Məhkəmə qərarları › İş №2(103)-3191/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3191/2025

19.01.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3191/2025 19.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı işi üzrə Açar sözlər:( “pul”) hakimlər X3 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçı, iddiaçının nümayəndəsi Vəkil1 və cavabdehin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-634/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı

1. İddiaçı 24000 manat əldən çıxmış faydanın Cavabdeh tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh qardaşı X6 yaxın dostu, hamısının tanıdığı və evlərinə gəlib-gedən şəxs olmuşdur. Cavabdeh onları dilə tutaraq özünün maliyyə borcunun olduğunu və bu səbəbdən tutula biləcəyini, mülkiyyətində olan evin də əldən gedəcəyini deyərək, atasının adından yaşadıqları mənzilin satılması üçün ona etibarnamə verilməsini təklif etmişdir. Cavabdeh həmin etibarnamə əsasında özü tərəfindən 80000 ABŞ dolları məbləğində qiymətləndirdiyi mənzili satsın, alqı-satqıdan əldə etdiyi pulla özünün borclarını ödəsin, əvəzində isə Cavabdeh özünə məxsus olan Bakı şəhəri, 4-cü Nərimanov döngəsi, 35-də yerləşən evini yaşamaq üçün mülkiyyət hüququ əsasında onlara versin. Cavabdeh evinin ümumi sahəsi onların mənzilinin sahəsindən 19 kv.m. artıq olduğu üçün həmin fərqi pulla ona ödəməyi qərara almışlar. Sonralar cavabdeh gəlib demişdir ki, onlardan bu əlavə məbləği istəmir, ya evini onlara verəcək, ya da onlar üçün uyğun bir mənzil alıb verəcək və öz mənzilini geri götürəcək. Həmin razılığa görə ünvan 1 ünvanında özəlləşdirilmiş 3 otaqlı 8 saylı mənzil Cavabdeh tərəfindən xx.xx.2010-cu il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən X1. Mənzilin satışından əldə olunan 80000 ABŞ dolları pulun hamısını Cavabdeh götürmüşdür. Onlar, yəni atası, anası, özü və qardaşı Cavabdeh məxsus Bakı şəhəri, 4-cü Nərimanov döngəsi, 35-də yerləşən evə köçmüşlər və ora qeydiyyata alınmışlar. Lakin Cavabdeh həmin evin mülkiyyət hüququnu adlarına rəsmiləşdirməmişdir. Səbəbini soruşduqda onlara bildirmişdir ki, həmin evi girov qoyaraq bankdan kreditlə pul götürmüşdür və həmin evin sənədləri bankda olduğundan onu onların adlarına keçirə bilməz. Lakin onlara tezliklə evi girovdan çıxaracağını və onların adlarına rəsmiləşdirəcəyini bildirmişdir. Lakin illər keçsə də, cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək nə evi onların adlarına keçirib, nə satılmış mənzilin pulunu verib, nə də başqa bir yerdə onlara müvafiq mənzil alıb. Onlar cavabdehə dəfələrlə müraciət etdiklərini görüb Cavabdeh xx.xx.2014-cü il tarixdə ona qəbz vermiş və 3 il müddətində təmirli özəlləşdirilmiş mənzil verəcəyini bir daha öhdəsinə götürmüşdür. Lakin buna da əməl etməmişdir. Bu müddət ərzində əvvəlcə 2010-cu ildə anası, sonra isə 2012- ci ildə atası rəhmətə getmişdir. Sonradan, 2018-ci ilin may ayında Cavabdeh onlara demişdir ki, həmin evi təmir etdirir, ona görə də onlar müvəqqəti olaraq evi tərk etməlidirlər. Evin həqiqətən də təmirə ehtiyacı olduğundan onlar heç nədən şübhələnməmişlər. O və qardaşı həmin evdən çıxsalar da, ev əşyaları həmin evdə qaldı. Evi təmir etdirəndən sonra da Cavabdeh həmin evə onları buraxmamış və evi yaxşı qiymətə hörmətli bir tanışına satması, o evin pulunu cavabdehə ödəyən kimi onlara 3 otaqlı bir mənzil alıb verməsi və hətta bu məqsədlə müvafiq mənzil axtarılması üçün maklerləri də bu işə cəlb etməsini demişdir. Onlar da başqa əlacları olmadığı, eləcə də yaxın tanışları olduğundan cavabdehə inanmaqda davam etmişlər və onunla razılaşmışlar. Hələ 2017-ci ildə vaxt itirmədən Cavabdeh zamanı dəyərləndirərək məhkəməyə müraciət edir və 23 yanvar 2018-ci ildə Sabail məhkəməsinin qərarına əsasən Abasovları xəbərdar etmədən onları mənzil qeydiyyatından çıxarır. Bunu onlar 2019-cu il fevral ayında təsadüfən öyrənirlər və onlar dərhal Cavabdehla görüşmüşlər,bunun müqabilində onları sakitləşdirmək üçün Cavabdeh xx.xx.2019-cu il tarixli iltizam vermişdir. Həmin iltizamda Cavabdeh onlara məxsus mənzili satdığını etiraf edib yenidən 3 il ərzində onlara mənzil alacağını göstərmişdir. Bu vaxtadək cavabdeh Abasovların ailə üzvlərinin inamından və etibarından sui-istifadə etmiş, mənzilini satıb və əvəzində heç nə verməmişdir. Ona görə də Abasovlar E. Məmmədovdan müvafiq qaydada şikayət edəcəyini bildirmişlər. Bəlli olmuşdur ki, Məmmədovun məqsədi pulun və ya mənzilin onlara qaytarılması deyil, sadəcə hər dəfə bir bəhanə ilə vaxtı uzatmaq və məsuliyyətdən yayınmaqdır. Ona görə də onlar məhkəməyə müraciət etmək məcburiyyətindədirlər. Məhkəmə işə baxaraq iddianı qismən təmin edilsin qərarını çıxarmışdır. Cavabdeh İddiaçı xeyrinə 80000 ABŞ dolları məbləğində pul tutulduğu anda AR Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul tutulsun. Cavabdeh İddiaçı xeyrinə 80.000 ABŞ dolları məbləğində pul manat hesabı ilə tutulan anda həmin məbləğdən 44200 manat məbləğində pul çıxılmaqla yerdə qalan məbləğ İddiaçı ödənilsin. Belə ki, məhkəmə Abasovlardan Məmmədovun mənzilindən istifadənin dəyərini çıxmış, amma Abasovların vəsaitlərinin E. Məmmədov tərəfindən istifadəsinin kompensasiya edilməsi iddialarına baxmayaraq, məsələni gözardı etmişdir. Bundan sonra Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2817/2019 saylı işi üzrə 30 oktyabr 2019-cu il tarixli qətnaməsindən həm İddiaçı, həm də Cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi işə baxaraq qərar qəbul etmişdir: İddiaçı və Cavabdeh apellyasiya şikayətləri qismən təmin edilsin, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2817/2019 saylı işi üzrə 30 oktyabr 2019- cu il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. Yeni qətnaməyə əsasən, iddia ərizəsi qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 80000 manat məbləğində pul vəsaiti tutulsun. xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İddiaçı, Cavabdeh qarşı “mənzilin dəyəri barədə borcun qaytarılması və vurulmuş zərərin ödənilməsi” tələbi üzrə iddianı təmin edərək, cavabdehin ona 80000 manat məbləğində borc qaytarması barədə qərar qəbul etmişdir. Lakin məhkəmə qərarına baxmayaraq, cavabdeh borc məbləğini dərhal ödəməmiş və onu hissəhissə ödəməyə başlamışdır. İlk ödəniş yalnız xx.xx.2021-ci il tarixində edilmişdir. Sonuncu ödəniş isə xx.xx.2023-cü il tarixində baş tutmuşdur. Beləliklə, cavabdeh öz verdiyi iltizamnaməsinə əsasən borcun tam qaytarılmasını 2014 ildən indiyədək ödəməmiş və Ali məhkəmənin qərarını saymayaraq 4 ildən çox gecikdirmişdir. Yuxarıda qeyd olunduğu kimi, E. Məmmədov tərəfindən Abasovaya ödənilməli olan mənzilin dəyərindən 44 200 manat məhkəmə qərarı ilə çıxılmışdır. Hal hazırda isə Abasovanın pensiyasından əlavə olaraq 2000 manatdan artıq vəsait qeyri-qanuni olaraq tutulmuşdur. Cavabdeh Dövlət rüsumunun ödənilməsi haqqında məlumat mənzilindən istifadənin dəyəri 44200 manat ödəniləcək məbləğdən çıxılırsa, Abasovlara çatacaq vəsaitin də Cavabdeh tərəfindən qanunsuz istifadəsinin kompensasiyası illik 5% olmaqla Abasovaya verilməlidir.

2. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-634/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədə qeyd edilmişdir ki, xx.xx.2021ci il tarixli icraata başlamaq haqqında Qərara əsasən Bakı Apellyasiya Məhkəməsinin Cavabdeh İddiaçı xeyrinə 80000 manat pulun tutulması barədə xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İddiaçı Səbail rayon İcra Şöbəsinə ünvanladığı xx.xx.2024cü il tarixdə ərizədə İ.Abbasova icra sənədində qeyd olunan tələbin tam icra olunduğundan icra sənədinin icraatına xitam verilməsini xahiş edir. İcra məmurunun xx.xx.2024-cü il tarixli icraata xitam verilməsi barədə Qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023cü il tarixli qətnaməsinə əsasən İddiaçı Cavabdeh xeyrinə 39200 manat pulun tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İcra məmurunun Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli məktubda qeyd edilir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli icra sənədi üzrə ödənilməli olan borc məbləğindən borclunun pensiyasından cəmi 5700,17 manat pul vəsaiti tələbkarın xeyrinə ödənilmişdir. Ümumilikdə isə borc məbləğindən 33468,03 manat ödəniş edilmişdir. Hal-hazırda borclunun pensiyasından hər ay 1019,09 manat məbləğində tutulmalar aparılaraq tələbkarın hesabına köçürülməkdədir. xx.xx.2024-cü il tarixli icra ödənişinin alınması barədə Qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra sənədi üzrə İddiaçı Cavabdeh xeyrinə 44,199 manat pul tutulmalıdır. icra mərhələsində icra sənədinin icrası üsullarından biri də məcburi icra tədbirləridir. İşdən görünür ki, iddiaçının tələbi üzrə ona ödənilməli olan pul vəsaitinin cavabdehin pensiyasına yönəldilməsi barədə tərəflərin hər ikisinin razılığı olmuş və həmin dövrdə icra sənədində qeyd olunan məbləğin ödənilməsi həm borclunun pensiyasına yönəldilmiş, həm də bundan əlavə borclu tərəfindən tələbkarın hesabına nəğd vəsait olaraq ödənilmişdir. Bunu iş materiallarında olan xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi müxtəlif vaxtlarda cavabdeh tərəfindən iddiaçıya müxtəlif məbləğlərdə pulun ödənilməsini özündə əks etdirən bank qəbzləri (surətləri) təsdiq edir. İddiaçı isə öz növbəsində xx.xx.2024-cü il tarixdə icra şöbəsinə müraciət edərək, icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmiş və icra məmuru tərəfindən icraata xitam verilmişdir. Göründüyü kimi, icra mərhələsində icra sənədinin icrasının borclunun pensiyasına yönəldilməsi barədə tələbkar kimi iddiaçının öz razılığı olmuş və bundan sonra icra sənədində qeyd olunan məbləğ həm borclunun pensiyasından tutma, həm də borclunun özü tərəfindən nəğd ödənişlər yolu ilə tələbkara ödənilmişdir. İcra sənədi tam icra olunduğundan tələbkar özü müraciət edərək, icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, icra sənədində qeyd olunan məbləğ icra sənədinin könüllü müddətdə icrası üçün müəyyən edilmiş müddətdə ödənilməməsinə baxmayaraq, icra məmuru tərəfindən görülmüş məcburi icra hərəkətlərindən başqa eyni zamanda tələbkarın özünün razılığı əsasında borclunun pensiyasından hər ay tutmalar yolu ilə icra edilmişdir. Yəni ki, tələbkar özü həmin məbləğin icra mərhələsində borclunun pensiyası hesabına hissə-hissə ödənilməsinə razılıq vermişdir. Belə olan halda məhkəmə hesab edir ki, icra sənədində qeyd olunan məbləğin gec ödənilməsi əsası ilə cavabdehdən gecikdirilmiş vaxt üçün əldən çıxmış faydanın tutulmasına hazırki işdə heç bir əsas mövcud deyildir. iş materiallarından görünür ki, Yasamal rayon İcra Şöbəsində Cavabdeh xeyrinə iddiaçıdan 44199 manat pulun tutulması barədə icra sənədi üzrə icraata başlanılmış və icra sənədi borclu tərəfindən könüllü surətdə icra edilmədiyindən, ondan 3093,93 manat məbləğində icra ödənişinin alınması qərara alınmışdır. Bu isə o deməkdir ki, iddiaçının pensiyasından olan tutmalar icra sənədi üzrə Cavabdeh xeyrinə olan tutmalar yox, icra ödənişinin ödənilməsi istiqamətində olan tutmalardır.

3. Birinci instansiya məhkəməsi icraatı zamanı müəyyən edilmişdir: - xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında Qərara əsasən Bakı Apellyasiya Məhkəməsinin Cavabdeh İddiaçı xeyrinə 80000 manat pulun tutulması barədə xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır; - İddiaçı Səbail rayon İcra Şöbəsinə ünvanladığı xx.xx.2024-cü il tarixdə ərizədə İ.Abbasova icra sənədində qeyd olunan tələbin tam icra olunduğundan icra sənədinin icraatına xitam verilməsini xahiş edir; - İcra məmurunun xx.xx.2024-cü il tarixli icraata xitam verilməsi barədə Qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir; - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən İddiaçı Cavabdeh xeyrinə 39,200 manat pulun tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; - İcra məmurunun Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli məktubda qeyd edilir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli icra sənədi üzrə ödənilməli olan borc məbləğindən borclunun pensiyasından cəmi 5700,17 manat pul vəsaiti tələbkarın xeyrinə ödənilmişdir. Ümumilikdə isə borc məbləğindən 33468,03 manat ödəniş edilmişdir. Hal-hazırda borclunun pensiyasından hər ay 1019,09 manat məbləğində tutulmalar aparılaraq tələbkarın hesabına köçürülməkdədir; - xx.xx.2024-cü il tarixli icra ödənişinin alınması barədə Qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra sənədi üzrə İddiaçı Cavabdeh xeyrinə 44199 manat pul tutulmalıdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

4. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş, onun ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Mülki Məcəllənin 217.1, 445.7; Azərbaycan Respublikası Konstitusiyasının 60-ci maddəsinə əsasən qeyd edilmişdir ki, Məhkəmə qətnamə qəbul edərkən səhv nəticəyə gələrək qətnamədə göstərdiyi məqamlar düzgün deyildir. Belə ki, iddiaçı ona ödənilməli pulun cavabdehin pensiyasına yönəlməsinə razılıq vermədiyi halda, qətnamədə bunun əksi göstərilmişdir. Bu isə o deməkdir ki, məhkəmə işi tam hərtərəfli araşdırmamışdır. Eyni zamanda, guya iddiaçı bildirmişdir ki, hələ də onun pensiyasından cavabdehin xeyrinə pul tutulduğu üçün o, bu iddianı qaldırmışdır. Ancaq bu, həqiqətə uyğun deyildir. İddiaçı yalnız Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq ona verilmiş hüququnu tələb edir. ” 2019 cu ildə İddiaçı ödənilməli olan 80000 ABŞ dollarından 44199 AZN artıq Cavabdeh xeyrinə tutulmuşdur və yerdə qalan məbləğ 91800 AZN Cavabdeh tərəfindən Abasovaya ödənilməlidir”. Buna baxmayaraq, hakim Talşinski F. Səbail məhkəməsinin qərarında qət edilən məbləği ləğv edir, haqsız olaraq 11800 AZN çıxaraq yeni qətnamə qəbul edir və 80000 AZN İddiaçı xeyrinə qərar verir. Buna baxmayaraq, Ali Məhkəmə Apellyasiya məhkəməsinin ədalətsiz qərarını 80000 AZN təsdiqləyir. Cavabdeh tələbi ilə yenidən Ali məhkəmə iclası təşkil edilir və Cavabdeh xeyrinə artıq üçüncü dəfə İddiaçı ödəniləcək 80000 AZN-dən səbəbi bəlli olmayan 44199 AZN çıxmasını Ali məhkəmə təmin edir: iki dəfə 44199 AZN və bir dəfə 11800 AZN çıxılması qanunsuzdur və əsassızdır. Hazırkı işdə məhz bu norma - kreditorun (İddiaçı) gecikdirilmiş məbləğ üçün faiz tələb etmək hüququ pozulmuşdur. Çünki Məhkəmə icra sənədinin məcburi icra tədbirləri ilə həyata keçirildiyini əsas gətirərək, gecikdirilmiş məbləğ üçün faiz tələbinin əsassız olduğu qənaətinə gəlmişdir. Halbuki, qanun bu tələbi yalnız borclunun gecikməsini əsas götürməklə mümkün edir və borcun necə və hansı üsulla (könüllü, yoxsa məcburi) ödənilməsinin hüquqi əhəmiyyəti yoxdur. İddiaçıya ödənilməli olan pul vəsaiti uzun müddət ərzində tam şəkildə və vaxtında ödənilməmişdir. Bu isə gecikdirilmiş icranı göstərir və gecikdirilmiş vaxt üçün iddiaçının əldən çıxmış fayda (itirilmiş faiz gəliri) tələb etmək hüququnu doğurur. Məhkəmə qərarında göstərilmişdir ki, guya iddiaçı cavabdehin pensiyasından ödənişlərin aparılmasına razılıq verib. Bu əsasla da, faiz tələbinin əsassız olduğu bildirilib. Lakin bu razılıq sənədlərlə sübut olunmur və əgər belə razılıq olsaydı belə, bu, borcun gecikmə ilə ödənilməsi faktını aradan qaldırmır. İddiaçının pensiyasından cavabdehin xeyrinə pul tutulması ilə bağlı məhkəmənin gəldiyi nəticə də yanlışdır. İddiaçının pensiyasından tutmalar əslində Cavabdeh xeyrinə yox, onun icra ödənişinə görə olmuşdur. Bu da onu göstərir ki, məhkəmə faktiki halları düzgün qiymətləndirməyib və qərarı qeyri-dəqiq əsaslarla qəbul etmişdir. Hazırkı iş üzrə İddiaçı Səbail Rayon Məhkəməsinə təqdim etdiyi iddia ərizəsi əsasında başlanılmış məhkəmə araşdırmasında aşağıdakı hallar həmin hüququn pozulmasına səbəb olmuşdur: Məhkəmə işə tam və hərtərəfli baxmamış, sübutların obyektiv qiymətləndirilməsini təmin etməmişdir. Belə ki, qətnamədə göstərilmişdir ki, guya iddiaçı cavabdehin pensiyasından ödənişlərin aparılmasına razılıq verib. Halbuki, iş materiallarında belə bir razılıq sənədlə təsdiqlənmir. Əksinə, iddiaçı dəfələrlə bu razılığın olmadığını bəyan etmişdir. Məhkəmə bu iddianı araşdırmadan, sübuta yetirmədən qərara əsas kimi götürmüşdür. Məhkəmə faktiki halları qeyri-dəqiq və birtərəfli şəkildə qiymətləndirmişdir. İddiaçının pensiyasından cavabdehin xeyrinə tutmalar aparıldığı iddiası əsassız olmuş, əslində bu tutmalar icra ödənişi ilə bağlı olmuşdur. Lakin məhkəmə bu fərqi nəzərə almadan əsassız nəticəyə gəlmişdir. Məhkəmə qərarında hüquqi əsaslandırmaların yetərsizliyi və normativ hüquqi aktlara düzgün istinad olunmaması baş vermişdir. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinin tətbiqi məsələsinə düzgün hüquqi qiymət verilməmiş, gecikdirilmiş ödənişə görə faiz tələb etmək hüququnun əsasları araşdırılmamışdır. İşə baxılması zamanı iddiaçının təqdim etdiyi bank sənədləri, ödəniş qəbzləri və digər sübutlar nəzərə alınmadan qərar qəbul edilmişdir. Bu isə məhkəmənin obyektivlik və qərəzsizlik prinsiplərinə ziddir.

Apellyasiya icraatında müəyyən edilən hallar

5. Bakı Apellyasiya Məhkəməsinin iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmiş, ekspert vəsatəti icra edilmədiyindən ekspertizanın aparılmasından imtina edilmiş, Bakı Apellyasiya Məhkəməsinin iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizasının aparılması Azərbaycan Respublikası Auditorlar Palatasının auditorlarına həvalə edilmişdir. Auditorlar Palatasının xx.xx.2025-ci il tarixli rəyində qeyd edilmişdir ki, tərəflər arasında pul vəsaitlərinin tutulması barədə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020 və xx.xx.2023-cü il tarixli qətnamələri (icra sənədləri) nəzərə alınıb cədvəl tərtib edilməklə, 2014-cü ildən hazırki dövrədək aylar (illər) üzrə Cavabdeh tərəfindən İddiaçı ödənilməyən 3318,31 manat məbləğlər (olduğu zamanlara münasibətdə xx.xx.2020-xx.xx.2025-ci illər üzrə 2056 gün) 947,53 manat məbləğində müəyyən edilir. Ekspertizasının aparılması üçün auditorun xidmət haqqı məbləği (ekspertiza xərci) 3000 manat müəyyən edilmişdir.

6. İddiaçı tərəfindən təqdim edilmiş Central Consulting tərəfindən təqdim edilmiş ekspert rəyində müəyyən edilmişdir ki, tərəflər arasında pul vəsaitlərinin tutulması barədə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020 və xx.xx.2023- cil il tarixli qətnamələri (icra sənədləri) nəzərə alınıb cədvəl tərtib edilmiş 2014-cü ildən hazırki dövrədək aylar (illər) üzrə Cavabdeh tərəfindən İddiaçı ödənilməyən qalıq (borca) Mülki Məcəllənin -145.7-ci maddəsinə müvafiq illik 5 faizlə olan məbləğlər (olduğu zamanlara münasibətdə) hesablanaraq 36698.61 AZN məbləğdə faiz borcu müəyyən edilmişdir 7.İddiaçının vəkil nümayəndəsi X4 nümayəndəsi Vəkil1 mülahizə ilə məhkəməyə müraciət etmiş və mülahizəsində qeyd etmişdir ki, mülki iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının nəticəsi olaraq “X13” MMC tərəfindən xx.xx.2025-ci il tarixli rəy təqdim edilmişdir. Həmin rəyə əsasən Cavabdeh tərəfindən iddiaçı X5 ödənilməyən əsas borc və faiz məbləği müəyyən edilmişdir. “X13” MMC-nin təqdim etdiyi ekspertiza rəyinə etiraz edirlər. Belə ki, iş materiallarında mövcud olan digər mühasibatlıq ekspertiza rəyində — "xxxx" MMC tərəfindən xx.xx.2026-cı il tarixində təqdim edilmiş rəyə əsasən, eyni dövr, eyni icra sənədləri və eyni hüquqi əsaslar üzrə hesablamalar aparılmış, lakin nəticə etibarilə ekspertlər arasında müəyyən edilmiş məbləğlər üzrə ciddi fərq və açıq uyğunsuzluq mövcuddur. Bu hal ekspertiza rəylərinin obyektivliyi və əsaslandırılması baxımından əsaslı şübhələr doğurur. Qeyd edilməlidir ki, “X13” MMC-nin rəyində aparılan hesablamalar metodoloji baxımdan kifayət qədər aydın izah olunmamış, istifadə edilən hesablamaların mərhələləri və hüquqi əsasları detallı şəkildə göstərilməmişdir. Eyni zamanda, xidmət haqqı ilə bağlı irəli sürülən arqumentlər də rəyin etibarlılığına xələl gətirir. Bunun əksinə olaraq, "xxxx" MMC-nin rəyində hesablamalar ardıcıl, şəffaf və konkret şəkildə aparılmış, tətbiq olunan faiz dərəcəsi, müddətlər və nəticə məbləğləri açıq formada əsaslandırılmışdır. Sözügedən rəy işin faktiki hallarına və mövcud sübutlara daha uyğun olmaqla, real və ağlabatan hesablamalara əsaslanır. Ekspertlər arasında eyni predmet üzrə bu cür ciddi məbləğ fərqinin mövcud olması “X13” MMC-nin rəyinin etibarlılığını şübhə altına alır və onun yekun qərar qəbul edilərkən əsas sübut kimi götürülməsinin məqsədəuyğun olmadığını göstərir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmədən xahiş edir ki, yekun qərar qəbul edilərkən ekspertlər arasında mövcud olan məbləğ uyğunsuzluğu diqqətə alınsın, "xxxx" MMC-nin təqdim etdiyi mühasibatlıq ekspertiza rəyi daha real və əsaslandırılmış rəy kimi qiymətləndirilsin, “X13” MMC-nin rəyi isə nəzərə alınmasın.

8. Cavabdeh nümayəndəsi Vəkil2 mülahizə təqdim edərək qeyd etmişdir ki, müstəqil auditorun tərtib etdiyi xx.xx.2025-ci il tarixli hesabat rəyinə əsasən, qərardad üzrə qoyulan suala əsasən Cavabdeh tərəfindən İddiaçı ödənilməyən 3318,31 manat məbləğində qalığa görə AR MM-nin 445.7-ci maddəsinə müvafiq illik 5 faizlə olan (xx.xx.2020-xx.xx.2025-ci illər üzrə 2056 gün) məbləğlər 947,53 manat borc müəyyən edilmişdir. Həmin məbləğlə (947,53 manat) razıdırlar, heç bir etirazları yoxdur. Bundan əlavə edilmiş məktuba əsasən, mühasibatlıq ekspertizasının aparılması görə müstəqi auditorun xidmət haqqısı 3000 manat məbləğində müəyyən edilmişdir. Hörmətli kollegiya, müstəqil auditorun hesabat rəyinə (947,53 manat) etiraz etmir, lakin ekspertiza tapşırığının icrası ilə bağlı qeyd olunmuş 3000 manat xidmət haqqı məbləğinə tamamilə etiraz edir və hesab edirlər ki, bu cür məbləğdə olan xidmət haqqı mülki işin xarakteri və mürəkkəblik səviyyəsinə görə kifayət qədər absurd bir məbləğdir və həmin məbləğ qətiyyən ağlabatan deyildir. 1. Müstəqil auditor xidmət haqqı ilə məktubunda qeyd edir ki, “mülki işdə qarşıya qoyulmuş suallarla bağlı araşdırma xx.xx.2025-ci il tarixdir, xx.xx.2025-ci il tarixə kimi davam etməklə, 14 gün ərzində 100 adam saat sərf etmişdir. Hörmətli kollegiya, dövlət xəzinədarlığının auditi ilə bağlı heç 100 adam cəlb olunmur, necə oldu ki, 2 icra sənədinin hesablaşması üzrə qalıq borca illik 5 faiz məbləğin müəyyən edilməsi tapşırığına 100 adam cəlb edildi və hətta 100 adamla birlikdə bu tapşırıq 14 günə icra olundu ?! 2. Bundan əlavə, sərəncamla ekspertiza qərardadının icrası yalnız bir şəxsə, yəni X9 tapşırılmışdır. Belə olan halda, 100 adamın tapşırığın icrasına cəlb edilməsi zəruri əsası nədən qaynaqlanır ?! 3. Ekspertiza tapşırığının icra edildiyi “X13” MMC-nin ştatında heç 100 adam işçi yoxdur, tapşırığın icrasına 100 adam işçi hardan cəlb edildi ?! (MMC-nin cəmi 3 işçisi var)

4. Bununla yanaşı, məhkəmə təcrübəsində ƏN Məhkəmə ekspertiza mərkəzinin mühasibatlıq ekspertizasının xərci 100-150 manat aralığında olduğu halda, Hesablama Palatasının qərardadın icrasını tapşırdığı “X13” MMC-nin göstərdiyi xidmət haqqının 3000 manat olması, aralarında 20-30 dəfə fərqin olması kifayət qədər absurd olmasının göstərcisidir. Hörmətli Kollegiya, göründüyü kimi, xidmət haqqı ilə baqlı auditorun əsaslandırması kifayət qədər abdurd bir əsaslandırmadır. Sözügedən ekspertiza tapşırığı üzrə ekspertiza xərci məhkəmə tərəfindən ağlabatan səviyyədə tutularkən, iddia tələbinə (24 000 manat) münasibətdə qət ediləcək məbləğin (947,53 manat) mütənasibliyi nəzərə alınmaqla ekspertiza xərci də həmin mütənasibliyə əsasən bölüşdürməsini xahiş edir. AR MPM-nin 119.1 -ci maddəsinə əsasən “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.” Qeyd: (Misal üçün, qət ediləcək 947,53 manat iddia tələbinin (24 000 manat) həcminin 4%-ni təşkil etdiyinə görə, məhkəmə tərəfindən ağlabatan səviyyədə tutulacaq ekspertiza xərcinin də məhz 4%-nin tutulması (3000 manat xidmət haqqına münasibətdə 120 manat (4%) cavabdehin üzərinə qoyulmalıdır).

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 audit rəyi ilə razılaşmadıqlarını bildirməklə, apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş və təmin edilməsini xahiş etmişdir.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil2 apellyasiya şikayətinə etiraz etmiş, audit rəyi ilə faiz məbləgi hissəsində razılaşdıqlarını, lakin audit xidmət haqqı ilə razılaşmadıqlarını bildirmişdir.

Apellyasiya baxışının hədləri

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır.

Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aşağıda qeyd edilən maddələri nəzərdən keçirilməlidir: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.2. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

13. Mülki Məcəllənin tələblərinə əsasən: 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, Məcəllənin 443.1-ci maddəsinin ikinci cümləsində göstərildiyi kimi, borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Bununla yanaşı, Mülki Məcəllənin 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi, qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir. Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi, faydalanması imkanının qarşısının alınmasına yönəlmişdir. Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər.

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” 24 dekabr 2014-cü il tarixli qərarına əsasən banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin Qərar ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu belə nəticəyə gəlmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır.

16. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 76-82, 106, 119, 217, 385-390-cı maddələrinə istinadən mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən əsaslıdır, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir.

17. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 mart 2020-ci il i tarixli, 2(103)-1241/2020 nömrəli qətnaməsi ilə İddiaçı və Cavabdeh apellyasiya şikayətləri qismən təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 oktyabr 2019-cu il tarixli, 2(009)- 2817/2019 nömrəli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilməklə, iddianın qismən təmin edilməsi, Cavabdeh İddiaçı xeyrinə 80000 manat məbləğində pul vəsaitinin tutulması, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. İddiaçı Səbail rayon İcra Şöbəsinə ünvanladığı xx.xx.2024-cü il tarixdə ərizədə İ.Abbasova icra sənədində qeyd olunan tələbin tam icra olunduğundan icra sənədinin icraatına xitam verilməsini xahiş edir. İcra məmurunun xx.xx.2024-cü il tarixli icraata xitam verilməsi barədə Qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. xx.xx.2024-cü il tarixli icra ödənişinin alınması barədə Qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra sənədi üzrə İddiaçı Cavabdeh xeyrinə 44199 manat pul tutulmalıdır.

18. İddiaçının istinad etdiyi borcun məbləği qanuni qüvvəsini almış məhkəmə aktlarına əsasən müəyyən edilmiş olsa da, iddia tələbində hesabat birtərəfli aparılmışdır.

19. Hazırki iddia tələbi gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış əldən çıxmış fayda borcunun tutulması təşkil edir ki, bu zaman nəzərə alınmalı olan amil məhz cavabdehin öhdəliklərinin gecikdirilməsidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur, çünki tərəflər arasında mübahisə olan vaxt qüvvədə olan Mülki Məcəllənin 445.7-ci maddəsinin tələblərinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, işin halları ilə mübahisəsiz olaraq müəyyən edilmişdir ki, cavabdeh tərəfindən qətnamə ilə müəyyən edilmiş pulun ödənilməsi vaxtında icra etmədiyindən iddiaçının gecikdirilmiş vaxt üçün hesablanan illik 5% borcun tutulması barədə iddiası əsaslı olmuşdur.

20. İddia tələbində və rəylərdə əks edilmiş məbləğlər iddia edilən məbləğin hesabatının düzgün aparılmadığını müəyyən etdiyindən və əsassız olduğundan qismən nəzərə alınmalı, habelə birinci instansiya məhkəməsinin “tələbkar özü həmin məbləğin icra mərhələsində borclunun pensiyası hesabına hissə-hissə ödənilməsinə razılıq vermişdir” əsası ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, pensiyadan tutulmadan razılığın verilməsi iddiaçının düçar olduğu zərəri və qanunla müəyyən edilmiş minimum zərər tələbini istisna edən hal kimi qiymətləndirilə bilməz, hesabatlar isə əsaslı olmadığından kollegiya özü sadə riyazi üsulla ortalama 5 faizlə müəyyən edilən zərəri hesablamaq məcburiyyətindədir. Belə ki, qətnamə və etirazda qeyd edilən mülahizələr iddianın tam rədd edilməsi üçün əsas kimi çıxış edə bilməz.

21. Məhkəmə kollegiyası tələbdə də qeyd edildiyi kimi 4 il üçün icra sənədləri arasında olan fərqi əsas tutaraq hesab edir ki, illik 5% dərəcəsi 2021-ci ildən 2024-ci ilədək (icra sənədləri nəzərə alınmaqla) icra edilmədiyi müddətdə dörd il üçün ortalama 5 faiz hesablanmaqla (80000-44199=35801; 35801x5:100=1790,05; 1790,05x4=7160,2) 7160,20 manat pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

22. Qeyd edilməlidir ki, digər (cavabdehin tələbi üzrə qəbul edilmiş) icra sənədi nəzərə alınmadan iddia ərizəsindəki kimi tam 80000 manata münasibətdə zərərin hesablanması mövcud mübahisələrə son qoymayaraq yeni mübahisələrin yaranmasına səbəb ola bilər.

23. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, tələb olmadığından apellyasiya şikayəti verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu onu ödəyən şəxsə, Azərbaycan Respublikası Auditorlar Palatasının xx.xx.2025-ci il tarixli rəyində müəyyən edilmiş 3000 manat audit xərci ağlabatan olmadığından iş üzrə keçirilmiş audit xərcinin 300 manat dəyərində olan hissəsi (iddiaçı tərəfindən "xxxx" MMC tərəfindən verilmiş rəy üzrə 300 manat xidmət haqqının ödənilməsi və ekspert rəylərinin əsassızlığı nəzərə alınaraq) cavabdehə aid edilməlidir.

24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-634/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilsin. Gecikdirilmiş vaxt üçün hesablanmış (əsas borca hesablanmış 5%) 7160,20 ( yeddi min yüz altmış manat, iyirmi qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq “X12” MMC-nin hesabına ödənilsin. Qətnamədən işdə iştiran edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemi) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar