Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3170/2021 03.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi ilə, İddiaçı “xxxx” İKB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı “xxxx” ASC və Cavabdeh4 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq kollegiya M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1111/2020 saylı, 15.10.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbləri qismən təmin edilərək, Cavabdeh1 kredit müqaviləsi üzrə 10026.3 ABŞ dolları əsas borc, 11043.50 ABŞ dolları faiz borcu, həmçinin gecikdirilmiş vaxt üçün illik 5% hesablanmış 336.2 ABŞ dolları və 170 ABŞ dolları cərimə borcu, cəmi 21 576 ABŞ dolları (Ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) iddiaçı “xxxx” İKB ASC-nin xeyrinə tutulması, tələbin Cavabdeh4 məxsus olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən 30 saylı evin 83 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin ilkin qiyməti 120000 manat olmaqla açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabadehin banka olan borcun ödənilməsi, ipotekaya qoyulmuş Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən 30 saylı evin 83 saylı mənzilinə tutma yönəldikdən sonra əmlak satıldıqda ən geci 1 ay ərzində mənzildə qeydiyyatda olan Cavabdeh4 Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 mənzildən çıxarılmaları və həmin mənzilin onlar tərəfindən boşaldılması qət olunmuşdur. İddia qalan hissədə təmin edilməmişdir. İş materiallarından görünür ki, iddiaçı “xxxx” İKB ASC-si cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dairiddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, 2014-cü il 15 dekabr tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 “xxxx” İKB ASC-nin “MXM” filialından illik 25%-lə 36 ay müddətinə 19100 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh4 mülkiyyətindəki Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən 4 otaqlı, 75.15 kv.m ümumi, 48.05 kv.m yaşayış, 27.1 kv.m yardımçı sahədən ibarət 30 nömrəli evin 83 nömrəli mənzili 2014-cü il 15 dekabr tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2014-cü il 15 dekabr tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və müqavilənin 1.14-cü bəndinə əsasən bank 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2019-cu ilin noyabrın 14-dək Cavabdeh1 2014-cü il 15 dekabr tarixli kredit müqaviləsi üzrə banka 10026.3 ABŞ dolları əsas, 11046 ABŞ dolları faiz, 1693.29 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 22765.59 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Tərəflər arasında imzalanmış ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən müəyyən olunmuşdur. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. Qeyd olunanları nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada qismən təmin olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15.10.2020-ci il tarixli qətnaməsindən iddiaçının səlahiyyətli nümayəndəsi apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv olunması və Yelo Bank ASC-nin iddia tələbinin təmin edilməyən hissədə tam təmin olunması barədə yeni qətnamə qəbul qəbul edilməsi xahiş edilmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi mübahisəni mahiyyəti üzrə həll etmək əvəzinə, hər vəhclə iddianı tam təmin etməmək məqsədilə qanunvericiliyin aidiyyəti olmayan normalarını uyğunlaşdıraraq qətnamədə tətbiq etmişdir. Həmçinin məhkəmə qətnaməsi qəbul olunarkən, hazırda bazar iqtisadiyyatının tənəzzülə uğramasını, əmlak bazarında daşınmaz əmlakların dəyərinin aşağı düşməsini və Bank tərəfindən təqdim olunmuş mötəbər sübutları nəzərə almadan, heç bir normaya istinad edilmədən, əsassız olaraq hakim tərəfindən yalnız ekspert rəyini əsas götürülərək, mənizlin likvid qiymətini 120 000 manat müəyyən edilmişdir. Məhkəmə yalnız ekspertiza rəyinə əsaslanaraq cavabdehlərin kredit borcunu faiz və cərimə hissəsində azaltmışdır, halbuki ekspert həqiqətə uyğun olmayan rəy vermişdir. Bank tərəfindən cavabdehlərə təqdim edilmiş ödəniş qrafıkində onların vaxtı-vaxtında etməli olduqları ödənişlər qeyd edilmişdir. İndiki vəziyyətdə isə tərəf ödəmələri gecikmələrlə etmiş və qrafik üzrə aparmamış. Bundan əlavə qanun cərimənin hakim tərəfindən azaldılmasını nəzərdə tutsada əsas və faiz borcuna bu halı aid etməmişdir. Bütün bunları nəzərə alaraq hesab edirik ki, yuxanda qeyd edilənlər qətnamənin bankın xeyrinə dəyişdirilməsi üçün əsasdır. Bu və digər əsasları gətirərək, apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15.10.2020-ci il tarixli qətnaməsindən öz növbəsndə Cavabdeh4 apellyasiya şikayəti verərək, qətnaməsini ləğv edib, borcun hissə-hissə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh şikayətini onunla əsaaslandırmışdır ki, məhkəmə işə birtərəfli və yarımçıq baxmış,mənim əleyhimə başdansovdu ədalətsiz qərar qəbul edilmişdir. Biz hər birimiz iddia tələbinə qarşı öz etirazımızı edirik, faiz məbləği yüksək hesablandığından ekspert rəyi ilə razılaşmırıq. Digər tərəfdən biz banka olan borcumuzu ödəməkdən imtina etmirik, hazırki infeksion xəstəliklərlə əlaqədar işləmək imkanlarımızın məhdud olduğuna, qazancımızın az olmasına əsasən, bank ödənişlərini vaxtında ödəyə bilməmişik.Bundan sonra yeni icra qrafiki açılmaqla hissə-hissə də olsa borcumuzun ödənilməsini təmin edəcəyik. İddiaçı “xxxx” İKB ASC tərəfindən qərəzli olaraq çox çətinliklə və məşəqqətlə əldə etdiyimiz evin hərraca çıxarılmasını qəbul etmirik.Belə olan halda biz küçədə qalmaq məcburiyyətindəyik. Kollegiya Sədrlik edənin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, kollegiyanın əvvəlki iclasında iştirak edib, şikayətlərini müdafiə edərək təmin olunmasını, qarşı tərəfin şikayətini qəbul etməyərək rədd olunmasını xahiş edən iddiaçının səlahiyyətli nümayəndəsini dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı hüquqi əsaslara görə iddiaçının apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin hissəsində dəyişdirilərək, Cavabdeh4 məxsus olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən 30 saylı evin 83 saylı mənzilin ilkin satış qiyməti 100000 (bir yüz min) manat müəyyən edilməklə, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Cavabdeh4 apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır(372.6). İşin hallarından görünür ki, tərəflər arasında kredit və ipoteka müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əməl gəlmə əsaslarından biridir. İş materiallarında olan “xxxx” İKB ASC-nin “MXM” filialı ilə Cavabdeh1 arasında bağlanmış 15.12.2014-cü il tarixli kredit müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, “xxxx” İKB ASC-si tərəfindən illik 25 % olmaqla 36 ay müddətinə Cavabdeh1 19100 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan “xxxx” İKB ASC-nin “MXM” filialı ilə Cavabdeh1 və Cavabdeh4 arasında bağlanmış 15.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə 17.03.2015-ci il tarixli Əlavə Sazişin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ipoteka ilə təmin edilmiş öhdəlik 50 ay müddətinə 15.12.2014-cü il tarixindən 16.03.2019-cu il tarixədək icra edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 Bakı şəhəri, Xətai rayonu, Gen.Şıxlinski küçəsində yerləşən 30 saylı evin 83 saylı mənzilində qeydiyyatdadırlar. İş materialında olan “xxxx” İKB ASC-nin “MXM” filialı ilə Cavabdeh4 arasında bağlanmış 15.12.2014-cü il tarixli ipoteka müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh4 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Gen.Şıxlinski küçəsində yerləşən 30 saylı evin 83 saylı mənzili bank qarşısında kreditin qaytarılmasını təmin etmək üçün ipoteka ilə yüklü edilmişdir və ipoteka ilə yüklü edilmiş əmlak 90000 manat məbləğində qiymətləndirilmişdir. İş materialında olan “xxxx” İKB ASC–si tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə 10026.3 ABŞ dolları əsas borcu, 11046 ABŞ dolları faiz borcu, 1693.29 ABŞ dolları cərimə borcu vardır. İş materiallarında olan “xxxx” İKB ASC-si tərəfindən 14.10.2019-cu il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış ərizədən görünür ki, ipoteka predmetinə tutumanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair ərizə ipoteka qoyana göndərilmişdir. İş materiallarında olan “xxxx” İKB ASC-nin cavabdehlərə ünvanladığı xəbərdarlığa əsasən məlum olur ki, bank, cavabdehlərə borcun ödənilməsini təklif etmiş, borc ödənilməsə qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görüləcəyi barədə xəbərdarlıq etmişdir. İş materiallarında olan “xxxx” MMC-si tərəfindən verilmiş 15 sentyabr 2020-ci il tarixli hesabatdan görünür ki, Cavabdeh4 məxsus Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən 30 saylı evin 83 saylı mənzilinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 140000 manat, likvid qiyməti 120000 manat müəyyən edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 may 2020-ci il tarixli, 3924 nömrəli rəyindən məlum olur ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan sənədlərə əsasən (hesabdan çıxarış, maliyyə arayışı məlumatları) Cavabdeh1 ilə “xxxx” İKB ASC arasında bağlanmış 15 dekabr 2014-cü il tarixli, 6-G-1-0-2416-14 saylı kredit müqaviləsi üzrə 16.03.2019-cu il tarixə “xxxx” İKB ASC olan borc aşağıdakı kimi müəyyən edilmişdir. 16 mart 2019-cu il tarixə 10606.74 ABŞ dolları əsas kredit borcu, 11043.50 ABŞ dolları faiz borcu; eyni zamanda qeyd edilmişdir ki, təqdim edilmiş hesabdan çıxarış məlumatlarında bank tərəfindən Cavabdeh1 cərimə hesablanmadığı üçün hazırki tədqiqatla cərimə hesablanmamışdır. Bundan başqa, Cavabdeh1 oğunun banka olan borcunun 16 mart 2019-cu il tarixə (sualda qeyd olunan tarixə) hesablandığından hazırki ekspertiza tədqiqatı ilə 16 mart 2019cu il tarixdən sonrakı 587.70 ABŞ dolları ödənişlər nəzərə alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində borc (kredit) müqaviləsinə verilmiş anlayışdan görünür ki, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı həmin maddəyə uyğun olaraq kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmişdir, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermişdir. Lakin, cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmiş, borc üzrə ödənişləri vaxtı-vaxtında aparmamışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3 maddəsinə görə “əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir”. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür Kollegiya birinci instansiya məhkəməsi ilə razılaşaraq hesab edir ki, cavabdehlər kredit müqavilələri üzrə öz riskləri ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyırlar. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34-cü maddəsinə uyğun olaraq, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi maddələrinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı hesab edilir. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanunun 36.2.4-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası barədə məlumatlar əks olunmalıdır. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanunun 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. Həmin Qanunun 59.3cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o, satıldıqda ipoteka qoyan və onun birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Həmin Qanunun 59.4-cü maddəsinin tələbinə görə isə nəzərdə tutulmuş 1 ay müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri ilə və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Məhkəmə kollegiası hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, Cavabdeh1 10026.3 ABŞ dolları əsas borc, ekspert rəyi ilə təsdiq edilən 11043.50 ABŞ dolları faiz borcu, həmçinin gecikdirilmiş vaxt üçün illik 5% hesablanmış 336.2 ABŞ dolları tutularaq iddiaçıya ödənilməsini qət etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Bundan əlavə iş materiallarından görünür ki, cavabdehin “xxxx” Açıq Səhmdar Cəmiyyətinə olan kredit müqaviləsi üzrə dəbbə pulunu birinci instansiya məhkəməsi əsas borca mütənasib saymayaraq, həmin məbləği 10%-dək azaldılaraq cavabdehlərdən kredit müqaviləsi üzrə 170 ABŞ dolları məbləğində müəyyən edilməsini məqsədə müvafiq saymışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən «dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir…» Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən 4 otaqlı, 75.15 kv.m ümumi, 48.05 kv.m yaşayış, 27.1 kv.m yardımçı sahədən ibarət 30 nömrəli evin 83 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi və həmin mənzilin Banka təhvil verilməsi hissəsində haqlı olaraq təmin edilməmişdir. Belə ki, mülki qanunvericiliyə görə həmin tələbləri qaldırmaq hüququ mülkiyyətçiyə məxsus olan hüquq olduğundan, həmin mənzil hələ ki, bankın mülkiyyətində olmadığından, iddiaçının həmin tələbləri qaldırmaqla bağlı subyektiv hüququ mövcud deyil. «Qiymətləndirmə fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 1ci və 2-ci hissəsinə əsasən, qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış qiymətidir. “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 38.2.2-ci maddəsinə əsasən ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, ilkin satış qiymətinin müəyyən edilməsində razılıq olmadıqda isə tərəflərin tapşırığı ilə müstəqil qiymətləndirici tərəfindən müəyyən edilir. Həmin Qanunun 39.3.3-cü maddəsinə görə ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Birinci instansiya məhkəməsi ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən 30 saylı evin 83 saylı mənzilinin “xxxx” MMC-si tərəfindən verilmiş 15 sentyabr 2020-ci il tarixli ekspert rəyində göstərilən qiymətə uyğun 120000 manat göstərmişdir. Apellyatorar ayrı-ayrılıqda Xətai Rayon Məhkəməsinin 2(011)-1111/2020 saylı, 15.10.2020-ci il tarixli qətnaməsini ipoteka predmeti olan mənzillərin ilkin satış qiymətlərinin müəyyən edilməsi hissəsində mübahisələndirdiyindən, işə apellyasiya qaydasında baxılarkən ipoteka predmeti olan, mənziln hazırkı likvid dəyərini müəyyən etmək məqsədi ilə mütəxəssis rəyinin verilməsi qərara alınmışdır və rəyin verilməsi “xxxx” MMC-nə həvalə edilmişdir. “xxxx” MMC-nin 27.04.2021-ci il tarixli MB 14/0531 №-li ekspert rəyinə əsasən ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən 30 saylı evin 83 saylı mənzilinin likvid dəyəri 100 000 (bir yüz min) manat müəyyən edilmişdir. “İpoteka haqqında” Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Qərardadında qeyd edilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İddiaçı “xxxx” ASC -nin səlahiyyətli nümayəndələri tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hazırkı iş üzrə 15 oktyabr 2020-ci il tarixli qətnaməsi ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin hissəsində dəyişdirilərək, Cavabdeh4 məxsus olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən 30 saylı evin 83 saylı mənzilin likvid dəyəri 100000 (bir yüz min) manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3170/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3170/2021
03.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver