Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3220/2020 10.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X6 və X3 ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçının nümayəndəsi Cəfərov Ceyhun Pöhrüz oğlunun, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa, dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(006)-6486/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh təşkilat tərəfindən əmək müqaviləsinə xitam verilməsinə dair çıxarılmış xx xxxxxxxx 2019-cu il tarixli, 398 saylı əmrin ləğv edilməsi, məcburi işburaxma müddəti üçün yekun məhkəmə qərarı çıxan günədək əmək haqqı ödənilməklə əvvəlki vəzifəsinə bərpa edilməsi və ona vurulmuş zərərin əvəzi olaraq 10000 manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC-nin xx xxxxxxxx 2019-cu il tarixli 398 saylı əmri ilə həmin şirkətin X1 Xidmət Keyfiyyətinin demarkasiyası və hesabat üzrə qrup rəhbəri İddiaçı ilə bağlanmış xx xxxxxxx 2016-cı il tarixli 331 saylı əmək müqaviləsinə xx xxxxxxxx 2019-cu il tarixdən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatın ixtisar edilməsi) xitam verilmiş və iddiaçı tutduğu vəzifədən azad edilmişdir. İddiaçı xx xxxxxx 2016-cı il tarixdən Cavabdeh MMC-də 2 müxtəlif vəzifədə, yəni ilk olaraq X7 əsas idarəetmə dəstək şöbəsinin X4 bölməsində hesabat və təhlil üzrə qrup rəhbəri, xx xxxxxxx 2017-ci il tarixdən isə X1 Xidmət Keyfiyyətinin demarkasiyası və hesabat üzrə qrup rəhbəri vəzifəsində çalışmışdır. Bu sahədə onun kifayət qədər təcrübəsi olduğuna görə ştat ixtisasrı zamanı onun işdə saxlanmağa üstünlük hüququ var idi. Bundan əlavə, müəssisədə ştatların ixtisarı barədə məsələ qalxanda ona həmin müəssisədə başqa bir iş təklif olunmuş, iddiaçı da bu təkliflə razılaşmışdır. Bununla da cavabdeh müəssisə onda belə bir təəssürat yaratmışdır ki, müəssisə onunla əmək münasibətlərini davam etdirməkdə maraqlıdır. Buna görə də iddiaçı özünə başqa iş axtarmaq barədə düşünməmişdir. İddiaçının işdən azad olunması barədə əmr də kifayət qədər qüsurludur. Belə ki, əmrin əsaslandırma hissəsində daha öncəki struktur dəyişikliyi barədə verilmiş əmr göstərilməli olsa da, yalnız bildirişlər qeyd olunmuşdur. Əmək qanunvericiliyinin sruktur dəyişikliyi barədə olan müddəaları əmrdə sadəcə qeyd edilmişdir. Əmrin çıxarılmasına əsas olmuş sənədlər bölməsində qeyd edilən bildirişlər iddiaçıya ixtisar edilməyi barədə elektron poçtuna göndərilmiş bildirişlərdir. Bu bildirişlərdən sonuncusu, yəni xx xxxx 2019-cu il tarixli bildiriş iddiaçıya verilməmişdir. İddiaçının işdən qanunsuz azad olunması səhhətində problemlər yaratmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(006)- 6486/2019 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı apelyasiya şikayəti verərək həmin qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi isə apelyasiya şikayətinə etiraz edərək izahatında bildirdi ki, xx xxxxxx 2019-cu il tarixdə iddiaçıya rəsmi şəkildə xəbərdarlıq edilmişdir ki, xx xxxx 2019-cu il tarixdə onun işlədiyi ştat ixtisar ediləcəkdir. Ştatın ixtisar olunması ilə bağlı işçiyə şərait də yaradılmışdır ki, xəbərdarlıq müddətində özünə başqa iş axtarsın. Onun işdən azad edilməsində hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. İddiaçının təqdim etdiyi elektron poçt yazışmaları isə rəsmi yazışmalar deyil. Həmin yazışmalar Departamentdə olan, iddiaçı ilə bir sektorda çalışmayan bir şəxslə olmuşdur. Həmin yazışmaların onların müdiriyyəti ilə bir əlaqəsi yoxdur. Yəni həmin yazışmalar sübut kimi qəbul edilə bilməz. İzahatının sonunda cavabdehin nümayəndəsi apelyasiya şikayətinin təmin edilməməsini və qətnamənin qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrinin izahatını dinləyib iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(006)- 6486/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan əmrin surətindən görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında xx xxxxxxx 2016-cı il tarixli 331 saylı əmək müqaviləsi bağlanmışdır. İş materiallarında olan “xxxxxxxxxxx” MMC üzrə verilmiş xx xxxxxxxx 2019-cu il tarixli 398 nömrəli əmrdən görünür ki, "Cavabdeh” MMC-nin X1 Xidmət keyfiyyətinin demarkasiyası və hesabat üzrə qrup rəhbəri İddiaçı ilə bağlanmış xx xxxxxxx 2016-cı il tarixi 331 saylı əmək müqaviləsinə xx xxxxxxxx 2019-cu il tarixindən etibarən Azərbaycan Respublikas Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatın ixtisar edilməsi ilə) xitam verilmiş və işçi tutduğu vəzifədən azad edilmişdir. İş materiallarında olan Cavabdeh MMC-də struktur dəyişikliyi edilməsi barədə xx xxxxxx 2018-ci il tarixli 808 saylı əmrdən görünür ki, X1 Əsas Şəbəkə Şöbəsinin X4 bölməsində Xidmət keyfiyyətinin demarkasiyası və hesabat üzrə qrup rəhbəri bir ştat vahidi ixtisar edilərək həmin idarənin yeni strukturu xx xxxxxx 2019-cu il tarixdən təsdiq ediləcəkdir. İş materiallarına əlavə edilmiş İddiaçı ünvanlanmış Cavabdeh MMC-nin xx xxxxxx 2019-cu il tarixli ştat vahidlərinin ixtisarına dair bildirişdən aydın olur ki, onun tutduğu vəzifə xx xxxx 2019-cu il tarixdən etibarən ixtisara salınacaq və bununla əlaqədar olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən və o, doqquz həftəlik xəbərdarlıq müddəti ərzində iş axtarmağına imkan yaradılması məqsədi ilə əmək haqqı saxlanılmaqla hər iş həftəsində bir iş əmək funksiyasının icrasından azad edilir. İddiaçı imza etməklə bildirişlə tanış olmuşdur. İş materiallarında olan İddiaçı Cavabdeh MMC-nin baş icraçı direktoru X8 ünvanladığı ərizələrə əsasən o, xəbərdarlıq müddəti ərzində yanvar, fevral, mart aylarının hər iş həftəsinin çərşənbə günü iş axtarmaq məqsədilə əmək funksiyasının icrasından azad edilmişdir. Beləliklə, işdə olan sübutlarla müəyyən olunur ki, iddiaçı ilə əmək müqaviləsinə xx xxxxxxxx 2019-cu il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmiş, əmək müqaviləsinə xitam verilməzdən əvvəl işəgötürən tərəfindən Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-3-cü hissələrinin tələblərinə əməl edilmiş, yəni işçiyə iki aylıq xəbərdarlıq müddəti verilmiş və xəbərdarlıq müddəti ərzində o, iş axtarması üçün hər həftənin bir iş günü ərzində əmək funksiyasının icrasından azad edilmiş, qanunvericiliklə nəzərdə tutulan son haqq-hesabı və iki aylıq işdən çıxma müavinəti də verilmişdir. Bu baxımdan, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən işçilərin sayının azaldığı və ya ştatların ixtisar zamanı qanunla müəyyən edilmiş şərtlərə əməl edilmiş və Əmək Məcəlləsinin qeyd edilən normaları pozulmamışdır. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə görə əmək müqaviləsi işəgötürən tərəfindən işçilərin sayı və ya ştatları ixtisar edildikdə ləğv edilə bilər. Göründüyü kimi, əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri də işçilərin sayı və ya ştatlarının ixtisar edilməsidir. Əmək Məcəlləsinin 77-ci maddəsinə görə işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Apelyasiya şikayətinin elektron poçt vasitəsilə yazışma əsasında ona başqa iş təklifinin olunmasına dair dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsinin də verdiyi izahatından bəlli olur ki, həmin yazışmalar hansısa bir işçi tərəfindən aparılmış, rəsmi şəkildə icra olunmamış və iddiaçının işləmiş olduğu müəssisənin rəhbərliyi ilə hər hansı əlaqəsi yoxdur. İddia tələbinin zərərin əvəzinin ödənilməsi ilə bağlı hissəsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin bu hissəsini də təmin etməməkdə haqlı olmuşdurş Belə ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair nə birinci instansiya məhkəməsinə, nə də ki apelyasiya instansiyası məhkəməsinə hər hansı bir sübut təqdim etməmişdir. Halbuki MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri üzrə mahiyyət etibarilə düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(006)- 6486/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-3220/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3220/2020
10.03.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver