Məhkəmə qərarları › İş №2(103)-6970/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6970/2023

28.11.2023 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6970/2023 28.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Xasay oğluna qarşı ("xxxx" Kompani MMC və 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə (Açar sözlər: qeyri-yaşayış sahəsindən sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə törədilən maneələrə və mülkiyyət hüququnun pozulmasına son qoyulması, qeyri-yaşayış sahəsinin boşaldılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), X7 və İsgəndərov Akif Əsgər oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdehin vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh Xasay oğluna qarşı “qeyri-yaşayış sahəsindən sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə törədilən maneələrə və mülkiyyət hüququnun pozulmasına son qoyulması, qeyri-yaşayış sahəsinin boşaldılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 fevral 2020-ci il tarixli 2(011)-467/2020 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 28 noyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Satıcı "xxxx" MMC ilə alıcı X10 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 11/7 saylı müqaviləyə əsasən satıcı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 174 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsini alıcıya təhvil verməyi, alıcı isə qeyri-yaşayış sahəsinin ümumi dəyəri 522000 manatı ödəməyı öz öhdəsinə götürmüşdür.

2. "Sahil-D Kompani” MMC tərəfindən verilmış maliyyə arayışınə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 174 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinın dəyəri payçı X10 tərəfindən tam ödənilmişdir və onun MMC -yə borcu yoxdur.

3. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2- 1(82)2970/2017 saylı qərarına əsasən iddiaçı X4 iddia tələbi təmin edilərək ünvan 2 ünvanında yerləşən, ümumi sahəsı 174 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi üzərində iddiaçı X4 adına mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsı vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak X6 yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsinə həvalə olunmuşdur.

4. Daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışa görə Bakı şəhəri, Fəzail Bayramov küçəsı, 1156-cı məhəllədə yerləşən yaşayış binasında ümumi sahəsi 161.9 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 188 nömrəli reyestr kitabının 17686 nömrəli vərəqində xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır.

5. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X8 məxsus Bakı şəhəri, Fəzail Bayramov küçəsı, 1156-cı məhəllədə yerləşən yaşayış binasında ümumi sahəsı 161.9 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinə tərtib edilmiş **********44-05301-083001 reyester nömrəli texniki pasporta əsasən qeyri-yaşayış sahəsinin bir tərəfi Fəzail Bayramov küçəsinə, Bakı Əyləncə mərkəzinə, digər tərəfi isə “X16”ə baxır.

6. X2 ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı Bakı şəhəri, Fəzail Bayramov küçəsı, 1156-cı məhəllədə yerləşən yaşayış binasında ümumi sahəsı 161.9 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsini alıcıya satmışdır. Müqavilə Bakı şəhəri 50 saylı notariat kontorunda təsdiq edilmiş və reyestrdə 4Ə-827 nömrə ilə qeydiyyatdan keçmişdir.

7. Daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışa görə Bakı şəhəri, Fəzail Bayramov küçəsı, 1156-cı məhəllədə yerləşən yaşayış binasında ümumi sahəsi 161.9 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 188 nömrəli reyestr kitabının 17686 nömrəli vərəqində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır.

8. Satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən satıcı ünvan 3 ünvanda inşa edilən 2 saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi tikinti sahəsi 87.0 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsini alıcının mülkiyyətinə verməyi, alıcı isə qeyri-yaşayış sahəsinin dəyəri 204885 manat ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə əsasən alıcı ümumi məbləğin 94200 manatını satıcıya xx.xx.2013-cü il tarixinədək ödəyir.

9. xx.xx.2013-cü il tarixli maliyyə arayışına görə Cavabdeh tərəfindən qeyd olunan mənzilin dəyəri "xxxx" MMC-yə ödənilmişdir və onun MMC -yə borcu yoxdur.

10. Daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışa görə Bakı şəhəri, Fəzail Bayramov küçəsı, 1156-cı məhəllədə yerləşən 2 saylı yaşayış binasında ümumi sahəsı 83.0 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 219 nömrəli reyestr kitabının 20585 nömrəli vərəqində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır.

11. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2018-ci il tarixli, **********66 saylı məktubda göstərilmişdir ki, cavabdehin ünvan 5də inşa edilmiş 2 saylı binada yerləşən qeyri-yaşayış sahəsinə verilmiş sənədlərin araşdırılması barədə xx.xx.2018-ci il tarixli ********** saylı müraciətinə baxılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, digər vətəndaşa "xxxx" MMC tərəfindən verilmiş maliyyə arayışı və xx.xx.2017-ci il tarixli 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin qərarına əsasən xx.xx.2017-ci il tarixdə çıxarış və texniki pasport verilmişdir. Sonradan sözügedən qeyri yaşayış sahəsi xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Eyni zamanda, Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş maliyyə arayışı, yerləşmə cizgisi və xx.xx.2018-ci il tarixli 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarına əsasən xx.xx.2018-ci il tarixdə çıxarış və texniki pasport verilmişdir. 1 saylı Bakı Ərazi İdarəsinə "xxxx" MMC tərəfindən təqdim olunmuş cizgiyə əsasən müraciət olunduğu tədqirdə texniki pasportda cari dəyişiklik aparılacaqdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən verilmiş (xx.xx.2018-ci il tarixli, Seriya RX, Ne 1389339, qeydiyyat nömrəsi **********) çıxarışa əsasən mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, 1156-cı məhəllədə 24 mərtəbəli, 2 saylı binanın 1-ci mərtəbəsində yerləşən, bir tərəfi Fəzail Bayramov küçəsinə, Bakı Əyləncə mərkəzinə, digər tərəfi isə “X17”ə baxan 161,9 kv.m qeyriyaşayış sahəsindən sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə cavabdeh tərəfindən törədilən maneələrə və mülkiyyət hüququnun pozulmasına son qoyulması, həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC tərəfindən ünvan 5 ünvanında 4 ədəd 24 mərtəbəli yaşayış binası inşa edilmiş və həmin binalar MMC-yə məxsusdur. Həmin binalardan 2 saylı binanın 1-ci mərtəbəsində, MMC-nin tərtib və təsdiq etdiyi eskiz layihəsi üzrə müqavilə əsasında 174 kv.m qeyri-yaşayış sahəsi X1. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsi tərəfindən həmin qeyri-yaşayış sahəsinə X9 adına xx.xx.2017-ci il tarixdə **********44-05301-083001 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış və texniki pasport verilmişdir. xx.xx.2017-ci il tarixdə Bakı şəhər 50 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən həmin 174 kv.m (çıxarışa əsasən 161,9 kv.m.) qeyri-yaşayış sahəsi X10 tərəfindən ona satılmışdır. DƏDRX-nin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən həmin qeyri-yaşayş sahəsinin mülkiyyət hüququna dair yeni ona çıxarış (xx.xx.2018-ci il tarixli, Seriya RX, 1389339, qeydiyyat nömrəsi **********) və texniki pasport (**********44-05301-083001) verilmişdir. Həmçinin həmin qeyriyaşayış sahəsinin altındakı sahədə onun tərəfindən alınmış və ona məxsusdur. Lakin Cavabdeh onun mülkiyyət hüququnu pozaraq həmin qeyri-yaşayış sahəsindən istifadə etməyə maneçilik törədir. Belə ki, cavabdeh heç bir qanuni əsas olmadan həmin ünvanda təmir işləri aparmağa cəhd göstərmiş və bununla əlaqədar olaraq ora tikinti materialları toplamışdır. O bunu belə əsaslandırmışdır ki, həmin qeyri-yaşayış sahəsinin yarısı, yəni 87 kv.m qeyri-yaşayış sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən verilmiş çıxarış və texniki pasporta (**********44-05301-083010) əsasən ona məxsusdur. Cavabdeh tərəfindən təqdim edilmiş texniki pasportun surətindən görünür ki, ünvan 6 ünvanında 24 mərtəbəli binanın 1-ci mərtəbəsində 83,7 kv.m qeyi-yaşayış sahəsi ona məxsusdur. Lakin texniki pasportda qeyri-yaşayış sahəsinin cizgisi göstərilsə də həmin sahəsinin konkret olaraq binanın hansı hissəsində yerləşməsi və hansı tərəfə baxması konkret olaraq əksini tapmamışdır. "xxxx" MMC-nin səlahiyyətli şəxsləri cavabdeh Ş.X.Xasıyevə məxsus qeyri-yaşayış sahəsinin binanın digər hissəsində yerləşməsini dəfələrlə onlara bildirərək ona məxsus qeyri-yaşayış sahəsinin yerini dəqiq göstərmişlər. Ona məxsus qeyri-yaşayış sahəsinin texniki pasportundan görünür ki, həmin sahənin konkret olaraq yerləşmə yeri göstərilməklə dəqiq cizgisi verilmişdir. Həmin cizgidə ona məxsus Fəzail Bayramov küçəsində yerləşən 161,9 kv.m qeyri yaşayış sahəsinin bir tərəfinin Fəzail Bayramov küçəsinə, Bakı Əyləncə Mərkəzinə, digər tərəfinin isə “X17”ə baxması göstərilmişdir. Lakin buna baxmayaraq cavabdeh əsassız olaraq onun həmin daşınmaz əmlakdan sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneələr törətməklə mülkiyyət hüquqlarını pozur. Qeyri-yaşayış sahəsindən sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə törədilən maneələrə, mülkiyyət hüququnun pozulmasına dərhal son qoyulmasına dair rəsmi məktubla cavabdehə müraciət edilsə də, bunun heç bir nəticəsi olmamışdır.

14. Cavabdeh iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, həm S.Bağırov, həm də İddiaçı aid çıxarışlarda qeyri-yaşayış sahəsinin ünvanı “ünvan 7akı şəhəri, Xətai rayonu, F. Bayramov küçəsi 1156-cı məhəllə, 2-ci binada yerləşən qeyri-yaşayış sahəsini "xxxx" MMC ilə bağladığı 13.08.13-cü il tarixli müqavilə əsasında əldə etmiş, həmin qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci ildə qeydə alınmış və qeyri-yaşayış sahəsinin ünvanı “ünvan 8 Bağırov və İddiaçı müvafiq çıxarışlar verilərkən qeyri-yaşayış sahəsinin yerləşmə cizgisi mövcud olmamışdır. Belə ki, S. Bağırov və “Sahil-D Kompani" MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilədə qeyri-yaşayış sahəsinin harada yerləşməsi, yerləşmə cizgisi göstərilməmişdir; yəni S.Bağırova satılan sahənin binanin daxilində yerləşmə yeri fərdiləşdirilməmişdir. "xxxx" MMC ilə onun arasında bağlanmış müqavilədə isə ona satılmış qeyri-yaşayış sahəsinin yerləşmə cizgisi göstərilmişdir. Yəni sahənin 2 saylı binanın hansı tərəfində yerləşdiyi öz əksini tapmışdır. Təsadüfi deyildir ki, DƏDRX tərəfındən ona çıxarış verilərkən həmin sənəd də diqqətə alınmışdır. Bir sözlə, ona məxsus qeyri-yaşayış sahəsinin 2-ci binadakı yeri fərdiləşdirilmişdir. İddiaçı analoji tələblə Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, aidiyyət barəsində ərizəsi əsasında Bakı Apellyasiya Məhkəməsi tərəfindən mülki iş Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İşin gedişində, iddiaçı ərizə verərək 500 manat mənəvi zərər tələb etmişdir. İddianın predmetini dəyişdirməsini onunla əsaslandırmışdır ki, guya iddiaçıya aid olan mübahisəli daşınmaz əmlak barəsində məlumatlar yaymaqla ona mənəvi zərər vurur. Məhkəmənin 2(011)-6345/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia rədd edilərək müəyyən edilmişdir ki, əmlaklar fərqli ünvanlarda yerləşir, mübahisələndinlən əmlak həmin ünvandakı 2 saylı binanın birinci mərtəbəsində yerləşməklə hazırda Cavabdeh qanuni istifadəsindədir. Bununla belə, mübahisəli əmlakla əlaqədar iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsində cavabdehin təqsiri, həmin əmlaka cavabdehin mülkiyyət hüququnu istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı". İddiaçı neqator tələb irəli sürsə də, bu növ iddianın şərtlərinin mövcudluğu müəyyən edilmir. Bu növ iddianı irəli sürən iddiaçı əşyanın mülkiyyətçisi olduğunu və mülkiyyət hüququna qanunsuz müdaxilə edildiyini sübut etməlidir. Lakin iddiaçı belə bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Əksinə iş materialları ilə tamamilə əksi sübut olunur. Ona görə ki, onun mübahisəli qeyriyaşayış sahəsi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Bir sözlə, onun iddiaçıya məxsus sahəyə hər hansı müdaxiləsindən söhbət gedə bilməz. Diqqət edilməlidir ki, mübahisəli qeyri-yaşayış sahəsinin onun qanuni mülkiyyətində olması artıq qüvvəyə minmiş məhkəmə aktı ilə təsdiqlənib. Yəni həmin iş üzrə müəyyən edilmiş hal - qanuni mülkiyyətdə olma, hazırki işə baxan məhkəmə üçün preyudisial əhəmiyyətə malikdir. İddiaçının yeganə istinad etdiyi sübut- texniki pasport qeyri-mötəbərdir. Texniki pasportun nəyin əsasında tərtib edildiyi isə, işdəki sənədlərdən aydın olmur. "xxxx" MMC ilə aralarında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilədə qeyri-yaşayış sahəsinin yerləşdiyi bina və binadakı yeri konkret olaraq/eskiz şəklində göstərilmiş və MMC-nin direktoru tərəfındən imzalanmışdır. Məsələ ondadır ki, MMC-nin hazırki direktoru olan A.Hüseynov bu müqaviləni birtərəfli qaydada dəyişə bilməz, yəni “Ş. Xasiyevə məxsus qeyri-yaşayış sahəsi 2 saylı binanın fərqli tərəfındə yerləşir” deyə bilməz.

15. Məhkəmə tərəfindən mübahisəli ərazidə yerli baxış keçirilmiş, müəyyən edilmişdir ki, Bakı şəhəri, Fəzail Bayramov küçəsı, 1156-cı məhəllədə yerləşən yaşayış binasında ümumi sahəsı 174 kv.m-dən ibarət olan mübahisəli sahə bir tərəfdən Fəzail Bayramov küçəsinə, Bakı Əyləncə mərkəzinə, digər tərəfdən isə “X16”ə baxır. Mübahisəli əmlakın yerləşdiyi ərazinin quruluşundan müəyyən edilir ki, Cavabdeh iddia etdiyi 87 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinin altındakı mərtəbədə qeyri-yaşayış sahəsi mövcuddur, həmin sahə ilə qonşuluqda olan 87 kv.m-dən ibarət olan sahənin altında isə Binanın yeraltı qarajının giriş-çıxışı yerləşir və bu sahənin Binadan kənarına çıxışı mövcud deyildir.

16. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 fevral 2020-ci il tarixli, 2(011)-467/2020 nömrəli qətnaməsi ilə (hakim S.Mehrəliyev) iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən verilmiş (xx.xx.2018- ci il tarixli, Seriya RX, Ne 1389339, qeydiyyat nömrəsi **********) çıxarışa əsasən mülkiyyət hüququ ilə İddiaçı məxsus olan Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, 1156-cı məhəllədə 24 mərtəbəli, 2 saylı binanın 1-ci mərtəbəsində yerləşən, bir tərəfi Fəzail Bayramov küçəsinə, Bakı Əyləncə Mərkəzinə, digər tərəfi isə “X16”ə baxan 161,9 kv.m qeyri-yaşayış sahəsindən sahiblik və istifadə hüquqlarınının həyata keçirilməsinə Cavabdeh Xasay oğlu tərəfindən törədilən maneələrə və mülkiyyət hüququnun pozulmasına son qoyulması və həmin qeyri-yaşayış sahəsi boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilmişdir.

17. Məhkəmə qeyd etmişdir ki, məhkəmə baxışı zamanı araşdırılmış sübutlarla Bakı şəhəri, Fəzail Bayramov kuçəsi 1156 ünvanında yerləşən 2 saylı yaşayış binasının 1ci mərtəbəsində yerləşən ümumi sahəsı 161.9 kv.m-dən ibarət olan, bir tərəfi Fəzail Bayramov küçəsinə, Bakı Əyləncə mərkəzinə, digər tərəfi isə “X16”ə baxan qeyriyaşayış sahəsinin İddiaçı məxsus olması, bununla da, cavabdeh tərəfindən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin qanunsuz və əsassız olaraq zəbt edilməsi müəyyən olunmuşdur.

18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.4, 139- 1.1.6, 146.8, 152.1, 157.2, 521, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 2.1, 4.1, 14.2, 77.1, 78.1,80, 81, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

19. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv hüquqi qiymət verilməmiş, maddi və prosessual hüquq normalarına düzgün əsaslandırılmamış, məhkəmə tərəfindən mötəbər hallara lazımi qiymət verilməmişdir. Bu və digər əsasları gətirərək, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b)Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

22. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5547/2020 nömrəli 19 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Səmədov (sədrlik edən və məruzəçi), İ.Şirinov və A.Tanrıverdiyev,) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin hazırkı iş üzrə 04 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

23. Məhkəmə kollegiyası göstərmişdir ki, mübahisəli Bakı şəhəri, Fəzail Bayramov kuçəsi 1156 ünvanında yerləşən 2 saylı yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 161.9 kv.m-dən ibarət olan, bir tərəfi Fəzail Bayramov küçəsinə, Bakı Əyləncə mərkəzinə, digər tərəfi isə “X16”ə baxan qeyri-yaşayış sahəsinin İddiaçı məxsus olması, bununla da, cavabdeh tərəfindən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin qanunsuz və əsassız olaraq zəbt edilməsi müəyyən olunmuşdur.

24. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi əsaslıdır, ona görə, iddia yuxarıda göstərilən qaydada təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

25. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29, 60-cı maddəsinə, Mülki Məcəlləsinin 139-1.1.4, 139- 1.1.6, 146.8, 152.1, 157.2, 121-ci, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 2.1, 4.1-ci maddələrinə istinadla əsaslandırmışdır. c)Kassasiya instansiya məhkəməsində birinci icraat

26. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-2973/2021 nömrəli, 29 aprel 2021-ci il tarixli qərarı ilə (hakimlər – V.Həsənov (məruzəçi), İ.Şəfiyev və İ.Dəmirov ) cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır.

27. İşi yeni apellyasiya baxışına qaytararkən kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, S.Bağırov və İddiaçı daşınmaz əmlaka çıxarışlar verilərkən qeyri-yaşayış sahəsinin yerləşmə cizgisi mövcud olmamış, S.Bağırovla 14 yanvar 2013-cü il tarixdə bağlanmış müqavilədə qeyri-yaşayış sahəsinin harada yerləşməsi cizgisi göstərilməmiş, müvafiq sahənin binanın daxilində yerləşmə yeri fərdiləşdirilməmişdir. Bunun əksinə isə Cavabdehlə müqavilə bağlanarkən qeyri-yaşayış sahəsinin 2 saylı binanın hansı hissəsində yerləşməsini əks etdirən cizgi tərtib olunmuşdur. Həmçinin İddiaçı baxılan işdə irəli sürülmüş eyni tələblə əvvəllər məhkəməyə müraciət etmiş, məhkəmə baxışını gedişində o sonradan iddia tələbini dəyişdirmiş və cavabdedən 500 manat məbləğində mənəvi zərər tələb etmişdir. Həmin iş üzrə qanuni qüvvəsini almış və eyni tərəflər arasında olan mülki iş üzrə müəyyən edilmişdir ki, tərəflərin iddia etdiyi qeyri-yaşayış sahəsi fərqli ünvanlarda yerləşir və mübahisələndirilən əmlak həmin ünvandakı 2 saylı binanın birinci mərtəbəsində yerləşməklə hazırda Cavabdeh qanuni istifadəsindədir. Lakin işə baxan apellyasiya instansiya məhkəməsi həmin qətnamə ilə müəyyən olunmuş və baxılan iş üçün əhəmiyyəti olan hallara qiymət verməmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin baxılan iş üçün preyudisial əhəmiyyətə malik olub-olmamasını qiymətləndirməmişdir.

28. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, iddiaçının iddia tələbi cavabdeh tərəfindən mübahisə predmetinə edilən maneənin aradan qaldırılması və mənzilin boşaldılaraq ona təhvil verilməsi ilə bağlı olduğu halda iddiaçı Mülki Məcəllənin 157.2-ci maddəsinin tələbləri baxımından əmlakın onun mülkiyyətində olan sahə olmasını və əmlakın cavabdehin qanunsuz sahibliyində olmasını sübut etməli, bundan sonra isə müəyyən olunmuş bu hallara istinad etməklə məhkəmə cavabdehin qanunsuz olaraq istifadə etdiyi sahədən çıxarılması tələbinin qanuniliyinə qiymət verməli idi. Lakin işə baxmış apellyasiya instansiyası məhkəməsi işdə olan sübutların qarşılıqlı qiymətləndirilməsini təmin etmədən əmlakın iddiaçıya məxsus olan əmlakla eynilik təşkil etməsi nəticəsinə gələrək cavabdehin sahibliyinin qanunsuz olmasını müəyyən etmişdir. Bu zaman isə məhkəmə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X8 məxsus ünvan 1-cı məhəllədə yerləşən yaşayış binasında ümumi sahəsi 161.9 kv.mdən ibarət olan qeyri-yaşayış sahəsinə tərtib edilmiş **********44-05301-083001 reyester nömrəli texniki pasportda olan məlumatlara əsaslanaraq iddiaçıya məxsus olan qeyri-yaşayış sahəsinin bir tərəfi Fəzail Bayramov küçəsinə, Bakı Əyləncə mərkəzinə, digər tərəfi isə “X16”ə baxmasına istinad etmişdir. Göründüyü kimi iddiaçı hüquqmüəyyənedici sənəd hesab etdiyi texniki pasporta istinad edərək Cavabdeh mülkiyyətində olan qeyri-yaşayış sahəsinin ona məxsus olmasını göstərir.

29. İşə baxan apellyasiya instansiyası məhkəməsi texniki pasportun verilməsinə əsasən olan reyestr qeydinin aparılmasına əsas olan sənədləri tam tədqiq (müvafiq olaraq müqaviləyə əlavə olaraq plan sxemlərinin olmasını aydınlaşdırmalı) etməli və bundan sonra qeyri-yaşayış sahəsinin yerini aydın edərək iddiaçıya və ya cavabdehə aid olan qeyri-yaşayış sahəsi olmasını müəyyən etməli idi. Cavabdeh tərəfin kassasiya şikayətində göstərdiklərindən aydın olur ki, işə baxan məhkəmə tərəfindən reyestr qeydiyyatına əsas olan sənədlər alınmış, həmin sənədlər içərisində İddiaçı məxsus olan qeyri-yaşayış sahəsinin fərdiləşdirilməsinə dair sənəd mövcud olmamışdır. İşə baxan apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfin bu dəlilinə qiymət verməmiş və belə bir sənədin olub-olmamasını aydınlaşdırmamışdır.

30. Məhkəmə kollegiyası qeyd etmişdir ki, texniki pasport daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki sənədi olmaqla qeydiyyat orqanına təqdim edilən ərizəyə əlavə olunan sənəd kimi göstərilmişdir. Texniki pasport texniki sənəd kimi, həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 6.1.1.2, 6.1.4 və 6.2-ci maddələrində göstərilmişdir. Beləliklə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.5-ci maddəsinin tələbləri baxımından 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində mülkiyyət hüquqları şəhadətnamələr, qeydiyyat vəsiqələri və sair sənədlərlə öz təsdiqini tapmalıdır. Burada texniki pasport texniki sənəd olduğu üçün daşınmaz əmlaka dair mülkiyyət hüququnu təsdiq edən hüquqmüəyyənedici sənəd kimi göstərilməmişdir.

31. Məhkəmə kollegiyası həmçinin işdə olan Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2020-ci il tarixli məktubuna(iş v.201, 1- ci cild ) istinad edərək göstərmişdir ki, "xxxx" MMC-in təsisçisi X5 və qeyriləri barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.2 və 313-cü maddələri ilə cinayət işi başlanmış və aparılmış istintaq zamanı Cavabdeh tərəfindən qanuni əsaslarla alınmış və məzmununa heç bir təhrif olunmadan "xxxx" MMC ilə arasında bağlanılmış xx.xx.2013-cü il tarixli müqavilə əsasında ünvan 10 ünvanında inşa olunan 2 saylı yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi tikinti sahəsi 87 v.m olan qeyriyaşayış sahəsinin sonradan ayrı-ayrı vaxtlarda saxta sənədlərə, o cümlədən X3 "xxxx" MMC-in direktoru olmadığı halda imzaladığı xx.xx.2006-cı il tarixli müqavilə, həmin tarixli kassa mədaxil qəbzi və xx.xx.2013-cü il tarixli 11/7 saylı müqavilə, həmin tarixli maliyyə arayışı ilə faktiki olaraq iki halda məzmununa bilə-bilə yalan məlumatlar daxil etməklə tərtib olunmuş eyni məzmunlu qeyri- yaşayış sahəsinin ünvanı, sahəsi, qiyməti və s. sənədlərlə X4 adına sənədləşdirilməsi müəyyən edilmişdir. Apellyasiya instansiya məhkəməsi baxılan iş üzrə cavabdeh tərəfindən təqdim olunmuş həmin sübuta ümumiyyətlə qiymət verməmiş və baxılan işin halları baxımından hansı hissələr üzrə əhəmiyyətinin olması müəyyən edilməmişdir. v)Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

32. Apellyasiya instansiyası məhkəməsinin 17 iyul 2021-ci il tarixli qərardadı məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ekspert rəyi ilə, ünvan 11 ünvanda inşa edilmiş 2 saylı yaşayış binasının 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin faktiki parametrlərinin İddiaçı məxsus qeyri-yaşayış sahəsinə dair tərtib olunmuş texniki pasportun məlumatlarına uyğun olduğu müəyyən edilmiş, iş üzrə Cavabdeh oğiuna məxsus qeyri-yaşayış sahəsinə dair tərtib edilmiş texniki pasportda qeyri-yaşayış sahəsinin planlı yerləşməsi əks olunmadığından, həmin qeyri-yaşayış sahəsinin konkret olaraq binanın hansı hissəsində yerləşməsini və hüquq-müəyyənedici qeydiyyat və tikinti-arxitektura sənədləri üzrə tədqiq olunan qeyri-yaşayış sahələrinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Cavabdeh məxsus sahənin sənədlər üzrə deyil, faktiki olaraq iddia etdiyi və baxış zamanı göstərdiyi sahənin bütünlüklə İddiaçı məxsus qeyri-yaşayış sahəsinin 83,7 kv.metr hissəsi ilə üst-üstə düşdüyü, Cavabdeh məxsus qeyri-yaşayış sahəsi İddiaçı məxsus qeyri-yaşayış sahəsi ilə üst-üstə düşdüyü təqdirdə, iddiaçının özünə məxsus qeyriyaşayış sahəsinin 83,7 kv.metr hissəsindən istifadə etməsinə maneəçilik yaradıldığı müəyyən edilmişdir.

33. Apellyasiya instansiyası məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə təkrar tikinti- texniki ekspertiza təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ekspert rəy ilə rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, ünvan 11 ünvanda inşa edilmiş 2 saylı yaşayış binasının 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin faktiki parametrlərinin İddiaçı məxsus qeyri-yaşayış sahəsinə dair tərtib olunmuş texniki pasportun məlumatlarına uyğun olduğu müəyyən edilmişdir. İş üzrə Cavabdeh məxsus qeyri- yaşayış sahəsinə dair tərtib edilmiş texniki pasportda qeyri-yaşayış sahəsinin planlı yerləşməsi əks olunmadığından, həmin qeyri-yaşayış sahəsinin konkret olaraq binanın hansı hissəsində yerləşməsini və hüquq-müəyyənedici qeydiyyat və tikinti arxitektura sənədləri üzrə tədqiq olunan qeyri-yaşayış sahələrinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Cavabdeh məxsus sahənin sənədlər üzrə deyil, faktiki olaraq iddia etdiyi və baxış zamanı göstərdiyi sahənin bütünlüklə İddiaçı məxsus qeyri-yaşayış sahəsinin 83,7 kv.metr hissəsi ilə üst-üstə düşdüyü, Cavabdeh məxsus qeyri-yaşayış sahəsi İddiaçı məxsus qeyri-yaşayış sahəsi ilə üst-üstə düşdüyü təqdirdə, iddiaçının özünə məxsus qeyriyaşayış sahəsinin 83,7 kv.metr hissəsindən istifadə etməsinə maneəçilik yaradıldığı müəyyən edilmişdir.

34. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-5832/2022 nömrəli 13 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – F.Talışınski (sədrlik edən və məruzəçi), A.İmanov və Q.Əsgərov) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

35. Apellyasiya məhkəməsi kassasiya məhkəməsinin göstərişləri ilə bağlı qeyd etmişdir ki, kassasiya instansiyası iddiaçının və cavabdehin fərqli ünvanlarda yerləşməsinin sübuta yetirildiyini artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi müəyyən edildiyini qeyd etsə də, formalaşmış qənaətinin nəticəsin hasil etməmiş və işin mahiyyəti üzrə araşdırılması üçün apellyasiya instansiyasının mülki kollegiyasına göndərsə də, dəqiq göstərişlər verməyərək, özünəməxsus formada qiymət verdiyi sübutlara qiymət verilməsi üçün yenidən araşdırma göstərişi vermişdir.

36. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, digər mülki iş üzrə tələb mənəvi ziyanla bağlı olmuş, o işdə ekspertiza tədqiqatı aparılmamış və hər iki tərəfin əmlaklarının dövlət qeydiyyatı əsasları inzibati məhkəmələrin qərarlarıyla təsbit edilmişdir. Dövlət reyestrinin prezumpsiyası qeydlərin hazırkı prosedur çərçivəsində müzakirə edilməsinin yolverilməzliyini müəyyən edir və məlum məsələdir ki, mərzçəkmə və texniki inventarlaşdırılmanın aparılma salahiyyətləri müvafiq icra hakimiyyəti orqanının qurumlarına aid olduğu halda tərəflər bu işlərin aparılması üçün sənədləşdirməni aparan orqana deyil, məhz məhkəməyə müraciət etmişlər. Məhkəmənin səlahiyyətlərinə və kassasiya instansiya məhkəməsinin göstərişlərinə müvafiq araşdırmanın yalnız müvafiq ixtisaslı biliyə malik olan şəxslərin aparılması zərurətindən irəli gələrək məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş və müəyyən edilmişdir ki, ünvan 11 ünvanda inşa edilmiş 2 saylı yaşayış binasının 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin faktiki parametrlərinin İddiaçı məxsus qeyri-yaşayış sahəsinə dair tərtib olunmuş texniki pasportun məlumatlarına uyğun olduğu müəyyən edilmişdir. İş üzrə Cavabdeh məxsus qeyri- yaşayış sahəsinə dair tərtib edilmiş texniki pasportda qeyri-yaşayış sahəsinin planlı yerləşməsi əks olunmadığından, həmin qeyri-yaşayış sahəsinin konkret olaraq binanın hansı hissəsində yerləşməsini və hüquq-müəyyənedici qeydiyyat və tikinti-arxitektura sənədləri üzrə tədqiq olunan qeyri-yaşayış sahələrinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Cavabdeh məxsus sahənin sənədlər üzrə deyil, faktiki olaraq iddia etdiyi və baxış zamanı göstərdiyi sahənin bütünlüklə İddiaçı məxsus qeyri-yaşayış sahəsinin 83,7 kv.metr hissəsi ilə üst-üstə düşdüyü, Cavabdeh məxsus qeyri-yaşayış sahəsi İddiaçı məxsus qeyri-yaşayış sahəsi ilə üst-üstə düşdüyü təqdirdə, iddiaçının özünə məxsus qeyri-yaşayış sahəsinin 83,7 kv.metr hissəsindən istifadə etməsinə maneəçilik yaradıldığı müəyyən edilmşdir. Bu halların təkzib edilməsini müəyyən edən və ekspert rəyinin mötəbərliyini şübhə altına alan xüsusatlar müzakirəyə təqdim edilməmişdir. Bundan əlavə, cinayət təqibi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya bu yöndə vəsatət müzakirəyə təqdim edilməmişdir.

37. Apelyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin əmlakının qeydiyyatının qeyridəqiqliyi qeydiyyatı aparan orqanın məsuliyyətinə aiddir. Hazırki mübahisə üzrə diqqətə çatdırılmalıdır ki, tərəflərin sübyektiv hüquq və vəzifələri baxımından iddia edilən pozuntunun ehtimal edilən məzmunu iş üzrə cavabdehə münasibətdə sübuta yetirilsə də, qeydiyyatın düzgün aparılmaması ilə bağlı tərəflər inzibati orqanın aktından, hərəkətlərindən və ya hərəkətsizliyindən müvafiq səlahiyyətlərə malik inzibati orqanlara inzibati icraat qaydasında (və ya nəticəsindən asılı olaraq inzibati prosessual qaydada inzibati məhkəmələrə) müraciət etmək hüquqları vardır. Belə ki, Azərbaycan Respublikasının İnzibati İcraat haqqında qanununun 81.3-cü maddəsinə əsasən: İnzibati orqan inzibati aktın icrası ilə bağlı şəxsin hansı hərəkətləri etməli olduğunu dəqiq müəyyənləşdirməyə borcludur.

38. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin əmlakının qeydiyyatının qeyridəqiqliyi qeydiyyatı aparan orqanın məsuliyyətinə aiddir. Müvafiq qeydiyyatlara cavabdehlik daşıyan səlahiyyətli icra hakimiyyəti orqanlarına müraciət edilərək verilmiş sənədlər üzrə araşdırma aparılması məhz onların vəzifələrini əhatə edir, hazırki iş üzrə isə bu qeydiyyatlar və onlardan irəli gələn hərəkətlər müvafiq prosedur çərçivəsində mübahisələndirilmədiyindən, mülki mühakimə səlahiyyətlərinə aid olmayan mülkiyyət və istifadə hüquqlarına əsassız müdaxilə hüquqlardan suiistifadəyə şərait yaradan hal kimi yolverilməzdir. Nəzərə alınmalıdır ki, ekspert rəyləri müəyyən edilən hallar (ziddiyyətlər) məhz müvafiq icra hakimiyyətinin səlahiyyətlərini əhatə edir. Hazırki iş üzrə isə yalnız tərəflər arasında olan münasibətlərin müzakirəsi aparılmış və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

d)Kassasiya instansiya məhkəməsində ikinci icraat

39. Kassasiya instansiyası məhkəməsinin 2(102)-2411/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə (hakimlər: E.Vəliyeva (məruzəçi),E.Şamayev və Ə.Xıdırov) ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-52/2023 nömrəli iş üzrə 13 fevral 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır.

40. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki işə təkrar baxan apellyasya məhkəməsi əvvəlki kassasiya instansiya məhkəməsinin işin düzgün həllinə yönələn göstərişlərini dəqiq icra etmək əvəzinə, həmin göstərişləri tənqid edərək, kassasiya instansiyasının mülki kollegiyasının formalaşmış qənaətinin nəticəsin hasil etməməkdə və işi mahiyyəti üzrə araşdırılması üçün apellyasiya instansiyasının mülki kollegiyasına göndərsə də, dəqiq göstərişlər verməyərək, özünəməxsus formada qiymət verdiyi sübutlara qiymət verilməsi üçün yenidən araşdırma göstərişi verdiyini göstərmişdir.

41. Məhkəmə kollegiyası hesab etmişdir ki, təkrar apellyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsi təkrar ekspertiza təyin edilməsi barədə qərardadda göstərilənlərə əməl etməyən ekspert rəyini mötəbər sübut qəbul etməklə, kassasiya instansiyası məhkəməsinin qərarında şərh edilmiş göstərişlərə tam əməl etməmiş, natamam ekspert rəyinə istinad etməklə cavabdehin apellyasiya şikayətinin dəlillərinin tam və hərtərəfli araşdırmamaqla, onun ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur. Halbuki cavabdehin texniki pasportunda göstərilən 87 kv.m sahənin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təqdim edilmiş Bakı şəhəri Xətai r-nu F.Bayramov küçəsi 1156 məhəllədə inşa edilən yaşayış kompleksinin 2 saylı binasının 1-ci mərtəbəsinin planına əsasən binanın hansı hissəsində yerləşdiyini müəyyən etmək məhz məhkəmə tikinti-texniki ekspertinin xüsusi bilik sahəsinə aid olmaqla, təkrar ekspertizanın səlahiyyətinə aid olan məsələ olmuş, ekspert həmin məsələni aydınlaşdırmaqdan yayınmışdır.

42. Məhkəmə kollegiya qeyd etmişdir ki, mübahisə predmeti olan qeyr-iyaşayış sahəsinin hər iki tərəfə daşınmaz əmlakın dövlət reyestrindən verilmiş sənədlərdə əks olunan eyni sahə olub-olmamasının müəyyən edilməsi hazırki iddianın həll edilməsi üçün əhəmiyyətli haldır. Belə ki, əgər eyni sahə hər iki tərəfin əmlakı kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdırsa, bu hal artıq iddianın qanuni əsası olan Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinin birini, yəni əmlaka sahibliyin qanunsuz olduğunu istisna edən haldır. Belə olan halda, artıq tərəflər həmin sənədləri onları verən inzibati orqana qarşı mübahisələndirməlidirlər.

Proses iştirakçılarının izahatı

43. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.

44. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı və üçüncü şəxslər (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası

45. Maddə 13 (hissə 1). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

46. Maddə 13 (hissə 3). Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

47. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyaclarıvə ya ictimai ehtiyaclarüçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

48. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

49. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

50. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

53. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

54. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

55. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

56. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

57. Qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

58. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilməlidir.

59. İşin müəyyən edilmiş hallarından görünür ki, satıcı "xxxx" MMC ilə alıcı X10 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 11/7 saylı müqaviləyə əsasən Bakı şəhəri, Fəzail Bayramov küçəsı, 1156 ünvanında yerləşən yaşayış binasının 1-ci mərtəbəsındə yerləşən ümumi sahəsı 174 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi alıcıya satılmış, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2- 1(82)2970/2017 saylı qərarı ilə iddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi idarəsinə qarşı “mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edılməsi'’ tələbinə dair iddia tələbi təmin edilərək qeyd olunan qeyri-yaşayış sahəsinə dair iddiaçının adına mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsı vəzifəsi cavabdehə həvalə olunmuşdur. Həmin qərar icra edilmiş və S.Bağırovun adına Bakı şəhəri, Fəzail Bayramov küçəsı, 1156-cı məhəllədə yerləşən qeyriyaşayış sahəsinə dair xx.xx.2017-ci il tarixdə Çıxarış və Texniki Pasport verilmişdir. Sonuncu tərəfindən həmin qeyri-yaşayış sahəsi xx.xx.2017-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən hazırki iş üzrə iddiaçıya satılmışdır. İddiaçı da öz adına Çıxarış və Texniki Pasport almışdır.

60. Cavabdeh isə "xxxx" MMC ilə bağlanmış xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən ünvan 3 ünvanda inşa edilən 2 saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi tikinti sahəsi 87.0 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsini almış, onun həmin qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququ xx.xx.2018-ci ildə qeydə alınmışdır.

61. Hazırda iddiaçı müqaviləyə, çıxarışa və texniki pasporta istinad edərək mülkiyyətində olan 169 kv.m qeyri-yaşayış sahəsinin 87 kv.m-nin cavabehin qanunsuz istifadəsində olduğunu iddia edir. Cavabdeh isə iddiaya qarşı etirazında, apellyasiya şikayətində müqaviləyə, müqaviləyə əlavə edilmiş yerləşmə cizgisinə, mülkiyyət hüququna dair çıxarışa və texniki pasporta istinad edərək, faktiki istifadəsində olan qeyri-yaşayış sahəsinin ona aid olduğunu bildirir.

62. Hazırki iddianın qanuni əsasını təşkil edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

63. Qeyd edilən maddədə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir. 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Bu üç şərtdən birinin mövcud olmaması iddianın təmin edilməsini istisna edir.

64. Mübahisəli qeyri-yaşayış sahəsi Səhlab Bağırova satılarkən "xxxx" MMC tərəfindən satılan sahənin yerləşmə cizgisi verilməmiş, bununla belə onun hüquqları məhkəmə qətnaməsi əsasında qeydə alınarkən verilmiş texniki pasportda qeyri-yaşayış sahəsinin 2 saylı binanın hansı hissəsində yerləşməsi öz əksini tapmışdır (həmin məsələ hazırki mübahisənin predmeti deyil).

65. Göründüyü kimi, iddiaçının texniki pasportunda qeyri-yaşayış sahəsinin 2 saylı binanın hansı hissəsində yeləşdiyini göstərən situasiya planı əks olunmuşdur, yəni iddiaçının qaytarılmasını tələb etdiyi əmlakın mülkiyyətçisi olması şərti ödənilir.

66. Həmin daşınmaz əmlakın bir hissəsi faktiki cavabdehin sahibliyində və istifadəsindədir.

67. Hazırki iddia tələbinin əsaslı olub-olmaması üçün müəyyən edilməli olan hal həmin daşınmaz əmlakın cavabdehin sahibliyində qanunsuz olub-olmamasıdır.

68. İş materiallarından görünür ki, S.Bağırovdan alqı-satqı müqaviləsi əsasında qeyriyaşayış sahəsini əldə etmiş İddiaçı baxılan işdə irəli sürülmüş eyni tələblə məhkəməyə müraciət etmiş, məhkəmə baxışını gedişində o, iddia tələbinin həcmini dəyişdirmiş və cavabdedən 500 manat məbləğində mənəvi zərər tələb etmişdir. Həmin qətnamə ilə müəyyən olunmuşdur ki, «İddiaçı ünvan 13 ünvanda ümumi sahəsi 161,9 kv.m olan qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququ, Cavabdeh isə ünvan 14 ünvanında yerləşən ümumi sahəsi 83,7 kv.m olan qeyri-yaşayış sahəsinə mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmışdır, əmlaklar fərqli ünvanlarda yerləşir, mübahisələndirilən əmlak həmin ünvandakı 2 saylı binanın birinci mərtəbəsində yerləşməklə hazırda Cavabdeh qanuni istifadəsindədir. Bununla belə mübahisəli əmlakla əlaqədar iddiaının mənəvi sarsıntı və iztirab keçirməsində cavabdehin təqsiri, həmçinin həmin əmlaka cavabdehin mülkiyyət hüququnu istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı.»

69. Göründüyü kimi artıq qanuni qüvvəsini almış və eyni tərəflər arasında olan mülki iş üzrə müəyyən edilmişdir ki, tərəflərin iddia etdiyi qeyri-yaşayış sahəsi fərqli ünvanlarda yerləşir və mübahisələndirilən əmlak həmin ünvandakı 2 saylı binanın birinci mərtəbəsində yerləşməklə hazırda Cavabdeh qanuni istifadəsindədir.

70. Eyni zamanda, Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2018-ci il tarixli, **********66 saylı məktubdan aydın şəkildə müəyyən olunur ki, Səhlab Bağırovun adına xx.xx.2017-ci il tarixdə çıxarış və texniki pasport "xxxx" MMC tərəfindən verilmiş maliyyə arayışı və xx.xx.2017-ci il tarixli 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin qərarına əsasında verilmiş və həmin qeyri-yaşayış sahəsi xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı özgəninkiləşdirilmişdir. Cavabdeh adına xx.xx.2018-ci il tarixdə çıxarış və texniki pasport isə "xxxx" MMC tərəfindən verilmiş maliyyə arayışı, yerləşmə cizgisi və xx.xx.2018-ci il tarixli 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarına əsasında verilmişdir.

71. Göründüyü kimi S.Bağırov və İddiaçı daşınmaz əmlaka çıxarışlar verilərkən qeyriyaşayış sahəsinin 2 saylı binanın konkret olaraq hansı hissəsində yerləşməsi barədə “yerləşmə cizgisi” mövcud olmamışdır. Yəni, S.Bağırovla 14 yanvar 2013-cü il tarixdə bağlanmış müqavilədə qeyri-yaşayış sahəsinin harada yerləşməsi xüsusi cizgidə göstərilməmiş, müvafiq sahənin binanın daxilində yerləşmə yeri fərdiləşdirilməmişdir. Bunun əksinə isə Cavabdehlə müqavilə bağlanarkən qeyri-yaşayış sahəsinin 2 saylı binanın hansı hissəsində yerləşməsini əks etdirən cizgi tərtib olunmuş və müqaviləyə əlavə edilmişdir. Buna baxmayaraq, S.Bağırova verilmiş texniki pasportda qeyriyaşayış sahəsinin situasiya planı tərtib olunmuş, S.Bağırova verilmiş texniki pasportda isə tərtib olunmamışdır. Hər bir halda, hər iki tərəfin qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququ qanuni qüvvəyə minmiş məhkəmə aktı əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır və eyni sahəni ehtiva edir.

72. Beləliklə iş materialları ilə müəyyən edilir ki, cavabdehə satılmış və sonradan adına qeydə alınmış sahə məhz iddiaçının texniki pasportunda (situasiya planında) əks olunmuş sahənin bir hissəsi ilə üst-üstə düşür. Bunun üçün hər hansı ekspertiza keçirməyə və ya başqa araşdırma aparmağa heç bir zərurət yoxdur.

73. Odur ki, mübahisəli sahənin cavabdehin qanunsuz sahibliyində olması müəyyən edilmir, əksinə iş materiallarından müəyyən edilir ki, həmin sahə cavabdehin qanuni sahibliyindədir.

74. Belə olan halda iddiaçının tələbinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtləri tam ödənilmir (mübahisəli sahənin cavabdehin istifadəsində qanunsuz olması şərti).

75. Odur ki, iddiaçının tələbi əsassız olduğundan rədd edilməlidir.

76. Kollegiya onu da qeyd edir ki, tərəflər arasında mübahisəyə səbəb olan hal hər ikisinin də eyni yerə hüquqlarının qeydə alınması ilə bağlıdır ki, bu da maraqlı tərəfin təşəbbüsü ilə inzibati icraat qaydasında həll edilə bilər.

77. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-467/2020 nömrəli iş üzrə 04 fevral 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh Xasay oğluna qarşı “qeyri-yaşayış sahəsindən sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə törədilən maneələrə və mülkiyyət hüququnun pozulmasına son qoyulması, qeyri-yaşayış sahəsinin boşaldılması tələbinə dair” iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar