Məhkəmə qərarları › İş №2(103)-3206/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3206/2022

07.06.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3206/2022 07.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi, İddiaçının nümayəndəsi X2 və vəkili X1, Cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi və pul tələbi” barədə mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli, 2(011)- 6111/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi və pul tələbi” barədə iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) birinci instansiya məhkəməsinə müraciət edərək, 21 sentyabr 2020-ci ildə Bakı şəhəri 52 saylı notariat kontorunda onunla cavabdeh arasında bağlanmış alğı-satqı müqaviləsinin ləğv edilməsi və cavabdehdən müqavilənin şərtlərinə görə ödədiyi 80000 manat, bank və notariat xərclərinə görə ödədiyi 322 manat və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, itirilmiş mənfəət olaraq tələb olunan məbləğin beş faiz məbləğində 4000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 21 sentyabr 2020-ci ildə Bakı şəhəri 52 saylı notariat kontorunda cavabdehlə alğı-satqı müqaviləsi bağlamışlar. Həmin müqaviləyə əsasən cavabdeh xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, 440 m2 torpaq sahəsinin yarısını, yəni 220 m2 hissəsini ona 80000 manata satmışdır. Söhbət zamanı məlum olmuşdur ki, həmin torpaq sahəsinin qalan hissəsini 08 sentyabr 2020-ci ildə X6 adlı bir şəxsə satmışdır. Bağlanmış müqavilənin 7-ci bəndinə əsasən alğı-satqı müqaviləsi təsdiq olunduqdan sonra, satıcı daşınmaz əmlaka dair sənədləri alıcıya verməyə borcludur. Bu halda söhbət satılan torpaq sahəsinin çizgisindən, yəni bölgü sxemindən gedir. Satıcı Cavabdeh ona bildirmişdir ki, torpaq sahəsinin ümumi çizgisini birinci alıcıya, X4 vermişdir. O da öz növbəsində torpaq sahəsinin bölünməsi üçün çizgini DƏDRX-ə təqdim etdiyini və bölgü sxeminin 16 oktyabr 2020-ci il tarixində hazır olacağını bildirmişdir. İddiaçı 16 oktyabr 2020-ci il tarixdə birinci alıcı X6 ilə əlaqə saxlamış və o, bölgü sxeminin surətini iddiaçıya vermişdir. Onunla birlikdə bölgü sxeminə əsasən torpaq sahəsinə baxış keçirərkən məlum olmuşdur ki, ona satılan torpaq sahəsinin yarıdan çoxu, təxminən 126 m2 birinci alıcı tərəfindən hasara alınmışdır. İddiaçı bu məsələnin araşdırılmasını tələb etdikdə, Asif torpağın bu formada ona satılmasını bildirmiş, həmçinin qeyd etmişdir ki, o, bölgü-sxem, çizgi belə şeyləri bilmir. Bağlanmış müqavilənin 8-ci bəndinə əsasən satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürdüyünü, satıcı Cavabdeh xatırladarkən, o etiraf etmişdir ki, onun köməkçisi səhvə yol verib. İddiaçı araşdırarkən məlum olmuşdur ki, müqavilə bağlanmamışdan əvvəl satıcının ona göstərdiyi torpaq sahəsinin böyük bir hissəsi əslində zəbt olunmuş torpaq sahəsi olmuşdur. İddiaçı aldadıldığını başa düşmüş və o, satıcıdan pulunun geri qaytarılmasını tələb etmişdir. Cavabdeh isə bildirmişdir ki, hal-hazırda nağd pulu yoxdur, möhlət verməyini xahiş etmişdir. Aralarındakı razılığa əsasən bir ay möhlət vermiş, lakin artıq 9 ay keçməsinə baxmayaraq Elmar onun pulunu qaytarmır. İddiaçı 28 yanvar 2021-ci il tarixdə eyni iddia ilə Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Məsələ hakim tərəfindən araşdırılarkən qarşı tərəfdən vəkilin iştirak etdiyini gördükdə, hərhansı səhvə yol verməmək üçün, növbəti iclasda o da vəkillə iştirak etmişdir. Vəkili təklif etmişdir ki, iddia predmetini dəyişib, alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsini qoysun, o, razılaşmış iddianın predmetini dəyişərək alğı-satqı müqaviləsinin etibarsız hesab olunmasını qoymuşlar. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Hakim qətnamədə qeyd etmişdir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar, yəni satıcı tərəfindən yuxarıda qeyd edilən alğı-satqı müqaviləsinin tələblərinin icra edilməməsi müqavilənin etibarsız hesab edilməsi tələbi üçün deyil, müqavilənin ləğv edilməsi, müqavilə üzrə öhdəliklərin icra edilməməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi üçün əsas hesab edilə bilər. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli, 2(011)- 6111/2021 saylı qətnaməsi ilə (hakim Lalə Rəhimli) iddia qismən təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında Bakı şəhəri 52 saylı notariat ofisində bağlanmış 21 sentyabr 2020-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh 80000 manat, 287,50 manat və gecikdirilmiş vaxt üçün illik beş faiz 4000 manat əldən çıxmış fayda olmaqla, cəmi 84287,50 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdehin nümayəndəsi qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh apellyasiya şikayətini - maddi və prosessual hüquq normalarının pozulması, iddiaçının əraziyə baxması, hasara alınmış ərazini mövcud vəziyyətdə qəbul etməsi, hasarlanmış ərazini və qonşunun hasarının enini və uzununu görməsi, mövcud vəziyyətdə alqı-satqı üçün notariusa getməsi, nə alqı-satqıdan qabaq, nə alqı-satqı zamanı aldığı torpağın sərhədləri barədə heç bir pretenziya və tələb irəli sürməməsi, cizginin alqı-satqı zamanı təsdiqlənməsini tələb etməməsi və buna dair heç bir qeyd şərt irəli sürməməsi, hazırda qonşu olduğu mülkiyyətçilərlə illərdir məhkəmə mübahisələri olması və ərazinin faktiki və hüquqi vəziyyətindən iddiaçının kifayət qədər məlumatlı olması, iddiaçının müqavilə bağlanarkən hasar daxilində baxıb gördüyü və qiymətini razılaşdırdığı torpaq sahəsinə görə alqı satqı müqaviləsi bağlaması və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İZAHATLAR, PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkil) apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından şikayətin təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, məhz cavabdehin apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, tərəflər arasında Bakı şəhəri 52 saylı notariat kontorunda təsdiq olunmuş 21 sentyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanması, həmin müqaviləyə əsasən cavabdeh xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, 440 m2 torpaq sahəsinin yarısını, yəni 220 m2 hissəsini iddiaçıya 80000 manata satmağı öhdəsinə götürməsi, həmin torpaq sahəsinin dəyəri kimi razılaşdırılmış 80000 manat pulun iddiaçı tərəfindən cavabdehə ödənilməsi işin mübahisə olunmayan hallarıdır. Mübahisəli məsələ isə müqavilədə nəzərdə tutulmuş 220 m2 torpaq sahəsinin cavabdeh tərəfindən iddiaçıya təhvil verilməməsi, bu səbəbdən də iddiaçının müqavilədən imtina edərək ödədiyi pulu (həmçinin digər pul vəsaitlərini) tələb etməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi yoxlanılan hissədə iddianı təmin edərkən, gəldiyi qənaəti belə əsaslandırmışdır ki, cavabdehin "iddiaçı alqı-satqı müqaviləsi bağlanmamışdan əvvəl torpaq sahəsinin olduğu əraziyə baxmış, faktiki ölçülər barədə məlumatlı olmuşdur” barədə izahatından məlum olur ki, cavabdeh alğı-satqı müqaviləsi bağlanarkən 0,022 ha ölçüdə torpaq sahəsinin gələcəkdə təhvil verə bilmədiyini bilirdi. Bu isə cavabdehin müqaviləni əhəmiyyətli dərəcədə pozduğu, lazımınca icra etmədiyi və bununla da iddiaçının müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olduğu anlamına gəlir. Cavabdeh alğı-satqı müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımı qaydada və vaxtında icra etmədiyindən, o, müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Odur ki, iddiaçı alqı-satqı müqaviləsinin ləğv edilməsi və dəymiş zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq, həmçinin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Mülki Məcəllənin 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Mülki Məcəllənin 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Mülki Məcəllənin 649-cu maddəsinə əsasən satılmış daşınmaz əşyanın uyğunsuzluğu müqaviləyə uyğun olmamasından savayı həmin əşyaya aid artıq mövcud olmayan hüquqların daşınmaz əmlakın dövlət reyestrində göstərildiyi halda da baş verir. Mülki Məcəllənin 568-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Mülki Məcəllənin 569.1-ci maddəsinə əsasən satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Mülki Məcəllənin 572.1-ci maddəsinə əsasən alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alğı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin. Mülki Məcəllənin 575.1-ci maddəsinə əsasən əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. İşin faktiki hallarından və qanunvericiliyin qeyd edilən normalarından aydın olur ki, cavabdeh alqı-satqı müqaviləsində nəzərdə tutulmuş 220 m2 torpaq sahəsini iddiaçıya faktiki olaraq təhvil verməmişdir. Halbuki, tərəflər arasında bağlanmış aqlı-satqı müqaviləsinin şərtlərinə (bənd – 7, 11 və s.) əsasən cavabdeh satılmış daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə (həmçinin, daşınmaz əmlaka dair sənədləri) 22 sentyabr 2020-ci il tarixdən iddiaçının faktiki sahibliyinə verməli idi. Lakin, bu hal baş verməmişdir. Cavabdeh tərəfin özü də bu halı inkar etmir, həqiqətən iddiaçıya müqavilədə göstərilən 220 m2 ölçüdə torpaq sahəsini təhvil verə bilmədiyini istər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya şikayətində qeyd etmişdir. Lakin cavabdeh bunu iddiaçının əvvəldən (alqı-satqı müqaviləsi bağlanmamışdan əvvəl) torpaq sahəsini mövcud vəziyyətdə baxıb bəyənməsi, bundan sonra könüllü olaraq alqısatqı müqaviləsini bağlaması kimi izah etmiş, lakin etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, əgər həqiqətən cavabdehin bildirdiyi kimi satılan torpaq sahəsinin ölçüsü daha az olmuşdursa, o zaman nəyə görə müqavilədə konkret ölçünün göstərilməməsini cavabdeh tərəf izah edə bilməmişdir. İddiaçı tərəf isə bu halı təsdiq etməmiş, cavabdeh tərəfindən ona məhz müqavilədə göstərilən ölçüdə torpaq sahəsinin göstərilməsini, lakin müqavilə bağlandıqdan sonra həmin ölçüdə torpaq sahəsini ona təhvil verməməsini qeyd etmişdir. Göründüyü kimi, iddiaçı hazırki vəziyyətdə alqı-satqı müqaviləsindən imtina etmək hüququna malikdir. Çünki, cavabdeh (satıcı) alqı-satqı müqaviləsində nəzərdə tutulan daşınmaz əşyanı iddiaçıya (alıcıya) təhvil vermək öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh isə bunun əksini təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Mülki Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Qeyd edilən normadan göründüyü kimi, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ya əşyanın verilməsini ya da əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Hazırki vəziyyətdə isə iddiaçı (alıcı) əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb etmişdir ki, buna da qanunla yol verilir. Həmçinin qeyd edilməlidir ki, iddiaçının əvvəllər əqdin etibarsız sayılması barədə tələb irəli sürməsi və iddianın təmin olunmaması, hazırki iddia tələbini qaldırmağa maneə təşkil etməmişdir. Eyni zamanda, əvvəlki məhkəmə qərarında da (Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli, 2(011)-2463 saylı qətnaməsi) iddiaçının hazırki tələblə məhkəməyə müraciət etmək hüququnun mövcudluğu təsbit olunmuşdur. Mülki Məcəllənin 424.5-ci maddəsinə əsasən, əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qətnamə yoxlanılan digər hissələrdə də əsaslıdır. Cavabdeh apellyasiya şikayətində həmçinin iddianın 4000 manat hissədə də əsassız olmasını qeyd etmişdir. Lakin, məhkəmə kollegiyası qeyd edilən dəlillə də razılaşmır. Çünki, yuxarıda da qeyd edildiyi kimi cavabdeh müqaviləyə əsasən 80000 manat pulu alsa da, müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, müvafiq torpaq sahəsini iddiaçının sahibliyinə verməmiş, iddiaçı bir neçə dəfə məhkəmə mübahisəsi açmaq məcburiyyətində qalmış, keçən müddət ərzində cavabdeh həmin pul vəsatini özündə saxlamışdır. Belə olan halda isə iddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq faizlərin ödənilməsini tələb etmək hüququna da malikdir (80000 manat pul vəsaitinin illik 5 faiz məbləği 4000 manat təşkil edir). Beləliklə, cavabdeh etirazının və apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Həmçinin qeyd edilməlidir ki, cavabdeh tərəfin izahatı da özü-özlüyündə iddianın əsassız sayılması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi və pul tələbi” barədə mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli, 2(011)- 6111/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli, 2(011)- 6111/2021 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Rafael Eyvazov Hakimlər Şərafət Məmmədova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar