Məhkəmə qərarları › İş №2(103)-3135/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3135/2021

17.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3135/2021 17.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı “xxxx” BOKT QSC-nin nümayəndəsi Əskərov Elxan Əjdər oğlunun, cavabdeh Əbilov Natiq Şakir oğlunun iştirakları ilə, İddiaçı “xxxx” BOKT QSC-nin cavabdeh Əbilov Natiq Şakir oğluna qarşı “kredit borcunun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2175/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı “xxxx” BOKT QSC cavabdeh Əbilov Natiq Şakir oğluna qarşı kredit borcunun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borc üzrə 2743 manat, faiz borcu 506,30 manat, cəmi 3249,30 manat məbləğində kredit borcunun həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun “xxxx” QSC-nin xeyrinə ödənilməsi, tutmanın cavabdeh Əbilov Natiq Şakir oğlunun mülkiyyətində olan **-VO-*** dövlət qeydiyyat nişanlı, “VAZ21214 MİNİK” markalı minik (buraxlış ili 2013-cü il, ban - XTA212140D2124184, rəngi-ağ) avtomobilə yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaiti “xxxx” QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsinin cavabdehə qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin cavabdehdən tutulub “xxxx” QSC-nin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, “xxxx” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “xxxx” ASC ilə “xxxx” QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixil Müqaviləyə görə “xxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ “xxxx” QSC-yə keçmişdir. “xxxx” QSC-nin Nizamnaməsinə edilmiş xx xxxxxxx 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5 maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“xxxx” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar “xxxx” QSC tərəfindən “xxxx” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Əbilov Natiq Şakir oğluna dair sənədlər S-AVK-1364 saylı,xx.xx.2017-ci il tarixli təhvil-təslim aktına əsasən “xxxx”xxxx“xxxx’’ ASC-nin Binəqədi filialı ilə (bundan sonra Bank) cavabdeh Əbilov Natiq Şakir oğlu arasında 30.04. 2013-cü il tarixli, 167 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehəillik 20% tətbiq edilməklə, 36 ay müddətinə 8900 manat məbləğində kredit verilmişdir. xx.xx.2013-cü il tarixli kassa məxaric orderindən də göründüyü kimi cavabdehə ayrılmış kredit hesabından istifadə etmişdir. Kredit müqaviləsinin təminatı olaraq Natiq Əbilovun mülkiyyətində olan **-VO-*** dövlət qeydiyyat nişanlı, “VAZ21214 MİNİK” markalı minik avtomobili (buraxlış ili 2013-cü il, Ban - XTA212140D2124184, rəngi - Ağ) xx.xx.2013-cü il tarixdə, 167 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Həmin İpoteka Müqaviləsi AR DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və şəhadətnamə verilmişdir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2175/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, bankla onun arasında kredit müqaviləsinin xx xxxxx 2013-cü il tarixdə, 36 ay müddətinə bağlanmasına baxmayaraq iddiaçı müqavilənin müddəti bitdiyi 4 il 8 ay sonra məhkəməyə müraciət etməklə iddia müddətini ötürdüyü, eyni zamanda birinci instansiya məhkməsinin məhkəmə iclaslarında onun iştirakının təmin etmədiyi arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmalıdır. İşin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına əsasən, “xxxx” BOKT QSC-nin “Binəqədi” filialı ilə Əbilov Natiq Şakir oğlu arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 167 № kredit müqaviləsində tərəflər razılaşmışlar ki, borcalan borcu və hesablanmış faizləri kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə, ödəniş cədvəlinə uyğun ödəyir. Kredit müqaviləsinin təminatı olaraq borclu Əbilov Natiq Şakir oğlu "VAZ- 21214” markalı, qara rəngli, buraxılış ili 2013-cÜ il olan, ** VO *** dövlət qeydiyyat nişanlı avtomobili bank qarşısında ipoteka ilə yüklü etmişdir. İddiaçının iddia tələbi məhz qeyd olunan kredit müqaviləsinə istinadla irəli sürülmüş, cavabdeh iddiaya iddia müddətinin ötürüldüyünə istinadla etiraz etmişdir. Cavabdehin apellyasiya şikayətinin də əsas dəlili iddiaçının iddia müddətini ötürdükdən sonra məhkəməyə müraciət etmiş olması barədə olduğundan, məhkəmə kollegiyası onun bu arqumentinə qiymət verməyi zəruri hesab edir: Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 375-ci maddəsinə görə isə, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2013-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi əsaslı olsa da, onun tərəfindən iddia müddətinin ötürüldüyünə dair apellyasiya şikayətinin dəlili Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2013-cü il tarixli qərarında müəyyən olunmuş hüquqi mövqeyə görə əsaslıdır və hazırki işdə iddia müddətinin axımı kredit müqaviləsinin müddətinin bitdiyi xx xxxxx 2016-cı il tarixdən hesablanmalıdır. Kollegiya həmçinin qeyd edir ki, kredit müqaviləsində borc alanın öz üzərinə götürdüyü öhdəlikləri tam həcmdə yerinə yetirdikdən sonra onun xitam olunacağının nəzərdə tutulmuş olması müqavilənin qeyri-müəyyən müddətə bağlanmış olması kimi qəbul edilə bilməz, çünkü müddət hüquqi anlayış kimi özündə həmişə konkretliyi ehtiva edir. Mülki Məcəllənin 367-ci maddəsi də bunu təsdiq edir, həmin maddəyə görə “müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər”. Bu baxımdan, hazırkı iddia üzrə iddia müddəti xx xxxxx 2019-cu il tarixdə bitmişdir, iddiaçı isə ərizə ilə məhkəməyə xx xxxx 2020-ci il tarixdə müraciət etdiyinə görə iddia müddəti ötürülmüş hesab edilməlidir. Qeyd olunmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Kollegiya bu qənaətə gələrkən onu nəzərə alır ki, cavabdeh tərəfindən iddia müddətinin axımını kəsən hərəktlərlə bağlı müvafiq sübutları (ödəniş barədə mədaxil qəbzlərini) məhkəməyə təqdim edə bilməmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Kollegiya, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri məsələsinə də münasibət bildirərək qeyd edir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2175/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı “xxxx” BOKT QSC-nin cavabdeh Əbilov Natiq Şakir oğluna qarşı “kredit borcunun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddiası təmin olunmasın. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar