Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3080/2022 28.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi ilə, İddiaçı Nəriman oğlunun Cavabdeh qarşı “sahiblik və mülkiyyət hüquqlarının tanınması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 2292/2021 saylı, 06 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı Nəriman oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı Nəriman oğlu Cavabdeh qarşı sahiblik və mülkiyyət hüquqlarının tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 15.06.1993-cü il tarixli,1121 nömrəli sərəncamı ilə Səbail rayon İcra Hakimiyyətinin razılığı (1850 N-li, İİ.05.93-cü il tarixli məktub) və “Sabutay” xarici iqtisadi cəmiyyətinin xahişi (21 No-li, 19.04.93-cü il tarixli məktub) nəzərə alınaraq, Bakı şəhəri, Səbail rayonu, Ş.Şamil küçəsində yerləşən 12 saylı binanın 60 kv.m-lik qeyri-yaşayış sahəsi bu cəmiyyətə ofis üçün icarəyə verilmişdir. Qeyd olunan dövrdən 2017-ci il tarixədək qeyd edilən qeyri-yaşayış sahəsi bu şirkətin təsisçisi və direktoru olan Cavabdeh sahiblik etmişdir. Bakı şəhəri İcra Hakimiyyətinin 18.08.2021-ci il tarixli məktubunda həqiqətən də Cavabdeh 09.04.1993-cü il tarixdə “Sabutay” xarici iqtisadi cəmiyyətinin təsisçisi və icraçı direktoru vəzifəsində çalışması qeyd olunmuşdur. 2017-ci ilin avqust ayında qeyd edilən qeyri-yaşayış sahəsini cavabdeh onun istifadəsinə vermiş, daha sonra, yəni 2018-ci ilin oktyabr ayında şifahi olaraq aralarında alqı-satqı müqaviləsi bağlanmış və cavabdeh obyekti ona 20.000 manata satmışdır. Cavabdeh sonradan Rusiya Federasiyasına yaşamağa getmiş və mübahisəli qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi məsəsi ilə məşğul olmamışdır. 23.06.2021-ci il tarixdə cavabdeh Moskva şəhərində tərtib edilmiş etibarnamə ilə obyektə sahiblik, sərəncam vermə, sənədləşdirmə və s. səlahiyyətləri ona həvalə etmişdir. Artıq 4 ilə yaxındır ki, obyekt onun istifadəsindədir. Bütün kommunal ödənişlər onun tərəfindən olunur. Həmçinin yaxınlarda qeyri-yaşayış sahəsi onun tərəfindən əsaslı təmir edilmişdir. Aralarında mövcud olmuş razılaşmadan bəlli olur ki, qeyri-yaşayış sahəsini ona satmaqla sahiblik və mülkiyyət hüquqlarını ona keçməsini iradə ifadəsi ilə bildirmişdir. Göstərilərinləri nəzərə alaraq iddiaçı Bakı şəhəri, Səbail rayonu, Ş.Şamil küçəsində yerləşən 12 saylı binanın 60 kv.m.-lik qeyri-yaşayış sahəsinə dair alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsi və həmin qeyri-yaşayış sahəsinə sahiblik və mülkiyyət hüquqlarının tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2292/2021 saylı, 06 oktyabr 2021ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı Nəriman oğlu apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, dəqiqləşdirilmiş iddia tələbləri əsasında araşdırma aparılaraq iddiasının tam təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qanunvericiliyin tələblərini pozaraq tərəflər arasında olan mübahisəyə uyğun gəlməyən əvvəlki tələbləri araşdırmaqla, formal qətnamə qəbul etdiyindən qətnamə qanuni və əsaslı hesab edilə bilməz. Əgər məhkəmə dəqiqləşdirilmiş tələblər üzrə və ya elə əvvəlki tələblər üzrə də araşdırma aparmış olsaydı, onda məlum olardı ki, “SABUTAY” XİC artıq cavabdeh tərəfindən ləğv edilmiş, bu hal ona məlum olduqdan sonra isə dərhal dəqiqləşmə zərurətinin ortaya çıxdığını görərdi. Təbii ki, bunun olmaması, sonda düzgün araşdırmanın getməməsinə səbəb olmuş və mübahisə öz həllini tapmamışdır. Bu isə onun sahiblik və istifadə hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7 maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 15.06.1993-cü il tarixli, 1121 saylı sərəncamından görünür ki, Səbail rayon İcra Hakimiyyətinin razılığı (1850 No-li, 11.05.1993-cü il tarixli məktub) və “Sabutay” xarici iqtisadi cəmiyyətinin xahişi (27 No-li, 19.04.1993-cü il tarixli məktub) nəzərə alınaraq, Ş.Şamil küçəsi, 12 saylı binanın 60 kv.mlik qeyri-yaşayış sahəsi bu cəmiyyətə ofis üçün icarəyə verilmiş (zirzəmi), bələdiyyə mülkiyyəti və özəlləşdirmə İdarəsinə qeyd olunan zirzəminin texniki inventarlaşması haqqında müqaviləni “Sabutay” xarici iqtisadi cəmiyyəti ilə bağlanması tapşırılmış, sərəncamın yerinə yetirilməsinə nəzarət Səbail rayon İcra Hakimiyyətinin Başçısına həvalə edilmişdir. İş üzrə Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən İddiaçı Nəriman oğluna ünvanlanmış 18.08.2021-ci il tarixli məktubundan görünür ki, Cavabdeh 09.04.1993-cü il tarixində “Sabutay” xarici iqtisadi cəmiyyətinin təsisçisi və icraçı direktoru vəzifəsində çalışmışdır. İş üzrə Moskva şəhərinin notariusu tərəfindən təsdiq edilmiş 23.06.2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh bütün əmlakı üzərində sərəncam verməyi İddiaçı Nəriman oğluna etibar etmişdir. Etibarnamə 3 il müddətinə verilmişdir. İş üzrə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 17.09.2021-ci il tarixli arayışdan məlum olur ki, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 60,0 kv.m olan qeyri-yaşayış sahəsinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat daşınmaz əmlakın dövlət reyestrində aşkar edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin 15.06.1993-cü il tarixli sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Ş.Şamil küçəsində yerləşən 12 saylı binanın 60 kv.m. qeyri-yaşayış sahəsi “Sabutay” xarici iqtisadi cəmiyyətinə qeyri-müəyyən müddətə icarəyə verilmiş, həmin qeyri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. İddiaçı mübahisəli qeyriyaşayış sahəsinin cavabdehə məxsus olduğunu və 2018-ci ilin oktyabr ayında onunla cavabdeh arasında bağlanmış şifahi alqı-satqı müqaviləsinə əsasən həmin əmlakı 20.000 manata əldə etdiyini bildirir. Göstərilənlərə əsasən iddiaçı hesab edir ki, həmin qeyriyaşayış sahəsinə sahiblik etməsi ilə əlaqədar əmlakına sahiblik və mülkiyyət hüquqlarının tanınmalı və alqı-satqı müqaviləsi bağlanmış hesab edilməlidir. Məhkəmə kollegiyası iddia tələbinin mübahisəli qeyri-yaşayış sahəsinə dair alğısatqı müqaviləsinin bağlanmış hesab edilməsi hissəsi üzrə qeyd edir ki, birinci instansiya məhkəməsinin həmin hissədə tələbin əsassız olması ilə bağlı gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, AR Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar Bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. O, təsdiqlədiyi müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 144.2-ci maddəsinə əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, daşınmaz əmlakın alqı-satqısı həmin daşınmaz əmlakın mülkiyyətçisi tərəfindən bu əmlaka dair mülkiyyət hüquqlarının notarial qaydada təsdiq edilmiş yazılı müqavilə əsasında əvəzi ödənilməklə alıcıya keçməsini özündə ehtiva edir. Bu mənada daşınmaz əmlakın alqı-satqısı üçün ilk növbədə əmlakın mülkiyyətçisinin iradə ifadəsi olmalıdır. Hazırkı iş materialları ilə müəyyən edilir ki, mübahisəli qeyri-yaşayış sahəsi Cavabdeh mülkiyyətində deyil və heç vaxt olmamış, sadəcə onun təsisiçisi olduğu hüquqi şəxsə icarəyə verilmişdir. Bu səbəbdən Cavabdeh həmin əmlak üzərində sərəncam vermək səlahiyyəti olmamışdır. Bundan başqa, iddiaçı onunla cavabdeh arasında mübahisəli əmlakla bağlı alqısatqı müqaviləsinin bağlandığını bildirsə də, iş materiallarında mülki qanunvericiliyin tələblərinə uyğun şəkildə (notarial qaydada təsdiq edilmiş yazılı müqavilə) bağlanmış belə bir müqavilənin mövcud olması müəyyən edilmir. İddiaçının 2018-ci ildə bağlandığını bildirdiyi şifahi alqı-müqaviləsi isə daşınmaz əmlakın alqı-satqısına dair mülki qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab vermədiyindən etibarsız olmuşdur. Belə ki, AR MPM-nin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyini iddia tələbinin alğısatqı müqaviləsinin bağlanmış hesab edilməsi hissəsində təmin edilməməsi ilə bağlı gəldiyi mövqe ilə razılaşdığı üçün iddia tələbinin sahiblik və mülkiyyət hüquqlarının tanınmasına dair hissədə də təmin olunmaması ilə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və həmin hissədə də apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək bu qənaətə gəlir ki, şikayətdə göstərilən dəlillər formal mülahizələrə əsaslanmaqla məhkəmə qətnaməsinin ləğv olunması üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət e t d i: İddiaçı Nəriman oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2292/2021 saylı 06 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3080/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3080/2022
28.04.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver