Məhkəmə qərarları › İş №2(103)-3149/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3149/2023

19.05.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3149/2023 19.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürülmə və evdən çıxarılma barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, cavabdehlər Xətai rayonu, S.Əhmədov küçəsində yerləşən 28A №-li evdən çıxarılsın, iddiaçı isə həmin evə köçürülsün. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, iddiaçı həmin evə köçürülsün, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın təmin edilməyən hissəsində ləğv edilsin və iddia tam təmin olunsun. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirdi ki, evi qeydiyyatsız tikildir, evi atası tikib, özü 1984-cü ildən evdə yaşayır, Cavabdeh1 keçmiş əri, Cavabdeh2 isə oğludur. Cavabdeh1 ilə 1986-cı ildə ailə qurub, ailə qurduqları vaxtdan Cavabdeh1 həmin evdə yaşayır. Cavabdeh2 isə 1988-ci ildə doğulub, doğulduğu vaxtdan həmin evdə yaşayır. Özü evdə qeydiyyatdadır, cavabdehlər isə evdə qeydiyyatda deyilər. Cavabdehlərlə münasibətləri pozulub, cavabdehlər ona evdə yaşamağa imkan vermirlər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında iştirak etməmişlər. Qətnamənin cavabdehlərin evdən çıxarılması tələbinə aid hissəsi mübahisələndirildiyinə görə qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılmalıdır. Yoxlanılan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Cavabdeh1 iddiaçının keçmiş əri, Cavabdeh2 isə iddiaçının oğludur. İddiaçı ilə Cavabdeh1 nikahı xx.xx.1987-ci ildə bağlanıb, xx.xx.2022-ci il tarixli qətnamə ilə pozulub. Ev qeydiyyatsız tikilidir. İddiaçı evdə yaşyış yeri üzrə qeydiyyatdadır, cavabdehlər isə evdə qeydiyyatda deyillər. İddiaçı bildirir ki, evi atası tikib, özü 1984-cü ildən evdə yaşayır, keçmiş əri Cavabdeh1 1986-cı ildən (ailə qurduqları vaxtdan), oğlu Cavabdeh2 isə 1988-ci ildən (doğulduğu vaxtdan) həmin evdə yaşayır. Cavabdehlər evdə yaşayış yeri üzrə qeydiyyatda olmasalar da, Cavabdeh1 1986cı ildən, Cavabdeh2 isə 1988-ci ildən faktiki olaraq evdə yaşayırlar, ona görə də ev cavabdehlərin yaşayış yeri sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. İddiaçının evə üzərinə hər hansı əşya hüququ (mülkiyyət hüququ, istifadə hüququ və s.) yoxdur. Odur ki, iddiaçının iddiası əsasında cavabdehlər evdən çıxarılacağı təqdirdə, onlar yaşadıqları evdən qanunsuz məhrum edilmiş sayılacaqlar Beləliklə, birinci instansiya məhkəməsi evdən çıxarılma barədə tələbi rədd etməklə düzgün nəticəyə gəlib, həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar