Məhkəmə qərarları › İş №2(103)-3283/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3283/2021

19.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3283/2021 19.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, 2(001)-584/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qərardaddan Cavabdeh5 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “xxxx” MTK, Cavabdeh1, X1 və Cavabdeh5 qarşı iddia ərizəsi və “iddia tələbinin həcminin dəqiqləşdirilməsi barədə” ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək ünvan 1 saylı (yeni ünvanla - Bakı şəhəri, Səbail rayonu, H.Abdullayev küçəsi, giriş 20 “A”, 2-ci mərtəbə, qapı 1) ünvanda yerləşən 395 kv.m qeyriyaşayış sahəsinə dair cavabdehlər arasında müxtəlif vaxtlarda bağlanmış “Alğı-satqı müqavilələrinin” etibarsız hesab edilməsi, həmin qeyri-yaşayış sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışın” ləğv edilməsi, həmin qeyri yaşayış sahəsinə dair “xxxx” onunla (iddiaçı ilə) bağlanması öhdəliyinin cavabdeh MTK-nın üzərinə qoyulması, qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində üçüncü şəxslər kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsi, Bakı Şəhər İcra Hakimiyyəti və X2 göstərilmişlər. İşə Rayon Məhkəməsi tərəfindən baxılan zaman iddiaçı “iddianın təmini tədbirinin görülməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, mübahisəli qeyriyaşayış sahəsinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mübahisəli qeyri-yaşayış sahəsinin cavabdehlər tərəfindən bir daha özgəninkiləşdirilməsi istisna edilmir. Bu kimi hal verərsə, mübahisənin məhkəmə qaydasında həlli uzanacaq. “İddianın təmini tədbirinin görülməsi barədə” ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardad ilə ərizəni təmin etmiş, qeyri-yaşayış sahəsinin üzərinə həbs qoymuşdur. Cavabdeh5 qərardaddan Rayon Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsini və “iddianın təmini tədbirinin görülməsi barədə” ərizənin rədd edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, əmlakın üzərinə həbs qoyulması Cavabdeh5 mülkiyyət hüquqlarını pozur, həmçinin əmlakdan istifadə etməsini əsassız olaraq məhdudlaşdırır. Qərardaddan verilmiş şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərardad ilə şikayəti təmin etməmiş və baxılması üçün şikayəti mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad qismən ləğv edilməlidir. Belə ki, iddianın təmini tədbirlərinin həyata keçirilməsinin əsasları müəyyən edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 157-ci maddəsinə görə, hakim işdə iştirak şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. MPM-nin 158.1-ci maddəsinin mənasına görə, iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula bilər (maddə 158.1.1.); müəyyən hərəkətləri etməyi cavabdehə qadağan edə bilər (maddə 158.1.2.); mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan edə bilər (maddə 158.1.3.). Apellyasiya baxışı zamanı iddiaçının vəkili (nümayəndəsi) Kamilə Quliyevanın Məhkəmənin suallarına verdiyi cavablardan müəyyən edilmişdir ki, mübahisəli qeyriyaşayış sahəsində hazırda reklam şirkəti təşkil edilmiş və şirkət fəaliyyət göstərir. Məhkəmə bildirir ki, iddianın təmin etmə tədbirlərinin görülməsində məqsəd mübahisə obyektinin işin məhkəmədə həll olunmasına qədər qorunub saxlanmasından ibarətdir. Əmlak üzərinə həbs qoyulması onun özgəninkiləşdirilməsinin və qəsdən məhv edilməsinin qarşısını almaq üçün görülən tədbirdir ki, həmin tədbir əmlakın siyahıya alınmasından, əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından və sair hərəkətlərdən ibarətdir. Başqa sözlə, görülməsi tələb edilən həbs növündə iddianın təmini tədbiri müəssisə kimi fəaliyyət göstərən əmlak sahibi olan və ondan istifadə edən, habelə həmin müəssisədə işləyən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxara bilər. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, hazırki mülki işə baxılıb iş üzrə qəbul edilə biləcək yekun məhkəmə aktının qanuni qüvvəyə minməsinə qədər mübahisəli əmlak barədə iddianın təmini tədbiri görülməlidir və həmin tədbir əmlakın özgəninkiləşdirilməsinin qarşısını almalıdır. Göstərilən tədbir isə iş üzrə iddianın təmin edilməsi barədə qətnamə qəbul edildiyi halda qətnamənin gələcəkdə icrasını təmin edə bilər. Lakin “iddianın təmini tədbirinin görülməsi barədə” ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qərardad ilə mübahisəli daşınmaz əmlakın üzərinə həbs də qoymuşdur ki, Məhkəmənin mövqeyinə görə, həbsin qoyulmasına ehtiyac yoxdur. Qeyd edilənlərə əsasən və MPM-nin 398.0.3-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq Məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni mübahisəli daşınmaz əmlak kompleksinin üzərinə həbs qoyulması hissəsində ləğv edilməli və “iddianın təmini tədbirinin görülməsi barədə” iddiaçının ərizəsinin həmin hissəsinin təmin edilməməsi, apellyasiya baxışının predmeti olan qalan hissədə qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 365, 261, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Cavabdeh5 şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qərardad qismən, yəni “iddianın təmini tədbirinin görülməsi barədə” ərizənin tam təmin edilməsi və görülməli olan iddianın təmini tədbirinin növünün seçilməsi hissəsində ləğv edilsin. İddiaçı “iddianın təmini tədbirinin görülməsi barədə” ərizəsi qismən təmin edilsin. ünvan 1 saylı (yeni ünvanla - Bakı şəhəri, Səbail rayonu, H.Abdullayev küçəsi, giriş 20 “A”, 2-ci mərtəbə, qapı 1) ünvanda yerləşən 395 kv.m qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsinə qadağa qoyulsun. Qərardad icra edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə və cavabdeh “xxxx” Mənzil Tikinti Kooperativinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar