Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3078/2022 04.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Maraqlı şəxs Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsinin rəisi X2 iştirakı ilə Ərizəçi 6 saylı Bakı “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi “hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması” barədə ərizəsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8670/2021 saylı, 21 dekabr 2021-ci il tarixli qətnaməsindən maraqlı şəxs Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Ərizəçi 6 saylı Bakı “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi “hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına dair” ərizə ilə məhkəməyə müraciət edərək oğlu, 09.02.1992-ci ildə Bakı şəhərində anadan olmuş və Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 7A, mənzil 25-də qeydiyyatda olmuş X5 06.11.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, oğlu X6 qəflətən 06.11.2021-ci il tarixdə saat 13:10 radələrində müvəqqəti yaşadığı Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov 137, mənzil 412-də vəfat etmişdir. X9a mərhum oğlunun adına 4 dəfə çağırış edilmiş, lakin 13:50 radələrində həkim gələnə qədər oğlu vəfat etmişdir. Bakı şəhəri Xətai rayonu 38 saylı Şəhər Poliklinikasına oğlunun ölümü haqqında tibbi şəhatdətnamə verilməsi üçün müraciət etmiş, lakin X9 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsində oğlunun ölümünün səbəbi qeyd olunmadığına görə poliklinika ölüm haqqında tibbi şəhadətnamə verilməsindən imtina etmişdir. Bundan sonra 6 saylı Bakı “Asan Xidmət” X3 müraciət etmiş, şöbə tibbi şəhadətnamə olmadığı üçün ölüm haqqında şəhadətnamə verməkdən imtina etmiş və məhkəməyə müraciət etməyi bildirmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8670/2021 saylı, 21 dekabr 2021-ci il tarixli qətnaməsi ilə ərizənin təmin edilməsi, 09.02.1992-ci ildə Bakı şəhərində anadan olmuş və Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 7A, mənzil 25-də qeydiyyatda olmuş X5 06.11.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi qət edilmiş, həmçinin göstərilmişdir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunan qətnamədən maraqlı şəxs Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsi apellyasiya şikayəti verərək qətnamənin ərizənin təmin olunmuş hissəsində dəyişdirilərək, işdə olan sənədlər əsasında, şəxsin ölüm faktı ilə yanaşı, onun ölüm səbəbinin müəyyənləşdirilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsi birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tərəf kimi işə cəlb edilməmişdir. həmçinin qətnamədə şəxsin ölüm səbəbi qeyd olunmadığından, ölümün qeydə alınması, eləcə də ölüm haqqında şəhadətnamənin verilməsi qeyri-mümkün olduğundan qətnamə icra oluna bilməmişdir. Bu səbəbdəndə də qətnaməyə izah verilməsi xahiş edilmiş, lakin ərizə təmin edilməmişdir. Göründüyü kimi ölümün qeydə alınması üçün şəxsin ölüm səbəbi göstərilmədikdə, onun qeydə alınması mümkün deyildir. İşə baxan məhkəmə işin bütün hallarını araşdırmamış, icra olunması mümkün olmayan qətnamə qəbul edərək, onun icra olunmasını məhz işə maraqlı şəxs qismində cəlb olunmamış Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsinin üzərinə qoymuşdur. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsinin rəisi X4 apellyasiya şikayətlərinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, birinci instansiya məhkəməsi işə baxarkən Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsini maraqlı şəxs kimi işə cəlb etməmiş, qəbul etdiyi qətnaməni isə icra olunması üçün həmin şöbəyə göndərmişdir. Digər tərəfdən qətnamədə ölüm səbəbi göstərilmədiyindən qətnamənin icrası qeyri-mümkün olmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış, ərizəçi və maraqlı şəxs 6 saylı Bakı “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasında gəlməmişlər, 6 saylı Bakı “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsiməhkəməyə ərizə göndərərək, işlərinin çoxluğu ilə ilə işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işə onların iştirak olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan XVİ-JQ seriyalı, 480744 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 09.02.1992-ci ildə Bakı şəhərində anadan olmuş X5 anası qrafasında Ərizəçi qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Təcili və X1 Statistika şöbəsinin 10.11.20201-ci il tarixli, 6/349 saylı cavab məktubundan göründüyü kimi, 06.11.2021-ci il tarixdə saat 13:31 radələrində X5 adına X9 stansiyasına çağırış verilmiş, xəstənin yanına həkim briqadası gedəndə evdə kişi cinsli meyid aşkar olunmuşdur. İş materiallarında olan 6 saylı Bakı “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinin 15.11.2021-ci il tarixli, 05/Q-443/15 saylı məktubundan görünür ki, Ərizəçi oğlu X5 ölümünün qeydiyyata alınması barədə müraciət etmiş, ölüm haqqında tibbi şəhadətnamənin olmamasına görə ərizənin təmin edilməsinin mümkün olmaması və bu məsələ ilə əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Birinci instansiya məhkəməsi işdə olan sübutlara istinad edərək Ərizəçi oğlu X5 09.02.1992-ci ildə Bakı şəhərində ölməsi faktının sübuta yetirildiyindən hesab etmişdir ki, ərizə təmin edilməlidir. Məhkəmə kollegiyası birinci isntansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, prosessual qanunvericilik hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinin xüsusi prosessual qaydasını - “Xüsusi icraat” qaydasını müəyyən etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə uyğun olaraq məhkəmə xüsusi icraat qaydasında, həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır (maddə 305.1). Məcəllənin 307.2-ci maddəsi xüsusi icraat qaydasında müəyyən edilməli olan faktların konkret siyahısını əks etdirir və 307.2.8.-ci maddəsinə əsasən məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. MPM-in 308-ci maddəsi isə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtləri müəyyənləşdirir. Həmin maddəyə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, prosessual qanunvericiliyin müddəalarında xüsusi icraat qaydasında baxılan işlərin dairəsi müəyyən olunmuşdur. Mülki prosessual qanunvericilik xüsusi icraat qaydasında baxılan işlərin bir növü kimi hüquqi əhəmiyyətli faktların müəyyən edilməsini nəzərdə tutur. Eyni zamanda ərizəçinin hüquqi faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsi, yaxud itirilmiş sənədlərin bərpasının mümkün olması bu işlərə məhkəmədə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Ərizəçi hazırki ərizəsində 09.02.1992-ci ildə Bakı şəhərində anadan olmuş və Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 7A, mənzil 25-də qeydiyyatda olmuş X5 06.11.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin mahiyyəti ondan ibarət olmuşdur ki, Bakı şəhəri Xətai rayonu 38 saylı Şəhər Poliklinikasına oğlunun ölümü haqqında tibbi şəhatdətnamə verilməsi üçün müraciət etmiş, lakin X9 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsində oğlunun ölümünün səbəbi qeyd olunmadığına görə poliklinika ölüm haqqında tibbi şəhadətnamə verilməsindən imtina etmişdir. Bundan sonra 6 saylı Bakı “Asan Xidmət” X3 müraciət etmiş, şöbə tibbi şəhadətnamə olmadığı üçün ölüm haqqında şəhadətnamə verməkdən imtina etmiş və məhkəməyə müraciət etməyi bildirmişdir. Göründüyü kimi hazırki iş üzrə Bakı şəhəri Təcili və X1 Statistika şöbəsinin 10.11.20201-ci il tarixli, 6/349 saylı cavab məktubu ilə X5 adına çağırışı olmuş, həkim ünvanda kişi cinsli meyid aşkar etmiş, bundan sonra ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, istinad edilən qərara əsasən ölüm faktının müəyyən edilməsi üçün ölüm haqqında həkim arayışının olması göstərilmişdir, bu barədə həkim şəhadətnaməi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilə bilərdi ki, hazırki iş üzrə də 06.11.2021-ci il tarixdə saat 13:31 radələrində X5 adına X9 stansiyasına çağırış verilməsi, xəstənin yanına həkim briqadası gedəndə evdə kişi cinsli meyid aşkar olunması Bakı şəhəri Təcili və X1 Statistika şöbəsinin 10.11.20201-ci il tarixli, 6/349 saylı cavab məktubu ilə təsdiq edilir. Bununla belə ərizəçi 09.02.1992-ci ildə Bakı şəhərində anadan olmuş və Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 7A, mənzil 25-də qeydiyyatda olmuş X5 06.11.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, birinci instansiya məhkəməsi də işə mahiyyəti üzrə baxaraq ərizənin təmin olunması barədə qətnamə çıxarmışdır. Məhkəmə kollegiyası hesab edir ki, ərizəçi öz ərizəsində müəyyən olunmasını xahiş etdiyi faktı təsdiq edən rəsmi sənədi əlavə etdiyindən həmin ərizəyə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi üzrə xüsusi icraat qaydasında məhkəmədə baxıla bilməz. MPM-in 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1 - 259.0.5-ci və 259.0.8 - 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Qeyd olunanlara əsasən işin icraatına xitam verilməklə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası, həmçinin MPM-in 262.3-cü maddəsinə əsasən izah edir ki, ərizəçi əldə etmək istədiyi hüquqi nəticələrlə bağlı müvafiq sənədlərlə ölüm haqqında şəhadətnamənin verilməsini həyata keçirən orqana müraciət edə, həmin müraciət əsasında qəbul edilmiş qərar (verilmiş cavab) onu qane etmədiyi halda həmin orqanın hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə şikayət verə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 263, 264, 384 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Maraqlı şəxs Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8670/2021 saylı, 21 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. Ərizəçi 6 saylı Bakı “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi “09.02.1992-ci ildə Bakı şəhərində anadan olmuş və Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 7A, mənzil 25-də qeydiyyatda olmuş X5 06.11.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi” barədə ərizəsinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-3078/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3078/2022
04.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver