Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3139/2024 22.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: əmlakın açıq hərracda satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-249/2024 nömrəli, 06 mart 2024-cü il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. İş materiallarında olan xx.xx.2021-ci il tarixdə X3 vəfatı ilə əlaqədar 1 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisində vərəsəlik işi açılmışdır. Notarius vərəsələrin dairəsini müəyyən edərək göstərmişdir ki, vərəsələr miras qoyanın oğulları İddiaçı və Cavabdehdur.
2. İş materiallarına əsasən müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X2 miras qalmış ünvan 1 ünvanında yerləşən mənzilə dair İddiaçı xx.xx.2022-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə X3 vərəsəsi İddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 81.02 kv.m olan mənzildən ibarət miras əmlakdan ½ hissədə pay almalı olduğu qeyd edilmişdir. Bundan sonra İddiaçı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən həmin mənzilin ½ hissəsində payının qeydiyyata alınması barədə xx.xx.2022ci il tarixdə çıxarış almış, əmlakın ½ hissəsində pay miras qoyanın adında açıq saxlanılmışdır.
3. Məhkəmə tərəfindən tələb edilən kompensasiyanın məbləğinin məqsədəmüvafiqliyinin müəyyən edilməsi üçün həm əmtəəşünaslıq ekspertizasının, həm də mənzilin naturada bölgüsünün mümkünlüyünün yoxlanılması üçün tikinti-texniki ekspertizasının keçirilməsi barədə xx.xx.2023-cü il tarixdə qərardad qəbul edilmişdir. Tikinti-texniki ekspertizasının keçirilməsi ilə bağlı ekspert tərəfindən xx.xx.2023-cü il tarixli vəsatət verilmiş və mənzilin “Texniki pasport” sənədinin təqdim edilməsi xahiş edilmişdir. Vəsatətlə bağlı tərəflərə məlumat verilmiş, cavabdeh nə texniki pasportun təqdim edilməsini təmin etmiş, nə də ki, iddiaçının sifarişi ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin mütəxəssislərinə mənzilə texniki baxış və inventarlaşdırma işlərinin aparılması üçün şərait yaratmışdır. Bununla bağlı iddiaçıya Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən xx.xx.2023cü il tarixli məktub ünvanlanmışdır.
4. Əmtəəşünaslıq ekspertizası üzrə "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli hesabatında isə qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 81.02 kv.m olan mənzilin real bazar qiyməti 138000 manat təşkil edir. Həmin rəydən müəyyən edilir ki, 9 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən mənzil dörd otaqlıdır. Binanın arxa tərəfindən mənzilə artırma edilərək əlavə otaq əldə edildiyi müəyyən olunsa da, həmin əlavə qiymətləndirici tərəfindən nəzərə alınmamışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 miras qalan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 81.02 m olan, ½ payda ümumi mülkiyyət hüququ ilə İddiaçı məxsus mənzilin naturada bölünməsi, bu mümkün olmadıqda Cavabdeh İddiaçının İddiaçı xeyrinə 70 000 manat miqdarında pulun kompensasiya kimi tutulması, bu da mümkün olmadıqda mənzilin açıq hərracda satılması və əldə olunan pul məbləğinin cavabdeh ilə iddiaçı arasında ½ nisbətdə bölünməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. 2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı anası X5 09 oktyabr 2021-ci il tarixində ürəyin kəskin işemik xəstəliyindən vəfat etmişdir. Onun vəfatı ilə əlaqədar açılmış vərəsəlik işi üzrə vərəsələrin dairəsi övladları İddiaçı və Cavabdeh müəyyən olunmuşdur. Anasının mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzili övladları İddiaçıvə Cavabdeh miras qalmışdır. Miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı İddiaçı 1 saylı Bakı “Asan xidmət” mərkəzinin notariat kontoruna müraciət etmişdir. Bununla bağlı 1 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş, reyestrdə 2V-360 nömrə ilə qeyd edilmiş 21 may 2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən xx.xx.2021-ci il tarixində vəfat etmiş X3 vərəsəsi oğlu İddiaçıdur və qanun üzrə vərəsə kimi ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi idarəsi tərəfindən 12.0.2022-ci il tarixdə X4 verilmiş **********79-05101-093019 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışaəsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 81.02 m olan mənzildən ibarət miras əmlakdan ½ hissədə pay almalıdır. İddiaçı qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında mənzilin yarısına mülkiyyət hüququ əldə etmişdir. Bununla bağlı mənzilin ½ hissəsinin xx.xx.2022-ci il tarixdən İddiaçının xüsusi mülkiyyətində olması barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Çıxarış mövcuddur.Mərhum Ə. Urmuyevanın digər varisi Cavabdeh mirası qəbul etmək üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş vaxt ərzində notariat kontoruna müraciət edərək vərəsəlik şəhadətnaməsinin verilməsini tələb etməmişdir. Cavabdeh mirasın qəbul edilməsi ilə bağlı müvafiq formada müraciət etməsə də faktiki həmin mənzildə yaşayır, bununla da miras əmlaka faktiki sahiblik və ondan istifadə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirir. Nəticədə, miras əmlak cavabdeh tərəfindən qəbul edilmiş sayılır. Odur ki, həmin mənzilin yarısınaxüsusi mülkiyyət hüququ cavabdehə məxsusdur. Cavabdeh iddiaçını həmin mənzildən istifadə etməsinə şərait yaratmır və bununla da əmlak üzərində İddiaçının xüsusi mülkiyyət hüququnu kobud şəkildə pozur. İddiaçı paylı mülkiyyət hüququ ilə ona məxsus olan mənzil üzərindəki hüquqlarını həyata keçirə bilmir. Belə ki, cavabdeh İddiaçının mənzilə daxil olmasına və ondan istifadə etməsinə imkan vermir. Bundan başqa, iddiaçı cavabdehlə ümumi əmlakın bölünməsi, ondan payın ayrılması, həmçinin paylara müvafiq olaraq kompensasiya ödənilməsi ilə bağlı razılıq əldə etməyə çalışsa da bununla bağlı da heç bir nəticə əldə olunmamışdır. Belə razılaşma mümkün olmadığından mübahisə predmeti olan mənzil məhkəmə qaydasında açıq hərracda satılmalı və satış nəticəsində əldə edilən vəsait ümumi mülkiyyətin mülkiyyətçiləri olan iddiaçı və cavabdeh arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir.
6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-249/2024 nömrəli, 06 mart 2024-cü il tarixli qətnaməsi (hakim İlkin Əliyev) ilə iddia ərizəsinin təmin edilməsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 81.02 kv.m olan mənzilin (Daşınmaz əmlakın reyestr nömrəsi:**********79-05101-093019) açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin ½ (ikidə bir) hissəsinin İddiaçı, ½(ikidə bir) hissəsinin Cavabdeh verilməsi qət edilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-220.6-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 117.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə hazırda mübahisələndirilən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 81.2 kv.m olan mənzildə cavabdehin faktiki yaşamasını və evə çəkilən əlavə xərclərini qarşılamasını nəzərə almamış, evin satışından gələn gəliri cavabdehə hər hansı üstünlük hüququ vermədən bərabər şəkildə bölünməsini qərara almışdır. Əgər hazırda evdə cavabdeh ailəsi ilə yaşayırsa, faktiki evlərin lazımı xərclərini qarşılayırsa üstünlük hüququ cavabdehə veilməlidir. Evin ödənişinin pulu iddiaçıya nisbətdə cavabdehə daha yüksək olunmalıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməli, Binəqədi rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi
12. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılması mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
13. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
14. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
15. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
16. 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.
17. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.
18. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
19. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.
20. 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir.
21. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 88 məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 217.4 məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
26. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
31. Hazırki halda, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etdiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası tərəfin izahatını, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-249/2024 nömrəli, 06 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Belə ki, ilk növbədə qeyd olunmalıdır ki, mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Bu mümkün olmadıqda məhkəmənin həmin əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edilməsi səlahiyyəti təsbit olunmuşdur.
34. Xülasə, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir.
35. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, AR Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür.
36. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər.
37. İşin müəyyən edilmiş hallarından göründüyü kimi iddia tələbinin faktiki əsası ilə onun qanuni əsasının dispozisiya şərtləri üst-üstə düşür. Belə ki, mübahisənin obyekti olan mənzildə cavabdeh yaşayır və onu faktiki olaraq qəbul etdiyini nümayiş etdirir. Bundan başqa cavabdeh nə birinci instansiya məhkəməsində nə də apellyasiya instansiya məhkəməsində aparılan icraat zamanı məhkəmə iclaslarında iştirak etmiş, həmçinin birinci instansiya məhkəməsində araşdırma zamanı ekspertizanın keçirilməsinə şərait yaratmamışdır. Halbuki mənzilin naturada bölünməsinin mümkünlüyünü yoxlamaq üçün ilkin olaraq onun texniki vəziyyəti müəyyən edilməli idi. Cavabdeh isə nə paylı mülkiyyətçi olan iddiaçını mənzilə buraxır, nə iddiaçıya kompensasiya təklif edir, nə də Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin mütəxəssislərinə mənzilə texniki baxış və inventarlaşdırma işlərinin aparılması üçün şərait yaradır. Eyni zamanda apellyasiya şikayətindən də görünür ki, cavabdeh tərəf hazırkı mənzilin bölünməsinə dair mübahisənin məhkəmədənkənar həllinə nail oluna bilmədiyini qəbul edir, mənzilin bölünməsi ilə bağlı onun hərracda satılmasına tam olaraq etiraz etmir, lakin satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsini ədalətli hesab etmir.
38. Yuxarıda qeyd olunanlara əsasən kollegiya bildirir ki, ümumi mülkiyyətin açıq hərracdan satılması üçün əsas yaranmışdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Odur ki, iddiaçı paylı mülkiyyətin bölünməsi və ondan payın ayrılmasının mərhələli formasına əməl etdiyindən, onun əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi barədə tələbi əsaslıdır və birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini təmin etmişdir.
39. Kollegiya apellyasiya şikayətinin dəlillərinə ümumilikdə qiymət verərək qeyd edir ki, apellyasiya şikayətində göstərilənlər işin halları ilə təkzib olunduğundan apellyasiya şikayəti təmin edilə və məhkəmənin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
40. Kollegiya apellyasiya şikayətinin dəlili olan cavabdehin ailəsi ilə birgə həmin mübahisəli mənzildə yaşaması, mənzilin saxlanmasına müəyyən xərclər, habelə təmir xərcləri çəkməsi nəzərə alınmaqla mənzilin hərracda satılmasından əldə olunan pulun bölünməsi zamanı cavabdehin payının daha çox müəyyən olunmasına münasibətdə qeyd edir ki, cavabdeh mənzilə dair çəkilən xərclərin olmasını qeyd etsə də, bu halları təsdiq edəcək hər hansı sübut təqdim etməmişdir. Qeyd olunmalıdır ki, İddiaçı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən həmin mənzilin ½ hissəsində payının qeydiyyata alınması barədə xx.xx.2022-ci il tarixli çıxarış iddiaçının mübahisəli mənzilə dair ½ hissədə mülkiyyət hüququnu təsdiq edir. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlili əsaslı qəbul oluna və təmin oluna bilməz.
41. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
43. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
44. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-249/2024 nömrəli, 06 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.