Məhkəmə qərarları › İş №2(103)-3134/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3134/2023

04.07.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3134/2023 04.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (Maraqlı şəxs və "xxxx" QSC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə (Açar sözlər: birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), X9 və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil3 və vəkili Vəkil1, Cavabdeh və vəkili Vəkil5, Üçüncü şəxs Maraqlı şəxs nümayəndəsi-vəkili Vəkil4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (Maraqlı şəxs və "xxxx" QSC-yə qarşı “birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsü tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli 2(010)-3551/2022 nömrəli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə 04 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı və cavabdeh xx.xx.2015-ci il tarixdə rəsmi nikaha daxil olmuş, onların birgə nikahından xx.xx.2016-cı il təvəllüdlü X4 doğulmuşdur. Tərəflər arasında olan nikah Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə pozulmuş, birgə nikahdan doğulmuş uşağın anası İddiaçı yanında qalması, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün ata Cavabdeh hər ay 193 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir.

2. "xxxx" MMMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 0352 saylı arayışda göstərilmişdir ki, Maraqlı şəxs həqiqətən ünvan 1 ünvanında “Kristal-MTK” nın inşa etdiyi, “ünvan 2sının 389 saylı mənzilində xx.xx.2014-cü ildən xx.xx.2021-ci ilədək yaşamışdır. Vətəndaş Maraqlı şəxs xx.xx.2019-cu il tarixdən özünə məxsus “Toyota” markalı, ** UD *** qeydiyyat nişanlı avtomobili binanın parkinqində 14 saylı dayanacaqda saxlamışdır. xx.xx.2019-cu il tarixdən “Range Rover” markalı, ** KC *** qeydiyyat nişanlı avtomobili 13 saylı dayanacaqda saxlamışdır. Bu avtomobilləri sürücüsü Cavabdeh idarə etmişdir.

3. "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 51 nömrəli arayışa görə Cavabdeh həqiqətən "xxxx" Mənzil Tikinti Kooperativində xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər sürücü işləmiş və ştat üzrə aylıq əmək haqqı 375 manat təşkil etmişdir.

4. 23.04.2021-ci il tarixli, AR-İİ seriyalı, 286083 nömrəli etibarnamə ilə İddiaçı daşınmaz əmlak istisna olmaqla harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq özünün bütün daşınar əmlaklarının üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən satmaq səlahiyyəti, bütün şəxslərdən müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən, bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları eləcə də sənədləri almağı, baratlar almağı, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda onun adından ərizə verməyi, sığorta şirkətində, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ QİŞ səlahiyyətli nümayəndəsi olmağı, sənədləri təqdim edib onun adına nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini almağı, aldığına dair imza etməyi, işləri aparmağı, qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, zərərçəkmişə verilmiş bütün hüquqlara, o cümlədən işi sülh yolu ilə qurtarmaq, iddia tələblərini bütünlüklə və ya qismən etiraf etmək və yaxud onlardan imtina etmək, iddia predmetinin dəyişdirilməsi, məhkəmənin şikayət edilməsi, əmlakı və ya pulu almaq hüququ ilə icra vərəqəsini təqdim etmək hüquqlarına malik olmaqla bütün hərəkətləri etməyi, üzərində istənilən sərəncamı verməyi və idarə etmək səlahiyyəti ilə X3 etibar edir.

5. 23.04.2021-ci il tarixli, AR-İİ seriyalı, 286082 nömrəli etibarnamə ilə Cavabdeh daşınmaz əmlak istisna olmaqla harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, özünün bütün daşınar əmlaklarının üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən, satmaq səlahiyyəti bütün şəxslərdən müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən, bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları eləcə də sənədləri almağı, baratlar almağı, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda onun adından ərizə verməyi, sığorta şirkətində, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ QİŞ səlahiyyətli nümayəndəsi olmağı, sənədləri təqdim edib onun adına nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini almağı, aldığına dair imza etməyi, işləri aparmağı, qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, zərərçəkmişə verilmiş bütün hüquqlara, o cümlədən işi sülh yolu ilə qurtarmaq, iddia tələblərini bütünlüklə və ya qismən etiraf etmək və yaxud onlardan imtina etmək, iddia predmetinin dəyişdirilməsi, məhkəmənin şikayət edilməsi, əmlakı və ya pulu almaq hüququ ilə icra vərəqəsini təqdim etmək hüquqlarına malik olmaqla bütün hərəkətləri etməyi, üzərində istənilən sərəncamı verməyi və idarə etmək səlahiyyəti ilə X3 etibar edir.

6. "xxxx" Bankı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********41419 nömrəli kredit müqaviləsinə görə bu müqaviləyə əsasən Bank Borcalana 36 ay müddətinə, 43900 AZN məbləğində, kreditdən istifadəyə görə illik 16% ödənilməsi şərt ilə kredit verməyi, Borcalan isə kreditdən nəqliyyat vasitəsinin alınması üçün istifadə etməyi, Müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada krediti qaytamağı və ona hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürür.

7. "xxxx" Bankı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinə görə Cavabdeh "xxxx" Bank ASC qarşısında xx.xx.2019-cu il tarixli, **********41419 nömrəli kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Cavabdeh tərəfindən qeyd edilən kredit müqaviləsi üzrə verilmiş kredit hesabına əldə edilən “Toyota Camry” markalı, ** UD *** dövlət qeydiyyat nişanlı avtomobilin "xxxx" Bank ASC-nin ipoteka hüququ ilə yüklü edilməsi bu müqavilənin predmetini təşkil edir.

8. xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən Cavabdeh “X27 Rover” minik markalı, ** KC *** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2015-ci il olan nəqliyyat vasitəsini 160000 manata "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə satmışdır.

9. Lizinq verən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və lizinq alan Maraqlı şəxs arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 007/21 saylı daxili maliyyə lizinqi müqaviləsinə əsasən "xxxx" QSC Maraqlı şəxs tərəfindən seçilmiş və bu Müqaviləyə Əlavə 2-də qeyd olunmuş və ətraflı təsviri verilmiş Cavabdeh məxsus əmlakı mülkiyyət hüququ ilə əldə etməyi və Maraqlı şəxs xahişi əsasında, lizinq vasitəsilə, lizinq haqqı müqabilində Azərbaycan Respublikasının qanunvericiliyi, habelə bu Müqavilənin müddəalarına uyğun olaraq Maraqlı şəxs müvəqqəti istifadəsinə və sahibliyinə verməyi öhdəsinə götürür. Əlavə 2: lizinq obyektinin adı: “X27 Rover minik” markalı (ban SALGA3EF7FA200007, buraxılış ili:2015, rəngi:qara metallik) avtomobil.

10. Alıcı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və satıcı Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, AK-007/21 nömrəli avtomaşının alqı-satqı müqaviləsinə əsasən Cavabdeh “X27 Rover” minik markalı, buraxılış ili 2015, ban SALGA3EF7FA200007, mühərrik 0, rəngi qara metallik olan avtomaşını bu Müqavilədə nəzərdə tutulmuş şərtlərlə "xxxx" QSC-yə satmağı, "xxxx" QSC isə Cavabdeh həmin avtomaşını lizinq obyekti məqsədi ilə mülkiyyət hüququ ilə əldə etməyi və 160000 AZN müqavilə şərtləri üzrə ödəməyi öhdəsinə götürür.

11. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X25 İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli məktubla verilmiş kompüter çıxarışlarına görə: - xx.xx.2019-cu il tarixdə Cavabdeh adına qeydiyyat alınan “X27 Rover” minik markalı, ** KC *** dövlət qeydiyyat nişanlı, 2015-ci il buraxılışlı, qara metallik rəngli avtomobil xx.xx.2019-cu il tarixdə etibarnamə ilə Maraqlı şəxs və X6 istifadəsinə verilmiş, xx.xx.2021-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır; - xx.xx.2020-ci il tarixdə Cavabdeh adına qeydiyyat alınan “Mercedes Benz 240” minik markalı, ** RO *** dövlət qeydiyyat nişanlı, 1998-ci il buraxılışlı, gümüşü metallik rəngli avtomobil xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında Cavabdeh adından qeydiyyatdan çıxarılmışdır; - xx.xx.2019-cu il tarixdə Cavabdeh adına qeydiyyata alınan “Toyota Camry” minik markalı, ** UD *** dövlət qeydiyyat nişanlı, 2019-cu il buraxılışlı, qara metallik rəngli avtomobil xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılmış, daha sonra həmin tarixdə X7 adına qeydiyyata alınmış və hazırda da X7 adına qeydiyyatdadır; - xx.xx.2020-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınan “Hyundai Elantra” minik markalı, ** XB *** dövlət qeydiyyat nişanlı, 2013-cü il buraxılışlı, qara rəngli avtomobil xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən onun adından qeydiyyatdan çıxarılmışdır.

12. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X25 İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli məktubla verilmiş kompüter çıxarışına görə xx.xx.2021-ci il tarixdə "xxxx" QSCnin adına qeydiyyat alınan “X27 Rover” minik markalı, ** AZ *** dövlət qeydiyyat nişanlı avtomobil hazırda da "xxxx" QSC-nin adına qeydiyyatdadır. Qeyd: lizinq müqaviləsinə əsasən özgəninkiləşməsin.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında xx.xx.2015-ci il tarixdə bağlanmış nikahın pozulması, həmin nikahdan doğulmuş yetkinlik yaşına çatmayan X2 öz yanında qalması, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin iddianın verildiyi tarixdən etibarən cavabdehdən tutularaq ona verilməsi, Cavabdeh ilə birgə mülkiyyətindəki əmlakın onlar arasında bərabər paylarla bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(010)-2515/2022 saylı qərardadı ilə “nikahın pozulması, uşağın ananın yanında qalması və aliment” tələbinə dair iddia ilə “birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsü” tələbinə dair iddiaya ayrıca icraata ayrılaraq baxılması qərara alınmışdır.

14. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun razılığı olmadan Cavabdeh nikah dövründə əldə edilmiş üç nəqliyyat vasitəsinin – “Hyundai Elantra” markalı, ** XB *** dövlət qeydiyyat nişanlı; “Toyota Camry” markalı, ** UD *** dövlət qeydiyyat nişanlı; “Mercedes Benz 240” markalı, ** RO *** dövlət qeydiyyat nişanlı minik avtomobillərinin dəyərinin yarısının – 43750 manat məbləğində pul vəsaitinin ona dəymiş zərərin əvəzi kimi cavabdeh tərəfindən ona ödənilməsini, “X27 Rover” markalı, ** KQ *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin özgəninkiləşdirilməsinə dair BDYPİ vasitəsilə bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və “X27 Rover” markalı, ** KQ *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin ona və cavabdehə bərabər paylarla paylı mülkiyyətdə olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdehə məxsus əmlaklar barədə onda məlumat yoxdur. Belə ki, bununla bağlı müvafiq orqanlara vəkil sorğusu ilə müraciət edilsə də, müvafiq məlumatların verilməsindən imtina edilmişdir. Birgə əmlakın müəyyən edilməsi barədə məhkəmə qaydasında müvafiq sorğu göndərilməsi üçün vəsatət iddia ərizəsi məhkəmə tərəfindən qeydiyyat alındıqdan sonra təqdim ediləcəkdir.

16. Dəqiqləşdirmə barədə ərizədə göstərilmişdir ki, sorğuya cavabdan məlum olmuşdur ki, cavabdehin adına nikah dövründə əldə olunmuş “Toyota Camry” markalı, ** UD *** dövlət qeydiyyat nişanlı avtomobil mövcuddur. Bundan əlavə cavabdeh tərəfindən nikah dövründə əldə olunan üç nəqliyyat vasitəsi - “Hyundai Elantra” markalı, ** XB *** dövlət qeydiyyat nişanlı, “X27 Rover” markalı, ** KQ *** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz 240” markalı, ** RO *** dövlət qeydiyyat nişanlı minik avtomobillərini onun razılığı olmadan 2021-ci il yanvar aylarında alqı-satqı müqavilələri əsasında özgəninkiləşdirilmişdir. O məhkəməyə müraciət etdikdən sonra cavabdeh “Toyota Camry” markalı avtomobili də onun razılığı olmadan özgəninkiləşdirmişdir. Bütün nəqliyyat vasitələri qohum olan şəxslərin adına özgəninkiləşdirilmişdir.

17. Birinci instansiya məhkəməsində şahid qismində ifadəsi dinlənilmiş X5 bildirmişdir ki, Cavabdeh onun əmisi oğlu, iddaiçı İddiaçı isə Namiqin arvadıdır. Mübahisə predmeti olan iki avtomobil - “Toyota Camry” markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı və “X27 Rover” markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobillər özlərinə məxsus olmuş, bu avtomobillərdən biri əri Maraqlı şəxs, digəri isə oğlu Babayev Kənanın istifadəsində olmuş və alındığı gündən onlar istifadə etmişlər. İddiaçı xx.xx.2022-ci il tarixli etibarnaməni ona məhz avtomobillərlə bağlı, avtomobillər onlara məxsus olduğu üçün vermişdir. İddiaçı və cavabdeh arasında dəfələrlə söz-söhbət olmuş, lakin onları həmişə barışdırmışlar. Hətta iddiaçı cavabdehə hədə qorxu gəlmişdir ki: “Görün sizin başınıza nə oyun açacam”.

18. Şahid qismində ifadəsi dinlənilmiş X12 bildirmişdir ki, cavabdeh anasının əmisi oğlu, iddiaçı isə anasının əmisi oğlunun arvadldır. Mübahisəli avtomobillər kredit müqaviləsinə əsasən alınmış, faktiki olaraq cavabdehin adına qeydiyyatdan keçsə də alındığı gündən “Toyota Camry” markalı avtomobili etibarnamə əsasında o, “X27 Rover” markalı minik avtomobili isə etibarnamə əsasında atası Maraqlı şəxs idarə etmişdir. Maşın formal olaraq cavabdehin adına olmuş, buna görə də cavabdeh tərəfindən bu avtomobillərin alqı-satqısı zamanı heç bir ödəniş edilməmişdir. Avtomobilin sonradan onun adına qeydiyyata alınması üçün özü də heç bir ödəniş etməmişdir.

19. Şahid qismində ifadəsi dinlənilmiş X18 bildirmişdir ki, Cavabdeh xatırlamır, lakin onun müdiri Maraqlı şəxs tanıyır. Təxminən üç il əvvəl Bakir müəllimlə görüşmüş, Bakir müəllim ona məxsus olan “X27 Rover” markalı avtomobili görmüş və avtomobili bəyənmişdir. Bakir müəllim avtomobili ona satmağı təklif etmişdir. O da bununla razılaşmış, avtomobili 115000 manata satmış və Bakir müəllim pulu nağd şəkildə ona vermişdir. Avtomobili Namiqin adına rəsmiləşdirmişlər.

20. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli 2(010)- 3551/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilməmiş, 400 manat məbləğində mütəxəssis xidməti haqqının İddiaçı tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməsi qət edilmişdir.

21. Tədqiq edilmiş bütün bu sübutlara əsasən məhkəmə hesab etmişdir ki, “Toyota Camry” markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı minik avtomobil və “X27 Rover” markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobillər iş üzrə tərəflərin nikahı dövründə, onların gəlirləri hesabına əldə edilmiş əmlak yox, üçüncü şəxs Maraqlı şəxs vəsaiti hesabına əldə edilmiş əmlakdır. Belə görünür, üçüncü şəxs bu avtomobilləri sadəcə formal olaraq cavabdehin adına rəsmiləşdirmişdir. Bu səbəbdən iddiaçı bu avtomobillərdən heç biri üzərində pay tələb edə, avtomobillərin dəyərinin yarısının ona ödənilməsini tələb edə bilməz.

22. Məhkəmə bu cür nəticəyə gələrkən onu da nəzərə almışdır ki, iş üzrə nə iddiaçı, nə də cavabdehin nikahları dövründə iki bahalı avtomobil almağa maddi imkanı olduğu məhkəmə araşdırması nəticəsində müəyyən edilməmişdir. Əksinə, cavabdeh bildirmişdir ki, ailəli olduqları dövrdə 500 manata kirayə qalmışlar, iddiaçının vəkili isə bu qeyd ediləni təsdiq etmişdir. Bu səbəbdən tərəflərin nikah dövründəki gəlirlərinin araşdırılması üçün məhkəmə tərəfindən dəfələrlə İddiaçı şəxsən məhkəmə iclasında iştirakının təmin edilməsinin zəruri olduğu iddiaçının vəkilinə bildirilsə də, hətta sırf bunun üçün məhkəmə iclasları bir neçə dəfə təxirə alınsa da iddiaçı iş üzrə keçirilən məhkəmə iclaslarının heç birində iştirak etməmiş, əvəzində gedib ikinci bir vəkillə müqavilə bağlamağa üstünlük vermişdir. Məhkəmə iddiaçının məhkəmə iclasında şəxsən iştirak etməməsini ümumən onun əleyhinə şərh etməsə də yuxarıda qeyd edilmiş sübutların (xüsusən səs yazılarının) fonunda daxili inamını formalaşdırarkən nəzərə alır.

23. Bununla belə məhkəmə hesab etmişdir ki, “X27 Rover” markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin Cavabdeh tərəfindən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə satılmasına dair xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi, eləcə də bu avtomobilin "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Maraqlı şəxs lizinqə verilməsinə dair xx.xx.2021-ci il tarixli daxili maliyyə lizinq müqaviləsi əhəmiyyətsiz əqdlərdir. Ona görə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş və cavabdeh, eləcə də üçüncü şəxs tərəfindən mübahisələndirilməyən hallarından görünür ki, Cavabdeh bu avtomobilin əsl mülkiyyətçisi olmamış, dolayısı ilə nə bu avtomobili “alarkən”, nə də “satarkən” heç bir vəsait xərcləməmiş/qazanmamışdır. Bu baxımdan məhkəmə həmin müqavilələrin hər ikisini görüntü üçün bağlanmış yalan əqd kimi qiymətləndirir. Hər bir halda bu vəziyyət iddia tələbinin bu avtomobillərə münasibətdə əsassız olmasını dəyişdirmir.

24. Digər iki avtomobil - “Mercedes Benz 240” markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı və “Hyundai Elantra” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobillərə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, bu avtomobillərin dövlət qeydiyyatı məlumatlarından görünür ki, avtomobillərin hər ikisi xx.xx.2020-ci il tarixdə cavabdehin adına qeydiyyata alınmış, “Mercedes Benz 240” markalı minik avtomobil xx.xx.2021-ci il tarixdə, “Hyundai Elantra” markalı minik avtomobil isə xx.xx.2021-ci il tarixdə satılmışdır. Məhkəmə hesab etmişdir ki, bu avtomobillərin hər ikisi tərəflərin nikahda olduqları dövrdə, daha dəqiqi aralarındakı ailə münasibətlərinin hələ pozulmadığı dövrdə satıldığından iddia bu avtomobillərə münasibətdə də təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən cavabdehlə olan nikahının pozulmasına dair iddia ərizəsi ilə məhkəməyə 2022-ci ilin iyul ayında müraciət edilmiş və həmin ərizədə tərəflərin bir neçə aydır ki, ayrı yaşadıqları göstərilmişdir. Elə cavabdeh də işin bu halına istinad etmiş, avtomobillərin satıldığı dövrdə onlar arasındakı ailə münasibətlərinin pozulmadığını, dolayısı ilə iddiaçının bu avtomobillərin satışından məlumatlı olduğunu və avtomobillərin satışından əldə edilən vəsaitin ailə xərclərinin qarşılanmasına sərf olunduğunu bildirmişdir. Öz növbəsində iddiaçı tərəf isə tərəflər arasındakı ailə münasibətlərinin çox daha əvvəl pozulduğunu təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.

25. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Ailə Məcəlləsinin 31, 32, 33.1, 33.3, 36.1, 36.3, 36.4, 37.1, Mülki Məcəllənin 152.1, 225.1, MPM-nin 14.2, 77.1, 88, 107, 119.1, 217.3, 217.4-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

26. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi, 400 manat mütəxəssis xidməti haqqının ödənilməsinin cavabdehə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

27. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə qeyd olunan avtomobillərin niyə məhz Maraqlı şəxs digər bir oğlunun və ya qohumunun adına yox, məhz arvadının əmisi oğlu olan cavabdehin adına rəsmiləşdirilməsi məsələlərinə toxunmamışdır. Məhkəmə cavabdehin və onun gəlirlərinin bu maşınları almağa kifayət etməyəcəyi qənaətinə gəlsə də, Maraqlı şəxs hansı maddi vəsaitlər əsasında bu maşınları əldə etməsini sorğulamamış, onun nümayəndəsinin məhkəmə çıxışlarındakı tələblərinə baxmayaraq, onun maddi vəziyyətinə qiymət verməmişdir. Bununla da, məhkəmə onun cavabdehin mülkiyyəti barədə dövlət reyestrindən təqdim etdiyi çıxarışı kifayət qədər əsaslı sübut hesab etməmiş, bunun müqabilində heç bir sənəd və faktla təsdiqini tapmamış ifadələri isə mötəbər hesab etmişdir. Cavabdeh tərəfindən satılmış digər iki nəqliyyat vasitəsinə - “Mercedes Benz 240” markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı və “Hyundai Elantra” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı minik avtomobillərə münasibətdə isə cavabdeh qeyd olunan maşınları onun razılığı olmadan özgəninkiləşdirmişdir. O, nəqliyyat vasitələrinin özünün razılığı olmadan necə özgəninkiləşdirildiyini müəyyən etmək üçün sorğu ilə DİN-ə müraciət etmiş, lakin DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən göndərilmiş cavabda bildirilmişdir ki, nəqliyyat vasitələrinin qeydiyyat hərəkətlərinin aparılmasına əsas olmuş sənədlərin surətinin almağa yalnız təhqiqat, istintaq və məhkəmə orqanlarının hüququ vardır. Bu səbəblə, sübutların əldə edilməsi barədə vəsatətlə məhkəməyə müraciət etmiş, məhkəmə bu məsələ barədə heç bir mövqe bildirməmiş, vəsatətini nəzərə almamış və məsələni həll etməmişdir. Məhkəmə həmçinin cavabdeh tərəfindən təqdim olunmuş səs yazmasının sübut olaraq qəbul olunmaması üçün verdiyi etirazı təmin etməmişdir. Qeyd olunan danışıq isə cavabdeh və iddiaçı arasında baş verməmişdir, buna görə də cavabdeh bu səs yazısını sübut qismində təqdim edə bilməz. Həmçinin “Hyundai Elantra” markalı avtomobil üçün cavabdehin etirazı əsasında verilmiş ikinci qiymətləndirmə hesabatına görə xərclərin ondan tutulmasına da etiraz edir. Belə ki, cavabdehin özgəninkiləşdirdiyi hər 3 maşın üçün ilk dəfə mütəxəssis baxışı təyin olunmuş və müvafiq qiymətləndirmə təqdim olunmuşdur. Bu qiymətləndirmə üçün xərcləri o, çəkmişdir. Lakin cavabdeh qeyd olunan maşının qiymətləndirməsinə etiraz etmiş, onun daha aşağı qiymətli olduğunu iddia etmişdir. Onun etirazı əsasında ikinci dəfə qiymətləndirmə təyin olunmuşdur. Bu səbəbdən dolayı da ikinci qiymətləndirmənin xərcləri cavabdehdən tutulmalıdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Cavabdeh tərəf apellyasiya şikayətinə qarşı etiraz ünvanlayaraq, şikayətin təmin edilməməsi, qətnamənin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

c) Proses iştirakçılarının izahatı

29. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, təmin edilməsini xahiş etdilər.

30. Cavabdeh tərəf apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Cavabdeh qeyd etmişdir ki, “Hyundai Elantra” markalı avtomobili 2021-ci ilin yanvarında 14500 manata satmışdır. İddiaçının məlumatı var idi. Kirayədə yaşayırdılar, dolana bilmirdilər. Qubaya, Tovuza istirahət üçün getmişlər. 2021-ci ilin mart ayının 11-i qızının ad gününü “Niaqara” restoranında keçirmiş, təxminən 2000 manat pul xərcləmişdir. “Korona” xəstəliyi ilə bağlı təxminən 4000-5000 manat xərcləmişdir.

31. Üçüncü şəxs Maraqlı şəxs nümayəndəsi-vəkili apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

32. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq, digər üçüncü şəxs (nümayəndə) məhkəmə iclasına gəlmədiyindən işə onun (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Ailə Məcəlləsi

33. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi mülkiyyəti sayılır.

34. Maddə 32.2.1. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) daxildir.

35. Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətindədir.

36. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

37. Maddə152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur..

38. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi birgə mülkiyyətidir.

39. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apelyasiya baxışının hədləri

43. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

44. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

45. Qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, həmin hissədə iddia qismən təmin edilməlidir.

47. Mübahisə predmetini “Toyota Camry” markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı, “X27 Rover” markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz 240” markalı, **-RO- *** dövlət qeydiyyat nişanlı və “Hyundai Elantra” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobillər təşkil edir.

48. İş materiallarında olan kompüter sistemindən çıxarışdan müəyyən edilir ki, “Toyota Camry” markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdə cavabdehin adına qeydiyyata alınıb, qeydiyyat üçün əsas qeydiyyat şəhadətnaməsinin dəyişdirilməsi olmuşdur. Avtomobilə dair X13, Maraqlı şəxs, X12 və X8 etibarnamələr verilmişdir. xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında cavabdehin adından qeydiyyatdan çıxarılaraq X7 adına qeydiyyata alınmışdır.

49. “X27 Rover” markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobil isə xx.xx.2019-cu il tarixdə cavabdehin adına qeydiyyata alınıb, qeydiyyat üçün əsas hesab-arayış göstərilmişdir. Avtomobil cavabdehin adına qeydiyyata alındığı gün, yəni xx.xx.2019-cu il tarixdə avtomobilə dair həm Maraqlı şəxs, həm də X10 etibarnamə verilmişdir. xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən avtomobil cavabdehin adından qeydiyyatdan çıxarılaraq "xxxx" QSC-nin adına qeydiyyata alınmışdır. xx.xx.2021-ci il tarixli daxili maliyyə lizinq müqaviləsinə əsasən avtomobil 36 ay müddətinə Maraqlı şəxs lizinqinə verilib.

50. Üçüncü şəxs Maraqlı şəxs cavabdehin adına qeydiyyata alınmış bu avtomobillərin ikisinin əslində onun vəsaiti hesabına alındığını, sadəcə formal olaraq iş üzrə Cavabdeh adına qeydiyyata alındığını iddia etmiş, Cavabdeh da onun iddialarını təsdiq etmişdir.

51. Göründüyü kimi, hər iki avtomobilə dair həm Maraqlı şəxs, həm də X10 etibarnamə verilmişdir.

52. 23.04.2021-ci il tarixli etibarnamələrdən görünür ki, həm İddiaçı, həm də Cavabdeh daşınmaz əmlak istisna olmaqla, harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, bütün daşınar əmlakları üzərində sərəncam verməyi X3 (üçüncü şəxs Maraqlı şəxs arvadı) etibar etmişlər.

53. İş materiallarında olan səs yazılarında öz səsini yazan şəxs səsini göndərdiyi tərəfə deyir: “Kəmalə,... indi mən sizinkidir bilirəm, amma bunu o fikirləşməlidir. Bunların altından o, necə çıxacaq bunu o, fikirləşməlidir... Ömür boyu işləyib sizə qaytarar, eybi yox, maaşından çıxarsız ona...Onun adınadır, o da işçidir. O da heç nədən ailəsini atırsa, başına da bu işlər gələcək də”. İkinci səs yazısında deyilir: “Kəmalə,... dəfələrlə bunu sənə də dedim ki, yəni Namiqi hədələyin ki, qorxudun ki, “Sən bütün bunları gözə almısanmı Namiq?”... Mən heç kimin maşınının “görməmiş”i deyiləm... Namiqi hədələ sən bunlarla, qoy bilsin ki, nədir nə deyil”. Üçüncü səs yazısında deyilir: “Onun atasıanası almayıb bilmirəm. Amma ki, onun anası siz istəsəniz də-istəməsəniz də ailəsinin dağılmasında böyük rolu var. Ana-bala işləyərlər, ömür boyu sizə borc qaytararlar. Onlar ki, mənim bir uşağımı, məni bu vəziyyətə qoyublar... Burada sizin heç bir günahınız da yoxdur. Sizin də xətrinizi mən necə istəyirəm, yaxşı bilirsən onu. Amma mənim işim onlarladır. O da bilirdi ki, o, bu məsuliyyətin altına girir, girəcək, yaxşı bilirdi. Eləyib, indi Hörmətlə də Namiq ömür boyu işləyib sizin borcunuzu qaytarar. Yenə də deyirəm, bilmirəm olacaq, ya olmayacaq. Əgər olunacaqsa da mən heç bir şeyə əl qoymayacam, yəni qırağa çəkilməyəcəm. Bilsinlər ki, məni, mənim qızımı boş-boşuna necə belə atdılar, qoy indi ömür boyu Hörmətlə Namiqdədi mənim işim, işləyib sizə qaytarar”.

54. Danışıqların ümumi məzmunundan görünür ki, səsini yazan şəxs “Kəmalə” deyə müraciət etdiyi şəxsə anası ilə birlikdə boş yerə onun ailəsini dağıtdığına, onu və bir uşağını atdığına görə əri Namiqin başına bunların gəldiyini, ömür boyu anası ilə işləyib onların borcunu qaytarmalı olduğunu, bundan geri durmayacağını bildirir. Həmçinin əlavə edir ki, onun heç kimin maşınında gözü yoxdur, sadəcə olaraq onun işi Namiq və anası ilədir və istəyir ki, onlar ömür boyu işləyib borc ödəsinlər.

55. Məhkəmə haqlı olaraq göstərmişdir ki, bu səs yazısı iş üzrə İddiaçı aiddir. İlk növbədə ona görə ki, səs yazısında verilmiş spesifik məlumatlar (Namiq adlı əri olması, əri Namiqin bir qızı ilə onu atması, Namiqə qarşı avtomobillə bağlı tələbi olması, bu avtomobillərin əslində başqasına məxsus olması və s.) məhz bu iş üzrə tərəflər arasında baş vermiş münasibətlərə uyğundur. Digər tərəfdən, səs yazısının sübut kimi qəbul edilməməsi üçün etirazla məhkəməyə müraciət edən iddiaçının nümayəndəsi (vəkili) səs yazısının İddiaçı məxsusluğunu mübahisələndirməmiş, əksinə, səs yazısında məhz cavabdeh tərəf iştirak etmədiyindən yazının sübut kimi nəzərə alınmamasını xahiş etmişdir. Bununla da iddiaçının nümayəndəsi (vəkili) faktiki olaraq qəbul etmişdir ki, səs yazısında eşidilən səs iddiaçıya məxsusdur.

56. Sadalananları nəzərə alan məhkəmə haqlı olaraq belə qənaətə gəlmişdir ki, “Toyota Camry” markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı və “X27 Rover” markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobillər iş üzrə tərəflərin nikahı dövründə, onların gəlirləri hesabına əldə edilmiş əmlak yox, üçüncü şəxs Maraqlı şəxs vəsaiti hesabına əldə edilmiş əmlakdır. Belə görünür, üçüncü şəxs bu avtomobilləri sadəcə formal olaraq cavabdehin adına rəsmiləşdirmişdir.

57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il tarixli qərarında göstərmişdir ki, “Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: • əmlakın ər-arvadın nikah müddətində əldə olunması; • əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafıq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir.”

58. Bu iki avtomobil cavabdehin adına qeydiyyata alınsa da, həmin avtomobillərin iddiaçı və cavabdehin birgə vəsait hesabına əldə edilmədiyi təsdiqini tapdığından, tərəflərin ümumi birgə mülkiyyəti hesab oluna bilməz.

59. Bu hissədə iddia tələbinin rədd edilməsi barədə məhkəmənin qənaəti qanuni və əsaslı olmuşdur. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır.

60. Digər “Mercedes Benz 240” markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı və “Hyundai Elantra” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobillərə münasibətdə cavabdeh tərəf birinci intansiya məhkəməsində göstərmişdir ki, “Mercedes Benz 240” minik markalı avtomobili iddiaçı ilə nikahı dövründə xx.xx.2016-cı il tarixdə 6000 manata almış, həmin vaxt avtomobilin nömrə nişanı **-XB-*** olmuş, bu avtomobili xx.xx.2020-ci il tarixdə X14 9000 manata baş etibarnamə əsasında satmış, həmin tarixdə 14300 manata buraxılış ili 2013 olan, gömrükdən keçirilməklə gətirilmiş “Hyundai Elantra” minik markalı avtomobil almış, bu zaman pulu çatmadığına görə başqasından borca 5300 manat borc almış, “Mercedes Benz 240” minik markalı avtomobilinin **-XB-*** nömrə nişanını dəyişdirib, yeni aldığı “Hyundai Elantra” minik markalı avtomobilinin nömrə nişanı kimi qeydə aldırmış, “Mercedes Benz 240” minik markalı avtomobilə yeni **-RO-*** nömrə nişanı qeyd etdirmişdir. Nömrə nişanı **-XB-*** olan “Hyundai Elantra” minik markalı avtomobilini xx.xx.2021 -ci il tarixdə X11 14500 manata satmış, lakin elə həmin gün alıcı avtomobilin mühərrikində və sürətlər qutusunda ciddi nasazlıqlar aşkar etdiyini və ona görə də avtomobili qaytarıb pulunu geri almaq niyyətində olduğunu bildirmişdir. Avtomobilə yeni alıcı tapmaqda çətinlik çəkəcəyini və pula ehtiyacının olduğunu nəzərə alıb o, satdığı avtomobili həmin günün axşamı götürüb tam təmir etdirib saz vəziyyətdə geri qaytaracağını vəd etmişdir. Bundan sonra o, avtomobili yaxşı tanıdığı “Saşa” adlı ustanın yanına aparmış, usta avtomobili diqqətlə yoxladıqdan sonra təxminən 5500 manat məbləğində xərcinin olacağını ona demiş, o isə çıxış yolu olmadığından bu təkliflə razılaşmağa məcbur olmuşdur. Bununla da Cavabdeh nömrə nişanı **-XB-*** olan “Hyundai Elantra” minik markalı avtomobilini tam işlək vəziyyətə gətirərək, aparıb satdığı şəxsə, yəni Əfqan Quliyevə təhvil vermişdir. Nəticədə isə “Hyundai Elantra” minik markalı avtomobilin satışından 2021-ci ilin fevral-mart aylarında cəmi 9000 manat pulu qalmışdır. Başqasından aldığı borcu tam ödəyə bilmədiyi üçün həmin puldan təxminən 2500 manatını borclarına görə vermişdir. 2021-ci ilin ortalarında o və ailə üzvləri koronavirus xəstəliyinə yoluxmuşlar. Onun özünün vəziyyəti ağır olmuş və ciddi müalicələr almışdır. Özünün və ailə üzvlərinin bu xəstəlikdən tam müalicə olunmaları və dərmanlar alınması üçün təxminən 4000 manata yaxın pul xərcləmişdir. Bundan başqa, pulun qalan hissəsi qızının ad gününün restoranda təntənəli qeyd edilməsinə, ailəliklə Quba və Tovuz rayonlarında gəzib dincəlməyə, mənzil kirayə haqqının və bank kreditin ödənməsinə, həmçinin ailənin digər ehtiyaclarına xərclənmişdir. Xüsusilə qeyd edilməlidir ki, istər “Mercedes Benz 240” minik markalı, istərsə də “Hyundai Elantra” minik markalı avtomobillərin alınıb satılmasından İddiaçı xəbəri olmuş və buna heç bir etirazını bildirməmişdir. Çünki, “Hyundai Elantra” minik markalı avtomobilini satdıqdan sonra qalan pullar ailənin ehtiyaclarına, mənzil kirayə haqqının ödənilməsinə yönəldilmiş və bu xərclərin təyinatının müəyyən edilməsində İddiaçı da iştirak etmişdir. Onların başqa gəlirləri olmamışdır. Beləliklə, yuxarıda istinad edilmiş faktlarla və hallarla təsdiq edilir ki, həm “Mercedes Benz 240” minik markalı avtomobil, həm də “Hyundai Elantra” minik markalı avtomobil İddiaçı ilə nikahda olduqları dövrdə alınıb satılmış, bunlardan iddiaçının xəbəri olmuş, lakin o, narazılığını bildirməmişdir. “Mercedes Benz 240” minik markalı avtomobilin xx.xx.2020-ci il tarixdə satılmasından əldə edilmiş pula bir qədər borc alınmış pul əlavə edilməklə “Hyundai Elantra” minik markalı avtomobil alınmış, həmin avtomobil isə xx.xx.2021-ci il tarixdə satılaraq, əldə edilmiş pullar ailə ehtiyaclarının həllinə sərf edilmişdir. “Mercedes Benz 240” markalı avtomobil faktiki olaraq xx.xx.2020-ci ildən etibarnamə əsasında Quliyev Elşənə satılmışdır. Lakin rəsmi olaraq xx.xx.2021-ci il tarixdə adından qeydiyyatdan çıxmışdır.

61. Kompüter sistemindən çıxarışdan müəyyən edilir ki, “Mercedes Benz 240” markalı **- RO-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2016-cı il tarixdə **-XB-*** nömrə nişanı ilə cavabdehin adına qeydə alınıb, xx.xx.2020-ci il tarixdə nömrə nişanı və qeydiyyat şəhadətnaməsini dəyişdirilməsi əsası ilə yenidən cavabdehin adına qeydə alınıb.

62. Digər “Hyundai Elantra” markalı **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobil isə xx.xx.2020-ci il tarixdə cavabdehin adına qeydə alınıb.

63. Göründüyü kimi “Mercedes Benz 240” markalı avtomobil 2016-ci ildə alınarkən **-XB- *** nömrə nişanı ilə cavabdehin adına qeydə alınmış, xx.xx.2020-ci il tarixdə nömrə nişanı dəyişdirilmiş və elə həmin tarixdə də “Hyundai Elantra” markalı avtomobil **-XB- *** nömrə nişanı ilə cavabdehin adına qeydə alınmışdır.

64. Kollegiya belə qənaətə gəlir ki, birgə nikah dövründə əldə edilmiş “Mercedes Benz 240” markalı avtomobil birgə nikah dövründə də satılaraq, “Hyundai Elantra” markalı avtomobil alınmışdır.

65. İddiaçı tərəf birinci instansiya məhkəməsində bildirmişdir ki, 2020-ci ilin sonunda cavabdehlə 3 ay ayrı yaşamış, sonra yenidən barışmışlar.

66. Göründüyü kimi artıq bu dövrlərdə tərəflər arasında münasibətlər davamlı olmamış, müəyyən zaman kəsiklərində ayrı yaşamış, sonradan barışsalar da, sonunda ayrılmışlar.

67. Cavabdehin “Hyundai Elantra” markalı avtomobili satarkən yaranmış nasazlıqların aradan qaldırılması (təmir edilməsi) üçün 5500 manat sərf etməsi, 2500 manat borc qaytarması, habelə qalan vəsaitin ailənin xərclərinə istifadə edilməsi (xəstəlikdən müalicə, uşağa ad günü keçirmək, gəzintiyə getmək) barədə dəlilləri inandırıcı hesab edilmir, bununla bağlı cavabdeh hər hansı sübut təqdim etməmişdir.

68. Cavabdehin 2021-ci ilin yayında ailəsi ilə birlikdə rayona gəzintiyə getməsi mübahisə doğurmur (cavabdehin telefonundakı şəkillərdə bu öz əksini tapır), lakin həmin səfərə (səfərlərə) göstərilən məbləğdə vəsait sərf olunması ağlabatan deyil.

69. Kompüter uçot bazasından görünür ki, “Hyundai Elantra” markalı avtomobil satıldıqdan sonra alıcı X15 həmin avtomobili idarə etmək üçün cavabdehə etibarnamə vermişdir. Cavabdehin telefonundakı şəkillərdən də görünür ki, 2021-ci ilin yayında gəzintiyə məhz həmin avtomobillə gedilmişdir. Bu isə onu deməyə əsas verir ki, avtomobilin satılmasından xəbəri olmaması barədə iddiaçının dəlili inandırıcıdır. Lakin iddiaçı müqavilənin etibarsızlığını tələb etmir, həmin əqd əsasında əldə edilmiş vəsaitin yarasının ona vurulmuş zərər kimi cavabdehdən tutulmasını tələb edir.

70. Beləliklə, mübahisəli “Hyundai Elantra” markalı avtomobilin satılmasından əldə edilmiş pul vəsaitinin ailənin məsrəfləri üçün xərclənməsi (o cümlədən bir hissəsinin təmirə və borca sərf edilməsi) təsdiqini tapmır. Həmin pul vəsaitindən iddiaçıya hər hansı məbləğ də verilməmişdir.

71. Həmin avtomobilə münasibətdə Kollegiya məhkəmənin gəldiyi nəticə ilə razılaşmır, bu hissədə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

72. Kollegiyanın sorğusuna əsasən əldə edilmiş “Nəqliyyat vasitəsinin alqı-satqı” müqaviləsindən müəyyən edilir ki, cavabdeh tərəfindən həmin avtomobil xx.xx.2021-ci il tarixdə 15000 manata X1.

73. Belə olan halda avtomobilin dəyəri 15000 manat müəyyən edilməklə, onun ½ hissəsi, yəni 7500 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

74. Keçirilmiş qiymətləndirmə xərcinin ondan tutulmasına münasibətdə iddiaçının apellyasiya şikayəti ilə bağlı Kollegiya qeyd edir ki, iş materiallarından müəyyən edilir ki, birinci dəfə məhkəmənin təşəbbüsü ilə qiymətləndirmə keçirilmiş, lakin cavabdeh “Hyundai Elantra” markalı avtomobilin qiymətləndirilməsi ilə bağlı mütəxəssis rəyində müəyyən edilmiş bazar qiymətinin həmin avtomobiln real bazar qiymətindən çox olduğunu bildirərək, başqa bir mütəxəssis rəyinin alınmasını xahiş etmiş və bu səbəblə məhkəmə tərəfindən yenidən qiymətləndirici-mütəxəssis cəlb edilmiş və qiymətləndirmənin aparılması "xxxx" MMC-yə həvalə edilmişdir. Buna görə də Kollegiya hesab edir ki, "xxxx" MMC tərəfindən keçirilmiş qiymətləndirmə xərcinin dəyəri cavabdehdən tutulmalıdır.

75. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3551/2022 saylı iş 20 dekabr 2022-ci il tarixli qətnaməsi qismən - “Hyundai Elantra” markalı **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobilə aid hissədə ləğv edilsin, həmin hissədə iddia tələbi qismən təmin edilsin. Cavabdeh 7500 manat pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. 400 manat məbləğində mütəxəssis xidməti haqqı Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (VÖEN: **********, İcraçının hesablaşma hesabı: AZ45AİİB********************, "xxxx" ASC, 200093, VÖEN: **********, SWİFT: AİİBAZ2X, AZ37NABZ******************** nömrəli hesab) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar