Məhkəmə qərarları › İş №2(103)-3045/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3045/2021

07.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3045/2021 07.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “fərdi yaşayış evindən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı2 Hidayət oğlu və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh ailə üzvləri ilə birlikdə Xəzər rayonu, Şağan qəsəbəsində M-35 saylı sahədə yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində M-35 saylı sahədə yerləşən fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. İddiaçı2, apelyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, məhkəmə cavabdehin evdən çıxarılması barədə qərar qəbul etdiyi halda, onunla bərabər yaşayan arvadı Almaz Seyidovanı (Bayramova) həmin evdən çıxarmamışdır. Məhkəmə iclasında iddiaçı tərəfin sualına cavab olaraq cavabdeh özü də bildirmişdir ki, mübahisəli evdə onunla bərabər arvadı yaşayır. Bu məsələ iclas protokolunda qeyd olunsa da, məhkəmə qərar qəbul edərkən cavabdehin arvadını həmin evdə saxlamışdır. Cavabdeh də, apelyasiya şikayəti verərək, qətnamənin ləğv, onun evdən çıxarılması barədə iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, məhkəmənin iddiaçılar arasında şifahi alqı-satqı müqaviləsinin bağlandığını qəbul etdiyi halda satıcı İddiaçı1 hansı əsasla iddiaçı kimi tanıması məlum deyil. Çünki, İddiaçı1 artıq ona aid olmayan əmlaka dair iddia qaldırmaq hüququna malik deyil və cavabdehlə onun arasında heç bir mülki hüquq münasibəti olmamışdır. Bundan başqa, cavabdehin Rəsul Hüseynovla şifahi alqı-satqı müqaviləsi bağladığını bildirməsinə baxmayaraq, məhkəmə iş üzrə həqiqəti müəyyən etmək və obyektiv qərar qəbul etmək üçün onu məhkəməyə dəvət edərək, dindirməmiş, hətta İddiaçı2 da məhkəmə iclasında iştirakını təmin etməmişdir. Eyni zamanda, cavabdeh yaşadığı fərdi yaşayış evinin Rəsul Hüseynovun adına olduğunu, onun adından kommunal xərcləri ödədiyini və ödəniş qəbzlərini məhkəməyə təqdim etdiyi halda, məhkəmə bu dəlillə bağlı hərtərəfli araşdırma aparmamışdır. Qeyd olunmalıdır ki, iddiaçı və cavabdeh əvvəlcədən tanış olmamış, o, İddiaçı2 ümumiyyətlə tanımamışdır. Belə olan halda, iddiaçının tanımadığı adama alqı-satqı pulunu, en azından behi belə almadan evini verməsi, cavabdehin ailə üzvləri ilə birlikdə köçüb orada yaşaması, ona 59 il müddətinə etibarnamə verməsi və yaşadığı 11 ay müddətində iddiaçının bir dəfə belə olsun cavabdehdən hər hansı pul tələb etməməsi, cavabdehin evlə bağlı bütün kommunal xərcləri Rəsul Hüseynovun adından ödəməsi həmin fərdi yaşayış evinin İddiaçı2 deyil, Rəsul Hüseynovun sahibliyində olduğunu və cavabdehin bu evi 75.000 manat verib ondan almasını təsdiq edir. Rəsul Hüseynov isə gizlənərək, bu məsələyə aydınlıq gətirmədiyindən cavabdeh hüquq mühafizə orqanlarına müraciət etmiş və Nərimanov RPİ İŞ-nin xx.xx.2020-ci il tarixli qərarında göstərilmişdir ki, cavabdeh mübahisəli fərdi yaşayış evini Rəsul Hüseynovdan 75.000 manata alması təsdiq olunmuşdur. Bu qərar məhkəməyə təqdim olunmuş, lakin məhkəmə yalnız qərarın nəticə hissəsini qətnamədə göstərməklə kifayətlənmişdir. Digər tərəfdən, məhkəmə İddiaçı2 hüquqlarını müdafiə edərək, MM-in 152.1, 157.8, 180.1-ci maddələrinə istinad edərək, yanlışlığa yol vermişdir. Belə ki, İddiaçı2 həmin hüquqları etibarnamə əsasında əldə etmişdir, cavabdeh də eyni qaydada həmin hüquqlara İddiaçı2 aldığı etibarnamə ilə sahib olmuşdur. Məhkəmə isə, bu maddi normalarla iddiaçının hüquqlarını müdafiə edərkən cavabdehin hüquqlarını hansı səbəbdən müdafiə etməməsini əsaslandırmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, öz apelyasiya şikayətlərinin dəlillərinə uyğun izahat verərək, onun təmin, cavabdehin şikayətinin isə rədd olunmasını xahiş etdi. Cavabdeh isə, öz apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərərk, həmçinin bildirmişdir ki, o, evin alqı-satqısı ilə bağlı Fariz Hüseynovun qardaşı Rəsul Hüseynovla razılaşmış, Farizi ümumiyyətlə tanımamışdır. Aralarında razılaşdırılmış 75.000 manat pulu bacısı oğlu tərəfindən Rəsul Hüseynova ödənilmişdir. Evinin plana düşməsi nəticəsində ödənilmiş pul vəsaiti bacısı oğlunda olduğundan ona borcu olmuş, buna görə də evin pulunu o ödəmişdir. Odur ki, göstərilənlərə əsasən, şikayətinin təmin, İddiaçı2 şikayətinin isə rədd olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər İddiaçı1 məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası, proses iştirakçılarını dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan sənədlərdən görünür ki, Bakı şəhəri Əzizbəyov Rayonu İcra Hakimiyyətinin Başçısının xx.xx.1999-cu il tarixli, 1891 saylı sərəncamına əsasən, İddiaçı1 Şağan qəsəbəsi M-35 saylı sahədə fərdi ev tikmək üçün 1200 kv.metr torpaq sahəsi ayrılmışdır. xx.xx.2009-cu ildə İddiaçı1 tərəfindən İddiaçı2 xx.xx.2079-cu il tarixədək həmin torpaq sahəsinin 600 kv.metr hissəsində gələcəkdə tikiləcək tikilələrə aid sənədləri toplamaq, təqdim etmək, özəlləşdirmək, reyestrdən çıxarış, forma 1, arayışı almaq, üzərində sərəncam vermək, satmaq, bağışlamaq, dəyişmək, ipoteka (girov) qoymaq, pulunu almaq, buna dair müqaviləni imzalamaq, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə vermək və digər hərəkətləri etmək barədə etibarnamə verilmiş və İddiaçı2 orada fərdi yaşayış evi tikmişdir. İddiaçı2 və Cavabdeh həmin fərdi yaşayış evinin və Şağan qəsəbəsi M-35 saylı sahədə yerləşən 1200 kv.metr torpaq sahəsinin 300 kv.metr hissəsinin 75.000 manata alqı-satqısına dair razılaşmışlar və bu məqsədlə xx.xx.2019-cu il tarixdə İddiaçı1 və İddiaçı2 tərəfindən cavabdehin adına xx.xx.2079-cu il tarixədək eyni səlahiyyətlərlə etibarnamə verilmişdir. Bakı şəhəri Nərimanov RPİ-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərarı ilə Cavabdeh şikayət ərizəsi əsasında toplanmış materiallarda cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. Qərarda qeyd olunmuşdur ki, istintaq orqanı tərəfindən aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, sözügedən evin dəyərinin Cavabdeh tərəfindən Pərvin Sultanov (bacısı oğlu) vasitəsilə İddiaçı2 iştirakı ilə Rəsul Hüseynova verildiyi öz təsdiqini tapmışdır. Rəsul Hüseynoun izahatında göstərdiyi evin satılması ilə əlaqədar 75.000 manatın Pərvin Süleymanovdan alınmamasını isə onun izahatından savayı təsdiq edə biləcək heç bir sübut müəyyən olunmamışdır. Hazırda iddiaçılar, dəfələrlə müraciət edilməsinə baxmayaraq, cavabdeh tərəfindən alqı-satqı müqaviləsi üzrə öhdəliyinin icra edilmədiyini, yəni əşyanın dəyərinin ödənilmədiyini, buna görə də onun adına verdiyi etibarnaməni ləğv etdiridiyini bildirərək, cavabdehin və ailə üzvlərinin mübahisə predmeti olan evdən çıxarılmalarını tələb edirlər. Cavadeh isə, bildirir ki, mübahisə premeti olan evin alqı-satqısına dair İddiaçı2la deyil, onun qardaşı Rəsul Hüseynovla razılaşmış və evin pulunu da ona ödəmişdir. İddiaçı2 ümumiyyətlə tanımamış, İddiaçı1 isə torpağın əvvəlki sahibi olmuşdur. Ona görə də, onların heç birinin hazırkı tələbi irəli sürmək üçün subyektiv hüquqları yoxdur. Kollegiya, ilk növbədə cavabdehin apelyasiya şikayətinin subyektiv hüquqla bağlı dəlilinə münasibətdə bildirir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. mülki qanunvericiliyin normaları baxımından da həmin əmlaka öz əmlakı kimi sahiblik edən şəxs kimi mülkiyyət hüququnu əldə edənə qədər öz sahibliyini əmlakın mülkiyyətçisi olmayan üçüncü şəxslərdən müdafiə etmək hüququ da təmin edilir. MM-in 180.1-ci və 180.3-cü maddələrinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Həmin Məcəllənin 240-cı maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Şərh olunan maddədə torpaq mülkiyyətçisinin öz torpaq sahəsindən istifadə edərək, orada tikinti işləri aparmaq hüququ tənzim edilir. Torpaq sahəsi mülkiyyətçisinin bu hüququ sahədə binalar və qurğular ucaltmaq, onları yenidən qurmaq və ya uçurmaq, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə vermək səlahiyyətlərini ehtiva edir. Belə tikililərin inşası üçün qaydalara əməl etməklə mülkiyyətçi öz mülkiyyətində olan torpaq sahəsində ucaltdığı binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. Baxılan işdən görünür ki, mübahisəli torpaq sahəsi Bakı şəhəri Əzizbəyov Rayonu İcra Hakimiyyətinin Başçısının xx.xx.1999-cu il tarixli sərəncamı ilə İddiaçı1 ayrılmış və onun tərəfindən həmin torpaq sahəsinə dair xx.xx.2009-cu il tarixdə İddiaçı2 etibarnamə verilmişdir. Bundan sonra İddiaçı2 həmin torpaq sahəsində fərdi yaşayış evi tikmiş və xx.xx.2019-cu il tarixdə torpaq sahəsinə dair eyni səlahiyyətlərlə Cavabdeh adına etibarnamə verməklə, faktiki olaraq evi ona satmışdır. Göründüyü kimi, mübahisəli fərdi yaşayış evi özbaşına tikilidir və onun alqısatqısına dair razılıq şifahi şəkildə əldə olunmaqla İddiaçı2 tərəfindən onun adına verilmiş etibarnamə əsasında rəsmiləşdirilmişdir. Başqa sözlə, cavabdehin mübahisəli evə hüququnun yaranmasının əsası kimi istinad etdiyi etibarnanmə ona Rəsul Hüseynov tərəfindən deyil, evin yerləşdiyi torpağa dair hüquq olan və evin faktiki sahibi olmuş İddiaçı2 tərəfindən verilmişdir. Cavabdeh evin alqı-satqısına dair Rəsul Hüseynovla danışıqlar aparması və ya evə dair kommunal ödənişləri onun adından həyata keçirməsi isə həmin evlə bağlı hüquq sahibinin R.Hüseynov olması qənaətinə gəlməyə imkan vermir. Qeyd olunanlar isə ona dəlalət edir ki, iddiaçılar, cavabdehin mübahisə predmeti olan fərdi yaşayış evin çıxarılması ilə bağlı hazırkı tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olmuşlar. Kollegiya, cavabdehin apelyasiya şikayətinin digər dəlillərinə (əşyanın dəyərinin ödənilməsi ilə bağlı) münasibətdə isə bildirir ki, mübahisə predmeti olan fərdi yaşayış evi özbaşına tikili olsa da, İddiaçı2 sahibliyində olmaqla cavabdehlə aralarında olan razılığa əsasən şifahi qaydada satılmış və Fariz tərəfindən ona etibarnamə verilmişdir. Razılığa əsasən Cavabdeh, İddiaçı2 75.000 manat pul verməyi öhdəsinə götürmüşdür. Hazırda cavabdeh həmin pul məbləğinin İddiaçı2 qardaşı Rəsul Hüseynova bacısı oğlu vasitəsi ilə veridiyini, İddiaçı2 isə mübahisəli evin ona aid olmaqla razılığa əsasən cavabdeh tərəfidən evə köçdükdən sonra dəyərinin ödənilməli olmasını, lakin ödənilməməsi səbəbindən verilmiş etibarnaməni ləğv etdiyini bildirir. Rəsul Hüseynov da, polis şöbəsində izahat verərəkən, cavabdeh və ya bacısı oğlu tərəfindən ona hər hansı ödəniş edilmədiyini bildirmişdir. Kollegiya hesab edir ki, sübutetmə yükü baxımından bu halı, yəni aralarındakı alqısatqı barədə razılaşmanın predmeti olan evin dəyərinin İddiaçı2 ödənilməsini sübuta yetirmək vəzifəsi cavabdehin üzərinə düşür. Çünki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Cavabdeh bu faktın təsdiqi ilə bağlı özünün, bacısı oğlu Pərvin Süleymanovun və sonuncunun bir neçə dostunun şikayət ərizəsi əsasında polis şöbəsində araşdırma zamanı alınmış izahatlarına və evin pulu ödənilmədiyi halda iddiaçının onun adına etibarnamə verməsinin və oraya köçməsinə etiraz etməməsinin ağlabatan olmamasına istinad edir. Kollegiya, cavabdehin istinad etdiyi izhatları qeyd olunan mübahisəli halın təsdiqi üçün kifayət qədər mötəbər hesab etmir. Ona görə ki, iş matreiallarına cavabdehin özünün, bacısı oğlunun və ona yaxın şəxslərin bu məsələ ilə bağlı cavabdehin xeyrinə verdiyi izahatlarının doğruluğunu dəstəkləyəcək hər hansı sübut əlavə edilməmişdir. Eyni zamanda, cavabdeh ilk öncə mübahisə predmeti olan evin dəyərini özünə məxsus evin plana düşməsi nəticəsində ödənilmiş vəsait hesabına ödədiyini bildirmiş, sonradan izahatını dəyişərək, evinin pulu bacısı oğlunda olduğu üçün ona borclu olduğunu, buna görə də, evin dəyərini iddiaçının qardaşına onun ödədiyini bildirmişdir. Göründüyü kimi, iddiaçının izahatları ziddiyyətlidir, buna görə də, məhkəmə tərəfindən inandırıcı hesab edilə bilməz. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Kollegiya, İddiaçı2 apelyasiya şikayətinin dəlillərini də əsaslı hesab etmir. Ona görə ki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar və iddia ərizəsində işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir. Hazırki halda isə iddia tələbində Cavabdeh ailə üzvləri qeyd edilməklə cavabdehlərin dairəsi dəqiq müəyyən edilməmiş, qeyrimüəyyən şəxslərin evdən çıxarılması qeyd edilmişdir ki, bu halda həmin hissədə iddia tələbinin təmin edilməsi mümkün deyil. Eyni zamanda, nəzərə alınmalıdır ki, işə birinci instansiya məhkəməsində baxılarkən iddiaçının qeyd olunan məsələ ilə bağlı iddia ərizəsinin dəqiqləşdirilməsi üçün vaxt verilməsi barədə vəsatəti əsasında məhkəmə iclası təxirə salınmış, buna baxmayaraq, iddiaçı tərəfindən məhkəməyə hər hansı dəqiqləşdirmə ərizəsi təqdim olunmamışdır. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı rədd etməklə işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı2 və Cavabdeh apelyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2360/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar