Məhkəmə qərarları › İş №2(103)-3179/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3179/2020

28.10.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3179/2020 28.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərovdan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6671/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı “əmlak tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsində 30/11942 qeydə alma nömrəsi ilə xx.xx.2002-ci il tarixdə qeydiyyata alınmış, Bakı şəhəri, M.Muxtarov küçəsi, 185 saylı evin 18 saylı mənzilinin cavabdehin mülkiyyətindən alınaraq iddiaçının mülkiyyətinə verilməsi, mənzilin daşınmaz əmlakın dövlət reyestrində İddiaçı ASÇ-nin adına qeydiyyata alınaraq çıxarışın verilməsibarədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2009-cu il tarixli, K-4552 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 293000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh məxsus, Bakı şəhəri, M.Muxtarov küçəsi, 185 saylı evin 18 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış borc məbləği ilə əlaqədar, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə barışıq sazişi bağlanmış və Bakı şəhəri 12 saylı notariat kontorunda təsdiq edilmişdir. Barışıq sazişinin şərtlərinə əsasən, Cavabdeh xx.xx.2009- cu il tarixli, K-4552 saylı kredit müqaviləsinə əsasən yaranmış 171089,80 ABŞ dolları əsas, 124146,26 ABŞ dolları faiz, cəmi 295236 ABŞ dolları məbləğində borcunu xx.xx.2019-cu il tarixədək ödəyəcəyini, həmin müddət ərzində borc ödənilmədiyi təqdirdə, İddiaçı ASC-yə ipotekaya qoyulmuş, mülkiyyətindəki, Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi, 185 saylı binadakı 18 saylı mənzili borcun əvəzi olaraq bankın mülkiyyətinə ötürməyi, mənzili bankın adına rəsmiləşdirməsini öhdəsinə götürmüşdür. Lakin, Cavabdeh barışıq sazişinin şərtlərini yerinə yetirməmiş, razılaşdırılmış müddət ərzində banka olan borcunu ödəməmişdir. Cavabdehə borcun ödənilməsi ilə bağlı yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, o, buna münasibət bildirməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianın predmetinin dəyişdirilməsinə dair ərizə təqdim edərək, ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi, 185 saylı evin 18 saylı mənzilinə tutma yönəldilərək ilkin satış qiymətinin ipoteka müqaviləsi ilə müəyyən edilmiş 150000 ABŞ dollarının manata məzənnəsinə uyğun müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə olunmuş pul vəsaitinin xx.xx.2009-cu il tarixli, K-4552 saylı kredit müqaviləsi üzrə cavabdehin iddiaçıya olan cəmi 295236 ABŞ dolları məbləğində borcunun ödənilməsi, mənzilə tutma yönəldildikdə və o satıldıqda, ən geci 1 ay ərzində Cavabdeh mənzilə istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6671/2019 saylı xx xxxxxx 2019cu il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin olunmuş, Cavabdeh məxsus Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi, 185 saylı evin 18 saylı mənzilin ilkin satış qiyməti 255000 (iki yüz əlli beş min) manat müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə olunacaq vəsait Cavabdeh xx.xx.2009-cu il tarixli, K-4552 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə olan cəmi 295236 (iki yüz doxsan beş min iki yüz otuz altı min) ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borcunun ödənilməsinə yönəldilməsi, Cavabdeh 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi, 185 saylı evin 18 saylı saylı mənzilə tutma yönəldildikdə və o satıldıqda ən geci 1 (bir) ay ərzində mənzilin boşaldılması və Cavabdeh həmin mənzildən istifadə hüququnun itirilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayət verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki,birinci instansiya məhkəməsi işin faktiki hallarını araşdırmadan, iddiaçı ilə cavabdeh arasında mövcud olan xx xxx 2017-ci il tarixli Barışıq Sazişinin mövcudluğuna heç bir əhəmiyyət verməmişdir. İddiaçı ilə Cavabdeh arasında K-4552 saylı, 26 noyabr müqaviləsi üzrə Barışıq Sazişi imzalamışlar. X2 şərtlərinə əsasən, Cavabdeh 295236 ABŞ dolları məbləğində borcunu xx xxx 2019-cu il tarixədək ödəməyi, borcu ödəmədiyi halda isə, mülkiyyətində olan, ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi, 185 saylı binadakı 18 saylı mənzili borcun əvəzi olaraq mənzili bankın adına rəsmiləşdirməyi öhdəsinə götürmüşdür.Barışıq Sazişi ilə müəyyən edilmiş müddət başa çatdıqdan sonra, Sahib İbarhimov borcu ödəyə bilmədiyindən, banka müraciət edərək, mənzilin bankın adına rəsmiləşdirilməsi üçün prosedurlara başlanmasını xahiş etmişdir. Lakin bank imzalanmış Barışıq Sazişinin icra edilməsindən yayınaraq, müxtəlif bəhanələrlə mənzilin rəsmiləşdirilməsindən yayınmış və xx xxxxxx 2020-ci il tarixdə Cavabdeh Yasamal Rayon Məhkəməsinin qətnaməsini poçt vasitəsi ilə almışdır. Bu zaman məlum olmuşdur ki, bank, mənzilin hərracdan satılaraq borcun ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Halbuki, tərəflər arasında imzalanmış Barışıq Sazişində belə bir şərt nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsi isə, cavabdehin məhkəmə iclasında iştirakını təmin etmədən, işin həqiqi hallarını müəyyən etmədən, tərəflər arasında mövcud olan razılaşmanın mahiyyətinə varmadan yalnız iddiaçının mülahizələri əsasında heç bir əsası olmayan bir iddianı təmin etmişdir.Bundan əlavə, qətnamənin ləğv edilməsi üçün digər əsas odur ki, birinci instansiya məhkəməsi, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarını pozaraq, mənzilin hərracdan satılma üçün ilkin dəyərini heç bir əsas olmadan, yalnız iddiaçının mülahizələrinə əsasən 155000 ABŞ dolları həcmində müəyyən etmişdir. Əslində birinci instansiya məhkəməsi, iş üzrə daha düzgün və əsaslı qətnamə qəbul edilməsinə nail olmaq üçün, iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin etməli və ipoteka predmetlərinin hazırkı günə orta bazar qiymətlərini müəyyən etməli idi. Lakin birinci instansiya məhkəməsi Qanunun bu imperativ tələbinə riayət etməmiş, açıq hərracdan satışı nəzərdə tutulmuş ipoteka predmetlərinin ilkin satış qiymətini 2015-ci ildə əmlaklar ipoteka ilə yüklü edilərkən müəyyən edilmiş qiymətlə müəyyən etmişdir. Bütün bu göstərilənlər sübut edir ki, birinci instansiya məhkəməsi cavabdehə qarşı qərəzli mövqe tutmuş, iş üzrə tam, düzgün, hərtərəfli araşdırma aparmadan yalnız iddiaçının mülahizələrinə əsasən əsassız, işin həqiqi hallarına uyğun gəlməyən qətnamə çıxarmışdır. Bu isə, qətnamənin ləğv edilməsi və iddia tələblərinin rədd edilməsi üçün birbaşa əsasdır. Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərarı ilə Əmanətlərin Sığortalanması Fondu iddiaçı “xxxxxxx”-yə ləğvedici təyin edildiyindən məhkəmə kollegiyasının xx xxxx 2020-ci il tarixli məhkəmə iclas protokolu ilə Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondu “xxxxxxx”-nin ləğvedicisi kimi işə cəlb edilmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili X3 apellyasiya şikayətinə əlavə təqdim edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, təyin edilmiş qiymətləndirmənin həyata keçirilməsi mümkün olmadığından bu barədə yekun hüquqi qiymətin verilməsini məhkəmə kollegiyasının mülahizəsinə buraxır. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iş üzrə iddiaçı Ləğv prosesində olan «xxxxxxx» ASC məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6671/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı (Azəriqazbank) ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2009-cu il tarixli, K-4552 saylı kredit müqaviləsinin surətindən görünür ki, borc alana illik 23 faiz olmaqla 34 ay müddətinə 293000 ABŞ dolları məbləğində kredit verilmişdir. Müqavilənin 6-cı bəndinə görə bu müqavilənin şərtlərinə əsasən verilmiş kredit xx.xx.2006-cı il tarixli, G-412 saylı və xx.xx.2006-cı il tarixli, G-413 saylı İpoteka müqavilələri və onlara ediləcək büttin əlavələrlə təmin olunur. Təminatı müəyyənləşdirən sənəd bu müqaviləyə əlavə kimi qəbul edilir və onun ayrılmaz hissəsi hesab edilir. İş materiallarına əlavə edilmiş ipoteka saxlayan "İddiaçı" (Azəriqazbank) ASC ilə ipoteka qoyan Cavabdeh arasında bağlanmış xx.xx.2006-cı il tarixli, G-412 saylı İpoteka müqaviləsinin surətindən görünür ki, mülkiyyət hüququ ilə ipoteka qoyana məxsus Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi, 185 saylı evin 18 saylı mənzili bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka hüququ dövlət qeydiyyatına alınmış və buna dair MA seriyalı, ******* nömrəli çıxarış verilmişdir. İş materiallarında olan ipoteka şaxlayan xx.xx.2015-ci il tarixli, 19/733 saylı bildirişin surətindən görünür ki, bildirişlə K-4552 saylı, xx.xx.2009-cü il tarixli kredit müqaviləsi üzrə 404232,28 ABŞ dolları məbləğində yaranmış borcun ödənilməsi məqsədilə G-412 saylı, xx.xx.2006-cı il tarixli ipoteka müqaviləsi əsasında ipoteka qoyulmuş ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında borcluya məlumat verilmiş, eyni zamanda, məhkəməyə müraciət edilmədən ipoteka predmetinə tutmanın yönəldilməsi üçün notariat qaydasında razılaşmanın təsdiq edilməsi təklif olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin xx.xx.2015-ci il tarixli məktubundan görünür ki, Cavabdeh məxsus Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi, 185 saylı evin 18 saylı mənzilə tutmanın yönəldilməsi barədə bildiriş müvafiq dövlət qurumunda qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasındaxx.xx.2017-ci il tarixdə barışıq sazişi bağlanmış və Bakı şəhəri 12 saylı notariat kontorunda təsdiq edilmiş barışıq sazişinin surətindən görünür ki, Cavabdeh xx.xx.2009- cu il tarixli, K-4552 saylı kredit müqaviləsinə əsasən yaranmış 171089,80 ABŞ dolları əsas, 124146,26 ABŞ dolları faiz, cəmi 295236 ABŞ dolları məbləğində borcunu xx.xx.2019-cu il tarixədək ödəyəcəyini, həmin müddət ərzində borc ödənilmədiyi təqdirdə, İddiaçı ASC-yə ipotekaya qoyulmuş, mülkiyyətindəki, Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi, 185 saylı binadakı 18 saylı mənzili borcun əvəzi olaraq bankın mülkiyyətinə ötürməyi, mənzili bankın adına rəsmiləşdirməsini öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1 maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və 448.2 maddəsinə görə isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 307.4-cü maddəsinə əsasən ipoteka müqaviləsində ipoteka ilə təmin edilmiş öhdəlik, onun məbləği, əmələ gəlməsi əsasları və icra müddəti göstərilməlidir. Bu öhdəliyin hansısa müqaviləyə əsaslandığı hallarda həmin müqavilənin tərəfləri, bağlandığı tarix və yer göstərilməlidir. Əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir. Mülki Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Mülki Məcəllənin 319.6-cı maddəsinə görə, bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir.Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.2. əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3 və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Beləliklə, iş materialları ilə İddiaçı (Azəriqazbank) ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2009-cu il tarixli, K-4552 saylı kredit müqaviləsi üzrə cavabdehin iddiaçıya 171089,80 ABŞ dolları əsas, 124146,26 ABŞ dolları faiz, cəmi 295236 ABŞ dolları məbləğində borcunun qalması, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh məxsus Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi, 185 saylı evin 18 saylı mənzilinin ipoteka ilə yüklü edilməsi təsdiq olunmuşdur. Məhkəmə işin faktiki hallarını və qanunvericiliyin göstərilən tələblərini nəzərə alaraq haqlı olaraq hesab etmişdir ki, qeyd edilən kredit öhdəliyi icra edilmədiyi üçün iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, şikayətdə göstərilənlər formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Belə ki, cavabdehin apellyasiya şikayətinin dəlillərindən biri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını araşdırmadan iddiaçı ilə cavabdeh arasında mövcud olan xx xxx 2017-ci il tarixli Barışıq Sazişinin mövcudluğuna heç bir əhəmiyyət verməmişdir. Kollegiya hesab edir ki, qanunvericiliyin tələbi baxımdan tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə həmin saziş məhkəmə üçün məcburi hüquqi qüvvəyə malikdir. Hazırda isə tərəflər arasında Barışıq Sazişi məhkəmə tərəfindən təsdiq edilməmişdir. Həmçinin istinad olunan sazişdən görünür ki, əmlak bankın mülkiyyətinə keçdikdən sonra “iddiaçı” borcla bağlı “cavabdehə” qarşı hər hansı bir iddia irəli sürməyəcəyini öhdəsinə götürür. Hazırki halda isə cavabdeh öz üzərinə götürmüş olduğu həmin öhdəliyi yerinə yetirmədiyindən iddiaçının kredit müqaviləsi ilə yaranmış borcunun tələb edilməsi hüququ istisna edilə bilməz. Cavabdehin apellyasiya şikayətinin digər dəlili isə ondan ibarətdir ki, birinci instansiya iş üzrə daha düzgün və əsaslı qətnamə qəbul edilməsinə nail olmaq üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etməli və ipoteka predmetlərinin hazırkı günə orta bazar qiymətlərini müəyyən etməli idi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd olunan dəlilinin yoxlanılması üçün 2(103)-3179/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadla mübahisə predmeti olan mənzilin real satış (bazar) qiyməti barədə mütəxəssis rəyi alınsı üçün qiymətləndirici təyin etmiş və qərardadın icrası «xxxxxxx» MMC-yə həvalə edilmişdir. İş materiallarına əlavə edilmiş «xxxxxxx» MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi, 185 saylı evin 18 saylı mənzilə mütəxəssislər tərəfindın baxış keçirilməsinə şərait yaratmaqdan imtina etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Kollegiya qeyd edir ki, cavabdeh mənzilə mütəxəssislər tərəfindın baxış keçirilməsinə şərait yaratmaqdan imtina etdiyindən apellyasiya şikayətinin qeyd olunan dəlili aradan qalxmış hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6671/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6671/2019 saylı xx xxxxxx 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar