Məhkəmə qərarları › İş №2(103)-3177/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3177/2023

26.07.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3177/2023 26.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qızına qarşı iddia tələbi ilə əlaqədar iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: müqavilənin etibarsızlığı tələbi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Bəhrəmzadə Sabit Xanlar oğlu (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkil) Vəkil5, Cavabdehin nümayəndəsi (vəkil) Vəkil3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı müqavilənin etibarsızlığı tələbinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 avqust 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları 1.ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 418,4 kv metr olan qeyri-yaşayış sahəsi xx.xx.2004-cü il tarixdən İddiaçı Məmməd oğlunun mülkiyyətindədir. xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən ümumi sahəsi 418,4 kv metr olan qeyri-yaşayış sahəsinin 286,5 kv.metr hissəsi iddiaçı tərəfindən 311603,25 manata Cavabdeh satılmışdır. Qalan 131,9 kv metr olan qeyri-yaşayış sahəsi xx.xx.2021-ci il tarixdə İddiaçı Məmməd oğlunun adına yenidən qeydiyyatdan keçmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı a)Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı Cavabdeh qarşı (3-cü şəxslər X3, X4 və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 57 ünvanında yerləşən 286,5 kv.m olan qeyriyaşayış sahəsinin alqı-satqısına dair onunla Cavabdeh arasında Bakı şəhəri 51 saylı notariat ofisində bağlanılmış AN-İ ******* nömrəli, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və qeyri-yaşayış sahəsinin üzərində mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 57 ünvanında yerləşən ümumi sahəsi 418.4 kv.m. olan qeyri-yaşayış sahəsi 2004-cü ildən onun mülkiyyətindədir. X3 onun əmisinin baldızı olmaqla yanaşı hazırda Azərbaycan Respublikası Energetika Nazirliyində nazirin müşaviri vəzifəsində işləyir. 2021-ci ilin sentyabr ayında Xalidə Məsimova əmlak almaq niyyəti ilə bağlı ona dedikdə, o, obyektinin bir hissəsini satmaq barədə fikrini Xalidə Məsimovaya bildirdi. Danışıqlar nəticəsində onunla aralarında belə bir razılıq əldə olundu ki, o, mülkiyyətində olan 418.4 kv.m. qeyri-yaşayış sahəsinin 300 kv.m. hissəsini ona satır, o isə hər kv.m. üçün 2.500 manat pul ödəməklə qeyri-yaşayış sahəsini alır. Razılıq əldə olunduqdan sonra Xalidə Məsimova ona bildirdi ki, o, hazırda vəzifəli şəxs olduğundan əmlakı öz adına deyil, bacısı qızı Cavabdeh adına rəsmiləşdirəcəkdir. Həmçinin bildirdi ki, əmlakın dəyərinin bir hissəsini rəsmi olaraq ödəyəcək, qalan hissəsini isə 1 ay müddətində nağd şəkildə ona verəcəkdir. Qohum kimi Xalidə Məsimovaya və Cavabdeh tam inandığından onların dediyi bütün təkliflərlə razılaşmışdır. Çünki onun niyyəti əmlakı satmaq idi. Beləliklə, tam razılıq əldə olunduqdan sonra onlar sənədləri Daşınmaz Əmlakın Reyestr Xidmətinə təqdim etdikdən və həmin Xidmətin əməkdaşlarının ölçməsindən sonra məlum olmuşdur ki, qeyri-yaşayış sahəsinin bölgüsü həyata keçirilərsə, onun tam olaraq 300 kv.m. hissəsi deyil, 286,5 kv.m. hissəsini bölüb ayırmaq mümkündür. Bu hal məlum olduqdan sonra, Xalidə Məsimova ilə yenidən müzakirə etmiş və yekun olaraq o, qeyriyaşayış sahəsinin 286,5 kv.m. hissəsini alması, bunun üçün hər 1 kv.m. üçün 2.500 manat olmaqla, ona ümumilikdə 716.250 manat pul ödəyəcəyi barədə razılıq əldə etmişlər. Lakin həmin pulun 300.000 manatını rəsmi qaydada, qalan 416.250 manatını isə 1 ay müddətində nağd qaydada ona ödəyəcəkdir ki, adının iri məbləğdə pul dövriyyəsi ilə bağlı hallanmasını istəmirdi. xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 51 saylı notariat ofisində bağlanmış alqı-satqı müqaviləsinə əsasən, mülkiyyətində olan qeyri-yaşayış sahəsinin 286.5 kv.m. hissəsini Xalidə Məsimovanın bacısı qızı olan Cavabdeh adına keçirtmişdir. Xalidə Məsimova ilə əldə olunmuş razılığa əsasən 2021-ci ilin oktyabr ayının sonundan qalan 416.250 manat pulu tələb etməyə başlasa da, artıq Xalidə Məsimova yayınmağa başlamışdır. O, hər dəfə müxtəlif vədlər verməklə, vaxtı uzatmağa çalışırdı. Söhbətlər əsnasında Xalidə Məsimova ilk öncə onu işlədiyi Energetika Nazirliyindən işdən çıxardacağı, daha sonra isə geniş əlaqələrindən istifadə etməklə onu həbs etdirəcəyi ilə hədələməyə başlamışdır, lakin o, onun sözlərinə və hədələrinə əhəmiyyət verməyərək pulunu və yaxud əmlakını geri qaytarmasını tələb edirdi. xx.xx.2021-ci il tarixdə, təxminən saat 21:00 radələrində Sumqayıt şəhərində 2-ci məhəllədə yaşadığı evin qarşısından özünü DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim edən şəxslər heç bir səbəb göstərmədən, onu öz avtomobilinə otuzduraraq, özləri idarə edib həmin İdarəyə gətirdilər. Onu orada 2 gün saxlayaraq, qarşısında qəti şərt qoydular ki, o, Xalidə Masimovadan heç bir məbləğdə pul tələb etməli deyil, bundan əlavə mülkiyyətində olan qeyri-yaşayış sahəsinin yerdə qalan 131.9 kv.m. hissəsini də Xalidənin hacısı Sevda Salamovanın adına keçirtməlidir. Əks halda onu dələduzluqda ittiham edib həbs edəcəkləri ilə hədələməyə başladılar. İlk əvvəl razılaşmasa da, ona göstərilmiş fiziki və mənəvi təzyiqlərə tab gətirməyərək, məcbur qalıb orada iltizam yazılmasına razı olmuşdur ki, həmin iltizamı yazıb oradan çıxa bilsin. Əks halda onu həbs edib saxlayacaqları ilə hədələyirdilər. Nəhayət o, iltizam yazdıqdan sonra onu oradan buraxdılar. Həmin günün səhərindən başlayaraq, artıq Xalidə Məsimova ondan qeyriyaşayış sahəsini tam olaraq onun adına keçirməyini tələb etməyə başladı, əks halda onu yenidən BMCMİ-nin əli ilə tutduracağı ilə hədələyirdi. Onun bu hədələrinə əhəmiyyət verməsə də, xx.xx.2021-ci il tarixdə saat 18:00 radələrində yenidən BMCMİ-nin əməkdaşları yaşadığı evin qarşısından onu öz avtomobillərinə otuzduraraq, həmin İdarəyə gətirdilər. Bu dəfə isə 3 gün saxlayaraq, ona fiziki və mənəvi təzyiqlər göstərməyə başladılar. Orada onu mülkiyyətində olan qeyri-yaşayış sahəsini Xalidənin bacısının adına keçirməyi və etməyəcəyi təqdirdə, dələduzluqla və yaxud vergidən yayınma ilə məsuliyyətə cəlb edəcəkləri ilə hədələyirdilər. Nəhayət ailə üzvlərinin və vəkilinin şikayətlərindən sonra xx.xx.2021 -ci il tarixdə axşam saatlarında onu oradan buraxdılar. Vəziyyəti belə görən Xalidə Məsimova ondan əl çəkməyərək, bacısı X1 adından ona qarşı Nizami Rayon Məhkəməsində əsassız, qondarma iddia qaldıraraq, onun mülkiyyətində qalan 131.9 kv.m. sahənin də onun mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bütün qeyd olunanlarla tam təsdiq olunur ki, Xalidə Məsimova, bacısı qızı Cavabdeh ilə birlikdə onu aldatmaqla, etibarından sui-istifadə etməklə onu mülkiyyətində olan əmlakın öz mülkiyyətlərinə keçirilməsinə nail olmuş, nəticədə Cavabdeh ondan almış olduğu əmlakın dəyərini tam şəkildə ödəməmişdir.

4. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim H.Əhmədova, iş № 2(007)-665/22) iddia rədd edilmişdir.

5. Məhkəmə əqdin etibarsızlığına səbəb olacaq əsaslar müəyyən edilmədiyindən iddianın rədd edilməsi barədə qənaətə gəlmişdir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2, 339, 390.1-ci maddələri ilə əsaslandırmışdır.

b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

b) Apelyasiya şikayətinin dəlilləri:

7. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilk növbədə iddia tələbi əqd bağlandıqdan sonra deyil, məhz əqd bağlanmamışdan əvvəl cavabdehin əmlakın dəyərini sonradan ödəyəcəyi vədi ilə bağlı vədinə əməl etməməsi və bununla da iddiaçını aldatması ilə əsaslandırılmışdır. Digər tərəfdən, ümumiyyətlə iddia tələbi əqdin məcburetmə təsiri altında deyil, aldadılma nəticəsində bağlanması ilə əsaslandırılmışdır.

9. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 30 noyabr 2022-ci il tarixli, 2(103)-7289/2022 nömrəli qətnaməsi ilə (hakimlər A.Ə.İsgəndərov (sədrlik edən və məruzəçi), İ.Ə.Kərimli və E.C.Kazımov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin olunmuşdur.

10. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 30 noyabr 2022-ci il tarixli, 2(103)- 7289/2022 nömrəli qətnaməsi ilə (hakimlər – A.İsgəndərov (sədrlik edən və məruzəçi), İ.Kərimli, ) apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 2(011)- 4081/2021 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilmişdir.

11. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, məhkəmə iclasında izahat verərkən cavabdehin nümayəndəsi alqısatqı zamanı pulun ödənilmədiyini etiraf etməklə Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinin tələbinə müvafiq olaraq iddiaçını həmin faktı sübut etmək vəzifəsindən azad etmişdir. Həmçinin, qeyd edir ki, cavabdehin iddiaya etirazın əsası kimi istinad etdiyi əsas dəlil mübahisəli qeyri-yaşayış sahəsinin əsl sahibinin iddiaçı yox, üçüncü şəxs Sevda Salamova olmasıdır. Cavabdeh tərəf bildirmişdir ki, Sevda Salamova həmin sahəni formal olaraq qaynı oğlu olan iddiaçının adına özəlləşdirmiş, bütün xərcləri özü çəkmiş, iddiaçının sadəcə idarəçiliyinə vermişdir. Məhkəmə kollegiyasının qənaətinə görə bu halı, yəni mübahisəli qeyri-yaşayış sahəsinin əsl sahibinin Sevda Salamova olmasını, həmin sahənin formal olaraq iddiaçının adına özəlləşdirilməsini sübut etmək yükü cavabdehin öz üzərinə düşür. Lakin işin müəyyən edilən hallarından göründüyü kimi, cavabdeh tərəfindən qeyd olunan hallar sübuta yetirilməmişdir. Həmçinin, işdən göründüyü kimi, mübahisəli qeyri-yaşayış sahəsi xx.xx.2004-cü ildən mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınmış və bu hüquq heç kim, o cümlədən cavabdeh və üçüncü şəxs tərəfindən qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmişdir.

c) Kassasiya instansiyası məhkəməsindəki icraat

12. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-859/2023 nömrəli iş üzrə 23 yanvar 2023-cü il tarixli qərarı ilə (hakimlər – Vüqar Həsənov (sədrlik edən və məruzəçi), Əhməd Əhmədov və İspəndiyar Şəfiyev) cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7289/2022 nömrəli iş üzrə 30 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.

13. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, baxılan işdə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən hallar, o cümlədən sözügedən iddiaçının ümumiyyətlə mübahisəli qeyri-yaşayış sahəsini satmaq istiqamətində iradəsinin olub-olmaması (işin halları ilə aydın olur ki, iddiaçı və hüquqa malik olan digər şəxslər satışa razılıq vermişlər), satılmadan umulan faydanın nədən ibarət olması, ona çatılıb-çatılmaması (satış pulu ilə başqa əmlak alınması və ya digər real ehtiyacın qarşılanması və s.), bu istiqamətdə tərəflərin etdiyi hərəkətlər (məsələn, satış pulunun iddiaçıya verilib-verilməməsi və s.) konkret hallar çəkişmə prinsipinə riayət edilməklə tam və hərtərəfli araşdırılmamış, işdəki sübutlar əlaqəli şəkildə təhlil edilməmiş, tərəflərin dəlillərinə lazımi hüquqi qiymət verilməmişdir. Müqavilənin bağlanmasından əvvəl digər tərəflə danışıqları olmuş, müqavilədə nəzərdə tutulmuş məbləğin ona ödənilməsini qəbul edir, müqavilənin forma və məzmunu ilə bağlı hər hansı iradı yoxdur, hər iki tərəf əqdi bağlamağa səlahiyyətlidir, ona qarşı həmin anda məcburetmənin tətbiq olunmasına istinad etmir, yalnız müqaviləninin bağlanmasından sonra iddia etdiyi razılaşdırılmış dəyərin bir hissəsinin (halbuki müqavilədə göstərilənlərdən daha artıq məbləğdə cavabdehin öhdəliyinin mövcud olmasına dair hansı möhtəbər sübut təqdim etmir) ona ödənilmədiyinə əsaslanmaqla, aldadıldığını iddia edir və müqaviləninin etibarsızlığını tələb edir. 66. Lakin apellyasiya instansiyası məhkəməsi iddiaçının əsaslandığı işin faktiki hallarından fərqli mövqedən çıxış edərək belə nəticəyə gəlir ki, alqı-satqı müqaviləsi bağlanarkən cavabdehin qeyri-yaşayış sahəsinin dəyərini ödəmək niyyəti olmamışdır, müqavilə aldatma təsiri altında bağlamışdır. 67. Halbuki, iddiaçı göstərilən əsaslarla müqaviləninin etibarsızlığını tələb etməmiş, qeyri-yaşayış sahəsinin tam dəyərinin deyil, yalnız onun iddia etdiyi həcmdə olan hissəsinin ona ödənilmədiyini göstərmişdir. apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən maddi və prosessual hüquq normalarının tələblərinə, o cümlədən istinad olunan Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırdığı tələblərə cavab vermir.

Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat

Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri:

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı:

15. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.

16. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apelyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etdi.

Apelyasiya baxışının hədləri

17. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır

18. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

19. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya instansiyası məhkəməsi tərəfindən tam ləğv edildiyi və yeni apellyasiya baxışına qaytarıldığından qətnamə bütövlükdə yoxlanılır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

20. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

21. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

22. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.

23. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.

24. Maddə 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır.

25. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

29. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir.

30. Birinci instansiya məhkəməsi işin hallarını və mülki qanunvericilik normalarını nəzərə alaraq iddia tələbini rədd etmişdir.

31. Məhkəmə kollegiyası hesab edir ki, iddianı rədd etməklə birinci instansiya məhkəməsi qanuni və əsaslı qənaətə gəlmişdir.

32. Mülki Məcəllə nəzərdə tutur ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (maddə 337.1, 337.3).

33. Qanunvericilikdə əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır.

34. Qanunvericiliyin mənasına görə əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur.

35. Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr, N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli, X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli qərarları üzrə ifadə edilmiş hüquqi mövqelərə görə mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və həqiqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər.

36. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

37. Həmin Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasının deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasının, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir.

38. Baxılan iş üzrə iddiaçı tərəfin mövqeyindən aydın olur ki, iddiaçının mübahisəli əmlakı satmaq niyyəti olmuş, müqavilənin bağlanmasından əvvəl digər tərəflə danışıqları olmuşdur. İddiaçı müqavilədə nəzərdə tutulmuş məbləğin ona ödənilməsini mübahisələndirməmiş, müqavilənin forma və məzmunu ilə bağlı hər hansı irad bildirməmişdir. Müqavilənin hər iki tərəfi əqdi bağlamağa səlahiyyətli olmuş, iddiaçı müqavilə bağlanarkən ona qarşı həmin anda məcburetmənin tətbiq olunmasına istinad etməmişdir. Beləliklə, müqavilə bağlanarkən əqdin etibarlılığı üçün qanunla müəyyən edilmiş 4 qrup şərtə əməl olunmuş, tərəflərin məqsədi alqı-satqı müqaviləsi bağlamaq olmuş və müqavilə onların iradəsinə uyğun olaraq rəsmiləşdirilmiş, müqavilə ilə nəzərdə tutulmuş dəyər ona ödənilmişdir.

39. İddiaçı yalnız müqaviləninin bağlanmasından sonra iddia etdiyi razılaşdırılmış dəyərin bir hissəsinin ona ödənilmədiyinə əsaslanmaqla, aldadıldığını iddia edir və müqaviləninin etibarsızlığını tələb edir.

40. Halbuki, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən hal odur ki, iddiaçı ilk növbədə cavabdehlə aralarında müqavilədə göstərilənlərdən daha artıq məbləğdə öhdəlik münasibətlərinin yarandığına dair sübutlar təqdim etməlidir. Lakin iddiaçı bununla bağlı məhkəməyə hər hansı möhtəbər sübut təqdim etməmişdir. Bu fakt öz təsdiqini tapmadan tərəflər arasında bağlanmış müqaviləninin etibarlılığı şübhə altına bilməz. Həmçinin, iddiaçı göstərilən əsaslarla müqaviləninin etibarsızlığını tələb etməmiş, qeyriyaşayış sahəsinin tam dəyərinin deyil, yalnız onun iddia etdiyi həcmdə olan hissəsinin ona ödənilmədiyini göstərmişdir. Eyni zamanda kassasiya instansiyası məhkəməsinin mövqeyinə uyğun olaraq birinci instansiya məhkəməsində iştirak edən nümayəndənin iddianın etiraf edilməsi ilə bağlı səlahiyyətə malik olub-olmaması aydınlaşdırılmış və etibarnamədən müəyyən edilmişdir ki, cavabde tərəfindən həmin etibarnaməyə əsasən nümayəndəyə iddianın etiraf edilməsi səlahiyyəti verilməmişdir. Belə olan halda da,ümayəndənin dedikləri eddinın etirafı səlahiyyəti olmadığından cavabdehin iddianın etiraı kimi qəbuledilə bilməz.

41. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır.

42. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.

43. Məhkəmə kollegiyası qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

44. Məhkəmə kollegiyası kaasasiya instansiya məhkəməsinin iş üzrə mövqeyini nəzərə almaqla işin hallarını araşdıraaq hesab edir ki, apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı olmaqla birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

46. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar