Məhkəmə qərarları › İş №2(103)-3245/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3245/2022

25.04.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3245/2022 25.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2237/2021 saylı, 04 noyabr 2021ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bir ədəd “X3” markalı mobil telefon, bütün fotoşəkillər olan albomlar, komplekt brilliant qaşlı qızıl dəsti (üzük, boyunbağı, qolbaq, sırğa) - dəyəri 4500 manat, bir ədəd qızıl qolbaq - dəyəri 200 manat, bir ədəd sep kulonla - dəyəri 400 manat, iki ədəd biri qaşlı, biri isə üzü torlu üzük - dəyəri 300+200 manat olan əşyalarının cavabdehdən alınaraq ona geri qaytarılması, bu mümkün olmadıqda isə çatışmayan əşyaların dəyərinin konpensasiya ilə əvəz olunaraq, cavabdehdən tutulub ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 11.10.2014-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsində nikah bağlayıb. Birgə nikahdan 24.07.2015-ci il təvəllüdlü X1 və 28.07.2019-cu il təvəllüdlü X2 adlı iki övladları var. Bir müddət mehriban yaşasalar da, sonradan münasibətləri pozulmuş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qətnaməsi ilə nikahları pozulmuşdur. O, toydan sonra cavabdehin hazırda yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçüb. Gəlin köçən zaman ata evindən cehiz əşyaları aparıb. Toyda və toydan sonra cavabdehlər tərəfindən ona qızıl-zinət əşyaları hədiyyə edilib. Həmin əşyalar da cavabdehlə birlikdə yaşadıqları mənzildə olub. Balaca oğlunun anadan olması üçün cavabdeh onu anası yaşadığı mənzilə gətirdi ki, bir az anası baxsın, sonra həkimə gedək. 28.07.2019-cu il tarixində xəstəxanaya getdi və uşaq anadan olandan sonra xəstəxanadan bir müddət ona anası baxması üçün birbaşa cavabdehin də razılığı ilə anasının evinə getdi. O, anasının evində qalan dövrdə cavabdeh ona baş çəkmədi və gəlib evə aparmadı. Bütün bu soyuq davranışları və s. səbəblərdən də o, Suraxanı Rayon Məhkəməsinə nikahın pozulması ilə bağlı müraciət etdi və nikahları pozuldu. Daha sonra mübahisəli mənzildə olan bütün əşyalarının və qızıl-zinət əşyalarının gətirilməsi üçün getdi və akt tərtib edərək əşyalarının bəzilərini götürdü, çatışmayan əşyalarını isə qeyd etdi. Çatışmayan əşyaları bunlardır: bir ədəd “X3” markalı mobil telefon, bütün fotoşəkillər olan albomlar, komplekt brilliant qaşlı qızıl dəsti (üzük, boyunbağı, qolbaq, sırğa) – dəyəri 4500 manat, bir ədəd qızıl qolbaq – dəyəri 200 manat, bir ədəd sep kulonla – dəyəri 400 manat, iki ədəd biri qaşlı, biri isə üzü torlu üzük – dəyəri 300+200 manat. Bu isə onun hüquqlarının pozulması deməkdir. Bu səbəbdən də məhkəməyə müraciət etməli olub. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2237/2021 saylı, 04 noyabr 2021ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi; iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi; iş üzrə mütəxəssis rəyinin verilməsi üçün 400 (dörd yüz) manat məbləğində xidmət haqqının İddiaçı tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin tam ləğv edilərək iddia tələbinin qızılzinət və albom hissəsinə münasibətdə təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti bununla əsaslandırılmışdır ki, məhkəmə iddia tələbinin qızıl-zinət əşyalarına münasibətdə rədd edilməsinin əsas səbəbini guya iddiaçının izahatında tələb olunan qızıl-zinət əşyalarının daim qayınanasında olmasını bildirməsi və bu əsaslada cavabdehin düzgün qoyulmaması olmuşdur. Məhkəmənin bu qənatə gəlməsini əsassız hesab edir. Belə ki, iddiaçı tələb olunan qızıl-zinət əşyalarının daim qayınanasında olmasını bildirməmiş, sadəcə cavabdeh tərəfndən iddiaçı onları istəyəndə anasında olduğunu bildirdiyindən elə demişdir. Məhkəmə isə bunu başqa cür təfsir edərək hüquqi qiymət vermişdir. Əgər elə olsaydı, iddia ərizəsində də əsaslandırma hissəsində qayınanasının adını çəkərdi. Bundan əlavə olaraq cavabdehin nümayəndəsi və vəkilidə məhkəmə iclasında həmin qızılların iddiaçının da razılığı ilə guya satılaraq cavabdehin kredit borcunun ödənilməsinə sərf edildiyini bildirmişdir. Buradan da görünür ki cavabdeh özü həmin qızılların satdığını etiraf edir və iddia düzgün olaraq ona qarşı qaldırılmışdır ki, iddia təmin edilməlidir. İddianın digər tələbinin, yəni albom tələbi hissəsində məhkəmə albomun qeyri-müəyyən sayda tələb etməsini, onun iddiaçıya məxsus olmasını, hətta reallıqda bu albomun birgə mülkiyyət kimi hesab edərək hüquqi qiymət vermiş və tələbi təmin etməmişdir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2 ayrı-ayrılıqda apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdilər. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, vəkili ərizə ilə məhkəməyə müraciət edərək Nərimanov Rayon Məhkəməsinin icraatında olan mülki işin məhkəmə baxışında iştirakının vacibliyi səbəbindən işdə iştirak edə bilmədiyini və məhkəmə iclasının təxirə salınmasını yaxud apellyasiya şikayətinin rədd edilməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, cavabdehin vəkilinin ərizəsində göstərdiyinə dair sübut əlavə etmədiyindən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsində icraat: Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə; Mülki Məcəllənin 152.1, 152.2, 152.3, 152.5, 157.2-ci maddələrinə istinad edərək qənaətini bununla əsaslandırmışdır ki, iddiaçı başqasının (keçmiş qayınanasının) qanunsuz sahibliyində olduğunu qəbul etdiyi qızılları cavabdehdən tələb etmişdir. İddiaçı nəzərə almamışdır ki, qızılları qanunsuz sahibliyində saxlayan şəxsin cavabdehin yaxın qohumu (anası) olması, yaxud onların bir evdə yaşaması o demək deyil ki, anada olan əşya oğuldan (cavabdehdən) tələb edilə bilər. Cavabdeh yalnız o halda qızıl-zinət əşyaları tələbinə münasibətdə cavabdeh hesab edilə bilər ki, iddia tələbi məhz ona yönəlsin. Yəni, İddiaçı iddia etsin ki, bu qızıllar məhz Cavabdeh qanunsuz sahibliyindədir və bu səbəbdən qızılları ondan tələb edir. Yalnız bu halda Cavabdeh hazırkı iş üzrə qızıl-zinət əşyalarına münasibətdə iddia tələbinin yönəldiyi şəxs - cavabdeh hesab edilə bilər. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Digər tərəfdən, əvvəlki məhkəmə iclaslarında cavabdeh adından izahat verən cavabdehin nümayəndəsi (vəkili) də bu qızılların cavabdehdə olduğunu qəbul etməmiş, qızılların tərəflərin birgə nikahı dövründə iddiaçının da razılığı ilə onların birgə nikahı dövründə götürülmüş kreditin ödənilməsi üçün satıldığını bildirmişdir. İddiaçı isə qızılların heç vaxt satılmadığını, həmişə qayınanasında olduğunu bildirmişdir. Belə olan halda cavabdehin qızılların özündə olduğunu etiraf etməsi də tam istisna edilir. Bu baxımdan məhkəmə həmin qızılların həqiqətən mövcud olduğu və iddiaçıya qaytarılmadığı nəticəsinə gəlsə belə bu qızılların Cavabdeh alınmasını qət edə bilməz. Çünki artıq yuxarıda qeyd edildiyi kimi İddiaçı məhkəmə iclasında verdiyi izahatla qızılların cavabdehdə olmasını istisna etmişdir. Nəzərə alınmalıdır ki, bu cür tələblər üzrə qanunverici sübutetmə yükünü tərəflər arasında bölmüşdür. Belə ki, baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən sübutetmə yükü qaytarılmasını tələb etdiyi qızıl-zinət əşyalarının iddia etdiyi sayda və növdə olmasının, eləcə də onların özünə məxsusluğunun sübut edilməsidir. Hazırkı vəziyyətdə iddiaçı özü etiraf edir ki, qızıllar cavabdehdə yox, onun anasındadır. Belə olan halda bu hissədə iddianın digər dəlillərinin araşdırılmasına, iddiaçının sübutetmə yükünün əlavə dəyərləndirilməsinə ehtiyac qalmır. Çünki, iddiaçı cavabdehdə olmayan qızılları ondan tələb edə bilməz. Odur ki, məhkəmə məhz bu əsasla qızıl-zinət əşyalarına münasibətdə iddianı təmin etmir. Lakin tərəflər nəzərə almalıdır ki, hazırkı iddianın qızıllarla bağlı hissədə təmin edilməməsinin səbəbi bu hissədə iddianın əsassız olduğunun müəyyən edilməsi deyil, iddianın buna cavab verməli olmayan şəxsə qarşı yönəldiyinin müəyyən edilməsi olduğundan İddiaçı gələcəkdə bu qızıllarla bağlı tələbini həqiqi cavabdehə qarşı yönəltmək hüququnu özündə saxlayır. Bu halda gələcəkdə cavabdeh tərəfindən qızılların satıldığı iddia ediləcəksə, bunu sübut etmək vəzifəsi cavabdehin üzərinə düşəcəkdir. İddia tələbinin növbəti – mobil telefon tələbi ilə bağlı hissədə məhkəmə qeyd edir ki, iddiaçı məhkəmə iclasında bildirmişdir ki, tələb etdiyi mobil telefon artıq ona qaytarılmışdır. Bu səbəbdən məhkəmə bu hissədə də iddianı təmin etmir. İddia tələbinin son – fotoşəkillər olan ablomlarla bağlı hissəsinə münasibətdə də məhkəmə eyni nəticəyə gəlir. Belə ki, artıq yuxarıda qeyd edildiyi kimi istənilən şəxs yalnız o əşyanın başqasının sahibliyindən alınıb özünə verilməsini tələb edə bilər ki, bu əşya özünə məxsus olsun və bu məxsusluq məhkəməyə təqdim edilmiş mötəbər sübutlarla təsdiq edilsin. Hazırkı işdən görünür ki, ilk növbədə, iddiaçı tələbi konkret qoymamış, cavabdehdən hansısa qeyri müəyyən sayda “albomlar” tələb etmişdir. İddiaçı yalnız məhkəmədə iclasında verdiyi izahatında üç albomdan söhbət getdiyini ifadə etmişdir. Eyni zamanda, bildirmişdir ki, bu albomlarda cavabdehlə olan toy şəkilləri, eləcə də uşaqlarının şəkilləri var. Məhkəmə təkrar iddiaçının diqqətinə çatdırır ki, əgər o, bu albomları cavabdehdən tələb edirsə, sübut etməlidir ki, bu albomlar ona məxsus olmuşdur. Tələb edilən albomlarda olan şəkillərin tərəflərin toy mərasimində çəkilmiş şəkilləri və ortaq uşaqlarının şəkilləri olduğu nəzərə alındıqda, nəyə görə iddiaçının bu şəkilləri özünə məxsus hesab etməsi başa düşülən deyil. Əgər iddiaçı albomların içində olan fotoşəkillərə görə yox, albomların tərtib edilməsi, fotoşəkillərin çıxarılıb alboma yerləşdirilməsi üçün xərclənən vəsaiti özü ödədiyinə görə albomların özünə məxus olduğunu hesab edirsə, bunu sübut etməlidir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Mülki Məcəllənin 225.2-ci maddəsində təsbit edilmişdir ki, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi və iddianın qismən təmin edilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin tam ləğv edilməsi göstərilsə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddianın qızıl-zinət və albom hissəsinə münasibətdə təmin olunmamış hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız iddianın qızıl-zinət və albom hissəsinə münasibətdə təmin olunmamış hissəsində ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə qismən uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə qismən uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki halların komplekt brilliant qaşlı qızıl dəsti (üzük, boyunbağı, qolbaq, sırğa) - dəyəri 3000 manat, bir ədəd qızıl qolbaq - dəyəri 180 manat, bir ədəd qızıl boyunbağı kulonla - dəyəri 350 manat, bir ədəd qızıl üzük üzü torlu - dəyəri 180 manat, bir ədəd qızıl üzük qaşlı-dəyəri 260 manat, cəmi dəyəri 4030 manat olan qızıl-zinət əşyaları hissəsində Mülki Məcəllənin 157.2 və 225.2-ci, eləcə də Ailə Məcəlləsinin 34.1 maddələrinin dispozisiya şərtləri ilə uzlaşması müəyyən edilir. Qeyd olunduğu kimi, iddiaçının hazırki tələbinin təmin olunması üçün üç şərt olmalıdır. Yəni, iddiaçı əşyanın mülkiyyətçisi olmalıdır, əşya cavabdehin sahibliyində olmalı və əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Bu şərtlərdən hər hansı birinin mövcud olmaması həmin iddianın rədd edilməsi üçün əsasdır. İddiaçı, tələb etdiyi qızıl-zinət əşyalarının cavabdeh tərəfindən ona hədiyyə edildiyini, bu səbəbdən həmin əşyaların mülkiyyət hüququ ilə ona məxsus olduğunu bildirmiş, cavabdeh tərəf isə bu halı mübahisələndirməmiş, yalnız 1200 manat dəyərində qızıl alındığını bildirmişdir. Bununla da, birinci şərti - iddiaçının həmin əşyaların mülkiyyətçisi olması halı sübuta yetirilmişdir və həmin xüsusat üzrə əlavə araşdırma aparılmasına gərək olmamışdır. İkinci dispozisiya şərti - əşyaların cavabdehin sahibliyində olması ilə bağlı iddiaçı bildirmişdir ki, ikinci övladının doğulması ilə əlaqədar 28.07.2019-cu il tarixdə xəstəxanaya getmiş və uşaq doğulandan sonra xəstəxanadan bir müddət ona anası baxması üçün birbaşa cavabdehin də razılığı ilə anasının evinə gedib, anasının evində qalan dövrdə cavabdeh ona baş çəkmədiyi və evə aparmadığı üçün, eləcə də digər səbəblərdən münasibətləri pozulmuş və məhkəmə qətnaməsinə əsasən nikahları pozulub, daha sonra mübahisəli mənzildə olan bütün əşyalarının və qızıl-zinət əşyalarının götürməsi üçün getmiş və əşyalarının bəzilərini götürsə də, tələb etdiyi qızıl-zinət əşyalarını qaytarmaqdan imtina edilib. Göründüyü kimi iddiaçı, ona məxsus əşyaların bir qisminin cavabdeh tərəfindən qaytarıldığını, tələb etdiyi əşyaların isə qaytarılmadığına istinad etmişdir. Cavabdeh tərəf isə əvvəlcə iddiaçıya cəmi 1200 manat dəyərində qızıl alındığını, pulunun da toydan yığılan vəsait hesabına ödənildiyini, toydan qısa müddət sonra tərəflər bankdan kredit götürdüyü üçün, krediti ödəyə bilmədiyinə görə qızıl-zinət əşyalarının satılaraq kredit borcunu ödədiklərini bildirmiş, sonrakı məhkəmə iclasında isə iddiaçının qızıl-zinət əşyalarının həmişə qaynanasında olduğunu bildirdiyi üçün cavabdehin iddiaya cavab verməli olan şəxs olmadığını göstərmişdir. Demək, cavabdeh qızıl əşyalarının onun sahibliyində olması halını mübahisələndirirsə, bunun həqiqi olub-olmaması sübuta yetirilməlidir. Əlbətdə, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Ancaq bu qaydadan istisnalar da ola bilir. Çünki, qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir. Lakin hazırki iş üzrə tələb edilən qızıl-zinət əşyalarının cavabdehin sahibliyində olması və bu sahibliyin qanunsuz xarakter daşıması hallarının mövcudluğuna MM-in 157.2-ci maddəsinin doğurduğu hüquqi nəticə iddiaçının xeyrinə bir vəziyyət əmələ gətirdiyi üçün həmin halları sübuta yetirmək yükü ümumi qaydaya uyğun iddiaçının üzərinə düşür. Bu ümumi qaydadan istisna təşkil edən (sübutetmə yükünü cavabdehə keçirən) hallar isə hazırki işdə aşkar edilmişdir. Belə ki, həyatda həmişə baş verən hallara görə qızıl-zinət əşyaları adətən qadında olur yaxud onun tərəfindən saxlanılır. Bu hal həmin əşyaların xarakterinə və istifadə təyinatına görə də müəyyən edilir. Ona görə də bu qızıl-zinət əşyalarının digər şəxsin qanunsuz sahibliyinə keçməsi üçün sübuta yetirlməsi tələb edilən bir hadisə olmalıdır. Başqa sözlə, iddiaçı evdən çıxarkən və ya əri ilə faktiki ailə münasibətləri başqa formada kəsilərkən həmin əşyaları götürmək imkanı mövcud olmaya, yəni, öz əşyalarına sahib çıxmaq və onları özü ilə götürmək imkanı qadının iradəsindən asılı olmayaraq məhdudlaşdırıla bilər (məsələn, zor tətbiq edilməklə evdən qovulması, öz əşyalarını götürmək imkanından başqa cür maneələr yaradılmaqla məhrum edilməsi, hazırki işdə olduğu kimi xəstəxanaya getməsi və s.). Lakin bu cür vəziyyətdə iddiaçı istinad etdiyi bu hadisələrin baş verdiyini, yəni həqiqətən də birgə yaşadıqları evi əşyalarını özü ilə aparmaq imkanı olmadan tərk etdiyini sübuta yetirməlidir. Belə sübut cavabdehin etirafı ola biləcəyi kimi, iddiaçının dərhal polisə etdiyi şikayət, həmin şikayətin araşdırılması nəticəsində müəyyən edilən hallar və s. ola bilər. İddiaçının bu barədə izahatları, yəni ikinci övladının doğulması ilə əlaqədar xəstəxanaya getməsi, uşaq doğulduqdan sonra isə cavabdehin razılığı ilə anasının yaşadığı evə getməsi, məhz anasının evində olan dövrdə cavabdehlə münasibətləri pisləşdiyi üçün nikahlarının da pozulduğu, bundan sonra əşyalarını götürmək üçün keçmiş əri ilə yaşadığı mənzilə gələrkən orada tələb etdiyi qızıl-zinət əşyalarının olmadığını görməsi barədə izahatları mövcuddur. Bu izahatlar isə həmin faktların təsdiq olunması nəticəsinə gəlmək üçün kifayət edir, çünki bu cür izahatların bir sözünü də cavabdeh tərəf təkzib etməmişdir. Demək, iddiaçının bu izahatları cavabdeh tərəfindən təkzib olunmadığı üçün həmin hallar sübuta yetirilmiş hesab olunur. Cavabdeh tərəfin mövqeyi isə ziddiyyətlidir. Çünki, əvvəlcə qızıl-zinət əşyalarının nikah dövründə satılaraq kredit borcunun ödənilməsinə yönəldiyini, daha sonra isə iddiaçının qızıl-zinət əşyalarının həmişə qaynanasında olduğunu bildirdiyinə görə cavabdehin iddiaya cavab verməli şəxs olmadığını bəyan edir. Əlbətdə ki, cavabdeh bəyan edirsə ki, qızıl əşyaları nikah dövründə satılaraq kredit ödənişinə sərf olunub, bu halı sübuta etmək yükü artıq onun üzərinə düşür. O ki qaldı iddiaçının qızıl əşyalarının həmişə qaynanasında olduğunu bildirməsinə iddiaçı bu halı təkzib edir və göstərir ki, belə bir hal olsaydı bunu iddia ərizəsində də qeyd edərdi, ancaq etməmişdir. Keçmiş ərindən qızılları istəyəndə anasında olduğunu bildirdiyi üçün izahatında o cür məlumat vermişdir. Başqa sözlə cavabdeh qızıl əşyalarının nikah dövründə satıldığını bəyan edirsə, onda həmin əşyalar qaynanada olduğunu iddiaçı necə deyə bilər, əgər qaynanadırsa bu halda həmin əşyalar nikah dövründə necə satıla bilər. Əlbətdə ki, bu ritorik sual olsa da cavabdeh tərəf bu cür bəyanları edərkən onların nə dərəcədə həqiqi olmasının yaxud həqiqət kimi qəbul ediləcəyi imkanlarını da özü üçün müəyyənləşdirməli idi. Ona görə də qızıl-zinət əşyaları ilə bağlı iddia tələbi əsaslı olduğundan birinci instansiya məhkəməsinin cavabdehin iddiaya cavab verməli olmayan şəxs olduğu üçün iddianı tam rədd etməkdə haqlı olmamışdır. Şərh olunanlara əsasən apellyasiya instansiya məhkəməsi belə qənaətə gəlir ki, qızıl-zinət əşyalarının dəyəri barədə iş üzrə verilmiş mütəxəssis rəyində göstərilən qiymətləri də nəzərə alınmaqla iddiaçıya məxsus olan iddia ərizəsində göstərilən komplekt brilliant qaşlı qızıl dəsti (üzük, boyunbağı, qolbaq, sırğa) - dəyəri 3000 manat, bir ədəd qızıl qolbaq - dəyəri 180 manat, bir ədəd qızıl boyunbağı kulonla - dəyəri 350 manat, bir ədəd qızıl üzük üzü torlu - dəyəri 180 manat, bir ədəd qızıl üzük qaşlı-dəyəri 260 manat, qızıl-zinət əşyaları olmadıqda isə dəyəri 4030 manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Apellyasiya instansiya məhkəməsi qızıl-zinət əşyaları mövcud olmadıqda onların mütəxəssis rəyində göstərilən dəyərini əsas götürməsini onunla izah edir ki, bu hal, yəni həmin əşyalarının dəyərinin daha yüksək olması ilə bağlı sübut etmə yükü iddiaçının üzərinə düşdüyündən və bu barədə də iddiaçı tərəfindən mötəbər sübut təqdim edilmədiyinə görə belə bir qənaət işin hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğundur. Qeyd olunanlarla yanaşı iddiaçı tərəf tələb etdiyi albomun mövcud olması və bunun məhz cavabdehin sahibliyində olması barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Ona görə də həmin hissədə məhkəmənin qənaəti düzgün olmuşdur. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1 və 385.1.4-cü maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2237/2021 saylı, 04 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia qismən edilməli, Cavabdeh komplekt brilliant qaşlı qızıl dəsti (üzük, boyunbağı, qolbaq, sırğa) - dəyəri 3000 manat, bir ədəd qızıl qolbaq - dəyəri 180 manat, bir ədəd qızıl boyunbağı kulonla - dəyəri 350 manat, bir ədəd qızıl üzük üzü torlu - dəyəri 180 manat, bir ədəd qızıl üzük qaşlı-dəyəri 260 manat, qızıl-zinət əşyaları olmadıqda isə dəyəri 4030(dörd min otuz) manat alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2237/2021 saylı, 04 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iddia qismən təmin edilsin. Cavabdeh komplekt brilliant qaşlı qızıl dəsti (üzük, boyunbağı, qolbaq, sırğa) - dəyəri 3000 manat, bir ədəd qızıl qolbaq - dəyəri 180 manat, bir ədəd qızıl boyunbağı kulonla dəyəri 350 manat, bir ədəd qızıl üzük üzü torlu - dəyəri 180 manat, bir ədəd qızıl üzük qaşlı-dəyəri 260 manat, qızıl-zinət əşyaları olmadıqda isə dəyəri 4030(dörd min otuz) manat alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə mütəxəssis rəyinin verilməsi üçün 400 (dörd yüz) manat xidmət haqqı Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar