Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3158/2022 27.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X11 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Cavabdeh1, Cavabdeh2 nümayəndəsi X1 və vəkili X3 iştirakları ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli, 2(003)-3247/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Xəzər rayonu, Binə, 2-ci yeni sahə, 40 saylı evin, 07-ci mənzilinin yerləşdiyi (Buzovna tərəvəzçilik-südçülük sovxozuna aid) 10 ha torpaq sahəsidən, habelə həmin fərdi yaşayış evindən çıxarılmaları və onun azyaşlı uşaqları ilə birlikdə həmin yaşayış evinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon İcra Hakimiyyəti üzrə 20 avqust 1999-cu il tarixli 096 saylı sərəncamından çıxarışa əsasən Bakı şəhəri Buzovna tərəvəzçiliksüdçülük sovxozunun ərazisindən (hazırkı Binə qəsəbəsi 2-ci yeni sahə, 40 saylı ev, mənzil 07) Cavabdeh2 ayrılmış 0.20 ha torpaq sahəsinin 0.10 ha hissəsini, sonuncu qeyri-rəsmi olaraq 11.000 (on bir) manata 2012-ci ildə ona satmış, ona satılmış 0.10 ha torpaq sahəsinin sənədləşdirilməsi və özəlləşdirilməsi ilə əlaqədar olaraq onun adından səlahiyyətli nümayəndə olmaq, onu bütün dövlət orqanlarında, o cümlədən bələdiyyədə, banklarda, notariat kontorunda, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində, AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində təmsil etmək, aidiyyəti təşkilatlara ona məxsus sənədləri təqdim etmək və onun adından ərizələr vermək, imza etmək, həmçinin ona çatası bütün sənədləri, o cümlədən hüquqların dövlət qeydiyyatı haqqında DƏDRX-dən çıxarış və arayışlar (forma 1) almaq, aldıqdan sonra sərəncam vermək, satmaq, bağışlamaq, pulunu almaq, buna dair müqaviləni imzlamaq və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etmək üçün adına 2012-ci il iyulun 9-da Bakı şəhərinin 36-cı Dövlət Notariat Kontorunda 7E-6-4306 №-li reyestrdə rəsmiləşdirməklə AR seriyalı 178831 №-li 90 (doxsan) il müddətə etibarnamə vermiş, həmçinin həmin torpaq sahəsini də ona təhvil vermişdir. Adı çəkilən torpaq sahəsi ona təhvil verildikdən sonra valideynlərinin də köməkliyi ilə torpaq sahəsi əvvəl hasara alınmış, darvaza qoyulmuş, orada müxtəlif ağaclar əkilmiş, torpaq sahəsində su quyusu qazılmış, qaz və elektrik xətləri çəkilmiş və orada istifadəyə tam yararlı olan yaşayış otağı və yardımçı sahələr tikməklə 2013-cü ildə ora köçüb yaşamağa başlamış, istifadə etdiyi kommunal xidmətlərə (qaz, su, işıq və s.) görə haqq ödəməyə başlamışdır. 2021-ci ilin may ayında onun evdə olmamağından sui-istifadə edən Cavabdeh1 tərəfindən inşa edilmiş yaşayış sahəsinə qanunsuz olaraq daxil olmuş və onu əraziyə buraxmamış, ona aid yaşayış üçün zəruri olan əmlaklar orada qalmışdır. Adı çəkilən cavabdehin oradan çıxması və ərazini könüllü boşaltması üçün etdiyi bütün cəhdlər nəticə verməmiş, ona satılmış torpaq sahəsinin digər Cavabdeh2 tərəfindən guya ona satıldığını bildirmişdir. Məsələ ilə bağlı digər cavabdehə müraciət etmiş, sonuncu bu işə onu Cavabdeh1 məcbur etdiyini bildirmişdir. Məsələnin məhkəmədən kənar həlli yolunu tapa bilmədiyi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Adı çəkilən yaşayış sahəsi barəsində Azərbaycan Respublikası Konstitusiyası və Mülki Məcəlləsində təsbit olunmuş hüquqlarının cavabdehlər tərəfindən pozulmasının qarşısını almaqdan ötəri, habelə pozulmuş hüquqlarımın bərpa olunması üçün, Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 2-ci yeni sahədəki 40 saylı evin 07-ci mənzilinin yerləşdiyi (Buzovna tərəvəzçilik-südçülük sovxozuna aid) 0.10 ha torpaq sahəsindən çıxarılmaları və adı çəkilən yaşayış sahəsi Bakı şəhərində yaşamaq üçün yeganə mənzil olduğundan onun azyaşlı uşaqları ilə birlikdə həmin yaşayış sahəsinə köçürülməsi çox zəruridir. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində o yaşayış sahəsiz qalmış və mənzil hüququ kobud surətdə pozulmuşdur. O adı çəkilən torpaq sahəsini cavabadeh Cavabdeh2 vicdanlı surətdə, yəni əvəzli surətdə əldə etdiyi üçün torpaq sahəsinin və onun üzərində tərəfindən inşa edilmiş tikililərin faktiki sahibidir. Ona görə də faktiki sahibliyi cavabdehlər və və digər şəxslər tərəfindən pozulması yolverilməzdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli, 2(002)-3247/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, onun ləğv edilməsini, iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbi ilə eynilik təşkil etməklə, əlavə olaraq qeyd olunur ki, iddiaçı Cavabdeh2 əvvəllər tanımamışdır. Bir-birini tanımadığı halda cavabdeh tərəfindən əvəzsiz olaraq iddiaçıya özünə məxsus əmlakın üzərində sərəncam verilməsi də daxil olmaqla yuxarıda qeyd olunan formada etibarnamənin verilməsi heç bir halda ağıla batan ola bilməz. Onun sözügedən əmlakın alınmasına dair cavabdehə 11000 manat məbləğində vəsaitin verilməsinə, əmlakdan 9 ilə yaxındır ki, mübahisəsiz istifadə etməsinə baxmayaraq məhkəmə iddiaçının iddiasını təmin etməmişdir. Cavabdehlər onun azyaşlı övladları ilə birlikdə yeganə yaşayış sahəsinə buraxmadıqlarına baxmayaraq məhkəmə onun iddiasını təmin etməmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini qəbul etmədi, izahat verərək göstərdi ki, iş üzrə Cavabdeh2 onun kirvəsinin qızıdır. Torpaq sahəsinin iddiaçıya heç bir aidiyyəti yoxdur. Belə ki, mübahisə predmetinin qonşuluğunda yerləşən torpaq sahəsi ona məxsusdur, digər qonşuluqda yerləşən torpaq sahəsi kirvəsi Hüseynə məxsusdur. Mübahisə predmeti olan torpaq sahəsi isə Hüseynin qızı Günaya məxsusdur. Torpaq sahəsində əvvəllər balaca tikili olmuşdur. Həmin tikili yaşayış üçün yararsız olmuş və sanitar qovşağı kimi istifadə edilmişdir. İş üzrə iddiaçı heç vaxt orada yaşamamışdır. Torpaq sahəsində hasarın çəkilməsi, quyunun qazılması və ağacların əkilməsi kirvəsinin vəsaiti hesabına əmələ gəlmişdir. İddiaçı, Cavabdeh2 tanımır və görməmişdir. Onun istəyi ilə Günay tərəfindən iddiaçının adına etibarnamə verilmiş, məqsəd isə torpaq sahəsinin Günayın adına rəsmiləşdirilmə işlərinin aparılması olmuşdur. Torpaq sahəsində iddiaçı tərəfindən heç bir tikinti işləri aparılmamış, həmin tikilidə yaşayış olmamışdır. Qeyd olunanlara əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndəsi X4 apellyasiya şikayətini qəbul etmədi, izahat verərək göstərdi ki, torpaq sahəsi onlara məxsus olmuş, həmin torpaq sahəsində olan tikili onlar tərəfindən inşa edilmiş və iddiaçıya heç bir aidiyyəti yoxdur. Həmin tikili ümumiyyətlə yaşayış üçün nəzərdə tutulmamaqla orada əşyaların saxlanc yeri kimi istifadə edilmişdir. Hazırda torpaq sahəsinə dair iddiaçının adına verilmiş etibarnamə qızı Günay tərəfindən ləğv edilmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 vəkili X9 apellyasiya şikayətini qəbul etmədi, izahat verərək göstərdi ki, torpaq sahəsinin Cavabdeh2 adına sənədləşdirilməsi üçün iddiaçıya etibarnamə verilmişdir. Torpaq sahəsinin iddiaçıya heç bir aidiyyəti yoxdur və hal-hazırdada Cavabdeh2 istifadəsindədir. İddiaçı tərəfindən torpaq sahəsinin alınması və bunun üçün Cavabdeh2 11000 manat məbləğində pulun verilməsi ilə bağlı heç bir sübut təqdim edilməmişdir. Odur ki, iddia tələbi əsassız hesab edir və iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə cavabdeh tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, o, iddiaçının anasıdır. Torpaq sahəsi qızına məxsusdur. Belə ki, torpaq sahəsi 10 ildir ki, Günaydan almışlar və iddiaçı tərəfindən Günaya 11000 manat məbləğində pul verilmişdir. Günayda notariat orqanında qızına torpaq sahəsinə dair etibarnamə vermişdir. Notariat orqanında etibarnamə verilən zaman pul da orda verilmiş və notariat orqanında o, Təhminə, Təhminənin qızı və Günay olmuşdur. O, Təhminənin qızı ilə çöldə gözləmiş, Günayla Təhminə içəri daxil olmuş, geri qayıdanda isə qızı Təhminə ona Günaya 11000 manat pul verməklə torpaq sahəsini aldığını, Günayın da ona etibarnamə veridiyini bildirmişdir. Notariat orqanına Günay tək gəlmişdir. Boş torpaq sahəsi olmuş, 11 daş hündürlüyündə divar hörmüşlər. Divarı 10 il əvvəl ərinin və digər şəxslərin köməkliyi ilə oğlu hörmüşdür. Torpaq sahəsində qızı tərəfindən daravaza qoyulmuş, quyu qazılmış, elektrik xətti çəkilmiş, ağaclar əkilmiş və ev tikilmişdir. Hazırda isə Həşim hasarı sökərək əraziyə daxil olmuş və qızını həmin torpaq sahəsinə buraxmır. Əlavə olaraq bildirmişdir ki, X23 vasitəsilə tanımış, Təhminə atasının köməkliyi ilə pulu Günaya vermiş, atasının pulu olmuşdur. Təhminənin 2 uşağı var. Uşağının biri Bakı şəhərində, digər isə Moskva şəhərində doğulmuşdur. Artizan quyusunun çəkilməsi üçün 600 manat pulu, və matoru üçün 400 manat pulu o özü vermişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X15 ifadəsində bildirmişdir ki, o, iddiaçının qardaşıdır. 2012-ci ildə torpaq sahəsini bacısı Günaydan almışdır. Torpaq sahəsinin bir hissəsi hasarı o özü, dostlarının köməkliyi ilə hörmüş, digər hissələrin yarısını qonşular, yarısını isə o hörmüşdür. 2012-2013-cü illərdə torpaq sahəsinə daravaza qoymuş, qaz-elektrik xətti çəkdirmişdir. Torpaq sahəsində ev tikmişlər. Evin tavanını, döşəməsini vurmuşlar. Təhminə qış aylarında Həzi Aslanovda, yay aylarında isə həmin evdə yaşamışdır. Əlavə olaraq bildirmişdir ki, torpaq sahəsinə Günay tərəfindən etibarnamə veriləndən sonra bacısı Təhminə Rusiya Federasiyasına getmişdir. Su quyusu 2013-cü ilin sonunda qazılmış, 300 manat su quyusu üçün, 130 manat isə matoru üçün pul verilmişdir. Hasar 2013-cü ilin aprel ayında tikilmiş, həmin zaman su və elektrik xətti olmamışdır. Birinci elektrik xətti çəkilmiş, sonra isə quyu qazılmışdır. Tikilinin daxilində hamam-tualet var, mətbəx var. Tikili 1 otaqlıdır, həmin otaq həm yataq otağı həmdə mətbəx kimi istifadə edilmişdir. Təhminə 2 uşağı ilə birlikdə həmin tikilidə yaşamış və otağın yaşayış üçün şəraiti olmuşdur. Torpağın alınmasında atası köməklik etmiş, Təhminənin öz pulu da olmuşdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, o, iddiaçının qardaşı Əlinin dostudur. Təxminən 10 il əvvəl mübahisə predmeti olan torpaq sahəsində yerləşən evin tikintisində Əliyə köməklik etmişdir. tikilinin daşdan hörülməsində köməklik etmiş, Əli ona bir günə 15 manat pul vermişdir. Ev tikilən zaman torpaq sahəsinin bir hissəsində hasar olmamışdır. Tikilinin damını (şiferini) Əlinin xalası oğlu vurmuşdur. İşlədiyi dövrdə torpaq sahəsinə suyu Əli evindən özünə məxsus “Opel” markalı maşının baqajnikində su qablarında gətirmişdir. Su qutaranda isə yenə Əli yaşadığı Həzi Aslanova gedərək yaşadığı evdən gətirmişdir. Əlavə olaraq bildirmişdir ki, su quyusu ilə bağlı məlumatı yoxdur, torpaq sahəsinin qonşuluğunda evin olmasını xatırlamır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X16 ifadəsində bildirmişdir ki, o, iddiaçının qardaşı Əlinin dostudur. O, 7-8 il əvvəl mübahisə predmeti olan torpaq sahəsində hasarın çəkilməsində, evin tikilməsində və digər işlərdə Əliyə köməklik etmişdir. Torpaq sahəsinin bir hissəsində 5 daş hündürlüyündə hasar olmuş, həmin hissənin tamamlanmasında və digər hissələrin çəkilməsində Əliyə köməklik etmiş, Əli isə ona bir gün üçün 15 manat pul vermişdir. Torpaq sahəsinə suyu Əli maşını ilə gətirmiş, dəqiq yadında deyil, fikrincə Əli qablarda satılan su alırdı. Tikintidə istifadə olunan sementi, qumu Əli alıb gətirmiş və torpaq sahəsinə yığılmışdır. Torpaq sahəsinə çox vaxtı Əlinin maşını ilə getmişlər, 1-2 dəfə avtobus ilə gedib-gəlmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X17 ifadəsində bildirmişdir ki, Günayın atası Hüseynlə qohumdurlar və mübahisə predmeti olan torpaq sahəsinin yerləşdiyi Südçülük sovxozunda ona da məxsus torpaq sahəsi var. Təxminən 2010-2011-ci illərdə o, özünə məxsus torpaq sahəsinə su quyusu qazdırmış, həmin zaman Hüseynə də demiş və həmin dövrdə onlara məxsus torpaq sahələrində su quyusu qazılmışdır. Mübahisə predmeti olan torpaq sahəsinin Hüseyngilə məxsus olduğunu bilir və torpaq sahəsində su quyusu qazılan zaman orada 1 mərtəbəli ev olmuş, yaşayış üçün yararlı olmuş, tikilinin içərisində olmamışdır. Əlavə olaraq bildirmişdir ki, torpaq sahəsində başqa balaca tikili də olmuş, su quyusu balaca tikili olan hissədə qazılmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X18 ifadəsində bildirmişdir ki, o, Günayın atası Hüseyni tanıyır. Mübahisə predmeti olan torpaq sahəsində hasarı o, Hüseynlə birlikdə çəkmişdir. 2011-2012-ci illərdə torpaq sahəsində ağaclar olmuş, su olmuşdur. Su matorla quyudan çıxarılmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, o, iş üzrə Cavabdeh1 bacısıdır. 2003-cü ildən mübahisə predmeti olan torpaq sahəsindən qonşuluğunda yaşayır. Təhminə həmin torpaq sahəsində yaşamamış, Həzi Aslanovda, anası ilə birlikdə yaşamışdır. Torpaq sahəsində olan balaca tikili Günayın atası Hüseyn tərəfindən tikilmiş və həmin tikili instrumentlərin yığılması üçün istifadə edilmişdir. Əlavə olaraq bildirmişdir ki, Günay tərəfindən Təhminəyə torpağın satılması, onların tanış olması barədə məlumatı yoxdur. Eşitdiyinə görə torpağın sənədləşdirilməsi üçün Günay tərəfindən Təhminəyə hansısa sənəd verilmişdir.Təhminəyə, o fəal xanım olduğu üçün torpaq sahəsinin sənədləşdirilmə işlərinin aparılması üçün sənəd verilə bilərdi. İş materiallarında olan: AZ-İ 106449 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı tərəfindən doğulmuş 11.06.2008-ci il təvəllüdlü X10 atası X14 hesab edilmişdir. Moskva şəhəri VVAQ İdaərisnin Lyublinskiy VVAQ şöbəsi tərəfindən 10.11.2009-cu ildə verilmiş İV-МЮ 773659 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 02.11.2009-cu il təvəllüdlü X6 atası X14, anası isə İddiaçıdır. AR-İ 178832 nömrəli 09.07.2012-ci il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh2 tərəfindən İddiaçı Azərbaycan Respublikası Abşeron RİH üzrə 20.08.1999-cu il tarixli 096 saylı sərəncamdan çıxarışa əsasən Bakı şəhəri Buzovna tərəvəzçilik-südçülük sovxozu ərazisində 0.20 ha ölçüdə ayrılmış torpaq sahəsindən 0.10 ha torpaq sahəsinin sənədləşdirilməsi və özəlləşdirilməsi ilə əlaqədar onun səlahiyyətli nümayəndəsi olması, onu bütün dövlət orqanlarında, o cümlədən Nələdiyyədə, banklarda, notariat kontorunda, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində, Azərbaycan Respublikası DT və XK-də təmsil etməsi, aidiyyəti təşkilatlara ona məxsus sənədləri təqdim etməsi, o, cümlədən HDQHDƏDR-dən çıxarışları və arayışları almağı, aldıqdan sonra sərəncam verməyi, satmağı, bağışlamağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı və bu tapşırılqların yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etməyi etibar etməsi barədə 90 il müddətinə səlahiyyət verilmişdir. Abonentin saldosunun surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Binə 2 N-li sahə 0620-0780 ünvana təbii qazın verilməsinə dair **********00780 saylı abonent kodu İddiaçı adınadır. Abonə haqqında çıxarışın surətindən görünür ki, ünvan 2 ünvana elektrik enerisinin verilməsinə dair **********00007 saylı abonent kodu İddiaçı adınadır. 294 saylı 05.07.2021-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsi tərəfindən verilmiş arayışın surətindən görünür ki, Cavabdeh2 Kənd Təsərrüfatı Müəssisəsi (Buzovan Tərəvəzçilik-Südçülük sovxozu) tərəfindən 21.05.2003-cü il tarixli 28 nömrəli Əmrindən çıxarışa əsasən müəssisənin balansında olan torpaq sahəsindən fərdi yaşayış evi tikintisi üçün 0.20 ha hesabı ilə 2-0788 kodlu torpaq sahəsi ayrılmış, torpaq sahəsinin ölçüsü sənəd üzrə uyğundur. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsi 21.05.2003-cü il tarixli 28 nömrəli Əmrindən çıxarışın surətindən görünür ki, Zülfüqarova (Məmmədova) Günay Hüseyn qızına Abşeron rayon İcra Hakimiyyəti başçısının 15.04.1999-cu il tarixli 096 saylı sərəncamı, tərəvəzçilik-südçülük sovxozu (Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsi) Həmkarlar Təşkilatının 17.05.2003-cü il tarixli 02 saylı protokolu nəzərə alınaraq 0.20 hektar həyətyanı torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti üzrə sərəncamından 20.08.1999-cu il tarixli 096 saylı çıxarışın surətindən görünür ki, Zülfüqarova (Məmmədova) Günay Hüseyn qızına 0.20 hektar torpaq sahəsi verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Buzovna qəsəbəsində yerləşən tərəvəzçilik-südçülük sovxozunun əmək kollektivi şurasının və Həmkarlaq ittifaqı komitəsinin 30.07.1999-cu il tarixli qərar və 16.08.1999-cu il tarixli 27/K N-li əmri nəzərə alınaraq verilmiş həyətyanı torpaq sahəsində 0.20 hektar hesabı ilə fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Cavabdeh2 ünvan 3 ünvanlanmış 19.05.2021-ci il tarixli ərizəsindən görünür ki, 09.07.2012-ci il tarixdə Bakı şəhəri 36 saylı dövlət notariat ofisində İddiaçı reyestrdə 7E-4306 nömrə ilə qeyd olunmuş etibarnamənin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 365.1.3-cü maddəsinə əsasən qüvvəsinə xitam verilməsi barədə “Elektron notariat” informasiya sistemində qeydin yazılması və etibarnamə başqa notariat ofisində təsdiq edilibsə ərizənin dərhal sistem vasitəsilə etibarnamə təsdiq etmiş notariusa göndərilməsinin təmin edilməsi barədə müraciət edilmişdir. Həmin ərizədən görünür ki, ərizə reyestrdə 8İ-1146 nömrə ilə qeyd edilərək informasiya sisteminə daxil edilmişdir. 11.12.2019-cu il tarixli Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi sahə 1-1333 saylı torpaq sahəsi Cavabdeh1 məxsusdur. RX seriyalı, ******* saylı Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi ev 1-1334 saylı 0.10 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evi X2 məxsusdur. Göründüyü kimi, tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, mübahisə predmetinə daxil olan torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsi tərəfindən 21.05.2003-cü il tarixli 28 nömrəli Əmrindən çıxarışa əsasən iş üzrə Cavabdeh2 ayrılmış, həmin torpaq sahəsinin bir hissəsinin, yəni 0.10 ha hissəsi ilə bağlı müəyyən hərəkətlərin aparılması barədə onun tərəfindən 09.07.2012-ci il tarixdə İddiaçı etibarnamə verilmiş, həmin etibarnamənin qüvvəsinə 19.05.2021-ci il tarixdə Cavabdeh2 ünvan 3 verdiyi ərizə əsasında xitam verilmişdir. Mübahisə predmetinə daxil olan tikilinin heç bir hüquq müəyyənedici sənədi yoxdur (tikili – özbaşına tikilidir). Birinci instansiya məhkəməsi tərəfindən müəyyən etmişdir ki, hazırki iş üzrə sübutetmə yükü əsas iddiaçının üzərinə düşür. Belə ki, iş üzrə cavabdehlər tərəfindən iddia tələbinin əsaslandığı hər bir hal etiraf olunmamaqla əks arqumentlər irəli sürülmüşdür. İddiaçı mübahisə predmeti olan torpaq sahəsinin 11000 manat məbləğində Cavabdeh2 verməklə aldığını və həmin torpaq sahəsində olan bir otaqlı tikilinin onun tərəfindən (onun vəsaiti hesabına) inşa etdiyini iddia etsə də, bu hallarla bağlı mötəbər sübutlar təqdim edilməklə məhkəmədə sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-nin 152.2, 152.3 və 152.4-cü maddələrinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. MM-nin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. MM-nin 139-1.1.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. MM-nin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. MM-nin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. MM-nin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. MM-nin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. MM-nin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Mülki Qanunvericiliyin tələblərindən göründüyü kimi daşınmaz əmlaka mülkiyyət hüququnun əmələ gəlməsi üçün əsaslardan biri daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilə nəzərdə tutulmuşdur. Digər tərəfdən “"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyun 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 180-cı maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Beləliklə, qanunverici özbaşına tikililərə dair hüquqi tənzimləmə qaydalarını təsbit edərək onun üzərində mülkiyyət hüququnun yaranması şərtlərini müəyyən etmişdir. Bunlara tikinti aparılan torpaq sahəsinin tikən şəxsin mülkiyyətində olması, tikilinin saxlanılmasının digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmaması və ətrafdakıların həyat və sağlamlığı üçün təhlükə yaratmamasıdır. Bu şərtlərdən birinin mövcud olmaması məhkəmələr tərəfindən özbaşına tikili üzərində mülkiyyət hüququnun tanınmasını istisna edir. Göstərilən şərtlər mövcud olarsa, məhkəmə özbaşına tikili üzərində mülkiyyət hüququnu tanıya bilər və belə tanıma Mülki Məcəllənin 139-1.1.4-cü maddəsinə uyğun olaraq, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsası təşkil edir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Mülki Məcəllənin 180.3-cü maddəsində qeyd edilən “torpaq sahəsinin tikintini aparan şəxsin mülkiyyətində olması” ifadəsi nəinki daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrini, həm də qanuni əsaslarla şəxslərin sahibliyində olan sahələri ehtiva edir. Belə yanaşma Mülki Məcəllənin 157.8-ci maddəsinin mənasından irəli gəlir. Belə ki, göstərilən maddəyə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. O da qeyd edilməlidir ki, şəxsin lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla mülkiyyətində olan tikililərə artırılmaların aparılması da özbaşına tikili hesab edilir. Göründüyü kimi, lazımi icazə almadan tikilmiş yaşayış evi özbaşına tikili hesab olunur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılan torpaq sahəsinin tikən şəxsin mülkiyyətində (qanuni istifadəsində) olması, tikilinin saxlanılmasının digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmaması və ətrafdakıların həyat və sağlamlığı üçün təhlükə yaratmamasıdır. Bu şərtlərdən birinin mövcud olmaması məhkəmələr tərəfindən özbaşına tikili üzərində mülkiyyət hüququnun tanınmasını istisna edir. İddiaçı, mübahisə predmetinə daxil olan torpaq sahəsinə dair hüquqlarının əmələ gəlməsinin əsası kimi Cavabdeh2 tərəfindən 90 illik etibarnamə verilməsi halına istinad etsə də (hazırda isə həmin etibarnamənin qüvvədən düşməsinə baxmayaraq) məhkəmə həmin əsası məqbul hesab etməməklə qeyd etmişdir ki, etibarnamə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik institundan ibarət olmaqla, vəkalət verilmiş şəxs hər hansı bir hüquq əldə etmir (yalnız vəkalət verən şəxsin maraqları naminə çıxış etmək hüququ istisna olmaqla). İşin müəyyən edilmiş hallarından isə görünür ki, icra hakimiyyəti orqanının sərəncamı əsasında iş üzrə Cavabdeh2 ayrılmış torpaq sahəsindən, yəni onun qanuni sahibliyinə və istifadəsinə verilmiş torpaq sahəsindən, həmin torpaq sahəsinə heç bir hüquqi əsası olmayan şəxs (iddiaçı) tərəfindən ona və iş üzrə digər Cavabdeh1 (torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən tikilin zəbt etməsi halı məhkəmə araşdırılması zamanı müəyyən edilməyən şəxsə) qarşı torpaq sahəsindən çıxarılma və həmin torpaq sahəsində olan tikilidən çıxarılma tələbi irəli sürülmüşdür. Həmçinin cavabdeh kimi göstərilən Cavabdeh1 özünün mülkiyyətində ayrıca torpaq sahəsi olmaqla, Cavabdeh2 məxsus torpaq sahəsini zəbt etməməklə, ümumiyyətlə həmin əraziyə hazırda hər hansı bir aidiyyətinin olmadığı məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir. Məhkəmə qeyd etmişdir ki, özbaşına inşa edilmə nəticəsində yaranmış əmlak olan mübahisəli tikili daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasada həmin əmlakın yerləşdiyi torpaq sahəsi qanuni əsaslarla Cavabdeh2 məxsus olduğundan iddiaçının mübahisəli evə dair hər hansı bir hüququ da əmələ gəlməmişdir. Kollegiya apellyatorun dəlillərinə münasibətdə qeyd edir ki, mübahisə predmetinə daxil olan torpaq sahəsinin onun tərəfindən əldə edilməsi və həmin torpaq sahəsində tikilinin onun tərəfindən inşa edilməsi sübut olunmamış və iddiaçı tərəfindən dəvət edilmiş şahidlərin verdikləri ifadələri ilə də təsdiqini tapmamış və həmin ifadələr iş üzrə mötəbər sübut kimi qəbul edilməmişdir. Göründüyü kimi, mübahisə predmetinə daxil olan torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən tikiliyə iddiaçının qanuni əsaslarla hər hansı bir hüququnun yaranması müəyyən edilmədiyindən, onun mübahisə predmeti olan torpaq sahəsindən və orada yerləşən özbaşına tikilidən çıxarılma və həmin torpaq sahəsində olan tikiliyə köçürülmə tələbi əsassızdır və iş üzrə hazırki tələbin irəli sürülməsi üçün iddiaçının sübyektiv hüququ da yoxdur. Kollegiya həmçinin qeyd edir ki, apellyatorun istinad etdiyi abonent saldosu üzrə ünvanlar fərqli olmaqla, qeyd olunan sənəd hazırkı iddianın təmini üçün mötəbər sübut kimi qəbul oluna bilməz. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Yuxarıda sadalanan işin hallarını nəzərə almaqla kollegiya hesab edir ki, İddiaçı hazırki iddianı irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilə bilməz. Çünki, o, mübahisə predmetinə daxil olan torpaq sahəsinin və həmin torpaq sahəsində olan tikilinin üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməsinə dair sənəd təqdim etməmişdir. İddiaçı yalnız torpaq sahəsinin ona məxsus olması və həmin torpaq sahəsində inşa edilmiş tikilinin onun tərəfindən inşa edilməsi halında qanunla müdafiə olunan hüquq əldə etdiyini sübut edə bildiyi halda hazırki iddia tələbi ilə çıxış edə bilər. Hazırki halda isə mübahisə predmetinə daxil olan torpaq sahəsi və həmin torpaq sahəsində olan tikili üzərində qanunla nəzərdə tutulmuş qaydada hüquq əldə etməsini təsdiq edən hər hansı bir sübutu olmadığından, iddiaçı irəli sürdüyü tələbə münasibətdə ümumiyyətlə subyektiv hüquqa malik şəxs deyildir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, yalnız bundan sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu müəyyən edildikdən sonra, həmin hüququn pozulmasının məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə, yuxarıda sadalanlara əsasən kollegiya hesab edir ki, iddiaçının mübahisə predmetinə daxil olan torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən tikiliyə qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüququ olmadığı üçün iddiaçının sözügedən iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilməməklə, iddianın təmin edilməməsi ilə bağlı məhkəmə düzgün nəticəyə gəlmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli, 2(002)- 3247/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-3158/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3158/2022
27.04.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver