Məhkəmə qərarları › İş №2(103)-308/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-308/2020

16.06.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-308/2020 16.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X2 və X4 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı, apellyasiya icraatı zamanı cavabdeh qismində prosesə cəlb olunmuş Cavabdeh5 MMC-nin nümayəndəsi və vəkili X5 iştirakları ilə İddiaçı Cavabdeh4-yə və “İnter-Servis” firmasına qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması, maddi və mənəvi ziyanın ödənilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh4-nin nümayəndəsi (baş direktoru) tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxx” MMC-yə, Cavabdeh1-yə, “Exselsior Hotel və SPA Baku” mehmanxanasına və Cavabdeh3 qarşı iddia ərizəsi, sonradan isə sadəcə Cavabdeh4-ni və “İnter-Servis” firmasını cavabdeh qismində göstərdiyi iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan torpaq sahəsinin “İnter-Servis” firması və Cavabdeh4 tərəfindən zəbt olunmuş 1 sot hissəsinin boşaldılaraq ona qaytarılması, qanunsuz istifadə nəticəsində ona vurulmuş 300 000 (üç yüz min) manat maddi ziyanın, mənəvi ziyanın əvəzi kimi 10 000 (on min) manatın və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını, habelə cavabdeh şəxslər barəsində xüsusi qərardad çıxarılaraq aidiyyətı orqanlara məlumat verilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 370 saylı xx.xx.2000-ci il tarixli sərəncamı ilə Qarabağ müharibəsi əlili X3 ünvan 1ndə fərdi ev tikintisi üçün 0,06 ha torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsində X6 tərəfindən fərdi yaşayış evi inşa edilmiş və alqı-satqı müqaviləsi əsasında onun mülkiyyətinə keçmiş, Bakı şəhər İcra hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən onun adına FM seriyalı 024734 nömrəli, xx.xx.2003-cü il tarixli Qeydiyyat Vəsiqəsi verilmişdir. Həmin dövrdə fərdi yaşayış evinin yerləşdiyi 0,06 ha torpaq sahəsi onun istifadəsinə keçmiş, lakin torpaq sahəsinin sənədləşdirilməsi tam başa çatmadığından adına rəsmiləşdirə bilməmişdir. Torpaq sahəsinin bir sota yaxın hissəsi cavabdehlər tərəfindən zəbt olunduğundan sənədləşdirilmə işlərində də çətinliklər yaranmışdır. Torpaq sahəsinin özəlləşdirilməsi başa çatdıqdan sonra həmin torpaq sahəsi tam mülkiyyət hüququ ilə onun mülkiyyətinə keçmiş və torpaq sahəsinə dair adına DƏDRX tərəfindən RX seriyalı, ******* nömrəli xx.xx.2018-ci il tarixli çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Hazırda mülkiyyətində olan torpaq sahəsinin təxminən bir sota yaxın hissəsi 15 ilə yaxın müddətdir ki, cavabdehlər tərəfindən zəbt edilərək həmin sahədən kafe-çay evi kimi istifadə olunaraq gəlir əldə edilir. Mülkiyyətində olan torpaq sahəsinin boşaldılmasını dəfələrlə tələb etsə də həmin sahədən istifadə edənlər sahəni haqqı ödənilməklə icarə müqaviləsi əsasında icarəyə götürdüklərini bildirmişlər. Mülkiyyətində olan torpaq sahəsinin zəbt olunmuş bir sota yaxın hissəsi hazırda cavabdehlər tərəfindən istifadə olunur, nəticədə ona orta hesabla hər il 20 000 (iyirmi min) manat məbləğində maddi ziyan dəyir. Torpaq sahəsinin 2003-cü ildən zəbt olunduğu nəzərə alınsa ona dəyən maddi ziyan hazırki dövrədək 300 000 (üç yüz min) manat təşkil edir. Cavabdehlərin ötən müddət ərzində etdiyi özbaşınalıq nəticəsində mənəvi və psixoloji sarsıntıya məruz qalmışdır və keçirdiyi mənəvi ziyanın dəyəri 10 000 (on min) manat həcmindədir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (birinci instansiya məhkəməsi) xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbləri qismən təmin edilmiş, Cavabdeh4 tərəfindən 0,1429 hektar torpaq sahəsinin zəbt olunmuş 74,79 kv.metr hissəsinin boşaldılaraq X1 qaytarılması, iddia tələblərinin qalan hissədə rədd edilməsi, iddianın qaldırılması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh4dən İddiaçı xeyrinə, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olaraq 100 (yüz) və 60 (altmış) manat, ümumilikdə isə 160 (yüz altmış) manatın isə Cavabdeh4-dən dövlət nəfinə tutulması qət olunmuşdur. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun dəyişdirilməsini və iddia tələblərinin tam təmin edilməsini; Cavabdeh4-nin nümayəndəsi (baş direktoru) apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla göstərmişdir ki, birinci instansiya məhkəməsi mülkiyyətində olan torpaq sahəsinin 74,79 kv.metr hissəsinin “İnterservis” firmasının adına olan 0,1429 hektar sahəsi ilə üst-üstə düşdüyünü müəyyən etmişdir və bu o deməkdir ki, mülkiyyətində olan torpaq sahəsinin bir hissəsinin cavabdehlər tərəfindən zəbt olunması faktı mövcuddur. Mülkiyyətində olan torpaq sahəsinin 18,53 kv.metr hissəsi “İnterservis” firmasının adına olan 0,1429 hektar sahəsi ilə üst-üstə düşməsə də, həmin hissədən də faktiki olaraq cavabdeh istifadə edir. Ümumilikdə mülkiyyətində olan torpaq sahəsinin 93,32 kv. metrindən 2003-cü ildən bu günədək cavabdeh istifadə edirərək gəlir əldə edir. Bununla belə birinci instansiya məhkəməsi, bu zəbt halının onların birbaşa niyyətləri əsasında deyil, dövlət orqanlarının səhvi nəticəsində baş verməsi qənaətinə gəlmiş, 300000 manat maddi ziyanın tutulması hissəsində qətnaməsini əsaslandıra bilməmişdir. Həmin hissədə məhkəmənin gəldiyi nəticə əsassızdır. Belə ki, cavabdehlərlə aralarında uzun müddətdir ki, məhkəmə mübahisələri gedir. Cavabdehlər sözügedən torpaq sahəsinin onun mülkiyyətində olmasını bilsələr də, torpaq sahəsindən gəlir əldə etdikləri üçün sahəni qaytarmaq istəməmişlər. Ona dəymiş maddi ziyanın həcmini müəyyən etmək üçün vəsatət təqdim edərək cavabdeh tərəfindən faktiki istifadə olunan torpaq sahəsinin icarə dəyərinin müəyyən edilməsi üçün müvafiq ekspertiza keçirilməsini istəmiş, lakin vəsatətinə münasibət bildirilməmişdir. Birinci instansiya məhkəməsi mənəvi ziyan hissəsində də iddia tələbini təmin etməməkdə haqlı olmamış, hesab etmişdir ki, o (iddiaçı) əsəb gərginliyi, psixoloji sarsıntı keçirdiyini, bunun nədə ifadə olunmasını, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini sübut edə bilməmişdir. Halbuki, ötən müddət ərzində cavabdehlərin etdiyi özbaşınalıqlar nəticəsində çoxsaylı məhkəmə mübahisələrində iştirak etməklə iddia ərizələri, apellyasiya və kassasiya şikayətləri üçün dövlət rüsumları, hüquqi xidmətlərə görə xeyli vəsait xərcləmiş, məhkəmə iclaslarında mənəvi-psixoloji sarsıntıya məruz qalmışdır. İş üzrə keçirilmiş ekspertizalar nəticəsində cavabdehlər tərəfindən ona əmlak zərərinin vurulması öz təsdiqini tapmış, cavabdehlərin 2003-cü ildən ona məxsus əmlakın 93,32 kv.metr hissəsindən kafe-çay evi kimi istifadə edərək gəlir əldə etdikləri, onun isə əsassız olaraq əmlakından və oradan əldə edə biləcəyi bəhərdən məhrum olduğu müəyyən edilmişdir. Bütün bunların nəticəsində də ona həmçinin mənəvi zərər vurulmuşdur. Göründüyü kimi birinci instansiya məhkəməsi işə baxarkən maddi prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, tədqiq olunmuş məhkəmə qətnamələrinə düzgün hüquqi qiymət verməmiş, iddia tələbinin maddi və mənəvi zərərin ödənilməsi hissəsinin təmin olunmamasında haqlı olmamışdır. Cavabdeh4-nin apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi mübahisəli torpaq sahəsinin cavabdehin qanuni icarəsində olduğunu və həmin torpağın mülkiyyətçi (Bakı şəhəri İcra hakimiyyəti) tərəfindən uzunmüddətli icarə hüququ əsasında ayrıldığını, bundan başqa icarə hüquqlarının xx.xx.2008-ci il tarixdə ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığını bildiyi halda, həmin torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsi barədə yanlış nəticəyə gəlmiş və həmin torpağın boşaldılaraq iddiaçıya verilməsini əsaslı hesab etmişdir. Cavabdehin torpaq üzərində icarə hüquqlarının qeydiyyatı iddiaçının həmin torpağa mülkiyyət hüquqlarının qeydiyyatından 10 il əvvəl baş verməsinə baxmayaraq, məhkəmə bu məsələyə heç bir əhəmiyyət verilməmiş, əvəzində isə iddiaçının mübahisəli torpaq üzərində əldə etdiyi mülkiyyət hüquqlarını ön plana çəkərək onun iddia tələbinin əsaslı olduğu bildirmişdir. Cavabdehin torpağa icarə hüquqları ola-ola, icarə haqqı ödəyərək torpaqda qanuni əsaslarla sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq işçilərə əmək haqqı, dövlət büdcəsinə isə vergilər ödədiyi bir halda, birinci instansiya məhkəməsi cavabdehin torpağı qanunsuz olaraq zəbt etdiyini təsdiq etmiş, Mülki Məcəllənin 157.2-ci maddəsinə istinad edərək bildirmişdir ki, həmin maddəyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Daha sonra isə həmin maddənin məzmununu açaraq bildirmişdir ki, qeyd olunan maddədə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1. İddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2. İddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir; 3. Cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 157.2-ci maddəsinə istinad edərək yalnız qanunsuz sahiblikdə olan əşyanın geri tələb edilməli olmasını bildirmiş, lakin normanın bu tələbinin cavabdehə aid olmadığını bilə-bilə onun icarə əsasında topağa sahibliyinə qanunsuz sahiblik kimi yanaşaraq torpağın zəbt edildiyi ilə razılaşmışdır. Halbuki, birinci instansiya məhkəməsi cavabdehin torpaqdan qanunsuz və özbaşına istifadə etmədiyini, həmin torpağın onda hansı əsaslarla olmasına hüquqi qiymət verməli idi. Birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 57.1-ci maddəsinə müvafiq olaraq öz təşəbbüsü ilə mübahisəli torpaq sahəsini cavabdehə ayırmış olan Bakı şəhəri icra hakimiyyətini, həmçinin torpağa icarə hüquqlarını qeydə alan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini 3-cü şəxs kimi işə cəlb edərək məsələnin tam, hərtərəfli və obyektiv araşdırılmasına nail olmağa çalışmalı olduğu halda, bunu etməmiş, sübut edilməli olan halları işdə olan məlumatlar əsasında birtərəfli qaydada araşdırmaqla kifayətlənmiş, bütün bunlar isə iş üzrə qeyri-obyektiv məhkəmə qərarının çıxarılması ilə nəticələnmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin olunmasını xahiş etmişdir. Cavabdeh4-nin əvvəlki məhkəmə iclaslarında iştirak edən nümayəndəsi Sübhi Mustafayev təmsil etdiyi şəxsin apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətinin təmin olunmasını, qarşı tərəfin (iddiaçının) apellyasiya şikayətinin isə təmin olunmamasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, “İnterservis” şirkətinin və ya onun hüquqi varisi Cavabdeh4-nin mübahisəli torpaq sahəsi üzərində icarə hüquqları qanuni (əsaslı) olduğu üçün ona qarşı irəli sürülən tələblər qanunsuz və əsassız hesab edilərək rədd edilməlidir. Belə ki, Bakı şəhər İcra hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 267 saylı Sərəncamı ilə “İnterservis” firmasına (sonrakı “xxxxxxxxxxxxxxxxxx” MMC) Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 1902-ci məhəllədə 0,1429 ha torpaq sahəsi ayrılmış, bununla bağlı Bakı şəhər İcra Hakimiyyəti ilə “İnterservis” firması arasında xx.xx.2007-ci tarixli 0804 nömrəli 49 illik torpaq icarə müqaviləsi bağlanmış, həmin icarə münasibətləri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində dövlət torpaq kadastr kitabında xx.xx.2007-ci il tarixdə 3850 nömrə ilə qeydə alınmış, torpaq üzərində icarə hüquqları daşınmaz əmlakın dövlət reyestrində Daşınmaz əmlakın dövlət reyestr xidməti tərəfindən xx.xx.2008-ci il tarixdə ********** nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Yəni, torpaq sahəsi qanuni əsaslarla dövlətdən icarəyə götürülmüş və səlahiyyətli dövlət orqanları bu barədə rəsmi təsdiqedici sənədlər vermişlər. Bütün bunları bilə-bilə cavabdehin həmin torpağı özbaşına zəbt etməsi qənaətinə gəlmək və iddiaçıya zərər vurmasını iddia etmək əsassızdır. Bu tələb qanuni sahibkarlıq fəaliyyəti göstərən, vaxtı-vaxtında dövlətə vergilər ödəyən bir sahibkarlıq fəaliyyəti subyektinin mülkiyyət hüquqlarının, qanuni mənafelərinin əhəmiyyətli şəkildə pozulması, ondan əsassız şəkildə əmlakın (zərərə görə pul tələbi və s.) tələb edilməsidir. Bundan başqa, Mülki Məcəllənin 158.3-cü və 243.2-ci maddələri və “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin 2-ci hissəsi baxımından torpaq sahəsinə mülkiyyət hüququnun iddiaçıya keçməsi icarəçinin həmin torpağı boşaldaraq oradan çıxarılması üçün əsas ola bilməz. İddiaçı öz apellyasiya şikayətində heç bir sübuta əsaslanmadan subyektiv mülahizələr əsasında mülkiyyətində olan torpaq sahəsinin 18,53 kv.m hissəsinin “İnterservis” şirkətinin icarəsində olan 0,1429 ha torpaq sahəsi ilə üst-üstə düşməsə də, həmin hissədən də 2003-cü ildən bu günədək cavabdehin istifadə etdiyini və ümumilikdə ona məxsus 93,32 kv.m torpaq sahəsindən istifadə edilərək gəlir götürüldüyünü bildirmiş, həmçinin cavabdehin 93,32 kv.m olan torpağın onun mülkiyyətində olmasını bildiyi halda, həmin torpağı geri qaytarmaq istəmədiyini göstərmişdir. Halbuki, iddiaçının bu mülahizəsi heç bir sübuta əsaslanmır və doğru deyildir. Bundan başqa, cavabdehin 2003-cü ildən iddiaçıya məxsus 93,32 kv.m torpaq sahəsindən istifadə edərək gəlir götürməsi də absurtdur. Çünki cavabdehə torpaq sahəsi 2005-ci ildə ayrılmış, həmin tarixdə orada inşaat-tikinti işləri, mehmanxana və əmlak kompleksinə daxil olan digər daşınmaz əmlak obyektlərinin tikintisinin həyata keçirilməsinə başlanmışdır. Yəni həmin vaxt kompleks (onun tərkib hissələri) istifadəyə verilmədiyi üçün orada heç bir gəlir gətirən çayxana və s. bu kimi fəaliyyət növlərinin həyata keçirilməsi imkanı olmamışdır. Sözügedən torpaq sahəsinin onun (iddiaçının) mülkiyyətində olduğunu bildikləri halda, gəlir götürdükləri üçün torpağı geri qaytarmaq istəmədikləri barədə iddiaçının bildirdikləri də əsassızdır. Çünki torpaq sahəsi qanuni əsaslarla cavabdehin icarəsindədir, həmin torpaq sahəsinin boşaldaraq iddiaçıya qaytarılması barədə birinci instansiya məhkəməsinin qətnaməsi isə hələ qüvvəyə minməmişdir. Belə olan təqdirdə cavabdeh hansı səbəbdən iddiaçının quru sözü ilə həmin torpaqda fəaliyyətini dayandıraraq onu qaytarmalı idi?! İddiaçı, mənəvi zərərin vurulması tələbini cavabdehin etdiyi özbaşınalıqlar nəticəsində çoxsaylı məhkəmə mübahisələrində iştirak etməklə iddia ərizələri, apellyasiya və kassasiya şikauətləri üçün dövlət rüsumları, hüquqi xidmətlərə görə xeyli vəsait xərcləmiş olması ilə əsaslandırsa da, əksinə cavabdeh heç bir özbaşınalıq hərəkətlərinə yol verməmiş, öz əmlak hüquqlarının qanuni əsaslarla qorunması məqsədilə özü tərəfindən deyil, məhz iddiaçının iddiası əsasında başlanan məhkəmə proseslərinə cəlb edilmiş, hüquqlarını və qanuni mənafelərini müdafiə etmək məcburiyyətində qalmışdır. İddiaçı isə, cavabdehin bu hüquqa uyğun davranışlarına “özbaşınalıq” adı verərək buna görə vurulmuş mənəvi zərərin ödənilməsini tələb edir. Apellyasiya icraatı zamanı “xxxxxxxxxx” MMC-nin istinad etdiyi icarə müqaviləsinin Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli Sərəncamı əsasında ləğv olunaraq müvafiq müqavilənin Cavabdeh5 MMC ilə bağlandığı v mübahisəsi gedən sahənin sonuncunun icarəsinə verildiyi müəyyən edildiyindən, adı çəkilən hüquqi şəxs də iddiaçının razılığı əsasında cavabdeh qismində prosesə cəlb olunmuş, onun məhkəmə iclaslarında iştirak edən nümayəndəsi (vəkili) isə Cavabdeh4-nin nümayəndəsinin izahatına bənzər məzmunda izahat verməklə həmin MMC-nin apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyib, аpеllyаsiyа şikаyətlərinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki,şikayətlər təmin olunmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır(Cavabdeh5 MMC-nin cavabdeh qismində cəlb olunduğu və hazırkı qətnamənin ona münasibətdə də preyudisial əhəmiyyət kəsb etdiyi nəzərə alınmaqla). Belə ki, işin müəyyən edilmiş hallarına görə, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 370 saylı xx.xx.2000-ci il tarixli sərəncamı ilə Qarabağ müharibəsi əlili X3 ünvan 1ndə fərdi ev tikintisi üçün 0,06 ha torpaq sahəsi ayrılmış, həmin sərəncamın əsasında DTXK-nın Bakı şəhər şöbəsi tərəfindən onun adına xx.xx.2003-cü il tarixli JN-8477H saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə verilmiş və qeyd edilən ünvandakı 0,054 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ tanınmışdır. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunan hallarına görə, sözügedən torpaq sahəsində Araz Hüseynov tərəfindən fərdi yaşayış evi inşa edilmiş və Bakı şəhəri 19 saylı dövlət notariat kontorunda bağlanmış xx.xx.2003-cü il tarixli 209474 nömrəli müqaviləyə əsasən, ünvan 1 1-ci döngə ünvanında 506 kv.m torpaq sahəsində yerləşən iki otaqlı, 45,90 kv.m yaşayış sahəsi olan 5 saylı həmin fərdi yaşayış evi Araz Hüseynov tərəfindən Eynalova (Quattrocchı) Salatın Məmməd qızına 318 500 000 manata (köhnə manat) satılmış, sonuncunun fərdi yaşayış evi üzərindəki mülkiyyət hüququ xx.xx.2003-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla ona müvafiq çıxarış (qeydiyyat vəsiqəsi) verilmişdir; həmin dövrdə fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi də İddiaçınin istifadəsinə keçmiş, lakin torpaq sahəsinin sənədləşdirilməsi tam başa çatmadığından adına rəsmiləşdirə bilməmişdir. İşin müəyyən olunan digər halına görə, Araz Hüseynov Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsinə qarşı “Bakı şəhər İcra Hakimiyyəti başçısının 370 saylı xx.xx.2000-ci il tarixli sərəncamına əsasən və 03/52 saylı 2003-cü il tarixli Ayrıc aktına uyğun olaraq fərdi ev tikmək üçün ayrılmış ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh quruma həvalə edilməsi” tələblərinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin xx xxxx 2018-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. İş materiallarından aydın olur ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarı xx xxx 2018-ci tarixdə qanuni qüvvəsini alaraq icra olunması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsinə göndərilmiş, qərar icra olunaraq ünvan 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi xx.xx.2018-ci il tarixdə Araz Hüseynovun adına dövlət reyestrində qeydiyyatdan keçmiş, bundan sonra isə X8 Quattrocchı arasında Bakı şəhəri 03 saylı notariat kontorunda xx.xx.2018-ci il tarixli ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır; həmin müqaviləyə əsasən, Araz Hüseynov tam mülkiyyət hüququ üzrə özünə məxsus ünvan 1ndə yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsini 50 000 manata İddiaçıyə satmış, sonuncunun torpaq sahəsi üzərindəki mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq ona RX seriyalı, ******* nömrəli xx.xx.2018-ci il tarixli çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. İddiaçı bundan sonra və məhz qeyd edilən sənədlərə əsaslanmaqla ünvan 1ndə yerləşən və özünə məxsus ümumi sahəsi 0,06 ha olan torpaq sahəsinin 0,01 ha hissəsinin zəbt olunduğunu və həmin hissədən cavabdehlər tərəfindən kafe-çay evi kimi istifadə olunaraq gəlir əldə edildiyini iddia etməklə hazırkı apellyasiya baxışının predmeti olan tələbləri irəli sürmüş, iddia tələblərinin qanuni əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu, Torpaq Məcəlləsinin 111-ci, habelə Mülki Məcəllənin 157-ci maddəsinə istinad etmişdir. İş üzrə əldə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətinin xx.xx.2018-ci il tarixli mütəxəssis rəyindən görünür ki, mütəxəssis qarşısında qoyulmuş sualları cavablandırmaq məqsədilə mübahisələndirilən əraziyə yerli baxış keçirmiş, çöl tədqiqat işlərinin nəticəsi olaraq mübahisələndirilən torpaq sahəsinin koordinatları (X- 404148.3; Y-4471790.7) naturada müəyyən edilərək təqdim edilmiş mülki iş materiallarına və elektron baza məlumatlarına əsasən araşdırılmış, nəticədə aşağıda göstərilənlər müəyyən edilmişdir: “1. Mülki iş materiallarına əlavə edilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən (Torpaq sahəsinin planı və ölçüsü, reyestr nömrəsi **********77) çıxarışla İddiaçı xüsusi mülkiyyətinə rəsmiləşdirilmiş ünvan 1ndə yerləşən ümumi sahəsi 0,06 hektar olan torpaq sahəsinin (koordinatlarına əsasən) ölçüləri müəyyən edildi və rəyə əlavə edilmiş sxemdə öz əksini tapmışdır; 2. Elektron baza məlumatlarına və mülki iş materiallarına əlavə edilmiş ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edillən A 021630 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən “İnterservis” firmasının adına olan 0,1429 hektar torpaq sahəsinin öçüləri müəyyən edildi və rəyə əlavə edilmiş sxemdə öz əksini tapmışdır; 3. Elektron baza məlumatlarına əsasən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən (Torpaq sahəsinin planı və ölçüsü, reyestr nömrəsi **********77) çıxarışla İddiaçı xüsusi mülkiyyətinə rəsmiləşdirilmiş Bakı şəhəri, Nərimanov rayonu, M. Nağıyev küçəsində yerləşən 0,06 hektar torpaq sahəsinin koordinatları, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edillən A 021630 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən “İnterservis” firmasının adına olan 0,1429 hektar torpaq sahəsi ilə üst-üstə düşür və rəyə əlavə edilmiş sxemdə öz əksini tapmışdır; 4. Elektron baza məlumatlarına əsasən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən (Torpaq sahəsinin planı və ölçüsü, reyestr nömrəsi **********77) çıxarışla İddiaçı xüsusi mülkiyyətinə rəsmiləşdirilmiş ünvan 1ndə yerləşən 0,06 hektar torpaq sahəsinin koordinatları, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edillən A 021630 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən “İnterservis” firmasının adına olan 0,1429 hektar torpaq sahəsi ilə 74,79 kv.metr hissədə üst-üstə düşür və rəyə əlavə edilmiş sxemdə öz əksini tapmışdır; 5. Elektron baza məlumatlarına əsasən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən (Torpaq sahəsinin planı və ölçüsü, reyestr nömrəsi **********77) çıxarışla İddiaçı xüsusi mülkiyyətinə rəsmiləşdirilmiş 0,06 hektar torpaq sahəsinin koordinatları, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edillən A021630 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən “İnterservis” firmasının adına olan 0,1429 hektar torpaq sahəsi ilə 74,79 kv.metr hissədə üst-üstə düşür. Elektron baza məlumatlarına əsasən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən (Torpaq sahəsinin planı və ölçüsü, reyestr nömrəsi **********77) çıxarışla İddiaçı xüsusi mülkiyyətinə rəsmiləşdirilmiş 0,06 hektar torpaq sahəsinin 18,53 kv.metr hissəsi iddiaçının faktiki istifadəsində olan torpaq sahəsindən kənarda yerləşir və sözügedən torpaq sahəsinin kimin iştifadəsində olmasını müəyyən etmək mümkün olmamışdır; 6. Elektron baza məlumatlarına əsasən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən (Torpaq sahəsinin planı və ölçüsü, reyestr nömrəsi **********77) çıxarışla İddiaçı xüsusi mülkiyyətinə 0,06 hektar torpaq sahəsinin rəsmiləşdirilməsi səbəbindən, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edillən JN-8477H nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də isə 540 kv.metr torpaq sahəsi göstərilməsi səbəbindən sözügedən torpaq sahələrinin ölçüləri eynilik təşkil etmir; 7. Elektron baza məlumatlarına əsasən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən (Torpaq sahəsinin planı və ölçüsü, reyestr nömrəsi **********77) çıxarışla İddiaçı xüsusi mülkiyyətinə rəsmiləşdirilmiş ünvan 1ndə yerləşən 0,06 hektar torpaq sahəsinin koordinatları, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edillən A021630 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən “İnterservis” firmasının adına olan 0,1429 hektar torpaq sahəsi ilə 74,79 kv.metr hissədə üst-üstə düşür“. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tikinti-texniki ekspertizası da təyin etmiş, ekspertin xx.xx.2019-cu il tarixli 27712 nömrəli rəyində də eyni xüsusatlar göstərilmiş və məhkəmə, müvafiq nəticəyə gələrkən sözügedən mütəxəssis rəyinə, həmçinin ekspert rəyinə əsaslanmışdır. Apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, iddiaçının zəbt olunduğunu irəli sürdüyü torpaq sahəsi “xxxxxxxxxx” MMC-nin icarəsinə verilmiş torpaq sahəsinin daxilində yerləşir; belə ki, Bakı şəhər İcra hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 267 saylı Sərəncamı ilə “İnterservis” firmasına (sonrakı “xxxxxxxxxxxxxxxxxx” MMC) Bakı şəhəri, Nərimanov rayonu, H. Əliyev prospekti 1092-ci məhəllədə 0,1429 ha torpaq sahəsi ayrılmış, bununla bağlı Bakı şəhər İcra Hakimiyyəti ilə “İnterservis” firması arasında xx.xx.2007-ci il tarixli 0804 nömrəli 49 illik torpaq icarə müqaviləsi bağlanmış, həmin icarə münasibətləri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində dövlət torpaq kadastrı kitabında xx.xx.2007-ci il tarixdə 3850 nömrə ilə qeydə alınmış, torpaq üzərində icarə hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərfindən xx.xx.2008-ci il tarixdə ********** nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Apellyasiya baxışı zamanı həmçinin müəyyən olunmuşdur ki, Araz Hüseynov hələ xx.xx.2018-ci il tarixli çıxarışı almamışdan əvvəl, başqa sözlə Bakı şəhər İcra Hakimiyyəti Başçısının 370 saylı xx.xx.2000-ci il tarixli sərəncamı ilə ona fərdi ev tikintisi üçün ayrılmış ünvan 1ndəki 0,06 ha torpaq sahəsinin yalnızca 0,054 ha hissəsi üzərində mülkiyyət hüququnun olduğu (DTXK-nın Bakı şəhər şöbəsi tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli JN-8477H saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən) dövrdə hazırkı iş üzrə də cavabdeh qismində çıxış edən Cavabdeh4-yə, habelə “X12” mehmanxanasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona fərdi ev tikintisi üçün ayrılmış ünvan 1ndəki 0,06 ha torpaq sahəsinin 0,01 ha hissəsinin əvvəlki vəziyyətinə gətirilməklə özünə qaytarılması öhdəliyinin cavabdehlərə həvalə edilməsini xahiş etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi iddianın təmin edilməməsi qət olunmuş, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə də dəyişdirilmədən saxlanılmışdır. Sözügedən məhkəmə qətnamələri ilə müəyyən edilmişdir ki, Araz Hüseynov iddia tələbində məhz xx.xx.2003-cü il tarixli JN-8477H saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən özünə məxsus 540,0 kv.m torpaq sahənin 0,01 ha hissəsinin cavabdehlər tərəfindən zəbt edildiyini irəli sürmüş, həmin işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən mühəndis-texniki (torpaqşünaslıq) ekspertizası və əlavə məhkəmə mühəndis-texniki (torpaqşünaslıq) ekspertizası təyin edilərək müvafiq rəylər alınmış, xx.xx.2016-cı il tarixli 25834 saylı ilkin ekspert rəyi ilə JN-8477H nömrəli şəhadətnaməyə və həmin şəhadətnamənin koordinatlarına əsasən mübahisəli torpaq sahəsinin hüdudlarının digər şəxs(lər)in mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmədiyi, torpaq sahəsinin digər şəxs(lər) tərəfindən, eyni zamanda “xxxxxxxxxxx” ASCnin nəzdində fəaliyyət göstərən “X12” oteli tərəfindən və ya başqa şəxs tərəfindən tutulmadığı (zəbt edilmədiyi); xx.xx.2016-cı il tarixli 8119 saylı əlavə ekspert rəyi ilə isə, ünvan 1, 1-ci döngə, 5 saylı ünvanda yerləşən Araz Hüseynovun faktiki istifadəsindəki torpaq sahəsinin uzunluğunun bir tərəfdən 23,21 metr, digər tərəfdən 23,6 metr, eninin isə qarşı tərəfdən 20,37 metr, arxa tərəfdən 20,74 metr olmaqla ümumi (faktiki) sahəsinin 0,0518 ha – yəni, 518 kv.metr olduğu müəyyən olunmuş, bununla belə torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilməsi halı təsdiqini tapmamışdır. Mübahisəli torpaq sahəsinin ölçüsünün 540 kv.m olduğu zaman zəbt edilmə halının müəyyən olunmamasının, 0,06 ha (yəni, 600 kv.m) torpaq sahəsinin 74,79 kv.m hissəsinin “xxxxxxxxxx” MMC-nin istifadəsində olan torpaqla üst-üstə düşməsini də istisna etdiyi ehtimalı ortaya çıxdığından, apellyasiya baxışı zamanı əlavə məhkəmə-tikinti (mühəndis)texniki ekspertizası təyin olunmuş, Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin xx.xx.2019cu il tarixli rəyində əvvəlki rəydəki xüsusatlar təkrarlanmışdır. Beləliklə, ünvan 1ndə yerləşən 0,06 ha torpaq sahəsinin iddiaçının mülkiyyətində olduğu, bu sahənin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edillən A021630 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən “İnterservis” firmasının adına olan, hazırda isə Cavabdeh5 MMC-yə icarəyə verilmiş 0,1429 hektar torpaq sahəsi ilə 74,79 kv.metr hissədə üst-üstə düşdüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 165-ci maddəsinə əsasən isə, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı, mübahisəli torpaq sahəsi üzərindəki mülkiyyət hüququnun ona tanıdığı imkandan istifadə edərək cavabdehin həmin sahədən çıxarılmasını tələb etməkdə haqlı olmuşdur və buna görə də iddia tələbinin həmin hissəsi üzrə gəlinən nəticə əsaslı hesab edilməlidir. Kollegiya onu da qeyd edir ki, həmin torpaq sahəsinin hazırda Cavabdeh5 MMC-yə icarəyə verilmiş olması müvafiq nəticənin dəyişdirilməsinə səbəb ola bilməz; çünkü Cavabdeh5 MMC icarə münasibətlərində faktiki olaraq “xxxxxxxxxx” ASC-ni əvəz etməklə həmin sahəyə hüquq iddia etməkdədir və əvəzetməyə qədər yaranmış vəziyyətə görə məsuliyyət daşıyır. İddiaçının maddi ziyan tələbi ilə bağlı gəlinən nəticəni də kollegiya aşağıda göstərilənlərə görə əsaslı hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunmalıdır ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Kollegiya hesab edir ki, iddiaçıya məxsus torpaq sahəsinin 74,79 kv.metr hissəsinin əvvəllər “xxxxxxxxxx” ASC-nin, hazırda isə Cavabdeh5 MMC-nin icarəsinə verilmiş sahə ilə üst-üstə düşməsi adı çəkilən hüquqi şəxslərin təqsirli hərəkətləri nəticəsində baş vermədiyindən, onların mülki hüquq pozuntusuna yol verdiklərindən bəhs olunması mümkün deyildir və həmin hüquqi şəxslər yarandığı iddia edilən zərərdən məsuliyyət daşıya bilməzlər. İddiaçının mənəvi ziyan tələbi ilə bağlı isə kollegiya qeyd edir ki, o, iddiasının bu hissəsini konkret faktlarla sübuta yetirməmiş, ona konkret hansı mənəvi iztirabların vurulmasını müəyyənləşdirməmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 №-li Qərarında da Plenum izah etmişdir ki, “...mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır”. Yuxarıda şərh etdiyi qənaətinin məntiqi nəticəsi olaraq kollegiya, “xxxxxxxxxx” ASCnin apellyasiya şikayətinin dəlillərini də əsassız sayır və bununla bağlı əlavə əsaslandırma aparılmasına zərurət olmadığını vurğulayaraq özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayətləri təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-183/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri tərflərin özlərinə aid edilsin. Apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 (yüz) manat Cavabdeh4-dən tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, M/h-AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22), mütəxəssis rəyi üçün ödənilməsli olan 104,24 (yüz dörd manat 24 qəpik) manat isə Cavabdeh4dəntutularaq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin hesabına (“xxxxxxxxxxx” ASC-nin Xətai Filialı, kod: 200071, VOEN: **********, hesab №: AZ23AİİB********************) keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar