Məhkəmə qərarları › İş №2(103)-3170/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3170/2024

27.05.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3170/2024 27.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: (“işə bərpa və məcburi iş buraxmaya görə kompensasiya ödənilməsi") hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının, onun nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “işə bərpa və məcburi iş buraxmaya görə kompensasiya ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-709/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “işə bərpa və məcburi iş buraxmaya görə kompensasiya ödənilməsi tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixli 3-29/3-1-1189K/2023 saylı əmrinin ləğv edilməsi, İddiaçı Abşeron rayonu, Saray qəsəbəsi, A.Müzəffərov adına 2 saylı tam orta məktəbin direktoru vəzifəsinə bərpa olunması, ona xx.xx.2023-cü il tarixdən işə bərpa olunduğu tarixədək məcburi işburaxmaya görə kompensasiya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-709/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh İddiaçı barəsində xx.xx.2023-cü il tarixli 3-29/3-1-1189K/2023 saylı əmrinin ləğv edilməsi, İddiaçı Abşeron rayonu, Saray qəsəbəsi, A.Müzəffərov adına 2 saylı tam orta məktəbin direktoru vəzifəsinə bərpa olunması, İddiaçı xx.xx.2023-cü il tarixdən işə bərpa olunduğu tarixədək məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqının ödənilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12, 70, 71, 72, 74, 79, 300; Mülki Prosessual Məcəllənin 14.2, 15.2, 77.1, 218.3; “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, qeyd olunan maddi hüquq normalarının imperativ tələblərindən göründüyü kimi qanunverici işəgötürənlə işçi arasında yaranan münasibətlərin tənzimlənməsini qəti şəkildə bu normaların tələbləri üzərində qurulmasını müəyyən etmişdir, əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin - əmək müqaviləsinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Hazırda iddia tələbi üzrə müəyyən olunmuş halların qeyd olunan tələblərlə uzlaşdırılması zamanı uyğunsuzluqlar aşkar olunmuşdur. Belə ki, İddiaçı əmək müqaviləsinə xx.xx.2023-cü il tarixli 3-29/3-1-1189K/2023 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. Bununla belə, iş materiallarına əlavə edilmiş "General Hospital” klinikası tərəfindən verilmiş SN00008 seriyalı ******* saylı əmək qabliyyətinin olmaması vərəqəsi ilə İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək əmək qabiliyyətini müvəqqəti itirməsi öz təsdiqini tapır. Əmək Məcəlləsinin 79-cu maddəsi əmək qabiliyyətini müvəqqəti itirən işçi ilə əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla ("a” bəndi istisna olmaqla) ləğv edilməsini birbaşa qadağan edir. Göründüyü kimi cavabdeh İddiaçı ilə bağlanmış əmək müqaviləsinə əmək qabiliyyətli olmadığı müddətdə xitam verməklə əmək qanunvericiliyinin tələbini pozmuşdur. Həmçinin iş materialları və tərəflərin izahatları ilə müəyyən olunur ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə əvvəllər də işəgötürənin xx.xx.2022-ci il tarixli K- 239 saylı əmri ilə AR ƏM-nin 70-ci maddəsinin "ç” bəndinə əsasən xitam verilmişdir. İddiaçı qeyd olunan əmrin ləğv olunması və işə bərpa olunması tələbi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e- 2(005)-2478/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Abşeron rayonu, Saray qəsəbəsi, A.Müzəffərov adına 2 saylı tam orta məktəbin direktoru vəzifəsinə bərpa edilmişdir. Qeyd olunan qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən də dəyişdirilmədən saxlanmışdır. Qanunvericiliyə əsasən (AR Əmək Məcəlləsinin 74-cü maddəsinin 2-ci bəndi) əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. İddiaçı Azərbaycan Respublikası elm və təhsil nazirinin xx.xx.2023-cü il tarixli əmri ilə Abşeron rayon Saray qəsəbə 2 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə bərpa edilmiş, vəzifəsinin icrası məqsədilə xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi, A.Müzəffərov adına 2 saylı tam orta məktəbinə yaxınlaşmışdır. Lakin, qətnamənin icrası zamanı iddiaçı və məktəbin bəzi əməkdaşları arasında İddiaçı məktəbə bərpa olunmasına etiraz etmələri səbəbindən mübahisə yaranmışdır. Bununla bağlı İddiaçı Abşeron RPİ-nin Saray PB-nə müraciət etmiş, baş vermiş hadisə barədə məlumat vermişdir. Qeyd olunanlar məhkəmə iclasında dindirilmiş şahid - xx.xx.1955-ci il təvəllüdlü X1 ifadəsi ilə də təsdiq olunur. Şahid İddiaçı məktəbə gələrkən müəllimlərin onu dövrəyə-mühasirəyə aldığını, mübahisə yarandığını, bunu öz gözləri ilə kənardan gördüyünü bildirmişdir. Göründüyü kimi, iddiaçı məhkəmə qətnaməsinə əsasən direktor vəzifəsinə bərpa olunmasına baxmayaraq, məktəbin bir-neçə əməkdaşı tərəfindən təzyiqə məruz qalmış və İddiaçı Azərbaycan Respublikası elm və təhsil nazirinin xx.xx.2023- cü il tarixli əmri ilə direktor vəzifəsinə bərpa edilməsinə baxmayaraq, kənar şəxslərin təsiri nəticəsində məhkəmə qətnaməsi ilə bərpa olunmuş hüququnu faktiki olaraq reallaşdıra bilməmişdir. Digər tərəfdən Abşeron-Xızı Regional Təhsil İdarəsi xx.xx.2023-cü il tarixdə Həmkarlar Təşkilatına müraciət edərək, iddiaçı bərpa olunduğu gündən məktəbin müəllim kollektivinin kütləvi şikayətlərinin daxil olduğu səbəbi ilə Abşeron rayon Saray qəsəbə 2 nömrəli tam orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndi ilə ləğv edilməsi məqsədəmüvafiq hesab edilmiş, İddiaçı oglu ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə ləğv edilməsinin Həmkarlar Təşkilatının yığıncağında müzakirə edilərək müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Abşeron-Xızı Regional Təhsil İdarəsinin Həmkarlar Komitəsinin 08 sentyabr 2023-cü il tarixli, 89 nömrəli protokolu ilə məktəbdə cərəyan edən narazılığın və sosial partlayışın, pedaqoji prosesin tamlığının pozulmasının qarşısının alınması məqsədi ilə iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi qərarına etiraz edilməmişdir. Nəticədə cavabdehin xx.xx.2023-cü il tarixli 3-29/3-1-1189K/2023 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən Abşeron rayonu Saray qəsəbə 2 nömrəli tam orta məktəbin direktoru İddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə onunla bağlanmış əmək müqaviləsinin 25 sentyabr 2023-cü il tarixdən ləğv edilmişdir. Əsas kimi Nazir müavini Həsən Həsənlinin xx.xx.2023-cü il tarixli, 3-xx-xx-3920 nömrəli xidməti məlumatı, ATİAHİ-nin Abşeron-Xızı Regional Təhsil İdarəsinin Həmkarlar Komitəsinin 08 sentyabr 2023-cü il tarixli, 89 nömrəli protokolundan çıxarış və müvafiq sənədlər göstərilmişdir. Göründüyü kimi, işəgötürən işçinin əmək müqaviləsinə xitam verilməsi barədə əmrində İddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə onunla bağlanmış əmək müqaviləsinə 25 sentyabr 2023-cü il tarixdən ləğv edilməsi barədə qərara gəlsə də, əmrin əsası kimi əlavə edilmiş sənədlərdə belə hallar müəyyən olunmamışdır. İşəgötürən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında bərpa olunmuş hüquqlarının həyata keçirilməsi məqsədilə xx.xx.2023-cü il tarixdə iş yeri olan Abşeron rayonu, Saray qəsəbəsi, A.Müzəffərov adına 2 saylı tam orta məktəbə getmiş, lakin məktəb kollektivinin təzyiqi ilə qarşılaşmışdır. Təhsil İdarəsi isə iddiaçı bərpa olunduğu gündən məktəbin müəllim kollektivinin kütləvi şikayətlərinin daxil olduğu səbəbi ilə Abşeron rayon Saray qəsəbə 2 nömrəli tam orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinin AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndi ilə ləğv edilməsini məqsədəmüvafiq hesab etmişdir. Halbuki iddiaçı bərpa olunduğu gündən məktəbin müəllim kollektivinin kütləvi şikayətlərinin daxil olması iddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndi ilə xitam verilməsinə əsas deyildir. Sadalanan maddi hüquq normalarının tələblərindən və məhkəmə araşdırması zamanı müəyyən olunmuş hallara əsasən hazırda iddiaçı barəsində qəbul edilmiş əmrin qəbul edilməsi zamanı cavabdeh tərəfindən pozuntulara yol verildiyi aşkar olunmuşdur. Bu səbəbdən də iddiaçı barəsində qəbul edilmiş əmr Əmək Məcəlləsinin imperativ tələbləri pozulmaqla qəbul edildiyindən ləğv edilməli və İddiaçı Abşeron rayonu, Saray qəsəbəsi, A.Müzəffərov adına 2 saylı tam orta məktəbin direktoru vəzifəsinə bərpa edilməlidir. Məhkəmə qeyd edir ki, xx.xx.2023-cü il tarixli 3-29/3-1-1189K/2023 saylı əmrin Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən ləğv olunması, eyni zamanda İddiaçı işə bərpa olunması, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi üçün qanuni əsaslar yaradır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, işəgötürən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən vəzifədən azad olunması barədə xx.xx.2023-cü il tarixli 3-29/3-1-1189K/2023 saylı əmri ilə qanunvericiliyin tələblərin pozaraq işçi ilə əmək münasibətlərinə xitam vermişdir. Qeyd olunan hal isə Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən əmrin ləğv olunması kimi hüquqi nəticəyə səbəb olur.

3. Birinci instansiya məhkəməsi tərəfindən zamanı müəyyən edilmişdir ki: - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2478/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, iddia təmin edilmiş, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli K-239 saylı əmək müqaviləsinə xitam verilmə barədə əmrinin İddiaçı münasibətdə ləğv edilməsi, İddiaçı Abşeron rayonu, Saray qəsəbəsi, A.Müzəffərov adına 2 saylı tam orta məktəbin direktoru vəzifəsinə bərpa edilməsi, xx.xx.2022-ci il tarixindən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının İddiaçı ödənilməsi qət edilmişdir; - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)-651/2023 saylı qətnaməsinə əsasən, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2478/2022 saylı, 29 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)- 1710/2023 saylı Qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 yanvar 2023-cü il tarixli, 2(103)-651/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; - “General” Hospital tərəfindən verilmiş 08 sentyabr 2023-cü il tarixli ******* saylı əmək qabliyyətinin olmaması vərəqəsinə əsasən, İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək işdən azad edilmişdir. İşə başlamalı olduğu tarix 9 oktyabrdır; - Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən Abşeron-Xızı Regional Təhsil İdarəsinin Həmkarlar Təşkilatına ünvanlanmış xx.xx.2023-cü il tarixli məktuba əsasən, Fikrət Balakışiyev Azərbaycan Respublikası elm və təhsil nazirinin xx.xx.2023-cü il tarixli əmri ilə Abşeron rayon Saray qəsəbə 2 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə bərpa edilmişdir. Lakin bərpa olunduğu gündən məktəbin müəllim kollektivinin kütləvi şikayətləri Abşeron-Xızı Regional Təhsil idarəsinə daxil olmuşdur. Bu səbəbdən Abşeron rayon Saray qəsəbə 2 nömrəli tam orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndi ilə ləğv edilməsi məqsədəmüvafiq hesab edilmişdir. Qeyd olunanları nəzərə alaraq Abşeron rayon Saray qəsəbə 2 nömrəli tam orta məktəbin direktoru İddiaçı oglu ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə ləğv edilməsinin Həmkarlar Təşkilatının yığıncağında müzakirə edilərək müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir; - Abşeron-Xızı Regional Təhsil İdarəsinin Həmkarlar Komitəsinin 08 sentyabr 2023-cü il tarixli, 89 nömrəli protokolundan çıxarışına əsasən, Abşeron rayon Saray qəsəbə 2 nömrəli tam orta məktəbin 2017-2021-ci ilə qədər məktəbin direktoru vəzifəsində işləmiş İddiaçı məhkəmənin qərarı ilə işə bərpa olunmasına baxmayaraq, məktəbin pedaqoji və texniki kollektivi onun yenidən fəaliyyətini davam etdirməsinə etiraz edərək, Səkinə Abbasovanın fəaliyyətinin davam etdirməsini ciddi surətdə israr etiraz etməsi məsələsi müzakirə olunmuşdur. Səsvermənin nəticələrinə uyğun olaraq, Azərbaycan Respubliaksı Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi qərarına etiraz edilməmişdir; - Abşeron-Xızı Regional Təhsil İdarəsinin Həmkarlar Komitəsinin sədri tərəfindən Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdirinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 11 nömrə ilə qeydiyyata alınmış məktuba əsasən, məktəbdə cərəyan edən narazılığın və sosial partlayışın, pedaqoji prosesin tamlığının pozulmasının qarşısının alınması məqsədi ilə Abşeron rayonu Saray qəsəbə 2 nömrəli tam orta məktəbin direktoru İddiaçı Balakişiyev Boran ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi məsələsinə Abşeron-Xızı Regional Təhsil İdarəsinin Həmkarlar Komitəsinin xx.xx.2023-cü il tarixli iclasında baxılmış və İddiaçı əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndi ilə ləğv olunması məqsədəmüvafıq hesab edilmişdir; - Azərbaycan Respublikasının Elm və Təhsil nazirinə ünvanlanmış məktuba əsasən, Nazirlik tərəfindən aparılmış yoxlama nəticələrinə əsasən Abşeron rayon Saray qəsəbə 2 nömrəli tam orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsi müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, əmək funksiyası və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə 14 mart 2022-ci il tarixdən ləğv edilmişdir. İddiaçı işə bərpa iddiasi ilə məhkəmələrə müraciət etmiş və müvafiq məhkəmələrin qərarına əsasən işə bərpa olunmuşdur. Lakin məktəb kollektivi Abşeron-Xızı Regional Təhsil İdarəsinə müraciət edərək İddiaçı işə bərpa olunmasına kəskin şəkildə öz etirazlarını bildirmiş və onun məktəbə təkrar rəhbər təyin edilməsini istəmədiklərini qeyd etmişlər. Həmçinin onun işə bərpa olunması bəzi valideynlər tərəfindən də etirazla qarşılanmışdır. Əlavə olaraq qeyd edilmişdir ki, X6 Təhsil İdarəsinin Həmkarlar Komitəsinin xx.xx.2023-cü il tarixli, 89 nömrəli iclasında İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə razılıq verilmişdir. Qeyd olunanlarla əlaqədar İddiaçılə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi məqsəduyğun hesab edilmişdir; - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin ləğv edilməsi haqqında 3-29/3-1- 1189K/2023 saylı əmrinə əsasən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən Abşeron rayonu Saray qəsəbə 2 nömrəli tam orta məktəbin direktoru İddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə onunla bağlanmış əmək müqaviləsinin 25 sentyabr 2023-cü il tarixdən ləğv edilməsi, İnsan resursları şöbəsi (Eşqi Bağırov) və Abşeron-Xızı Regional Təhsil İdarəsinin (İlhamə Abdullayevə) bu əmrdən irəli gələn məsələləri həll etməsi, İnformasiya və vətəndaşlara xidmət şöbəsinin (Rəşad Xanlarov) bu əmrin surətinin göndərilmə siyahısına uyğun olaraq çatdırılmasının təmin edilməsi əmr edilmişdir. Əsas kimi Nazir müavini Həsən Həsənlinin xx.xx.2023-cü il tarixli, 3-xx-xx-3920 nömrəli xidməti məlumatı, ATİAHİ-nin Abşeron-Xızı Regional Təhsil İdarəsinin Həmkarlar Komitəsinin 08 sentyabr 2023-cü il tarixli, 89 nömrəli protokolundan çıxarış və müvafiq sənədlər göstərilmişdir;- 08 oktyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Abşeron RPİ-nin təhqiqat şöbəsinin baş təhqiqatçısının qərarına əsasən, ünvan 3 ünvanında yaşayan İddiaçı, xx.xx.2023-cü il tarixdə DİN-nin “102" xidmətinə zəng vuraraq və Abşeron RPl-nin Saray PB-ne ərizə İlə müraciət edərək, xx.xx.2023-cü il tarixdə Saray qəsəbəsində yerləşən 2 saylı məktəbdə Validə və Vəsilə adlı müəllimələrin, onu söyüb təhqir edərək qolundan tutub dartaraq üz nahiyyəsinden vurmaları barədə məlumat vermişdir. Toplanmış materialda cinayət hadisəsi müəyyən edilmədiyindən həmin material üzrə cinayət işinin başlanması rədd edilmiş, tərəflər arasında gələcəkdə baş verə biləcək hüquqa zidd hadisələrin qarşısını almaq və ətraflarında qabaqlayıcı profilaktik söhbətlər aparmaq məqsədi ilə qərarın surəti aidiyyəti üzrə Abşeron RPl-nin Saray PB-nə göndərilməsi qərara alınmışdır (iş səh. 9, 13, 17, 111, 117, 118-119, 125) Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

4. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)-709/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamənin qəbul edilməsi xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70, 79; Mülki Prosessual Məcəllənin 76.1, 77.1, 385.1.1, 385.1.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, işçi əmək müqaviləsinin şərtlərini pozaraq sentyabr ayının 9-dan 21 sentyabra qədər iş yerinə gəlməmiş və bu barədə məlumat verməmişdir. İddaçı tərəfindən məhkəməyə xəstəlik vərəqəsi təqdim edilməsinə baxmayaraq, sonradan məlum olmuşdur ki, “E-TEBİB” elektron qeydiyyat sistemində vətəndaş İddiaçı TƏBİB tabeli tibb müəssisələrinə müraciəti aşkar olunmamışdır. Əmək qanunvericiliyinin işçi tərəfindən pozulmasını təsdiq edən sübutların məhkəməyə təqdim edilməsinə baxmayaraq, işə baxan məhkəmə bu sənədlərə əhəmiyyət verməmiş və nəticədə yanlışlığa yol verərək qərar qəbul etmişdir. Məhkəmə maddi və prosessual hüquq normalarını pozmaqla, eyni zamanda cavabdehin müddətin tətbiqi barədə ərizəsinə əsaslanaraq qərar qəbul etmişdir. Məhkəmə tərəfindən müddətin düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsi üçün əsasdır. İşə baxan məhkəmə Əmək Məcəlləsinin 79-cu maddəsinə istinad etməklə kifayətlənmiş, lakin xəstəlik vərəqəsinin həqiqiliyinin yoxlanması məqsədilə TƏBİB-ə sorğu verməmişdir. Sonradan məlum olmuşdur ki, elektron qeydiyyat sistemində iddiaçının adı aşkarlanmamışdır.Digər tərəfdən iddiaçının iş yerində olmaması barədə məhkəməyə təqdim edilən aktlara da hüquqi qiymət verilməmişdir. İddiaçının işə buraxılmaması ilə bağlı dəlilləri məhkəmə prosesində sübuta yetirilməməsinə baxmayaraq, məhkəmə qarşı tərəfin izahatlarını sübut kimi qəbul etmiş, lakin təqdim olunmuş aktlara hüquqi qiymət verməmişdir. Məktəb sənədlərinin tələbkara təhvil verilməsinə baxmayaraq, sonradan o işə çıxmamış və nəticədə iş yerində onun işdə olmaması barədə aktlar tərtib edilmişdir. İddiaçı sonrada xəstəlik vərəqi açdırmasına baxmayaraq, reyestrdə onun qeydiyyatı aşkar edilməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edildikdən sonra Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə” Publik Hüquqi şəxsin iddiaçının adının elektron qeydiyyat sistemində aşkar edilməməsi ilə bağlı 16.10. 2023cü il tarixli18-1/2-7916/2023 saylı cavab məktubu əldə edilmişdir.

5. İddiaçı nümayəndəsi vəkili Vəkil tərəfindən apellyasiya şikayətinə etiraz təqdim edilmiş və qeyd edilmişdir ki, Apellyasiya şikayətində, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarından AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin pozulduğu göstərilmişdir. Həmin normaya əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər. Cavabdeh, həmin normaya istinad etməklə, iddiaçının xx.xx.2023-xx.xx.2023-cü il tarixlərində işə gəlmədiyi səbəbindən işdən azad olunduğu bildirilmişdir. Lakin, iş materiallarında olan mötəbər sübutlardan aydın olur ki, iddiaçı xx.xx.2023cü il tarixdə işə bərpa olunsa da, elə həmin gün X6 Təhsil İdarəsinə dəvət olunaraq, möhür ondan alınmış və işdən azad olunduğu bildirilmişdir. Cavabdehin birinci instansiya məhkəməsində iştirak edən nümayəndəsi, möhürün iddiaçıdan təhvil alınmasına dair aktı təqdim edə bilməmiş və həmin tarixdə möhürün iddiaçıdan təhvil alındığını təkzib etməmişdir. Cavabdeh AR Əmək Məcəlləsinin 70-cu maddəsinin 1-ci bəndinin birinci instansiya məhkəməsi tərəfindən pozulduğunu göstərmiş, bunu onunla əsaslandırmışdır ki, İddaçı tərəfindən məhkəməyə xəstəlik vərəqəsi təqdim edilməsinə baxmayaraq, sonradan məlum olmuşdur ki, “E-TEBİB” elektron qeydiyyat sistemində vətəndaş İddiaçı TƏBİB tabeli tibb müəssisələrinə müraciəti aşkar olunmamışdır. Lakin, AR Əmək Məcəlləsinin 79-cu maddəsində, işçinin müalicə alması ilə bağlı tibb müəssisələrinin kateqoriyası müəyyən edilməmişdir. Beləliklə, apellyasiya şikayətində göstərilmiş hər iki maddi hüquq norması birinci instansiya məhkəməsi tərəfindən pozulmamışdır, Apellyasiya şikayətində, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarından Mülki Prosessual Məcəllənin 76.1 və 77.1 -ci maddələrinin tələblərinin pozulduğu göstərilmişdir. AR MPM-nin 76.1-ci maddəsinin mətni verilmiş, lakin həmin normanın pozulmasının nədən ibarət olduğu şərh edilməmişdir. AR MPM-nin 77.1-ci maddəsinin pozulması cavabdeh tərəfindən belə əsaslandırılmışdır: “Əmək qanunvericiliyinin işçi tərəfindən pozulmasını təsdiq edən sübutların məhkəməyə təqdim edilməsinə baxmayaraq, işə baxan məhkəmə “ bu sənədlərə əhəmiyyət verməmiş və nəticədə yanlışlığa yol verərək qərar qəbul etmişdir”. İş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən əmək müqaviləsinin şərtlərinin pozulduğu bildirilsə də, bu barədə sübutlar yoxdur, əksinə, iddiaçıya işəgötürən tərəfindən zəruri əmək şəraitinin yaradılmadığı tamamilə təsdiq edilir. Göstərilənləri nəzərə alaraq, AR MPM-nin 384.0.1-ci maddəsinə əsasən, cavabdeh AR Elm və Təhsil Nazirliyinin apellyasiya şikayətinin təmin edilməməsi və Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e- 2(005)-709/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə etməklə, iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndini kobud şəkildə pozduğuna görə işdən azad edildiyini, 2023-cü il sentyabrın ayının 10-21 tarixində işdə olmadığını, təqdim edilmiş aktlarla bunun öz təsdiqini tapdığını və əmrin hüquqi əsasını da həmin halın təşkil etdiyi qeyd etmiş, iddiaçı tərəfindən bununla bağlı xəstəlik vərəqəsi təqdim edilsə də, “Təbib”ə edilmiş sorğu nəticəsində iddiaçının işdə olmadığı dövrdə Təbib tabeli tibb müəssisələrinə müraciət etməsi halının elektron qeydiyyat sistemində aşkar edilmədiyinin müəyyən edildiyini bildirmişdir. Bundan əlavə qeyd etmişdir ki, əmək kollektivi iddiaçı ilə birlikdə işləmək istəməmiş, ərizə yazmaqla rəsmi qaydada müraciət etmiş və bunu iddiaçının özünə də bildirmişdirlər, onların narazıçılığına ərizələrdə də qeyd edildiyi şəkildə iddiaçı tərəfindən korrupsiya hallarına yol verilməsi səbəb olmuşdur. Birinci instnasiya məhkəməsinin təqdim edilmiş ərizələrə və aktlara hüquqi qiymət vermədən, yalnız iddiaçının mülahizələrinə üstünlük verməklə qərar qəbul etdiyindən qəbul edilmiş qətnaməni əsaslı hesab etmədiklərini bildirmiş, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, əmrdə istinad edilən nazir müavini Həsən Həsənlinin xidməti məlumatı daxili sənəddir, belə ki, sənədlər toplanılır, araşdırılma aparılır və xidməti məlumat yazılır və elektron qaydada yazılmış sənəd olduğundan tarixi görünmür, iddiaçının əmək kollektivi tərəfindən qəbul edilməməsi faktına münasibətdə isə bu halların araşdırılması üçün nazirlik tərəfindən hər hansı komissiyanın yaradılmadığını, yalnız Regional Təhsil İdarəsinin əməkdaşlarının komissiya kimi gəlib həmin halları aktlaşdırdığını, müəllimlərin ərizələrində qeyd etdikləri hallara dair isə araşdırılma aparılmadığını bildirmişdir.

7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini əsassız hesab etdiklərini qeyd etməklə, iddiaçının xx.xx.2023-xx.xx.2023-cü il tarixlərində işə gəlmədiyi səbəbindən işdən azad olunduğu bildirilsə də, iş materiallarında olan mötəbər sübutlardan aydın olur ki, iddiaçı xx.xx.2023-cü il tarixdə işə bərpa olunsa da, elə həmin gün X6 Təhsil İdarəsinə dəvət olunaraq, möhür akt tərtib edilmədən ondan alınmış və işdən azad olunduğu bildirilmiş, iddiaçıya işəgötürən tərəfindən zəruri əmək şəraiti yaradılmadığını bildirmişdir. Bundan əlavə, qeyd etmişdir ki, Əmək Məcəlləsində işçinin müalicə alması ilə bağlı tibb müəssisələrinin kateqoriyası müəyyən edilməmişdir, bütün tibb müəssisələrini onlara verilmiş lisenziya əsasında fəaliyyət göstərir və lisenziya əsasında fəaliyyət göstərən hər bir tibb müəssisəsinin xəstənin əmək fəaliyyətinin olub-olmamasına dair arayış vermək səlahiyyəti vardır. Korrupsiya faktlarına gəldikdə isə qeyd etmişdir ki, bu kifayət qədər ağır ittihamdır və bu faktlar müvafiq dövlət orqanlarının araşdırılması ilə müəyyən edilir, belə bir araşdırılma aparılmadığından bu dəlili də əsassız hesab edirlər.

8. Məhkəmə iclasında iştirak edən iddiaçı bütün bu halların əvvəlcədən Regional Təhsil İdarəsi tərəfindən qurulduğunu, ona qarşı qərəzli mövqe olduğunu, 2023-cü il sentyabr ayının 7-si tarixində İdarəyə getdiyini, işə bərpa edilməsi barədə əmrin surətinin ona təqdim edilməsini istədiyini, lakin bu istəyinin nəzərə alınmadığını, daha sonra təqdim ediləcəyini ona bildirdiklərini qeyd etmiş, sentyabr ayının 8-i tarixində isə Abşeron Regional Təhsil İdarəsinin sektor müdiri, baş məsləhətçinin iştirakı ilə məhkəmə getdiyini, akt əsasında məktəb möhürünün ona təqdim edildiyini, lakin seyfin və xidməti otağın açarının ona təqdim edilmədiyini, bir neçə saat sonra isə mühafizə polisinin əli ilə akt tərtib edilmədən möhürün ondan alındığını bildirmişdir. Elə həmin gün səhhətində yaranmış narahatlıqlar səbəbindən tibb müəssisəsinə müraciət etdiyini və xəstəlik vərəqəsinin açıldığını, bununla bağlı Abşeron Regional Təhsil İdarəsinin, inzibatitəşkilat şöbəsinin və maliyyə-təsərrüfat şöbəsinin müdirinə məlumat verdiyini qeyd etmişdir. Apellyasiya baxışının hədləri:

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

10. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası «Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12, 68-76, 79, 80, 83, 186; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76, 77, 80-82, 88, 106.2, 217.4, 220.5, 385-390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətinin sübuta yetirilməyən və işə aidiyyəti olmayan dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Apellyasiyanın aidiyyəti olmayan dəlilləri sübuta yetirilmir. Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozulması halları müəyyən edilməsi üzrə əmr əsaslandırılmamışdır. Belə ki, işəgötürən tərəfindən iddiaçının əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirilməməsinə, qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi və müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyinin əsaslandırmasına dair mötəbər sübutlar təqdim edilməmişdir. Qeyd edilməlidir ki, xx.xx.2023-cü il tarixdə qanuni qüvvəsini almış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2478/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli K-239 saylı əmək müqaviləsinə xitam verilmə barədə əmrinin İddiaçı münasibətdə ləğv edilməsi, İddiaçı Abşeron rayonu, Saray qəsəbəsi, A.Müzəffərov adına 2 saylı tam orta məktəbin direktoru vəzifəsinə bərpa edilməsi, xx.xx.2022-ci il tarixindən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının İddiaçı ödənilməsi qət edilmişdir; Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən Abşeron-Xızı Regional Təhsil İdarəsinin Həmkarlar Təşkilatına ünvanlanmış xx.xx.2023-cü il tarixli məktuba əsasən, Fikrət Balakışiyev Azərbaycan Respublikası elm və təhsil nazirinin xx.xx.2023-cü il tarixli əmri ilə Abşeron rayon Saray qəsəbə 2 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə bərpa edilmiş, lakin bərpa olunduğu gündən məktəbin müəllim kollektivinin kütləvi şikayətləri Abşeron-Xızı Regional Təhsil idarəsinə daxil olduğundan Abşeron rayon Saray qəsəbə 2 nömrəli tam orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç» bəndi ilə ləğv edilməsinin Həmkarlar Təşkilatının yığıncağında müzakirə edilərək müvafiq qərar qəbul edilməsi xahiş edilmiş; Abşeron-Xızı Regional Təhsil İdarəsinin Həmkarlar Komitəsinin 08 sentyabr 2023-cü il tarixli, 89 nömrəli protokolundan çıxarışına əsasən, Abşeron rayon Saray qəsəbə 2 nömrəli tam orta məktəbin 2017-2021-ci ilə qədər məktəbin direktoru vəzifəsində işləmiş İddiaçı məhkəmənin qərarı ilə işə bərpa olunmasına baxmayaraq, məktəbin pedaqoji və texniki kollektivi onun yenidən fəaliyyətini davam etdirməsinə etiraz etdiyindən, Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi qərarına etiraz edilməmişdir və Abşeron-Xızı Regional Təhsil İdarəsinin Həmkarlar Komitəsinin sədri tərəfindən Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdirinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 11 nömrə ilə qeydiyyata alınmış məktuba əsasən, məktəbdə cərəyan edən narazılığın və sosial partlayışın, pedaqoji prosesin tamlığının pozulmasının qarşısının alınması məqsədi ilə Abşeron rayonu Saray qəsəbə 2 nömrəli tam orta məktəbin direktoru İddiaçı Balakişiyev Boran ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi məsələsinə Abşeron-Xızı Regional Təhsil İdarəsinin Həmkarlar Komitəsinin xx.xx.2023-cü il tarixli iclasında baxılmış və İddiaçı əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç” bəndi ilə ləğv olunması məqsədəmüvafıq hesab edilmişdir.

11. Göründüyü kimi, qeyd edilən kargüzarlıq mübadiləsi bir gün içində - xx.xx.2023-cü il tarixdə baş vermiş və xx.xx.2023-cü il tarixli əmri ilə Abşeron rayon Saray qəsəbə 2 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə bərpa edilmiş iddiaçının əmək müqaviləsinə xitam verilməsi üçün əsas kimi müzakirə predmeti «məktəbdə cərəyan edən narazılığın və sosial partlayışın, pedaqoji prosesin tamlığının pozulmasının qarşısının alınması məqsədi» olmuş, bunların araşdırılması üzrə xidməti araşdırma, zərurət olduqda müvafiq hüquq mühafizə orqanlarına aidiyyəti üzrə müraciət edilmədən əsaslandırılmamış əmr verilmişdir. Diqqətə çatdırılmalıdır ki, həmkarlar ittifaqları üzvlərinin yığıncağında iddiaçının işə gəlməməsi və ya sair qanunvericiliyin təsir altına düşən məsələlər müzakirə predmeti olmamışdır, əgər araşdırmanın nəticəsi adlandırmaq olarsa, iş üzrə təqdim edilmiş müvafiq araşdırma sənədləri, izahat və aktlar həmkarlar ittifaqı komitəsinin iclası tarixindən sonraki tarixlərə təsadüf etmişdir. Yəni, həmkarlar ittifaqı qərarının formal olaraq tərtib edilməsi və əsassızlığı göz qabağındadır və burada müzakirə edilməyən məsələlər əsasında işəgötürənin hərəkətləri əmək hüquqlarının pozulmasına bilavasitə dəlalət edən xüsusatlardır.

12. Əmək qabliyyətinin olmaması vərəqəsinin sistemdə qeydiyyata alınmaması isə onun saxta olmasını şərtləndirən hüquqi hal deyil, halbuki ümumiyyətlə işəgötürənin bu əsasla araşdırma aparması və əmrin əsaslandırılması müəyyən edilməmişdir.

13. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən: Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;

14. Həmin Məcəllənin 71-ci maddəsinə əsasən: 2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrıayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

15. Məcəllənin 72-ci maddəsinə əsasən: Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması;d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.

16. Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən :1. İşəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. 2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsinin «a» bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir.

17. Məcəllənin 80-cı maddəsinə əsasən: 1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

18. Məcəllənin 83-cü maddəsinə əsasən 1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

19. Məcəllənin 186-cı maddəsinə əsasən 1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından suiistifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. 3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. 4. İşəgötürənin bu maddədə nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilməsi onun işəgötürəni hesab edilən vəzifəli şəxs, müəssisənin mülkiyyətçisi, müəssisə dövlət mülkiyyətində olduqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. İşəgötürən inzibati və ya cinayət məsuliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada cəlb edilir.

20. Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən: 1. Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

21. Göründüyü kimi, işəgötürən tərəfindən işçi ilə əmək münasibətlərinə xitam verilməsi barədə əmrinin öz mülahizəsi ilə formal əsaslandırsa da bu əsaslandırmanın normativ və faktiki əsasları öz təsdiqini tapmamışdır.

22. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-709/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar