Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3223/2025 10.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-3223/2025 (Açar sözlər: əmək müqaviləsinin bağlanmış hesab edilməsi, əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), Mərdanova Xumar Afət qızı və X4 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçı və nümayəndəsi-vəkili Vəkil2, Cavabdehin nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinin bağlanmış hesab edilməsi və əmək haqqının ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1391/2025 nömrəli 18 fevral 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 10 iyun 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçının xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək cavabdeh üçün evdən işləyib hazırladığı bildirilən sənədlərdən görünür ki, iddiaçı tərəfindən Taxta Palet istehsalı fabrikinin işçi vəzifə təlimatları deyilən (fabrik direktorunun, layihə menecerinin, SƏTƏM üzrə mütəxəssisin, anbardarın, mühəndisin, elektrikin, operatorun, fəhlənin vəzifə təlimatları, işçilər üçün təlimat) sənədlər, eləcə də, təhviltəslim aktı forması, taxta palet üzrə ilkin istehsal planı hazırlanmışdır.
2. +994 51 280 70 76 nömrəli abonetin apardığı yazışmalardan görünür ki, Tamerlan adlı şəxslə 13 iyun və 19 iyun 2024-cü il tarixlərdə fabrikin yerləşdiyi yer və s. barədə yazışmalar aparılmışdır. İddiaçı həmin yazışmalarda istehsalı görmək istədiyini, vəzifə təlimatlarını yazıb təhvil verməli olduğunu, 1 iyulda iş başlayanda hər şeyin hazır olmalı olduğunu bildirmişdir.
3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin 11 iyul 2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı əmək hüquqlarının pozulması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı müraciətə baxıldığı bildirilmiş, müraciətlə əlaqədar ətraflı izahat verməsi və aşağıda qeyd olunmuş sənədləri araşdırmaya təqdim etməsi məqsədi ilə 7 iş günü ərzində ona münasib «DOST» mərkəzinə dəvət olunduğu və ya yazılı izahatını və aşağıda qeyd olunmuş sənədləri müvafiq elektron poçt ünvanına göndərməsi xahiş olunmuşdur.
4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin 2024-cü ilin avqust ayına aid məktubundan görünür ki, İddiaçı Cavabdeh MMC-də əmək hüquqlarının pozulması ilə bağlı müraciətinə baxılmışdır. Araşdırma zamanı İddiaçı təqdim etdiyi izahatda əmək müqaviləsi bağlanmadan işlərin görülməsinə cəlb edildiyi bildirilmiş, şahidin və iddianı təsdiq edən sübutların olduğu qeyd edilmişdir. Lakin adı qeyd olunan şahidin bu günədək izahatı təqdim edilməmiş, eyni zamanda təqdim olunmuş sübutların müəssisənin möhürü və imza olmadığından müraciətdə qeyd edilən iddianı təsdiq edəcək sübut kimi qəbul edilmədiyi göstərilmişdir. Cavabdeh MMC-nin müraciətdə qeyd edilən ünvanına xx.xx.2024-cü il tarixli məktubla müraciət olunaraq, sənədlərin təqdim edilməsi tələb olunmuş, məktub «bu ünvanda yerləşmir» qeydi ilə geri qaytarılmışdır. Eyni zamanda, müvafiq alt sistemə baxış keçirilərkən iddiaçı ilə Cavabdeh MMC arasında əmək müqaviləsinin bağlanmasına dair qeydiyyatın olmadığı məlum olmuşdur. «Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq müvafiq sahədə aparılan yoxlamalar xx.xx.2024-cü il tarixədək dayandırıldığından məsələnin yerində araşdırılması mümkün olmamışdır. Müraciətdə qeyd edilən məsələnin həlli ilə bağlı məhkəməyə müraciət etmək hüququ var.
5. “Bakı Hövsan Xalq Ticarət Dəniz Limanı” Açıq Səhmdar Cəmiyyətnin Cavabdeh MMC-yə ünvanladığı xx.xx.2025-ci il tarixli RR/25-042 saylı məktubundan görünür ki, vətəndaş İddiaçı müxtəlif vaxtlarda iki dəfə Liman ərazisində müşahidə olunmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh MMC-yə qarşı «əmək müqaviləsinin bağlanmış hesab edilməsi və əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh MMC arasında əmək müqaviləsinin bağlanmış hesab edilməsi və 5.793,66 manat əmək haqqının Cavabdeh MMC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, sosial şəbəkələrdə iş axtarması ilə əlaqədar elan yerləşdirmiş və 2024-cü ilin 23 may tarixində Cavabdeh MMC-nin insan resursları departamentinin məsləhətçisi kimi özünü təqdim edən Milana Rəhimova həmin elanla əlaqədar onunla telefon əlaqəsi saxlayaraq, X13 ərazisində Taxta Palet istehsalı ilə məşğul olan fabrikdə menecer vəzifəsini təklif etmişdir. Bildirmişdir ki, fabrik Bakıda X13n ərazisində yerləşəcək və onun əmək haqqı isə fabrik rəhbəri vəzifəsində 1.750 manat təşkil edəcək. O, təkliflə razılaşmışdır. Elə həmin gün Milana Rəhimovanın vasitəçiliyi ilə şirkətin icraçı direktoru Aynur Ələskərzadə və həmin şirkətin insan resursları departamentinin rəhbəri Ayla Heybətova onunla telefon vasitəsi ilə görüntülü video-konfrans qaydasında əlaqə saxlamış, onunla müsahibə formasında söhbət apararaq, nəticədə onunla işləmək istədiklərini bildirmişlər. Danışıqlarının yekunu olaraq ona bildirilmişdir ki, onunla rəsmi əmək müqaviləsi bağlanır, 1.750 manat əmək haqqı alacaq. Sonuncular tərəfindən tapşırıq verilmişdir ki, istehsalatda işlər başlayana qədər o, evdən işləməklə həmin fabriklə əlaqədar istehsalat sənədlərini hazırlamalı, işçilərin ştat cədvəlini, onların əmək funksiyaları haqqında təlimatları, blanklar, təhvil-təslim aktlarının nümunələri və digər sənədləri hazırlamalıdır. O da, sonuncularla razılaşmış, bundan sonra ona gələn iş təkliflərini rədd etmişdir ki, artıq o, iş tapmışdır və verilən tapşırıqların icrasına başlamışdır. 2024-cü ilin iyun ayının əvvəlində, 10 iyun tarixində o, Şirkətin ofisində bir daha sonuncularla görüşmüş və eyni tapşırıqlar və vədlər təkrarlanmış, ona tezliklə 01 iyul 2024-cü il tarixinə qədər sənədlərin hazırlanmasını tapşırmışlar. O, 28 iyun 2024-cü il tarixdə bütün tapşırılmış sənədləri hazırlayaraq Ayla Heybətovaya təqdim etmiş, Aynur Ələskərzadə 01 iyul 2024-cü ildə fabrikin fəaliyyətə başlayacağını demiş, o da həmin gün X11 gəlsə də, həmin tarixdə işə başlamamışlar. O, Ayla Heybətovaya əmək müqaviləsinin bağlanmasını soruşduqda isə sonuncu narahat olmamasını bildirmişdir. 02 iyul 2024-cü ildə o, fabrikdə Aynur Ələskərzadəyə yaxınlaşaraq hazırladığı sənədləri sonuncuya göndərdiyini bildirmiş, sonuncu isə hələ onlara baxmadığını demişdir. Bu zaman o, sonuncuya şifahi şəkildə fabrikə lazım olan təhcizat və işlərlə əlaqədar məlumat verdikdə, sonuncu bəzi məsələlərdə onunla razılaşmamış və demişdir ki, anbardar vəzifəsinə işçi götürmək istəmir və bu işi o, özü icra etməlidir. O isə sonuncuya fabrikin meneceri vəzifəsinə qəbul olunduğunu, danışıqlarında belə bir şərtin olmadığını və bu işi görmək istəmədiyini demişdir. Çünki, istehsalatın iki növbədə işləməsi nəzərdə tutulurdu və belə çıxırdı ki, o, səhər saat 9.00-dan axşam 23.00-a qədər müəssisədə qalmalı idi. 03 iyul 2024-cü ildə o, şirkətin ofisində Aynur Ələskərzadə ilə növbəti görüşlərində sonuncu onunla işləmək istəmədiyini bildirmişdir. O isə, 23 may 2024-cü il tarixdən 06 avqust 2024-cü il tarixə qədər işlədiyini, verilən bütün tapşırıqları yerinə yetirdiyini bildirmiş və əmək haqqını tələb etmişdir. Cavabında cavabdeh ona yalnız üç günün əmək haqqını nağd şəkildə ödəyəcəyini bildirmiş və o da bundan imtina etmişdir. Məhkəməyə bildirmək istəyir ki, Milana Rəhimova, Ayla Heybətova və Aynur Ələskərzadə ilə onun yazışmaları, səs yazıları var, bunlar sübut edir ki, cavabdeh şirkətin nümayəndəsi və rəhbəri onu işə götürdüklərini bildirmişlər və buna görə də, istehsalatın təşkili ilə əlaqədar sənədləri hazırlayıb təqdim etsin. Eləcə də, həmin sənədlərin və digər işə qəbulla əlaqədar sənədlərin təhvil-təslim aktı mövcuddur ki, onları məhkəməyə məhkəməyə təqdim edəcək. Əmək hüquqlarının pozulması ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Bakı şəhər İdarəsinə müraciətinə cavab olaraq bildirmişlər ki, guya həmin müəssisənin göstərdiyi ünvanda yerləşməməsi ilə əlaqədar, sənədlər poçtdan «bu ünvanda yerləşmir» qeydi ilə geri qaytarılmışdır. Əlbəttə, Əmək Müffətişliyi sadəcə bu işlə məşğul olmaq istəməmişdir, VÖEN-i, hüquqi ünvanı məlum olan bir müəssisəni tapmaq çətin məsələ deyildir. Qeyd etdiyi faktlar, təqdim etdiyi dəlillər aydın şəkildə sübut edir ki, Cavabdeh MMC onun əmək hüqularını kobud şəkildə pozmuşdur. Birinci növbədə onu əmək müqaviləsi bağlamadan onlar üçün təşkilati və xidməti sənədləri hazırlamağı tapşırmışlar. Bu xeyli həcmdə vacib sənədlərdir ki, o, həmin sənədləri hazırlamışdır. X10 Limanında və Şirkətin yerləşdiyi ünvanda olmuşdur. Bu barədə lazımi sənədlər də, sübutlar da kifayət qədərdir. X9 bunların üzərində möhürün olmamasını və şahidin gəlib izahat verməməsi səbəbi ilə heç bir araşdırma aparmadan müraciətinə baxmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən hər bir vətəndaşın əmək hüququ vardır, heç kəs zorla işlədilə bilməz və işə götürülən hər kəslə sərbəst əmək müqaviləsi bağlanılır. Həmin maddənin 6-cı hissəsinin tələbinə görə hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, öz işinə görə dövlətin müəyyən etdiyi minimum əmək haqqını almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7.2-ci maddəsinə əsasən əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Yəni, cavabdeh əvvəlcə onunla əmək müqaviləsi bağlamalı, əmək müqaviləsi hüquqi qüvvəyə mindikdən sonra ona hər hansı işi görməyi, xidmətlər göstərməyi tapşırmağa hüququ vardı. Lakin cavabdeh bunu etmədən əmək qanunvericiliyinin tələblərini kobud şəkildə pozmaqla, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən ona işlərini görməyi tapşırmış, sonda onunla əmək müqviləsi bağlamaqdan və əmək haqqını ödəməkdən imtina etmişdir. xx.xx.2024-cü il tarixdən 06 avqust 2024-cü il tarixə qədər cavabdeh şirkət ona 5.793,66 manat əmək haqqı ödəməli olduğu halda, bundan yayınmışdır. Bununla bərabər, cavabdeh onun başqa iş təkliflərini imtina etməsinə səbəb olmuş, ona maddi və mənəvi zərər vurmuşdur. May 2024-cü ildən indiyə qədər məhz cavabdeh şirkətin ona vəd etdiyi əmək haqqı ilə hesabladıqda, ona azı 10.000 manat ziyan vurulmuşdur. Başqa müəssisədə o, bundan yuxarı məbləğdə də əmək haqqı ala bilərdi. Şirkət onu işə götürməməklə mənəvi cəhətdən sarsıntı keçirməsinə, ruhdan düşməsinə səbəb olmuşdur. Onun şərəf və ləyaqəti alçaldılmış, işgüzar nüfuzuna ziyan vurulmuşdur. O, bu mənəvi zərərin də 10.000 manat həddində müəyyən edilməsini münasib hesab edir.
8. Cavabdeh iddia tələbinə münasibətdə qeyd etmişdir ki, iddiaçı ilə işə qəbul ilə bağlı aralarında danışıqlar və görüşlər keçirilmiş, lakin sonda müsbət qərar verilməmişdir.
9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 18 fevral 2025-ci il tarixli 2(006)-1391/2025 nömrəli qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) iddia təmin edilməmişdir.
10. Məhkəmə hesab etmişdir ki, iddiaçı Şirkətlə tanışlıq üçün yalnız iki dəfə müvafiq limanda olmuş, cavabdeh iddiaçı ilə əmək şəraiti və s. barədə müzakirə apardıqdan sonra, müvafiq vəzifəyə uyğun gəlmədiyi üçün iddiaçı ilə əmək müqaviləsi bağlanmamış, iddiaçını işə götürməmiş, onun əməyindən faydalanmamışdır.
11. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfin də izahatlarından göründüyü kimi, iddiaçının cavabdehin əməkdaşı olduğunu bildirdiyi Milana Rəhimova X1 şəxsdir, cavabdehin işçisi, əməkdaşı olmamaqla, cavabdehi təmsil etmir. M.Rəhimova müxtəlif hüquqi və fiziki şəxslərə işçilərin tapılmasında müvafiq maddi ödəniş qarşılığında köməklik göstərir və sonuncunun potensial işəgötürənlərin adından potensial işçilərə tapşırıq vermək səlahiyyəti yoxdur.
12. Məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdeh tərəfindən ona X13 ərazisində Taxta Palet istehsalı ilə məşğul olan fabrikdə menecer vəzifəsini təklif edilməsi, fabrikin Bakıda X13n ərazisində yerləşəcək və onun əmək haqqı isə fabrik rəhbəri vəzifəsində 1.750 manat təşkil etməsi bununla bağlı hər hansı tapşırıqlar verilməsinə dair məhkəməyə tutarlı sübutlar təqdim etməmişdir.
13. İddianın cavabdehlə əmək münasibətində olması hissəsi sübuta yetirilmədiyi və əsassız sayıldığı üçün məhkəmə tələbin törəmə hissələri olan maddi və mənəvi ziyanın ödənilməsi hissələri üzrə araşdırmanı əhəmiyyətsiz və lüzumsuz saymışdır.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İV hissəsinə, Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci hissəsinə, 7-ci maddəsinin 2-ci hissəsinə, 42-ci maddəsinin 1 və 2-ci hissəsinə, 44-cü maddəsinin 1 və 3-cü hissəsinə, 45-ci maddəsinin İ hissəsinə,və Mülki Prosessual Məcəllənin 14.2, 80, 106.1, 216-220, 227, 233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
15. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Əsasları iddia ərizəsi ilə eynilik təşkil edən apellyasiya şikayətində göstərilmişdir ki, Milana Rəhimovanın vasitəçiliyi ilə şirkətin icraçı direktoru Aynur Ələskərzadə və həmin şirkətin insan resursları departamentinin rəhbəri Ayla Heybətova onunla telefon vasitəsi ilə görüntülü video-konfrans qaydasında əlaqə saxlamış, müsahibə formasında söhbət apararaq, nəticədə onu işə götürəcəklərini bildirmişlər. Danışıqların yekunu olaraq iddiaçıya bildirilmişdir ki, onunla rəsmi əmək müqaviləsi bağlanır, 1750 manat əmək haqqı və onlar tərəfindən tapşırıq verilir ki, istehsalatda işlər başlayana qədər evdən onlayn işləməklə onların fabriklə əlaqədar istehsalat sənədlərini hazırlamalı, işçilərin ştat siyahısını, onların əmək funksiyaları haqqında təlimatları, blanklar, təhvil-təslim aktlarının nümunələri və digər sənədləri hazırlamalıdır. İddiaçı razılaşaraq, bundan sonra gələn iş təkliflərini rədd etmiş ki, artıq o iş tapmış və verilən tapşırıqların icrasına başlamışdır. 2024-cü ilin iyun ayının əvvəlində, 10 iyun tarixində iddiaçı Şirkətin ofisində bir daha onlarla görüşür və eyni tapşırıqlar və vədlər təkrarlandı, tezliklə 01 iyul 2024-cü il tarixinə qədər sənədlərin hazırlanmasını tapşırdılar. 28 iyun 2024-cü il tarixində bütün tapşırılmış sənədləri hazırlayaraq Ayla Heybətovaya təqdim etmişdir, Aynur Ələskərzadə 01 iyul 2024-cü ildə fabrikin fəaliyyətə başlayacağını demişdi, o da həmin gün X11 gəlsə də, həmin tarixdə işə başlamadı. O, Ayla Heybətovaya əmək müqaviləsinin bağlanmasını soruşduqda isə o narahat olmamağını bildirmişdir. 06 avqust 2024-cü ildə o şirkətin ofisində Aynur Ələskərzadə ilə növbəti görüşdə bütün təşkilati məsələlərin, sənədləşmə işlərinin həll olunduğunu, lakin fabrikdə işə başlamadığını dedikdə, o iddiaçıya onunla işləmək istəmədiyini bildirmişdir. O isə 23 may 2024-cü il tarixdən 06 avqust 2024-cü il tarixinə qədər onlayn qaydada işlədiyini, verilən bütün tapşırıqları yerinə yetitirdiyini və əmək haqqımı tələb etmişdir. Cavabdeh ona yalnız üç günün əmək haqqını nağd şəkildə ödəyəcəyini bildirdikdə, o bundan imtrina etmişdir. Cavabdeh əmək qanunvericiliyinin tələblərini kobud şəkildə pozmaqla, aldatma yolu ilə inamından istifadə edərək əmək müqaviləsi olmadan ona işlərini görməyi tapşırmış, sonda əmək müqviləsi bağlamaqdan və əmək haqqını ödəməkdən imtina etmişdir. Yəni dolayı yolla onu göstərilən işləri yerinə yetirməyə məcbur etmişdir. Bu isə vətəndaşların əmək hüquqlarının və əmək qanunvericiliyinin kobud pozuntusu deməkdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi-və tərəf apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Həmçinin qeyd etdi ki, “onunla Cavabdeh MMC arasında əmək müqaviləsinin bağlanmış hesab edilməsi” dedikdə, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədən cavabdehlə əmək münasibətlərində olması faktının təsbit olunması və həmin müddət üçün 5.793,66 manat əmək haqqının cavabdehdən onun xeyrinə tutulmasını nəzərdə tutmuşdur, yəni onun hazırda cavabdeh təşkilatda işləmək fikri yoxdur.
19. Cavabdeh tərəf apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
20. Maddə 35, İİİ hissə. Heç kəs zorla işlədilə bilməz.
21. Maddə 35, İV hissə. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
Azərbaycan Respublikası Əmək Məcəlləsi
22. Maddə 3, 5-ci hissə. Əmək müqaviləsi (kontraktı) (bundan sonra – əmək müqaviləsi) – işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə.
23. Maddə 7, 2-ci hissə. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır.
24. Maddə 42, 1-ci hissə. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
25. Maddə 42, 2-ci hissə. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir.
26. Maddə 44, 1-ci hissə. Əmək müqaviləsi bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda kağız daşıyıcıda, digər hallarda isə elektron sənəd formasında bağlanılır.
27. Maddə 87.1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
28. Maddə 154.1. Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
32. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
33. Maddə 384.0.1. Apelyasiya instansiyası məhkəməsi qətnaməni qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
34. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
37. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Kollegiya birinci instansiya məhkəməsinin qənaətini əsaslı hesab edərək qeyd edir ki, iddiaçı tərəfin izahatının özü-özlüyündə iddiasının əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz.
40. Belə ki, iddiaçı cavabdeh tərəfindən işlədildiyini qeyd etsə də, buna dair sübutu nə birinci instansiya məhkəməsində, nə də apellyasiya icraatında təqdim etməmişdir.
41. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarındakı hüquqi mövqeyə görə: “Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.”
42. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasında əmək müqaviləsi işçi ilə işəgötürənin iradə sərbəstliyi əsasında yazılı (elektron) qaydada bağlanır.
43. Hazırki halda isə işçi olduğunu iddia edən iddiaçı işlədiyi müddət ərzində əmək müqaviləsinin bağlanmasını tələb etməmiş, bununla bağlı dövlət siyasətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına müraciət etməmişdir. İddiaçı yalnız cavabdehlə qeyd etdiyi fikir ayrılığından sonra müvafiq icra hakimiyyəti orqanına müraciət etmiş, bu halda isə müvafiq icra hakimiyyəti orqanı şahidin və iddianı təsdiq edən sübutların təqdim edilmədiyini, eyni zamanda təqdim olunmuş sübutların müəssisənin möhürü və imzasının olmadığından müraciətdə qeyd edilən iddianı təsdiq edəcək sübut kimi qəbul edilmədiyi göstərilmişdir.
44. Birinci instansiya məhkəməsi haqlı olaraq göstərmişdir ki, iddiaçı iddiasına əlavə etdiyi sənədləri cavabdehin vəzifəli şəxslərinin göstərişinə əsasən hazırladığını bildirsə də, həmin göstərişlərin məhz həmin şəxslər tərəfindən verilməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.
45. O da nəzərə alınmalıdır ki, işəgötürən tərəfindən işçi ilə əmək müqaviləsi bağlmadan işlədilməsi İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyətə səbəb olur və bu hal məhz müvafiq icra hakimiyyəti orqanı tərəfindən sənədləşdirilməlidir.
46. Hazırki halda isə iddiaçı cavabdeh təşkiltda işləməyini sübut edən mötəbər dəlil təqdim etməmişdir.
47. Belə olduqda iddianın əsas hissəsi sübuta yetirilmədiyindən, ondan asılı olan əmək haqqı tələbinə münasibət bildirilməsini kollegiya zəruri hesab etmir.
48. Göründüyü kimi, tərəflər ümumiyyətlə əmək münasibətlərinə daxil olmamışlar.
49. Qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur.
50. İddiaçı hazırki tələbinin əsasını təşkil edən halları sübuta yetirə bilmədiyi üçün birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə əsaslı nəticəyə gəlmişdir.
51. Apellyasiya şikayətinin dəlilləri faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnamənin ləğv edilə bilməsi üçün əsas hesab edilə bilməz.
52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1391/2025 nömrəli iş üzrə 18 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.