Məhkəmə qərarları › İş №2(103)-3084/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3084/2020

13.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mü
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3084/2020 13.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X7 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Qurbanqulu oğlunun Cavabdeh qarşı “borc və vurulmuş maddi və mənəvi zərər” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qurbanqulu oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 manat pulun, vurduğu maddi zərərə görə 2000 manatın və 1000 manat mənəvi zərərin və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının Cavabdeh ilə tanışlığı olub. Elə bu vasitə ilə cavabdeh iddiaçıdan 2017-ci ilin əvvəllərində 5000 manat məbləğində borca pul istəmişdir. İddiaçı isə cavabdehə 5000 manat məbləğində pulu vermişdir. Həmin vaxt cavabdeh iddiaçıya öz əlyazması ilə 5000 manatı hissə-hissə qaytarmağa dair qəbz yazaraq hər ayın 12-si ödəniş etməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh söz verdiyi vaxtda həmin pulu qaytarmamışdır. İddiaçı dəfələrlə cavabdehdən pulunu istədikdə cavabdeh hərdən bir bəhanə ilə imtina etməyə başlamışdır. İddiaçı hazırda 17 saylı X1, cavabdeh həmin puldan bir manat belə ödəmədiyindən və iddiaçının ailə ehtiyacları üçün həmin pula olan tələbatından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddiaçıya 5000 manat məbləğində borclu olduğu pulu qaytarmamaqla iddiaçıya həm də maddi və mənəvi zərər vurmuşdur. Cavabdeh həmin pulu vaxtında iddiaçıya qaytarmadığından cavabdeh iddiaçıya həm maddi, həm də əsəb və stress çəkdiyindən mənəvi zərər vurmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(004)- 3761/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 5000 manat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Qurbanqulu oğlunun xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsasdırılmışdır ki, qətnamə qanunsuz, əsassiz və ədalətsizdir, buna görə də ləğv edilməlidir. Belə ki, iddiaçının iddia tələbi tam əsassızdır. Məhkəmədə proses maddi və prosesual hüquq normalarının pozulması ilə keçmiş, faktiki iddiaçının ona borc verməsi subut edilməmişdir və hakim prosesi çəkişmə prinsipini pozaraq aparmışdır. Məhkəmə iclasında Cavabdeh apelyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmiş, əlavə olaraq göstərmişdir ki, həmin məbləği iddiaçıdan real olaraq almamış, əslində iddiaçı ilə onun bir tanışı arasında pulun qaytarılması məsələsi olmuş, məhz həmin məsələyə görə İddiaçı pulun qaytarılacağına əmin etmək üçün bu ərizəni yazıb vermişdir. İddiaçı Qurbanqulu oğlu məhkəməyə 17 saylı X6 vasitəsi ilə ərizə ünvanlayaraq iddia tələbini müdafiə etdiyini, birinci instansiya məhkəməsinin borcun ödənilməsi ilə bağlı ədalətli qətnamə çıxardığını bildirmiş, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İddia ərizəsi üzrə birinci instansiya məhkəməsinə təqdim olunmuş sübutlarla mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, Cavabdeh xx.xx.2017-ci il tarixdə İddiaçı Qurbanqulu oğlundan yazılı sənəd tərtib etməklə 5000 manat məbləğində borc almış və həmin borcu hissə-hissə hər ayın 12-si qaytaracağı barədə öhdəlik götürmüşdür. Lakin, cavabdeh borc müqaviləsi əsasında iddiaçıdan borc alınmasına dair hüququndan istifadə etmiş, borc pul vəsaitini ödəməli olmasına dair vəzifəsini icra etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, iddiaçı verdiyi borcu tələb etməkdə haqlı olmuşdur. Belə ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi tərəflər arasında borc münasibətləri mövcud olmuşdur. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası MM-nin 740.2-ci maddəsinə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Qanunvericiliyin yuxarıda sadalanan müddəalarına əsasən müəyyən edilir ki, tərəflər borc müqaviləsini bağlayarkən sərbəst olaraq öz iradələrini ifadə etmişlər və müqavilənin yazılı bağlanması ilə əlaqədar imperativ normanın tələbinə riayət etmişlər. Hazırda apelyant onunla iddiaçı arasında borc münasbiətlərinin mövcud olmadığını, onun iddiaçıdan pul almadığını, həmin müqaviləni başqa bir şəxsin borcunu ödəyəci ilə bağlı əminlik olması üçün imzaladığını bildirməklə, faktiki olaraq, qeyd edilən müqavilənin etibarsız əqd olduğunu bildirir. Lakin o, bununla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MM-nin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Məcəllənin 340.2-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Cavabdeh apelyasiya şikayətinin dəlili kimi birinci instansiya məhkəməsində çəkişmə prinsipinin pozulduğunu qeyd etsə də, məhkəmə kollegiyası onun bu dəlili ilə razılaşmır. İş materiallarından da görünür ki, iddiaçı məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehin özü də iddiaçının iştirakı olmadan məhkəmə iclasının davam etdirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan əlavə, Cavabdeh iddiaçının ona borc verdiyinin birinci instansiya məhkəməsində sübuta yetirilmədiyini qeyd etsə də, iş materiallarında olan özünün əl yazmasından görünür ki, o, İddiaçı Qurbanqulu oğlundan xx.xx.2017-ci il tarixdə 5000 manat pul borc aldığını, borcunu hər ay hissə-hissə hər ayın 12-sinə kimi ödəyəcəyini öhdəsinə götürdüyünü, iltizamnaməni pozduğu təqdirdə qanunvericiliyə uyğun tam məsuliyyəti ilə cavab verəcəyini bildirmişdir. Məhkəmə kollegiyası cavabdehin izahatına və apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, dəlillər birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv olunması üçün əsas deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. X5 Məhkəməsi “X2rşı” iş üzrə xx xxxx 2007-ci il tarixli Qərarında göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(004)- 3761/2019 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar