun X1 tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan “hərracın yekunları barədə” 15 fevral 2021-ci il tarixli 12/04 nömrəli protokoldan görünür ki, X3 məxsus Bakı şəhəri, Xətai rayonu, İlqar Həbibov küçəsi, 56 saylı evin, 3 saylı mənzili, Xətai Rayon İcra və Probasiya Şöbəsinin sifarişi ilə ipoteka saxlayan və əldə etmək hüququna malik olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti olmaqla, ilkin hərrac qiyməti 80.000 manat, təkrar hərracda ilkin satış qiyməti 68.000 manat, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən 25% aşağı qiymətlə 51.000 manat qiymətlə tələbkar əldə etmişdir. İş materiallarında olan tərəflərə göndərilmiş açıq hərracın keçirilməsinə dair 01 dekabr 2020-ci il tarixli 01 nömrəli bildirişdən müəyyən olunur ki, Bakı şəhəri, Xətai rayonu, İlqar Həbibov küçəsi, 56 saylı evin, 3 saylı mənzilin ilkin satış qiyməti 80.000 manat təyin olunmuşdur və hərrracın keçiriləcəyi yer və vaxt barəsində məlumat verilmişdir. İş materiallarında olan tərəflərə göndərilmiş açıq hərracın keçirilməsinə dair 29 dekabr 2020-ci il tarixli 02 nömrəli bildirişdən müəyyən olunur ki, Bakı şəhəri, Xətai rayonu, İlqar Həbibov küçəsi, 56 saylı evin, 3 saylı mənzilin ilkin satış qiyməti 80.000 manat pul məbləğinin 15%-i məbləğində - 68.000 manat təyin olunmuşdur. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərəflərə göndərilmiş ipoteka predmetinin əldə olunmasına dair təklifdən müəyyən olunur ki, Xətai Rayon İcra və Probasiya Şöbəsinin 17/74-103195/4k saylı 30.11.2020-ci il tarixli sifariş məktubuna əsasən ipoteka yüklü Bakı şəhəri, Xətai rayonu, İlqar Həbibov küçəsi, 56 saylı evin, 3 saylı mənzilin təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin 19.01.2021-ci il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka Haqqında” Qanunun 43.7ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 51.000 (əlli bir min) manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur. Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 15 fevral 2021-ci il tarixli müqavilədən müəyyən olunur ki, alıcı "xxxx" Açıq Səhmdar Cəmiyyəti X3 məxsus Bakı şəhəri, Xətai rayonu, İlqar Həbibov küçəsi, 56 saylı evin, 3 saylı mənzili 51.000 manat ödəməklə almışdır. İddiaçı öz tələbinin dəlili kimi hərracla bağlı ona bildiriş gəlmədiyinə istinad etmişdir. İş materiallarından göründüyü kimi, "xxxx" MMC tərəfindən İddiaçı açıq hərracın keçirilməsinə dair bildirişlər göndərilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olmuş 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. “İpoteka haqqında” Qanunun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəllənin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. «F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar AR Ali Məhkəməsi MİÜMK-ın 23 oktyabr 2007-ci il tarixli qərarının AR-nın Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 dekabr 2008-ci il tarixli Qərarında Mülki Məcəllənin 415.2-ci maddəsinin məzmunu ilə bağlı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. İşin araşdırılan halları ilə müəyyən edilir ki, hərrac keçirilərkən qanunvericiliyin tələbləri pozulmamışdır. Kollegiya həmçinin qeyd edir ki, cavabdeh hərrac təşkilatı tərəfindən iddiaçıya hərracın yeri və vaxtı barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada göndərilmiş bildirişlərin iddiaçıya çatdırılmaması hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün əsas deyildir. Beləliklə, müəyyən edilir ki, hazırkı mülki iş üzrə iddia tələbi əsassız olmuş, birinci instansiya məhkəməsi həmin iddianı rədd etməklə işin faktiki halları və qanunvericiliyin tələbləri baxımından hazırkı mübahisə üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək onlarla razılaşmır və onları əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 24.09.2021-ci il tarixli, 2(005)- 2279/2021 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-3042/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3042/2022
28.04.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver